Nəsrin bədii dilin Seyran Səxavət modeli   

 

 

 

Seyran Səxavətin bir yazıçı kimi ən böyük uğuru öz üslubunu yarada bilməsidir. Öz üslubunu yaratmaq hər yazıçıya nəsib olmur.

 

Əslində, bu məqamda "nəsib olmur" sözlərini yazmaq doğru deyil. Üslub yaratmaq istedad, intellekt zəhmət hadisəsidir. Seyran müəllim həm Azərbaycan dilinin təmizliyini, gözəlliyini qorumaq istəyən dəyərli ziyalımızdır. Ədəbiyyat dil təfəkkür hadisəsidir. Dahi alman filosofu Haydeger yazırdı ki, dil varlığın evidir. Voltersə deyirdi ki, yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar. Seyran Səxavət bizə yaxşı danışmağı öyrətmək öhdəliyini üzərinə götürməyib. Gənc yazıçıların "Azərbaycan dilində yazmaq olmur" fikrinə əks arqument kimi çox hallarda Seyran müəllimin, Saday Budaqlının, Vaqif Nəsibin, Cəlal Bərgüşadın (siyahını uzatmaq olar) bu dildə necə gözəl əsərlər yazdıqlarını deyirəm. Ədəbiyyat dil təfəkkür hadisəsi olduğu kimi dil özü ayrılıqda təfəkkür hadisəsidir. Ludvig Vitgenştayn deyirdi ki, dil düşüncənin sərhədlərini müəyyən edir. Üslubunu yaratmaq deyərkən onu nəzərdə tuturam ki, Seyran müəllimin kitabını mənə müəllifsiz mətn kimi təqdim etsələr, dəqiqliklə müəyyən edə bilərəm ki, bu əsəri Seyran Səxavət yazıb. Müəllifin ən məşhur əsəri "Daş evlər" romanıdır. Bu romanı Sovet dövründə kitab oxuyan əksər insanlar oxuyub. Sovet dövründə bu əsər 100 min tirajla çap edilib. İndi biz - gənc yazarlar üçün 100 min tirajla çap olunmaq sadəcə möcüzədir. 1000 tirajla kitab çap edə biləndə sevinirik. Seyran müəllim əsərlərində Qarabağdan, vətən-millət məsələlərindən danışarkən saxta dərin mənalılıq yaratmaq istəmir. Bəzi müəllifləri oxuyanda məhz həmin saxta dərin mənalılığın yaradılma cəhdlərini hiss edirəm bu ağrılı duyğunu yaşayarkən əsərdən uzaqlaşmaq məcburiyyətində qalıram.                                  

 

"Yəhudi əlifbası" əsərini oxuduqdan sonra roman haqqında yazmaq qərarına gəldim. Bəzən gözümüzün önündə olan ciddi yazıçıları unuduruq, üstünlüyü dünya ədəbiyyatına veririk. Hərdən düşünürəm ki, öz ana dilimizdə yazan ustad yazıçıları başa düşmürük, ancaq xarici dillərdən tərcümədə oxuduğumuz Kafkanı, Kamyunu, Sartrı başa düşdüyümüzü zənn edirik. Görəsən, niyə bu qədər eqoist bu qədər laqeydik biri-birimizə?       

Kitabı açan kimi müəllif qeydini görürük. Bu kiçik qeyd romanın yazarı haqqında qeyri-adi təəssüratlar yaradır. "... Gəl, qorxma. Mən adam əti yemirəm. Orasını da bəri başdan deyim ki, mənim yanımda dayansan, peşman olacaqsan. Fikirləş".               

Seyran Səxavət kitablarının bir neçəsində bu cümlələri annotasiya kimi verir burada da öz üslubuna sadiqdir:

"Mənim yazdıqlarım hamısı Dünyanın Mən baxan tərəfdən görünən hissəsidir. Əziz oxucu, gəl həmişəki kimi yenə yanaşı dayanaq, bir az da mən baxan tərəfdən bax dünyaya, vaxt darıxsan, çıxıb gedərsən".

Bu mənada Seyran müəllimin kitabları tərif dolu ön sözlə başlayan kitablardan fərqlənir. "Yəhudi əlifbası" romanının əsasını insan-təbiət münasibətləri, insanın təbiətə zərər vurması, bəşəriyyətin naqis adamlardan yorulması, qələbəsi zəruri olan müqəddəs hisslərin acgözlüyə, şərəfsizliyə məğlub olması, insanın özünü axtarması, özünü mühakimə etməsi təşkil edir. Romanı oxuyarkən özümə sual verdim ki, biz insanlar həqiqətənmi cəmiyyətin, xalqın nümayəndəsiyik, yoxsa vəhşi heyvanlar aləminin bir parçasıyıq? Qəhrəmanımızın sərv ağacı ilə söhbəti mənə çox təsir etdi. Bəlkə təbiəti çox sevdiyimə görə Sərv ağacının dərdi-kədəri mənə ciddi təsir göstərdi. Özünü axtaran adamın Pəzəvənglə süd əmdiyi mələyin döşünü dişləyən uşaqla söhbətində Seyran müəllimin bu əsərdə demək istədiyi anlaşılır.

