20 Yanvar faciəsi Azərbaycan
mətbuatında
Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi
xalqımızın əzmkarlığını, vətənpərvərlik
hissinin qüdrətini göstərən və yaşadan zəfər
salnaməsidir.
1980-ci illərin sonunda Azərbaycanda başlanan siyasi
oyanış sovet rəhbərliyini ciddi narahat edirdi. Bu
oyanışın qarşısını almaq
üçün bəhanə axtaran Moskva səbəbi də,
bəhanəni də özü hazırladı. Ümumilli lider Heydər Əliyev 1987-ci ilin oktyabr
ayında keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin
1-ci müavini vəzifəsindən
uzaqlaşdırıldı. Daha sonra 15 yanvar 1990-cı
ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri
Mixail Qorbaçov "DQMV və bəzi başqa rayonlarda
fövqəladə vəziyyət elan edilməsi haqqında"
fərman imzalamış, 15-17 yanvar tarixində SSRİ rəhbərliyi
Bakının ətrafına müxtəlif kontin-gentli
qoşun hissələri və ağır texnika gətirib yerləşdirmişdir.
İkinci dəfə SSRİ Ali Sovetinin Rəyasət Heyəti
Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın
20-də saat 00:00-dan "Bakı şəhərində
fövqəladə vəziyyət tətbiq edilməsi
haqqında" fərman vermişdir. Lakin həmin
dövrdə xalqın mətbuata daha böyük ehtiyac
duyduğu zamanda yanvarın 19-da hərbi əməliyyatın
növbəti mərhələsi kimi Azərbaycan
televiziyasının enerji bloku partladılmış, respublika
televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir.
Bakı şəhərində 20 Yanvar saat 00:00-da fövqəladə
vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti
Rəyasət Heyətinin fərmanı səhər saat 5:30-da
radio ilə elan olunmuşdur. Azərbaycan KP
MK-nın birinci katibi Əbdürrəhman Vəzirov
yanvarın 20-nə keçən gecə gizli surətdə
SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi
qərargahına getmiş, Dmitri Yazovla birlikdə hərbi əməliyyatlara
rəhbərlik etmişdir.
20 Yanvar
faciəsi nəticəsində Bakıda və respublika
rayonlarında 131 nəfər öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs
olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən,
təcili yardım maşınları, yandırıcı
güllələrin törətdiyi yanğın nəticəsində
dövlət və şəxsi əmlak məhv edilmişdir. Sovet qoşunları yanvarın 25-də fövqəladə
vəziyyət elan olunmayan rayonlara - Neftçalaya, bir gün
sonra isə Lənkərana yeridilmişdir. Nəticədə
8 nəfər qətlə yetirilmiş, xeyli adam
yaralanmışdır. Akademik Ramiz Mehdiyevin qeyd
etdiyi kimi, "Kommunist diktaturası 1956-cı ildə
Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə
Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi
müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına
qarşı da həyata keçirdi. Beləliklə,
Rusiya imperiyasının və ça-rizmin milli münaqişələr
və qırğınlar törətmək sahəsindəki
"zəngin" tarixi təcrübəsi də 1990-cı
ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən
qırğın zamanı, bütünlüklə nəzərə
alınmışdı".
Milli istiqlal hərəkatının davam etdiyi 1990-cı
illərin əvvəllərində mətbuatda tez bir zamanda
xalqı ayağa qaldıra biləcək operativ janra -
publisistika və poeziyaya ehtiyac yaran-mışdı. Xalqın
etirazları leqal nəşrlərlə yanaşı,
qeyri-leqal nəşr olunan qəzetlərin çap
olunmasına yol açdı. Həmin dövrdə sərt
senzura nəzarəti, mətbu orqanlarına
"yuxarıdan" edilən təzyiqlər, münaqişələri
işıqlandırmaq təcrübəsizliyi və s. kimi
amillərin təsiri altında olan, 70 illik "sovet
xofu"nun və 30-cu illərin repressiyasını unutmayan
KİV-in böyük hissəsi çox şeyi mətbuatda
açıq söyləməyə cəsarət etmirdi. Hətta
20 Yanvar faciəsinin dəhşəti hadisələrindən
7 gün sonra çap olunan "Bakinskiy raboçiy" qəzetinin
ilk səhifəsində hələ də "Dostluq və
qardaşlığımız əbədidir!"
şüarı yer alırdı.
