İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, onlarla və bu
günümüzlə fəxr edək!
(Əvvəli
ötən şənbə sayımızda)
TÜRK
HARSI TƏHLÜKƏDƏ
Bakıda
intişar edən türkcə və rusca
“Komunist” qəzetələri qızıl rus istilası
altında bulunan Sovet Azərbaycanında türk hars və
irfanının təhlükəyə məruz bulduğunu
göstərən bir qaç həvadis nəşr eyləmişlərdir.
Qəzetələrin əhəmiyyətsiz və
ələladə həvadis qismində dərc olunan bu
yazıları oxurkən milli hars və istiqlal əndişəsi
ilə mütəhəyyic (həyəcanlı) bulunan bir
insanın irkilməməsi qabil degildir.
240 ¹-li “Komunist” qəzetəsində “Türklər
arasında savadsızlığın təsviyəsi məsələsi”
ünvanı altında “V.B.” imzası ilə bir yazı nəşr
edilmişdir.
Bu yazıya nəzərən “İlk sırada
türklər arasındakı savadsızlıq (oxumaq, yazmaq
bilməmək) təsviyə olunmalıdır”. Fəqət
bu zərurəti düşünürkən, qəzetənin
yazdığına görə, sovet
harsçılarının qarşısına pək
mühüm bir məsələ çıxıyormuş:
“İştə nədən başlamaq lazım”. V.B. əfəndi
“Türklər arasındakı savadsızlığı
türkcə və yeni əlifba ilə təsviyə etmək
məsələsinə kimsə etiraz etməyəcəkdir” əqidəsini
nikbinanə bəyan etdigi halda, həqiqətin bu “əqidə”
xilafında zühur etdigini 2 sətr aşağıda bizzat kəndisi
təsbit etmək zərurətində qalmışdır.
Savadsızlığın təsviyəsi “türkcəmi,
türkcə-rusca bərabərmi, yoxsa sadə ruscamı
olmalıdır?” qəziyyəsi, anlaşılan “məhafili”
(toplantıları) işğal edən ən mühüm məsələlərdən
birisi imiş.
V.B. əfəndiyə görə isə “Bu məsələ
əcələ surətdə həll edilməli” imiş.
Mövzu bəhs yazının mütəmmim (son söz)
məlumatından anlıyoruz ki, məsələnin sadə
rusca olaraq təsviyə edilməsi haqqındakı “həyati
cərəyan” epey qüvvətli imiş. Şöylə ki: “Sanki tədqiqlər,
türklərdən bir çoxlarının öz
savadsızlıqlarını ana dilində degil, rusca təsviyə
etməyə çalışdıqlarını göstəriyormuş”.
“Əski türk əlifbası ilə zor bəla ilə oxumaq,
yazmaq öyrənən türk, öz
savadsızlığını yeni türk əlifbası ilə
deyil, başlıca olaraq əski türk əlifbası və
yaxud rusca ilə təsviyə etməyə
çalışıyor”muş Şöylə ki: “Bu il təsviyə
məntəqələrinin rusca şöbələrində
rusca bilməyən epey türk müdavimləri
var”mış.
Türklər
arasındakı “savadsızlığın türkcə təsviyəsini
təbii görən V.B. əfəndi belə
savadsızlığı təsviyə məsələsində
“məcburi təlim üsulu qəbul olunmaz və hər kəsin
istədiyi yerə getməsi caiz görülürsə,
Bakı Maarif şöbəsi, heç olmazsa, ruscanın
türklərə iyi surətdə təlim edilməsi məsələsinə
diqqət yetirməlidir” - deyir. Yoxsa “sərf olunacaq
paraların faydasız olacağına və rusca təlim alan türklərin avara qalacağına” təəssüf
edir.
Diqqət
edilirsə bu yazıda iki mühüm məsələ
çıplaqlığı ilə təsbit edilmişdir: Azərbaycan,
rus harsı ilə türk harsının mücadiləsinə
səhnədir. Bu mücadilədə rus harsı qalib gəlir
və bu qələbəni ruscaya təmin edən şey,
bilxassə latın hərfinin tətbiqidir.
Oxumaq yazmaq ehtiyacında bulunan əmələ
ya əski əlifbayı və yaxud ruscayı tərcih
ediyordu. Bolşevik harsçıları tərəfindən
təsis olunan türkcə “Savadsızlığı təsviyə”
məktəbləri əksəriyyətlə və bəlkə
də ümumiyyətlə yeni əlifba, yəni latınca
üzərinə təsis olunduğundan, bu işə yaramaz
bir yazıyı öyrənməkdən isə, əməli
(təcrübi) əmələlər, ruscanı tərcih
edirlər. Nə üçün deyə
sorsanız. Çünki latınca
yazısı ilə oxumağı öyrənən əmələ
mədəni və həyatı ehtiyacını rəf
üçün oxuyacaq hansı kitabı bulur, deyə
düşünmək məcburiyyətindədir. Halbuki
rusca öyrənirsə “mümtaz və zəngin” bir
lisanın anahdarını əldə edir ki, bu lisanda hər
türlü əsərləri bulduğu kimi, üstəlik
olaraq haiz olduğu “Oktyabr qüdsiyyətindən” də fayda
görə bilir.
