General İsmayıl xan
Kəngərli-Naxçıvanskinin ömür yoluna bir nəzər
İsmayıl
xan Kəngərli-Naxçıvanski 90 il
ömür sürsə də, hərbi və ictimai fəaliyyəti
sovet dövründə öyrənilməyib, adı belə
çox az hallarda çəkilib.
Odur ki, ensiklopediyalarda da onun haqqında çox qısa məlumatlar
verilib. Halbuki Rusiya imperiyasının arxivlərində və
o dövrdə nisbətən qapalı saxlanılan kitabxana
fondlarında onun hərbi fəaliyyəti, ümumiyyətlə,
ömür yolu haqqında xeyli sənədlər, kitablar
vardır.
Ömrünün 69 ilini hərb sənətinə həsr
edən, döyüş cəbhələrində ən
qorxulu sahələrdə, qanlı döyüşlərdə
böyük şücaətlər göstərən bu sərkərdənin
vətənə sədaqəti, doğma Naxçıvana
bağlılığı olduqca aktualdır.
XIX
yüzilliyin ortalarında və XX yüzilliyin əvvəllərində
öz adını Azərbaycanın və Rusiyanın hərb
tarixində qızıl hərflərlə yazan tam süvari
generalı İsmayıl xan Naxçıvanski 5 yanvar 1819-cu
ildə Naxçıvan xanlarından olan məşhur sərkərdə
general-mayor I Ehsan xan Naxçıvanskinin ailəsində anadan
olub.
Rusiya Dövlət Hərbi-Tarix Arxivində general
İsmayıl xana məxsus xidmət siyahılarının
orijinalı, Naxçıvan Muxtar Respublikasının Dövlət
Arxivində isə surəti saxlanılır. Həmin sənədləri
araşdırarkən bilindi ki, İsmayıl xanın anası
Xırda xanım olub.
İsmayıl
xan Naxçıvanski ilk təhsilini atası I Ehsan xanın
sarayında almış və fars dilini
mükəmməl öyrənmişdi. Sonralar atası I Ehsan
xan onu təhsil alması üçün Tiflisə
aparmış və kişi gimnaziyasına
qoymuşdu. İsmayıl xan həmin gimnaziyada
orta təhsil almışdır. Qeyd edək
ki, arxiv sənədlərində onun neçənci ildən
nə vaxtadək təhsil alması haqqında məlumat
yoxdur. Gürcüstan arxivlərində bu
istiqamətdə axtarışlarımız var.
Aparılan araşdırmalar göstərir ki, 1837-ci ildə
Rusiya çarı I Nikolay Cənubi Qafqaza səfərə gəlib. Çar I
Nikolayın xatirələrini qraf Aleksandr Benkendorf qələmə
alıb. O, I Nikolayın dilindən yazır: "... Vadiyə daxil olanda qarşımda döyüşə
hazır vəziyyətdə dayanmış bənzərsiz Kəngərli
süvarilərini gördüm. Onlar
hamısı eyni formada geyinmiş və yaraşıqlı
atların üstündə oturmuşdular. Onların rəisi
Ehsan xan atını mənim yanıma çapdı və
bizim nizamlı qoşunların zabiti kimi rusca raport verdi. Mən onların mühafizəsində məşhur
Üçmüəzzin monastırına gəldim... Öz zənginliyi
ilə mənim gözlədiyimə cavab verməyən
monastırdan çıxanda Kəngərli süvarilərinin
paradını qəbul etdim..."
Rusiya imperiyasının xüsusi ümidlər bəslədiyi
Naxçıvanın Kəngərli süvarilərinin hərbi
paradı 5 oktyabr 1837-ci ildə keçirilib. Bəzi məlumatlara
görə, bu baxışın təsvir olunduğu
açıqca da buraxılıb.
Ecazkar
atların üstündə oturan ağ
çərkəzi çuxalı cavan
döyüşçülərdən biri də 18
yaşlı İsmayıl xan idi. Buna görə
İsmayıl xan da xüsusi hazırlanmış
gümüş medalla təltif olunub.
