Mənim vaxtım vardı
Esse
Bu sərlövhəni iki səbəbdən seçmişəm. Birinci səbəb: son otuz ildə yüzlərlə insanlar mənə deyirdilər ki, onlar yaxşı roman, pyes, oçerklər yazmaq iqtidarında olublar, lakin buna guya vaxt tapa bilməyiblər. Neyniyək, mənim isə həmişə vaxtım olub və bundan belə də olacaq.
İkinci səbəbin kökləri isə daha dərindir. Çox vaxt bizə elə gəlir ki, zəmanədən kənarda yaşayırıq və dayanıb uzaqlardan ona təəccüblə nəzər yetiririk. Reallıqda isə bizim az və ya çox olanımız yalnız bunlardan ibarətdir. Özümüzü kimə oxşatsaq belə (məsələn, ölməz düha sahibinə, qısa müddətə buraya sürgünə göndərilənlərə, yaxud da danışan sürünənlərə, ağıl və dərrakəyə görə meymunlardan fərqlənənlərə və bəşəri qarmaqarışıqlıqları, ümidsizlikləri hansısa başqa bir planetə köçürməyə, demək olar ki, hazır olanlara), yer üzündə olan-qalan nəyimiz varsa, o da vaxtımızdır. Bizim hər birimiz üçün neçə gün, neçə saat, neçə dəqiqə sonra gün işığı həmişəlik sönəcək və uğur qazanmağın şansı itib gedəcək. Əgər kompüterə lazımi məlumatları daxil etsək, o, birbaşa bunun nə vaxt baş verəcəyini bildirəcək. Çox vaxt biz əlimizdəki işi saxlayaraq fikirləşirik ki, buna sonra vaxt taparıq. Amma vaxtdan ayrı olmadığımızın fərqinə isə qətiyyən varmırıq.
Kainatın intəhasız ənginliklərində yol azan insan daim nəyəsə ümid bəsləyir, nəyinsə arzusunda olur. Amma onun cəsarətli istehza hissi bu ümidlərdən və arzulardan daha əfzəldir. Burada, bu torpaqda amin turşularından istehzalı spirt hazırlamağa öyrəşiblər. Və qoy altmış beş yaşlı ingilis yazıçısına bu xüsusi növ alkoqola (mən onu ağıllı viski də adlandırardım) meylliliyini günah saymasınlar. Mən Şotlandiya, İrlandiya deyil, məhz ingilis yazıçısı dedim. Çünki İngiltərədə yazıçıya şübhə ilə baxırlar. Bir qisim adamlar üçün bu, həmişə çalışan, harasa üz salan və yalnız çubuqlar altında işləməyi bacaran insan, digərləri üçün şübhəli tip, üçün dördə nisbətinə şeytan, dördün birə nisbətinə qara sehrbazdır. Mən ona altmış beş yaş verdim, çünki özüm də bu yaşdayam. Əlbəttə, daha gənc deyiləm, amma səksən yaşlı müdrik ağsaqqal da deyiləm. Mən olsa-olsa uzun müddətdən bəri dünyanı gəzib dolaşan sadə, yaşlı, bezdirici bir insanam. Odur ki, özümə daha bir istehza dolu qədəh sifariş verəcəyəm. Səfər öncəsi bunun heç bir ziyanı olmaz.
Bir müddət əvvəl "Ədəbiyyat və Qərb adamı" adlı böyük həcmli kitabımı çap etdirdim. Deyim ki, bu kitab böyük əzab bahasına mənə başa gəlmişdi. Şikayət edə bilmərəm, çünki kitab dövrü mətbuat tərəfindən çox yaxşı qarşılanmışdı.
