“Avrasiyaçılıq
ideyalarına Azərbaycandan baxış”
Müasir dünyada gedən proseslər o qədər mürəkkəb və çoxşaxəlidir ki, hər hansı bir ideologiyanın nə qədər uğurlu və real olacağı haqqında fikir yürütmək kifayət qədər çətindir.
Dövlətlərarası inteqrasiya, qloballaşma prosesi gücləndikcə
hansısa regional ideologiyaların,
dünya xəritəsində
müəyyən bir bölgənin birliyi üçün cəhdlərin
əhəmiyyəti də
azalır. Ancaq digər tərəfdən
də, dünyanın
siyasi səhnəsində
qütbləşmələrin, sövdələşmələrin hələ də səngimədiyi aydın
görünür. Xüsusilə XX əsrdə daha da sürətlənən
siyasi qübləşmə
bu gün də öz gücünü göstərməkdədir.
Siyasi birliklərdən
fərqli olaraq, xalqların vahid humanitar məkanda, etno-mədəni birliklərdə
daha sıx birləşməsi, öz
milli identikliklərini
qoruyub saxlamaqla bir-birinə sıx inteqrasiya olunması uğrunda mədəni, fəlsəfi, kulturoloji baxışlar, fikirlər
daim bədii və elmi ədəbiyyatda
ortaya çıxmış,
bu ideyaların təşəbbüskarları öz fikirlərini elmi nəzəriyyələrlə
ortaya qoymuşlar.
Bu gün dünyada,
bəlkə də, ən çox müzakirə olunan ideologiya - Avrasiya materikində mədəni,
humanitar birliyin bərqərar olmasını
hədəfləyən avrasiyaçılıq
ideologiyasıdır. Bu ideologiya türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsinini nəzərdə
tutur. Avrasiyaçılıq nəzəriyyəsini ideoloji konsepsiya olaraq XX əsrin əvvəllərində rus
filosofları irəli
sürüblər. Rus avrasiyaçı
alimlərin başlıca
tezisi Rusiyanın Qərbdən çox Asiyaya məxsus olması və onun Asiyanın Avropa hökmranlığına
qarşı mübarizəyə
başçılıq etməsindən
ibarətdir. Bu elmi-nəzəri
istiqamətin əsas məqsədlərindən biri
türk və slavyan xalqlarının vahid orqanizm kimi birləşərək
Qərbə qarşı
müqavimət göstərməsi
olmuşdur. Bu gün
klassik avrasiyaçılar
adlandırılan N.Trubetskoy,
R.Yakobson, P.Savitski, V.Vernadski kimi rus filosofları hesab edirdilər ki, zəngin tarixə malik olan rus mədəniyyəti
Avropa mədəniyyəti
ilə eyniyyət təşkil etmir, rus mədəniyyəti Qərb və Şərq mədəniyyətinin
bir sıra mütərəqqi xüsusiyyətlərini
özündə birləşdirən
ayrıca bir dünyadır. Onlar siyasi, hüquqi, coğrafi, ədəbi, mədəni sahələrdə
öz fikir və mülahizələrini
əsaslandırmaqla, əsasən,
humanitar məkanda bu birliyin intişar tapacağına,
türk və slavyan xalqlarının ortaq dəyərlər üzərində birləşəcəyinə
inanırdılar. Bədii ədəbiyyatda,
fəlsəfədə, kulturologiyada
avrasiyaçılıq nəzəriyyəsinin
mahiyyətini açmağa,
onun bölgənin gələcək inkişafında
əhəmiyyətini təsvir
edirdilər.
XX əsrin sonlarında formalaşan neoavrasiyaçılıqdan
fərqli olaraq, klassik avrasiyaçılıq
nəzəriyyəsi, onun
mahiyyəti və əhəmiyyəti Azərbaycan
ziyalılarının zaman-zaman diqqətini cəlb etmiş, onun ayrı-ayrı müddəaları şərh
olunmuşdur. Bir sıra
tədqiqatlarda nəzəriyyənin
elmi əsasları təhlil edilmişdir.