İsmayıl
xan Naxçıvanski hərbi xidmətə 1 may 1839-cu ildə
başlayıb. O, Qafqaz müsəlman süvari polkunun naibi vəzifəsini
daşıyıb. Qeyd edək ki, o, 15 oktyabr
1839-cu ildə polka gəlib çatıb və fəaliyyətə
başlayıb. Çünki onun hərbi xidmətə
başladığı polk Varşava şəhərində
(Polşada) yerləşirdi.
İsmayıl xan Varşava ətrafında keçirilən
hərbi baxışlarda və təlimlərdə əla
bacarığına görə 28 oktyabr 1840-cı ildə
praporşik hərbi rütbəsinə layiq
görülür. Yüksək hərbi bacarığı
ilə həmişə seçilən İsmayıl xan 27 dekabr
1841-ci ildə poruçik, 29 fevral 1844-cü ildə
ştabs-kapitan hərbi rütbələrini alır.
Onun xidmət etdiyi ordunun baş komandiri
general-feldmarşal İ.F.Paskeviç idi. O, həm də atası
Ehsan xanın yaxın dostu olmaqla bərabər, Kəngərli
süvarilərinə xüsusi hörmət bəsləyirdi. Qraf Paskeviç gənc hərbçi İsmayıl
xanın hərbi istedadını çox yüksək qiymətləndirirdi.
Buna görə də 1844-cü ilin 2 may tarixində
İsmayıl xana 4 aylıq məzuniyyət verir və
Naxçıvana evlərinə yola salır.
Arxiv sənədlərindən məlum olur ki, İsmayıl
xan 4 aydan sonra bir daha Varşavada yerləşən hərbi
xidmət etdiyi polka qayıtmır.
Baş komandanın əmri ilə 3 mart 1845-ci ildə
Əlahiddə Qafqaz korpusunda süvari qoşunların hissəsində
hərbi xidmətini davam etdirir.
10 avqust 1845-ci ildə o, İranın 3-cü dərəcəli
Şir və Günəş (ulduzlu) ordeni ilə təltif
edilib və sinəsində gəzdirməyə icazə
verilib. 1846-cı ilin fevralında İsmayıl xanın
atası Zaqafqaziya Müsəlman qoşunlarının hərbi-yürüş
atamanı I Ehsan xan vəfat edir.
Atasının vəfatından sonra İsmayıl xan Kəngərli
tayfasının və Kəngərli süvarilərinin rəisi
təyin edilir.
Bu haqda verilən əmr 19 sentyabr 1847-ci ilə
aiddir. 23 avqust 1848-ci ildə Rusiya
çarı I Nikolay İsmayıl xanın atası
general-mayor I Ehsan xan hərbi fəaliyyətini nəzərə
alaraq onun oğlanları İsmayıl xana, II Kalbalı xana və
qızı Lalabəyimə yüksək təqaüd təyin
edir.
Hərbi xidmətini uğurla davam etdirən
İsmayıl xan 5 fevral 1853-cü ildə kapitan rütbəsinə
layiq görülür. 1853-cü ildə Kəngərli
süvarilərinin qoşun hissələri ləğv edilir.
Bu səbəbdən İsmayıl xan yenidən,
yəni 8 iyul 1853-cü ildə, Əlahiddə Qafqaz Korpusunda hərbi
xidmətə göndərilir. İsmayıl
xan 10 noyabr 1853-cü ildə İrəvan bəy drujinası
qoşunlarının rəisi təyin edilir. O, həm də
1 may 1854-cü ildə 4¹-li süvari müsəlman polkuna
komandir köməkçisi təyin edilir. İrəvan
dəstəsinin tərkibində olan 4¹-li süvari müsəlman
polkuna İsmayıl xan 5 dekabr 1854-cü ilədək komandir
köməkçisi kimi rəhbərlik etmişdir.
İsmayıl
xana əla hərbi xidmətinə görə 4 avqust 1855-ci
ildə rotmistr rütbəsi verilərək Əlahəzrətin
Saray qvardiyasının kazak polkuna dəyişdirilir.
13 oktyabr 1856-cı ildə 3-cü dərəcəli
Müqəddəs Stanislav (qılınclarla birlikdə) ordeni
ilə təltif edilmişdir. Əla
döyüş bacarığına görə 3 aprel
1860-cı ildə general İsmayıl xana polkovnik hərbi
rütbəsi verilir.
