Müharibənin hərfləri
Familin qalın siqaretindən çıxan göyümtül tüstü burula-burula qalxıb tavana yayıldı.
Qəsəbəmizdə Famili tanımayan yoxdu. Birdə gördün ayaqlarını sürüyə-sürüyə, çiynini çəkə-çəkə, uşaq-muşağı qabağına qova-qova gəlir. Gəlir gəlməyinə, amma elə bil indi səndələyib yıxılacaq, çınqıl daşların üstündə tozanaq qalxacaq. Sanki havadan möhkəmcə yapışıb müvazinətini saxlayır. Hava da onu tanıyır, qoluna girir, qoymur yıxılsın, qoymur çınqıl daşların üstündə tozanaq qalxsın və beləcə, biri aya, biri günəşə baxan əyrimçə ayaqları bu görünməz çəliklərin xeyrinə dik dayanır.
Familin güclü yaddaşı var. Soruş, desin, kim kimlə qohumdu, aradakı dava-dalaşlar, incikliklər vacib materiallar kimi qovluq-qovluq, sənəd-sənəd cildlənib, nömrələnib Familin arxivində öz vaxtını gözləyir. Məktəb üzü görməyib. Qoyun-quzunun yanında, Qarabağın göy-çəmən yaylaqlarında möhkəm, haça başlı fındıq ağacına söykənə-söykənə uşaqlığını, gəncliyini sifətini yalayıb keçən yelin sürətinə qatıb keçirib. Danışığında canyandıran, ağız büzən təəssüf var, sözləri demir, çeynəyir, səslər əyri dişlərindən salamat çıxmır, amma bu canyandıran, ağızbüzən təəssüf mənə deyir ki, güclü yaddaşı ona əzab verir. Hə, hə, xatirələr amansızdır.
Onu tanıyan gündən narahatdı. Bir də gördün ayaqlarını sürüyə-sürüyə, çiynini çəkə-çəkə, hövlnak adamların arasından külək kimi keçdi, özünü bir tənha həndəvərə verdi. Yalqız oturur, qalın siqaretindən qalxan göyümtül tüstünü havadaca içinə çəkir, dilində sözlər vird eləyir.
- Sevil... Sevinc... Sevda... Sevgi...
Və beləcə, bu siyahı uzanır, uzanır, uzanır.
Famil bircə gənclik məhəbbətinin adını unutmuşdu. Qızın adı yaddaşının boz-bullanıq çevrəsində yoxa çıxmışdı. Qəsəbəmizin cavanları Famili tiftiklənmiş nimdaş paltosunun deşik cibinə basdıqları manatlarla keçmişə, yalnız şəkillərdə deyil, elə yaddaşda da saralmış uzaq xatirələrə yola salırdılar. Famil o günlərdən bu günlərə sinəsində göynəyən dəli bir intizar gətirmişdi. Əllərini ovxalaya-ovxalaya, bir-birinə sürtə-sürtə, qaşıya-qaşıya danışdığı əhvalatlar qəsəbə gənclərinin nadir əyləncələrindən biri idi. Gənclər ocaq başına yığışan kimi Familin başına yığışır, Qarabağ müharibəsindən, indi daşı-daş üstə qalmayan işğal olunmuş kəndlərin qaranlıq küçələrindən, güllə səslərindən, köhnə dostluqlardan, adətlərdən bəhs edən söhbətlərini dinləyərdilər və qəsəbə gəncləri Familin illərlə təkrar-təkrar danışdığı bu əhvalatlarda bircə dəfə də olsun çaşmamağına, karıxmamağına əməllicə heyrət edərdilər.
Familin səsi bircə gənclik məhəbbəti haqqında danışarkən əsirdi. Bu, sanasan, onun səsi yox, könlündə illərlə toxunulmaz qalan əl dəyməmiş xatirələrin çalxantısı idi. Az qala ürəyi boğazına dirənirdi. Elə hey danışırdı, bu vaxt cavanlar da təəssüf formasında başlarını aşağı əyirdilər, aralarında lağlağıya salanlar da olurdu. Familin üzündəki dəhşətli təlaş nəyisə itirən adamın təlaşına bənzəyirdi. Yəqin, ona elə gəlirdi ki, qızın adını əşya kimi salıb itirib və artıq səslərlə, əhvalatlarla dopdolu yaddaşından bu adı tapıb çıxarmağa heç bir ümidi yoxdu. Yer deyildi axtaraydı, adam öz ağlına fənər tuta bilərmi?
