“Kamança” səsi...   

 

 

Dahi Mirzə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə

 

Gör nə qədər zaman keçib?! Əslində, “nə qədər” ifadəsini zaman məhfumuna aid etmək olarmı, bilmirəm! Yaşadıqca vaxt anlayışının necə şərti, həm də hərəkətdən, hadisədən, mövcud şəraitdən, tarixdən asılı olduğunu görürsən. Bəzən də sadəcə ovqatdan, ətrafındakı rənglərdən, yaxud içindəki ab-havadan. Məsələn, sevincli anlarındakı bir saatla ürəyin sıxılanda keçirdiyin bir saat arasında nə qədər zaman fərqi olur, bilirsənmi?! Çox... Yer üzünün bütün “dəqiq”ləri “mücərrəd”lərdən asılıdı... Hə, hər il 20 yanvarda adama elə gəlir ki, bu yekəlikdə faciə elə dünən olub və ağrısı hələ də qövr eyləyir. O məşum gecənin canlı şahidi olanlar da, bunu böyüklərdən eşidənlər də, yaxud elə sadəcə kadrlardan, fotoşəkillərdən görənlər də, hamı, hər kəs başa düşür nə baş verdiyini; hərə bir cür, hər kəs öz bildiyi kimi. Ona görə yeni ilin parta-partı - fişəngi, atəşfəşanlığı bitdimi, 20 yanvarın güllə-baranı qulaq batırır. Televiziya ekranından, fotoşəkillərdən, Şəhidlər xiyabanından, ölkədəki ovqatdan eşidilir bu səslər... Və çox keçmir ki, Xocalı ağrısı yapışır yaxamızdan, nəfəs kəsənəcən yapışır... Vahiməli səslərdən qulaq az qalır tutulsun... Çingiz Mustafayevin ağlamağından tutmuş körpə cəsədlərə, ordan qaçanların söhbətlərinə, qətliam haqqında filmlərə kimi hər yerdən bu dəhşətli səsləri eşidir adam...

20 yanvar faciəsindən 29 il keçdi, Xocalıdan 27 il... Xocalı 20 yanvardan iki il sonra törədilib, amma adama elə gəlir ki, gözümüzü açmağa macal tapmamış yeni bəla, yeni dərd, yeni ağrı (əslində yenimi?!) kəsdirib başımızın üstünü və bunların hamısı elə dünən, srağagün olub... Bu dəhşətli səsləri də ona görə aydın eşidirik. Balasını itirmiş anaların nalələri, evləri talan olmuş insanların ah-vayı, valideynsiz - yetim qalmış körpələrin çığırtısı, boş yuvalarda ulayan itlərin, aclıqdan qaqqıldayan toyuq-cücənin ilik donduran harayı hamısı qulaqlarımızdadı! Və birdən hardansa lap uzaqdan kamança səsi gəlir. Həzin-həzin... Ağrıları ovudaraq, yaralara məlhəm kimi gəlir bu səs! Kimdi kamançanı belə dilləndirən?! Diqqət kəsilirsən, qulaq verirsən, kimin barmaqlarıdı görəsən, anlamağa çalışırsan... Mirzə Cəlil imiş!!!

 

 

Köhnə və Ulu DƏRD...

Ramiz Rövşən şeirlərindən birində “Bu dərd köhnədi, uludu” - deyir. Heç tam ayırd eləmək olmur ki, hansı dərd nəzərdə tutulur, hansı bəladan danışılır. Amma bir az dərinə gedəndə onu da anlayırsan ki, köhnə olmayan, təməli, kökü olmayan bəla DƏRD səviyyəsinə yüksəlməz. Ağrının kökü dərindədirsə, AĞRIDI... Və Mirzə Cəlil Məmmədquluzadənin “Kamança” birpərdəlik pyesini oxuyanda da, ekran həllinə tamaşa edəndə də məhz bu düşüncə çulğalayır adamı. Həm də dahi Mirzə Cəlilin özünəxas yanaşmasına, xarakter ustalığına, millətinin xasiyyətini necə bilməsinə  heyrət edir adam. Təəssüflər olsun ki, heç nə dəyişməyib; “köhnə dərd” də, qonşuların bədnamlığı da, bizim ürəyiyumşaqlığımız da olduğu kimidi... Bu, bir yandan Mirzə Cəlilin uzaqgörənliyinin, dahiliyinin daha bir təsdiqidirsə, digər tərəfdən də zaman, insan, Azərbaycan, türk xarakteri və ümumiyyətlə, özümüz haqqında düşünmək üçün ciddi məqamdı... Bir də Mirzə Cəlilin böyük maarifçilik ideyasını gerçək sənət kriteriləri, meyarları içərisində göstərə bilməsi, ifadə etməsi son dərəcə mühümdür.

