Xalq yazıçısı
Anarın essesi Pərvinin təqdimatında
Ölkə
prezidentinin Sərəncamı ilə 2019-cu il
“Nəsimi İli” elan olundu. Şübhəsiz
ki, bu qərar şairin 650 illik yubileyi ilə
bağlıdı. Amma eyni zamanda, dövlətin sənətə
münasibətinin daha bir nümunəsi, ədəbiyyatın
təbliği üçün növbəti ciddi fürsətdi.
Bir il ərzində Nəsimi haqqında
araşdırmaların aparılması, silsilə məqalələrin
yazılması, şairə həsr olunmuş müsabiqələrin
keçirilməsi, tədbirlərin təşkili və
üstəgəl, mətbuatda bütün bunların ətraflı
işıqlandırılması sözün təntənəsi
olacaq. Artıq ədəbiyyatla bağlı rəsmi
qurumlar, ayrı-ayrı söz-sənət adamları, alimlər
bu hadisənin üstünlüyünü vurğulayan
açıqlamalarla, məqalələrlə
çıxış edirlər.
Nəsimi ayrıca bir təriqətə mənsub olsa da,
bəlli dövrdə yazıb-yaratsa da, zamanın
fövqündə duran şairdir. Amma bununla belə,
zamanın necə, hansı istiqamətdə dəyişməsi,
mühit və rejim klassiklərin də
yaradıcılığına, daha doğrusu, o əsərlərin
hansı kontekstdə, necə qavranmasına təsir edir.
Sovet dövrünün seçimləri, “kontekstləri”,
“müstəviləri” aydın idi, əlbəttə... Nəsiminin
Allaha münasibəti və bunun ateizm “müstəvisində”
yozulması, “din xadimlərinin ikiüzlülüyü”,
xalqın sənətkara münasibəti və s. Elə
sonralar da dərsliklərimizin bir çoxu Sovet çərçivələrindən
az, terminologiya, üslub baxımından isə təəssüf
ki, lap az uzaqlaşa bilib. Həm də buna
görə bu ilin Nəsimiyə həsr olunması şairə
yenidən, təzə gözlə, müstəqil ovqatda, azad
düşüncə ilə baxmaq imkanıdır.
Bu günlərdə Xalq yazıçısı
Anarın “Söz dünyası” kitabı işıq
üzü gördü. Bu, beşcildlik silsilənin ilk cildidir və
bundan başlayaraq növbəti kitablara da
yazıçının “LİK Azerbajdana” üçcildliyindəki
esselər daxil olacaq. “Söz dünyası”ndakı esselərdən
biri İmadəddin Nəsimiyə həsr olunub, “Şairin
hünəri” adlanır. 1976-cı ildə
yazılan esse Nəsimiyə tamam yeni baxışdır.
Yazılma tarixi və “yeni baxış” ifadəsi
daban-dabana ziddir, əlbəttə. Amma məsələ
burasındadır ki, Anar həqiqətən hələ o
dövrdə Nəsimini ayrı cür görməyə,
yozmağa, anlamağa və anlatmağa
çalışıb. Məndən
ötrü essenin maraqlı və üstün tərəfi Nəsiminin
həyatının, yaradıcılığının həm
dünya ədəbiyyatı kontekstində, həm şairin
müasirləri ilə müqayisədə, həm də
tarixin içində və fövqündə təhlil
olunmasıdır. Nəsimi sələflərindən
nə götürmüşdü və xələflərinə
nəyi ötürə bilmişdi?! Tarix,
zaman, zəmanə onun yazdıqlarına və şəxsi
xarakterinə necə təsir etmişdi?! Bütün
bunlar son dərəcə düşündürücü məsələlərdir
və qoyduğum suallara “Şairin hünəri” cavab verir.