Hər şey mənə sonradan məlum olacaqdı.
Babamdan öyrəndim. Müharibənin qızğın vaxtlarıymış. O vaxt ki, qapı, darvazaları adamdan çox, mərmi döyür. Sərt küləyin “aşsüzən” darvazaların balaca deşiklərindən keçib çıxardığı səs gecələr insanlara vahimə verir. Dövranın bu çağında Famil qonşu kənddəki erməni tanışından qoyun almağa gedir. Uzaqda - o haça dağın arxasında avtomat səsləri eşidilir. Avtomat səsləri canavar ulartısı ilə qarışıb meşənin sükutunu kəsib doğrayır. Haradasa o haça dağın arxasında adamlar bir-birini öldürürdü, güllələrin alovlu hənirtisi ağaclara, daşlara dəyib sönür, dəydiyi yerdə özü boyda ağrı qoyurdu və o vaxt haradasa canavar sürüsü ağız-ağıza verib ulaşır, alov saçan avtomatların səsini batırmağa çalırdı. Səhərin alatoranında kəndə çatır Famil. Və vədələşdikləri vaxta erməni dostuyla görüşür, haqq-hesabı çəkir, qoyunu alır, dostu onu möhkəm qucaqlayıb bağrına basır və sanki, bununla demək istəyir ki, “bizi bağışla, dostum, bizi bağışla. Təəssüf ki, hər şey bu cür alındı”. Beləcə sağollaşır, beləcə qoyunu qabağına qatıb kənddən çıxhaçıxda o qızı görür, sevgi gözlənilməz anda vurur Familin başına. Yaşıl gözlərini görür, qara saçlarını görür, batıq ovurdlarını görür və hələ görmədiyi onlarla şeyə Famil beynində bər-bəzək verib canlandırır. Qız eləcə nazlana-nazlana küçəni burulub yoxa çıxır. Yolboyu qoyunla söhbətləşə-söhbətləşə gəlib evə çıxır Famil. Gəlir gəlməyinə, amma qızı gördüyü anı dondurub dəfələrlə yenidən, yenidən yaşayır, elə bil, saatın, vaxtın bu adama dəxili yoxdu, çünki onsuz da içindəki vaxt irəliləmir, o da Familin biri aya, biri günəşə baxan topal yerişi kimi axsaya-axsaya, çiynini çəkə-çəkə çevrə içində eşələnir. Səhəri dirigözlü açıb düşür atasının üstünə, deyir, xeyri yoxdu, almalısız o qızı, yoxsa yandırram özümü!
Müharibənin qızğın vaxtlarıymış. Ayazlı, şaxtalı gecələrin birində ailə yola çıxır. Nə qızı tanıyırlar, nə qızın adını bilirlər, nə də başqa bir şey. Dəli bir həvəsin ipindən tutub meşənin içiylə diksinə-diksinə addımlayırlar. Kəndə yaxınlaşdıqca avtomat səsləri daha ucadan eşidilir. Elə bil güllə səsləri Familin sevdiyi qızla arasındakı məsafəni böyüdür, ortada böyük bir uçurum yaradır. Nəhayət, hündür təpənin başına çıxıb gördükləri mənzərədən heyrətə gəlirlər. Atışma gedir. Müharibənin uzun və amansız dırnaqları kəndin əyri küçələrini qazıq-qazıq eləyib.
Səhəri onlarla adam Familgilin kəndinə qaçqın gəlmişdi. O, təəssüf ki, qızın üzünü bu adamların arasında tapıb çıxara bilmirdi. Adamın ağlına yüz fikir gələr. Famil güllə səslərini lap yaxından eşitmişdi və hətta illər sonra qəsəbə gənclərinə danışdığı əhvalatlarda dəfələrlə bu səsi ağzı ilə yöndəmsiz formada təkrar etməyə çalışmışdı. Gülüş yaratmışdı. Familin ağzındakı güllə səsləri həqiqi olmasa da, içində vıyıltıyla o baş-bu başa uçuşan səslər gerçək idi və o güllələr hələ də göyün üzünü cıza-cıza sürətlə irəliləyirdilər, hələ ki, heç yana, heç kimə dəyməmişdilər, hələ bir insan bədəni, bir daş, bir ağac axtarırdılar Familin içində, amma Famil içindəki insanı da, daşı da, ağacı da bu güllənin isti hənirindən qorumağa çalışırdı, qoymurdu içindən bir şey bu güllənin güdazına getsin.