Şu
şərait daxilində, əksəriyyətlə quru
göstərişdən ibarət bulunan Sovet maarif
icraatından Azərbaycan türk xalqının nə surətlə
istifadə etdiyini göstərən digər bir fəqərəyi
də “Bakinski raboçi” qəzetəsində buluyoruz. Bu qəzetənin
yazdığına görə “oxumaq, yazmaq öyrənən”
mərkəzlərdən çıxan köylülərdən
bir çoxu bir az zaman keçdikdən
sonra, bütün öyrəndiklərini unudur, təkrar
“cahil” qalıyorlarmış. Qəzetə bu
“müəssif hadisəni” köylünün oxumaq
üçün ehtiyac və səviyyəsinə müvafiq
kitab bulamaması ilə izah edir. Bu yoxsulluq ərəb hərfləri
ilə basılan kitablar haqqında 100-də 90 dərəcədə
doğru isə, latın hərfi ilə
basılan kitablar üçün 100-də 100 dərəcəsində
doğrudur. “Bakinski Raboçi” qəzetəsinin təsbid
etdiyi “təcrübə”nin hökmü
yalnız köylülərə deyil, latın hərflərinin
tətbiqindən sonra, şəhərlilərə də
şamil olacaqdır. Nəticədə türkcəyi, istər-istəməz
unudan Azərbaycan xalqı qolay öyrənə bildiyi nisbətində
çabuq da unudulan və həyatı ehtiyacları təmin
imkanında bulunmayan bir “aləti” tərklə, daha müəssir
və faydalı bir silahı, yəni ruscayı öyrənməyə
və qullanmaya məcbur qalacaqdır. V.B. əfəndinin
rusca kurslarında türk müdavimlərinin epey qalabalıq təşkil
etdikləri haqqındakı rəddi qəbul olmayan
müşahidəsi bolşevik maarif siyasətinin bu
müdhiş istiqamətini göstərməkdədir.
Qızıl imperyalizmin Şərq millətlərinə
hürriyyət və istiqlal gətirdiyi haqqındakı
yalançı şüarları iştə bu kimi nəticələrə
dayanır. Çarizmin qabaqca icra etdiyi “ruslaşdırma” siyasətini
o, yıldızlı “latınlaşdırma” surətilə təmin
edir.
Xain
türk komunistləri türk harsında latın hərfini qəbul
etmək kimi mühüm bir istihalə dövrünə səbəbiyyət
verən əsaslı bir islahat təşəbbüs etdikləri
zaman, heç olmazsa, türk harsı ilə rəqabətdə
bulunan ruscanın tamamilə məni (qadağan) olmasa da təmsil
təhlükəsini azaldacaq tədbirlər ittixaz etsəydilər
qismən olsun, səmimiyyətlərinə inanardıq. Halbuki
bir tərəfdən 3 gün sonra unudulduğu kəndi
müşahidələri ilə sabit və əhali tərəfindən
istiqlal edildiyi vaqe olan latın hərflərini tətbiqə
qalxışdıqları bir zamanda, maarif komisarı Quluyev, “mədəni
və müqəddəs” bir lisan olmaq üzrə, ruscanın,
ibtidai məktəblərə varıncaya qədər,
bütün Azərbaycanda təmimi üçün layihə
hazırlayır.
Türk hars və ürfanına (adətinə) bundan
daha mühüm və daha mühlik bir zərbə təsəvvür
oluna bilirmi?!...
Millətin ən mühüm amil, ən bariz bir timsalını
təşkil edən lisana qarşı ən dəni bir sui-qəsdi
icra edən xain bir sistemin milli hürriyyət və istiqlal
şüarına xadim və dost bir qüvvət olduğuna
hala inanan varmıdır?.. Bolşevizmin
milliyyət proğramını ən iyi tətbiq edən bir
qüvvət olduğunu dava edən yalançı pəhlivanlar
bu həqiqət qarşısında olsun utanmazlarmı?!...
M.Ə.
(Rəsulzadə)
“Yeni
Qafqasiya”, 16 qanuni-əvvəl (dekabr) 1926, ¹5-6
AZƏRBAYCAN
KÖYLÜSÜNÜN ÇƏKDİGİ MƏZALİM
Sözü ta başdan bolşeviklərin kəndilərinə
verəlim. Siz şübhəsiz ki, komunistlərin köylülərə
topraq verdiklərini eşitmişsinizdir. Halbuki Azərbaycan
komunistlərinin sər-amədanından
(başçılarından) olub firqə heyəti mərkəziyyəsinin
katibi-məsulu mövqeində bulunan Ruhullah Axundov, məsul bir
firqə ictimaində söylədigi nitqində “köylüyə
daha topraq vermədiklərini” etiraf eyləmişdir (“Bakinski
raboçi”, ¹ 268), 20 təşrini-sani (noyabr) tarixli “Trud”
(Bakıda intişar edər) qəzetəsi “ərazi təqsimatına
aid işlərin hala ikmal etmədigi” üzündən
köylülər arasında daimi ixtilaflar zühur etdigindən
bəhs ediyor.