Faciə baş verən gündən isə bir çox
kütləvi informasiya vasitələrinin fəaliyyəti
dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum
edilmişdi.
Milli faciənin miqyası ilə bağlı ilk xəbər
verən, "Kommunist" qəzetinin əlavəsi olaraq Məzahir
Süleymanzadənin baş redaktorluğu ilə həftədə
1 dəfə çap olunan "Səhər" qəzetinin
25 Yanvar 1990-cı il sayında "Vətən bu gün
ağı deyir" məqaləsində yanvarın 22-də qəzetin
çıxarılmasına icazə verilmədiyi qeyd olunur və
şəhidlərin dəfn mərasimi şəkilləri,
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri
M.Qorbaçovun 19 Yanvar 1990-cı il Moskvada
imzaladığı "Bakı şəhərində
fövqəladə vəziyyət tətbiq edilməsi
haqqında" fərmanı və Mərkəzi televiziya ilə
çıxışının mətni dərc olunmuşdur.
"Səhər" qəzetində
informasiyanın yeni olması ictimai marağın yüksək
olmasına səbəb olurdu. M.Qorbaçovun 20 Yanvar faciəsinin
acısını yaşayan Azərbaycan xalqına "cinayətkar"
adlandırması, "qardaş
qırğının"dan, "ümumilli həmrəyik"dən
bəhs etməsi, riyakarlıq idi: "Rəhbərlik ümid
edir ki, görülən tədbirlər ölkəmizin
bütün xalqların tərəfindən başa
düşüləcək, təqdir ediləcəkdir". M.Qorbaçovun bu çıxışı sovet
ordusuna qəzəb və hiddət bəsləyən dinləyici
auditoriyasında böyük çaxnaşma yaratdı.
1990-cı illərdə mətbuatda milli
özünüdərk hissi də güclənmişdir. Sabir Rüstəmxanlının
baş redaktorluğu ilə çap olunan Qarabağa Xalq
Yardım Komitəsinin qəzeti olan "Azərbaycan" qəzetinin
24 fevral 1990-cı il sayında Həsən Baliyev "Vida ərizəsi"
məqaləsində illərdir üzv olduğu
"Kommunist" partiyasına qarşı hiddətini belə
ifadə edir: "Mən xalqları milli mənsubiyyətinə,
dini etiqadına görə fərqləndirən, onlar
arasında ayrı-seçkilik yayan "Moskovskaya novosti",
"Pravda", "İzvestiya", "Literaturnaya qəzeta"
və digər bu kimi redaksiyalarda Mərkəzi televiziyada əməkdaşlıq
edən qeyri-obyektiv adamlarla bir partiyada olmaq istəmirəm. Hər
zaman siyasi proseslərə, faktlara operativ münasibət bildirən
publisist, Azərbaycan SSR Ali Sovetinin sessiyalarında öz
sözünü deməkdən çəkinməyən Bəxtiyar
Vahabzadə təfəkküründəki milli
özünüdərk hissi illərdən bəri mənsub
olduğu kommunist partiyasından çıxmaqla
özünü qərarlaşdırır:
"Xalqımın qanını töküb sonra ona
başsağlığı göndərmək dəhşətli
ikiüzlülükdür. Sənin rəhbər
olduğun partiyadan çıxmağı özümə
şərəf sayıram".
20 Yanvar
hadisələrinin baş vermə səbəbinin arxasında
dayanan əsl məqsədləri oxucuya çatdıran
jurnalist Babək Yusifoğlu M.Qorbaçovun
çıxışı haqqında yazırdı: "Belə
çıxış Azərbaycan xalqında ikrahdan başqa
heç bir hiss oyatmadı".
1990-cı illərin əvvəllərində SSRİ Ali
Sovetinin baş verən hadisələrə qarşı susqun
mövqedə dayanması da publisistlərimizi
düşündürürdü. "Səhər" qəzetinin 17
fevral 1990-cı il sayında çap olunan Şahmar Əkbərzadənin
"Yanan da biz olduq, yaman da biz olduq", 18 yanvar 1992-ci il
sayında Məzahir Süleymanzadənin "Şəhidlər
niyə narahatdı?" məqalələrində 20 Yanvar
hadisələrinə qiymət verilməməsi, cinayətkarların
məsuliyyətə cəlb olunmaması təəssüf
hissi doğurur.