Bəli, sənət qəddarlığı təbliğ edə bilməz... Gerçək sənət işıq ötürməli, nurlu düşüncələr oyatmalıdı. Hardasa, ən qorxulu dəhşətin içərisində balaca bir işıq varsa, onu göstərməlidi. Və “Kamança” pyesi iki sənətin qələbəsidi - deyə bilərik; söz sənətinin və musiqi sənətinin...

Pyes 1920-ci ildə Şuşada yazılıb. Əsərin mövzusu 1918-1920-ci illərdə Qarabağda baş verən erməni-müsəlman qırğınından götürülüb, əsas qəhrəmanı Yüzbaşıdı. Mirzə Cəlil onun simasında cəsur, qorxmaz, mərd bir kişi obrazını  yaradıb. Dostları ermənilər tərəfindən öldürülən Qəhrəman yüzbaşı çox qayğılı və dərdlidi, təzadlı hisslər yaşayır; bir yandan qəddarlıqla öldürülmüş dostlarının intiqamını almaq, nahaq qanın əvəzini çıxmaq, o biri tərəfdən də bütün bu bəlalardan qurtulmaq, faciələrə son qoymaq istəyir. Erməni Baxşı da elə bu ovqatda keçir əlinə. Baxşı, adi bir kamança ifaçısıdı, toydan qayıdarkən Qəhrəman yüzbaşının dostları tərəfindən tutulur, qorxusundan titrəyir, yazıq-yazıq ağlayır. Ölümünü gözləyən, öldürüləcəyini bilən Baxşı Qəhrəman yüzbaşının göstərişi ilə kamançada “Rast” və “Segah-zabul” havalarını çalır. Və bir az əvvəl söylədiyim - sənətin qələbəsi - elə bu məqamda baş verir. “...yüzbaşı birdən durur ayağa, qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir: - Adə, erməni, tez kəmənçəni yığışdır, itil get buradan!.. Çıx get! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! Çıx get!”

Sənət ən dəhşətli ağrını da ovuda bilərmiş... Musiqi insanın pak duyğularını üzə çıxarır, gözəl günlərə aid, mərdiməzarın olmadığı, “bağın da çəpərə ehtiyac duymadığı” vaxtlara aid xatirələrini oyadır və bütün bu yupyumşaq hissləri yaşayan bizik - azərbaycanlıdı, türkdü...

Məmməd Əmin Rəsulzadə ''Anamın kitabı” və “Kamança” pyeslərini “milli ruhun keşiyində duran əsərlər” adlandırırdı.

Elə bu milli ruh və onun keşiyində durmaq haqqında düşündükcə düşünür adam. Mirzə Cəlilin niyyəti aydındı və böyük mütəfəkkirin “yerlipərəstlik”dən uzaq olmasını anlamaq üçün ən azı “Erməni və müsəlman övrətləri” felyetonunu, “Usta Zeynal” kimi hekayələrini oxumaq yetər. Yəni müasir dillə desək, böyük ədibin tolerantlığına və ən başlıcası öz millətinə ayıq baxmasına, üstün və naqis cəhətlərini olduğu kimi yazmasına şübhə yoxdur. Bu öz yerində! Amma “Kamança”nın bu cür bitməsinin, azərbaycanlının YUXARIDA göstərilməsinin ayrı bir mənası da var. Biz haqlı olduğumuz üçün böyüklük edə bilirik. Böyük olmaq, yuxarıda olmaq, insan münasibətlərinə bütün cığallıqların fövqündə duraraq baxmaq sadə məsələ deyil. Bunu Mirzə Cəlil Qəhrəman yüzbaşının dilindən deyir: “Necə od vurmuşuq? Niyə boş-boş danışırsan? Biz onların hələ beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir də haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? Bu nə boş-boş təskinlikdi özünüzə verirsiniz? “Beş-on erməni öldürmək çıxış yolu deyil, Nəcəfqulu kimi igidi vermişiksə, kamançaçı Baxşının başını üzmək mənasızdı” - deyir Mirzə Cəlil, ayrı-ayrı, tək-tək adamları -  dostu, doğmanı rəqəmlə hesablamağı yanlış sayır.