Azərbaycan ziraət şəraiti ilə aşina
olanlar bilirlər ki bu məmləkətdə topraqdan ziyadə
su məsələsi vardır. Azərbaycan ziraəti
suvarma inşaatına bağlıdır. Halbuki
bolşevik istilasından sonra suvarma inşaatı təmir
görmədigindən kanallar pozulmuş, makinalar durmuş, nəticədə
zavallı köylünün əli qarnında
qalmışdır. Eyni Axundov eyni nitqində
“Su məsələsinin də hala həll edilmədiginə”
mütəəssivdir. “Trud” qəzetəsi isə bu
xüsusda eyni ilə şunları yazmışdır:
“Köylərin əksəri susuzluqdan müztəribdirlər
və bütün ümidlərini yağmura
bağlamışlardır. Xarab bir hala gələn
su kanallarını, bəndlərini və axarlarını təmir
etmək lazım”.
Toprağı nöqsan, suyu yox köylünün, ziraətin
3-cü mühüm ünsürünü təşkil edən
amili nə halda? Heyvanı varmıdır? Axundovun məlum
nitqində bu cəhəti təsvir edən bir cümlə
vardır: “İmperyalist və milli müharibələr nəticəsində
atsız qalan köylülərin sayı xeyli
artmışdır”. Rıkov Moskvada söylədigi
nitqlərindən birisində atsız köylülərin
yüzdə 20 və bəzi yerlərdə yüzdə 40 nisbətində
olduğunu göstərmişdir. Axundov bu
xüsusda rəqəm və nisbət göstərmiş
olsaydı, bu nisbətən Azərbaycan lehinə
olmayacağı mühəqqəq görülürdü.
Həm Azəri köylüsünün bu məhrumiyyəti
deyildiyi kibi, imperyalizm və milli müharibələr nəticəsində
degil, Qızıl Ordunun istilası və bu ordunun iqa (vurma,
salma) eylədigi daxili müharibələr üzündən
iləri gəlmişdir.
Topraqsız,
susuz və heyvansız bir halı-pərişanda bulunan Azərbaycan
köylüsü bu sənə hökumətə “büdcə”nin təyini ilə 6 milyon rubləyə qərib
vergi verməli idi. Bu, sözdə, köylüdən
istizah (tələb) olunan yeganə vergi idi. İsmi belə
ora qəzetələrinin təbirincə “vahid köy təsərrüfat
vergisi”dir. Bu “vahid” vergiyi köylüdən ala bilmək
üçün nə kibi tədbirlərə təvəssül
edildigini və nə vəhşətlər icra olunduğunu
biz, keçən nüsxələrimizdə səbt
etmişdik. Vergisini verməyən
köylünün hökumət tərəfindən evinə
atəş verildigi komunist mətbuatınca da tövsiq
olunuyor. “Bakinski raboçi”nin təşrini-əvvəl
(oktyabr) tarixli nüsxəsində “Salyan zorbaları”
ünvanı ilə yazılan bir fəqərədə “Kəndisini
istənilən vergini ifayə məcbur etmək
üçün nahiyə milis komandanı, Kərbəlayi
Hüseyin Rüstəm oğlunun evini yaxmışdır”
deyilir. Vergi təxsildarlarının
köylüyə rəva gördüyü işkəncə,
məzalim və təhqir nəticəsində eyni qəzetə
“köylülərin evlərini tərk etməklə ormanlara
qaçışdıqlarını” da təsvir edir.
Təsvir
olunan böylə bir halı-pərişanidə adam başına 3 altun rübldan ibarət olan
vergini heç şübhəsiz ki bir köylü
qolaylıqla verəməz. Fəqət məsələ
bu 3 rubləyə inhisar etmiş olsaydı, bəlkə də
köylü nə köyünü tərk edər, nə də
evini yaxdırar idi. Anlaşılan vergi
yalnız göstərilən bu 6 milyon miqdarında deyildir.
Verginin ismi “vahid” isə də, həqiqətdə,
yenə bolşevik mətbuatından anlıyoruz ki, bu, fəqət
bir sözdən ibarətdir. Köylü ən
azı 10 türlü vergiyə tabedir. (“Trud”, 20 noyabr) Bunlardan əlavə köylü “kəndi arzusu” ilə
bir taqım “könüllü vergilər” verir. Fəqət bu “arzu”nun “icbari” pərdələməkdən
başqa bir şey olmadığını yenə Bakı qəzetələri
kəndiləri mütərifdirlər. Bunlardan
başqa Azərbaycan köylüsü posta-nın şövqi
yollarını təmiri və komunist məmurların nəqli
kibi biyar mükəlləfiyyətlərini dəxi ifa etməkdədir.