Amma qırx il öncə, Kembricdə oxuduğum vaxt, yerli naşirlərin dəstəyi ilə "Şən xəlitə" adlı xırda bir kitabçam çap olunmuşdu. Təsəvvür edin ki, bu kitab məziyyətinə görə də olmasa, qısalığına görə daha yaxşı qarşılanmışdı. Onun barəsində tanınmış tənqidçilər, o cümlədən, Edmund Qoss xoş sözlər yazmışdılar. Ümumilikdə isə kitab mətbuatda hər gənc müəllifə nəsib olmayan böyük əks-səda doğurmuşdu. Elə birinci mizandan güllə düz nişangaha dəymişdi. Oyunda udmuş adam kimi iki əlli pulları qamarlamağa hazır idim. Mən şöhrətin, ya da ona oxşar hansısa işarənin yolunu gözləyir, eləcə də tamaşaçı marağının gurultusuna, kitabın yenidən nəşrinə ümid bəsləyirdim. Amma bunların heç biri olmadı (Əl parçası boyda birinci kitabımın satışının başa çatmasından isə bir neçə il keçdi). Beləliklə, karyeram əsl uğursuzluqdan başlamış oldu.
Bilmirəm bunu necə izah edim, nə səbəbdən indiyədək hər şeyə şübhə ilə yanaşıram, öz xoşbəxt taleyimdən heç vaxt razı qaldığımı büruzə vermirəm, daim sifətimi narazı adamlar kimi turşuduram. Az qala kimsə qayıdıb deyəcək: "Sizin qeyri-adi müvəffəqiyyətiniz". Mən isə bu cür təmtəraqlı, gəlişigözəl teatral sözlərə həmişə nifrət etmişəm. Belə tərifedici ifadələr bir qayda olaraq hər premyeradan sonra ünvanıma göndərilmiş təbrik teleqramlarında öz əksini tapırdı.
Jurnalistlər adətən müvəffəqiyyət barəsində məndən soruşarkən, elə bil nəsə tamamilə konkret və maddi bir şeydən, məsələn, yük maşını boyda bir tikə şokoladdan danışırlar. Bizim dövrümüzdə yazıçı özünün hansısa əsərinin müvəffəqiyyəti və ya uğursuzluğu barədə fikirləşə bilər. Amma o, heç vaxt, əgər ictimai görüş dairəsi olmayan və şəxsi mənafeyi ilə yaşayan adamdırsa, müvəffəqiyyət qazanmaq nöqteyi-nəzərindən öz həyatı və yaradıcılığı haqqında düşünmür.
Beləliklə, "Şən xəlitə" kitabımın çapından sonra mən hələ Kembricdə idim. Keçmiş hərbi qulluqçu kimi təqaüd alsam da, bu, mənə kifayət etmirdi. Ona görə də qazanc dalınca getməyə qərar verdim: əsərlər yazmaqla yanaşı, dərs verir, mühazirə oxuyur, bunun hesabına bir-iki gineya (ingilis qızıl sikkəsi - tərc.) alırdım. İkinci ilin sonlarında, təqaüdün almasına bir az qalmış mən evlənərək hər cür vəzifələrlə yüklənmiş ailənin başçısı oldum. Bu vaxt artıq 27 yaşım vardı - bu qədər vaxtı orduda itirmişdim.
Mənə təqaüd verməkdə davam edirdilər, odur ki, üçüncü ilə Kembricdə qalmaqla tədqiqat üçün mövzü seçdim: necə dolanmalı, güc-bəla ilə keçinməli. Bəs sonrası necə olsun? Doğrudur, xaricə gedib müəllimlik etməyə imkanım vardı. Amma mənim üçün qaranlıq qalmışdı: "Tayms"ın səhifələrində valyutası heç vaxt yer almayan gedəcəyim həmin kiçik və uzaq ölkələrdə mənə nə qədər əmək haqqı verəcəklər. Belə olan təqdirdə peşə hazırlığı kurslarında mühazirəçi kimi çalışmağa qərar verdim. Sınaq mühazirəni kursların direktoru üçün oxudum. Görünür, mühazirə direktorun xoşuna gəlmişdi və gözləmədiyim halda işə qəbul olundum. Tezliklə mənə bildirdilər ki, artıq payızdan mühazirəçi işinə başlaya bilərəm. Bunun üçün isə Şimali Devonşirdə geniş bir rayon ayırdılar. Amma yay semestri hələ qurtarmamış mən daimi iş yeri haqqında bütün fikirləri başımdan çıxartdım. Doğrudur, mənim bu hərəkətim Bredfordda evdəkilər tərəfindən narazılıqla qarşılandı. Bununla belə, mən Londona gedib müstəqil sənətkar olmağa qərar verdim. Mənim arvadım vardı, tezliklə uşaq doğacaqdı, bütün var-yoxumuz isə cəmi əlli funtdan ibarət idi.
