Mir Cəlalın "Ədəbi tənqid"
kitabı mənəviyyat məcrasında
Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" kitabı nəşr olunub.
Milli Kitabxananın arxiv materialları əsasında tərtib olunan və ilk dəfə işıq üzü görən bu topluya professor Asif Rüstəmlinin yazdığı "Ön söz"ü cüzi ixtisarla oxuculara təqdim edirik.
(Əvvəli
ötən sayımızda)
"Ədəbiyyatdan
romantizmə" adlı araşdırma gənc Mir Cəlalın
parlaq istedadından və böyük elmi-nəzəri
hazırlığa malik, ədəbiyyat nəzəriyyəsinə
xüsusi meyl göstərən tədqiqatçı
olmasından xəbər verirdi.
O, sonralar da yazıçı və şairlərin
yaradıcılığını təhlil edərkən və
dəyərləndirərkən ədəbi nümunələrə
nəzəri aspektdə münasibət bildirmiş, müəllifin
bənzərsiz ədəbi portretini yaratmağı
bacarmışdır. O, yazıçı Ənvər Məmmədxanlı
haqqında bir məqaləsində yazır: "Ənvər
istedadlı və ümidli ədiblərimizdəndir. Mən
onu nəsrimizdə bir romantik kimi tanıyıram. Ənvərin
romantikası faydalı romantikadır. Doğrudur, bəzi
yoldaşlar onun bədii qidasını kənarda - Avropa və
ya rus ədiblərində görürlər. Məncə, bu,
azdır.
Ənvər
Azərbaycan klassik nasirləri-mizə də yad deyil. Onun xəyalında,
lirikasında "Can yanğısı" kimi gözəl
bir əsər ilə, Süleyman Sani yaxud, Şaiqin bəzi
hekayələri ilə mehriban bir səsləşmə
vardır. Ənvər heç kəsə oxşamaq istəmir,
tamam başqa cür yazmaq istəyir. O, adi və hər kəsə
məlum hadisələrdən yox, seçilən, müstəsna
və bəzən də nadir hadisələrdən yazmağa
çalışır. Onun təsvir etdiyi adamlar daxilən
güclü, məğrur olurlar. Öz aləmləri ilə
yaşayır, ətraf ilə hesablaşmaq istəmirlər".
Böyük
ədib Ənvər Məmmədxanlı
yaradıcılığında romantikanı təqdir etsə
də, onun "Burulğan" romanına münasibət
bildirərkən realizm elementlərini bəyənməmiş,
əsərdə "hadisə və ziddiyyətlər əsas
etibarilə realistcəsinə verilmişdir. Lakin bu realizm
sönük və olduqca ibtidai bir realizmidir" - deyə dəyərləndir-mişdir.
Ədəbi
tənqiddə bu düşüncələr Ənvər Məmmədxanlı
yaradıcılığına yeni yanaşma, obyektiv
baxış sistemidir və bu gün də elmi dəyərini,
aktuallığını qoruyub saxlamaqdadır.
Professor
Mir Cəlal Paşayev elmi-nəzəri görüşlərində,
ədəbi-tənqidi məqalələrində, mötəbər
məclislərdəki məruzələrində formalizm və
naturalizm probleminə hələ ötən yüzilliyin 30-cu
illərində tam aydınlıq gətirirdi. Onun
müşahidələrinə əsasən "müasir
formalizm bədiilik şüarı altında, naturalizm isə
realizm şüarı altında çıxır, həm də
gizlənir".
Bədii
yaradıcılığın mühüm elementi və məzmunla
sıx bağlı olan, onun təzahür
görüntüsü kimi özünü büruzə verən
forma problemi zaman-zaman mübahisələrə səbəb
olmuş, məsələyə düşüncə
adamları fərqli mövqelərdən
yanaşmışdır. Mir Cəlal müəllimin
"forma" və onun ifrat aludəçilərinin təqdim
etdiyi "formalizm" haqqında elmi qənaətləri, dəyərləndirməsi
isə qısa və aydındır. Mir Cəlal
yazırdı: "Forma mündərəcənin daxili
strukturasıdır. Forma əsərin yalnız qafiyəsi,
ölçüsü, dili, stilistikası məcazları
deyil, həm də əsərin mündəricəsini
formalaşdıran strukturası, quruluşu, kompozisiyası,
daxili rabitələri, maneraları, motivləri və bu motivlərin
veriliş şəkilidir. Çıplaq forma axtarmaq fikri ona
görə yanlışdır ki, hazır bir forma yoxdur və
olmamışdır".