(“Bakinski raboçi”, ¹261)
İştə bütün bu vergi və təkəllüfü
(rəsmiyyətçiliyi) ödəmək üçün
qarısının həbsindən, evinin yanmasından
yaxasını sıyıran köylü var yoxunu bazara
çıxarmaq zərurətində qalır. Bu zərurətlə o 300
rubləyə dəyər atını 50 rubləyə, 15 rubləyə
gedən qoyununu 5 rubləyə, 60 rubləyə gedər inəyini
20 rubləyə satır. (“Komunist”, 17 noyabr)
Çəkilməz vergini bu qədər zaiyətlə
tədiyə edən köylü, Sovet idarəsinin ufaq ticarətə
ehmal eylədiyi təkalif üzündən dəxi mütəzərrər
olmadadır. Məlum olduğu üzrə hökumət xüsusi
ticarəti min türlü tədbirlərlə meydandan
çıxarıb təvziatı (əvəzini) kooperativlər
vasitəsi ilə icra etmək əməlindədir. Bu əməlin qüvvədən feilə gətirilməsi
üçün Azərbaycan Sovet hökuməti yalnız 30
min köylüyü kooperativə əza yapa bilmişdir.
(Axundovun nitqindən) Azərbaycanda isə 2
milyonu mütəcaviz köylü var. Demək ki 1.970.000
köylü hala xüsusi tacirlərin müştərisidir.
Mahut (məmur) Axundov bizə kooperativ fiatları
ilə xüsusi ticarət fiatlarının fərqini gös-tərir.
Kooperativdə petrolun funtu 4-7 qəpik ikən
dükanda 20 qəpik imiş. Şəkər
kooperativdə 40 qəpik ikən dükanda 90 qəpik imiş.
Demək ki hökumətin zorla tətbiq etdiyi
kooperativ siyasəti daha nəticədə köylü üzərinə
təhmil edilmiş bir növü qeyri müstəqim vergi
hökmü alır.
İştə
bolşevikləri köylü hökuməti deyə tələqqi
edənlərə köylünün, kəndilərindən
çəkdiyi bəlanın səbəblər səbəbini
təşkil edən iqtisadi sıxıntısı! Təbiidir ki, bu sıxıntı ilə o, maddətən,
qabil deyil, məmnun olamaz. Mənəviyata
gəlincə, camii klub halına qonulan bir köylünün
halını artıq siz düşününüz. Bu isə bizim uydurduğumuz bir istinad deyil, eyni
Axundovun etirafatı cüzində təsbid edilmiş bir həqiqətdir.
Kənd özəklərinin müşavirəsində irad eylədiyi
nitqinin bir yerində Axundov eyni ilə şu sözləri
söyləmişdir: “Köylərin bəzilərində məscidləri
kulub etmək kimi hallar vüqua gəlmişdir. Məsəla,
Şamaxı kibi mütədəyyin və mütəəssib
bir qəzada bəzi köylərdə məscidləri
döndərib klub etmişdirlər. Və
yoldaşlar diyorlar ki köylülər kəndiləri buna
razı olmuşlar. Halbuki Türkcə bu söz həqiqətən
bir az uzaq görünür. Məscidin
klub edilməsinə mütədəyyin və mütəəssib
köylülərin razı olduğunu demək doğru deyil”.
(“Komunist”, ¹264)
Qəribədir
ki, Axundov, Moskvada Molotov, “köylülərin hissiyyati-diniyyəsinə
qarşı cəbhədən hücum etmək fayda vermədi”
tezisini ortaya qoymadıqca “məscidin kuluba döndürülməsi
caiz olmayacağını” qətiyyən ağlına gətirməmişdir.
Şimdi isə “Köylülər razı olursa
məscidi yalnız məktəbə döndərməyi” caiz
görüb, kulubu qətiyyən yaxın buraxmayır və
“Din ilə mübarizədə pək ehtiyatlı
olmalıyız” deyir.
Fəqət
nə qədər ehtiyatlı olsanız da köylü
artıq sizin nə qansız, imansız və vicdansız xainlər
olub kəndinə yabançı və müsəllət bir qüvvət
olduğunuzu kafi qədər anlamış, malını
satdırdıqdan, evini yandırdıqdan, ailəsini
süründürdükdən, müqəddəsatını
xırpaladıqdan sonra bu mürai (riyakar) sözlərə
inanmaz və göstərəcəyiniz “ehtiyat” manevralarına
qətiyyən inanamaz, isinəməz!...
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 15 kanuni-sani (yanvar) 1925, ¹8
BOLŞEVİK
RƏQƏMLƏRİ
Məşum
(uğursuz) 27 nisan (aprel) münasibətilə
intişar edən Bakı qəzetələrindən
alınmışdır.
Ən əziz
hiss və müqəddəsatın kirli çizmələri
altında çeynəndiyi bu mənhus gündə, bolşevik
qəzetələrinin, Azərbaycan xalqının sağalmaz
yaralarına duz tökəcək bir şəkil və mahiyyətdə
tərtib və tənzim ediləcəyi məlumdur. Bunun üçün də biz, bu qəzetələrin
istilaya - xilas, əsarəti-hürriyyət tələqqi edən
“hissi” qisimlərindən bəhs edəcək deyiliz.
