Çahargah
Hekayə
Ustad
xanəndəmiz Seyid Şuşinskinin əziz xatirəsinə
ithaf edirəm
- Mənsur öldü!!!
- Sərkərdə Mənsur döyüşdə həlak oldu!
- Firuz şahın yeganə oğlu öldü!..
Bu sarsıdıcı xəbər elə bil havaya da hopmuşdu. Sərkərdələr, minbaşılar, yüzbaşılar Mənsurun həlak olmasını hər kəsdən gizli saxlamaq istəyirdilər, amma bu, mümkün idimi?! Deyirlər, yerin də qulağı var.
Əcəl sərkərdə Mənsuru lapdan, gözlənilmədən haqlamışdı. Düşmən üzərində tam qələbə çalındığı, müharibənin sona çatdığı, qələbə bayrağının düşmən torpağına sancıldığı bir zamanda.
Neçə il idi qanlı döyüşlər gedirdi, qan su yerinə axırdı. Artıq vuruşub yorulmuşdular, tökülən qandan çiyrinmişdilər. Ehtirasların soyuduğu, qılıncların qınına, oxların oxdana qoyulduğu, sərkərdə Mənsurun qələbədən sərməst olduğu bir vaxtda hardansa qəflətən, gözlənilmədən bir ox süzdü ona sarı. Sərkərdə Mənsurun sinəsindən bir ah qopdu. Səndələyən sərkərdəni yanındakılar bir göz qırpımında alıb başları üzərinə qaldırdılar.
Qələbə marşı çalan gəranaylar, sinclər, nəfrlər susdu, bayraqlar endirildi. Ətrafdakılar səs-səsə verdilər:
- Mənsuru vurdular!!!
- Vurdular!!! Vurdular!..
Sərkərdəmizi vurdular!..
- Vurdular... Vurdular...
Beləcə sərkərdələr, minbaşılar, yüzbaşılar Mənsurun ölüm xəbərini gizlədə bilmədilər. Bəd xəbərin ayağı yüngül olur, deyirlər. Bu ölüm xəbəri ayaq açıb yeridi, qanad açıb uçdu...
Axı, vətəni yağı düşməndən təmizləyən ölkənin baş sərkərdəsi həlak olmuşdu. Bu xəbərdən sarsılmız qoşun kədər içində idi. Daim onları döyüşə, qələbəyə səsləyən sərkərdələri yox idi daha. Ellər, obalar da qəmə batmışdı. Bu ağır xəbəri heç olması bir müddət Mənsurun atasından, məmləkətin şahından gizli saxlamaq istədilər. Mümkün olmadı. Acı xəbər şaha da çatdı. Dərddən şahın dizi qatlandı, beli büküldü, saç-saqqalı bir gecənin içində ağappaq ağardı. O gündən şah otağına çəkilib guşənişin oldu. O, qəm dəryasında batıb qalmışdı. Kimsəni görüb-eşitmək istəmirdi. Günlər keçirdi, Mənsurun qəbrinin üstündə göy otlar bitmişdi, amma şah hələ də özünə gələ bilməmişdi. O, ucsuz-bucaqsız ölkəsini unudub dərdi ilə baş-başa qalmışdı. Vəzir, vəkil şahın qarşısında ikiqat olub ona təsəlli vermək istəyirdilər: "Şah sağ olsun, - deyirdilər, - ölənlə ölmək olmaz, Allahın əmridi, bir kimsə buna qarşı çıxa bilməz". Amma söylənən kəlamların, gətirilən məsəllərin şaha zərrəcə də təsiri olmurdu. Şah onları elə bil heç eşitmirdi.