Mətbuatda 20 Yanvarla bağlı analitik təhlillər
içərisində səbəbkarları tapmaqla
bağlı analizləri də yer almışdır. "İstiqlal" qəzetinin
20 Yanvar 1994-cü il sayında "Həqiqəti
xalq bilməlidir" adlı məqaləsində faciənin əsas
səbəbkarı Sovet kommunist partiyasının dövlət
intizamına tabe olan Azərbaycan KP MK-nın birinci katibi
Əbdürrəhman Vəzirov hesab olunur. Hətta
Yunus Orucun "Qan tökülməyə bilərdi"
müsahibəsində həmin dövrün siyasi proseslərində
fəal iştirak edən ziyalı alim B.Vahabzadə faciənin
törədilməsində Ə.Vəzirovun
razılığı olduğunu qeyd edir. B.Vahabzadə
"Şənbə gecəsinə gedən yol" publisistik əsərində
isə xalqımıza qarşı törədilən faciələrin
səbəblərini aydınlaşdırır, tutarlı
arqumentlərlə böhtançı erməni siyasətini
ifşa edir, bu siyasi prosesə şərait yaradan Qorbaçov
və bəzi azərbaycanlı rəhbərləri də tənqid
etməkdən çəkinmirdi: "Bu işlərin
başında erməni mafiyasına istiqamət verən, onu
güclü silahlarla təchiz edən, hətta
açıq-açığına müdafiəsinə
keçib hər məsələdə Azərbaycan
xalqını təkləyən
M.S.Qorbaçov özü durur".
Həmin dövrdə M.Qorbaçov başda olmaqla rus
sovet məmurları 20 Yanvar faciəsinin törədilməsində
səbəb azərbaycanlılarda "anti" xarakterin
güclü olmağını görürdü. Bakı şəhərinin
komendatı general-leytenant V.S.Dubinyakın "Bakinskiy
raboçiy" qəzetində qeyd edir ki, 20 Yanvar hadisələri
SSRİ Ali Sovetinin 15 yanvar 1990-cı il əmri
ilə həyata keçirilmişdir və rus ordusunun güc
göstərməsinə səbəb "anti" xarakterin
güclü olmasıdır.
"Azərbaycan"
qəzetinin müxbiri C.Qurbanoğlunun müsahibəsində
faciəni törədənlərdən biri, müdafiə
naziri Dmitri Timafeyeviç erməniləri
"araqarışdıran adlandırsa da, "əhali sizin
dediyiniz dərəcədə dinc deyildi, ikinci, ordu özfəaliyyət
qrupu deyil, ona da əmr verən var" qeyd edirdi. Müdafiə naziri D.Timafeyeviç
üstüörtülü şəkildə əmr verənin
M.Qorbaçov olduğunu etiraf edir.
20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan
Respublikasının Ali Sovetinin Komissiyasının rəyində
qeyd olunmuşdur ki, "məqsəd Azərbaycanda və
keçmiş Sovet İttifaqının digər
respublikalarındakı istiqlaliyyət hərəkatlarına əyani
dərs vermək və onları qorxutmaq olmuşdur". Bu rəydə
cinayətkarların cəzalandırılacağı vədi
verilsə də, çox təəssüflər olsun ki, əməl
olunmur. Əksinə, bəzən başqa gözlənilməz
hallar da baş verdi. Belə ki, 1991-ci ilin
28 may tarixində Tiflis şəhərində
istiqlalçı, vətənpərvər jurnalist Səlim Həqqinin
baş redaktorluğu ilə "20 Yanvar" adlı qəzet
çap olunurdu. Lakin onun baş redaktoru və həyat
yoldaşı 1992-ci il 23 avqustunda qətlə
yetirilir, həmin qəzetin məsul katibi Arif Hüseynin
"Nahaq qan deyəsən yerdə qalır" məqaləsində
qatillərin hələ də tapılmadığını
qeyd edir. 10 il sonra "20 Yanvar" qəzetinin
təsisçisi Rüstəm Rüstəmov 6 fevral 2012-ci ildə
"APA"ya verdiyi müsahibəsində AXC hakimiyyətində
rəhbər vəzifə tutanların Səlim Həqqini
güllələtdirdiyini qeyd etmişdir.
20 Yanvar faciəsinin törədiləndən
dərhal sonra Ümummilli lider Heydər Əliyev ailə
üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək orada təşkil
olunmuş izdihamlı yığıncaqda
çıxış etmiş, faciənin Moskvanın və Azərbaycan
rəhbərlərinin günahı üzündən baş
verdiyini bildirmişdir.