Yalnız bu kərə (ümumi Sovet təərruf siyasəti
təsiri ilə olacaq) şəkil və cəsamət
etibarı ilə, əskilərə nisbətlə “müxtəsər”
olaraq çıxan bu nüsxələrin ciddiyyət sətir
rəqəmləri üzərində bir az
durmaq istəriz. Bu “rəqəmlərə” tövdi olunan “vəzifə”
Sovet hökumətinin 6 sənə əsnasındakı
“müsbət” icraatını “təsvir” etməkdən ibarətdir.
Bolşevik
nəşriyyatçılarının rəqəm
qullanmaqdakı üsullarını tədqiq üçün
bu “təsviri” bir az təhlil edəlim:
Sovet Hökumətinin 6-cı ildönümü namı
ilə türkcə və rusca nəşr olunan məqaləsində
Əliheydər Qarayev kəndinə məxsus tərbiyəsiz
bir üslub ilə (Ruscasında bu tərbiyəsizlik türkcəyə
nisbətlə bir az tədil edilmişdir) “Xan, Bəy”
hökumətlərini və “Paris kafe şantanlarında
eyş və işrətlə məşğul millətçi
mühacirləri” çəkişdirdikdən” əcnəbi məmləkətlərdəki
propağandaçıları atışdırdıqdan sonra
(bu dəfəlik “Yeni Qafqasiya”çıları təsrix etməmişlərdir. Çünki
məcmuənin qapandığını və müdirinin
İstiqlal Məhkəməsincə cəzalandırıldığını
qəti surətdə yazmış, qarelərini
inandırmamışlardı. Kəndi kəndini
təkzib etmək o qədər də xoş bir şey olmaz
ya...) Sovet Azərbaycanının “dev addımları” ilə
irəliləyəni isbata qalxışıyor.
Davasını isbat üçün sərd etdiyi vaqeələrdən
başlıcası Muğan çölünün
suvarılmasına aid vücuda gətirilən kanallar
sistemidir. Suvarılmasına
əhəmiyyət verilən bu çölün digər bir
sütunumuzda mündəric məqalədə göstərildiyi
kimi Azərbaycan və Türklük zərərinə olaraq
rus mühacirləri tərəfindən iskan (məskən)
edilmək istəndiyindən sərfi-nəzər bu
“inşaatın nə kimi idari bir “rəzalət”lə icra
edildiyini yenə sovet mətbuatından Qarayevin məqaləsini
nəşr edən “Bakinski Raboçi” qəzetəsinin
ildönümünə təxsis edilməyən əlaladə
nüsxəsindən öyrəniyoruz.
Muğan
və Mil səhrası İnşaat İdarəsi mənasından
müləxxəs olaraq, “Muğanmilstroy” namını
daşıyan bu “inşaat idarəsi”nin yapdığı
ixtilas (oğurluq), təsəyyüb (səhlənkarlıq) və
irtikab (rüşvətxorluq) o dərəcəyi bulmuş ki,
rəsmi mətbuat belə ona artıq “Müğmilstroy”
(Muğan və Mil səhrasını yapan) deyil, xalq
ağzından alınaraq “maqilstroy” (məzar yapan) deməyə
başlamışdır.
“Məzarlığı” Sovet hökumətinin müsbət
icraatına qeyd etdikdən sonra Qarayev, Azərbaycan sənayesindən
bəhs açıyor. Bu bəhsdəki müsbət icraatın
nədən ibarət olduğu Ağdam
köylüsünün “Molla Nəsrəddin”in belə
mizahına acı bir mövzu təşkil edən “Piy
çırağı” (iç yağı ilə yanan qəndil)
yaxması ilə tənvir edilməkdir.
Qarayev pambıq ziraətinin 5.000 desyatin ərazidən
97.000 desyatinə çıxdığını və bu
çıxışla hərbdən əvvəlki
miqdarını bulduğunu söyləyir. Fəqət
buna müqabil Ağdaş kooperativində 3-4 bağlı
çift zühurunun böyük bir müvəffəqiyyət
kimi göründüyündən söz açmayaraq
diplomatca sükut edir.
Bunları keçəlim. Mövcud fabrikaları
bir araya gətirib “On kiçikdən bir böyük” yapma
üsulunun nədən ibarət olduğu üzərində də
durmayalım, 24 gündə 44 dəmiryolu qəzası kimi
cahan rekordunu qazanan şimendoferciliyi də
araşdırmayalım. Keçəlim rəqəmlərə:
Əliheydər
Qarayev deyir ki: bəy və xan hakimiyyəti zamanında Azərbaycan
əhalisinin ancaq 100-də 2-si oxur, yazardı. Şimdi
isə 100-də 30-u savadlıdır.
Məqalə, Sovet hökumətinin 6-cı
ildönümü münasibəti ilə
yazılmışdır. Bundan 2 sənəsinin
işğal və təsis dövrünə
çıxılması təbii görülməlidir. Mütəbaqi 4 sənə isə bir nəslin
oxuması, yazmasını təmin üçün ancaq yetər.
6-cı sənədə bütün Sovet məktəblərində
təhsil edənlərin miqdarı Əliheydərin göstərdiyi
hesaba görə 180 min ilə 230 min arasındadır.