Bir gün də təlxək cəsarətlənib şahı güldürmək istəmişdi, amma binəva, hökmdarın qəzəbinə tuş gəlib qiymətli başından olmuşdu. Bir-birindən gözəl cariyələr də şahın könlünü oxşaya bilməmişdilər, əksinə, cariyələri onun yanına göndərən xacəbaşının başı bədənindən üzülmüşdü. Şah qəm içində olduğundan ölkə də qəmə batmışdı. Xalq sərkərdə Mənsuru igidliyinə, mərdliyinə görə çox sevirdi. Vəzir, vəkil hər axşam yığışıb məsləhət-məşvərət eləyir, çarə arayırdılar. Bir axşam vəzir vəkilə dedi ki, bəs, musiqiçilər hələ şahın hüzurunda olmayıb. Əlac onlara qalıb. Deyirlər, musiqi ruhun qidasıdır, bəlkə, onların çalıb-oxumaları şahın dərdini unutdura bildi. Bu musiqiçilər dəstəsi bütün müharibə vaxtı sərkərdə Mənsurun yanında olmuşdular. Döyüşdən sonra istirahət zamanı onlar çalıb-oxuyurdular. Buna görə baş vəzir qoca ud çalanı yanına çağırtdırdı. Sarayda hər kəs ona "Ustad" - deyə müraciət eləyirdi.
Az sonra
Ustad vəzirin hüzurundaydı. O:
-
Çağırışınızla gəlmişəm, vəzir
həzrətləri, - deyə təzim etdi.
Vəzir
razılıqla başını tərpədib uzun təsbehinin
dənələrini barmaqları arasında
sürüşdürə-sürüşdürə dedi:
- Ustad,
başımıza gələn qəziyyədən yəqin xəbərin
var.
- Bəli,
var, vəzir həzrətləri.
- Elə
isə, bəlkə, siz bir çarə tapasınız.
Ustad
baş endirdi:
- Vəzir
həzrətləri, yaxşı bilirsiniz ki, gözəl səs,
şirin avaz insan ruhunun qidasıdır. Setardan,
uddan, neydən, tənburdan, sincdən, təbildən qopan
ecazkar səslər insana dərdini unutdurar, qəlbə
dinclik, fərəh gətirər. Mənsur
təkcə şahın yox, bütün xalqın oğludur.
O, bizim iftixarımızdır. Eşitmişik
ki, çoxları öz sənəti ilə şahı
ovundurmaq istəyib, amma çox heyf ki, nəticə hasil
olmayıb.
Vəzir
fikirli halda dilləndi:
- Bəli,
heç bir nəticə hasil olmayıb. Bəs,
siz nə fikirdəsiniz?
- Vəzir
həzrətləri, biz nəğməxanlarıq. Qəlbimizdən keçənləri,
sözümüzü nəğməylə,
çalğıyla söyləyirik. Dilin
deyə bilmədiyini biz musiqi ilə, oxuyub-çalmaqla deyə
bilirik. Əlbəttə, bizim də
şaha öz töhfəmiz var.
- O nə
töhfədir elə?
- Biz sərkərdə
Mənsurun həyatını, şücaətini vəsf edəcəyik.
Gördüklərimizi musiqi ilə şaha nəql
etmək istəyirik.
Vəzir
sevincək:
-
Çox gözəl, - dedi, - şahı ovundura bilsəniz,
sizi böyük ənam gözləyir. Amma bunu
bacarmasanız... - Vəzir qıyqacı nəzərlərlə
Ustada baxdı. Ustad vəzirin baxışarından
oxuduğunu dilinə gətirdi:
- Dar
ağacı?!
- Bəli,
dar ağacı! Razısan?
- Buyruq
sizinkidir, vəzir həzrətləri.
Vəzir:
-
Axşam şam yeməyindən sonra şahın
hüzurundasınız, - dedi.
Ustad nə
düşündüsə, üzünü vəzirə tutub
söylədi:
- Vəzir
həzrətləri, ağlıma bir şey gəlib.
- O nədir
elə?
-
Bilirsiniz... Birdə-birə şahın
hüzuruna gedib çalmağa, oxumağa başlasaq, qorxuram
onun qəzəbinə gələk.
Vəzir:
- Bəli,
hər şey ola bilər, - dedi.
Ustad dilləndi:
- Belə
olan halda, icazə verin biz şahın otağına yaxın
bir otaqda çalıb-oxuyaq. İnanın,
şah özü səs eşidib bizi hüzuruna
çağıracaq.
Vəzir
bir qədər düşünüb:
-
Yaxşı, siz deyən olsun. Gedin
hazırlaşın. Amma unutmayın,
taleyiniz tükdən asılıdır.
