Milli dəyərlərin bəşəri təcəssümü

 

XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏNİN “NABAT XALANIN ÇÖRƏYİ” ƏSƏRİNƏ PEDAQOJİ PRİZMADAN BAXIŞ

 

 

Azərbaycanın görkəmli ədibi, Xalq şairi Nəriman Həsənzadənin şəxsi həyatını və yaradıcılığını bütövlükdə milli pedaqogika məktəbi adlandırsaq, bizcə, yanılmarıq.

 

Ustad sənətkarın keçdiyi sənət yolu və əsərlərinə diqqət etdikdə bu fikrin doğruluğu öz təsdiqini tapmış olur. O, elə yazıçılardandır ki, əsərlərində qaldırdığı və həllinə çalışdığı problemlər milli olduğu qədər də bəşəridir, dünən üçün də aktual idi, bu gün üçün də aktualdır. Bunu N.Həsənzadənin nəsr yaradıcılığının zirvəsi sayıla biləcək “Nabat xalanın çörəyi” povesti timsalında aydın şəkildə görmək olur. Dünyanın bir çox dillərinə tərcümə olunmuş bu əsər haqqında vaxtında çox deyilmiş, çox yazılmışdır. Qələmə alınmasından neçə onilliklər keçməsinə baxmayaraq, əsər indi də milli dəyərlərimizə, əxlaq və tərbiyə məsələlərinə həsr olunmuş ən qiymətli bədii nümunələr cərgəsində yer almaqdadır. Səmimilik, milli-mənəvi dəyərlərə sonsuz hörmət və qayğı əsərin ən başlıca keyfiyyətlərindən olub müasir oxucunu düşündürməyi və öz arxasınca aparmağı bacarır.

Avtobioqrafik səciyyə daşıyan “Nabat xalanın çörəyi” povesti keçən əsrin 40-50-ci illərinin hadisələrini əks etdirsə də, burada bir ana-balanın, bir qəsəbənin adamlarının timsalında o dövrün ən xarakterik cəhətlərindən sayılan yetimlik, maddi kasıblıq, lakin mənəvi-əxlaqi zənginlik lirik bir formada öz bədii inikasını tapmışdır.

Bir yaşından yetim qalan körpəsini böyütmək, düzgün tərbiyə vermək, gələcəyini qurmaq, onu savadlı bir insan kimi görmək üçün ana bütün məhrumiyyətlərə dözür, lakin heç kimin qarşısında əyilmir, bir kimsəyə əl açmır. Süpürgəçilik edir, toyda-yasda qab-qaşıq yuyur, ən əsası da meşədən şax-budaq toplayıb şələ tutur və sübh tezdən çörək bişirib satmağa çıxarır. Ayağı yer tutandan sonra Qiyam da anasına yardımçı olur. Anasının bişirdiyi çörəkləri özü aparıb vağzalda satır, əlavə pul qazanmaq üçün qatarla keçən sərnişinlərə sərin su da təklif edir. Halal zəhmətlə oğul böyüdən Nabat xala bir an da olsun ruhdan düşmür, öz çətin, ağır taleyindən şikayətlənmir.

Xalqımızın belə bir müdrik deyimi var: “Sevinci bölüşdükcə çoxalar, kədəri bölüşdükcə azalar”.  Bu ağır gün-güzəran təkcə Nabat ananın deyil, o dövrün əksər analarının taleyinə yazılmışdı. Birinin əri müharibədə həlak olmuş, birininki şikəst qayıtmış, digərinin özündən başqa həyanı yox idi. Qiyamın zarafatla anasının “şələ bacıları” adlandırdığı 5 qadın zahirən savadsız, avam görünsələr də, əslində, müasirlərimizin bir çoxundan müdrik və biliklidirlər. Əsərin qəhrəmanına hər biri ana gözü ilə baxıb doğma anadan fərqlənməyən bu qadınlarda xalqdan gələn, fitri istedad var. Müəllif haqlı olaraq onları “oxuduqca qurtarmayan kitab” adlandırır. Bu cür qadınların himayəsində böyüyən, onlardan həyat dərsi və tərbiyəsi alan adam mümkün deyildi ki, ayağını insaf-iman, mərhəmət-ədalət, namus-qeyrət yolundan kənar qoya bilsin. Ağır fiziki əməkdən zahirən kobudlaşmış, kişiləşmiş bu anaların daxili zənginliyi və zərifliyi isə tam heyranedicidir. Müəllif onlardakı abır, həya və ismət hissinin nə qədər güclü olduğunu Qiyamın bir neçə ildən sonra tələbə kimi qayıdıb onlarla görüşdüyü səhnədə çox böyük ustalıqla tərənnüm etmişdir.