Bir vaxt
yazıçı İsmayıl Şıxlı Anarın “Dədə
Qorqud dünyası” essesi haqqında yazısında “Anarın
bir yazıçı kimi yaxşı cəhətlərindən
biri də budur ki, qələmə almaq istədiyi mövzunu
mükəmməl araşdırır, tədqiqatçı
kimi araşdırmalarla məşğul olur və onu
bütöv qavradıqdan sonra yazıya başlayır...” -
söyləmişdi. “Şairin hünəri”
essesini oxuyanda da yazıçının Nəsiminin
dövrünü, həyatını, ideyalarını, mənsub
olduğu təriqəti, özündən əvvəlki və
sonrakı nəsillərlə, cərəyanlarla
bağlılığını, şeirlərinin başqa sənət
növləri ilə əlaqəsini ətraflı
araşdırdığının və dərin təhlil
etdiyinin şahidi oluruq. Müəllif bir yandan “hünər”
sözünün sənətkar üçün nə demək
olduğunu izah etməkdən ötrü dünya
yazıçılarından, şairlərindən, məsələn
Puşkinin, Lermontovun, Nazım Hikmətin taleyindən
danışıb nümunələr gətirir, o biri tərəfdən
də Sarı Aşığın “Nəsimi tək bu aşiq
yolunda soyulandı” bayatısını da unutmur və
bütün bunlar yazının ümumi ideyasına xidmət
edir... Eyni zamanda, Anarın sənətkarlarla
bağlı bütün yazdıqlarının bir ümumi məziyyəti
bu essenin başlıca xüsusiyyəti,
üstünlüyüdür. Anar haqqında yazdığı
adamları plakat kimi təhlil, tərif, təsvir
etmir heç zaman. Bu yazıda da Nəsimini sadəcə
böyük şair kimi yox, dərviş kimi, sufi
kimi yox, həm də tarixi şəxsiyyət kimi, sadə bir
adam kimi, kişi kimi izah edir, yozur... “Şairin
hünəri” essesinin qəhrəmanı real adamdı, siyasətin,
tarixin, sadə insani münasibətlərin içərisindədi.
Və indi XXI əsrdə bu yazını oxuyanda
buna nə qədər ehtiyac olduğunu bir daha
anlayırıq. Axı, şair məktəb dərsliklərimizdə
də, elə haqqında çəkilən məşhur filmdə
də bizlərə dərviş kimi, dünyadan xəbəri
olmayan Məcnun kimi, yaxud çarmıxa çəkilmiş
peyğəmbər kimi təqdim olunub və bu təqdimat əslində,
onun əsərlərinin də, taleyinin də dərinliyinə
getməkdən çəkindirib çoxunu. Çünki
“İlahi məxluq toxunulmazdır və onu təhlil (təftiş!)
etmək, araşdırmaq olmaz”
düşüncəsi hələ də hakimdir. Hələ üstəgəl, Nəsiminin şeirlərinin
ancaq mənsub olduğu təriqət çərçivəsində
yozulması da başqa bir problemdi. Xatırlayıram ki,
bir neçə il əvvəl “Yüz
gözəl sevgi şeiri” layihəsi çərçivəsində
Nəsiminin “Neylərəm” şeirini qadına
yazılmış kimi təhlil edəndə şairin biliciləri,
tədqiqatçıları irad tutmuşdular, “Mən sənin
bimarınam, özgə dəvanı neylərəm?!”
misrasının qadına aidiyyatı yoxdur - deyirdilər. Bu fikrin dəqiqliyinə şübhə etmirəm və
illərdir ki, bu cərəyanı araşdıran alimlərin
təhlillərinə heç bir sözüm yoxdur. Sadəcə
subyektiv fikrim budur ki, bir insanı sevməyən, onun
bimarına çevrilməyən, bir insanı dərdlərinə
dərman bilməyən, ondan ötrü dünyadan üz
döndərməyə hazır olmayan və bütün bu
sadaladıqlarımı bütöv halda bacarmayan adam heç zaman Allahını sevə, ona aid
ola, hələ üstəlik, İlahi şeirlər yaza bilməz...
Bütün sevgilərin kökü insandı,
çünki dünyanın başlanğıcı
insandı. Sadəcə hansı insan, onu biz
özümüz, ya da tale seçir! Bu mənada
“Şairin hünəri” essesinin daha bir üstünlüyü
burda Kişinin - Nəsiminin və Qadının - vəsf
etdiyi sevgilinin görünməsi, duyulmasıdır.
Axı, doğrudan da Nəsiminin şagirdini xilas eləmək
üçün qabağa çıxması, ölümdən
qorxmaması, dərisi soyulsa da, sözünü deməsi,
“Ağrımaz” - deməsi təkcə onun dərvişliyinin,
sufiliyinin, hürufiliyinin yox, yaradılmış mifinin yox, həm
də Kişiliyinin ifadəsidir. Anar bütün bunları
real tarixi hadisələrlə bağlayaraq oxucunu
inandırır və qarşısına qoyduğu ideyanı
hərtərəfli göstərir...
Beləliklə,
Nəsimi ilinin başlanğıcında Anarın “Şairin
hünəri” essesini “525-ci qəzet”in oxucularına təqdim
edirəm və xüsusi vurğulamaq istəyirəm ki, bu
gün də aktuallığını itirməyən,
köhnəlməyən bu məqaləni Sovet dövründə
yazmaq Anarın hünəri idi.
PƏRVİN
525-ci qəzet.- 2019.- 19 yanvar.- S.10.