Taleyi xalqının qədəri ilə bir yazılmış "Səma şairi"

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HÜSEYN CAVİD İRSİNƏ BÖYÜK QAYĞISI DAHİ ŞAİRİN XATİRƏSİNƏ SONSUZ EHTİRAM NÜMUNƏSİDİR

Taleləri bənzər olan insanları bir-birinə bağlayan məqamlar çox olur. Və elə insanlar da var ki, onların taleyi öz xalqının qədəri ilə bir yazılıb. Onların simasında xalqın tarixini, xalqın simasında onların varlığını görməmək, duymamaq mümkün deyil.

Böyük mütəfəkkir, dahi Azərbaycan şairi Hüseyn Cavidlə bərabər sürgün həyatını yaşayan minlərlə azərbaycanlının ağrılı-acılı taleyi kimi. Acılar xatirəyə çevriləndə isə çiyinlərindəki dağın qalxdığını, dərdin azaldığını hiss edirsən. Ancaq nə yazıq ki, o zaman da itirilənləri geri qaytarmaq mümkün olmur... 

"Bu həyatı təsvir etmək sözlərə belə əzab verər"

Vətəndən sürgün edilməyin nə demək olduğunu bir cümlə ilə də anlatmaq olar, bir kitabla da. Bəzən anlatmağa gərək qalmaz, bu hissi yaşayanlar duyar səni. Bəzən isə dilinə gətirə bilmədiklərin boğazında düyünlənib qalar. O düyünlər açılanda isə təsvir etdiyin həyat sözlər üçün belə işgəncəyə çevrilər.

Atam Əliyev Zeynalabdin Kərbalayi Ələsgər oğlu 1937-ci ildə ailəsi ilə birlikdə doğma vətəni olan Zəngəzurun Comardlı kəndindən çox uzaqlara - Qazaxıstanın ilan mələyən çöllərinə sürgün edilir. Həm də onlarla yanaşı, minlərlə azərbaycanlı vaqonlara doldurulub sürgün olunur.

Qazaxıstana çatdıqdan sonra elə ilk aylardan başlayaraq, insanlar kütləvi şəkildə qırılır. Kimisi ilan-əqrəb sancmasından, kimisi ağır həyat şəraiti nəticəsində müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Bütün bunlar isə atamı dərindən kədərləndirir. O çətin vəziyyətdə elə bir adama ehtiyac var idi ki, həyatda qalmağın yolunu tapsın və hər kəsə yol göstərsin. Nəfəs almaq hələ yaşamaq demək deyil ki. Bu çətinliklərə və gərginliyə baxmayaraq, yaşamaq uğrunda mübarizə aparan insanların əksəriyyəti möhkəm iradə göstərərək həyatda qalmaq üçün mücadilə ediblər. Təbii ki, bu da onlar üçün yetərli deyildi, çünki bu sürgün məkanı vətəni qətiyyən əvəa edə bilməzdi.

 

Uzun illərin əzab-əziyyətindən sonra, 1956-cı ildə bəraət alaraq 1959-cu il avqust ayının axırında vətənə qayıdan yüzlərlə azərbaycanlının içində ailəlikcə biz də var idik. Amma anam, nənələrim və babalarım orada vəfat etdiyindən məzarları da o yerlərdə qalmışdı. Onda mən 7-ci sinifi yeni bitirmişdim.

Atamgillə vətəndən necə getmişdiksə, eləcə də qayıtdıq - vaqonlarda... Amma bu dəfə çox sevincliydik. Bu böyük "karvan"ı Bakı camaatı sevgi və qayğı ilə qarşıladı. Bizi Pirşağı sovxozunda yerləşdirdilər.

Bu, Azərbaycan üçün önəmli tarixi hadisə idi; ancaq digər böyük tarixi hadisə isə dahi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyevin bizlərlə görüşə gəlməsi oldu. Bu, onun sadəcə vəzifə borcu deyildi, həm də yüksək insani keyfiyyətindən irəli gəlirdi. Yadımdadır, akademik Həsən Əliyevlə birlikdə gəlmişdilər və hər vəchlə çalışırdılar ki, vətənə dönən bu əzabkeş insanların həyat şəraitini yaxşılaşdırsınlar. Nə qədər əmək qabiliyyəti olan cavanlar var idisə, hamısının işlə təmin olunmasına imkan yaradıldı. Xəstələr xəstəxanalara, məktəb yaşda olan uşaqlar isə məktəblərə yerləşdirildi. İnsanlar onlara verilən boş ərazidə özlərinə ev-eşik tikməyə, şərait qurmağa başladılar. Beləcə, Razin, yəni indiki Bakıxanov qəsəbəsində yeni küçə salındı. Bir sözlə, sürgündən qayıdan soydaşlarımıza bu iki böyük vətəndaşın, alovlu vətənpərvərin təşəbbüskarlığı ilə xüsusi diqqət və qayğı göstərildi. 

