Mir Cəlalın "Ədəbi tənqid"
kitabı mənəviyyat məcrasında
Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" kitabı nəşr olunub.
Milli
Kitabxananın arxiv materialları əsasında tərtib olunan
və ilk dəfə işıq üzü görən bu
topluya professor Asif Rüstəmlinin yazdığı
"Ön söz"ü cüzi ixtisarla oxuculara təqdim
edirik.
(Əvvəli
ötən sayımızda)
Mir Cəlalın müxtəlif illərdə
yazdığı ədəbi-tənqidi məqalələrini
nəzərdən keçirdikdə gənc yazarların
yaradıcılığına diqqət yetirdiyinin, onlara
qayğı və sayğı ilə
yanaşdığının şahidi oluruq. 1933-cü ildə çap
etdirdiyi "Gəncliyin səsi" adlı məqaləsində
Səməd Vurğunun "Fənər", Süleyman
Rüstəmin "Yanğın", Mehdi Hüseynin
"Bahar suları", Rəsul Rzanın "Bolşevik
yazı", eləcə də "Azad qadın ədəbiyyatda"
adlı yazısında Mikayıl Müşfiqin
"Əfşan", S.Vurğunun "Kənd səhəri",
Osman Sarıvəllinin "Əsrimizin qızı", Nigar Rəfibəylinin
"Komsomol qızlar" və digər gənc müəlliflərin
əsərləri təhlil edilərək obyektiv münasibət
bildirilmişdir. Tənqidçinin adını
vurğuladığımız son yazısında rəğbət
və ehtiram hissi ilə qadın şairlərdən Mirvarid
Dilbazinin və Nigar Rəfibəylinin poetik uğurları
yüksək dəyərləndiri-lərək: - "Ədəbiyyat
cəbhəmizdə Dilbazi, Nigar kimi irəli getmiş şairlərin
olduğunu xüsusi qeyd etməliyik. Bu, fəxr
etməli müvəffəqiyyətdir" - deyə qürur
hissi ilə onlar gənc yazarlara örnək göstərilirdi.
Bədii nümunələrdə müsbət meylləri,
işıqlı cəhətləri yüksək qiymətləndirən
Mir Cəlal uzunmüddətli müşahidələrinə əsasən
belə bir qənaətə gəlirdi ki, "Gəncləri-miz
hələ də sxematizm, biologizm, sözçülük və
xaltura ünsürlərindən yaxa qurtara bilməyirlər. Onlar yüksək
sənət texnikasını mənimsəməyə, aldıqları
mövzular ətrafında geniş surətdə işləməyə
az fikir verirlər".
Göstərilən qüsurlar ədəbiyyatın oxucu
qarşısında gözdəndüşməsinə,
estetik zövqün korlanmasına səbəb olur, meydan
açır.
Qeyri-peşəkarlıq, səriştəsizlik
və məsuliyyətsizlik ədəbiyyatı sxematizmə,
xalturaya, sözçülüyə sürükləyən əsas
amillərdir.
Mir Cəlal müəllimin tənqid hədəfləri
abstrakt, mücərrəd olmur, fikrini, sözünü
çox vaxt konkret yazıçıya ünvanlayır. Birbaşa müəllifin və
əsərin adını nişan verir.
O, hələ
1934-cü ildə Məmməd Səid Ordubadinin
"Dumanlı Təbriz" əsəri haqqında
yazdığı "Böyük problemlər romanı"
("İnqilab və mədəniyyət" jur.,1934. ¹3-4. səh.
47-51) adlı məqaləsində müsbət məziyyətlərlə
yanaşı, inandırıcı olmayan, səmimiyyətdən
uzaq məqamlar haqqında da mülahizələrini bildirirdi:
"Yumor yaxşıdır, lakin qondarma, qıraqdan gətirmə
olduqda təsirini itirir. Yumor əsərin öz
mündəricəsindən və ümumi hərəkatından
çıxmalıdır. "Yumor
üçün yumor" oxucuya heç bir təsir edə
bilməz.
... Tiplərin hamısı eyni dildə
danışdırılır. Hətta
İran kübarları, Siqətil-İslam kimisi ilə (Təhminə
xanımın) ifadəsi arasında fərq yoxdur. Müəllif hamını bir dildə
danışdırır. Hətta 5 gün
içərisində Rusiyadan gəlmiş Nina da xalis türkcə
danışır". Əlbəttə,
iradlar çox incə məqamlarla - sənətkarlıq məsələləri
ilə bağlıdır.