Biz bunu yuvarlaq və təxmini bir hesabla 200 min qəbul edərsək
belə, bu rəqəm 3 milyondan ibarət Azərbaycan
nüfusi-ümumisinin 100-də 7-sini belə təşkil etməz.
Qarayevin dava etdiyi 100-də 30 nəticəsi əcəba
hansı hesabla çıxır, biləməyiz.
Anlaşılan Müsavat dövrünə aid 100-də
2-i rəqəmi havadan alındığı kimi 100-də 30 ədədi
də işkəmbədən
çıxarılmışdır. Yoxsa Oktyabr ixtilalı (üsyanı)
hesab elmini ta əsasından dəyişdirmiş də xəbərimizmi
yox?...
Əliheydər, Azərbaycan büdcəsinin 100-də
60-nın maarifə təxsis edildiyini söyləyir. Sovet Azərbaycanında
maarif büdcəsinin dolğunca göründüyünü
qəbul edəriz. Çünki Azərbaycan büdcəsi
əskəri, mali xüsuslarla münaqilə,
posta və teleqraf kimi məsərrifləri səbt etmədiyi
kimi, petrol ocaqları kimi əzim sənaye müəssisələrinə
sərf olunan paraları da qeyd etməz. Zira
bütün bunlar Azərbaycan büdcəsinə deyil, Sovetlər
İttihadı, yəni Rusiya büdcəsinə daxildir. Şu şərait daxilində hər hankı bir
büdcədə maarif fəslinin digər cədvəllərə
nisbətlə dolduğunu təsbit etmək ehtimalı var.
Öylə ikən belə Qarayevin verdiyi bu məlumat tədqiqə
möhtacdır. Bərəkət versin ki,
Sovet komisarları Sovet təbəsinə qarşı
duyduqları məsuliyyətsizlik hissindən mütəvəllid
(doğan) laubalikləri ilə bizə bu xüsusda qolaylıq
göstərirlər. Şöyləki “keçmişlə-hazır”
arasında bir müqayisə yapan M.Bağırov “Komunist” qəzetəsinin
27 nisan nüsxəsində nəşr eylədiyi məqaləsində
“Müsavat büdcəsi” ilə “Sovet büdcəsi”ni
müqayisə edərkən Sovetlərin dövlət büdcəsindən
100-də 25-i maarifə sərf etdiklərini qeyd edir. Biz bu rəqəmlərin hankısına inanalım?
Yoxsa Qarayev mərkəzi büdcədən sərf
olunan 100-də 25-lə, məhəlli büdcədən sərf
olunan 100-də 32-yi (M.Bağırovun məqaləsində
böylə səbt edilmişdir) yuvarlayaraq bir rəqəmləmi
söyləyir? Fəqət Oktyabr hesabı ilə 2-yə
təqsim olunan bir rublənin cəmindən alınan 100-də
25-in məcmui 60 qəpik olsa da “burjua” hesabilə bu yenə 25
qəpik edər!
Fəqət Qarayevlər əmindirlər. Sovet diqtatorası “Sosyalist
hesabının nəticələrini” cərh edəcək
“burjua hürriyyətini” ortadan qaldırmış, sadiq
komisarlarının cəhl və iğfalını üzə
çıxaracaq vəsaiti, əsir etdiyi cəmiyyətin əlindən
almışdır.
28 May
şüarı altında hürriyyət və
istiqlalını iadəyə çalışan Azəri
mücahidləri sevgili yurdlarını iştə bu cəhl
və ifğal əsarətindən qurtarmaq istərlər!
M.Ə.(Rəsulzadə)
“Yeni
Qafqasiya”, 28 May 1926, ¹14
HAVLAMA
DAVAM EDİR
Moskva müstövlülərinin
(işğalçılarının) Azərbaycanda
bağladıqları zəncirli köpəkləri ora təbirincə
“dil boğaza qoymur”, müttəsil (fasiləsiz) havalayıb
dururlar.
Bunların ən çox hürdükləri şey “Yeni
Qafqasiya”nın nəşriyyatıdır. Qudurmuş köpəklərə mehtab (Ayın
aydınlığı), nə isə, bunlara da “Yeni Qafqasiya”
odur.
“Yeni
Qafqasiya”nın İstanbul kimi maddətən uzaq bir məsafədən
Azərbaycan və Qafqasiya məzluməsinə doğru
atdığı tənqid oxlarının düşmənin
ta can alacaq xas nöqtəsinə isabətindən olacaq ki
bolşevik xəyanətini ifşa edən və Sovet xəyanətini
göstərən hər nüsxəsi çox əsəbi və
şaşqın bir müqabiləyə məruz qalır. Hər dəfə olduğu kibi bu dəfə də
bolşevik qəzetəçiləri müvazinəti qeyb eləmiş,
“Komunist” sütunlarını fəqət vicdanını
satmış satılıq ağızlardan çıxa biləcək
hərzələrlə doldurmuş, onsuz da pislik qoqan bu murdar
səhifələri tamamilə təlvis etmişlərdir.
