Bir ömürdə neçə həyat yaşanar...   

 

YAXUD İVON BOTTONUN BİTMƏYƏN HƏSRƏTİ

 

 

 

Deyəsən, yazılarımın birində bunu artıq sizə demişdim: təsadüflərə inanmıram. Məncə, baş verən hər şey gələcəkdə baş verəcəklərin zəminidir.

 

Elə mənim Fransada yaşayan yazıçı Şain Sinaria ilə tanışlığım, onunİvon Bottonun arzuladığı həyatkitabını oxumağım, bax, bu yazının da məhz indi çap olunmasının heç biri təsadüf deyil. Etiraf edim ki, yazını yanvarın bu günlərində yazıb sizə təqdim etməyimin təsadüf olmadığını kitabı oxuyub bitirəndən haqqında yazı yazmağa qərar verəndən sonra bilmişəm. Belə ki, indi haqqında danışacağım İvon Botto ötən ilin yanvarın 24-də gözlərini bu dünyaya əbədi yumub. Yəni, cəmi bir neçə gün sonra onun vəfatının birinci ili tamam olacaq. Bu cümlələri yaza-yaza İvon Bottonun kitabdakı son fikirlərini xatırlayıram: “...mən bir gün gülümsəyəcəm, ora gedəndə, atamı, anamı, qardaşımı, Şəmmədi orda görəndə mən gülümsəyəcəm. Buna əmin ola bilərsiniz... Sizə söz verirəm..!”

O, 21 gün evində qonaq saxladığı, bütün həyatını əvvəldən sonuna kimi, ən incə detallarına qədər danışdığı yazıçıya - Şain Sinariaya verirdi bu sözü, yoxsa biz oxucularına, bilmirəm! Heç bu dəqiqə bunun elə bir önəmi yoxdur. Məni düşündürən sadəcə odur ki, görəsən, İvon nənə bu sözünə sadiq qaldımı? Son bir ildə nəhayət, gülümsəyirmi?

Razıyam, yazıya ən sondan başladıq... Onda qayıdaq əvvələ...

***

Müharibə həyatımızdan nələri alıb aparır? Sevgi nələrə qadirdir? İnsan doğulduğu yerəmi, yoxsa yaşadığı yerə aiddir? Bir insanın ümidləri necə, hansı formada ölə bilər, ümidsiz insan necə yaşayar? Xalqlar, mədəniyyətlər arasındakı fərq... Ana olmaq... Vətən həsrəti... Doğmalarını son dəfə görmək arzusu... Puç olan xəyallar... Gülməyi unudan qadın...

Şain Sinarianın qələmə aldığıİvon Bottonun arzuladığı həyatromanı bütün bu duyğuları özündə birləşdirir, cavabsız suallara cavab verir. Əsər elə ilk cümlədəncə insanı oxuyub bitirdikdən sonra belə uzun müddət qurtula bilməyəcəyi təsirə salır. Hər cümləsi sənəaxı, bu qədər olmazdedirdir, ancaq elə həmin cümlə kitabın faktlar əsasında, tamamilə həqiqətə uyğun yazıldığını yadına salır. Qalırsan çaşbaş... Həyatda necə talelər varmış, İlahi!

***

İvon Botto Fransanın Passi şəhəri yaxınlığındakı La Faye kəndində italyan atası, fransız anası qardaşı ilə son dərəcə sakit, huzurlu bir həyat sürən şıltaq, sevimli, gözəl qız idi. 1928-ci ildə doğulanda hələ heç kimin ağlına gəlməzdi ki, tale ona hansı sürprizlər hazırlayıb. Bu qız ömrünü yaşadığı yerdə çoxlarının tanımadığı, bilmədiyi yad bir ölkədə - Azərbaycanda keçirəcək başa vuracaq. Onun özü bütün bunlardan xəbərsiz idi. Amma ətrafında baş verən hadisələr sanki bilə-bilə onu buna hazırlayırdı.

