Qələmsiz yazılanlar   

 

 

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə, bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm. Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq.

10 ildir, feysbukdayam. Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam! Axı, dövr, zaman dəyişir və min illik ədəbi məhsulları barmaq boyda “yaddaş”a yerləşdirib özünlə daşıya bilərsənsə...

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən də qaçhaqac həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur. Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır....

Günün birində aglıma gəldi ki, bəlkə, bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə, ilki mən edim?! - deyə düşündüm. Beləcə, bu ideyanın gerçəkləşməsinə doğru ikinci addımı atdım! Müxtəlif illərdəki statuslardan bir qismini “525”in oxucuları üçün seçdim.

2019

Qorxulu yuxudan diksinib ayılırsan... Gerçək olmadığına, yuxu gördüyünə əmin olursan! Xofu getdikcə azalır, özünə gəlirsən... Amma o qorxunun uzun müddət bədəninin ən müxtəlif hissələrində ilişib qalan caynaqlarını hiss edirsən!

Bəzən gerçək həyatda da qorxulu yuxu kimi hadisələr, adamlar olur.

***

“Niyyətin hara - mənzilin ora!” Bu atalar sözü elə tez-tez işlətdiyim “insan bir şeyi dəlicəsinə istəyirsə mütləq ona çatır” anlamına gəlir! Amma çox yerə yozmaq, fərqli izahlar da vermək olar! Atalar sözləri və məsəlləri ən dərin statuslardır! Sosial şəbəkə o zamanlar olmasa da...

2018

Bir azdan Yeni il başlayacaq! Yenə günlər axıb gedəcək, həftələr çox sürətlə aya çevriləcək, aylar bir-birinə calanıb il olacaq! Zamanın bu sürəti insana öz hisslərini, duyğularını doyunca dadmağa imkan vermir. Nə sevinci, nə kədəri...

XXI yüzilin insanı XIX əsrin adamının 70 illik həyatında aldığı qədər informasiyanı bəlkə bircə həftədə alır! Bu hesabla götürsək, deməli, XIX əsrin insanına nisbətdə biz hər ay 280 il yaşayırıq! Bunu həzm etmək çox ağırdı!

Həm də, bilmək olmaz, XIX əsrin 70 ilini elə 70 il kimi yaşayan adamı daha xoşbəxt idi, yoxsa biz, yəni bugünün hər cəhətdən qaçhaqaçdakı insanları!

***

Deyir, ilk təbrik etdiyin adam ən çox arzuladığındı!

***

İndi qələm dəbdən düşüb! Durna lələyiylə yazan da yoxdur! Universitetlərin birində dedilər ki, 700-ə yaxın bal toplayan tələbə qələmlə ərizə yaza bilməyib!!! “Kompüter var ikən qələm nəyə lazımdı?!” - deyib!!! Mən də düşündüm ki, status, sms və mesajları toplayıb “Qələmsiz yazılanlar” adlı kitab çap etdirim!

***

Köhnə dostlar da tanış filmlər kimidir! Hər səhnəsini əzbər bilirsən! Bəzən görmədiyin filmə baxmaqdan qaçırsan! Məclisdə tanımadığın adamlarla oturmuşcasına...

***

Zamanın fatehi Mark Eliot Zükerberqdir! Əgər bu çətin soyadlı 34 yaşlı gənc müxtəlif ölkələrdə fərqli dillərdə danışan yüz milyonlarla insanı qurduğu oyunda sevinə-sevinə oynamağa vadar edirsə, öz intellektual icadıyla milyonların başını qata, həyatını “mənalandıra” bilirsə, Dövrün sahibi, idarəçisi və yönləndirəni O - dur!

***

Təbiət insanların xarakterinə də çökür! Gündə 5 hala düşən Bakı havası sakinlərin ovqatına da yansıyır: küləkli - aqressiv, sakit mehli - mülayim, sisli - anlaşılmaz...

***

Gözü doymamaq... - yaxşı xasiyyətdi, müsbət keyfiyyətdi, yoxsa pis?!. Dünyadan, yaşamaqdan, öyrənməkdən... gözü doymamaqda müsbət çalarlar var, var-dövlətdən, sərvətdən... gözü doymamaqda mənfi!

Hardakı gözü doymamaq mənəvi, ruhi məqamlarla bağlıdır - rəğbət yaradır! Hardakı maddiyata bağlanır, acgözlük və hərislik yükü çoxalır - ikrah doğurur!!!

***

Mükəmməl heç nə yoxdu! Hardasa bir qaçan ilmə var...

***

Dünya maraqlardan və mənafelərdən ibarət olub! Ruh yoxa çıxıb! Arzular maddiləşib!

***

Hamının sevimlisi olmaq mümkünsüzdü! Özünüzü çox da yormayın!

***

Hər kəsin yaşadığı həyat - arzuladığı həyatdı!!! Bu məşhur fikri ha çözələyib yalana çıxarmaq istəyirsən, sonda görürsən ki, həqiqət tərəfi ağır gəlir!

***

“Səni deyirlər” mahnısının belə həmrəylik qazanmasını cənublu gənclərin qadağalara meydan oxumasıyla izah edənlərlə razıyam! Oynaq mahnı olsa da, ifaçının səsində qüssə, kədər adamın iliyinə işləyir! “Urmu gölünü qurutdular” sözlərindən də etiraz, üsyan püskürür! Cənubda və Şimaldakı reaksiyalar - həmrəylik isə qürur və ümid yaradır! Bir mahnıyla, musiqiylə tarixin dəyişdirilməsi nümunələri çoxdur!!!