Azərbaycan milliyyətçilərini təqib
etmək milli məfkurənin nur mənbələrinə
qarşı havlamaq rolunu dəröhdə edən
satqınların başında Moskva uşaqlarından Arnaud Əhməd
Bedi ilə mahut (bədnam) Əliheydər Qarayev durur.
Bundan bir az əvvəl Əhməd Bedi bizə
havlamış, səsi qısılıncaya qədər
bağırmışdı. Şimdi də
sıra Qarayevə gəlmişdir.
Qarayev, hər şeydən ziyadə bolşeviklər tərəfindən
1918 sənəsində Şamaxıyı yaxarkən ermənilərlə
birlikdə təxrib etdikləri məşhur Şamaxı
camiinin 13-cü nüsxəmizdə mündəric tarixi
fotografına qızmışdı. Guya ki, biz muğayirət
(əksiklik) eyləmiş, Camiin 1902 sənəsinə aid
fotoqrafını göstərərək bunun 1918-də təxrib
edildiyini iddia etmişiz. Halbuki fotoqrafda
görünən bu məscid 1902-ci ildə zəlzələ
vaxtında “Allah” tərəfindən uçurulmuşdur.
Biz “Allah”ın bolşevikliyini qəbul edərsək,
bolşeviklər bunun da hesabını verməyə hazır
imişlər.
Laübaliyanə
(səhlənkarcasına) və həyasızca kinayələrlə
Cənab Haqqı belə araya qoyduqan sonra, bu vicdansız
çocuq, mövzu bəhs məsələdə 1902 sənəsini
görmüş şamaxıları hakimliyə dəvət
edir. Edir amma şamaxılı bir “hakim”in çıxıb da
“Əvət, bu məscid 1902-də zəlzələdən
qismən mütəzərrər olmuşsa da sonra təmir
edilmiş, 1918 sənəsindəki bolşevik-erməni
basqınında isə kamilən atəşə
verilmiş-di” hökmünü nəşr edəcək nə
sərbəst bir qəzetənin, nə də böylə bir “küstax”lıq
(həyasızlıq) bahası ilə başına bəla
açacaq “axmaq bir şamaxılı”nın mövcud
olmadığını da pək əla bilir.
Müğalətə (əsassız mübahisə) bu qədərlə
qalmır, məcmuəmiz son zamanlarda vüqu bulan həbslərdən
bəhs edərkən məhbuslardan bir qismini isimləri ilə
göstərmişdi. Bunlardan bəzilərinin sonradan təxliyə
edildikləri məsmumumuz (xəbərimiz) olmuşdur. Bu
təxliyə keyfiyyətindən bilistifadə Qarayev bizə
Rüstəm Xan Xoyski, Nərimanbəyli, Qasımov Əli Səbri,
Şirəlizadə Şirəlinin adreslərini göstərir
və bu surətlə cəsarət edib də “Yox bu adamlar həbs
edilmədi” deməmək üçün şarlatanca davranan
Qarayev göz boyaçılıq sənətində kəsbi-məharət
etdiyini isbat etmiş olur. Fəqət biz Əliheydərə
yeni bir taqım adreslərdə sora biliriz. Bilirsə o
bizə Musazadə Qurbanın, Məhəmmədzadə
Abdulvahabın, Mikailli Kərbəlayi Vəlinin,
Haşımzadə Məşhədinin və sairlərinin
adresini göstərsin!..
Bolşeviklər
tərəfindən yaxılan caminin qəbahətini
Allahın üzərinə atdıqdan, həbsdən
çıxan vətəndaşların adreslərini,
zindanlarda çürüyənlərin məğduriyyətlərini
pərdələmək üçün qullandıqdan sonra, hərif
Naxçıvan haqqındakı nəşriyyatımıza,
Bakı məsələsinə və Gəncənin sənayeləşdirilməsinə
nəqli-kəlam edərək müğalitənin zirveyi bəlasına
çıxmış, bizi demağoji yapmaqla ittiham
etmişdir.
Biz Naxçıvan təşkilatının ani surətdə
Rıkovun səyahəti üzərinə təqibata
uğramasını, oradakı Türk məmurların
başqaları ilə təbdil edildiyini yazmışdıq.
Qarayev çıxarılan türklərin yerinə xaxol
deyil yenə türk göndərilmiş olduğunu isbat
üçün bizə bir qaç komisar ismini söylədikdən
sonra kiçik listi “və sairə” kəlməsi ilə
bitirir. Fəqət əsl “Zi-nüfuz” komisarların bu “sairə”
içində saqlı olmadığı da məlum. Və bir də Qarayevin türk deyə göstərdiyi
isimlər arasında kəndi qəbilindən rus
uşağı olanlar var ki rusdan da rusdurlar.