Bu gün reklam plakatlarında mütəmadi olaraq çox cavan insanlara rast gəlirəm. Onlar işəgötürənlərə inamsız halda baxaraq soruşurlar: "Bu iş yaxşı təqaüd almağa təminat verirmi?" Deməliyəm ki, hələ heç bir işdən yapışmamış, amma indidən təqaüd və təntənəli dəfn barədə düşünən belə cılız fikirli gəncləri ciddi qəbul edə bilmirəm. Onların reklam mifologiyası dünyasında mövcudluğuna isə şübhə ilə yanaşıram. (Əslində, siyasətçilərin yarısı bu dünyada, digər yarısı isə bizimkində yaşayırlar). Mən möhkəm inanıram ki, hər cür, hətta ən ağılsız layihə - onun həyata keçməsi təhlükəli olsa belə - bir anda ətrafına öz xoşbəxtliyini sınağa qərar verən çoxlu cavan insanlar yığacaq. Fikirləşməyin ki, loğvalıq edirəm, əsla yox! Mən nəyə nail olmuşamsa, özümə borcluyam. Yadıma işsiz ikən Londona getdiyim vaxtlar düşür. Mən sadəcə fakta istinad edirəm.
XX əsrin iyirminci illərində cavan yazıçıların vəziyyəti indikindən xeyli yaxşı idi. Amma burada bəzi məsələləri dəqiqləşdirmək vacibdir. Həqiqətən də bu gün çoxlu pul qazanmaq olar.
Bunun üçün kino, televiziya, radio var. Bununla belə,
cavan yazıçı çox hallarda tələyə
düşməyə can atır. Tələyə
düşən isə qazancını vergiyə və digər
yerlərə xərcləməli olduğundan
arzuladığı, həyatını sərf etmək istədiyi
işdən yapışmaqda çətinlik çəkir (Elə
bu səbəbdən də müharibədən sonrakı
İngiltərədə irihəcmli ədəbiyyat nümunələri
azlıq təşkil edirdi. Amma Amerikada isə
bu sahədə vəziyyət olduğundan da yaxşı idi -
orada yazıçılara subsidiyalar, mükafatlar, təqaüdlər
verilirdi).
Mənim
nəslim, olan-qalan kim varsa, xoşbəxt yaşayıb:
biz resenziyalar, tənqidi məqalələr, oçerklər,
hekayələr yazmaqla ruzmizi çıxara bilirdik. O vaxt bunun
üçün bugünkündən on dəfə artıq şərait
yaradılmışdı. Biz
yaradıcılıq təşəbbüsü olmayan kustar sənətkara,
hədyançı və cızmaqaraçı qələm əhlinə
çevrilmək qorxusundan uzaq idik. Həm
də o vaxt yazıçı və jurnalist əməyi
yüksək dəyərləndirilirdi (Mən hətta əyani
misal olaraq rəqəmlər də göstərə bilərdim,
amma fikrimcə, göstərəcəyim faktlar bəzilərini,
o cümlədən, yazıçıların iqtisadiyyatdan kənar
olmaları, nektarla qidalanmaları və quş südü
içmələri barədə düşünən
oxucuları qorxuda bilər). Əlbəttə
ki, şəxsən mən iki nəfərin əvəzində
işləməyə məcbur idim, sutkalarla yazı
masasından qalxmırdım, amma əvəzində isə nəinki
gündəlik ruzu problemini həll edə bildim, hətta uzun
müddətdən bəri xəstə yatan arvadımın
müalicəsi üçün də maddi yardım göstərirdim.