Ustad təzim edib otaqdan çıxdı. Şam yeməyindən
sonra musiqiçilər vəzirin yanındaydılar. Vəzir özü də bu tədbirin nəticəsindən
nigaran idi. Fikirləşirdi ki, Allah eləməmiş,
birdən sazandaların çalıb-oxumaları şahın
ruhunu oxşamadı, onu qəzəbləndirdi, bəs onda onu
nə gözləyir? İşdir, əgər
şah bu çal-çağırdan qəzəblənsə,
yəqin, o da cəzasız qalmayacaq. Şah onu da
günahlandırıb yaxasını cəlladın əlinə
verəcək… Amma başqa yol yoxdu. Vəzir
Allahı çağırıb musiqiçiləri
şahın otağından iki otaq aralıdakı otağa
apardı:
- Bu da
sizin otaq. Görün neyləyirsiniz, - deyib
baş tərəfə keçib əyləşdi. Sazandalar yerə salınmış döşəkçələrin
üstündə yerlərini rahatlayıb musiqi alətlərini
səsləndirməyə başladılar. Xanəndə fikrə dalmışdı, onun
oxumağından çox şey asılı idi. Əvvəl tütəkçalan başladı.
Adi qarğıdan düzəldilmiş bu balaca
alətdə nə böyük hikmət varmış. Qamış tütəkdən ətrafa yayılan
incə səslər pərdə-pərdə qalxdıqca
dağlar, dərələr, ucsuz-bucaqsız çöllər,
biçənəklər, ilxı-ilxı atlar,
sürü-sürü qoyunlar, qatar-qatar dəvələr
göz önündən gəlib keçirdi. Birdən ney səsi ahəstəcə, qeybdən gələn
bir inilti sayaq tütəyin harayına yetişdi. Neydən qopan incə səslər, sanki insanın
içindən gələn fəryad idi. Elə
bil olub-olmuşları, başa gələnləri
nağıl eləyirdi. Nəhayət,
qanun da dilə gəldi. Elə bil sərin
bir meh əsdi. Ustad bu məqamda udunun səsini
tütəyin, neyin, qanunun səslərinə qovuşdurdu.
Udun səsi adamı elə bil sakitliyə, təmkinli
olmağa səsləyirdi. Bu müxtəlif
tembrli, müxtəlif biçimli musiqi alətlərindən
qopan səslər bir-birinə qovuşub o qədər gözəl
harmoniya yaratmışdı ki, bayaqdan onlara qulaq asan vəzir,
sanki vəzirliyini unutmuşdu. Musiqi alətlərindən
ətrafa səpələnən, otaqda əks-səda verən
bu əlvan səslər gah qabaran, gah da çəkilən dənizi
xatırladırdı.
Nəhayət musiqi alətlərindən qopan səslər
gənc xanəndəni vəcdə gətirdi. O, qavalı ilə nəğməsinə
bəhr tutaraq oxumağa başladı. O, oxuduqca coşur, bir səməndər
quşu kimi özünü yandırıb-yaxırdı. Xanəndənin segah nəfəsləri adamın
ağlını başından alırdı. Elə bil yerin, göyün, kainatın sirri, sehri
vardı onun səsində. O, bu an
sanki yerlə-göylə əlləşən kəhər
atın belində idi. Səsini cövlan
etdirirdi. Xanəndə artıq ətrafdakıları
da, özünü də büsbütün unutmuşdu.
O, tamam başqa bir aləmdə idi. Budaqların
zümzüməsi, quşların cəhcəhi, atların
kişnərtisi, hay-haray, qıyxırıq, min bir
qırımlar onun səsində, oxumağında cəmləşmişdi.