Bugünlərdə Rəşad Məcidin “Qələmsiz yazılanlar” silsiləsindən oxuduğum  parça bu mənada diqqət çəkir, daha doğrusu, Mirzə Cəlilin haqlı olduğunu bir daha sübut edir:

“Ağdamda əsgər meyitlərinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak edən vəzifəli şəxs danışır ki, bizim tərəf şəhidlərimizin nəşini xüsusi mərasimlə, böyuk qürurla, ruh yuksəkliyiylə təhvil alırdı. Erməni tərəf isə iki-üç əsgərlə meyitlərini az qala sürüyə-sürüyə, candərdi götürürdülər! Təkcə bu mənzərə tərəflərin ovqatına aydın nümunədir! Biz haqlı tərəfik, torpağımız uğrunda şəhid oluruq! Ruh xalqımızın canındadı və heç zaman sönməyəcək!”

Tarix də sübut etdi ki, bu, belədir... Zaman-zaman yenidən qızışan, alovlanan bu qarşıdurmada haqlı olduğumuzu və ruhun sönmədiyini, Mirzə Cəlilin yazdığı ürəyin ağrısa da, dəyişmədiyini sübut elədi zaman. Məmməd Araz hələ 80-ci illərdə yazmışdı bu ağrını, “Qonşu çəpəri” şeirində Mirzə Cəlil ağrısını, “Kamança” mövzusunu öz üsulu ilə ifadə etmişdi:

Qonşu qardaş, az qurdalan

o çəpər boyu,

Əsəbini, qəzəbini hörmə çəpərə,

Bizə tərəf əyilməkdən tikan quruyub,

Pozma onun yatımını hədərcə yerə.

Və şair həm daha öncə yaşanan itkiləri, həm də yaşana biləcəkləri birləşdirib onu da deyirdi ki:

 

Mən Təbrizli, Naxçıvanlı,

mən Gəncəliyəm,

Çox görmüşəm hasar üstdə

ölənləri də.

Mən torpağı bölünməyə

öyrəncəliyəm,

Heç qazanan görməmişəm

bölənləri də...

“KAMANÇA” - 1992-ci il... 

Akademik İsa Həbibbəyli “Kamança” haqqında yazır: “Cəlil Məmmədquluzadənin “Kamança” pyesi azərbaycanlı qəhrəmanların hər zaman Vətən yolunda mərdlik, cəsarət nümunəsi göstərə biləcəklərini də nəzərə çarpdırmışdır. Humanist yazıçı bütövlükdə millətlərarası münaqişəni “namərd dünya”nın işləri kimi mənalandırır”. İsa müəllimin qeyd etdiyi sonuncu bu fikri Qəhrəman yüzbaşının sonda ermənini qovandan sonra işlətdiyi “Eh, namərd dünya” - nidası təsdiq edir. Doğrudan da Mirzə Cəlilə görə müharibə, qan, itkilər dünyanın gedişatı - namərdliyidir, insanın yox... Bəlkə elə buna görə də Anar “Kamançanın paklaşdıran səsi” essesində çağdaş dünyanın ağrılarından, bəlalarından bir əsrə sığmış iki dünya müharibəsindən, müasir terrorlardan danışandan sonra ümidin “Kamança”ya qaldığını söyləyir: “Qarabağ müharibəsinin dəhşətli xəbərlərini eşitdikcə mən həmişə ümid bəsləmişəm, bəlkə nə zamansa hamı - ermənilər də, azərbaycanlılar da Kamançanın səsinə qulaq kəsildilər, onun kədərli melodiyalarını eşitdilər və bir-birinin ağrısını, əzabını anlamağa mane olan duyğulardan azad oldular... Və bunun faydası oldu... Kamançanın inləyən, zərif səsi tankların, silahların səsini kəsdi...”

Görünür, o hadisələrin ortasında, ən dəhşətli ovqatın hökm sürdüyü bir zamanda Ramiz Həsənoğlunu da “Kamança” pyesi əsasında televiziya filmi çəkməyə sövq edən bu düşüncə olub... Quruluşu, aktyor oyunu, musiqisi, aurası, daşıdığı kədər yükü ilə ən dərin ağrıları üzə çıxaran, ən dəhşətli yaraların qaysağını qoparan filmə baxdıqca təəccüblənir adam. 1992-ci ildə, hər gün şəhid verən, torpaq itirən xalqın belə günündə bunu çəkmək, geniş kütləyə çatdırmaq cəsarət istəyirdi... Amma sənətin missiyası budur axı; sülhə çağırmaq, humanizmi təbliğ etmək... Ona görə Ramiz Həsənoğlu bütün bunları Mirzə Cəlilin sözüylə, onun dilindən söyləyir. Filmin əvvəlindən oğlunu itirəndən sonra havalanan qadının siması görünür və Mirzə Cəlilin sözləri oxunur:

“Ax unudulmuş vətən, ax yazıq vətən!