Onların sakit həyatı ilk növbədə müharibə ilə pozulur. Müharibə..! Bütün pisliklərin, məhrumiyyətlərin, yoxluğun anası...

Dünyada ilk müharibə vaxt, harda olub bilmirəm, amma XX əsr insanının taleyinə bəşəriyyətin ən böyük iki müharibəsi - Dünya müharibələri yazılmışdı. İstər tarix, istərsə bədii ədəbiyyat heç zaman bu müharibələrə biganə qalmayıb. Ədəbiyyat dünyanı dəyişə bilərmi?”- bu sualla çox tez-tez qarşılaşırıq. Hətta bu suala “dəyişsəydi, Tolstoyun “Hərb və sülh”ündən sonra dünyada müharibə qalmazdı”- deyə cavab da verilib. Nə qədər haqlıdır, onu da bilmirəm. Axı, doğrudan da, dünya ədəbiyyatında müharibəyə həsr olunmuş, onun ən eybəcər üzünü açıb göstərən, vurduğu yaraları dilləndirən yüzlərlə əsər var. Bəs, hanı bu əsərlərin təsir gücü?

Bəşəriyyətin bu zamana qədər gördüyü ən dəhşətli müharibə- İkinci Dünya Müharibəsi oxuyacağımız kitabdakı hadisələrin, yəni Bottoların həyatının axarını tamamilə dəyişmişdi.

Sinarianın ilk baxışdan sadə bir qadının həyatını mövzu kimi seçən bu kitabı, əslində, müharibənin dəhşətlərini əks etdirir. Baş verən siyasi oyunlar, toplar, tüfənglər, stol arxasında oturan 2-3 nəfərin bir imzayla həll etdiyi milyonlarla insan taleyis. Müəllif ara-sıra hadisələri vurğulamaq, dövrü, mühiti daha aydın və dəqiq təsvir etmək üçün tarixdən bu cür faktlar da gətirir. Səhifələrdən top səsi gəlmir, barıt qoxusu yoxdur, ah-nalələr eşitmirik, dağıntılar görmürük, amma yenə də hər cümlədə bir az da müharibənin xofuna bürünürük. Çünki burada səngər insanların talan olmuş qəlbində, cəbhə dağılmış həyatlarında qurulub, güllə səsi itən gülüşlərdə, barıt qoxusu ac nəfəslərdə gizlənib.

***

İvon Bottonun da taleyinə düz iki müharibə görmək yazılıbmış... Onun birincisi, yəni, dünya müharibəsi başlayanda o, hələ uşaq idi. Bir müddət ətrafında baş verənlərin elə də fərqinə varmadı. Ancaq o, böyüdükcə, müharibə də böyüdü. Gənc qızın dünyagörüşü günbəgün dəyişməyə başladı. Əslində, elə bunlar da taleyin onun üçün hazırladığı uzun bir ömrün ilk akkordları idi. İvon valideynlərinin yanında, kiçik radiodan, kommunist atasının söhbətlərindən eşitdiyi müharibə xəbərləri ilə böyüyərkən kitabın başqa bir qəhrəmanı, varlığı ilə İvonun sonrakı taleyini müəyyənləşdirən Şəmməd Şirməmmədov Sovet ordusunun tərkibində qulluğunu başa vurub, evinə dönməyi xəyal edərkən özünü müharibənin od-alovu içərisində tapır. Onun Ukraynada başlayan cəbhə yolu Fransaya, Faye kəndinə qədər uzanır. Sanki bütün kainat bu iki qəhrəmanın- Şəmmədlə İvonun görüşməsi üçün səfərbər olur. Başlarına gələn hadisələrin, ağılasığmaz təsadüflərin başqa bir açıqlaması yoxdur çünki...

Və nəhayət, iki gənc özlərinin belə hazır olmadıqları görüşə doğru addımlayırlar. Bu görüş onlar üçün tamamilə fərqli, yeni dünyanın müjdəçisi idi.

