Camış bağa
girdi, gəl
(Xanəndə Sədi Məmmədovun
əziz xatirəsinə)
Dolamalardan yenib Ağa körpüsünə çatanda
yuxudan ayıldı. Dan yeri
çoxdan sökülmüşdü. Əvvəl-əvvəl
gözlərini
ovxaladı. Sonra şuşəni
yendirib pəncərədən çölə boylandı.
Dağların bal kimi havası doldu
içəri. Bu yolu ayda ən azı bir-iki dəfə getsə də, harda olduğunu anışdıra bilmədi.
Bərkdən
əsnəyib soruşdu:
-
Hardıyığ, ə?
Bacıoğlu:
- Ağa
körpüsünü keçdik.
- Ə,
sarsağ oğlu
sarsağ, saa deməmişdim
ki, Şuşaya çatanda məni
oyat. Qəmərin xəngəlini yeməmiş Şuşadan keşmək
olar?
-
Dayı, vallah, elə gözəl yatmışdın ki,
ürəyim gəlmədi. Xəngəli
Ağdamda yeyərsən, nə fərqi?
- Ə,
onnar nə bilir xəngəl
nədi Qəmərin xəngəlinin yanında? Özdəri tezdən durub qaçırlar Şuşaya - Qəmərin yanına. Qəmər
ayrı Qəmərdi ey. Spidometri yetmişi döyür, elə
bil təzə gəlindi. Xan əminin ağlın
başından nə təhər alıbsa, ona mahnı da
qoşub; - dedi və başladı “Ay Qəmərim, Qəmərim”
oxumağa.
-
Dayı, istəyirsən dönüm Malıbəyli
bulağına, Xanoğlangilin yanına.
- Ə,
sür, orda
kavabı yaxşı bişirirlər. Səər-səər kavab
yeyərlər? Birdən yenə yuxu məni tutar Şampan zavodun keçəndən sonra sağda bir xaşxana var, orda
saxlıyarsan.
Sonra bir siqaret
yandırdı. Səhərin təmiz havası kimi
tüstünü çəkdi ciyərlərinə. Acı tüstü Zarıslı bulağının
suyu kimi tükündən dırnağınacan
yayıldı, ləzzət elədi.
Qeyri-qarabağlılar
İsa bulağının suyuna görə
tökülüb gəlirdilər Şuşaya. Gedəndə
də bidon-bidon su aparırdılar.
Köklü
qarabağlılar, özlərini xan-bəy nəvəsi sayanlar isə
İsa bulağının
suyunu bəyənməzdilər ki, adamı köpdürür. Zarıslı bulağını xoşlayırdılar. Doğrudan,
bu suyun dünyada əvəzi yox idi. Nə qədər yeyirsən-ye, nə qədər vurursan-vur, üstündən bircə stəkan içib cır
armudla da bir dişləm yeyəndən sonra elə
acırdın ki, üstündən
bir cəmdək də yeyə bilərdin. Zarıslının cır armudu da arağın dərmanı idi.
İndi siqaretin
tüstüsünü
hər dəfə sinəsinə çəkdikcə Zarıslı
bulağının suyu kimi tükündən
dırnağınadək yayılırdı. Bir az özünə gəldi.
-
Dayı, deyirəm birdən razı olmazlar ey,
sözünü yerə salarlar.
- Qələt
eliyillər. Dayının sözünü hələ yerə
salan bir kişi olmuyuf, olmeyjax da.
- Deyirəm birdən oldu da.
- Bir ətək
pul verəjəm, minnəttəri olsun.
-
Dayı.
- Nədi,
ə?
-
Dayı, bu ağdamlılar bu qədər pulu hardan alırlar?
- Mən
nə bilim, ə? Özdəri kəsirlər.
-
Dayı, bəs sən bu qədər pulu hardan alırsan?
- Ə, sarsağ oğlu sarsağ, abaxeyis-zadsan. Mən də onnardan öyrənmişəm. Üç il havayıdan orda selxoztexnikomda
oxumamışam ha. O texnikom deyildi ey, akademiyaydı. Onun hesabına otuz ildi sədr işləyirəm.
İnşallah, bu payız səni də ora
düzəldəjəm. Oxu, adam
ol.
-
Dayı, doğrudan
onların
bazarında atom bombası satırlar?
- Ə, gopa basırlar. Atom bombası nəəzir, iki dənə
varıydı, onu da nemesdər düzəltmişdilər,
amerikalılar da
nemesdərdən oğurluyuf atdılar Yaponiyya, day
qalmadı. Olseydı tapıb gətirib satardılar fələstinlilərə, onnarın da
canı İsraildən
qurtarardı. Amma yanıcüjəli toyux nə qədər
istəsən; - dedi belindəki nikel tapançanı çıxarıb sığalladı və yenidən
qoydu belinə.
Əsgəran
qalasını
keçəndə elə bil Dayıya iynə
batırdılar, öz-özünə hirsləndi:
- Buna bax, bir cındır küçələri var
rayon eliyiflər. Bizim kənd bunun yanında
Sumqayıt kimi bir şeydi. İt uşaqları bizim Şahmalı
Kürdoğlunu da şərləyib tutdurdular. Hərdən istiyirəm düşəm bir-ikisindən Şahmalının
hayfını alam. O harsına bax ey,
Ağdam-İstipanakert dəmir yolu qədər işlənif.
Yadında saxla, qayıdanda bir-iki kletka pivə
alax. İtuşaxlarının pivəsindən yoxdu.
-
Dayı, saa qurban olum, nolar Ağdamdan maa bir saz al, bizimkilərin sazı
bir birtəhərdi ey, səsi
yaxşı çıxmır.
- Ə, onnar nə bilir saz nədi? Onnarınkı tardı, bir
iki yüz
vurub segah çaldırıf
ağlaşsınlar. Saz əzəmətdi
ey, bizim dağlar kimi. Aşıq Umbaya dəərəm
saa bir saz bağışdıyar.
-
Dayı, Aşıq Umbay nivasını bağışdıyar, amma
saz bağışdamaz.
-
Yaxşı, baxaram.
Şampan
zavodun keçdilər.
Dayı
qarşıda
sağda görünən xaşxananı göstərib
dedi ki, orda saxlayarsan.
Bu da xaşxana. Maşından
düşdülər. Dayı bir-iki dəfə gərnəşdi,
quluncunu qırmaq
üçün gövdəsini sağa-sola
burxutdu. Sonra girdilər içəri.
Səhərin gözü açılmamış, camaat gözü yox, ayrı ifadə işlədirdi, xaşxanalar ağzınadək dolurdu, yer tapmaq mümkün olmurdu. Amma indi gün çıxmışdı, bu vaxtlar müştəri azalardı. Səhərin gözü açılmamış gələnlər xaşlayıb getdikləri üçün içəri o qədər tünlük deyildi. Xaşın iyi, sarımsağın iyi, tut arağının iyi, siqaretin iyi bir-birinə qarışıb elə bir qoxu yaratmışdı ki,dünyanın heç bir ətriyyat fabriki, hətta Şanel də belə bir qoxunu ala bilməzdi.
Keçib əyləşdilər bir küncdə.
- Dayı, vallah, qorxuram razı olmayalar, sən də pərt olarsan camaatın yanında.