Londonda ikən o dövrün ədəbi aləmində
tanınmış simalardan sayılan C.Skuayrın köməyi
mənə hamıdan çox dəydi. Bizi onunla hələ Kembricdə
şair dostum Edvard Devison tanış
etmişdi. Tanışlığımızın
əsası isə mübahisə zəminində
qoyulmuşdu. Doğrudur, bu mübahisə
zaman etibarı ilə qısa olsa da, çox kəskin
alınmışdı. Bəlkə də
elə bunun nəticəsi olaraq Skuayr mənə başqa nəzərlərlə
baxmağa başlamışdı. Yəqin
ki, o, mənim də Samyuel Conson kimi çox sərt, potensial tənqidçi
və esseist olacağıma ümid edirdi. Elə
məni özünün "London Merküri" qəzetinə
əməkdaşlığa dəvət etməyə də
onu bu xüsusiyyətlər cəlb etmişdi. Skuayrın yanında mən yəqin ki, çox
çaşqın görünürdüm, əslində isə
özümdə heç bir çaşqınlıq hiss
etmirdim, sadəcə istəyim, arzum hər şeydən
öncə səfərbər olunmuş piyadaya köməklik
etməkdən ibarət idi.
Bir müddət sonra Skuayr məni "Deyli news" qəzetinin
ədəbi redaktoru Robert Lindin yanına yolladı. İşlədiyim
müddət ərzində qəzet üçün
çoxlu sayda resenziyalar qələmə aldım. Mahir
tənqidçi və esseist olan Lind şöhrətpərəstlikdən
tamamilə uzaq adam idi. O, təsadüfdən
təsadüfə kiçik həcmli məqalələr
yazır, bununla da öz işini bitmiş hesab edirdi. Lindin
gözəl xarakteri vardı, onun mühitində mən iyirmi beş ildən çox qayğısız,
qızıl əsrə bərabər həyat keçirdim. Əvvəl-axır qulaqlarım onun irlandca
mırtıldamasına, saatlarla uzanan xoş söhbətinə,
burnum isə içdiyi viskinin ətrinə öyrəşə
bildi. Tanıdığım
çoxsaylı yazıçılar sırasında söhbətlərinə
heyran olduğum Robert Lind və Uolter Delamar idi (Mənim London həyatımın
ilk illərində tez-tez Delamarın Anerlidəki evinə gedər,
onunla tap-tapmaca oynayardıq. Məndən
olsaydı, elə indi də, əgər dəvət etsəydilər,
tapmaca oynamağa gedərdim. Hərçənd ki, daha
heç kim dəvət etmir, guya
vaxtları yoxdu, öz mühüm işlərinin
görülməsi ilə məşğuldurlar). Əsla yox,
Lind və Delamar barəsində söylədiklərimdə
heç bir bər-bəzək, şişirti yoxdur! Onların hər ikisi ən yüksək şərəfə
və ehtirama layiq insanlardır. Əslində,
yazıçılar çox nadir hallarda maraqlı həmsöhbət
ola bilirlər. Adətən
onlar qaradinməz və özünə qapanan şəxs təsiri
bağışlayırlar. Əgər
hansısa işin öhdəsindən nəzərdə
tutulmuş vaxtda gəlməyəndə sifətləri
dönür, zəhər tuluğuna çevrilirlər. Onlara ciddi yanaşdıqda, özlərinə
qarşı daha ciddi yanaşmaqla bərabər, həmçinin,
dövlət kişiləri kimi özündənrazı və
əməlisaleh olurlar. Şəksiz ki,
yazıçılıq da həyat üçün təhlükəli
peşələr siyahısna daxil edilməlidir. Yazıçılıq səni didib
dağıdır, heç bir iz saxlamadan çeynəyib udur.
Saatlarla hörümçək kimi tək
oturub, öz torunu toxuyursan. Yaradıcılıq prosesi
çox yaxşı, rəvan gedə bilər, amma onun nəticələrini
ağ kağız üzərinə
köçürmək ağır zəhmət tələb
edir. Rəssamlarla heykəltəraşlar
müxtəlif materiallardan, alətlərdən,
yardımçı vasitələrdən istifadə etməklə
şən əhval-ruhiyyə ilə işləyir və
yaxşı da istirahət edə bilirlər. Aktyorlar da iki-üç saatlığa teatrı
unudub, yazıçıların əksəriyyətindən fərqli
olaraq, vaxtlarını xoş keçirmək iqtidarına
malik insanlardır. Bunu, musiqidə özlərini
baş rolda sayan dirijorları çıxmaq şərtilə,
digər başqa musiqiçilərə də şamil etmək
mümkündür. Qoy bu deyilənlər öz sevimli
yazıçıları ilə görüşməyə
can atan oxuculara (belələri hələ var) xəbərdarlıq
olsun: onları məyusluq gözləyir.