Ədəbi
terminlərə, metodlara, cərəyanlara yetərincə diqqət
yetirilmədiyi, dəqiq və dərin münasibət bildirilmədiyi,
nəzəriy-yələrin, baxışların stabil
olmadığı dövrdə məsələyə tam
aydınlıq gətirilmiş, problemə müasirlik müstəvisindən
yanaşılmışdır.
Professor
Mir Cəlal Paşayevin düşüncələri naturalizm məsələsində
də əsaslandırılmış məntiqə söykənir,
yetərincə konkret və aydındır. O, problemə
toxunaraq yazırdı: "Hər gözə görünən,
hər yazan, hər hiss olunan şeyi şərtsiz, təhlilsiz,
seçkisiz alıb, bədii əsərə doldurmaq, həyatın
hər təsadüfi faktı və hadisəsini bədii ədəbiyyat
obyekti saymaq müasir naturalizmin ilk başlıca xüsusiyyətidir.
Natu-ralist, qələmə aldığı səhnənin, tədqiqatçılara
layiq dəqiq şəkildə, onun ehtiva etdiyi bütün
ünsürlər kompleksi ilə fotoqraf qədər
"obyektiv" verməyə çalışır".
Qeyd
edildiyi kimi, naturalist əsərlərdə çox vaxt bədii-estetik
keyfiyyət, zövqün və dünyagörüşün
inkişafı məsələləri arxa plana keçir,
intim səhnələrə, jarqon və biədəb sözlərə
geniş meydan açılır, yüngül və ucuz oxucu
marağına hesablanmış "əsərlər" cəmiyyətə
və ədəbi mühitə mənfi emosiyalar
ötürür. Görkəmli tənqidçi, istedadlı ədəbiyyatşünas
Mir Cəlal müəllim əsərlərində naturalizm pərdəsi
altında işlədilən xüsusilə biədəb
sözlərə öz münasibətini olduqca dəqiq və
sərt bildirərək demişdir: "Bizim əsərlərdə
isə ədəbsiz çıplaq təsvir, ifadə moment
olaraq vardır. Qantəmirdə biədəb söz əsərin
canıdır. Bizim hekayələrdə biədəb söz əsərin
nöqsanıdır. Yəni bu sözləri atsan hekayə
pozulmaz, biləks sağlamlaşar".
Milli ədəbiyyatımızın
saflığı, büllurluğu, duruluğu,
sağlamlığı həmişə Mir Cəlal müəllimi
düşün-dürmüş, onun bədii
yaradıcılığa yeni gələn, gələcəyinə
ümidlər bəslənilən gənclərin əsərlərinə
tənqidi münasibəti də sabit və birmənalı
olaraq xeyirxahlıq, qayğıkeşlik səciyyəsi
daşıyırdı. Ədibin aspirantlığının
ilk illərin-də Həmid Araslı ilə müştərək
yazdığı və "Kommunist" qəzetində
çap etdirdiyi "Hücum" adlı məqaləsində
(1931.¹239. 16 oktyabr) həmyaşıdlarının
yaradıcılığına dövrün ədəbi-estetik
meyarları nəzərə alınaraq obyektivlik,
prinsipallıq müstəvisindən qiymət verilmişdir. Məqalədə
yazılırdı: "Dilbazının "Pambıqlı
çöllərdə" parçası mövzu etibarilə
ən aktual olsa da, kolxoz tarlalarında gedən kəskin
mübarizə və əmək həyatını göstərməkdən
çox aciz və bədii qiymətcə zəifdir. "1
avqust" münasibəti ilə buraxılan "Baltıkdan
Atlantikə" şeiri müvəffəqiyyətli
parçadır. Osman yoldaş (Osman Sarıvəlli nəzərdə
tutulur - A.R.) müharibə haqqında yazan gənclərin bir
çoxundan irəli gəlmişdir.
Səməd
(Vurğun), "Ölən şeirlərim"də
sadaladığı şeylər ilə "ağır və
çətin dəqiqələrə qatlanaraq", ələmlər
içərisindən ayrılır... Zərbəçi
yazıçılardan Mirzə yoldaşın (Mirzə
İbrahimov - A.R.) "Yanlandır yalan" parçası
keçmişlərə nisbətən iləri
atılmış bir adımdır. Bu parça dünya
görüşü uğurunda mübarizədən
danışır. Mirzə, Müşfiqin "Həyatı
gözəl duyan məncə, şair olandır:" ...təsəvvüfi
fikrinə, doğru cavab verə bilməmişdir... Nədənsə
Mirzə həyatı duyma məsələsini proletaryata aid
edir. Və hətta proletaryatın və onun rəhbərlərinin
böyüklüyünü həyatı duyub dəyişməklərində
görür. "Cavad, Cavid duydularmı biz duyan kimi həyatı?"
