Cavad xanın xatirəsi onun adını daşıyan dağ
zirvəsində də yad edildi
Gəncədə yeni ilin ilk ayında
Vətən torpağının
azadlığı uğrunda
mübarizə salnaməmizin
ən örnək simvollarından birinə çevrilən cəsur Cavad xanın xatirəsini yad etmək ənənə halını alıb.
Bu dəfə həmin tarixdən düz 215 il keçdiyindən ziyalılar, eləcə də gənclərdən
ibarət bir qrup təşəbbüskar
Gəncədən cənub
istiqamətində 45 kilometr
məsafədə yerləşən
və xalq arasında "Cavad xan zirvəsi" kimi tanınan dağ nöqtəsinə
çıxmağı da
düşünüblər. Qəhrəman hökmdarın
şəhərin mərkəzi
hissəsindəki məqbərəsini
ziyarət etdikdən sonra qrup xüsusi
avtomobillərlə zirvəyə
ən yaxın olan məntəqəyə
yollanıb, oradan isə piyada qalxaraq, dəniz səviyyəsindən 2109 metr
yüksəklikdə yerləşən
"Cavad xan zirvəsi"ni bir daha "fəth edib".
Qrupun tərkibində Gəncənin
və respublikamızın
bir sıra tanınan isimləri, eləcə də "Cavad xan" Tarix və Mədəniyyət
Fondunun rəhbəri,
Gəncənin sonuncu feodal hökmdarının
kötücəsi, görkəmli
ictmai xadim İsmayıl xan Ziyadxanovun nəvəsi Valid Ziyadlı da olub.
"Çox qürurdoğurucu
haldır ki, xalqımız Cavad xan kimi qəhrəmanlıq
və əyilməzlik
nümunəsi olan şəxsiyyətlərə sayğı
ənənələrini nəsildən-nəsilə
keçirir. Bu gün
bu zirvədə şövqlə Azərbaycan
Bayrağını dalğalandıraraq,
himnimizi oxuyan gənclərin gözlərindəki
ifadələr bunu bir daha sübut
edir" - deyə, 81 yaşlı Valid Ziyadlı
bildirir.
Qrupun daha bir qocaman
üzvü, Cavad xanın xatirəsini onun adını daşıyan zirvədə
anmağı özünə
mənəvi borc bilən 80 yaşlı gəncəli professor Zaur Həsənov bu uca dağ nöqtəsində
gənclərə bir
daha qəhrəmanlıq
ənənələrimizi göz
bəbəyi kimi qorumağı tövsiyə edib.
"Babalarımızın qəhrəmanlığı, eləcə
də onların öz davranışlarında
daim milli və əxlaqi dəyərlərimiz yüksək
tutmasının xalqımıza
xas olan başlıca xüsusiyyət
olduğunu unutmamalıyıq"
- deyə, o bildirib.
Qorxmaz qəhrəmanın ekran obrazını yaramış
xalq artisti Nurəddin Mehdixanlının
da Cavad xan zirvəsidə ürəyi doludur:
"Azərbaycanın tarixində cəsarət və mərdlik simvolu olan Cavad
xanın taleyinin kino təcəssümündə
iştirak etməyimi ömrümün ən uca məqamlarından hesab edirəm. Bu zirvəyə qalxmaq arzumun gerçəkləşdiyi
üçün də
xoşbəxtəm" - deyə,
xalq artisti bildirib.
"Cavad xanın
taleyi ürəyi Vətən eşqi ilə yanan hər bir azərbaycanlının
qəlbindən keçən
müstəqillik simvollarından
biri olub. Məni də
bu taleyə həsr olunan əsərlər yazmağa
məhz bu ideallar səsləyib.
Xüsusən 1990-cı ilin
yanvarından sonra Gəncə teatrında tamaşaya qoyulan "Cavad xan" pyesinin sonunda səhnədəki hadisələrlə
həmin günlərin
faciələri arasında
paralellik duyan tamaşaçıların ayaq
üstə "Azərbaycana
azadlıq!" deyə
neçə dəqiqələrlə
davam edən alqışları hər
an qəlbimdədir" - bu
isə yazıçı
Nüşabə Əsəd
Məmmədovanın söylədikləridir.
Cavad xanın anım gününün yaddaqalan
anlarla keçirməyin
fəal təşəbbüskarlarından
biri, Moskvada yaşayan gəncəli hüquqşünas Müzadil
Həsənov bildirir ki, general P.Sisianovun başçılığı ilə çar qoşunlarının Gəncə
qalasını tutması
tarixi köhnə rus təqvimi ilə yanvarın 3-dən
4-nə keçən gecə
baş verib və indiki təqvilmlə bu, məhz ayın 15-nə düşür.
"Bu il Cavad xanın
şəhidliyinin bir növ əlamətdar rəqəmli ildönümü
olduğunu nəzərə
alaraq, məhz həmin gün onun adını daşıyan zirvəyə
qalxmaq qərarına gəldik, burada onun illər öncə dikəltdiyimiz
metal barelyefi və xatirə daşı üzərinə güllər
qoyduq" deyə, M.Həsənov bildirir.
Cavad xanın xatirə tədbirlərindən sonra
"Cavad xan" Tarix və Mədəniyyət
Fondunun rəhbəri
Valid Ziyadlı və Fondunun üzvləri Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı Niyazi
Bayramovun qəbulunda olublar.
Görüşdə qeyd olunub ki,
Azərbaycan xalqının
igidlik və mərdlik rəmz olan Cavad xanın
xatirəsinin əziz tutulması, bu ada hörmətlə yanaşılması böyük
əhəmiyyət kəsb
edir. Qonaqlar bu ilin 4 yanvar tarixində Cavad xanın anım mərasiminin yüksək səviyyədə
təşkili üçün
Gəncə Şəhər
İcra Hakimiyyəti başçısı Niyazi
Bayramova öz minnətdarlıqlarını bildiriblər.
Günü-gündən dəyişən və gözəlləşən
Gəncənin öz tarixiliyini qoruyaraq daha da müasirləşəcəyinə
əminlik ifadə olunub.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Bir daha xatırladaq ki, 1786-cı ildən
1804-cü ilə qədər
Gəncəni idarə
edən Cavad xan Şahverdi xan oğlu Ziadoğlu-Qacar
rus imperiyasının
generalı Pavel Sisianovun başdan-ayağa
silahlanan ordusunun mühasirəsində bir aydan artıq qaldıqdan sonra Gəncəni işğalçılara
təslim etməmək
üçün qeyri-bərabər
döyüşdə oğlu
Hüseynqulu ilə birlikdə 215 il bundan qabaq həlak
olub. Ölümündən sonra Gəncənin
Şah Abbas Məscidinin yaxınlığındakı
ailə məzarlığında
dəfn edilmiş Cavad xanın cəsədinin qalıqları
1962-ci ildə bu ərazidə aparılan rekonstruksiya işləri zamanı çıxarılaraq,
şəhərin Səbzikar
qəbiristanlığına aparılıb və orada görkəmli ictimai xadim Əsgər
ağa Goraninin
(1857-1910) sərdabəsində saxlanılıb. Yalnız 1990-cı ilin mart ayının 27-də
xanın nəşi təntənəli surətdə
yenidən öz yerinə qaytarılıb və üzərində əvvəlcə mərmər
qəbirüstü abidə,
2005-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü
və maliyyəsi ilə türbə ucaldılıb.
Zakir MURADOV
Gəncə
525-ci qəzet.- 2019.- 22 yanvar.- S.2.