"Mən səni sevdim
ki..."
Sən fikir eləmə, gözəldi həyat,
Nə qədər mən sağam fikir eləmə...
Bu gün yanındayam, sabah hardasa,
Demə
mən uzağam, fikir eləmə...
Xalq şairi
Nəriman Həsənzadə
öz sevgi şeirlərinin bir qisminin toplandığı
"Fikir eləmə"
kitabı ilə
("Mütərcim", 2018) oxucularla yenidən görüşür.
Azərbaycan poeziyasında elə bir şair tapmaq
olmaz ki, sevgidən, məhəbbətdən
yazmasın, öz könül duyğularını,
"ilk və son məhəbbətini"
izhar eləməsin. Nəriman Həsənzadə
bu mənada nə birincidir, nə də axırıncı. Amma
çox az
şair tapmaq olar ki, son 50 ildə N.Həsənzadə
kimi sevgini bu qədər ehtirasla, hisslərin, duyğuların coşqunluğuyla
tərənnüm eləsin.
Mənə üfüq boyda
geniş səmanı,
Göydə buludları, yerdə
dumanı,
Dənizdə dalğanı sən
bağışladın,
Bu hüsnü-mənanı sən bağışladın.
Uzanan yolların dümağ sətrini,
Dünyanın ən gözəl
çəmən ətrini,
Qumlu sahillərdə sən bağışladın,
O zərif əllərdə
sən bağışladın.
Azərbaycan poeziyasında Məhəmməd
Füzuli bir eşq konsepsiyası yaradıb, lirik şeirlərində öz
aşiqlik istedadını
bəyan edib, dünyaya, kainata eşqin pəncərəsindən
boylanıb, eşqin fəlsəfəsini orta əsərlərin durğun,
mühafizəkar, insan
sevgisinə qadağa qoyan ideyalarına qarşı çıxıb. Füzuli poeziyasında
əsas qəhrəman
Aşiqdir. Dünyanın elə bir sevgi
şairini göstərin
ki, bu Aşiq
qədər əzabı
xoşbəxtlik saysın
("Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm alıb, Hər gələn qəmli gedər, şad gəlib yanimizə"), sevgi yolunda ölümü səadət hesab eləsin. Nəriman Həsənzadənin sevgi şeirlərində də sevən Aşiqin məcnunvari, füzülivari dəyanəti,
dözümü, bir eşqin yolunda çəkdiyi əzablar
(ancaq bunlara əzab demək olarmı?) öz əksini tapır.
Nəriman Həsənzadənin sevgi
şeirləri Zamana, Dünyaya söylənilən
lirik monoloqlardır, bu məqamda Füzulinin qəhrəmanı
birləşir. Amma fərq burasındadır
ki, Nəriman Həsənzadə sevgiyə
daha real, konkret yanaşır, bu sevginin şiddətindən
səmada ulduzlar çaxnaşıb eləmir,
fələklər yanmır
ahdan. Dövrün
Məcnunu - aşiq Nəriman Həsənzadə
klassik Məcnundan xeyli müasirdir. Klassik Məcnunun platonik eşqi müasir Aşiqdə sırf real, həyati detallarla əvəz olunur. Amma təbii ki, eşqin mahiyyəti, özəl xüsusiyyəti dəyişmir
- saf eşq, duyğulu eşq, insanı mənən zənginləşdirən eşq...
Səhər gələcəkdi dünyaya
yenə,
Qızıl şölələrlə öpüşəcəyəm.
Səhərki günəşlə, səhərki sənlə,
Səhərki dünyamla görüşəcəyəm.
Yenə
ordan-burdan danışacağıq,
Əvvəldən-axırdan danışacağıq.
Danış deyəcəksən, mən susacağam,
Danış deyəcəyəm, sən
susacaqsan.
Sənin
əllərindən mən
tutacağam
Mənim əllərimdən sən
tutacaqsan.
İki sevən insanın son dərəcə real, təbii
münasibətləri bu
səmimi, hər cüp patetikadan uzaq olan misralarda
əks olunub və deyim ki,
Nəriman Həsənzadənqin
təkcə sevgi şeirləri deyil, bütün yaradıcılığı
bü səmimiyyət
üstundə qurulub. Bəxtiyar Vahabzadə əbəs yerə deməyib ki, Nəriman Həsənzadə ürək
diliylə danışan
şairdir.
Onun nəzərində
Yer üzünün ən gözəl məxluqatı Sevgili-Qadındır. Və bu
şeirlərdə qadının
zahiri gözəlliyi deyil, daxili-mənəvi aləmi - onun vəfası, dəyanəti,
hisslərlə, duyğularla
zəngin dünyası
göz önündədir.