Azərbaycan alimlərinin əsas
diqqəti qədim türk və slavyan ədəbi abidələrində türk-slavyan
birgəyaşayış təcrübəsinin,
bu xalqların qarşılıqlı təsirlərini
özündə ehtiva
edən faktların klassik avrasiyaçıların
elmi-nəzəri irsi prizmasından tədqiqinə
yönəldilmişdir. Telman Vəlixanlı, Cavanşir Feyziyev, Fərid Ələkbərov
kimi tədqiqatçıların
son dövrlərdə nəşr
olunan əsərlərində
klassik və yeni avrasiyaçılıq
ideyaları azərbaycançılıq
və azərbaycanşünaslıq,
türkoloji tədqiqatlar
müstəvisində təhlil
olunur, avrasiyaçılıq
ətrafında düşüncələrin
elmi-nəzəri əsasları
şərh olunur.
Telman Vəlixanlının
(Cəfərovun) bu günlərdə işıq
üzü görən
“Avrasiyaçılıq ideyalarına
Azərbaycandan baxış”
kitabı da bu istiqamətdə atılmış növbəti
addımdır. Kitabda avrasiyaçılıq nəzəriyyəsinin humanitar
məkanda təzahürləri,
ədəbi-mədəni, tarixi-coğrafi
əlaqələrdə əhəmiyyətinin
açılması istiqamətində
müəllifin müxtəlif
vaxtlarda yazdığı
məqalələr və
avrasiyaçıların yaradıcılığından
etdiyi tərcümələr
toplanmışdır. Müəllifin özünün qeyd etdiyi kimi,
“avrasiyaçılıq təkcə
tarix və coğrafiya müstəvisində
baxılacaq məsələ
deyil. Elə klassik avrasiyaçıların
da müxtəlif elm sahələrini təmsil etməsi məsələnin
kökündə ayrı
mətləblərin dayandığını
göstərir. Ədəbi
abidələrə müraciət
olunması, Avropa fəlsəfi və pedaqoji fikir tarixinin vərəqlənməsi,
həm Avropa, həm də Asiya dəyərlərini
özündə yaşadan
xalqların Qərb sivilizasiyasına tam inteqrasiyası
proseslərinin mümkünsüzlüyü
sübut etdi ki, Avrasiyanın Avropa və ya Asiya kimi
dərki qəbuledilməzdir...”
Kitaba daxil olan məqalələrdə
avrasiyaçılıq ideyalarına
müasirlik prizmasından
işıq tutulur, Avrasiya kontekstində türk-rus təsirləri,
rus ədəbi abidələri avrasiyaçılıq
ideyaları, avrasiyaçılıq
və azərbaycançılıq
ideologiyalarının təmas
nöqtələri və
yaxınlaşma perspektivləri
araşdırılır. Kitaba daxil edlimiş tərcümələr də
(S.Pletnyovanın “Poloveslər”,
Q.Nosovski və A.Fomenkonun “Rus, İngiltərə və Romanın qədim tarixinin yeni xronologiyası və konsepsiyası”, E.Xara-Davanın
“Monqol Rusu: Çingiz xan və monqol nüfuz dairəsi”, F.Dostoyevskinin “Yazıçının
gündəliyi” kitabından
tərcümələr, eləcə
də N.Trubetskoyun “Rus mədəniyyətində
Turan elementləri” məqaləsi, L.Qumilyovun
“Naş sovremennik”, “Sosium” jurnallarına müsahibələrinin tərcüməsi
və s.) avrasiyaçılıq
nəzəriyyəsinin dərk
edilməsi baxımından
əhəmiyyətlidir.