Əvvəllər onu görəndə duz kimi yalayıb dil-boğaza qoymadan danışan qadınlar artıq böyümüş, ərgənləşmiş, enlikürək bir cavana çevrilmiş Qiyamı görəndə özlərini abır-həyalı təzə gəlin kimi aparır və susmağa üstünlük verirlər. “Öz gözlərinin önündə böyüyən uşağın qarşısında lap uşaq kimi dayanmışdılar. Böyüklər uşaq olmuşdu, uşaq böyük”.

Əsəri oxuduqca adam bir yandan kövrəlir, özünü Nabat xala və onun oğlu Qiyamın yerinə qoyaraq ən dəruni hisslərə qapılır, bir yandan da Fərəh və Qiyamın göylər qədər saf, dağ çeşməsi qədər duru hisslərinin, duyğularının şərikinə çevrilir və bir də onda ayılır ki, tarixi keçmişimizin ən səmimi və ən doğru hekayəsi başa çatmışdır.

“Nabat xalanın çörəyi” əsərini oxuyub başa vurduqdan sonra oxucu kimi istər-istəməz düşünməli olursan: - Bu əsər mənə nə verdi? Oxuduğum bu povestin mənim kimi minlərlə oxucusu bu əsərdən hansı tərbiyəvi nəticələr əldə edə bilər? Çox mürəkkəb və ağır bir epoxanı özündə təcəssüm etdirən bu əsərin bədii qayəsi nədən ibarətdir? Tərcümeyi-hal xarakterli bu əsərin yaxın keçmişimizlə bağlı bədii lövhələrinin bizim qloballaşan, türk təbiri ilə desək, kürəsəlləşən dünyamızda hansı təlqin və təbliğ istiqamətləri üzrə nəticə çıxarmalı, onları bu günün reallığına tətbiq etməli və ya onlara uyğunlaşmalıyıq?

Təbii ki, əsərdən doğan, cavabını hələ də gözləyən suallar kifayət qədərdir. Ən çətin sual isə odur ki, əsərdə cərəyan edən hadisələr, görəsən, bugünkü gəncliyin, bu günün adamlarının şüurunda, mentalitetində necə qavranılır, dərk edilir? Biz mənəviyyat və əxlaqca o illərdən nə qədər irəli getmişik, yoxsa gerimi saymışıq?

Bu sualların cavabını vermək o qədər də asan deyil. Pedaqogika elmi prizmasından yanaşdıqda “Nabat xalanın çörəyi” əsərini bütöv bir tərbiyə ensiklopediyası adlandırmaq olar. Əsərdə insan və insan, insan və cəmiyyət, insan və təbiət, insanın vətəni, milləti, əqidəsi, mənəviyyatı və sairə kimi problemlərə dair çox geniş bilgilər öz əksini tapmışdır.