O, gah layla çalır, gah ağı deyirdi, gah yerdən
danışırdı, gah göydən, gah nikbin olurdu, gah bədbin,
gah məzlum olurdu, gah qəhrəman, gah sevirdi, sevilirdi, gah da
ağrıdan, uğursuzluqdan, ümidsizlikdən ilan kimi
qıvrılıb pərişan olurdu. O, gah piyada olurdu, gah atlı. Bəmdə hekayətçiyə
dönürdü, zildə üsyançıya. Gah məğlub olurdu, gah qalib. Səsi
şimşək kimi çaxırdı. Gah
günlü günə dönürdü, gah leysan
yağışa. Bu an o, sanki, sərkərdə
Mənsurun özü idi. Sevib-sevilən, şadlanan, kədərlənən,
gah geriyə çəkilib nəfəs dərən, gah da
yeni qüvvə ilə düşmənin üstünə
şığıyan Mənsurun! Vəzirin
gözləri dolmuşdu. Xanəndə oxuduqca
ona elə gəlirdi ki, onun heç zaman görmədiyi
qapılar üzünə taybatay açılır. Bu qapıların arxasında var-dövlət, cah-cəlal
yoxdu, amma bunlardan da qüdrətli, qiymətli, möhtəşəm,
nə isə qeyri-adi bir şey vardı. Yox,
bu ölçüyə, çəkiyə gəlməyən,
gözlə görünməyən səsdəki hikmət
Tanrıdan gəlirdi. Tanrı tək-tək
adamlara ürəkoxşayan səs göndərmişdi ki,
insanlar dərddən qovrulanda onların narahatlıqlarına
şərik olsun. İndi budur, vəzirin
qarşısında dizi üstə oturub səsini göylərə
ucaltmış bu cavan xanəndə qəzəbli ürəkləri
muma döndərir, qəlbin gözlə görünməyən
atəşgahından dirəklənən alovun üstünə
su səpirdi. Bu səs yatmış
duyğuları oyadır, unudulanları yada salır,
insanları hüşyar olmağa səsləyirdi. Xanəndə göyün ənginliklərindən
üzüaşağı şığıyan quş kimi pərdə-pərdə
aşağı enirdi. O, muğama hansı qapıdan
girmişdisə, o qapıdan da çıxırdı. O,
muğama yenicə "ayaq" verib susmuşdu ki, qapı
açıldı. Gələn
eşikağası idi. O, üzünü vəzirə
tutub:
- Vəzir
həzrətləri, şah sizi çağırır, - dedi.
Vəzirin
rəngi ağardı:
- Xeyirdimi?
- soruşdu.
- Deyə
bilmərəm, amma şah qəzəbli deyil. İnşallah,
xeyir olar.
Vəzir tez yerindən qalxıb şahın yanına tələsdi. Musiqiçilər
susub işin sonunu gözləyirdilər.
Vəzir
Allahı çağırıb şahın otağına
girdi:
- Buyurun,
qibleyi-aləm.
Şah:
-
Qulağıma elə gözəl musiqi səsi gəldi ki... Bəh,
bəh... Xanəndə nə gözəl
oxuyurdu. Elə bil Həzrəti-Davuddu, - dedi.
Vəzir
ürəkləndi:
- Şah sağ olsun, onlar sizin hüzurunuzda
çalıb-oxumaq istəyirdilər. Mən qoymadım, qorxdum
ovqatınız təlx ola, - dedi.
- Vəzir,
onlar çalıb-oxuduqca Mənsurum gözlərim
önündən getmirdi.
Vəzir
dərindən köks ötürdü:
- Əlahəzrət, bu musiqidə çox böyük
hikmət var. Onu icad eləyənlər, məlahətli səsi
olan xanəndələr Tanrının sevimli bəndələridir. İnanın,
musiqi olmasa, insan qəmin əlində girinc olar.
-
Doğru deyirsən, vəzir, gecələr adamın
üstünə yeriyən qəm ləşgəri
düşmənin ordusundan da güclüdür. Sən qaçırsan, o qovur.
- Elədi,
şah sağ olsun. İnsana həmişə
şadlıq içində yaşamaq qismət olmur. Dərd-qəm də bizim yol
yoldaşımızdır.
Şah
dedi:
- Bəli,
elədir. İlahinin məsləhəti belədir, əlimizdən
nə gəlir... O çalğıçıları
çağır gəlsinlər.
Vəzir
baş əyib çıxdı, qapının ağzında
keşik çəkən fərraşa, fərraş da bir qədər
kənarda durmuş qulama dedi ki, şah sazandaları gözləyir,
çağır, hökmdarın hüzuruna gəlsinlər. Musiqiçilər tez yerlərindən qalxıb
şahın hüzuruna gəldilər. Təzim
edib şahın əmrini gözlədilər. Şah
onlara oturmaq işarəsi verdi. Ustad vəzirin üzündəki məmnunluq ifadəsini
görüb rahat nəfəs aldı.
Şah
üzünü musiqiçilərdən ən
yaşlısı olan Ustada tutdu:
- Vəzir
mənə söylədi ki, sizin mənə nəsə bir
töhfəniz var. O nədir elə?