O, qadını Vətən
qədər müqəddəs
sanır:
Sənin
nəfəsiyin hərarətində
Elə bil günəşin od nəfəsi
var.
Həya
var, ismət var hərəkətində,-
Qədim bir millətin ənənəsi var.
Qoy yeri gəlmişkən deyim bu sözü,
Nə var yer üzündə anadan əziz?
Sənin
yasdığına baş
qoymaq özü
Cəmiyyət önündə borcdu, şübhəsiz.
Azərbaycan poeziyasında sevgi şeirlərinin əksəriyyəti
hicran motivləri üstündə köklənib. Ayrılıq,
yardan uzaq düşmək, həmişə
həsrətlə "qol-boyun
olmaq" - bu motiv hələ də şeirimizdə davam edir və
görünür, nə
qədər sevgi var, qəm də
olacaq, həsrət də, ayrılıq da. Nəriman Həsənzadə də bu ayrılıqdan
bezar deyil, amma ənənəvi motivə yeni çalarla aşılamaq
lazımdı. Özü də
gözəl təşbihlərlə,
metaforalarla. Sevginin həyəcanlı,
intizarlı anlarını
bəyan eləsin.
Ayrılığın, həsrətin
poeziyasını yaratmağa...
Gedirsən, darıxıram,
get, qayıt külək kimi.
Çiçəyim, bitmə gedib
çəməndə çiçək
kimi.
Kölgəni yerdə görüb
göydə uçan
durnalar, -
Səni
də durna bilib,
qatarına çağırar.
Gecələr ulduz olub,
göylərdə sayrışarsan.
Gündüzlər kəklik olub
quşlara qarışarsan.
Su pərisi olarsan,
görüb ayna suları;
Bənövşəyə oxşadar
səni tikan kolları.
Gedirsən, darıxıram,
Get qayıt, ancaq qayıt.
Quşların qanadında
quşlardan qabaq qayıt!
Bu şeiri son misrasına
qədər ona görə misal gətirdim ki, Nəriman Həsənzadənin
əksər şeirləri
hisslərin, duyğuların
bir süjet daxilində, bir lirik əhvalat çevrəsində təqdimi
ilə diqqəti cəlb edir. Onun əksər
şeirləri məhz
hisslərin dramı kimi yaddaşlara həkk olunur.
Çox zaman bir şairdən
söz açanda, yeri gəldi-gəlmədi
ona "filosof şair" epiteti də bağışlayırlar. Zənnimcə, Nəriman Həsənzadənin
belə bir epitetə ehtiyacı yoxdur. Fəlsəfi ahəng onun
şeirlərinin onsuz
da bir xüsusiyyətidir.
Məsələn, bu dünyanın
bir nərdivana bənzərliyi varmı?
Varmış:
Bu dünya nərdivandı,
-
qalxanda mehribandı,
enəndə nə yamandı...
Görüşdük pillələrdə,
yolun yarısında
biz.
Sən qalxırdın bu dəmdə,
Mən enirdim xəbərsiz.
Birimiz günçıxana,
Birimiz günbatana...
Nəriman Həsənzadənin sevgi şeirləri oxucuya eşqin, məhəbbətin ülviliyini, əbədiliyini nişan verir. İnsan sevirsə, deməli, o, yaşamağa, yaratmağa qadirdir, çünki sevgi onu təmiz saxlayır, mənən zənginləşdirir.
Nədir məhəbbət?
Məhəbbət -
Nə deyim bu ülvi ada,
Hamıya bir gözlə baxmayır o da.
birisinə göz yaşı verir.
Nəriman Həsənzadə bu göz yaşları arxasında qəmin yox, sevincin izinə düşür. Sevginin nağıllarını söyləyir. Amma bu nağılların sonunda göydən üç alma düşmür, çünki onun sevgi nağılları bitmir.
Onun şeirləri qoşmalıdır, hecalıdır - bəstəkarlar da, aşıqlar da bu şeirləri istəklərincə dindirirlər. Amma Nəriman müəllimin qoşmaları "qəlib" deyil, müasir qoşma texnikasının ən kamil nümunələridir.
Nəhayət, "Fikir eləmə"
sevgi kitabına görə, ürəyi də,
ruhu da cavan
qalan Nəriman müəllimə onu sevən bütün
oxucuların adından təşəkkür edirəm. Bu şeirlər də şairin
özü kimi
qocalmır, çünki əsl sevginin qocalmaq qorxusu yoxdur...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2019.- 22 yanvar.- S.7.