Biz - insanlar öz nəfsimizə uduzuruq, Allahın işlərinə qarışırıq. Boş məqsədlər, cəfəng istəklər naminə biri-birimizin qəlbini qırırıq. Özümüz nümunəvi insan olmadığımız halda cəmiyyətə, hətta bəzən bütün bəşəriyyətə ağıl veririk elə bilirik ki, dünyanın həqiqətən bizim ağlımıza ehtiyacı var. Uşaq, Özünü Axtaran Adama böyüklərin əməllərinə etiraz əlaməti olaraq bildirir:

"Siz həmişə demisiniz ki,  uşaqlar bizim gələcəyimizdir. Bundan sonra belə olmayacaq, uşaqlar sizin gələcəyiniz yox, bugününüz olacaq, Dünyanı uşaqlar idarə eləyəcək, Allah belə istəyir".

İnsanlar sənətdə, ədəbiyyatda dünyanı çoxdan dağıdıblar. Ancaq dünyanı gerçəkdə dağıtmaq Allahın işidir. Romanı oxuyarkən insan düşünür ki, biz insanlar dünyanı sənətdə dağıtmaqla doymamışıq, artıq yaratmadığımız dünyanı Allahın əvəzinə özümüz dağıtmaq istəyirik. Əsərdə ən sevdiyim cəhətlərdən biri budur ki, gerçəkliyi əks etdirir, keçmişin nostalgiyasında ilişib qalmır və gələcəyə dair pafoslu fikirlər təqdim etmir. Sərv ağacı bizə demək istəyir ki, biz torpağın enerjisini özündə daşıyan ağacları qırmaqla təkcə ağacları yox, həm də torpağı dağıdırıq. Torpaq öz enerjisini ötürə bilmironda xəstəliklər yaranır.             

Həqiqət budur ki, təbiət zamanla öz gücünü itirir, təbiətin tükənməsi bizim əsəblərimizi korlayır, rahatlığımızı itiririk. Təbiət tükəndikcə biz də mənəvi və fiziki cəhətdən məhv oluruq. Mənəvi cəhətdən məhv olmağımızın real göstəricisi budur ki, insanlardan qisas almaq istəyirik, nifrətimizi boşaltmaq üçün ünvan axtarırıq. Nəyə görə elə düşünürük ki, bizi yaradan Allah bizim yerimizə də özü yaşamalıdır? Nəyə görə öz nöqsanlarımıza, öz naqis cəhətlərimizə görə Allahı, Şeytanı günahlandırırıq?

Romandakı ən maraqlı məqamlardan biri də aclıqdan ölənlərin şərəfinə məzarlıqda abidə ucaldılmasıdır. Dünya ölkələrinin prezidentləri bu abidənin açılış mərasimində çıxış etməlidirlər. Seyran müəllimin əsərlərində bəzən ən ciddi fikirlər ən ironik üslubda təqdim olunur. Bəzi hissələri dəqiq anlamaq üçün təkrar oxumaq lazımdır. Romanı oxuyarkən bir neçə dəfə əvvəlki səhifələrə qayıdıb qeydlər etməli oldum. Bir hissəni xüsusən qeyd etmək istəyirəm: "Qalxın, Gələn gəlir!!! Bütün bəşəriyyət dik qalxdı. Qəbirlər də dikəldi, başdaşları ilə üzbəüz dayandı. Zaman da dikəlib dayanan kimi Gələn gəldi, Yer kürəsi sətəlcəm olmuş adam kimi ölü sükutuna büründü, bu sükut ağappaq idi, kəfənə oxşayırdı. Bu ölü sükutu Gələndən başqa kimsə dirildə bilməzdi və o da diriltdi:

- İnsan Adəm və Həvva deyilən saatdan sizlərin dik qalxdığınız saata qədər çox uzun bir yol keçibsizin qiymət almaq saatınız yetişib, qulaq asın...

- Sülh - iki.

- Müharibə - beş.

- Gözütoxluq- iki.

- Allahsızlıq - beş.

- Yalan - beş..."

 

Nicat HƏŞİMZADƏ

 

 

525-ci qəzet.- 2019.- 24 yanvar.- S.7.