***

Bu yerdən sonra müharibənin əksi olan eşq mərkəzə keçir. İvonun azərbaycanlı partizana, hərbiçiyə olan sevgisi əslində, illərdir atasından eşitdiyikommunizm nağılları”nın təzahürü idi. O, hələ Şəmmədlə tanış olmadan öncə Şəmmədin aid olduğu yeri sevirdi, “dünyanın ən xoşbəxt ölkəsi” olan Sovet İttifaqına valeh idi. On altı yaşında tanış olduğu bu yaraşıqlı, bir suyu italyanlara (atası Jan Bottonun həmyerlilərinə) oxşayan oğlan təkcə, müharibədə igidlik göstərən, Fransa üçün almanlara qarşı vuruşan, odun-alovun içərisindən cəsarətlə çıxan qorxmaz əsgər deyildi, həm də onun xəyallarının ölkəsindən gələn bir nağıl qəhrəmanı idi. Şəmmədi özəl edən səbəblərin başında onun Sovet vətəndaşı olması gəlirdi.  

Onların bir-birinə sevgisi o qədər güclümistik olur ki, hətta evlilik qərarı aldıqları gün milyardlarla insanın həyatını xarabazara çevirən altı illik müharibə belə bir andaca bitir, razılıq sazişi imzalanır. Bu yerdə oxucu dərindən, rahat bir nəfəs alır, “hə, bitdi, məhəbbət qalib gəldi” - deyir. Amma bilmir ki, hər şey hələ indi başlayır. Bütün dəhşətlər, “olmazlar, tükürpədici, xəyalqırıqlığı yaşadan hər şey özünü gələcəkdə gizləyib.

***

İvon Bottonun arzuladığı həyat” romanı iki hissədən ibarətdir. Yarı sənədli, yarı bədii olan bu romanın birinci hissəsi müəllifin, ikinci hissəsi isə İvonun dilindəndir. Müəllifin romanı yazmaq üçün seçdiyi üslub son dərəcə orijinaldır. O, İvonun danışdıqlarını, sonralar Azərbaycanda, MoskvadaFransada topladığı sənədləri, faktları özününküləşdirə bilir. Oxucu burada quru, tarixi faktları deyil, maraqlı təhkiyə ilə yazılmış romanı oxuyur. Hələ İvona qədər, onun valideynlərinin, yaşadığı və yaşayacağı cəmiyyətin həyatı axıcı və maraqlı dillə qələmə alınıb.

Bunun bir səbəbi də müəllifin məhz Şain Sinaria olmasıdır. Çünki Azərbaycan və Fransanı özündə birləşdirən bu həyat müəllifə heçyad deyil. Artıq uzun illərdir Fransada yaşayan, fransız dilini öz ana dili kimi bilən, “fransızca düşünürəm, yuxularımı belə fransız dilində görürəm” deyən Sinaria, bütün bunlara rəğmən aid olduğu torpağa, Azərbaycana heç də yadlaşmayıb, harda yaşamağından asılı olmayaraq, məxsus olduğu yeri də gözəl bilir. İvonun vətən həsrəti ona yad deyil. Fransız və Azərbaycan mədəniyyətinə, hər iki ölkənin insanına dərindən bələd olan müəllif hiss olunur ki, bunları əks etdirməkdə heç də çətinlik çəkməyib. Hətta bəzi yerlərdə İvononun taleyi kənarda qalır, oxucuya elə gəlir ki, bu hissləri İvonun dilindən danışan müəllifin özüdür. Ona görə də İvon və Şəmmədin sevgisi, Fransadakı sakit həyatı qoyub Azərbaycana can atan oğlanın, əlli ildən artıq uzaq düşdüyü Fransanı arzulayan, 66 ildən sonra belə olsa, oranı gedib görməyə can atan qadının hisslərini anlamaqanlatmaq müəllif üçün heç də çətin olmayıb.

***

“Mənim taleyim 17 yaşımda, həyatıma dəyən güclü bir zərbədən sonra başladı. 1945-ci il avqust ayının 29-da Fransa şəhərindən keçib SSRİ-yə - atamın sözləri ilə desəm, “möcüzələr ölkəsi”nə gedən qatara minən dəqiqələrdən mənim taleyimin sayğacı fırlanmağa başladı...”