Və
yaxud Mir Cəlal müəllim 1939-cu ildə keçirilən
nasirlərin konfransında "Dünya qopur" əsərinin
dili haqqında söz açarkən deyirdi: "Əbülhəsən
yoldaşın əsərləri az oxunur. Bunun
başlıca səbəbi onun dilindəki nöqsanlı cəhətlərdir.
Əbülhəsənin əsərlərində
elə cümlələr vardır ki, dəfələrlə
oxuduqdan sonra avtorun nə demək istədiyi güclə
anlaşılır. Əbülhəsənin
dilindəki qarışıqlıq, ağırlıq əsərin
maraqla oxunmasına mane olur".
Problemə geniş miqyasdan baxan tənqidçi oxucu
marağının müdafiəçisi olmaqla yanaşı,
yazıçının ən yaxın məsləhətçisi,
yolgöstərənidir. Mir Cəlalın təbi-rincə desək,
"kənardan komanda vermək"lə problem həll olunmaz.
Gərək yazıçının çəkdiyi
psixoloji gərginliyin incəliyinə, dərinliyinə,
müşahidələrinin zənginliyinə bələd
olasan ki, məsləhət və tövsiyələr səmimiyyətlə
qəbul edilsin. Bu baxımdan
yazıçı-tənqidçilər öz həm-karları
olan yazıçıların yaradıcılığına
müraciət edəndə daha dəqiq və obyektiv fikirlər
söyləməyi, əsəri realistcəsinə dəyərləndirməyi
bacarırlar.
Mir Cəlal
müəllim "Yaradıcı tənqid uğrunda" məqaləsində
tənqidçinin bilik və bacarığı ilə
yanaşı, mənəvi-etik
dünyagörüşünün, insani keyfiyyətlərinin
önəmliliyini gündəmə gətirir, əsərdə
mənfi çalarlarla yanaşı, işıqlı məqamların
vacibliyini də vurğulayırdı: "Tənqidçi
öz əxlaqi məziyyəti, insani xasiyyəti, ictimai aləmdəki
əlaqələri ilə də yazıçıya və
oxucuya nümunə olmağa çalışmalıdır. Mən Ə.Əbülhəsənin və ya
H.Mehdinin bir hekayəsində zərərli bir meyl, pis tərəflər
görürəmsə, mütləq bunu müəllifə
bildirməli, ondan bunun izahını və düzəltməsini
istəməli, gözləməliyəm. Axı
tənqidçi yaradıcının köməyi, inkişaf
yolunda onun qolundan tutandır.
Tənqid yalnız yazıçılara və oxucalara
"pis nümunələr" təqdim etməməlidir. Tənqid ədəbiyyatımızın
parlaq, işıqlı tərəflərini də görməli
və cəsarətlə göstərməlidir".
Bir neçə cümlə ilə müəllif
müasir tənqidçi necə olmalıdır? - sualına
cavab verir, mənəvi-əxlaqi portretini yaradır və
onunla da kifayətlənmir. Bu portretin mükəmməlliyini
artırmaq, təkmilləşdirmək üçün ona
"Ədəbi söhbətlər"ində yeni ştrixlər
əlavə edir: "Tənqidin və ya tənqidçinin
sözü kəsərli, nüfuzu böyük
olmalıdır. Belə bir nüfuza tənqidçi nə ilə
nail ola bilər? Bizcə, hər
şeydən əvvəl həqiqilik, obyektivliyi ilə.
Əsərə təhlil və qiymət verəndə tənqidçinin
qanunnaməsi məhz müqəddəs ...həqiqət, prinsipallıq, ...elmin müqəddəs
hökmləri olmalıdır".
Müəllifin doğru qeyd etdiyi kimi, tənqidçi hər
hansı bir əsəri təhlil edərkən və dəyərləndirərkən
onun istinad nöqtəsi, güvənc yeri, söykəndiyi
mötəbər dayaq şübhəsiz ki, yalnız həqiqət
və elm arqumentlər olmalıdır. Əks halda tənqidçi
ləyaqəti, tənqidçi nüfuzu üzərinə
kölgə düşə bilər.