- Səfeh, səfeh danışıf əlimin üstə nəs gətirmə. Mənim burda da vesim var. Sən öl, rəisə
deyərəm kepeze maşınına basıb göndərər; -
sonra dedi; - Bajoğlu, bilirsən də, bu xaşı bizim dədələrimiz
icad eliyiflər. Bütün gejəni yatmıyıflar
heyvanı, qoyun-quzunu güdüflər, səər tezdən
də xaş yeyiflər ki, yata bilsinlər. Bu
görməmişlər də elə bilillər ki,
xaşı tezdən yemək lazımdı. Tökülürlər
xaşxanaya, sonra da
günortayacan yatırlar. - dedi və güldü.
Xaş gəldi. Böyür-başıyla, dəmiylə-dəsgahıyla
bir yerdə.
- Ə,
xalası göyçək, arağın girdirmə döyül ki?
- Sənin
kimi bir
kişiyə girdirmə araq vermək
olar? Seyid Lazım Ağanın cəddi haqqı, axşam özüm düzəltmişəm,
bir yüz də vurmuşam, bal
kimidi.
İçəridəkilər
hamısı güldü.
Xaşı
sarımsaqla, sirkəylə qəşəng
hazırladı.
- Bəh-bəh,
mətdi ey mət, ölü yesə dirilər.
Bacoğlu
Dayı ilə məzələndi:
- Gedəndə
bəlkə bir az aparaq ölülərimizə?
Dayı:
- Genə
sarsağladın?! - sonra özünə də,
Bacıoğluya da araq süzdü.
- Dayı, mən içməyim
də, geri
qayıdacağıq, həm də qaidən qorxuram.
- Vur, ə.
Qailər
hamısı mənim dostumdu.
- Yox,
vallah, içmirəm. Sən boyda kişini mən
sağ-salamat geri
qaytarmalıyam.
Özü
bir yüz vurdu, girişdi yeməyə. Bir yüz də
vurdu, sonra xörəkpaylayanı çağırdı:
- Ə, xalası göyçək, adama bir boşqaf da
gətir.
Bu vaxt
xaşxananın müdiri girdi içəri. Hamıyla
salamlaşdı,
bir “nuş olsun” dedi. Dayını
görəndə iki əlini geniş açıb basdı
bağrına.
- Əmioğlu, sən hara, bura hara? Çoxdandı
görünmürsən?!
- Əşi
katib qoyur ki, rayondan
çıxaq? Ət planı, süd planı, yağ planı, yun planı. Bakıdan gələn
qonaqları yola salmaq planı. Amma sən öl, sənin
xaşından dünyada yoxdu. Kaş sənin kimi belə xaş
bişirən səliqəli bir arvadım oleydi.
Bu sözə
həm özləri, həm də yeməkxanadakılar gülüşdülər.
Dayı
sonra üzünü tutdu Bacıoğluna:
- Ə,
dur o baqajdakı motaldan birini gətir bura.
Müdir:
- Əşi, bu nə xəcalətdi?
- Xəjələtdi
düşmənin olsun. Sən öl, baqajda üç
motal var - biri rəisindi, biri Məcidovun,
birini də asobu saa gətirmişəm.
Bacıoğlu motalı gətirdi. Hamının gözü qaldı motalda.
Yer-yerdən:
-
Qardaş, satlıq yoxdu?
- Mən heç
motal satana oxşayıram?! Biz motalı satmırıq, dost-tanışa
pay veririk. Ürəyiniz istəyəndə qalxın bizlər
tərəfə, hərənizə birini bağışdıyım.
Sonra stolun
üstünə bir
iyirmibeşlik atdı.
Müdir:
- Əmoğlu, ayıbdı, pulu götür.
- Ə, saa vermirəm, uşaqlara verirəm, qoy
dayının hesabına vursunlar. - deyib xörəkpaylayanları
göstərdi.
Yenidən müdirlə
öpüşüb-görüşdü,
xaşxanadakılarla da sağollaşıb çıxdı. Oturdular
maşına.
-
Dayı, bəs motalın birini
prokurora gətirmişdin?
- Ə,
sür, bazar doludu
motalnan, birini alıb
göndərərəm. Sən
sür Məcidovgilə.
- Tanımıram axı.
- Yolu
göstərəjəm.
Hərbi komissarlığın
önündə yaşı bilinməyən
bir Armud ağacı vardı. Bura
Şuşa-Laçın, bir də Füzuliyə, Cəbrayıla
gedən
avtobusların, taksilərin dayanacağı idi. El arasında bura
“Armudun dibi” deyirdilər. Səhər-səhər
olmasına baxmayaraq, xeyli adam vardı.
- Ə,
gör bizimkilərdən varsa, denən gözdəsinlər, günorta
qayıdanda götürrük.
Bacıoğlu
diqqətlə baxdı, tanış
tapmadı.
-
Dayı, bizimkilərdən heç kim
yoxdu.
- Onda
qazda getsin.
Hamama çatanda dedi ki, dön sola. İki tin keçdilər,
dedi, indi bir
də sola dön. Bir dəmir darvazanın qabağında maşını
saxlatdı, düşdü. Yerdən bir daş
götürüb darvazanı
möhkəm-möhkəm döyəcləməyə
başladı.
-
Dayı, zvanoku bas də!
- Ə, zəhləmi tökmə.
Darvazanı
bir cavan
oğlan açdı.
- Kimi istəyirsiz?
- Məcidov
evdədi?
- Xeyr! Məcidov
bir ay olar
köçüb Ağcabədiyə.
- Niyə,
buralar xoşuna gəlmədi?
- Yox, ora
daha böyük vəzifəyə göndərdilər.
- Bəs,
sən kimsən?
-
Qohumuyam, evi mənə tapşırıblar.
Dilxor-dilxor qayıdıb oturdu maşına. Allahverdinin restoranının
qabağında bir
taksi dayanmışdı. Maşını
saxlatdı, düşdü aşağı, getdi taksiyə tərəf.
Taksi sürücüsü də hörmət əlaməti maşından düşdü.
Üzünü
tutdu taksiçiyə:
-
Qardaş, savahın
xeyir.
- Avətin
xeyir.
- Məcidovu
tanıyırsan?
- Seyidi kim tanımır ki?
-
Ağcavədidəki evlərini də tanıyırsan?
- Ora
ojaxdı, oranı kim tanımır ki?!
-
Ağcavədiyə neçəyə gedirsən?
- On
manata.
Döndü
Bacıoğluna:
- Ə, düş o baqajı aç. Ordakıları
gətir bura.
Taksiçi
də kömək
elədi. Bir iri qoyun
cəmdəyi, bir motal, üç kiloluq bankada da
balı qoydular taksiyə.
-
Qardaş, sən Allah,
ehtiyatlı ol banka qırılar, hayıfdı. O balı özüm kəsmişəm.
- Narahat
olma.
Əlini cibinə salıb iki dənə
şax onluq çıxarıb
atdı oturacağın
üstünə:
- Bunları tez
çatdır, ət xarab olar.
- Deyim kim
göndərdi?
- Əşi,
deynən əmioğlun,
özü biləcək.
Taksi yola düşdü. Onlar qayıdıb
oturdular maşına.
- Dayı, barı taksinin nömrəsini götürəydin dana.
- Niyə?
- Bəlkə birdən aparmadı?