İsmayıl xan Naxçıvanski 1865-1867-ci illərdə
İrəvan bəy komissiyasının (Naxçıvan qəzası
üzrə) üzvü olmuşdur.
Rusiya
imperiyasının ordusunda zabit kimi 25 il
nümunəvi xidmətinə görə İsmayıl xana
müsəlmanlar üçün təyin olunmuş 4-cü dərəcəli
Müqəddəs Vladimir (bantla birlikdə) ordeni
verilmişdir.
İsmayıl xan Naxçıvanski 23 yanvar 1868-ci ildə
İranın 2-ci dərəcəli Şir və Günəş
(ulduzu ilə birlikdə) ordeni ilə təltif olunur. İsmayıl
xanın aldığı mükafatlar arasında 22 sentyabr
1872-ci ildə 2-ci dərəcəli Müqəddəs
Stanislav (imperator taclı) ordeni də vardır.
İsmayıl xan 5 may 1877-ci ildə İrəvan qeyri-nizami
süvari polkuna komandir təyin edilir.
O,
1877-1878-ci il rus-türk müharibəsinin
iştirakçısı olub. Onun formulyar siyahısından məlum
olur ki, İsmayıl xan 5 may 1877-ci ildən 28 yanvar 1878-ci ilədək
İrəvan qeyri-nizami süvari polkunun komandiri olmuşdur.
Qafqaz hərbi dairəsinin 123¹-li əmrinə əsasən
(5 may 1877) "ovçu müsəlmanlardan" və İrəvan
quberniyasının könüllü azərbaycanlılarından
təşkil olunan İrəvan qeyri-nizami polkuna komandirlik
etmişdir.
Tarixdə
"Bəyazid mühasirəsi" kimi (6-28 iyun 1877-ci il) qalan döyüşlərin qəhrəmanı
olan İsmayıl xanın igidliklərindən vaxtı ilə
az yazılıb. Lakin son illərdə
İsmayıl xan Naxçıvanskinin Bəyazid qalasında
göstərdiyi iradə və mərdlik haqqında ətraflı
yazılmışdır.
Moskvada
yaşayan tədqiqatçılar E.E.İsmayılov və
F.Nağdəliyev yazdıqları kitablarda unudulmaz generalın həyatı,
xüsusilə hərbi fəaliyyəti haqqında ətraflı
məlumat vermişlər.
Rusiya tarixçisi (təəssüf ki, artıq mərhum!) Rudolf
İvanov bu sırada xüsusilə fərqlənir. O,
general İsmayıl xanın həqiqi müdafiəçisi
kimi həmin illərin döyüş hünərlərini
başqalarının adına yazan müəllifləri,
həmçinin, Bəyazid qalası haqqında film çəkən
rejissorları mətbuatda tənqid etmiş və
özünün məşhur sənədli povestini
yazmışdır.
Bəyazid qalası mühasirədə qalarkən Rusiya
ordusunun qarnizonu xeyli itki vermişdir. Mühasirə
zamanı həlak olan və yaralı olan 9 zabit və 473
aşağı rütbəli döyüşçülər
qeydə alınmışdır.
Bu mühasirədə mərdlik, sədaqət və
yüksək döyüş hünərləri göstərən
İsmayıl xan 19 dekabr 1877-ci ildə general mayor hərbi
rütbəsi verilməklə, 31 dekabr 1877-ci ildə 4-cü dərəcəli
Müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Onun adı
Moskva Kremlində Georgiyevski salonunda mərmər lövhəyə
qızıl hərflərlə yazılmışdır (¹33).
Qeyd edək ki, 23 günlük Bəyazid mühasirəsi
haqqında danışmağı çar Rusiyası
qadağan etdiyi üçün general İsmayıl xan 18 il, hərbi jurnalistlərin təkidlərinə
baxmayaraq, heç bir müsahibə verməmişdir. Hətta general-mayor, ədəbiyyatçı
K.K.Heynsin də bu haqda təklifinə razılıq verməyib.
