Göyün Yerə qələbəsi
Yaşı mini ötən qoca Yaroslavlın sərin sabahlarından biridir. Günəş yenə də üstünə qara buluddan yorğan çəkib bizdən gizlənir. Bu nədir axı, yəni o, hələ oyanmayıb? Qanım
qaralır: Nə qədər tənbəldir
bu qız? Amma eybi yox, quşların
canı sağ olsun, budur, parkımızın
səmasında ciggildəşə-ciggildəşə
gəzişməkdə, uçuşmaqdadılar.
Günəş yoxsa,
quşlar var. Baxıram,
baxıram... get-gedə
quşlar gözümə
insan kimi görünməyə başlayır,
sanki qara paltarlı xırda insanlar uçur, bəzən yerə qonub nəsə axtarır, yenidən “pırr” eləyib havalanırlar... Yoxsa bu, bir şoudur?!
Qanım
durulmağa başlayır,
mənsə düşünürəm:
İnsan və quş. Quşun ayaqları insanın
maddi, təbii, yer tərəfi, qanadları isə onun mənəvi, ilahi və göy
tərəfidir. Və birdən
ağlıma gəlir
ki, insan eyni zamanda, həm
yeriyə, həm uça bilən varlıqdır. Lakin uçmaq
həmişə daha çətindir, nədən
ki, uçmağın
başqa adı - yerin cazibə qüvvəsi ilə çarpışmaqdır.
Bəli, insan yerli və
göylü yaradılışdır. Kanta görə, insan tam yerli (yer qanunlarına
uyğun) varlıq kimi yaşayanda çirklənir, çünki
yer qanunları çirklidir, onlar insana belə deyir: çap, tala, yırt, doğra, yetər ki, güclü ol, yetər ki, həyatda ol, yetər ki, hər şey
sənin olsun, eyni ilə heyvanlardakı
kimi. Kant deyir ki, yer qanunları,
bir yandan baxanda, məntiqli qanunlardır, məntiqə
sığmayan - göy
qanunlarıdır: rəhmin
gəlsin, başqalarını
qabağa sal, dürüst ol, tamahını öldür
və s. Belə səmavi prinsiplərlə
yerdə yaşamaqmı
olar? Ona görə də biz çox yaxşı adam görəndə
deyirik ki, adam elə bil,
bu dünyanın adamı deyil.
Pəncərəmə düşən
əksimə baxıb
özümdən soruşuram:
bəs sən, sən nə qədər yer, nə qədər göy adamısan? Axı, bir də
ana kitabın dediyi “Allahla aldadanlar” var. Allahla, yəni mənəviyyatla,
əxlaqla, dürüstlüklə,
mehribanlıqla... Yəni
onlarda olan bütün ali
xüsusiyyətlər, əslində,
daha çox qazanmaq, daha çox mənimsəmək,
daha çox sevilmək üçündür...
Allah-Allah deyib şeytanı
xoşnud edənlər,
bəlkə də ən təhlükəli varlıqlarıdır bu kainatın!
Ehh, əzizim, qəribədir,
quşlar göylərdə
uçsalar da, onların yemi (qidası) yerdədir və bəlkə, onları yerə bağlayan yeganə şey də elə budur, yoxsa əlbət ki, gözdən itənə qədər uçar, uçar, səmanın ənginliklərinə
dalıb yox olardılar. Siz də deyirsiz,
quşlar azaddır.
Allah bilir də
neynir.
Pəncərəni azca açıb
sərin havanın otağıma dolmasını
istərkən ala-bula
göyərçinlər “pırrr” eləyib uçuşur və elə bu uçuş,
bəlkə də, “pırrr” səsi mənim zehnimin səmasına durna qatarı kimi silsilə suallar düzür:
Görəsən, quşların həyat hədəfi nədir? Nə qədər
uçmaq olar axı, bəs sonra?
Yaşamaqdan yorulan insanlar görmüşük, bəs
quşlar... onlar da uçmaqdan yorulurmu?
Mənə elə gəlir ki, quşlar uçuşlarını bizə
nümayiş etdirsələr
də, ölümlərini
bizdən gizlədirlər. Əlinizi
alnınıza qoyub baxın: səmada minlərlə quş var... bəs
bu qədər quş harda ölür? Niyə tez-tez rastımıza
ölü quş çıxmır? Yoxsa
ölüm vaxtları
gələndə onlar
səmanın ənginliklərinə
çəkilib yox olurlar?..
Bəlkə də hə, bəlkə də kefimizi pozmaq istəmədikləri üçün belə edirlər - göz yaşlarını qrim otağına saxayan klounlar kimi. Bir də, əlbəttə ki, qürur var, axı, necə olsa azadlıq rəmzidirlər; Azadlıq və ölüm? Azadlıq və xəstəlik? Yaraşmır, axı...
Məsələn, göy qanunlarıyla yaşayan mərhum Fuad Poladovun xəstəykən heç kimlə görüşmək istəməməsinin də səbəbi, məncə, buydu; gücün, heybətin, qüdrətin simvolu özünə sığışdırmırdı zəif görünməyi... Və mənə elə gəlir, dərdini gizlətmək insana xas cəhət deyil.
Qanım yenidən qaralır, fikirlərimin arxasına sısqa bir nöqtə qoyub pəncərəmdən çəkilirəm:
Həyat, yerlə göyün
əbədi və əzəli çarpışmasından
ibarətdirsə, ildırımlar - Tanrının səsi, ölüm - göyün
yerə qələbəsidir.
İlqar
KAMİL
525-ci qəzet.- 2019.- 26 yanvar.- S.19.