Elə həmin
Skuayr məni "Bodli Hed" nəşriyyatının rəhbəri
Con Leynə daxili rəyçi vəzifəsinə işə
götürməyi məsləhət gördü (O vaxt rəyçi
və zibilçi işinə tələbat çox idi, indi
isə bu adamlar "ədəbi məsləhətçi"
və "texniki heyət" adlandırılır). Həftədə
bir dəfə mən vaxtımı Viqo-Stritdə keçirməklə,
az-çox diqqəti cəlb edən əlyazmaları nəzərdən
keçirir və ağ şeirlərlə
yazılmış min səhifəlik Yerusəlim tarixini, yaxud
da Stokportun həyatı barədə xatirələri müəlliflərinə
qaytarırdım. Qalan işləri isə evdə
görür, həmçinin, özümün gündəlik
yazılarını başa çatdırırdım. Buna görə həftədə mənə altı
funt zəhmət haqqı ödənilirdi. Hər halda
bu, 1923-cü il üçün az pul
deyildi, belə ki, səkkizdə bir funtla yeddi dəfə nahar
etmək mümkün idi.
Əlyazmaları bir qayda olaraq tez və səbirsizliklə
oxuyub başa çatdırırdım. Amma yadıma
düşmür: qaytardığım əlyazmalardan hansı
birisə sonradan digər nəşriyyatlar tərəfindən
çap edilsin, yaxud da səs-küy doğuran kitab olsun. Qrem Qrinin və Sesil Skott Forsterin ilk romanları şəxsən
mənim rəyim əsasında nəşr olunub (Hərçənd
ki, bu müəlliflərdən bəziləri, o cümlədən,
Qrin sonralar digər yerlərdə çap olunmağa
üstünlük verdilər).
Con Leynlə
tanış olarkən çox güman ki,
o, mənim indiki yaş dövrümdən bir-iki il
böyük olardı. İlk görünüşdən
saqqallı, balacaboy, qırışıq sifətli,
yarıkor (o, elə pis görürdü ki, artıq oxuya da
bilmirdi) Leyn mənə köhnə kişi
təsiri bağışlamışdır. Danışığı
və hərəkətləri ilə o, yenilməz naşirdən
daha çox təqaüdçü diplomatı və ya zəngin
diletantı xatırladırdı. 1890-cı
illərin simvoluna çevrilmiş Con Leyn Dvonşirdə
kiçik fermerin oğlu idi. Londona gələndən
sonra o, düz on səkkiz il dəmir yolunda
kargüzar işləmişdi. Görəsən,
ömür yolu dəmir yolunda kargüzarlıqdan başlayan
böyük naşirlər bu gün də varmı? Bizim
indiki cəmiyyətimiz səksən il
bundan öncəkindən daha azad və açıqdır,
geniş imkanlar bəxş edir deməklə
özümüzü aldatmırıqmı? Mən
burada torpaq alqı-satqısını, reklam işlərini,
kommersiya televiziyasını və bank oğurluqlarını
deyil, cəmiyyətin fəaliyyətinin baş
çıxardığım sahələrini nəzərdə
tuturam.
Mən əsasən
"London-Merküri", "Bukmen", "Spekteytor",
"Saterdey revyü", "Autluk" jurnalları,
"Deyli news", "Deyli kronikl" qəzetləri və
daha bir neçə dövrü nəşrlər, o cümlədən,
adlarını unutduğum iki aylıq jurnal üçün
resenziyalar və tənqidi məqalələr yazırdım. Əslində isə anonim resenziyalar və tənqidi
məqalələr dərc edən redaksiyalardan həmişə
uzaq olmuşam. Mənim qənaətimcə,
imzasız resenziyalara heç güzəşt oluna bilməz
(Yəqin ki, biz hətta bu gün də Tennisonun şeirlər
kitabı haqqında 1882-ci ildə "Kuorterli"
jurnalında Lokart, yaxud Kroker imzası ilə dərc
olunmuş iftira, ədavət, qərəz dolu yazının
müəllifinin kim olduğunu bilmirik). Bu
cür anonimlik çirkli işlərin müəlliflərini
mükafatlandırır. Filip Quedalla belələrini
"sakit qatillər" adlandırıb. Olub
ki, mən də yaşlı romançılar, məsələn,
Arnold Bennetlə münasibətlərimdə
yanlışlığa yol vermişəm. Amma mən heç vaxt redaktorun sifarişi ilə
kimi isə tənqid etmək istəyindən uzaq olmuşam.