Amma 1895-ci ildə qardaşı II Kalbalı xanın
kürəkəni general Maqsud Əlixanov -Avarskinin arzusunu nəzərə
alaraq Bəyazid mühasirəsindən danışıb. İsmayıl
xan qalanın içərisində baş verən hadisələrə
aydınlıq gətirib. Çünki hələ
generalın sağlığında onun hünərlərini
başqalarının adlarına çıxmaq istəyənlər
vardı. Həmin müsahibədə ağ
bayraq qaldırmaq istəyən Paçeviçlə
bağlı hadisəni İsmayıl xan belə nəql edir:
"Artilleriya zabiti yel kimi yanıma gəldi. O, həyəcanlı
idi. Paçeviç ağ bayraq
qaldırıb. Artıq türklər qala
qapısındadırlar, - dedi. Bunu eşidən
kimi həyətə qaçdım. Gördüm ki,
zabit və əsgərlər yığışıb, uzun
bir ağaca ağ bayraq bağlayıb qala
divarına bərkidiblər. Onun yanında
Paçeviç və bir neçə zabit dayanıb. -
Ağalar, siz nə edirsiniz?! - deyə
qışqırdım. Biz
özümüzü və silahımızı təhqir etmək
üçünmü and içmişik?!
Ayıbdır! Axırıncı damla
qanımız qalana kimi Bəyazidi qoruyacağıq.
Əgər kim ayrı cür hərəkət
etsə, o, satqındır. Və əmr edirəm, yubanmadan atəş
açın! Rədd olsun ağ bayraq, atəş
açın, uşaqlar!
Ağ bayraq cəld endirilir, atəş
açılır. Birinci olaraq Paçeviç
ölümcül yaralanır. Həkimlər
nə qədər çalışırlarsa, onu xilas edə
bilmirlər. İyunun 16-da o, vəfat
edir".
“Mən hər dəfə təkrar edirdim ki. Bəyazid
qalasının təslim olmasına heç vaxt razı
olmaram. Çünki müsəlmanam.
Bilirəm ki, bunu əsas götürəcəklər
və digər minlərlə səbəblər axtaracaqlar”.
İsmayıl xan Naxçıvanski 28 yanvar 1878-ci ildə
İrəvan qeyri-nizami süvari polkunun komandiri vəzifəsindən
azad edilmişdir.
Bu igid naxçıvanlı sərkərdə 1878-ci ilin
28 yanvarından Qafqaz ordusunun sərəncamına
verilmişdir.
Arxiv sənədlərinə görə, 1890-cı ilin 28
oktyabrında Rusiya çarının əmri ilə
Naxçıvanda onun hərbi fəaliyyətinin 50 illik
yubileyi böyük təntənə ilə
keçirilmişdir. O zaman Naxçıvan zadəganları
İsmayıl xana qiyməti çox olan papiros qutusu
bağışlamışlar.
Tədbir keçirilən günün axşamı isə
Xan dikində, Ehsan xan sarayının önündə
böyük atəşfəşanlıq olmuşdur. O, 21 iyul 1883-cü ildə
3-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə
təltif edilmişdir.
İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski
yüksək döyüş bacarığına görə
6 oktyabr 1888-ci ildə müsəlmanlar üçün təyin
edilmiş 1-ci dərəcəli Müqəddəs Stanislav
ordeni ilə də təltif olunub. Rusiya
imperiyasının ordusunda yüksək sərkərdəlik
bacarığı və hərbi xidmətinin əlli illiyi ilə
əlaqədar olaraq 28 oktyabr 1890-cı ildə İsmayıl
xan süvari ordunun general-leytenant hərbi rütbəsi ilə
mükafatlandırılıb. Və ona ildə
2034 rubl təqaüd təyin olunub. Özünün
hərbi biliyini əsgərlərdən əsirgəməyən
İsmayıl xan 1 yanvar 1901-ci ildə müsəlmanlar
üçün müəyyən olunmuş 1-ci dərəcəli
Müqəddəs Anna ordenin, 10 mart 1903-cü ildə isə
İranın Şir və Günəş (ulduzlu) ordeninin də
kavaleri olmuşdur.
