Yük

 

  esse

 

 

Qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxıb relsin üzərinə düşdü. Bu idi başına gəldi, lənət olsun! Döndü baxdı, götürmək istədi, olmadı, qatar artıq fit verib yola düşmüşdü. Yanındakılar maraqla gözlərini fanar edib ona zilləndilər: indi görəsən, Oskar Uayld, bu boyda yazıçı, “Dorian Greyin müəllifi nə edəcək? Ayaqqabısız qalıb axı, bu vəziyyətdən necə çıxacaq, kimə əsəbiləşəcək, kimi söyəcək?

Oskar isə ilkin təlaşdan sonra toxtayıb, dərhal ayaqqabısının o biri tayını da çıxardı. Var gücünü toplayıb bunu da əvvəlki tayının ardınca tulladı. Sonra da dərindən bir köks ötürüb əlinin tozunu çırpdı, elə rahatladı ki... Aman Allah, bu nəydi?

Hamı dönüb bir-birinə baxdı. Belə də şey olar? Nəhayət, şahidlərdən biri dözə bilməyib dilləndi: “Cənab, belə niyə? Axı...”

Gülümsəyən Oskar pırpızbaş kişinin sözünü ağzında qoydu: “Tək tay ayaqqabı mənim nəyimə lazımdı ki, həmsəfər? Qoy bir tayını tapan, o birini də tapıb rahat geyinsin - nə o yarımçıq qalsın, nə mən”.

Mən də son günlər təqribən belə bir qənaətə gəlmişəm: sən demə, yayı ona görə çox sevirmişəm ki, yayda üzərimizdə ağır-ağır paltarlar daşımağa məcbur deyilik. Bir dənə futbolkadı, bir kətan şalvar, vəssəlam! Sən demə, mən yayı ona görə çox sevirmişəm ki, yayda evə də ehtiyac minimuma enir; gecə saat birə, ikiyə kimi gəzir dolanırsan, evə yalnız yatandan yatana girirsən, bəzən heç yatanda da ev lazım olmur: az olmayıb armud ağacının altında miçətkən qurub yatdığımız - kənddə, həyətdə, yayda...

Beləliklə, yayda sənə nə pal-paltar, nə ev-eşik, nə də başqa şeylər psixoloji təzyiq eləyə bilir: “biz olmasaq neyniyərsən?” Üstəlik, Günəşlə aranda heç bir maneənin olmaması necə də gözəldir.

Maneə demişkən, həyatda özümüzçün qurub-yaratdığımız çox şey elə əslində, təbiət və təbiiliklə aramızda maneələr deyilmi? Əvvəl qalın-qalın divarları olan qala kimi evlər tikib təbiətdən ayrılırıq, sonra darıxır, xatirə olaraq evimizə təbiətdən parçalar - akvariumda dəniz, gül dibçəyində torpaq gətiririk. Torpağı qutulayıb ən gizli otağımızacan soxmağımığın təhtəl-şüuru budur - biz təbiət üçün darıxırıq.

Gözünüzü yumub xəyal edin: parğı kimi yumşaq torpağın üstündə ayaqyalın gəzmək qədər ləzzət verən ikinci bir şey varmı? Demək, biz təbiətlə təmasdan olmazın zövq alırıq. Çünki təbiətdə artıq şey yoxdur. Yayda isə artıq-urtuqlar minimuma eniryay bizim ibtidai-təbii halımıza daha yaxındır deyə daha çox sevilir.

O gün xəbərlərdə oxuyuram ki, bir cütlük velosipedlə Avropanı səyahətə çıxaraq 4 min 500 km məsafə qət edib. Əla! İş burasındadır ki, qayıdandan sonra evdəki əşyalar onlara həddindən artıq çox görünüb. Hətta təəccübləniblər də: Bunlar nəyə lazımdır, ilahi! Hiss eliyiblər ki, indiyə kimi saxladıqları əşyaların çoxu gərəksizmiş, artıq yükmüş, əlavə xərcmiş - yəni onlarsız da yaşamaq olarmış. Ardınca neyləsələr yaxşıdır? Evlərindəki əşyaların bir çoxunu götürüb ehtiyacı olanlara paylayıblar. Yüngülləşiblər, sadələşiblər, durulublar. Görürsüzbir səfər necə dəyişə bilər adamın düşüncələrini! Yəqin Nəsimi buna görə “dünya duracaq yer deyil, ey can, səfər eylə!” - deyirdi.

Bilirsiniz həyatımızda nə qədər artıq şeylər daşıyırıq? Məhbəsə bənzər komplekslər, artıq məsuliyyətlər, mənasız standartlars. Bizi yoran, çox vaxt, həyat deyil, bax, o artıqlardı, artıqlar!

Hələ görün ustad (M.Mütəhhəri) nə deyirdi: biz dua edəndə adətən “ilahi, bizə ver!” deyirik, heç vaxtilahi, bizdən al!” deyə dua etmirik. Halbuki ikinci duaya daha çox möhtacıq. İnanın, bəzi artıq şeylər bizdən alınmalıdı, onlar alınmayınca bizə yeni heç nə verilməyəcək. İlahi, onu məndən al, qopar, kəs, ayır... - deyirsən və bütün bu artıq-urtuqları ya qatardan tullayır, ya da soyunub qoyursan yerə, olursan quşşş kimi azad. Beləliklə, nə qalmaq çətin olur, nə getmək... və zümzümə edirsən uzaqdan görünən bir doğma mahnıdakı kimi:

Giderim buralardan bir pantalon, bir jeket...

 

İlqar KAMİL

 

525-ci qəzet.- 2019.- 19 yanvar.- S.19.