Heç
kəsə gizli deyil ki, 1937-ci ildə ölkədə
tüğyan edən repressiyalar dövründə bir çox
alimlərin, şair və yazıçıların həbs
olunması üçün bəzi "tənqidçilər"in
donos səviyyəli cızma-qaraları məhkumluq orderi səviyyəsinə
qaldırılmışdı. Həqiqətə, elmi dəlillərə
söykənməyən, cəmiyyətdə sinfi
parçalanma yaradan, asanlıqla mətbuata yol tapan "tənqidçi"
iradları bəzən prokuror ittihamlarından sərt olurdu.
Mir Cəlal həmkarlarının yanlış mövqeyinə,
subyektiv müşahidələrdən qaynaqlanan
baxışlarına aydınlıq gətirərək cəmiyyətdəki
reallıqlardan "Sənət və həqiqət" məqaləsində
müdrikliklə bəhs edirdi: "Bugünkü nəzəri
mülahizələrdə ən yanlış və ən
ziyanlı şey, cəmiyyəti bir-birinə zidd iki qütbə
ayırmaq, hadisələri, insanları, duyğuları qara və
qırmızı, pis və yaxşı deyə iki yerə
bölməsidir. Belə olsaydı, cəmiyyət bu
yazıçıların dediyi kimi iki bir-birinə zidd və
bir-birindən ayrı bölünmüş olsaydı, bir
günün içində oğrunu da, əyrini də,
rüşvətxoru da, xaini də, canini də taxtabiti kimi lap
dağ su ilə qırmaq, cəmiyyəti dincəltmək
olardı. Amma təəssüf ki, cəmiyyət belə deyil
və heç bir zaman belə olmamışdır..."
Bəli, doğrudan da cəmiyyət mürəkkəbdir
və bu mürəkkəbliyi ilə bütöv, dolğun,
cazibədar və qeyri-adidir. Yaxşıdan pisə,
ağdan qaraya, işıqdan qaranlığadək nə qədər
çalar, məqam və mərhələlər var?! Böyük ədibin ədəbi-tənqidi məqalələrində
birinci komponent özünü gənc yazarlara münasibətdə
daha qabarıq büruzə verir.
Mir Cəlal müəllim 1930-cu illərdə ədəbiyyata
gələn gənclərdən Osman Sarıvəllinin və
İlyas Əfəndiyevin yaradıcılığına fərqli
rakurslardan yanaşaraq müsbət meylləri, fərqli
xüsusiyyətləri zərgər dəqiqliyi ilə
araşdırır, üzə çıxarır və qiymət-ləndirirdi. Tənqidçi
"Gənc qələmlər" ("Ədəbiyyat qəzet".
1934. 30 may) yazısında Osman Sarıvəllinin
yaradıcılıq mühitini ən xırda detalına qədər
belə təsvir edir: "Osmanın
yaradıcılığında ən dərin iz buraxan faktor
onun öz bioqrafiyasıdır. Yaradıcılığının
ta ilk addımlarından o yetişdiyi kəndin dağları,
yamacları, dərələri,
yaşıllıqlarını unutmur, unuda bilmir. Osman kənddə ağır zəhmətlər,
ağrılar içərisində böyümüş və
nəhayət oxumaq üçün şəhərə gəlmiş,
Moskvada oxumuş... bir gəncdir".
Ədib bu istedadlı gəncin
yaradıcılığını kənd mühitindən
ayırmır, əksinə, təbiətə, torpağa,
sevgiyə həsr olunmuş şeirlərinin gözəlliyini
səmimiyyətdə və təbii-likdə arayır, müəllifə
sayğı ilə yanaşaraq onun əsərlərini layiqincə
dəyərləndirir.
Digər gənc və istedadlı yazıçı
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr olunmuş
ilk hekayələr kitabçası haqqında da eyni səmimiyyət
və rəğbət hissi ilə "Yeni qüvvələr"
("Ədəbiyyat qəzeti". 1941. 5 may) adlı məqaləsində
yazırdı: "Mən, İlyas Əfəndiyevin "Kənddən
məktublar" kitabçasını oxuyanda çox sevindim.
Bu qələmin sahibində, adi insanlarda, adi
savadlı adamlarda olmayan bir sıra əlamətləri
kitabça aydın göstərir. Bu əlamətlər:
yazıçılıq hissindən, incə müşahidə
qabiliyyətindən, mənəvi yüksəklikdən, təmkindən,
sevinməyi, kədərlənməyi bacarmaqdan ibarətdir".