Yeni kitablar bölməsini apararkən müstəqil
qaydada nədən yazmağı özüm ayırd edirdim.
Xoşuma gəlməyən kitabların
üstündən isə sükutla ötüb keçirdim.
Dişsındıran resenziyalara (çünki
bu tip yazılar həm asan alınır, həm də
yaxşı oxunur) üstünlük verən redaktorlar əslində,
elə bil ki, bu qəzetdə çalışmırlar.
Onlara Flit-stritin "ədəbi" tərəfini
tərk edib, digər tərəfə keçmələri
lazımdır. Qələmlərini
mürəkkəbin əvəzinə zəhərlə
doldurmuş jurnalistlər isə həmin zəhərdən
günahsız və ziyansız romanlara, şeirlərə,
esse kitablarına çiləməkdənsə, öz nəzərlərini
ictimai həyata cəlb etmələri daha məqsədəuyğun
olardı.
Jurnalistikada
otuz beş il bundan əvvəl
buraxılmış səhv hələ də düzəldilməmişdir.
Gülməli də olsa, qəzet səhifələrində bədii
ədəbiyyatla bağlı yazılmış resenziyalara
çox az yer ayrılır. Yeni bədii əsərlər,
ədəbi hadisəyə çevrilmiş romanlar barədə
yazılan fikirlərin yerini, hansısa şablon tərcümeyi-hal
və ya darıxdırıcı memuarları mədh edən
cızmaqaralar əvəz edir. Biz hələ də
XIX əsrdə yayılmış baxışlardan qurtula bilməmişik.
Həmin dövrdə romanın oxunmasını
boş və ağılsız məşğuliyyət hesab
edən kişilərə bu günün özündə də
rast gəlmək mümkündür. Belələri deyirlər: "Roman? Mən
heç vaxt onu əlimə götürmərəm! Vaxtımı roman oxumaqla keçirməkdənsə,
daha vacib işlərə sərf edəcəyəm".
Vacib iş deyəndə isə belə kişilər adətən
"Səfərdə keçən illər" və
"Fransız krallarının məşhur məşuqələri"ni nəzərdə tuturlar.
Həmin dövrdə gənc ingilis
yazıçısı üçün ciddi ədəbi tədqiqatlarla
məşğul olmaq heç də asan deyildi. Elə bu
gün də vəziyyət eynidir. Mənim
isə iki körpə uşaq və xəstəxanadan
verilmiş bir qalaq borc siyahısı ilə bu barədə
düşünmək heç ağlıma da gəlməyib.
Həm də bu, elə vaxtlara təsadüf etmişdi ki, iki
kitabımın - "İngilis yumoru" və
"İngilis komik personajları"nın
eskizlərini hazırlayıb başa
çatdırmışdım. Sonralar Ralf
Riçardson və Çarlz Lauton mənə
danışmışdılar ki, onlar uzun müddət
"İngilis komik personajları" kitabımın təsiri
ilə yaşamışlar. Doğrusu, onların dediklərinə
adamın inanmağı da gəlmirdi: necə ola
bilər ki, mənim kitabım iki nəhəng aktyora professional
köməklik göstərmiş olsun?! "Makmillan" nəşriyyatından
"İngilis ədibləri" seriyası ilə iki
kitabımın nəşri üçün sifariş
almışdım (Yadıma gəlir, redaksiyada həmin
kitablardan birinin müzakirəsində Harold Makmillan adlı
birisi də iştirak edirdi). Kitablar Pikoka və
kürəkəni Corc Mereditə həsr olunmuşdu. İntellektualların pərəstiş etdikləri
Corc Meredit artıq dəbdən düşmüşdü, ya
onu ümumiyyətlə duymurdular, ya da qiymətləndirmirdilər.