Rusiya Dövlət Hərbi-Tarix Arxivində
İsmayıl xanın 9 iyul 1908-ci ildə tərtib edilmiş
xidmət siyahısından aydın olur ki, o, hərbçiyə
aid olan bir təmiz ömür yaşamışdır. İsmayıl
xan Naxçıvanskiyə 18 avqust 1908-ci ildə süvari
generalı hərbi rütbəsi verilir və ordudan tərxis
olunur. Ona general mundirini saxlamağa və
geyməyə icazə verilir. İsmayıl
xana 1430 rubl təqaüd təyin edilir.
General
İsmayıl xanın 1908-ci ildə 2472 rubl əmək
haqqı alması haqqında məlumat vardır.
Ümumiyyətlə, İsmayıl xanın
döyüş şücaətlərinə görə
aldığı mükafatlar içərisində medallar da
vardır.
İsmayıl xan həm də Rusiya imperiyasının 5
medalını - "İmperatorun 1837-ci ildə Qafqazı
keçməsi" gümüş, "1853-1856-cı illər
üçün Xatirə medalı" açıq tunc rəngli,
“1877-1878-ci illər üçün Xatirə medalı”
açıq tunc rəngli, "İmperator III Aleksandrın
hakimiyyətinin xatirəsinə" və "İmperator I
Nikolayın hakimiyyətinin xatirəsinə"
gümüş medalı ilə təltif edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, İsmayıl
xan iki dəfə - 1883 və 1885-ci illərdə Rusiya
çarının tacqoyma mərasimlərinə də dəvət
edilmişdir. Bu münasibətlə ona
1883-cü ildə III dərəcəli "Müqəddəs
Vladimir" ordeni verilmişdir. 1888-ci ildə
isə Rusiya çarı Tiflisə gələrkən
İsmayıl xan da oraya dəvət edilmiş və bu
böyük sərkərdəyə "Müqəddəs
Stanislav" ordeni təqdim edilmişdir.
General İsmayıl xan dövrünün çox zəngin
zadəganlarından olmuşdur. Qıvraq, Şahbuz,
Nurs, Sirab kəndlərində malikanələri,
Naxçıvan şəhərinin mərkəzində,
İsmayıl xan hamamının qarşısında sarayı
olmuşdur. Sarayın hərtərəfi
bağ olmuşdur. Onun Naxçıvan
şəhərində karvansarası və əlavə olaraq
4 bağı olmuşdur. Çar hökuməti
ona və qardaşı II Kalbalı xana və bacıları
Lalabəyimə Ələhi, Bist və digər kəndləri
tiyul kəndlər kimi bağışlamışdır.
İsmayıl xan Naxçıvanda
yaşadığı illərdə quruculuq, maarifçilik,
xeyriyyəçilik işlərinə yaxından köməklik
göstərib. Hətta yazıçı Məmməd Səid
Ordubadinin atası Hacı Fəqir Ordubadi general İsmayıl
xana mədhiyyə-qəsidələr də yazıb:
İsmayıl
Xan Naxçıvaniyə
Ey vuran tənə
cəlal ilə şəhi-xaqanə,
Ey olan şöhrət ilə rəşk məhi-tabanə.
Şükrlillah
ki, səni xaliqi-bimisli-nəzir,
Eyliyib rüknü sütun
xaneyi-din, imanə.
Edə hər
kimsə həsəd şan ilə bu şövkətüvə,
Hədəf olsun cigəri nizə ilə peykanə.
İzzətü
cahü-cəlalın ola dərya-dərya,
Nə qədər
kim, səhərin badi əsər bostanə
Ey olan həzrəti
- İsmayilə həmnami-əziz,
Ey olan qabili-layiq kərəmi-sübhanə.
Aparır
rəşki-həsəd rizişinə əbri-bahar,
Hümmətin tənə vurar sübhü məsa
ümmanə.
Görüm, ey xan, sizin övladları həqq edə
hifz.
O ğəmi-hadisədən
kim, yetişir dövranə.
Zilli-lutfi-kərəmüz
düşməsə gər fərqimizə,
Bigüman, kafər edər din evini viranə.
Siz kimi
sahibi-ehsani-mürüvvət ki, dəxi,
Bir nəfər gəlmiyəcək daireyi-imkanə.
Möhnəti-dərdü
ğəmi-hadisə bimariləri,
Yüz bu dərgahə qoyub, cümlə gəlib dərmanə.