Britaniyalı politoloq və jurnalist Arnold Toynbinin “Sivilizasiya tarix qarşısında mühakimədə. Dünya
və Qərb”, türkiyəli avrasiyaçı-alim
Ömər Göksel İşyarın “Avrasiya
və avrasiyaçılıq”
kitablarına müraciət,
bəzi parçaların
şərhi və tərcüməsi göstərir
ki, müasir dövrdə avrasiyaçılıq
ideyaları Qərb-Şərq
münasibətləri müstəvisində
qarşıdurmanın davam
etdirilməsinə deyil,
daha sıx və qarşılıqlı
fayda verəcək inteqrasiyaya, əsrlər boyu formalaşmış və artıq dünya sivilizasiyasının
malına çevrilmiş
mənəvi və maddi dəyərlərin ümumi-ortaq dəyərlər
sistemi kimi qiymətləndirilməsinə və qorunmasına xidmət edir.
Klassik avrasiyaçıların, o cümlədən,
Lev Qumilyovun əsərlərindən
çıxış edərək,
Telman Vəlxanlı avrasiyaçılığı ictimai və təbiət elmələrini
ağuşuna alan olduqca geniş bir elmi-ideoloji istiqamət kimi qiymətləndirməklə
yanaşı, problemə
yeni bir aspektdə - ədəbiyyat,
ədəbi mənbələr
aspektində yanaşmağı
təklif edir. Bu mənada o, Orta
əsrlər qəhrəmanlıq
eposlarına müraciət
edir, mövzu-ideya və mifopoetik məziyyətləri ilə
“Kitabi-Dədə Qorqud”u
bütün Avrasiya məkanı üçün
universal epos nümunəsi sayır.
“Ötən illərin hekayəti”ndən və “İqor polku haqqında söyləmə”dən
başlamış “Kazan tarixi”nədək
Qədim Rus ədəbi abidələrində
slavyan və türk xalqlarının, Qədim Rus və Böyük Çölün ortaq tarixini və birgəyaşayış təcrübəsini
qabardan müəllif,
bugünkü Rusiyanın
öz tarixinin Avrasiya konsepsiyasına diqqət göstərməsini,
onun öz ucsuz-bucaqsız əraziləri,
dövlətçilik ənənəsi,
hərb təcrübəsi,
maddi-mənəvi dəyərləri,
insan resursları və s. türk dünyasına bağlılığını
qədərincə qiymətləndirməsinin,
ilk növbədə, öz
inkişaf perspektivləri
üçün əhəmiyyət
daşıdığını dönə-dönə vurğulayır.
Bu məqsədlə də Lev Qumilyovun “... sirr olaraq Sizə
bir şey deyə bilərəm ki, Rusiya nicat
tapacaqsa, o yalnız Avrasiya dövləti kimi və yalnız
avrasiyaçılıq ideyaları
hesabına xilas oluna bilər” tezisinə istinad olunur.
Müəllifin özünün
də qeyd etdiyi kimi, coğrafi və
tarixi-mədəni areal kimi
Azərbaycan özünəməxsus Avrasiya
modelinə malikdir. Kitabda T.Vəlixanlı Avrasiya və Azərbaycanın kulturoloji aspektdə müqayisəli tədqiqi
üçün yeni
üfüqlərin açıldığını göstərmiş,
klassik və yeni
avrasiyaçılıq nəzəriyyələrinə azərbaycançılıq
və azərbaycanşünaslıq müstəvisində
işıq tutmuş, türk-slavyan
əlaqələrini avrasiyaçılıq
müstəvisində nəzərdən keçirərək,
avrasiyaçılığın mədəni dominant
üzərində qurulan elmi-nəzəri
platforma olduğunu əsaslandırmağa
çalışmışdır. Ümid
edirik ki, kitab bu gün
geniş elmi-fəlsəfi və siyasi aspektlərdə nəzərdən keçirilən avrasiyaçılığın dərin
elmi-nəzəri köklərini öyrənməyə, bu tarixi-mədəni arealda
yaşamış və yaşayan
xalqların maddi-mənəvi irsinə düzgün
münasibətin formalaşması və obyektiv
qiymətin verilməsinə kömək edəcəkdir.
Ə.AĞAMİRZƏYEV
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-2019.-23 yanvar.-S.7.