Sonsuz eşqlə hüznün vəhdəti:
"Fərizə və İlham" dastanı
1990-cı
il 20 Yanvar faciəsi xalqımızın
tarixinə həm qanla, həm də böyük hərflərlə
yazılıb. Qanla yazılmış faciələr
isə, bəlli olduğu kimi, tarixin səhifələrindən
heç vaxt silinmir, sanki daşlaşıb orada qalır,
heç vaxt unudulmur. Əksinə, zaman keçdikcə,
onun üstündən illərin küləyi əsdikcə bu
hadisələr yaddaşımızın dərin qatlarına
doğru kök atır.
20 Yanvar barədə kifayət qədər həm bədii
və tarixi əsərlər yazılıb, həm sənədli
filmlər lentə alınıb, həm də ürək
dağlayan rəsmlər çəkilib. Bizə acılar yaşadan
bu qanlı qırğında həm də bir eşq dastanı -
"Fərizə və İlham" dastanı yaranıb dillərə
düşdü, ürəklərə hopdu.
Hər birimizin ürəyində işartısı və
qığılcımı olan məhəbbətin yolları
rəvan deyil, daşlı-kəsəklidir, tikanlı və təhlükəlidir. Yalnız əsl
sevgililər bu müqəddəs və asan olmayan yolu qorxmadan,
əzablara qatlaşaraq sonacan gedə bilir.
Sevgisi və sevgilisi yolunda canından keçmiş Fərizə
kimi aşiqlər, bir müddətdən sonra böyük
maraqla mütaliə olunan bədii əsərlərin qəhrəmanlarına,
obrazlarına çevrilir, oxucuların qəlbində əbədi
məskən salır, tez-tez yada düşüb
xatırlanır. Xatırlanırsa, deməli, ölməyib
yaşayır. Əsl sevgililər həmişə
məhəbbət yolunda pərvanə tək odda yanıblar,
çoxlarının qorxub çəkindiyi ölümün
gözünün içinə dik baxaraq ona meydan oxuyublar.
Əsli və Kərəm kimi, Leyli və Məcnun kimi, Romeo və
Cülyetta kimi, Yusif və Züleyxa kimi...
Qoca Şərqin "Leyli və Məcnun" hekayəsi
əsrlərdir İlham kimi, Fərizə kimi sevib-sevilənlərin
ürəklərindən çıxmır, dillərindən
düşmür. Dünyanı addım-addım gəzib
dolaşaraq əfsanəyə, mifə dönmüş bu məhəbbət
dastanı qərinələrdir ürəklərdən-ürəklərə
köçərək könüllərdə əbədi məskən
salıb. Bu eşq dastanı sevənlərin
və sevilənlərin qəlblərini fəth edib, ürəklərinə
lağım atıb. Sevgililər onun təsir
dairəsindən çıxa bilmirlər. "Leyli və Məcnun" dastanı həmişə
aşiqlərin yollarına işıq salıb onların
könüllərinə eşq toxumu səpib, sonra da göz
yaşları ilə suvarıb, qəm çiçəyi
bitirib.
Azərbaycanın
dahi şairləri - Nizami Gəncəvi və Məhəmməd
Füzuli də, özbək şair və mütəfəkkiri
Əlişir Nəvai də, onlarla başqa dühalar da əsrlərcə
əvvəl sözün qüdrətinə tapınaraq
könülləri telləndirən bu ilahi eşqi nəzmə
çəkmiş, ülvi məhəbbəti tərənnüm
etmiş, illərə, əsrlərə sığmayan
"Leyli və Məcnun" poeması yazmışlar. Zaman məsafəsi
baxımından uzaq əsrlərdə yazılsa da,
poemaların mövzusu bir-birinə qırılmaz tellərlə
bağlıdır, kiçik əlavələr nəzərə
alınmazsa, demək olar ki, çox fərqli deyil, eyni bulaqdan
su içir, eyni kökdən qidalanır: SEVGİ və
KƏDƏRdən...
Azərbaycanın dahi bəstəkarı Üzeyir
Hacıbəyli də Füzulinin bu ölməz məhəbbət
poemasından vəcdə gələrək ötən əsrin
əvvəllərində "Leyli və Məcnun"
operası yazdı. Ülvi məhəbbətə, ilahi sevgiyə bir az yanğı, bir az da kövrəklik qatıb
onu daha da təravətləndirdi, mövzuya yeni ömür bəxş
etdi, təzə həyat verdi. Məhəbbəti,
eşqi musiqinin dili ilə, ritmin ahəngi ilə ifadə etdi.
Güclü bir təkanla sevgini yerdən
göylərə - Tanrı dərgahına qaldırdı.