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərəkəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.

Bəs sən haradasan, ay biçarə vətən?!”

Bir anlıq o illəri təsəvvür edəndə və bu sözləri dinləyəndə həyəcanlanmaya bilmirsən. Qəribə bir çarəsizlik zəbt edir insanı... Teatrşünas Aydın Talıbzadə Ramiz Həsənoğlu haqqında yazdığı “Ustad və Ayna” kitabında bu əsərin həmin dövrlə “səsləşməməsini” belə izah edirdi:

“... Azərbaycan vətəndaşlarını daha çox millət üçün taleyüklü məsələlər düşündürürdü. Azadlığı, müstəqilliyi itirmək qorxusu bir yandan, əldən gedən torpaqların üzüntüsü, ermənilərin törətdikləri vəhşiliklərin ağrı-acısı bir yandan, iqtisadi durumun da hədsiz dərəcədə pisləşməsi o biri yandan, mütəmadi həyəcanlar, əsəb gərginlikləri də digər tərəfdən. Vaveyla zamanı bəylik dərsi nəmənə?!”

Məncə, bu “bəylik dərsi” Ramiz Həsənoğlu yaradıcılığının əbədi yoludu... Elə sadəcə mavi ekrana çıxardığı, böyük ekran vasitəsiylə millətə çatdırdığı əsərlərin adlarını, yaxud müəllifləri sadalamaq yetər ki, bu fikrin doğruluğuna şübhə qalmasın. Məgər Mirzə Cəlilin bu əsəri qələmə aldığı zamanda hər şey yaxşı idimi? Yox. İntiqam duyğusu, qisas hissi, komplekslər o zaman da var idi, amma bu yazılmalı, bu görünməli idi... Və 90-cı illərin o ağrılı-acılı zamanında da bu əsərə müraciət sənətin gücünə inamdan, Kamançanın səsinə ümid bəsləməkdən irəli gəlirdi...

Bir az sonra ölkə, xalq, millət səviyyəsində sülhü seçməyimiz, atəşkəs elan edilməsi tarixin də buna “gəldiyini” göstərdi...

Amma Qəhrəman yüzbaşı hər halda bunu da soruşur: “A balam, erməni, bir de görüm bizdən nə istəyirsiniz? Sənnən söz soruşuram ey, niyə dinmirsən? Kar deyilsən ki! Bir de görüm, bizdən niyə əl götürmürsünüz?” Telefilmdə Cavanşir Quliyevin ağı kimi səslənən musiqisinin sədaları altında bu suallar o qədər təsirlidir ki... Bunları dinlədikcə ermənilər tərəfindən güllələnmiş balaca Zəhra gəlir göz önünə və düşünürsən ki, Mirzə Cəlil hər şeyi yazıb, hər şeyi... Nə istəyirlər, görən?!

 

 

“KAMANÇA” məktəbi...