- Boş-boş danışma,ə, bu camaatda heylə şey olmaz, - sonra dedi; - Bajoğlu, bilirsən Məcidov nə kişidi? Bizim Mirhacib ağanın oğludu. Halal adamdı. Dost-doğma da əmuşağıyıx. Burda Qorponun müdiriydi. Keçən dəfə gələndə saldı məni isklada, hamısı da importnı mal. Dedi, əmoğlu, ürəyin nə istiyir seç. Xeylax şey-şüy aldım. Nə qədər elədim əlimi civimə salmağa qoymadı, dedi buralar saa qurbandı. Gələn dəfə gələndə gedərik bir Ağcavədiyə, həm seyidin ojaxına, həm də qonağı olarıx. Oğlu da fəxrimizdi, şairdi, kitavı-zadı da çıxıf.
- Bizim Malik Fərrux kimi?
- Ə, o uşaqdı. Malikdən heç Azərbaycanda yoxdu.
- Bəs, Ağa əmi, bəs Sücaət?
- Onnardan heç mirdə yoxdu.
Sonra maşını sürdürdü Milis şöbəsinə.
- Düş ordan nöbətçiyə denən dayın çağırır.
Növbətçi gəldi.
- Oyy, Dayı, xoş gəlmisən, həmişə sən gələsən, nə qulluq?
Dayı əvvəl əlini salıb cibinə bir onluq çıxartdı və basdı növbətçinin döş cibinə:
- Rəis burdadı?
- Yox, hələ gəlməyib.
- Baqajda rəisə çatajax pay-pürüş var, götürün onu.
Növbətçi bir nəfər də milisioner çağırdı, pay-pürüşü götürdülər.
Dayı:
- Hə,
indi sür bazara.
-
Dayı, bəs prokurorun payı qaldı axı?
- Ə,
sür bazara dedim, sür dana.
Məscidin önündən keçəndə Dayı
bir “Fatihə” surəsi oxudu, sonra da salavat çevirdi.
Bacıoğlu:
-
Dayı, saa qurban olum,
içirsən, donuz əti yeyirsən, sonra da fatihə
oxuyursan.
- Ə, sarsağlama. İçənnərin Allahı yoxdu? Özü də mən donuz əti yemirəm, qaban əti yeyirəm. Bir də ki donuz əti pis şey olsa, o boyda Berejnyev yeməz. Əsas odu ürəyini Allahla düz saxlıyasan.
Bacıoğlu:
- Dayı, niyə bunların mecidləri var, amma bizim yox?
- Noolsun
meciddəri var, amma bunnarın da seyidləri yoxdu. Seyidlərin
hamısı bizdən gəlmədi. Elə
Seyid Lazım Ağa da bizdərdəndi. Özü
də Sultan bəy olmaseydı bunnarın da meciddəri
olmazdı.
Məscidi
keçəndən sonra əvvəlcə sola,
sonra sağa burulanda ikimərtəbəli bir
binanın qabağında dedi ki, saxla və maşından düşdü. Baqajı açdırdı. Bal bankasını
özü götürdü, dedi, cəmdəyi də
sən götür, qalx dalımca.
-
Dayı, bəs prokuror?
- Onunku
qaldı gələn dəfiyə.
Qalxdılar ikinci mərtəbəyə.
Qapısına “Qəbul otağı” yazılmış bir kabinetə girdilər. Kabinetin səliqə-səhmanına söz ola bilməzdi. İki kreslo,
bir divan, televizor, divanın önündəki stolun
üstündə də qalaq-qalaq
moda jurnalları, kitab
dolabı, pəncərədə gül dibçəkləri.
- Dayı, heç bizim katibin belə qəbul otağı yoxdu. Bu buraların müdiridi?
Bu vaxt içəri otaqdan ortaboylu, ağbəniz, sifətinə xüsusi yaraşıq verən qapqara bığlı, İslam Rzayevə oxşayan gülərüz bir adam çıxdı. Onları görəndə elə sevindi ki, elə bil oğlu əsgərlikdən qayıdıb indicə həyətə girmişdi.
- Əmoğlu?!
- Can əmoğlu.
Qucaqlaşdılar. Dayı onu nə təhər sıxdısa:
- Ə, burax, qol-qabırğamı sındırdın ki! Sən öl, bu dəfə elə söhbət yoxdu, gedəjiyik evə. Xalayın bir döşəmə plovunu yeməsən mümkün deyil. Bəlkə sənin hesabına mənim də ağzım bir dada gələ.
- Əmoğlu, vallah, tələsiyirəm. Katibdən bircə günlük icazə almışam. Gələn şənbə bizim gədənin toyudu. Gəlmişəm həm bazarlığa, həm də manısdarnan danışım. Balla cəmdəyi də xalama gətirmişəm. Motal da vardı ey, bir az vurmuşdum, bilirsən də mən də vuranda sıyrılıram, bağışdadım Petro Elbrusa. Toydan sonra ondan da yaxşısını göndərəjəm.
- Əmoğlu, xalana motal-zad lazım döyül ey, bazar motalla doludu, sən lazımsan, səni görsün. Bir o dağları yada salsın.
- Allah qoysa, gələn dəfə.
- Deyirsən gələn şənbə toydu? Bəs, bizim niyə xəbərimiz yoxdu?
- İndi dedim də. Uzax yoldu, gəlsən də sağ ol, gəlməsən də. Gəlsən xalanı da gətirərsən bizimkilər sevinər.
Sonra Naməlum Kişi harasa zəng elədi, tapşırdı ki, təcili bir çay dəsgahı düzəltsinlər. Sonra kitab dolabının alt gözündən iki banka çıxardıb qoydu stolun üstünə.
- Heç olmasa xalayın bişirdiyi mürəbbələrlə bir çaya nə deyirsən?! Biri çiyələkdi, biri də gül.
Dayı:
- Yaman olar. - deyib sərildi kresloya. Sonra da üzünü tutdu bacıoğlusuna; - Ə, otur də, gözünü niyə döyürsən?
- Bu kimdi?
- Bizim bajoğludu, əsgərrikdən təzə gəlif, hələlik götürmüşəm özümə şofer. Bu il qoyajam burda selxoztexnikoma. Midir dostumdu.
Naməlum Kişi onu da qucaqladı:
- Otur a
bala, elə bil öz evinizdəsən.
Qapı
açıldı, içəri əlində sini bir nəfər
girdi, bir çay süfrəsi
açdı, cürbəcür şokoladlar da qoydu stolun
üstə. Sonra dedi:
-
Aydın müəllim,
ayrı qulluğun?
- Sağ
ol, sağ ol.
Çay gətirən getdi.
Bacıoğlu
dayısının qulağına
pıçıldadı:
- Bu ispalkom Aydın
müəllimdi.
Naməlum Kişini
gülmək tutdu.
Dayı:
- Ə, yox.
Aydın
müəllim deyilən kişi bir az da bərkdən gülüb dedi:
- Əmoğlu, deməli bir dəfə Novruz
bayramıdı. Qapı döyüldü, uşaq getdi
açdı. Bir də gördüm ki, bir cəmdək,
mer-meyvə, qoz-fındıq, hətta banan, moskovski araqlar. Soruşdum ki, bu nədi bala. Dedilər ki, bir Uaz gətirmişdi, paydı. Sən
bilirsən də, bizim payımız olar Səyavuşun
şampanları, ya konyakları, uzaqbaşı bir banka Kəlbəcər balı. Çaşdım. Bir azdan məlum oldu ki, bu payı
İspalkoma göndəriblərmiş, səhvən mənə
gəlib. İspalkom da qohumdu axı. Zəng
elədim ki, sizə çatan şeyi səhvən bizə göndəriblər. Qəşş elədi. Dedi, ə, qohum, halal xoşun.