Üstündən bir əsrdən çox vaxt
keçməsinə baxmayaraq, bu opera yenə də
tamaşaçılar tərəfindən böyük maraq və
sonsuz sevgi ilə izlənilir, dinlənilir.
Yəqin
ki, minlərlə, milyonlarla oxucu və tamaşaçı
kimi Fərizə də bir vaxtlar "Leyli və Məcnun"
poemasını sevə-sevə oxumuş, bu operaya yana-yana
baxmışdı. Bəlkə də, elə o
günlərdən əsərin sehri, cazibəsi ürəyinə
sevgi toxumları əkmişdi. Ola bilsin ki, o anlarda ürəyindən
Leyli tək sevmək, sevgisinə onun kimi sonacan sadiq qalmaq keçmişdi.
Əsrlərcə əvvəl baş verən
bu hadisə, sonu faciə ilə bitən məhəbbət
dastanı illər keçəndən, zamanlar ötəndən
sonra mifə və əfsanəyə çevrilərək Fərizənin
ürəyinə hakim kəsilmiş, qəlbinə hopmuş,
yaddaşında dərin və pozulmaz izlər qoymuşdu.
O vaxtlar heç ağlına gəlməzdi ki, nə vaxtsa o
da Leyli kimi sevginin, eşqin odunda yanıb kül olacaq. İllər sonra həmin vaxt soyuq bir qış gecəsində
gəlib özünü yetirdi. 20 Yanvar
faciəsində dəhşətli ağrı ilə
üz-üzə qaldı, ağlına gəlməyənlər
başına gəldi, sevgi, məhəbbət onu
sınağa çəkdi.
Dünyanı sarsıdıb ağladan, ürəkləri,
qəlbləri dağlayan qanlı şənbə gecəsində
məhəbbətin, sevginin də üstünə qan
çiləndi. Bu sarsıdıcı zərbədən
eşqin də bağrı yarıldı. Üstünə
çilənən qan sevginin yaddaşına hopub onu təzədən
vərəqlədi, yeni səhifələr yaratdı.
Yenicə oyanıb cana gəlmiş eşq
ağacından təzə pöhrələr
çıxdı, körpə və kövrək budaqlar
yavaş-yavaş qönçələyib qan rəngində
çiçəklər açdı. Həm
sevgi, məhəbbət, həm də aşiqlər yenidən
sınağa çəkildi. Əminliklə
deyə bilərik ki, hər ikisi bu sınaqdan
alnıaçıq çıxdı. Bu
qanlı hadisələrdə kədər və qəmlə
yüklənmiş həm "Leyli və Məcnun"a, həm
də başqa eşq dastanlarına bənzər "Fərizə
və İlham" dastanı yarandı və tez bir zamanda
oxucuların qəlbinə yol tapdı, ürəklərinə
cığır açdı.
Çoxları kimi Fərizənin ürəkdən
sevib qovuşduğu İlham da milli azadlıq hərəkatına,
müstəqilliyimiz uğrunda yenicə alovlanan mübarizəyə
qoşulmuşdu. Sovet imperiyasının tankları ölkəmizin
paytaxtına soxulanda silahsız olduğundan onlara atəş
aça bilməyib son anda şəhərini yadların
basqınından qorumaq üçün cəsarətlə
sinəsini irəli vermişdi. İmperiya əsgərinin
atdığı odlu güllələr bir an içində
onun bədənini deşik-deşik edib qanına
boyamışdı. Yaşamaq
üçün dünyaya göz açmış İlham
qanlı şənbə gecəsində şəhid olmuş,
həyatla əbədi olaraq vidalaşmış və bir
vaxtlar böyük məhəbbətlə sevib
qovuşduğu Fərizəsini bu dünyada tək
qoymuşdu.
O gecə
sabaha qədər avtomatlar sakitləşmədən, nəfəs
almadan şaqqıldadı, tanklar dayanmadan guruldadı. Həmin axşam şəhərdə qan su yerinə
axdı. Hələ də gözləri
yaşlı qalmış anamız torpaq o soyuq qış gecəsində
qanla suvarıldı. Səhərə yaxın ulduzlar
könülsüz-könülsüz göy üzündən
çəkiləndə, dan yeri tələsmədən,
ayağını ağır-ağır sürüyüb
söküləndə, günəş ilıq şəfəqləri
ilə soyuq üfüqə asta-asta sığal çəkib
dilə tutanda, axşam qan çilənən yerlərdən
qırmızı rəngli qərənfillər boylandı...
Həmin gecə qapıları həm odlu güllələr,
həm də qara xəbərlər döyürdü. Həyat
yoldaşının gülləyə tuş gəlib şəhid
olduğunu eşidən Fərizə sarsıldı, sanki
üstünə dağlar aşdı. Dünya
başına fırlandı, gözlərinə qan
sızdı, qəlbinə qaranlıq çökdü.