Tələbə vaxtı - hansı sənətkara “klassik” demək olar? - sualını tez-tez verirdim müəllimlərimə. Cavablar müxtəlifdi, amma biri ən çox ağlıma batan olmuşdu. Özünün məktəbi olan sənətkarlara... Bu mənada Mirzə Cəlilin ayrıca məktəb olmasına şübhə yoxdur, elmimiz də, elə Mirzə Cəlili hər gün aktuallaşdıran tarix də bunu çoxdan sübuta yetirib... Amma elə “Kamança”nın özü də ayrıca məktəb sayıla bilər. Təəssüflər olsun ki, erməni-müsəlman (türk) düşmənçiliyi bitmədiyi üçün sənət də ara-sıra bu mövzuya müraciət etməli olur. Və əlbəttə ki, xalqımıza xas olan humanizm, nəciblik kimi üstün keyfiyyətlər bu əsərlərdə özünü göstərir. Misal üçün, Ceyhun Mirzəyev “Fəryad” filmində ermənilərin sığındığı evi yandırmaq fürsətini əldən buraxır, evdə balaca uşağın olduğunu görüb ağlamağa başlayır. Azərbaycanlının bu cür məqamı əldən verdiyini görən ermənilər təəccüblənirlər... Yavər Rzayevin “Sarı gəlin” filmində erməni ilə azərbaycanlı “Sarı gəlin”i birgə oxuyurlar, yaxud Elxan Cəfərovun “Yarımçıq xatirələr” ekran əsərində azərbaycanlı Səməd (Şamil Süleymanov) skripkada kamança kimi ifa etdiyi üçün faşistin ürəyini yumşaldır. Amma düşmənlə çörək kəsmək istəmədiyi üçün həyatla mərd-mərdanə vidalaşır. Bu siyahını çox uzatmaq olar... Elə nəsrimizdə də, xüsusən altmışıncıların yaradıcılığında Mirzə Cəlil - “Kamança” ənənəsini görmək olar. Bütün bunlar xalqımıza xas üstün keyfiyyətlərin sənət dili ilə göstərilməsi, sülhün təbliği üçündür şübhəsiz...Biz müharibə istəmirik, biz qisas arzusu ilə yaşamırıq, sadəcə bizim olana sahib çıxmaq, özümüzə məxsusu doyunca görmək, yaşamaq istəyirik... Bu da o qədər təbii, o qədər saf arzudur ki...

 

 

KAMANÇADA İFA EDİR: MİRZƏ CƏLİL...

Mirzə Cəlilin həyat yoldaşı, böyük Cavanşirlər nəslinin nümayəndəsi Həmidə xanım “Xatirələrim” əsərində yazır ki, Mirzə Cəlil kamançada ifa etməyi öyrənmək istəyirmiş. Ərinin hər arzusuna həssaslıqla yanaşan xanım adam göndərib ən bahalı, sədəfə tutulmuş kamança aldırır, üstəlik, Mirzə Cəlilə kamançada ifanı öyrətmək üçün ən istedadlı müəllimləri dəvət edir... Demək ki, ədibin məhz kamançanı seçməsi təsadüf deyildi, bu alətin insan hisslərinə, ovqatına təsirini əyani olaraq yoxlamışdı, görmüşdü, bilirdi... Amma kamança və Mirzə Cəlil “münasibətləri”nə aid ən ağrılı məqam yazıçının ömrünün son günlərində əlyazmalarını yandırması və kamançada ifasıdır. Həmidə xanım “Xatirələrim” əsərində Mirzə Cəlilin ömrünün son günlərində keçirdiyi təzadlı hissləri, qəribə ovqatı, uşaqlara soyuqdu deyə əlyazmalarını sobaya atmasını, kamançada ifasını ürəkağrısı ilə yazır. Doğrusu, bu fakt Mirzə Cəlili sadəcə yazıçı kimi yox, həm də öz müasiri, dostu, doğması kimi sevən adam kimi məni də ağrıdır, qəribə bir inamsızlıq, çarəsizlik, çıxılmazlıq duyuram. Amma yazıçının xanımına bir məktubundan az-çox təsəlli də tapıram: “İşdir qocalıb əldən düşsəm bilirəm ki, bir tərəfdən saysız-hesabsız pərəstişkarların diqqətindən kənarda qalmayacağıq, başqa tərəfdən isə öz uşaqlarımız köməyimizə çatacaqlar. Ona görə düşünmə ki, biz elə o dəyirmanın və bağ-bağçanın bəhrəsindən gələn gəlir hesabına yaşamalıyıq. Hətta düşünürəm ki, əsərlərimin çapı övladlarımıza geniş imkanlar verəcəkdir”. Bütün pessimistliyə baxmayaraq, yazıçı əsərlərinin, yaradıcılığının, demək ki, Azərbaycanın işıqlı gələcəyinə inanırmış. Axı doğrudan da bu gün dərs dediyim auditoriyanın doxsan faizi qızlardan ibarətdirsə, gender bərabərliyi gündəmdən düşmürsə, “qadın hüquqsuzluğu”, “nadanlıq”, “xurafat” kimi terminlər arxaikləşməkdədirsə, inamsız olmağa nə hacət?! Elə ona görə də inanırıq, dəqiq bilirik ki, “Kamança” da gec-tez QƏLƏBƏ QAZANACAQ... Kim bilir, bəlkə elə ədəbin yubiley ilində... 150 yaşın mübarək, ustad!

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 26 yanvar.- S.16-17.