Mirzə bu sualına mənfi cavab verməklə (Cəfər
Xəndan kimi və başqaları kimi) burjuaziyanın
düşünmədiyi, hətta duymadığına
ina-nır. Elə çıxır ki, burjuaziya sinifi inqilab və
sosializm quruluşunun doğruluğunu anlamadıqları
üçün buna tərəfdar olmurlar".
O dövr
üçün Mir Cəlal Mir Əli oğlunun proletar -
burjuaziya ziddiyyətləri və ikincilərin təmsilçiləri
haqqında yanlış, əsassız düşüncəni
cəsarətlə təkzib etməsi, haqqa, həqiqətə,
düzlüyə sadiq-liyi, ədalətlilik, obyektivlik
prizmasından həmyaşıdlarının əsərlərinə
tənqidi yanaşması, repressiya buludlarının
ziyalıların, qələm əhlinin başı üzərində
sıx-laşdığı bir ərəfədə cəmiyyətdə
heyrət və rəğbətlə qarşılanır,
sözə və onun sahibinə sayğını artırırdı.
Gənc yazarların əsərlərinin yüksək peşəkarlıqla
təhlili, ciddi qüsur-ların aşkara
çıxarılması, həlli yollarının
araşdırılması istiqamətində metodik tövsiyələr,
müsbət xüsusiyyətlərin vurğulanması,
uğurlu bədii nümunələrin ürək
genişliyi, sevinc hissi ilə təqdir olunması şair və
yazıçıların formalaşmasına, sənətkarlıq
keyfiyyətlərinin yüksəlişinə təkan verirdi.
Etiraf edilməlidir ki, XX yüzilliyin 30-60-cı illərində
Azərbaycan ədəbi mühitində yetişən görkəmli
şair və yazarların, qələm əhlinin uğurlarında
Mir Cəlal tənqidinin böyük töhfəsi, əhəmiyyətli
təsiri və sanballı çəkisi hiss olunmaqdadır.
Mir Cəlal
Mir Əli oğlunun ədəbi-tənqidi
yaradıcılığında poeziyasına dəfələrlə
istinad edilən, işıqlı, tutumlu poetik
düşüncələri, obrazlı deyim tərzi təqdir
olunan, Azərbaycan dilinin gözəlliyini, şirinliyini,
axıcılığını ədəbiyyata gətirməklə
yeni məktəbin təməlini qoyan istedadlı gənclərdən
biri də Səməd Vurğundur. O, Vurğunla ilk
tanışlığını belə
xatırlayırdı: "1926-cı ilin, gərək ki,
payızında Kirovabadın (indiki Gəncə şəhəri
- A.R.) Maarif Evində, mərkəzdən gələn
yazıçı nümayəndələrinin iştirakilə
bir ədəbi məclis tərtib olunmuşdur. Zal müəllimlər,
tələbələr, həvəskarlarla dolu idi. Məruzə,
çıxışlar, şeir oxunması, alqışlar...
hər şey öz qaydası ilə aparılırdı.
Məclisdəkilərin
çoxunun tanımadığı boz şinelli, qara və
sıx saçlı bir oğlan tribunada göründü. O,
özündən əvvəl oxunan bir şeirə işarə
edərək nitqini təhlili sual ilə başladı:
- Buna siz
şeir deyirsiniz və alqışlayırsınız? Bu,
şeir deyil, açıq məktubdur!
Bu qara
oğlanın nitqi də, şeiri də məclisdəkilərin
diqqətini topladı. Onun çıxışı
çoxlarının dediyini demirdi. Onun sözlərində
xüsusi bir cürət, orijinallıq duyulurdu. Onun səsi, hər
eşitdiyini alqışlamağa adət etməyən, ürəyinin
sözünü deyən, bu günün şeirinə
yüksək tələblə yanaşan, axına
qarşı getməkdən qorxmayan bir gəncin səsi idi. Bu
natiq, o zaman hələ ilk şeirlərini yazan gənc Səməd
Vurğun idi".