"929"dan Hüseyn Cavid küçəsinə keçid

1964-cü ilin bir günü atam işdən evə gələndə görür ki, küçənin girişinə "929-y proezd" yazılıb. Bu "nömrələmə" atama sürgün həyatını xatırladır. Ona görə də qərara gəlir ki, Razin (Bakıxanov) qəsəbə sovetliyinə gedərək məsələni aydınlaşdırsın. Sovetlikdə deyirlər ki, küçə bundan sonra belə adlandırılacaq. Təbii ki, atam bundan çox narahat olur və o zamankı DTK-ya - Heydər Əliyevin qəbuluna gedir. Çünki bu böyük şəxsiyyət hələ 1959-cu ildə atama deyibmiş ki, sürgündən vətənə qayıdanların nə problemi olsa, ona müraciət etsinlər. Qəbul zamanı atam küçəyə verilən adla bağlı narazılığını bildirir və deyir ki, biz sürgündə nömrələnərək "baraklarda" yaşamışıq. İndi isə vətəndəyik. Sizin köməyinizlə, məsləhətinizlə ev-eşik tikdik və sevindik ki, artıq doğma Azərbaycanda azadıq, öz respublikamızın vətəndaşıyıq. Küçənin adına hansısa azərbaycanlı alimin, qəhrəmanın, şairin adını verərlər, lakin bu küçəni nömrələyiblər. Mən orda yaşayan bütün sakinlərin bu məsələdən narazılığını bildirməyə gəlmişəm...

Bir neçə aydan sonra Heydər Əliyevin məsləhəti və sakinlərin razılığı ilə lazımi sənədlər toplandı, həm dahi sənətkarın xatirəsinə ehtiram, həm də repressiya qurbanı olan bütün soydaşlarımıza hörmət nişanəsi olaraq, küçəyə Azərbaycanın böyük şairi, repressiya qurbanı Hüseyn Cavidin adı verildi. H.Cavidin adının küçəyə verilməsinin rəsmiləşdirilməsində lazım olan sənədləri o zaman mən toplamışdım və bu mənim üçün həm məsuliyyətli tapşırıq, həm də ilk ictimai fəaliyyət idi. Qeyd edim ki, mənim ilk yazım da məhz dahi Hüseyn Cavidə həsr olunmuşdu. 

Hüseyn Cavidin ana torpağa qovuşması

 

Ulu öndər Heydər Əliyev sadəcə Bakıxanovda yerləşən küçəyə Hüseyn Cavidin adını verdirmədi, həm də Cavidin özünü doğma torpağına qovuşması, nəşinin Naxçıvana gətirilməsi üçün misilsiz işlərə imza atdı. O dövrdə, yəqin ki, Heydər Əliyevin özündən başqa kimsənin inanmadığı parlaq bir niyyət məhz onun polad iradəsi sayəsində gerçəkləşdi. Ölməz şairin nəşi uzaq, qərib, şaxtalı məkandan doğma yurduna gətirildi, vaxtilə yaşadığı, hazırda ev muzeyinə çevrilmiş binaya gətirildi və uzun ayrılıqdan sonra Cavid həmin gün evində "gecələdi". Sonra isə Naxçıvan Dram Teatrında vida görüşünün ardından, Cavid bağında torpağa tapşırıldı.

Böyük ədibin Naxçıvanda ucaldılan məqbərəsi

Azərbaycanın görkəmli memarı, Hüseyn Cavid məqbərəsinin müəllifi Rasim Əliyev "Xatirələr" kitabında H.Cavidin Naxçıvanda ucaldılan məqbərəsi barədə yazır: "1996-cı ilin əvvəli idi. Bir gün səhər məni Prezident Aparatına dəvət etdilər. Böyük Azərbaycan şairi Hüseyn Cavidin Naxçıvanda ucaldılması nəzərdə tutulan məqbərəsi müzakirə ediləcəkdi. Vaxtından əvvəl gəlmişdim deyə, Hüseyn Cavid məqbərəsinin müxtəlif memar və heykəltaraş qrupları tərəfindən hazırlanmış layihələrin təqdim olunduğu zala ötürdülər məni. Hələ heç kim yox idi. Hər bir işə diqqətlə baxandan sonra oturub gözləməyə başladım. Saat 10-a yaxın dəvətli qonaqlar, layihə müəllifləri gəlməyə başladılar. Bir qədər sonra isə Azərbaycan xalqının bütün dövrlər üçün böyük oğlu Heydər Əlirza oğlu Əliyev zala daxil oldu...

Deməliyəm ki, "Cavid mövzusu" mənim üçün doğma idi, çünki illər əvvəl heykəltəraş, Xalq rəssamı və akademik Ömər Eldarov, eləcə də Əməkdar incəsənət xadimi, memar Yusif Qədimovla birlikdə biz Hüseyn Cavidin Bakıda ucaldılan heykəl və park kompleksini bərabər işləmişdik.