Ustad udunu
yerə qoyub ayağa qalxdı, təzim elədi:
- Şah sağ olsun, biz bütün döyüşlərdə
sizin oğlunuz, bizim böyük sərkərdəmiz Mənsurun
yanında olmuşuq. Çox qanlı döyüşlərin
şahidiyik. Ölüm-itim
görmüşük, sevinmişik, sarsılmışıq,
kədərlənmişik. İndi həmin
dərdimizi, sevincimizi nəğmələrə
çevirmişik. Şah sağ olsun, hər
kəs öz sənətinə, peşəsinə görə
gördüklərini rəsm edir. Biri nəzmə
çəkir, biri salnamə yazır, bir başqası
xalça toxuyur. Biz də gördüklərimizi,
eşitdiklərimizi musiqi ilə rəsm edirik... Şah sağ olsun, biz ruh adamıyıq. Qəlb ovsunçusuyuq. Bir kimsə
bizdən zərər görməz. İcazə
verin bu gün igid Mənsurun şərəfinə
"Çahargah" muğamını çalıb-oxuyaq.
Şah
yerində rahatlandı:
- Buyurun,
buyurun, - dedi.
Musiqiçilər yerlərini tutdular. Ustad yan-yana əyləşmiş
çalğıçılara "Başlayın"
işarəsi verdi. Çalğıçılar
gözəl bir dəraməd başladılar. Dəraməd bitər-bitməz gənc xanəndənin
səsi ucaldı. O, zil pərdədə oxuya-oxuya zəngulələr
vururdu. Sanki göy guruldayır, şimşək
çaxırdı. Xanəndə elə
bil döyüş ərəfəsində idi. O,
oxuya-oxuya muğamın "Mayə"sinə
düşdü. Sanki uca dağ başından
asta-asta dərəyə enirdi. Bayaqdan nərilti-gurultu
salmış dağ seli sakitləşib indi öz məcrasına
qovuşmuşdu. Şah gözlərini
yumub huş-guşla xanəndəyə qulaq asırdı.
Onun incə səsi, bu səsin nəğməli
hekayəti, yaratdığı qövsi-qüzeh şahın
ruhunu oxşayırdı. Xanəndə
muğamın hər şöbəsini tamamlayanda təsnif
oxuyurdu. Onun oxuduğu təsniflər adama
qəribə bir dinclik, bahar ovqatı gətirirdi. Şah muğamdakı qəhrəmanlıq ruhunu
çox aydınca duyurdu. Xanəndə hər
kəsi, hər şeyi unutmuş kimi idi. Artıq,
o öz aləmində, öz dünyasındaydı. Bir səməndər quşu olub özünü oda
atmışdı. Xanəndə
muğamın "Mənsuriyyə" şöbəsini
oxuyanda şah oğlunun şərəfinə bəstələnmiş
bu təntənəli musiqiyə, yeri-göyü yandıran səsə
sakit qulaq asa bilmədi, ayağa qalxdı. Vəzir
də cəld qalxıb şahın yanında durdu. Xanəndə gözlərini yumub bütün
varlığıyla oxuyurdu. O, bənzərsiz səsi ilə
Vətənin azadlığı uğrunda canından
keçmiş Mənsurun şücaətini vəsf eləyirdi.
Onun hər nəfəsi, vurduğu hər zəngulə ürəklərə
od salırdı. Xanəndənin
səsi gah qartal kimi göyün ənginliyinə baş vurur,
gah da qanadlarını açıb sakit-sakit
süzürdü. Çalğıçılar
xanəndənin ərşə qalxan səsinin ardınca
düşmüşdülər. Şahla
vəzir hələ də ayaq üstə
dayanmışdı. Nəhayət, xanəndə
son zənguləsini vurub susdu.
Şah
keçib taxtında əyləşdi:
- Hər
birinizə böyük ənam verəcəyəm. Amma bir az bu çalıb-oxumanızı şərh
eləyin, qulaq asaq. Doğrudan da, bu muğamat
böyük bir aləmmiş.
Ustad
baş əydi:
- Şah sağ olsun, bizim indicə
çalıb-oxuduğumuz bu "Çahargah"
muğamı rəmzlərlə, eyhamlarla doludur.