***

Səhər tezdən selləmə yağışın yuyub təmizlədiyi yamyaşıl ağaclara, tərtəmiz havaya qıyıb mineral sudan sonra, arzulasan da, siqaret çəkməyə ürəyin gəlmir! Bir də görürsən, qarşıdan keçən ortayaşlı, baxımlı xanım bir yekə qüllablıq tüstüylə budaqları, yarpaqları “xoşbəxt” elədi! O tərəfdə də başqası ləzzətlə siqaretini yandırdı! :) ... Dəstək və həmrəylik həmişə sevindirir!

***

Ədəbiyyat həyatımızın bir hissəsidirmi?! Beyninin qarışıq vaxtı birdən özünü tanış bir məkanda hiss edirsən! Agaclar da, qoxu da sirli aurasıyla yadındadı! Özünü də görürsən, hadisəni də xatırlayırsan!.. Birdən yadına düşür ki, bu, sənin ömründən deyil, hansısa bədii əsərdən - Pamukunmu, Şəfəqinmi, Barnısınmı... romanından yaddaşına və ruhuna hopan, beynində gizlənən parçadı! Onda ədəbiyyatın həyatımızın bir hissəsinə çevrildiyinə yenidən əmin olursan!..

***

Livaneli son illər ən çox ürəyimə yatan, mənə yaxın yazıçıdır! Esselərdən ibarət “Orta Zəkalılar Cənnəti”ni isə bir ildi zövqlə, az-az, bitməsini istəmədən oxuyuram!

***

Sizin sevgiliniz bilirsiz kimdir?!

Hər səsindən həyəcanlandığınız, barmaqlarınızın ucuyla bütün günü cizgilərini sığalladığınız, gözlərinizi üzündən çəkmədiyiniz... Ayfonlar!

2017

Hərə öz içinin xıltını tökməyə bir girəvə - fürsət axtarır!

***

Klassiklər həmişə aktualdır! Sosial şəbəkə istifadəçilərinin lağlağı və itoynadanlığı Haqverdiyevin hekayəsini yada saldı! Deməli, adamı dəli eləmək və bundan zövq almaq, məzə tutmaq bu xalqın çoxdankı şakəriymiş! “Uca dağ başındakı şəhərin” aqibəti də ki məlum!!!

***

Fateh Sultan Məhəmməd Trabzonu 1461-ci ildə fəth edib. Sultan Yavuz Səlim 22 il burda vali olub. Qanuni Sultan Süleyman burda doğulub.

Trabzondakı Krallıqla qohumluğu olan Ağqoyunlu hökmdarı Uzun Həsən anası Sara Xatunu fəthin qarşısını almaqdan ötrü Sultan Məhəmmədə elçi göndərir. Fatehin ordusunun uca, keçilməz dağlardakı çətinliyini bilən Sara xatun deyir: “Ey ogul, Trabzon üçün bunca zəhmətləri çəkməyə dəyərmi?” Fateh cavabında: “Bu tərəflərə gəlməkdə məqsədimiz təkcə qala fəth etmək və sərvət qazanmaq deyil! Buraları müsəlmanlara Vətən yapmaq üçün gəldik! Bu yolda nə əziyyət varsa, çəkməyə hazırıq!” - söyləyir!

***

Tehranda Azərbaycan himni ikiqat məna kəsb edir və təsirləndirir!!!

2016

“Qarabağ” sevindirir və qısa müddətə də olsa məğlub kompleksini unutdurur!

***

Sürətli zaman, hədsiz xəbər bolluğu, yeniliklər hər şeyi asanlıqla unutdurur - sevinci də, kədəri də, ən sensasiyalı xəbəri də...

***

Ədəbiyyat adamlarını bu sual həmişə düşündürür. Doğrudanmı ədəbiyyat xoşbəxtlikdir, ya bəlkə, əksinə? Bu suala ömür boyu cavab axtarmışıq.

***

Ağdamda əsgər meyitlərinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak edən vəzifəli şəxs danışır ki, bizim tərəf şəhidlərimizin nəşini xüsusi mərasimlə, böyuk qürurla, ruh yuksəkliyiylə təhvil alırdı. Erməni tərəf isə iki-üç əsgərlə meyitlərini az qala sürüyə-sürüyə, candərdi götürürdülər! Təkcə bu mənzərə tərəflərin ovqatına aydın nümunədir! Biz haqlı tərəfik, torpağımız uğrunda şəhid oluruq! Ruh xalqımızın canındadı və heç zaman sönməyəcək! Ordumuzun zərbələrindən son 20 ildə ilk dəfə sarsıntı keçirən ermənilər isə sındılar. Torpaqlarımızda rahat yaşayacaqlarından arxayınlıq yoxa çıxdı, ordumuzun gücün gördülər, qorxu, təlaş, məyusluq hakim kəsildi. Ən əsası isə özlərinə “nəyin uğrunda vuruşuruq?” sualını verdilər. Elə meyitlərini sürüdükləri tək məyus, peşman, məğlub şəkildə də bir gün torpaqlarımızı tərk edəcəklər!

2015

Külək azalan kimi agcaqanadlar peyda olur!

***

Heyf o rəngarəng burunlardan...

2013

Adamın diriykən Ruhu yoxdusa, öləndən sonra necə yarana bilər?

***

Tarixin heç bir dönəmində bu qədər çox yazmayıblar! İndi hamı - siyasətçidən məktəbliyə qədər dayanmadan hər şey - sms, status, şərh, köşə, şeir, hekayə, roman... yazır. Bəs niyə oxumağa bir şey tapılmır?

2009

Bu feysbuk tutqusuna məni İlhamə Qasımlı cəlb etdi. Bilmirəm, bu yaxşımı, pismi? Sizlər nə tapdız burda?

 

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 19 yanvar.- S.15