İki gün keçir. Köhnə UAZ-da cəsədləri gətirirlər kəndə. Famil əvvəl qızı tanımır. Gözündən girib başında soyuyan güllə onu tanınmaz hala salmışdı. Amma yəqin ki, qara saçlarından hər şey məlum idi. Familin bir həftə öncə yaddaşına həkk elədiyi geyimdə idi qız, amma ətrafdakı adamların arasında heç kim bu qız üçün ağlamırdı, göz yaşı tökmürdü, sanki ona ağlayanların hamısı indi bu köhnə UAZ-in yük yerində dünyada bütün bəlalardan uzaqda xoşbəxt yuxuda idilər və daha onlar üçün kiminsə ölməyinin, lap gözündə güllə gəzdirən qız olsa belə, bir fərqi yoxdu.
Cəsədləri elə həmin kənddə dəfn edirlər. Təbii ki, Famildən başqa adamlar da qızı tanıyır və hətta Famildən daha yaxşı tanıyırlar. Adını bilirlər, yəqin nə vaxtsa salam da veriblər, boy-buxuruna, zil qara saçlarına, yaşıl gözlərinə baxıb seviniblər, amma bu adamların Familin içində sıxıldıqca sıxılan, boğulduqca boğulan, can yandıran qəhərdən, qızın heç vaxt silinməyəcək xoş simasından xəbərləri olmur.
Hə, müharibənin qızğın vaxtlarıymış. Famil biri aya, biri günəşə baxan əyri ayaqlarını sürüyə-sürüyə, qəhərdən əyilmiş qəddini, əyrimçə çiyinlərini çəkə-çəkə gəlib kəndin qəbiristanlığına çıxır. Qızın məzarını tapır və bu zaman Familin içində güllə səsləri daha ucadan eşidilir, könlünü deşik-deşik eləyir bu səslər. Haçandan-haçana qızın taxta başdaşı üstünə yazılan adı oxumağa çalışır. Oxumağa çalışır deyəndə, Famil məktəb üzü görməmişdi. Ordan-burdan öyrəndikləri kəkələyə-kəkələyə iki hərfi oxumağa kömək edir. “S”, “E”. O qızdan geriyə Familin içində ikicə hərf qalır, bir də dəfələrlə təkrar olunan o an. Bu iki hərf güllə səsiylə, canavar ulartısıyla, qoyun mələşməsiylə dolu olan Familin içində nəğmə kimi gəzib dolaşmağa başlayır və Famil bu iki hərfi də digər şeylər kimi güllə səsindən gizləməyə çalışır. Bir həftə sonra müharibənin qol budağı onların da kəndinə gəlib çıxır və çar-naçar kənddən çıxmalı olurlar.
Famil çoxdan evlənib. İki də uşağı var. Uşaqların üstündə möhkəm durur, möhkəm durur ki, dərslərini yaxşı oxusunlar, vurma cədvəlini əzbər soruşur, hər gecə heç olmasa, bir səhifə üzündən nəsə oxutdurur. Ancaq hələ də, o köhnədən qalmaq xasiyyətini tərgitməyib. Bir də gördün ayaqlarını sürüyə-sürüyə, çiynini çəkə-çəkə, amma sürətlə, hövlnak adamların arasından külək kimi keçdi, özünü bir tənha həndəvərə verdi. Yalqız oturur, qalın siqaretindən qalxan göyümtül tüstünü havadaca içinə çəkir, dilində sözlər vird eləyir.
- Sevil... Sevinc... Sevda... Sevgi...
Və beləcə, bu
siyahı uzanır, uzanır, uzanır.
Orxan HƏSƏNİ
525-ci qəzet.- 2019.- 26 yanvar.- S.19.