- "Çahargah" nə deməkdir? - Şah
soruşdu.
Ustad:
- Şah
sağ olsun, "çahar" dörd, "gah" isə məkan,
mövqe, hal, vəziyyət deməkdir, - dedi.
Şah:
-
Çox gözəl, buyurun, sizi dinləyirik, - deyib yerində
rahatlandı.
Ustad:
- Qibleyi-aləm,
elə mətləblər var, onu adi sözlə dedikdə
öz gözəlliyini itirir. Elə dəruni
hisslər var ki, onu sözlə ifadə etmək çox
çətindi. Biz muğamın əvvəlində
dəraməd çaldıq. Çaldığımız
bu dəraməddə bir xəbərdarlıq,
nigarançılıq, səfərbərlik ovqatı var. Dəraməddə
belə bir əhvali-ruhiyyə var ki, sanki nə isə gözlənilməz
bir hadisə baş verəcək. Sonra biz
dəraməddən muğamın "Maye"sinə
keçdik. Bu an sanki göy
guruldadı, şimşək çaxdı. Bu
şöbədə bir təlaş, hay-haray var. Bu təlaş,
hay-haray xanəndənin səsində də aydınca
duyulurdu. Çünki muğamın bu yerində
artıq müharibənin başlanmasından, məmləkətin
təhlükədə olmasından söhbət
açılır, - deyə Ustad dərindən nəfəsini
dərdi. Sonra dedi:
-
Qibleyi-aləm, bu muğamın "Maye"sində bir "Bədr"
guşəsi də var. O, on dörd gecəlik Aya işarədir.
Çünki müharibə belə bir aylı
gecədə başlayıb. Musiqi dili ilə
deyilir ki, fəslin gözəl çağıdı, amma
düşmən heç nəyə baxmır, bütün
gözəlliklərin üstündən keçib,
üstümüzə yeriyib.
Bu yerdə
Ustad udunu dizləri üstünə aldı:
- Şah
sağ olsun, bu da muğamın "Bəstə-nigar"
şöbəsidir, - dedi və çalmağa başladı.
Bir xeyli çaldıqdan sonra söhbətinə davam elədi:
- Şah sağ olsun, bu şöbədə çalmaq
da, oxumaq da çox təsirlidir. Muğamın bu yerində
xanəndə də çox yanıqlı, təsirli oxuyur.
Çünki döyüşə gedənlərini yola salan
qız-gəlinin, əlsiz-ayaqsızların, qarıların,
qocaların ah-fəryadı, göz yaşları,
ayrılıq həsrəti, nigarançılıq ovqatı
var burda... Əlahəzrət, bu "Bəstə-nigar"ın
içində nələr yoxdur?! Burada
"Bidad" deyilən bir guşə də var. Bu guşədə
xanəndə, sanki haray çəkir. Bundan
başqa, "Bəstə-nigar"ın içində
"Əbülçəsp" deyilən nəğmə də
oxunur. Bu, ölüyuyanların nəğməsidir.
Bu nəğmə ona görə
çalınıb-oxunur ki, heç bir müharibə
ölüm-itimsiz olmur. "Bəstə-nigar"ın
içərisində "Bal-Kəbutər" deyilən bir
güşə də var. Bu guşədə də rəmz
var. "Bal" qanad, "kəbutər" göyərçin
deməkdir. Çoxları fikirləşə
bilər ki, əcəba, bu guşəyə "göyərçin
qanadı" adı verməkdə məram nədir? Əslində, hər şey çox aydındır.
Bu guşədə süvarilər
anılıb, onların minib düşmən üstünə
getdikləri quşqanadlı, qaçağan atlara işarə
edilir. Bəli, at igidin qardaşıdı,
deyiblər. Bizim igidlər at belində
doğulub, at belində qocalıb, elə at belində də
haqqa qovuşub. - Bu məqamda Ustad yenə udunu
çalmağa başladı, o biri
çalğıçılar da ona qoşuldular. Ustad bayaqdan söylədiklərini bir daha
canlandıraraq şaha muğamatın nələrə qadir
olduğunu göstərmək istəyirdi. Musiqi ara verəndə şah dedi:
- Ustad,
indi çalıb-oxuduğunuz bu "Bəstə-nigar"a
bayaq qulaq assam da, indi məni yormadı, elə
bildim birinci dəfədir eşidirəm.