Öyün bizim uşaq dalaşıb, aparıblar milisə. Deyiblər
kimin oğlusan? Deyib, Aydın müəllimin.
Buraxıblar. Biz də belə
irəli düşürük ey. Yaxşı,
evə getmədin-getmədin, onda günorta mənim
qonağımsan.
- Yox ey, günorta istiyirəm
manısdara bir qonaxlıx verim.
- Lap
yaxşı, onları da götürərsən gedərik Batumun
yanına bir çörək yeyərik, sonra da səni yola
salaram.
- Nə
deyirəm, sən deyən olsun.
***
Bazarın
yaxınlığında
maşını saxlamağa
zorla bir yer tapdılar.
Bacıoğlu:
- Vay dədəm
vay, bir belə maşın olar?
Dayı:
- Bu nədi,
ə, şənbə-bazar buranı görsən,
başına hava gələr. Şəər camaatı şənbə-bazar
maşınnan küçəyə çıxmırlar ki, kolxozniklər
şəərdədi.
Girdilər bazara. Girişdə düz yolun ortasında bir çəkməçi oturub öz işiylə məşğuldu.
Camaat az qala onu
tapdalayıb keçir, amma
heç vecinə də deyil.
- Dayı, bu niyə belə
ayaq altında oturub?
Dayını gülmək tutdu:
- Gəl görüm. Deməli, bir dəfə ispalkom gəlir bazara. Görür bu kişi oturuf elə indi oturduğu yerdə. Bazarkoma deyir ki, ə, bunu yolun ortasından götürün, başqa yerə qoyun. Hopstof götürüf qoyullar bir kənara. Axşam İspalkom evəələndə sekadan zəng gəlir ki, bəs, bizim orda bir yetimçə var, bazarda çəhməçilik edif balalarını saxlıyır, onu incitmisən. Qoy harda istiyir, orda da otursun. İspalkom dəli olur. Tez bazarkomu tapıf deyir ki, bu dəyqə gedirsən bazara, o oğraşı tapıf şey-şüyünü də götürüf indiyəcən harda oturmuşdu qoyursan ora, canı çıxsın. Bildin? Burda hərənin bir dayısı var ey!
Ara gün olmasına
baxmayaraq, bazarda yenə basabasdı. Dayı gedir, Bacıoğlu da
dalınca.
Seyid
Lazım Ağa bir dükanının önündə kresloda oturmuşdu, əlində
də uzun gərməşov
çubuğu. Keçib gedənlər kimisi əlindən
öpür,
kimisi nəzir verir. O da
yanında əliuşaqlı adam görəndə
saxladıb uşağa bir
şirni pulu verib
başını sığallayırdı.
Dayı:
- Bax, o, Seyid Lazım Ağadı. Cibində pulun var? Apar Ağaya bir iyirmibeşdik ver.
-
Dayı, niyə özün aparıb vermirsən?
- Ə, sarsağ oğlu sarsağ, görmürsən
işmişəm? Gedim kişini mundarlıyım? Sən apar ver, sonra
pulunu verəjəm.
-
Dayı, deyim kim
göndərdi?
-
Heç nə demə. Pulu bas kişinin cibinə, əlindən də öp,
qayıt.
Bacıoğlu getdi iyirmibeşliyi qoydu Seyid Lazım Ağanın döş cibinə, sonra əlindən öpdü. Ağa da onun başını sığalladı:
- İmam
Hüseyn köməyin
olsun,- sonra çıxarıb Bacıoğlunun cibinə bir manatlın qoydu; -
Götür, bala, seyid puludu, bərəkətli olar.
Bacıoğlu
qayıtdı Dayının yanına.
- Ə, o manatlığı qoy mənim döş cibimə.
- Niyə,
dayı, mənə
verdi axı?
- Ə, ağanın pulu bərəkət gətirir. Məndə
olmasa, siz nə... yeyəssiz.
Bacıoğlu manatlığı qoydu Dayının
cibinə.
Dayı:
- Di get bazarın
başına, orda
arabaçılar var,
birini götür gəl.
Bacıoğlu
gedib
arabaçıların
birini gətirdi. Dayı başladı
bazarlığa, heç malların qiymətini də
soruşmadı.
Qoz-fındıq aldı, mer-meyvə aldı, arabanı doldurdu.
Banan da
alanda Bacıoğlu dedi:
- Bunu
neynirsən, dayı, bunu Afrikada meymunlar yeyir.
- Bizdə
də pullular.
Sonra Dayı gəldi bir
piştaxtanın yanına:
- Nə
çayınız var, ə?
- İndeyski, seylon, qruzinski.
- Ordan bir on paçka seylon ver. Gürcü çayı nədi ə,
satırsız? Bizim Astara çayı onnan min dəfə içməlidi. - deyib
satıcını danladı.
-
Ağsaqqal, burda mesni
mala pul verən yoxdu ey, elə biri də sən.
Sonra da
Bacıoğluna dedi:
- Apar bunları yığ baqaja, qayıt gəl. Arabaçıya da bir-iki manat pul ver.
Bacıoğlu
dediyini edib qayıtdı. Dayı
sonra girdi bir ərzaq mağazasına. Satıcıdan soruşdu ki, ə, kişi ol, içməyə yaxşı nəyiniz var.
Satıcı:
- Əla moskovski
arağımız da var, Göy-göl
konyakımız da.
- Ə
kişi ol, girdirmə
döyül ki?
- Seyid
Lazım Ağanın cəddi haqqı, yox, xüsusi dostlar üçündü. Amma özüm ölüm, bizim girdirmələr
bunlardan içməlidi.
-
Yaxşı, bir kletka kanyax, iki kletka da maskovski. Bajoğlu, bir arabaçı da çağır
bunnarı daşı maşına, qayıt.
Bacıoğlu komandirdən
əmr almış kimi
tapşırıqları
yerinə yetirib
qayıtdı.
Sonra Dayı girdi
böyük bir pal-paltar mağazasına. Mağaza müdiri
elə oturub ləzzətlə çay içirdi ki, elə bil qırx
eşşəyi sağına gəlir.
Dayı
içəri girəndə, bayaqdan bəri qırx eşşəyi
sağına gələn müdir, obaxeyisi
görmüş kimi qalxdı ayağa:
- Bay,
xoş gəlmisən, həmişə sən gələsən. Dağlarda nə var,
nə yox? Eşitdim hökumətlə dava salıb
yuxarı kəndlərə işıq çəkdirirsən?
- Ə, ağzım nədi hökumətlə
dalaşam. Xahiş etmişəm, sağ olsunlar da,
sözümü yerə salmayıflar.
Görüşüb-öpüşdülər.
- Nəyiniz
var?
- Odeey, kostyumlar,
köynəklər, ayaqqabılar. Nə istəsən.
- Ə, Valadarskinin
kastyumlarını
gözümə soxma ey. Heç Valadarskinin müdiri ondan geyinmir.
- Əla
finskilərimiz var, uşaqlar Leninqraddan təzə gətiriblər.
- Sən
öl, bu hökumət dağılajax. Ə, Leninqradda, o soyuxda finski kəstyum
geyən var? Finski
kəstyumu göndərirlər Leninqrada, qış
ayaqqavıların da bizim Hindarxa. Davay, iki dənə əlli dörd razmer
finski gətir görək.
Müdir satıcıya göz elədi. Satıcı keçib arxa otağa, ordan dörd-beş dəst kostyum gətirdi. Dayı bir-bir götürüb
baxdı, ikisini
seçib qoydu kənara:
- Bunnara uyğun köynək də gətir. Ayaqqavı nəyiniz var?