Normal bir insan yaxşılıq edəndə nəticəsini düşünmədiyi, əvəz gözləmədiyi kimi yazıçı da həyat həqiqətlərini obrazlı şəkildə qələmə alanda bundan oxucunun necə təsirlənəcəyini, hansı nəticəni çıxaracağını, bəlkə də, nəzərə almır, oxucu onun öhdəsinə buraxır. Bu əsərdə isə müəllif həm obrazların,  həm də təhkiyəçinin dili ilə hadisələrin ovqatına uyğun bir şəkildə didaktik-fəlsəfi mahiyyətli öyüd-nəsihətlərlə həmin işin həllinə çalışmışdır. “Sözə qüvvət” başlığı ilə verilən əlavələr tam yerinə düşərək əsərin ümumi məzmun və ideyasının düzgün qavranılmasına yardımçı olur. Ümumiyyətlə, povestdə bu başlıq altında 18 ibrətamiz hekayə verilir ki, bunların hər biri bir mənanın, hikmətin açıqlanmasına xidmət edir. Məsələn, Süleyman peyğəmbərlə bayquş haqqında Nabat ananın dilindən söylənən hekayənin nə qədər ibrətamiz olmasını şərh etməyə ehtiyac qalmır. Ona görə ki, Nabat ana özü hekayəsindən doğan nəticəni ortaya qoyur: “Bəyquş deyir ki, bir işi tutmazdan əvvəl fikirləşin. Yüz ölçün, bir biçin. Elə eləyin, abad yerlərimiz xaraba qalmasın” (S.23) Yaxud düzgün olmayan tərbiyənin, pis əmələ təhrikin acı sonluğu ilə bağlı “İki qardaş” hekayəsinə diqqət edək; iki yetim qardaşdan böyüyü kiçik qardaşa nümunə olmaq əvəzinə onu dəfələrlə oğurluğa vadar edir. Sonda oğru tutulur və cəzasını almalı olur. Kiçik qardaş ölümqabağı icazə istəyib boyük qardaşın dilini dişləyib atır və görənlərə belə deyir: “Mən o dilin badına gedirəm. Məni oğurluğa, əyriliyə o dil öyrətdi”.

Xalqımıza dədə-nənələrimizdən miras qalan, nəsillərdən-nəsillərə ötürülən ən qiymətli mənəvi sərvətlərdən biri də namus-qeyrətdir. Əsərdə bununla bağlı epizodu həyəcansız oxumaq olmur. Anası ilə qonşu kəndə gedən Qiyamın, nəzərlərini güllələrdən deşik-deşik olmuş bir qəbir cəlb edir. Səbəbini soruşduqda çox mütəəssir olur. Nabat ana ona söyləyir ki, bir gün eşitdik ki, Kərim adlı bir cavanı öldürüblər. Niyə? Kərim bir qızı sevirdi, qızın da ona meyli vardı. Ancaq qızı zorla başqasına verdilər. Bir az sonra yaylaqda gəlin gecə ikən tumanını yuyub çəpərə sərir, sabah olanda tumanı yerində görmür. Tumanı kim aparıb? Ailə Kərimdən və gəlindən şübhələnir, Kərim nahaqdan qurban gedir. Aradan bir gün keçmiş hörmətli bir ağbirçək ailənin qapısını döyərək evə daxil olur və söyləyir ki, həmin gün sübh tezdən mən eşiyə çıxanda sizin ala inəyin güllü bir tumanı ağzında çeynədiyini gördüm. İnanmırsınız, gətirin o inəyi kəsin. Elə də edirlər və inəyi kəsəndə çeynənmiş tuman inəyin qarnından çıxır. El-oba qatili daşqalaq edir. Qatil qaynata çox keçməmiş xəcalət və peşmanlıqdan çərləyib ölür. Bu, həmin qaynatanın qəbridir.

 Bəli, “bir işi görməmişdən əvvəl yüz ölç, bir biç, nahaq qan yerdə qalmaz deyiblər”. Bu da Nabat ananın öz oğluna, ümumiyyətlə isə yazıçının oxuculara verdiyi daha bir tövsiyədir.

Povest boyu kitabsevərlik, ümumən maarifçiliklə bağlı da müəllifin fikirləri geniş yer almışdır. Anasının təşviqi ilə Qiyam hələ kiçik yaşlarından kitaba, elmə meyllidir. Kənd kitabxanaçısından başlamış, institut kitabxanaçısına qədər hamı Qiyamın bu həvəsini təqdir edir. Lakin yetkin zəkaya sahib olmadan vaxtından əvvəl dərin fəlsəfi məzmunlu əsərlərlə tanış olmaq istəyən Qiyamı ali məktəbdə kitabxanaçı qız çox düzgün bir istiqamətə yönəldir. Ona belə bir məsləhət verir ki, dünyanı dərk etmək üçün əvvəl nağıllardan başlamaq lazımdır, nağıllarımızda çox şey var, yalnız bundan sonra Sokrata, Şekspirə keçmək olar...