- Elədir,
şah sağ olsun, muğamatın böyüklüyü, əlçatmazlığı
da burdadır. Yol həmən yoldur, amma həmən
yolu həmişə eyni yerişlə getmirik ha. Bu muğama bir gündə yüz dəfə qulaq
assaq, yenə hər dəfə bizə təzə-tər gələcək.
Axı çalıb-oxuyanların da, onlara qulaq
asanların da ovqatı, əhvalı hər an eyni olmur. Cürbəcür - dərdli, sevincli, qəzəbli,
həlim… anlar yaşayırıq. Musiqi də
bizə ovqatımıza görə təsir eləyir. Bu muğamatda insan hisslərinin min bir qatı var.
Muğamat çatılmış nəhəng tonqala bənzəyir,
hər kəs bu tonqalın daha da alovlanması
üçün bir əlçim nəsə atıb. Bu
muğamatda xasiyyətimiz, məramımız,
toy-düyünümüz, yurdumuz, dağımız, dərəmiz,
ormanlarımız, çaylarımız, bulaqlarımız əbədiləşib...
Bir sözlə, bütün həyatımız,
yaşayışımız, keçmişimiz, indimiz, gələcəyimiz
var...
Ustad
danışır, şah məmnun-məmnun qulaq
asırdı:
- Şah
sağ olsun, bu muğamat dəryadı, kim
desə ki, mən bu dəryaya baş vurub üzüb
çıxdım, yalan deyir. Biz bu dəryadan bir piyalə
götürüb ondan danışırıq... Bəli, təkcə bu "Bəstə-nigar"da nələr
yoxdur, nələr deyilməyib. Bu
şöbədə bir "Zəngi-şötər"
guşəsi də var. Orda döyüş sursatı yüklənmiş
dəvələr yad edilib. Müharibənin
baş verdiyi yerin qayalıq olduğu də nəzərdən
qaçırılmayıb. Bu da "Zəmin-xarə"də
izhar olunub. Nəsə, "Bəstə-nigar"
sona yetir, biz rəng çalırıq. Axı
saatlarla vuruşmaq olmaz. Qoşun dincəlib
düşmənin üzərinə yeni qüvvə ilə həmlə
etməlidir. Şahım, bu rəngdən
- bu dinclikdən sonra muğamın "Hasar" hissəsi
oxunur. Burada qoşunun düşmən
qalasının hasarına çatması, hər iki tərəfin
qarşı-qarşıya vuruşması musiqi dili ilə nəql
edilir. Əlahəzrət, icazə verin,
"Hasar" hissəsini biz çalaq, xanəndəmiz də
bir daha oxusun.
Şah:
- Buyurun,
buyurun, oxusun qulaq asaq, görək o düşmən
hasarını necə adlayırıq, - dedi.
Ustad dedi:
- Şah sağ olsun, "Hasar"da, sanki qoşunlar
üz-üzədi. Ölüm-dirim savaşı gedir.
Bu hissədə bir hay-haray, fəryad, həyəcan, təntənə
var. İndi biz bunu əyani göstərək, - deyib Ustad
sazandalara çalmaq işarəsi verdi.
"Hasar"
şöbəsi oxunduqdan sonra Ustad dedi:
- Şah sağ olsun, "Hasar"dan sonra indi biz
"Müalif" musiqi parçasını
çalıb-oxuyacağıq. Bu parçada
çalmaq da, oxumaq da həzindi, kədərlidi. Ona
görə ki, döyüş zamanı ölənlər,
yaralananlar, itkin düşənlər var. Buyurun, qulaq
asın...
Xanəndə "Müalif" oxuyub susdu. Ustad dedi:
- İndi "Qərra"
çalıb-oxuyacağıq. Hökmdar, "Qərra"
tarixə işarədir. Dinləyək.
Xanəndə "Qərra" oxumağa başladı,
"Müxalif"ə keçid anında Ustad şərh
etmədən - "Müxalif" - deyə səsini
qaldırdı. Xanəndə "Müxalif"ə
keçdi və sanki başqa bir aləmə qədəm
qoydu.