-
Yuqoslavski də var, rumınski də.
- Ə, rumınlar nə bilir ayaqqavı tihməyi, onnarınkı mebeldi. İki dənə yuqaslavski.
Satıcı:
-
Ağsaqqal, neçə razmer?
-
Qırxdörd.
Satıcı
təəccüblə
müdirə baxdı.
Müdir:
-
Neçə?
-
Qırxdörd.
- Qırxdörd razmer
ayaq olar?
- Niyə
olmur, ə? Mənim ayağım qırxbeşdisə, oğlumunku də
qırxdörd olmalıdı də. Biz mamlı-matan şəər
uşağı əhmirik
ey, dağlar oğlu əkiriy.
- Yaxşı, otur bir çay iç, - dedi müdir, sonra üzünü satıcıya tutdu; - Qaç Qurbanovun mağazasına, denən iki dənə qırx dörd yuqoslavski ayaqqabı versin.
Satıcı on dəqiqəyə qayıtdı, əlində də iki dənə ayaqqabı qutusu.
Dayı üzünü tutdu Bacıoğluna, mağazadakı kostyumları göstərib dedi:
- Neçə razmer geyirsən, ə? Keç ordan özünə bir kəstyum seç.
Bacıoğlu əlli iki deyib, Dayıya nə təhər yazıq-yazıq baxdısa.
Dayı:
- Ə, bir dənə də əlliki razmer finski də buna gətir. - dedi, sonra Bacıoğluna hirsləndi; - Ə, dədən-baban finski kəstyum geyinif?
Bacıoğlu:
- Dədəm-babam sənin də dədən-baban deyilmi? Bəs, sən niyə geyirsən? Onlar geymiyib deyin, mən geysəm dünya dağılar?
Dayı Bacıoğlunu qucaqlayıb öpdü:
- Yaxşı, daşı maşına.
Sonra çıxarıb aldıqlarının pulunu verdi, on manat da atdı satıcıya ki, bu da sənin.
Bazardan çıxdılar, oturdular maşına.
- İndi də sür manıslar olan yerə.
Vaxtilə bazara çataçatda bir böyük bağ vardı. Həm bazara gələnlərin, həm də ətrafdakı dükan və atelyelərdə işləyənlərin sərinləmək üçün istirahət yeri idi. Uşaqlar da burda mərc çəkərdilər: kim neçə ağacdan-ağaca keçər. Bir də Pasan deyilən bir oğlan burda velosiped kirayə verərdi - 30 dəqiqəliyə, bir saatlığa, iki saatlığa. Deyəsən, saatı 20 qəpik idi. Bir dəfə də velosipedi aşırtdığına görə bu sətirlərin müəllifinə qəşəng bir şapalaq vurmuşdu. Bağın aşağısında da böyük bir çayxana vardı. Çayxananın bir tərəfinə taksi sürücüləri, bir tərəfinə də toy tutmaq istəyən musiqiçilər yığışardı.
Sonra rayona yeni katib gəldi. Ağacları dibindən kəsdirdi,
bağı şumlatdı, kiminsə adına bir xiyaban düzəltdi,
daşlardan ibarət. Düzdür, çayxananı sökdürməyə gücü çatmadı, amma bağ da əldən getdi.
Bağın
aşağısında, çayxananın yanında maşını saxlatdı:
- Sən get Aydın əmoğlunu
götür gəl.
- İspalkomu?
- Ə, sən nə tupoy adamsan, ə? Bayaxkı kişini deyirəm də.
Girdi çayxanaya. Yer-yerdən
durub
görüşdülər. Onu tanıyan manıslar da
yığışdılar başına, xoşgəldindən sonra da
çayçıya dedilər
yaxşı bir çay dəmlə.
Dayı
çayçıdan soruşdu:
- Kəkotunuz
var, ə?
- Var.
- Maa kəkotu çayı gətir.
Manıslardan
biri:
-
Ağsaqqal, nə qulluq?
Dayı:
- O bir gitarist var ey,
meymunnan gəzən, Çinqaçuka oxşuyur.
- Rəmişi
deyirsən?
- Hə,
hə, Rəmiş.
-
Ağsaqqal, o burda
yaşamır ey, Bakıda yaşayır, toydan-toya
gəlir.
Kimsə:
- O
gün burdaydı, meymunu xəstələndi, apardı
Bakıya. Sənə gitarist lazımdısa Qəhrəmanı
götürək. Rəmiş nə tökübsə o da
yığıb, heç ondan da geri qalmır. Peşə məktəbləri ümumittifaq
festivalının laureatıdı.
Dayı:
- Bir dənə
də tar çalan.
- Gitara varsa, tar
çalanı neynirsən?
- Ə, gitarayla muğam oxuyarlar, adınızı da muzkant
qoymusuz?
- Onda Eldarı götürək. Onun kimi tar çalan
var?
- Eldar Qədirsiz toya getmir.
- Elə
mən Qədiri istiyirəm.
Musiqiçilər dilxor oldular, Qədirin öz
ansamblı vardı, bunlardan da zəhləsi gedirdi. Qədiri tapsalar, toy əldən
çıxacaqdı.
-
Ağsaqqal, çətin məsələdi. Qədir burda deyil,
Bakıdadı, deyəsən radioya çağırıblar, həm
də gələn şənbə Bakıda toyu var. Bəlkə Sədiyə deyək, bu dəqiqə
moddadı.
- O Bağdagülü
oxuyan? Hə, pis oxumur. Qonşu kənddə
bir toy aparırdı. Amma, o da hamıynan məzələnir ey. Toyda
dolamadığı adam qalmadı. Vallah,
mən olmasam onu döyəjeydilər. Bizim camaatı
tanıyırsız dana. Bir
də o Məmli var ey, qarmonçalan, bərdəli, onu da
tapın.
- Əşi, Zahidin yanında o nə bilir qarmon
çalmağı.
Beş dəqiqəyə ansamblı düzəltdilər. Sədini də
tapdılar, Zahidi də.
Sədi
Dayını görən kimi:
- Ə,
bu Dayı Laçının yiyəsidi ey, bir kişi
bunun qabağında söz deyə bilməz. Pul
da Dayıda mal tırığı kimi. Özü də bir oynamağı var ki,
Məşdibaddakı Süleyman onun yanında qolun qaldıra
bilməz. - deyib Dayını basdı bağrına.
Dayı baxdı ki, gitaraçı da kəkodu, nağaraçı da, qarmonçalan da. Bir şaqqanaq çəkdi:
- Ə, İldırım Həsənovu da tapın, bir kəko ansamblı yaradın, o qayadı, daşdı-kəsəkdi, nədi sizin yanınızda qələt eliyir.
Bu vaxt Aydın kişi də gəldi:
- Hə, indi durun gedək Batumun pavilyonuna, söhbətin dalını orda eləyərsiz. Bu kişi də qayıdıb getsin.
Oturdular maşınlara, çıxdılar Qiyaslı yoluna, Batumun pavilyonuna. Palıd ağacının altında yaxşı bir süfrə açdırdılar. Ofisiant qəlyanaltıları qoyandan sonra soruşdu:
- Nə yeyəssiniz?
- Nəyiniz var, ə?
- Hər şeyimiz. Lülə kabab, tikə kabab, basdırma kababı, hinduşka kababı, çolpa…
- Ə, saxla görüm. Nə qədər kabab yemək olar, balığınz var?