Onda İvon xoşbəxt idi. Yanında sevdiyi adam, arzularının ölkəsinə, utopiyasına doğru yola çıxırdı. Hətta bu eyforiyaya o qədər qapılmışdı ki, anasının, atasının göz yaşlarına məhəl qoymadan “mən heç zaman Fransaya qayıtmayacağam” deməkdən belə çəkinmir. Nə biləydi ki, Allah ötəri dediyi bu kəlmələri eşidəcək, 66 illik dualarını isə görməzdən gələcək?!

Nəhayət, iki aylıq məşəqqətli səfərdən sonra Moskvaya çatırlar. Elə ilk məyusluq da burda yaşanır. Onların “xoşbəxtlər ölkəsi” ilk gözyaşını bəxş edir: Şəmməd almanlara əsir düşdüyü üçün vətən xaini kimi Sibirə sürgün olunmaq təhlükəsi altındadır. 17 yaşlı fransız qızının göz yaşları, yalvarışları, nə əcəbsə, Sovet məmurlarının qəlbinə mərhəmət salır və onlar İmişliyə-Murquzalı kəndinə göndərilirlər.

İvonun 66 illik mühasirəsi də burada başlanır. Şəmmədlə bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, xoş keçən beş illik ömrü ərinin ölümü ilə qırılırsona yetir. Artıq Fransaya qayıda biləcəyini güman edən İvon isə oğlunu qoyub gedə bilmir. Övladına görə bir daha Fransa qapılarını öz üzünə bağlayır. Bu, onun Fransadan üçüncü imtinası idi. Taleyin oyunumu, yoxsa nədir, bilinməz, sonrakı bütün illərdə isə Fransa ondan imtina edir... Ərinin ölümündən dörd il sonra onun əmisi oğluna ərə gedən İvon artıq fransız genli azərbaycanlı qadına, anaya, nənəyə çevrilir. Fransaya hər uzatdığı əl boşa çıxır. Atasını, anasını, qardaşını itirir. Onu Fransaya bağlayan bütün bağlar qırılır.

***

Burada o, ikinci müharibənin - Qarabağ müharibəsinin şahidinə çevrilir. Bu müharibə ən az İkinci Dünya Müharibəsi qədər onu təsirləndirir, ağrıdır. Çünki orda onun birinci vətəni Fransa, burada isə ikinci vətəni Azərbaycan ağrı içində idi. Bu fransız qadını İvon Botto Dağlıq Qarabağ problemindən, 20 Yanvar faciəsindən, Xocalı soyqırımından azərbaycanlı ana kimi ürək yanğısı ilə danışır, 17 yaşından sonra ömrünü keçirtdiyi bu torpağa sevgisini hər fürsətdə ifadə edir.

Torpaq həsrəti isə bitmir ki bitmir. bu həsrət sakit, mülayim Araz çayını belə dilləndirir. 2010-cu ildə onun daşması ilə İvonun həyatı tamamilə dəyişir. Reportajda diqqət çəkən İvonu artıq bütün Azərbaycan Fransa tanıyır. Həyatında üç dəfə imtina etdiyi Fransa onun yolxərcini ödəmək istəmir. 66 ildən sonra Azərbaycan Avropa Cəmiyyətinin yardımı ilə İvon Botto Fransaya, valideynlərinin məzarını ziyarət etməyə, qohumları ilə görüşməyə gedə bilir. Ancaq artıq həyat İvona etdiyini etmişdi. Bu talesiz qadın həyatın hər cür üzünü görmüşdü.

Ötən həftə haqqında danışdığım “Şollerin arxivi” bədii filmi yenidən yada düşür. Çünkiİvon Bottonun arzuladığı həyat” əsəri də müharibə, ümidsevgi haqqında romandır. Azərbaycanlıya çevrilmiş fransız qadınından bəhs edən roman hələ çox talelərə çıraq olacaq...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 19 yanvar.- S.14.