Xanəndə
"Müxalif" oxuyub son zənguləsini vuranda Ustad
söylədi:
- Ey
böyük hökmdar, Siz "Müxalif"dəki
müxalifliyi, qarşıdurmanı,
çarpışıb-vuruşmanı hiss elədinizmi?
Şah
gülümsədi:
- Nəinki
hiss elədim, elə bildim qoşunun önündəyəm.
- Şahım, bu "Müxalif"də Sizin, məmləkətinizin,
xalqınızın ruhu çırpınır. Ondakı
üsyankar ruh heç zaman ölməz, o, əbədidir.
İndi bizim incə səsli xanəndəmiz
"Məğlub" musiqi parçasını oxuyacaq.
Bununla xanəndə sərkərdə Mənsurun
həlak olduğunu car çəkir. "Məğlub"dan
sonra unudulmaz sərkərdəmizin şərəfinə
"Mənsuriyyə" oxunacaq.
Xanəndə
"Mənsuriyyə"ni bayaqkından da
gözəl oxudu.
Muğamı bitirib Ustada baxdı. Ustad dedi:
-
Hökmdar, bu "Mənsuriyyə"də həm qəhrəmanlıq
ovqatı var, həm də gizli bir kədər.
Şahın
diqqətlə dinlədiyini görən Ustad davam etdi:
- "Mənsuriyyə"də qəhrəman Mənsurun
şücaəti vəsf olunub. Hökmdar,
bütün muğamların sonunda "ayaq" verilir. Bu, bir qaydadır. Xanəndə
muğama hansı qapıdan girirsə, muğamı bitirəndə
də o qapıdan çıxır. Amma
"Çahargah" muğamı qəhrəmanlıq
dastanı olduğundan ona "ayaq" verilmir, "Firuz"la
bitir. Çünki "firuz" həm də
qələbə deməkdir. Sərkərdə
Mənsur döyüşdə həlak olsa da, onun qoşunu
düşmən üzərində qələbə
çalmışdı. Bu qələbədə sizin də
payınız var. Sizin adınız da bu
muğamın möhürbəndində qələbə rəmzi
olubdur.
Ustad
sözünü bitirib udunu yerə qoydu:
- Bizim
musiqili hekayətimiz burada bitir, hökmdar, - dedi.
- Bu hekayət
həmişə yaşayacaq, Ustad. Amma bir
şeyi də bilmək istəyirəm. Bizim
bəzi muğamların əvvəlindəki
"Bayatı" ləfzi nə ilə bağlıdır?
"Bayatı-İsfəhan", "Bayatı-Şiraz",
"Bayatı-Əcəm"...
-
Hökmdar, "Bayatı" ləfzi ayrıca bir hekayətdir.
Əslində, muğamların əvvəlində
səslənən bu "Bayatı" kəlamı
xalqımızın gizli möhürbəndidir. Şahım, bizim ulu əcdadımız Oğuz xan
vaxtilə çoxlu məmləkətlər istila edibdir.
Oğuzların 24 boyu vardı. Bu boylardan birisi də bayatlar idi. Bayatlar
çox comərd, vuruşan idilər. Onlar
döyüşlərdə şücaətlər göstərir,
həmlələr edib qalalar, şəhərlər tuturdular.
Musiqiçilər də bu qələbələrin
şərəfinə nəğmələr bəstələyirdilər.
Ona görə də muğamların bir
çoxunun əvvəlinə "Bayatı" ləfzini əlavə
edirdilər. Bunlar hamısı
bayatlılara, onların qəhrəmanlıqlarına işarədir.
Biz də oğuzların bayat qolundanıq, ona
görə, muğama belə ürəkdən, candan
bağlıyıq.
- Deməli,
səbəbsiz heç nə yoxdur, Ustad, - Şah dedi.
- Əlbəttə, hökmdar, bu dünyada izsiz heç nə yoxdur, hər bir işin, əməlin öz izi, öz möhürbəndi var. Muğamlarla bağlı söhbətlər bir gecəyə sığmaz, o da "Min bir gecə" nağılı kimidir, ardı qalsın gələn gecəyə...
Şah Ustadın təklifini qəbul etdi və
onlara bahalı hədiyyələr verib yola saldı.
Mustafa ÇƏMƏNLİ
525-ci qəzet.- 2019.- 24 yanvar.- S.8.