- Niyə yoxdu? Sazan, kütüm, çay balığı.
- Ağ
balıx nətər?
- Var.
- Davay. Ağ balıxdan başdıyax. Özü də maskovski araq ver. Bu girdirmə arağınızı az sırıyın camaata.
Sağlıqlar başladı, nə başladı. Hamısını da Dayı deyirdi. Sultan bəyin nəslinin sağlığına, Qaçaq Nəbinin nəslinin sağlığına. Ağa Laçınlının sağlığına, gördü ki, bir az ağ oldu, hamı da ona əyri-əyri baxır, hətta bəziləri mısmırığını sallayıb heç içmir, keçdi Xudu Məmmədovun sağlığına. Yadına düşdü ki, təzə bir alim çıxıb, cavan oğlandı, SSRİ Dövlət Mükafatı alıb, bir aydı televizor, qəzetlər ondan danışır, birtəhər adını yadına saldı - Rafiq Əliyev. Sonra onu da yadına saldı ki, qayınatasıyla da əvvəllər yun alveri-zadı olub, bir təmtəraqlı sağlıq da ona. Qaldı şair, onu da tapdı. Famil Mehdi bir neçə dəfə Ağayla onlara qonaq gəlmişdi, hələ kitab da bağışlamışdı, onun bir şeirini də əzbər bilirdi, şeiri əzbər dedi.
- Familəm, həmişə yanmaqdı peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm,
Bir daha demərəm, tamarzıyam mən.
Beləliklə,
hesabı
üç-üçə bağladı. Sonra
fikirləşdi ki, heç-heçə ona sərf eləmir,
burdan qalib çıxmalıdı, dedi:
- Ə, bu rayonun qədrin bilin. Bu rayonda mirdə yoxdu.
Görün bizim əmoğlu Kürdoğlu Hüseyn rayonunuz
haqqında nə deyiv ey:
Yenə də
baş çəkim Ağdama gərəh,
Qarqarın suları Ağdama gərəh.
Bu yerin qədrini
bilmiyənlərin
Qara gözdərinə
ağ dama gərəh.
Beləliklə,
hesabı dörd-üç öz xeyirinə dəyişdi və
sonra da əli
ilə işarə elədi ki, stolun
üstündəkiləri
yığışdırıb çay gətirsinlər.
Çay gəldi. Dayı çaydan bir qurtum
aldı, sonra əvvəl-əvvəl Bacıoğluna
baxdı, musiqiçilərə baxdı, dedi:
- Hə, indi keçək
əsas məsələyə. Bir şərtim
var.
Sədi:
-
Ağsaqqal, xırdala gəlsin. Beş yüz mənlikdi,
min manat da uşaqlara.
- Ə, söhbət puldan
getmir. Pul əl çirkidi. Ayrı bir şərtim
var. Toya vertalyotnan gələssiz.
Hamısı
birdən dilləndi:
- Nəynən?
-
Vetalyotnan.
Gitaraçı:
-
Aydın kişi, əmoğlun deyəsən
biznən məzələnir axı, bəlkə samalyotla gələk?
Bacıoğlu:
-
Dayı, saa demədim?
- Ə, küçük, sən səsini kəs, - sonra üzünü tutdu çalğıçılara; - Mən heç məzələnən adama oxşuyuram? Ciddi sözümdü. Qonşu kolxoz sədrinin oğlunun toyuna sizinkilər mersedeslə gəlmişdi. Bütün kənd yığılmışdı maşının başına. Maşın yiyəsi də forsdanırdı ki, o xakkeyis var ey, Tretyak, ondan alıf. Sədr yerə-göyə sığmırdı. Mən də bir az vurmuşam, onun ajığına hamının içində dedim ki, bizim gədənin toyuna muzkantları vertolyotnan gətirdəjəm. Mərc çəkdiy. Bütün rayon bilir. Mən vesimi aşağı sala bilmərəm axı.
Sədi:
-
Ağsaqqal, başına dönüm, vertalyotu
hardan tapaq? Hərəmizin bir dranqulet jiqulimiz var. Sənin xətrinə jiquliylə yox, qaz
iyirmidördlə gələrik.
Dayı:
- Vertalyot
mənlikdi, danışmışam, pullarını da
vermişəm. Şənbə günü saat doqquzda sizi Məzahirin ayriportundan götürüb gətirəjək
kəndə, iki gündən
sonra da qaytarıb qoyajax
yenə Məzahirin
ayriportuna.
“Məzahirin ayriportu” sözünü də elə deyirdi ki, elə bil
aeroport Məzahirin dədəsinin
idi.
Nağaraçı
dəbbələdi və dəbbələyən kimi, ya hirslənən
kimi də kəkolayırdı:
- Yoooox, qqardaş, məənlik
deeyil. Heçç yeerdə düdüz əməlli ggəzə bibilmirəm,
gögöydə nə itim
azıb. O vevertalyot, oo da siiz mən
gegetmirəm.
Bacıoğlu:
-
Dayı, saa dedim axı.
- Ə, küçük, saa demədim sus. Uşaxlar,
burda nə var ki? Səər-səər xaşla adama bir iki yüz vurub minirsiz
vertalyota, uzağı bir saata, saat yarıma bizim kəddəsiz.
Hərənizə ayrıca İstipanakert pulu da verəjəm.
“İstipanakert
pulu” eşidən kimi
bir-birlərinə baxdılar, Nağaraçı
da sıyrıldı:
- Əşi, nə olar-olar.
Ağsaqqal, amma bir az bahalaşıblar ey.
Dayı əlini
saldı qoltuq
cibinə. Bir topa şax pul
çıxartdı. İçindən on dənə yüzlük seçib atdı
stola:
- Bu sizin behiniz,
şabaş da sizdikdi, min də vertalyotdan düşəndə
verəjəm - dedi, sonra da beş dənə əllilik sayıb atdı yüzlüklərin üstünə; - bu da sizin İstipanakert pulunuz.
“İstipanakert
pulu” eşidən
Bacıoğlu yazıq-yazıq dayısına baxdı. Dayı da Bacıoğlunu
başa düşdü və dedi:
- Qələt
eləmə, sənin
hələ yaşın çatmır. Uşaxlara dəərəm
saa bir saz gətirəllər, - sonra üzünü tutdu
musiqiçilərə; - Ə, sizdə saz olur?
-
Gülablı dolu deyil?
- Gələndə
buna bir saz da gətirin.
Sədi pulları
götürüb qoydu cibinə:
-
Ağsaqqal, vertalyot nədi ey, istiyirsən lap sayuzappolonla gələk.
Dayı
xörəkpaylayanı səslədi:
- Ə, xalası göyçək, gəl hesabı al,
gedək. -
dedi və əlini atdı cibinə.
Musiqiçilər
hamısı əllərini cibinə
atdı:
- Olmaz,
Allah haqqı, day ağ eləmə də.
Nolsun pulun çoxdu, qonağımızsan.
Aydın kişi:
-
Hamınız oturun yerinizdə. Hesab mənlikdi.
Əmoğlu mənim qonağımdı.
lll
Aeroportda Məzahir
onları
qımışa-qımışa qarşıladı:
- Nədi
ə, lotular deyəsən
artırmısız, toya getməyə vertolyot
zakaz eləmisiz?!
- Dağ
yeridi də, yollar
xarabdı, dedik maşınımız
hayıfdı, vertalyotla gedək.