Ulu
öndər H.Əliyev 21 yanvar 1990-cı il
tarixində Azərbaycan KP MK-a teleqram yazaraq 20 Yanvar faciəsində
həlak olanların ailələrinə
başsağlığı göndərmiş, bu faciəni
antihumanist və antidemokratik, qanuna zidd hesab etmişdi. O,
teleqramın mətbuatda çap olunmasını istəsə
də, Sovet senzurasını və qadağası buna icazə
verməmişdir.
Müşfiq
Həqqinin "Yeni Azərbaycan" qəzetində çap
olunan "20 Yanvar faciəsi və ya kim
kimdir?!" məqaləsi analitik şərhlərlə zəngindir.
Müşfiq Həqqinin fikrincə, 20 Yanvar faciəsinə
ilk rəsmi münasibət Naxçıvan MR Ali Məclisi
Heydər Əliyevin hazırladığı "1990-cı
ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət
verilməsi haqqında" qərarıdır.
Qanlı
Yanvar faciəsi Azərbaycan Respublikasının Prezidenti, ulu
öndər Heydər Əliyevin "20 yanvar faciəsinin
dördüncü ildönümünün keçirilməsi
haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmanı
ilə öz siyasi qiymətini aldı.
1990-cı
illərdə müəllif emosional hissi ifadəsinin
üstünlük təşkil etdiyi bədii publisistik məqalələr
- Hidayət Elvusalın "Bu məzarda şəhid
yatır" ("Səhər" qəzeti, 10 fevral 1990),
Xalidə Hasilovanın "Güllər ehsana
döndü", Sabir Rüstəmxanlının "And
yerimiz", Ələkbər Abbasovun "Gün gələ-cək",
Asif Atanın "20 yanvar" ("Azərbaycan" qəzeti,
24 fevral 1990), Məzahir Əhmədoğlunun "Dərd
ortağıq bayatı-kurd" ("Ədalət" qəzeti,
19 yanvar 1997), Zemfira Hüseynovanın "Şəhidləri
unutmaq əslini unutmaqdır" ("Səs" qəzeti, 19
yanvar 1999), Yunisin "Şəhidlər Camisi - Azərbaycan və
Anadolu türkünün şəhidlik rəmzi" ("Yeni
Azərbaycan" qəzeti, 8 yanvar 1997), "Azərbaycan" ədəbi-bədii
jurnalında İsa İsmayılzadənin "Üç il
də belə gəlib keçdi..." (1993, ¹1),
"Gözü yolda qalan şəhid ruhları" (1997,
¹1-2), Almaz Ülvinin "Günəşinə qovuşan
Ülvim" (1994, ¹1-3) və s. publisistik əsərlərdə
azərbaycanlılara qarşı törədilən Qanlı
Yanvar soyqırımı müəlliflərin şahidi
olduqları hadisələr fonunda öz əksini
tapmışdır. Adıçəkilən
publisistik məqalələrdə faktoqrafiyaya meyllilik daha
çox müşahidə olunsa da, fəlsəfi
düşüncə, mülahizələr, analogiyalara da yer
verilmişdir.
Həmin dövrdə dünya ictimaiyyəti də hadisə
haqqında informasiyalara biganə qalmadı. Böyük Britaniyanın
"The Times" qəzeti, "The Guardian" qəzeti, BBC
kanalı, ABŞ-ın "Los Angeles Times", "The New York
Times", "Washington Post", "Kristian Sayens Monitor",
"Baltimor San" və digər media orqanları Qara Yanvar,
xalqın azadlıq ideyalarını boğanlar haqqında məlumat
vermişdilər.
20 Yanvar faciəsindən başlayaraq Azərbaycan
xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin
qeyri-mümkünlüyünü və milli haqlarımıza
obyektiv yanaşmanın nümayiş olunması ilə
bağlı inamını birdəfəlik itirdi. Tariximizin qəhrəmanlıq
səhifələrindən biri olan 20 Yanvar faciəsinin real
faktlara əsaslanan mətbu nümunlər əsasında
araşdırılması bu gün də böyük əhəmiyyəti
var.
Aynurə
PAŞAYEVA
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Mətbuat tarixi və
publisistika şöbəsinin elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 18 yanvar.- S.8.