O, neçə ay idi hamiləydi. Yaxın
vaxtlarda dünyaya süd qoxulu körpə gətirəcəkdi.
Başqa xoşbəxt analar kimi,
uşağını öpüb oxşayacaq, nəfəsini
üzündə hiss edib, ətrini doyunca qoxuyacaqdı. Həyatının ən gözəl, təkrarolunmaz
günlərini yaşayacaqdı. Yaxın
vaxtlarda evlərindən dünyanın ən gözəl
simfoniyası adlandırılan uşaq səsi, körpə
qığıltısı eşidiləcəkdi. Doğulduğu bu həyatda dünyalarca sevgi bəslədiyi
İlhamla bərabər yaşamaq, ömür yollarını
sonadək İlhamla qoşa addımlamaq istəyirdi. O məsum
gecə, sevib ürəkdən bağlandığı
insanın ölüm xəbəri bir an içində onun
ürəyinə çalın-çarpaz dağlar çəkdi,
arzuları qan içində boğuldu. Bütün
bunlar Fərizənin qəlbindəki Leyli sevgisini, Züleyxa
eşqini, Cülyetta məhəbbətini daha da coşdurdu.
Ayrılığa, həsrətə dözməyib,
şirin canına qıydı, haqq dünyasına - sevgilisi ilə
görüşə tələsdi. Cəsarəti
və hünəri ilə Fərizə məhəbbətinin,
Fərizə sədaqətini düsturunu yaratdı. Ürəyindən İlhamla bir məzara
sığınmaq keçdi. Həmişə
eşqinə sadiq olan Fərizə ölümlə üsyana
qalxdı, ona meydan oxudu, sonda qələbə qazandı.
Ölüm onun eşqi, sevgisi
qarşısında məğlub olub geri çəkildi.
Meydanı bir-birini ürəkdən sevən əsl aşiqlərə,
əhdinə sadiq qalanlara verdi. Aşiqlər isə qorxub çəkinmədən
qanları ilə insanları heyrətə salan qəmli bir
sevgi dastanı yazdılar.
Yaxınları, qohumları göz yaşları
içində onları yanaşı dəfn etdilər. Fərizənin
İlhamın doğmalarının ağlaşma səsi, ərşə
qalxan ah-naləsi qəlblərə qəm ələdi, ürəklərdə
fırtına qopardı. Kədərin
ağırlığından, dərdin
böyüklüyündən yer-göy silkələndi.
Özünə
qəsd etməzdən əvvəl Fərizə anasına
qısa bir məktub da yazıb qoymuşdu: "Ana, məni ağlama.
Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm.
Onsuz da..."
Fərizənin ölümünü eşidən hər
kəs ağlayıb göz yaşları axıtdı. O ağır günlərdə
xalq başqa şəhidlər kimi, onlara da qırx gün
qırx gecə yas saxladı. Sevənlər bu
nakam, sonu faciə ilə bitən taleyə, cavan ömrə
ürəkdən acıdılar. Qırx
gün İlhamla Fərizənin məzarı üstünə
qan rəngli qərənfillər döşəndi.
Beləcə, qanlı 20 Yanvar faciəsində "Fərizə və İlham" dastanı yaranıb qəlbləri sızıldatdı, əsərlərə köçdü, kitabların səhifələrində əbədiləşdi, ürəkləri odlayıb yandırdı. O qəmli gecədə Fərizə çoxlarının bacarmadığı cəsarətli bir addımı ilə sevgiyə, eşqə sadiqliyin rəmzinə çevrildi. Son nəfəsinədək məhəbbətinə sadiq qaldı. Cəsarəti ilə bir an içində adilikdən qeyri-adiliyə sıçradı.
Şəhidlər xiyabanına ziyarətə gələnlər
İlham və Fərizənin məzarları önündə
daha çox ayaq saxlayırlar. İlhamın cəsarəti, Fərizəninsə
sevgiyə sədaqəti qarşısında baş əyirlər.
Dünya durduqca, insanlar yer üzündə yaşadıqca bu,
belə də davam edəcək. Çünki Fərizə məhəbbətinə,
sevgisinə olan sonsuz sədaqəti ilə bütün
zamanlara qalib gələrək əbədilik qazanıb. Sanki qəlblərə
köçərək bir ölməzlik nümunəsi
yaradıb, sevgiyə sədaqətin əbədi heykəlini
qoyub. Belə cəsarətli insanlar isə heç vaxt
unudulmurlar. Unudulmayacaqlar da...
Vahid
MƏHƏRRƏMOV
525-ci qəzet.-
2019.- 18 yanvar.- S.8.