Bu vaxt pilotlardan biri
onları səslədi:
- Ay
qardaşlar, bayaqdan sizi gözləyirik, tərpənin də.
Bizim bu gün hələ bir sürü
işimiz var.
- Gəlirik
dana, beş dəqiqə ilə dünya
dağılajaq?
Məzahir
müəllim:
- Gözləyin,
- dedi və girdi
binaya, bir bağlama ilə qayıtdı; - bu şirvan konyakıdı, mənim
adımdan
bağışlayarsız Dayıya. Əla
kişidi.
Kimsə:
- Məzahir
müəllim, hər şeyi başa düşdük ey, amma
bu vertolyotu hardan tapıb?
- Maşın çıxmayan kəndlərə işıq çəkdirir. Materialları dəmiryoldan
vertolyotlarla daşıyırlar. Çox vaxt özü də vertalyotla
gəlib-gedir. Burda da mənim maşınımı götürüb sürür. Qonağı da
olmuşam. Kəndləri cənnətdi ey. İki-üç gün kef partladassız.
Vertolyot yerdən
qalxan kimi Nağaraçının rəngi-rufu qaçdı. Malıbəylinin üstündən
keçəndə öyüdü:
Pilot:
- Ə, orda paket var, verin ona
yeri batırmasın.
Nağaraçı bir partiya qusdu, sonra dəsmalla
ağız-burnunu silə-silə
deyinməyə başladı:
- Tütüpürüm
bebelə pul qaaazanmaağa. Maa dedeyən gərək, ay iiit oğlu,
beeeş maanatdan ötrü sənin gögöydə nə işin var? Caamaat bu dədəyğa
Qəqəmərin yaanında xəxəəngəl yeer.
Məən də ggöydə şaşalvaarıımı
babatırıram. Siizi bilmirəm, qaqayıdanda məən aaavtobusla
qaqayıdajam.
Gitaraçı:
- Ə, kef elə. Nəslindən Şuşaya göydən baxan olub? Bax dəə, gözlərin bayram eləsin.
Nağaraçı nə isə demək istəyirdi ki,
yenə qusdu, bu dəfə paket verməyə macal olmadı. Elə bil pilota od qoydular:
- Orda
şəlpə var, atın o zibilin üstünə, - dedi,
sonra əlavə etdi; - Sən öl, bir də
böyükağanı çağırsan, səni
götürüb qapıdan atacam aşağı, get Qəmərin xəngəlini ye.
Nağaraçı :
-
Qqardaş, nə qəqədər dedeyirsən saa pul verim, məni düdüşürt Ccıdır
düdüzündə.
Kimsə
pilotdan soruşdu:
- A bəy,
hələ
çox qalıb?
Pilot əsəbi halda:
- Yox, bircə qusmaqlıq.
***
Pilot düz deyirmiş. Kəndə
çatanadək Nağaraçı bircə dəfə
qusdu.
Kənd meşənin
içindəydi, vertolyotu
yendirməyə bir
açıq meydan yox idi.
Pilot:
- Komandir,
bura heç Qaqarin də vertalyot yendirə bilməz. Bəlkə
qalxaq dağın
döşündəki inşaat meydançasına, gəlib ordan
apararlar?
Komandir:
- Ə, yox. Kişiyə söz vermişik ki, manısları
düz həyətə düşürəcəyik. İndiyənəcən
bir ton çörəyini
yemişik, bir ətək də pulunu almışıq.
Mən vertalyotu ağaclardan bir
az yuxarıda saxlayacam, sən
də onları bir-bir trosla yendir
aşağı.
Pilot:
- Bəlkə
nərdivanı
açım?
- Yox. Yıxılıb eləyərlər p..a düşərik.
Əvvəl alətləri yendirdilər. Trosu Xanəndənin belinə bağlamaq istəyəndə
Nağaraçı dedi:
- Ə,
babaşınız xaxarab olub?
Kakamandir
qaqaytar biizi gegeriyə.
Sədi
Nağaraçıya:
- Ə,
düdük, sən bir səsini kəs, - sonra pilotdan
soruşdu; - Qaqa, bu nədi?
- Trosdu,
bağlayacam belinə, sonra sizi yavaş-yavaş yendirəcəm
aşağı, kinolarda görməmisən?
-
Görmüşəm, qaqa, amma biz desant deyilik ey, muzıkantıq.
- Əsgərlikdə olmamısan?
- Niyə
olmamışam, olmuşam. Özü də
Sibirdə, stroybatda.
Dayı
aşağıda camaatı bir kənara çəkmək istəyirdi:
- Ay
camaat, qıraa
durun də, meymun
oynadıram?! Vertalyot görməmisiz?
Vertolyotu görmüşdülər. Amma ondan trosla sallanıb
düşənləri
görməmişdilər. Dayının qorxusundan
hamı bir kənara çəkildi.
Dayı əli ilə işarə elədi
ki, ver gəlsin.
Pilot trosu yavaş-yavaş
buraxmağa başladı:
- Düşəndən
sonra trosu
açarsan.
Pilot sonra
bir-bir o birilərini
yendirdikcə aşağıdakılar “urra” deyə
bağırırdılar.
Nəhayət,
qaldı Nağaraçı:
- Qqardaş, sisizə ququrban olum. Bir çəçətən külfətim vaar, məəəni qaqaytarın Aağdama.
Komandir:
- Ə, ağciyər olma.
Görmədin, onlar
necə rahat yendilər, burda nə var ki?
- Ə,
iitoğlu, iistəəmirəm
dana.
Komandir:
- İstəmirəm nədi,
köpəyoğlu, kişi aşağıda gözləyir. Toya şətəllik qatmaq istəyirsən? - sonra pilota dedi; -
Bağla trosu, at aşağı. Yoxsa onu bu dəqiqə
trossuz tullayacam.
Pilot Nağaraçı ilə
boğuşa-boğuşa
trosu onun belinə bağlaya bildi, elə
komandir dediyi kimi də
qapıdan çölə itələdi:
- Qoz
getdin!
Nağaraçı
bağırdı:
- Səənin
ananııı...
Nağaraçı əl-qol ata-ata,
çabalaya-çabalaya söyür. Yenə möhkəm
öyüdü, aşağıdakıların bəxtindən
day mədəsində qusmağa heç nə
qalmamışdı.
Tros onun naqolay hərəkətlərindən yellənməyə
başladı. Və palıd ağacının budağına
ilişdi. Vertolyot ləngər vurdu, komandir
sükanı zorla saxlaya bildi:
- Ə,
bu it oğlu bizi qıracaq.
Pilot yuxarıdan
bağıra-bağıra, əli ilə işarə edir ki, kəməri aç. Nağaraçı var, bu il ölmüsən, bildir.
Pilot gördü ki, vəziyyət
ağırdı, nərdivanı
aşağı salladı
və özü yendi
ağacın başına:
- Ə, əclaf,
bayaqdan bağırmıram kəməri aç?
Nağaraçının
dili tutulub.
Pilot onun belindən kəməri açıb öz belinə bağladı:
- Di
canın çıxsın qal burda, - dedi və əli ilə
komandirə işarə elədi ki, çək.
Pilot ağacdan
ayrılan kimi vertolyot
qalxdı, Nağaraçı qaldı ağacın başında.
Pilot:
- Komandir,
Dayının konyakı qaldı, Məzahir bilsə
qanımız getdi.
Komandir:
- Bizim
qismətimiz imiş. Axşam Dayının sağlığına
vurarıq.