"O
zaman hələ ilk şeirlərini yazan gənc"in 20, Mir Cəlalın
isə 18 yaşı vardı. Ədəbiyyata sevgi, poeziyaya məhəbbət
bu iki gənci tezliklə yaxın məsləkdaşlara
çevirdi. O vaxt Mir Cəlalın da ilk şeirləri
kütləvi mətbuat orqanlarında, o cümlədən,
"Qızıl Gəncə" qəzetində, "Maarif
yolu" jurnalında nəşr edilirdi. 1929-1930-cu illərdə
bu gənclər Gəncə mühitindən ayrılaraq
Moskvada və Kazanda təhsil almağa getsələr də,
tale onları 1931-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat
İnstitutunun aspiranturasında yenidən birləşdirdi. Təhsil
illəri, ədəbi mübahisələr, yeni ədəbiyyat
və sənət uğrunda mübarizələr onların bir-birinə
inamını, dostluğunu daha da möhkəmləndirdi. Səməd
Vurğunun şeirdən-şeirə inkişafı Mir Cəlal
tənqidinin nəzərindən yayınmırdı. 1932-ci
ildə Səməd Vurğunun yaradıcılığına
həsr etdiyi ilk irihəcmli "Özünü yenidənqurma
yollarında" adlı məqaləsini "Hücum"
jurnalında (1932. ¹5-6. səh.31-35) çap etdirən Mir Cəlal
yazırdı: "Səmədin
yaradıcılığı haqqında indiyə qədər
prinsipli, ...möhkəm bir tənqidimiz yox dərəcəsindədir.
Ümumiyyətlə
...ədəbiyyatımızdan danışarkən 5-3 sətirdə
Səmədə həsr edilmiş məqalələrə
rast gəlmək olar. Bunlar isə bəzi parçalara əsaslanaraq,
onu damğa-lamaq və qiymətləndirməklə kifayətlənmiş,
Səmədin yaradıcılıq inkişafına konkret
köməkedici bir mahiyyətdə olmamışdır.
"Şairin andı" haqqında son zamanlarda yazılan
"tənqid"lər isə, Səmədin
yazılarını düzgün ...tənqidi süzgəcindən
keçirmək, onun yaralı xəstəliklərini
açıb şərh etmək əvəzində daha da
oxucuları dolaşdır-mışdır. Bu tənqidlər
Səmədi ayrı-ayrı misraları ilə cilovlayaraq istədikləri
tərəfə çəkmiş, onun
yaradıcılığının ana xəttini belə
müəyyən etməmişlər.
... Səmədin
yazıları həqiqi, bədii əsərdir, sənətkar
məhsuludur. Bu hal bizi Səmədə qarşı olan tələblərimizi
kəskin qoymağa və ondan ədəbiyyat
"maqnitostroyu" yaratmaq üçün qəti və zərbəli
mübarəzəyə keçməsini, sənətindəki
xəstəliklərdən azad olmasını tələb etmək
zərurəti qarşısında qoyur".
Qeydlərdən
də göründüyü kimi, tənqidçi Səməd
Vurğun yaradıcılığına qeyri-obyektiv
yanaşmalara, əsassız damğalara, qərəzli
münasibətlərə sərt etirazını bildirmiş,
"Səmədin yazıları həqiqi, bədii əsərdir,
sənətkar məhsuludur" - deyərək onu yüksək
dəyərləndirmişdir.
Mir Cəlal
Mir Əli oğlu dönə-dönə
qayıtdığı Səməd Vurğun
yaradıcılığını şərh edərkən
onun poetik dil xüsusiyyətlərini, üslub cazibədarlığını,
bədii təsvir vasitə-lərindən yerli-yerində işlədilməsini
vurğulamaqla yanaşı, xüsusilə poema və dram əsərlərində
konfliktlərin kəskinliyinə, obrazların təbiliyinə,
inandırıcılığına diqqət çəkir, bədii
əsərlərdə sənətkarlıq keyfiyyətini gənc
yazarlar üçün örnək sayırdı. Onun "Gənc
işçi" qəzetində dərc etdirdiyi
"Yaxşı bir əsər haqqında" (1938. 16 oktyabr)
adlı məqaləsi Səməd Vurğunun "Vaqif"
dramının səhnə həyatından bəhs edir. Tənqidçi
əsərin tamaşasına baxdıqdan sonra ilkin təəssüratlarını
belə bildirirdi: "Səməd mənfi obrazları da eyni
qüvvətdə, real və zəngin boyalarla vermişdir. O,
bəzi şablona alışmış avtorlar kimi düşməni
axmaq, ağılsız göstərmir, düşmənin əl-qolunu
bağlayıb müsbət obrazın qarşısına
yıxmır. O, konflikti çox çətin və mürəkkəb
yollarla inkişaf etdirir. İstər mənfi, istər müsbət
tipləri bərkə-boşa salıb çıxarır,
onları mürəkkəb situasiyalarda verir".
(Ardı
var)
Asif
RÜSTƏMLİ
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 17 yanvar.- S.8.