Sovet mədihə (tərifli) xanlarının
“töhfeyi-Şirvan” deyə tövsiv etdikləri bu
çocuq. Naxçıvan hekayəsində “töhfəliyə
yaxışacaq bir kinayə ilə “nöqtə-gülük”
zərafətində dəxi bulunmuşdur. Məgərsə “hamam tellağını xarab edənləri”
biz Azərbaycan münəvvəri deyə himayə və
böylələrinin cəzalanmasına təəssüf
ediyormuşuz. İş “Şirvan töhfəsi”nin dediyi
kimi olsa Sovet hökuməti hər “xarab edəni” cəzalandırsaydı
bir taqım “qəssablar” salamat qalmaz, “arabaçılar” da
müqərrib (yaxınlaşdıran) olmazdı.
“Bakı Azərbaycanın ürəyidir” deyə Qarayev
paytaxtın Bakıdan Gəncəyə nəqli məsələsindəki
“nəşriyyatımızı” təkzib edir. Fəqət cahan
hadisatını yalnız bolşevik əqasibi (biliciləri)
ilə təqib etmək zərurətində bulunan zavallı
Azərbaycan qareləri bilməsələr də “Yeni
Qafqasiya” qareləri pək əla bilirlər ki, biz paytaxtın
Bakıdan Gəncəyə nəqli həvadisini başqa qəzetələrdə
oxurkən məsələyi o şəkli ilə
inanmamış, əsil vaqeənin nədən ibarət
olduğunu meydana qoymuşduq.
Əvət, doğrudur. Paytaxt Gəncəyə
nəql edilməmişdir, fəqət hökumət Bakıda
qalmaqla bərabər Azərbaycan vücudunun kəndi ürəyinə
olan əlaqəsi qurnazca qət edilmişdir. Azərbaycan
Sovet hökuməti-mərkəziyyəsi bilhüquq deyilsə
də, bilfeil Bakıdan tərd edilmiş və bu “ürək”
çırpmaq üçün möhtac olduğu kanı Azərbaycandan
deyil, Moskvadan almağa başlamışdır. İdarəsi tamamilə rus komunistlərinin əlinə
keçmiş və Türk Azərbaycan üzərində
rus diktatorluğu təmin edilmişdir. (21 ¹-li “Yeni
Qafqasiya”ya müraciət)
Biz Gəncənin “sənayeləşdirilmək”
ünvanı altında ruslaşdırılmasını,
türklük simasından uzaqlaşdırılaraq
internasyonalizə etməkdə olduğunu görmüş,
Bakıya tətbiq olunan siyasətin bir gün Gəncəyə
də yapılacağından bəhs etmişik. Qarayev bu həqiqətə
qarşı dəxi müğalatdan başqa bir cavab
bulamıyor. Məhəmməd Əmin, Azərbaycanı
ibtidai bir halda saxlayaraq sənayeləşdirmək istəmiyormuş.
Çünki xalq qeyri münkəşif və
cahil qalırsa kəndi “hakimiyyət və istibdadını” o
daha qolaylıqla iadə edərmiş.
Xayır əfəndilər,
açıq məsələni qara müğalitələrlə
pərdələ-yəməzsiniz. Azərbaycan
köylüsü sizin nəzərinizdə nə qədər
“motal papaq” və əmələsi nə qədər “qara fəhlə”
olsa da milli iqtisada və milli siyasətə təəllüğ
edən məsələləri sizin kimi sivri şapqalı “rəhbər”lər
və üzü qırmızı utanmaz “münəvvər”lərdən
daha qolaylıqla anlar, türk sözü ilə rus
sözünü, milli mənfəətlə əcnəbi mənfəətini,
istiqlal hədəfi ilə istila məqsədini çox
vüzuhla (aydınlıqla) dərk edərlər.
Əvət Gəncə sənayeləşdirilməli. Yalnız Gəncə deyil, bütün Azərbaycan əsrin texniki faydalarından müstəfid olmalıdır. Yalnız bir şərtlə ki, bu sənayeləşən Azərbaycan şəhəri türk qalsın, rus şəhəri olmasın. Qarayevin düşündüyü kimi qolay tərəqqi etmək milli mövcudiyyət və nüfusa əhəmiyyət verməmək surətilə daha müvəffəqiyyətli olsaydı milli Türkiyə qapılarını əcnəbi mütəşəbbüslərə açar, ehtimal ki, mühacirləri Anadolunun sekənəyə möhtac bərəkətli obalarını çox az zamanda emar və iskan edərlərdi. Bu surətlə o, bəlkə də bulunduğu bədavət halından çıxar, daha mədəni bir şəkil alardı, fəqət Türkiyə olmazdı.
Bu həqiqəti Qarayevlərin satılmış vicdanı dərk etməkdən acizdir. Fəqət onlar Azərbaycan xalqının vicdanını da kəndiləri kimi satılmış zənn etməsinlər. Bu xalq Qarayevlərin və onun kimi rəzillərin hay və küyünə rəğmən, böyük istiqlal yoluna girmiş, yürüyür. Bolşevik köpəklərinin hərzə-hərzə havlaması onu doğru yolundan saptıramaz. Milli mücadilə tarixinin karvanı öz yolu ilə şaşmadan gedər.
“İt hürər, karvan keçər!”
Azəri (M.Ə.Rəsulzadə)
“Yeni Qafqasiya”, təşrini-əvvəl 1926, ¹1
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 26 yanvar.-
S.20-21.