Nağaraçı
ağacın başında canıyla əlləşirdi, aşağıdan da
qışqırırdılar:
- Ə,
düş aşağı dana.
Nağaraçının dili söz tutmur, əli ilə
işarə edir ki, düşə bilmirəm.
Sədi:
- Ə, demədim bunu götürməyək? Keçən dəfə
Hindarxda görmədiniz necə içib sarsaqladısa az qaldı mitilimizi atsınlar. Zarafata salmasaydım,
nağaranı keçirdəcəkdilər başına.
Vallah, bu Dayı onu dəli inək balasını çığnayan kimi çığnayacaq.
Dayı da söyür.
Sədi:
- Dayı, narahat olma ey, bu dəqiqə düşəcək.
Qoy bir özünə
gəlsin. Yazıq birinci dəfədi vertalyota minir. Vallah, buracan qusub canı
qalmayıb.
Dayı:
- Ə, düş. Vallah, yoxsa çıxıf səni ordan təpəsi üstə
salajam yerə.
Yer-yerdən:
- Ə,
düş dana.
- Hə-hə-həzrət Aaabbas
haaaqqı düdüşə bilmirəm.
Bu
vaxtı gəlin
gətirən
maşınların “vərə-vürə”
siqnalları kəndi
götürdü başına. Bərk gedən oğlanlar hərə
bir-iki qoyun satıb gedib Ağdam bazarından “vərə-vürə”
səsi çıxaran italyan
siqnalları
almışdılar.
Dayı bir qapıya tərəf qaçdı, sonra
qanrılıb geri
qayıtdı:
- Ə, çalın də. Gəlini gətirirlər.
Klarnetçi:
-
Nağarasız vağzalı
çalmaq olar?
Dayı nağaranı verdi
bir uşağın əlinə:
-
Çıx ver o
dəyyusa, qoy canı çıxsın ordan çalsın.
Uşaq meymun kimi dırmaşdı ağaca və nağaranı verdi
ona.
-
Neneneynirəm ə ooğraş, bunu?
Dayı
aşağıdan bağırdı:
- Orda çal,
köpəyoğlu, - dedi və
qaçdı darvazaya tərəf.
Klarnetin səsi
aləmi götürdü
başına. Nağaraçı nə qədər elədi ritmi
tuta bilmədi. Dişini dişinə sıxıb, başladı nə
gəldi döyəcləməyə.
Sonra parta-part başladı. Tüfəngdən, tapançadan,
hətta avtomatdan, kasıbın nəyi var, onun nə
çaldığı heç
kimin vecinə deyildi.
Gəlini evə ötürəndən sonra
musiqi də kəsildi,
partapart da.
Yazıq Sədinin boğazı quruyub:
- Ə, düş. Gecə ağacda yatassan?
Bu vaxt
Dayı qayıtdı
çalğıçıların yanına:
- Dəyməyin,
rəysə zəng
eləmişəm
pajarnı göndərif, indi gələjəklər.
Nəhayət,
yanğınsöndürənlər gəlib çıxdılar.
Yanğınsöndürənlərdən
biri nərdivanı qaldıra-qaldıra:
- Ə, avara, düşə bilməyəcəkdin ora nəyə
çıxmışdın?
Sədini gic gülmək tutdu:
-
Çıxmıyıb ey, göydən düşüb.
Nərdivanı
qaldırdılar ağacına
başına. Yanğınsöndürənlərdən
biri qalxdı yuxarı:
-
Qardaş, qorxma. Əlini ver mənə, hə, indi
çıx nərdivana, tutmuşam, yavaş-yavaş
düşəcəyik.
-
Yıyıxılmaram ki?
- Dedim mən
burdayam da! Qoy nağara
qalsın, mən təzədən çıxıb götürərəm.
- Qqaqa, bu
məmənim
çöçörək ağacımdı.
Yanğınsöndürən:
- Ə, gəl
görüm! Bu da mənim çörək ağacımdı; - deyib əlini
vurdu nərdivana, - sonra onu birtəhər yendirdi.
Camaat:
- Urra!
Urra!
Elə
bil Bir May idi, raykomun tribunasının önündən keçirdilər.
Çalğıçılar
meyidə
dönmüş
Nağaraçını bağırlarına basdılar:
- Ə, ordan bir
çappa araq gətirin.
Elə
bil çappa araq
hazır idi. Nağaraçı çəkdi başına, gözü
çıxdı kəlləsinə:
- Nanamərddər, bubu tutut
aarağıymış ki?
Bu vaxtı Dayı gəldi. Nağaraçı qorxutdu ki, bu dəqiqə
onu salacaq ayağının
altına çığnayacaq.
Amma
gördülər ki, Dayının gözləri dolub, yanağından göz yaşı axır.
Nağaraçını
necə qucaqlayıb
qaldırdısa, yazığın ayağı yerdən
üzüldü. O üzündən-bu üzündən
öpdü:
-
Bajoğlu, bağışda məni. Bağışda,
bu axmax dayını. Bir eşşək mərci ilə səni də zibilə
salmışdım, özümü də. Sənin bir
İstipanakert pulun da mənnikdi;- sonra Sədini qucaqlayıb
dedi: - Səni and verrəm Seyid
Lazım Ağanın cəddinə, bunu orda-burda
danışıf məni dilə-dişə salmıyın.
Sədi:
-
Ağsaqqal, elə kişilik olar. Seyid Lazım Ağanın cəddi,
ağzımı
açmaram, bir toyda danışaram, bir yasda.
Ağsaqqalı gülmək tutdu, yenə Sədini basdı bağrına, dedi:
- Sən
yaxşı oğlansan, danışmazsan. Di
keçin mağara, camaat gözdüyür.
Keçdilər mağara. Ağız deyəni qulaq
eşitmirdi. Amma Dayını görən kimi elə bil
qurbağa gölünə
daş atdılar.
Çalğıçılar
yerlərini
tutdular, alətlərini
köklədilər. Sədi
bir-iki dəfə mikrafona - Bir, bir, bir - deyib yoxladıqdan sonra
boğazını arıtlayıb səsini
köklədi.
Dayı
Nağaraçının nağarasını alıb qoydu
stolun üstə, özünü də çəkdi
mağarın ortasına ki, mənimlə
oynayacaqsan. Sonra stolun üstünə bir
əllilik atdı:
- Mənim
havamı çalın.
Yeryerdən
çığırdılar:
- Gamış bağa girdi, gəl...
Bəlkə qırx iliydi Ağdamda bu havaya bir köhnə kişi vardı, Astorq İbrahim, bircə o oynayırdı. O qədər ağır-ağayana bəy havasıydı ki!
Sədi:
- Gözlərinzi niyə döyürsüz, ə? Bu ağsaqqal da buraların Astorq İbrahimidi! Getdik!
Çalğıçılar başladı çalmağa. Sədi də mikrofonu götürdü:
- Ədə, ədə Abasqulu,
gamış bağa girdi, gəl.
Tənəhləri yedi, gəl.
Dayı qollarını qaldırdı, elə bil uçmağa hazırlaşan bir qoca dağ qartalıydı. Nağaraçı da qollarını qaldırdı, elə bil onun önündə sərçəydi.
- Ədə, Abasqulu,
gamış bağa girdi, gəl,
Tənəhləri
yedi, gəl.
Aqil ABBAS
525-ci qəzet.- 2019.- 26 yanvar.-
S.14-15;23.