Mir Cəlal müəllim gənc yazarların
işıqlı tərəflərini görməyi və qiymətləndirməyi
bacarırdı. O, "Ədəbi söhbətlər"ində
vurğulayırdı ki, Səməd Vurğun poeziyası
yalnız respublikamızda yox, bütün Sovetlər
İttifaqında şöhrət və hörmət
qazan-mışdır. Süleyman Rüstəm, Məmməd
Rahim, Rəsul Rza, Osman Sarıvəlli, Zeynal Xəlil, Əhməd
Cəmil, Mirvarid Dilbazi və başqalarının müvəffəqiyyətli
əsərləri oxucu kütlələrinin mənəvi
qidası olmuşdur. Təcrübəli şairlərin
ardınca H.Hüseynzadə (Arif), İ.Qabil, N.Babayev (Xəzri),
B.Adil, Q.Qasımzadə, İ.Səfərli, B.Vahabzadə,
Ə.Kürçaylı, H.Abbaszadə və sairləri kimi
istedadlı gənclər gəlirlər... "Ədəbiy-yatımızın
gənc qüvvələri" məqaləsində isə
İkinci dünya savaşından sonrakı illərdə ədəbiyyata
gələn yeni istedadlar sırasına İslam Səfərli,
Hüseyn Hüseynzadə, Bəxtiyar Vahabzadə, Qasım
Qasımzadə, Əliağa Kürçaylı, Ənvər
Əlibəyli, Nəbi Babayev, Salam Qədirzadə, İsa
Hüseynov, Seyfəddin Abasov, Pənah Xəlilov, Məsud Vəliyev,
Qulu Xəlilov və başqalarının adını
vurğulamışdır. Tənqidçi gənc ədiblərin
ötən əsrin 50-ci illər dalğasına Əli Kərim,
Sərdar Əsəd, Davud Ordubadlı, Məmməd İbrahim
(Araz), İlyas Tapdıq, Famil Mehdi, Cabir Novruz, Ramiz Məmmədzadə,
Tofiq Mütəllibov, Xəlil Xəlilov (Xəlil Rza
Ulutürk), Sabir Əhmədli, Altay Məmmədov, Emin
Mahmudov, Bayram Bayramov, Rauf İsmayılov, Ağamusa Axundov, Bəkir
Nəbiyev və qeyrilərini daxil etmişdir. Tənqidçinin
gənclərə bəslədiyi ümidləri
özünü doğrultmuşdur. 1950-ci
ilin ortalarında ilk əsərlərini oxuculara ünvanlayan tənqidçilər,
şair və yazıçılar sonrakı dövrün
tanınmış elm, ədəbiyyat və mədəniyyət
xadimləridir.
Mir Cəlal müəllim gənc və istedadlı
yazarların uğurlu əsərlərini mütəmadi
oxuyar, ondan zövq alardı. Etimadını
doğruldanların yaradıcılığı haqqında
ağsaqqal sözü, ədəbiyyatşünas
xeyir-duası verər, onlara xüsusi məqalə həsr edərdi.
Belə şərəfə layiq görülən gənc
istedadlardan Nəriman Həsənzadə, Gülhüseyn
Hüseynoğlu, Yəhya Seyidov, Məmməd Məmmədov,
Nazim Axundov, Məmməd Əkbər və
başqalarının ayrı-ayrı əsərləri
haqqında mətbuatda dolğun fikirlər söylənilmişdir.
Mir Cəlal
Paşayev 1965-ci ildə "Ədəbiyyat və incəsənət"
qəzetində dərc etdirdiyi "Ədəbi növlərin
tədqiqinə diqqət" sərlövhəli məqaləsində
gənc yazıçıların daha yeni bir qrupunun bu
gününə inamını, gələcəyinə
ümidlərini belə ifadə edirdi: "Azərbaycan oxucusu
Qılman Musayevi, Seyfəddin Dağlını, Altay Məmmədovu,
Gülhüseyn Hüseynoğlunu, İsa Hüseynovu, Salam Qədirzadəni,
Bayram Bayramovu, Ələviyyə Babayevanı, Çingiz
Hüseynovu, Sabir Əhmədovu, Emin Mahmudovu, Hüseyn
İbrahimovu, Anarı, Yusif Səmədoğlunu və bir
çox başqalarını yaxşı hekayə müəllifi
kimi tanıyır".