Məni-nalani
də, ey xan, bu qədər qüssəvi-ğəm,
Zar dilxəstə qılıb, həm yetiribdir canə.
Dut mənim
də əlimi,dutsun əlin şiri-xuda,
Qoyma düşmən sala bu həddə bizi böhtanə.
Eylə
bir nameyi-fərman kərəm, ey xanı-kərim,
Bu Fəqiri-dili-xyngəşteyi-sərgərdanə.
10 fevral 1909-cu ildə səhər saat 7-də 90
yaşlı İsmayıl xan Naxçıvanda dünyadan
köçüb. Bu qəhrəman sərkərdəni
Qafqaz canişinliyi təntənəli surətdə dəfn
etdirib. İsmayıl xan
Naxçıvandakı İmamzadəyə bitişik tikilən
Naxçıvan xanlarının sərdabəsində
atası Ehsan xanın, qardaşı II Kalbalı xanın və
oğlu Aman xanın yanında dəfn olunub. General İsmayıl xan Naxçıvanski məşhur
hərbçi Novruz ağa Kəngərlinin qızı
Xanımcan xanımla ailə qurmuş və bu nikahlarından
12 övladları olmuşdu. Qeyd edək
ki, Rusiya arxivlərində İsmayıl xana aid xidmət
kitablarında onun övladlarının hamısının
adları qeyd edilməyib.
Bu yaxınlarda Naxçıvan MR Dövlət Arxivində general İsmayıl xanın Zaqafqaziya Ruhani İdarəsinə yazdığı ərizəni tapdıq. Ərizə rus və fars dillərində yazılıb. Həmin ərizədə göstərib ki, oğlanlarından başqa 6 qızı da vardır.
General İsmayıl xanın oğlanlarının adları aşağıdakı kimidir: (6 oğlan və 6 qız).
Aman xan (1845-1891), Bəhman xan (1851- ?), Həbubulla xan (1852 - ?), I Əziz xan (1857 - ?), II Əziz xan (1860-1883), Rüstəm xan (? - ?). Rusiya arxivlərindəki sənədlərdə onun oğlu Rüstəm xan qeyd edilməyib. Belə bir sənəd Naxçıvan MR Dövlət Arxivində vardır.
General İsmayıl xanın özü qızların siyahısını Naxçıvan "Cümə məscidi”nin Naxçıvan şəhərinin 1889-cu ilə aid ailə siyahısından götürdüyünü qeyd edib. Onun qızlarının bu siyahıya görə doğum tarixlərini də müəyyən etmək mümkün oldu.
Qızları: Tərlan xanım 50 yaşında (1847 - ?), Xırda xanım (rus arxivlərində Xardı kimi yazılıb - müəllif) 44 yaşında (1853 - ?), Səltənət bəyimxanım 43 yaşında (1854 - ?), Şirin xanım 37 yaşında (1860 - ?), Bəyim xanım 34 yaşında (1863 - ?), Sitarə bəyim 32 yaşında (1865-?) (1). Qeyd edək ki, Şirin xanım Maku xanlarından olan Kamilpaşa xanın anasıdır. Onların evində general İsmayıl xanın fotoşəkli olub. Bu istiqamətdə axtarışlarımız var.
General İsmayıl xanın ikinci həyat yoldaşı Abbasqulu xan İrəvanskinin qızı Şövkət xanım olub. Onların nikahından övladları olmayıb.
Qeyd edək ki, kitablarda və dövri mətbuatda general İsmayıl xanın fotoşəkli kimi təqdim edilən foto generalın deyil. Bu foto onun qaynı, podpolkovnik İsmayıl ağanındır. Foto Naxçıvan MR Dövlət Arxivində saxlanılır. Fotoşəklin arxasında yazı vardır. Bununla bağlı “525-ci qəzet”də yazımız çap olunub.
Həyatı və fəaliyyəti hələ
tamamilə araşdırılmamış İsmayıl xan
Naxçıvanskinin ömür yolu bu gün də, sabah da Azərbaycan
xalqının, o cümlədən,
naxçıvanlıların qürur yeridir.
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi,
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 25 yanvar.- S.6.