Bilirsiniz ki, Heydər Əliyev hələ Sovet İttifaqının mövcud olduğu o dövrlərdə Hüseyn Cavidin nəşinin Sibirdən Bakıya, Naxçıvana gətirilməsinə və orda da yenidən doğma torpağa tapşırılmasına nail olmuşdu. Ancaq Heydər Əliyevin indiki düşüncəsi də belə idi ki, Naxçıvanda - Hüseyn Cavidin doğma yurdunda şairə məqbərəsi ucaldılmalı, ev muzeyi tikilməlidir. Heydər Əliyevin özü, onu müşayiət edən köməkçiləri, digər dövlət xadimləri ilə birgə bütün layihələrə bir-bir diqqətlə baxdı və mən hiss elədim ki, nəsə onun ürəyincə olmadı, layihələr lazımi səviyyədə deyildi".

Rasim Əliyev kitabda bunu da qeyd edir ki, həmin tədbirdən sonra Heydər Əliyevin qəbulunda olub. Və əgər o, razı olarsa, bu layihənin işlənib hazırlanmasını öz üzərinə götürmək istədiyini bildirib: "Çox məşğul olsa da, nəzərlərini qaldırıb qayğılı baxışları ilə üzümə baxdı və mənə ona yaxın oturmaq üçün yer göstərdi: ..."Əgər bacararsansa, bu layihə ilə sən məşğul ol, amma unutma ki, vaxt yoxdur, sənə üç gün möhlət verirəm"... "Üç gün azdı, çatdırmaram", - deyə etiraz eləmək istəsəm də, Heydər Əliyevin xasiyyətini, mənə işləmək üçün imkan verəcəyini bildiyimdən eləcə "yaxşı" dedim". Beləliklə, Hüseyn Cavid məqbərəsinin memarlığı Əcəmi Naxçıvani, Naxçıvan memarlıq ənənələri və bu ənənələrin müasir transkripsiyası əsasında quruldu.

 

1996-cı il oktyabrın 29-da H.Cavid məqbərəsinin təntənəli açılışı oldu. Mərasimdə Heydər Əliyev tarixi nitq söylədi, görkəmli Azərbaycan mütəfəkkirinin nəşinin Bakıya gətirilməsinin tarixçəsindən danışdı. Və bu hadisənin Azərbaycan xalqı, Azərbaycan tarixi üçün nə qədər vacib olduğunu, xalqın Cavid kimi övladlarını həmişə xatırlamağa borclu olduğunu söylədi..."

Ulu öndərin bu kəlamı da Cavid irsi haqqında böyük uzaqgörənliklə deyilmiş, dahiyanə fikirdir: "Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavid irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək".

Ali dəyərlər yaşadılır

Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin xatirəsinə bəslədiyi dərin sevgi və hörmət hissi ənənəyə çevrilmiş və bu əvəzolunmaz irsə dövlət qayğısını əbədiləşdirmişdir. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında 24 oktyabr 2017-ci il tarixli Sərəncamı şairin xatirəsinə dərin hörmət və ehtiramın bariz nümunəsidir. Sərəncamda deyilir: "Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşmışdır. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirmişdir".

Taleyi xalqının qədəri ilə bir yazılmış, öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaratmış, sələf və xələflərinə bənzəməyən Hüseyn Cavid qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir mütəfəkkir idi. Faciəli ömrün qəmli dastanını yazan şair H.Cavidin söykəndiyi həqiqətin bir mənası olub: xalqını azad, xoşbəxt, millətini birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb.

Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələri idi. Həyat və yaradıcılığı, əsərləri və ədəbi mövqeyi ədəbiyyatşünaslıqda, bədii estetik fikir tarixində, dərslik, metodik vəsait və məqalələrdə geniş tədqiq olunan, öyrənilən böyük şəxsiyyət Hüseyn Cavid XX əsr Azərbaycan və dünya romantizmin görkəmli nümayəndəsi və gözəlliyi, həqiqəti dərk etdirən, yaşamaqla yanaşı, yaşamağın sirlərini öyrədən dahilərlərlə bir sırada adıçəkilən, millətin tərəqqi və nicat yolunu sənəti və idrakı ilə dərk edən, bu əsasda aydın çıxış yolunu göstərməyə çalışan sənətkardır.

 

Taleyi onun üzünə gülmədiyi məqamda Cavid bu dünyanın əzablarından uca göylərə üz tutdu, sözün ən ülvi mənasında "Səma şairi" oldu.

Leyla GƏRAYZADƏ

Filologiya elmləri doktoru, BDU-nun professoru

525-ci qəzet.-2019.-23 yanvar.-S.6.