Bir filmin yaşatdıqları: keçmişdə qalanların sorağında

 

 

 

Baxacağım film, oxuyacağım kitabla bağlı öncədən məlumat almaq kimi bir vərdişim yoxdur. İşin sehrini qaçırmaq istəmirəm, hər halda.

 

Elə "Üçüncü günün adamı" filmini öncədən izləməmişdim, heç saytlarda haqqındakı yazılara da diqqət yetirməmişdim. Halbuki film çoxdan nümayişə çıxıb, haqqında da yazılıb, müxtəlif festivallarda uğurlar da qazanıb qazanmaqda davam edir. Mən "Üçüncü günün adamı" yanvarın 22-də "Yarat" Müasir İncəsənət Mərkəzində izlədim.

Film nümayişlərində çox iştirak etməsəm , bu filmi izləməyi bir borc kimi hiss edirdim. Məsələ filmin mövzusunda idi. Qarabağa həsr olunduğunu bilirdim. Elə film haqqında tək bildiyim bu idi. Amma bunun özü belə məndə maraq oyatmağa yetmişdi. O ki mövzu burdan başladı, filmə keçid etmədən öncə "Üçüncü günün adamı"nın yaradıcı heyətinin timsalında Azərbaycanın qanayan yarasını - Qarabağı uzun illərdir unutmayan, unutdurmayan insanlara bir daha təşəkkür etməyi təxirə salmayaq!

"Üçüncü günün adamı" tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Kamran Yunis, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa Ayşad Məmmədov canlandırırlar.

Bayaq da dediyimiz kimi, film Qarabağ mövzusundadır. Baş qəhrəman Sadiq (Hikmət Rəhimov) 17 illik məhbusluqdan sonra nəhayət, azadlığa çıxanda doğulub, boya-başa çatdığı torpaqların ermənilər tərəfindən işğal olunduğunu, doğmalarının öldüyünü görür. Qatarla Gəncəyə gələn keçmiş məhbus burada Moskva bazarında alver edən həmyerlisi (Rasim Cəfərov) ilə tanış olur. Bu tanışlıq heç təsadüfiyə oxşamırdı. O da, tamaşaçı da artıq Sadiqin həyatında yeni bir səhifə açıldığını, nəsə fövqəladə bir şey baş verəcəyini hiss edir. Bu hissiyyat özünü doğrultmaqda gecikmir. Sən demə, Sadiqin yeni tanışı tez-tez sərhəddi keçib işğal olunmuş torpaqlara, əzizlərinin məzarlarını ziyarət etməyə gedir. Bu məlumat Sadiqin illərdən bəri daşlaşmış qəlbində ümid işığı yandırır. O da öz torpaqlarına gedəcək, valideynlərinin qəbrini ziyarət edəcək, düz 17 ildir onu məşğul edən, yaxasını buraxmayan suallara cavab tapmaq şansı qazanacaq. Hər şey o çətin qərarı almaqla başlayır: bu iki eloğlu öz torpaqlarına, onların dili ilə desək, öz evlərinə gedəcəklər.

Rejissor tamaşaçını başdan sona qədər gərginlik içərisində saxlamağı bacarır. İki nəfərin öz torpaqlarını görmək, valideynlərinin qəbrini ziyarət etmək üçün qatlaşdıqları çətinliklərə, fədakarlıqlara, öz canlarını odun-alovun içərisinə atmağına, ölümü belə gözə alaraq, bu yoldan dönməməklərinə nəfəs dərmədən baxırsan.

Nəhayət, Sadiq bir çox çətinliklərdən sonra xarabaya çevrilmiş evlərinə gedib çıxa bilir. Burada onu uşaqlıq xatirələrindən başqa qarşılayan heç kim yoxdur. Anasını görmək üçün içində yanmış kiçik bir ümid sönüb gedir. Anasının işlədiyi məktəbin digər tikililərdən fərqi qalmayıb. Müharibə od-alov saçan nəfəsi ilə tədris ocağının da altını üstünə çevirib. Qəhrəmanlarımızın qarşılaşdıqları balaca məktəblinin skeleti faciəni bütün ağırlığı ilə hayqırır sanki. Onu azərbaycanlıların qəbiristanlığında basdıran qəhrəmanlarımız isə burada qarşılaşdıqları mənzərə ilə yeni həqiqətlərin qapısını açmış olurlar. Buradakı təzə qazılmış boş məzar nədir, görəsən? Erməni üçün qazılıbsa, niyə azərbaycanlıların qəbiristanlığında, yox, azərbaycanlınındırsa, onda deməli, burada hələ yaşayan həmyerlilərimizmi var? Bu suala tapılan cavablar filmi bir az da maraqlı həyəcanlı edib.

Qəhrəmanlarımızın tərk edilmiş, talan olunmuş kənddə qarşılaşdığı hadisələr, "arı pətəklərinə skripka çalan qız", erməni zabitinin (Kamran Ağabalayev) dolayı yolla da olsa həqiqəti etiraf etməsi gerçəyin özüdür. Çünki film öz mövzusunu illər öncə öz ağrılı talelələri, başlarına gətirilən müsibətlərlə hələ hər birimizin qəlbində ağrı kimi yaşayan kəlbəcərli girovların- Dilqəm Əsgərovla Şahbaz Quliyevin həyatından götürüb.

Dilqəm də, Şahbaz da, "Üçüncü günün adamı" da öz yurd-yuvalarından didərgin salınmış hər bir azərbaycanlının dünyaya ucalan haqq səsidir. Film göstərir ki, onlar əliyalın, başıaçıq, heç nədən, heç kimdən qorxmadan öz yurd-yuvalarını ziyarət etmək üçün hər cürə çətinliyə qatlaşırlar. Onlar erməni üzərinə davaya deyil, torpaqlarını görməyə, uşaqlıqlarını xatırlamağa, valideynlərinin məzarlarını ziyarət etməyə gedirlər. İnsanın keçmişini axtarmasından, ona can atmasından təbii nə ola bilər ki?! Bəs onlar kimi keçmişi əllərindən alınanlar nə etsinlər?

Film mükəmməl aktyor oyunu ilə də yadda qalır. Hikmət Rəhimovun səbri, Rasim Cəfərovun çılğınlığı, Mehriban Zəkinin qadınlıq vüqarı, analıq hissiyyatı, Kamran Ağabalayevin qüruru canlandırdığı rolları ayrı-ayrılıqda xarakterə çevirə bilir.

Tam əminliklə demək olar ki, "Üçüncü günün adamı" son illərdə Qarabağ mövzusunda çəkilmiş ən yaxşı ekran əsərlərindəndir. Bu münasibətlə yaradıcı heyəti təbrik edir, filmin yeni uğurlarını gözləyirik!

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2019.- 24 yanvar.- S.7.