Milli ədəbiyyatşünaslığımıza
"altmışıncılar" terminini gətirən,
özündə mühüm bir ədəbi mərhələni
ehtiva edən, sovet rejiminin ideoloji basqılarına müqavimət
göstərən, adları xüsusi vurğulanan bu ədəbi
nəslin görkəmli nümayəndələrinin
yaradıcılığına Mir Cəlal tənqidi təsirsiz
qalmamış, onların bir yazıçı, tənqidçi,
düşüncə adamı kimi yetişməsində ədibin
xidmətləri böyük olmuşdur.
Mirzə
Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru,
professor Kərim Tahirlinin təşəbbüsü və tərtibçiliyi
ilə ilk dəfə küll halında toplanılaraq bir araya
gətirilən Mir Cəlalın "Ədəbi-tənqid"ini
nəzərdən keçirdikcə oxucuda dərin təəssürat
yaranır, müəllifin peşəkarlığı, cəsarəti,
zəhmətsevərliyi, geniş erudisiyası böyük maraq
doğurur. O, 1955-ci ildə "Azərbaycan" jurnalında
çap etdirdiyi "Ədəbi tənqid" məqaləsində
tənqidçi və bu sənət sahəsinin problemləri
ilə bağlı, öz təcrübəsinə əsaslanaraq
çox fərqli və cəsarətli düşüncələrini
bölüşmüşdür. Mir Cəlal müəllim tənqidin
və tənqidçinin çətinlikləri barədə
açıq yazırdı: "Təndiq yazmaq
üçün mədəni - ədəbi səviyyə,
müəyyənləşmiş zövq və bir qədər
də cürət lazımdır. İkinci tərəfdən
tənqid əsərini hər qəzet və jurnalda çap
etdirmək o qədər də asan olmur. Ən
yaxşı tənqidi məqalə uzaqbaşı bir dəfə
çap olunur. Üçüncüsü - istər
redaksiyalar, istər İttifaq rəhbərliyi tənqid
yazanın fikir və mülahizələrini daha çox
kontrol altına alır, yaradıcılıq işinə
qarışır, nəinki şeir, ya nəsr yazanın...
... Bütün bu səbəblərə görə tənqid
sahəsinə gələnlər azdır".
1955-ci ildə qələmə alınan, olduqca cəsarətlə
söylənilən bu fikirlər sovet rejiminə, onun ideoloji əsaslarına
qarşı açıq etiraz əlaməti idi. "İttifaq
rəhbərliyinin tənqid yazanın fikir və mülahizələrini
nəzarət altına alması" birbaşa fikir, söz
azadlığının məhdudlaşdırılması, mətbuat
azadlığının boğulması kimi qiymətləndirilməlidir.
Professor Mir Cəlal Paşayevin mətbuat, söz
azadlığı haqqında sovet rejiminə qarşı bu
cürətli düşüncə-ləri Sitalin repressiyalarından
sonra siyasi mülayimləşmənin ilk simptomları,
"altmışıncılar"a hazırlıq mərhələsinin
başlanğıcı kimi də dəyərləndirmək
olar. Altmışıncıların
yaradıcılığı isə milli müstəqilliyə
aparan yolda cəsur, mübariz, vətənpərvər
istiqlalçılar nəslinin yetişməsində,
formalaşma-sında mühüm rol oynadı.
Fəaliyyət sferasının
mündəricəsini və mahiyyətini vizual nəzərdən
keçirməklə böyük ədibin elm, tənqid cəbhəsində,
bədii yaradıcılıq sahəsində göstərdiyi
şücaəti, fəda-kar müəllim əməyi heyrət
doğurur desək - bəlkə də görülən
titanik işlərin sanbalı, əhəmiyyəti
haq-qında gerçək, doğru mənzərənin ən
zəruri təfərrüatlarını əks etdirməkdə
çətinlik çəkmiş olarıq. Professor
Mir Cəlal Paşayevin elmi, ədəbi-tənqidi
araşdırmaları, bədii yaradıcılığı
və pedaqoji fəaliyyəti Azərbaycan xalqının
davamlı tərəqqisinə hesablanmış təmənnasız
övlad borcu, müqəddəs vətənpərvərlik
missiyasıdır.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2019.- 18 yanvar.- S.6.