Burada cavan yazıçılara necə öyüd-nəsihətin
verilməsini yada salmaq yerinə düşər. Meredit
haqqında kitab üzərində işlədiyim vaxtlar şəhər
kənarında, Çinnor deyilən ərazidə
yaşayırdım. Amma bununla belə,
vaxtımın çoxu Londonda keçirdi. Belə ki, tez-tez Qayın xəstəxanasında
arvadıma baş çəkməli olurdum (Xəstəxananın
əsası 1821-ci ildə kitab ticarətçisi Tomas Qay tərəfindən
qoyulmuşdur). Bir dəfə
axşamçağı evə çox əsəbi vəziyyətdə
qayıtdım, heç yerdə özümə yer tapa
bilmirdim. Dərddən az qala dəli
olmaq dərəcəsinə çatmışdım. Əgər bu anlarda şəhərdə
olsaydım, fikrimi dağıtmaqdan ötrü dostlarımla
birlikdə ya pivəxanaya, ya kinoya gedə bilər, ya da sadəcə
küçələri gəzib-dolaşardım. Amma mən hazırda Çinnorda idim. Axır ki, sadəcə vaxtı öldürməkdən
ötrü nəsə yazmaq, yüngülləşəndən
sonra isə yazdıqlarımı cırıb atmaq qərarına
gəldim. Stolun üstündə Meredit
haqqında kitabımın planının eskizləri
qoyulmuşdu. Kitabın fəsillərindən
birini (ancaq birincisini deyil) seçərək, astaca, səy ilə
işləməyə başladım. Bir saatdan sonra
fikirlərimi daha rahat və sərbəst şəkildə ağ vərəqlərin üzərinə
köçürə bilirdim. Deyim ki, həmin fəsil
kitabın ən maraqlı yerlərindəndir. Mən ta səhərəcən yazdım, fikirlərimə
və düşüncələrimə hakim kəsilməklə
mənə üz vermiş dərd-bəlanı da tamam unutdum.
Özünü
yazıçılığa həsr etmək istəyənlərə
müraciət edib bildirmək istəyirəm ki, həmin vaxt
işlədiyim mövzu şəxsi həyatımdan fərqli
dərəcədə uzaq idi və öz əzablarımı
yüngülləşdirə bilmədiyimdən onları
kağız üzərində əks etdirirdim; yalnız fikirləri
cəmləşdirmək, gərginlik, üstəlik, yazı
prosesinin özü mənə ağrı-acılardan
qurtulmağa və eyni zamanda, yaxşı bir iş üzə
çıxarmağa kömək etdi.
Elə bilirəm nəyə işarə etdiyimi anlayanlar oldu: yaxşısı, yazıçı olmaq fikrindən daşınasan. Yox, əgər sən həqiqətən də yazıçı olmağı qarşında məqsəd qoymusansa, onda yaz. Əzginlik hiss edirsən, başın ağrıdan partlayır, heç kim səni sevmir - yaz. Əgər sən böyük dahisən, öz qanun-qaydalarını yaradırsan, yox əgər belə deyilsə, kimdən və ya nədənsə ehtiyat etməyə əsas varsa, onda stola yaxınlaş, əhval-ruhiyyənin fərqinə varmadan kağızın soyuq çağırışını qəbul et və yaz. Əvvəl-axır ilham səni dəyərləndirərək sədaqətliliyini mükafatlandıracaq. Yox, əgər söylədiklərim sənə cəfəngiyat, boş və mənasız görünürsə, onda heç vaxt qələmlə bir tikə çörək qazanmağa cəhd eləmə. Özünə başqa məşğuliyyət tap və işə başla. Onda özün də yəqin edərsən ki, girişdiyin yeni iş sənə yaxşı təqaüd almağa təminatçıdır.
Con Boynton PRİSTLİ
Tərcümə edən: Ağaddin
Babayev
525-ci qəzet.- 2019.- 25 yanvar.- S.8.