Əsər boyu yazıçının oxucuya təlqin etdiyi əxlaqi keyfiyyətlərə duz-çörəyə sədaqətli olmaq, ona naxələf çıxmamaq, xeyirxah olmaq, minnətsiz yaşamaq və s. də aid etmək olar. Meşədən şəllənib gətirdiyi odunun əvəzinə ona arabir çörək göndərən Nabat anaya meşəbəyi bir gün sürpriz edir. Odun dolu arabanı həyətə boşaltdıraraq deyir:

- Bir-iki ay oduna getmə, dincini al. Evdə səhər-səhər sənin çörəyini ikiyə bölürəm, Nabat ana, meşənin iyi gəlir. Gedirəm meşəni gəzirəm, hansı ağacın altından keçirəmsə, görürəm onlardan da sənin bişirdiyin çörəyin ətri gəlir. Məni bu qapıya çörək gətirdi.

Bu qədər ağır minnətin altından çıxmaq üçün xeyirxah və dostluğa sədaqətli ana nə etsə yaxşıdır? Öz  şələ bacıları”nı çağıraraq onların da əziyyətini yüngülləşdirmək üçün hərəsinə bir əl arabası odun bağışladı. Buna qədər isə sanki bir araba odunu ananın kürəyinə şələləmişdilər, o da açıb boşalda bilmirdi. Bundan sonra isə “Anam yüngülləşdi, eyni açıldı, deyib-güldü”.

Başqa bir epizoddan isə məlum olur ki, Nabat ana min bir əziyyətlə böyütdüyü yeganə oğlunu gələcəkdə çətin duruma, xərcə salmamaq üçün öz kəfənliyini, ehsanlığını da əvvəlcədən tədarük edibmiş. Ögey qızı Səriyyənin ər evinə köçdüyü gün öz gəlinlik zinətlərini bir an belə qızırqanmadan saxlancından çıxarıb ona bağışlaması və ömürboyu bunu oğluna söyləməməsi də Nabat ananın nə qədər geniş qəlbə və mərhəmət duyğusuna sahib olduğunu bir daha açıqlayır. Özü məhrumiyyət içində boğulsa da, alicənablıq hissi onu bir an belə tərk etmir. Povest çox tərbiyəvi, rəmzi bir sonluqla bitir. Belə ki, sevimli müəllimi ilə küçədə rastlaşan baş obraz onun arxasınca baxaraq fikrə dalır və birdən xəyalən onun yanında öz anasını - Nabat xalanı, sonra isə hərbi xidmətdə komandiri olmuş mayoru görür. Müəllif bu anı belə ümumiləşdirir: “Üçü də qəlbində, ruhunda, qanında nə var idisə, mənə verib gedirdilər. Sanki borclarını verib gedirdilər. Qalan mən idim - borclu qalan!”

Müəllif bu üç şəxsin timsalında müqəddəs bir üçlük yaratmışdır; ana bizi vətənə bəxş edən, müəllim vətəni sevməyi və onda yaşamağı, hərbçi isə onu qorumağı öyrədəndir. Bizim isə borcumuz onların bizə verdiklərini qorumaq, yaşatmaq və irsən ötürməkdir.

Əsəri oxuduqca Nabat ananın bir ana və insan kimi böyüklüyü, nəcibliyi qarşısında heyrətdə qalırsan.  Öz anasının şəxsində ümumiləşmiş bir ana obrazı yaratdığına görə isə əsərin müəllifi Nəriman Həsənzadənin payına isə sonsuz oxucu minnətdarlığı düşür. Onu da düşünürük ki, bu əsərdən hələ çox nəsillər faydalanacaq, tərbiyələnəcəkdir.

 

Ülviyyə BƏŞİRLİ

ADPU-nun “Ümumi pedaqogika” kafedrasının doktorantı

 

525-ci qəzet.- 2019.- 19 yanvar.- S.18.