Məkansız və zamansız
Nəsimi heç vaxt belə müşkülə
düşməmişdi. Nə sağlığında, nə
edamından sonra. 600 yaşı bitəbitdəydi.
Bu uzun ömrün o, vur-tut 48 ilini
yaşamışdı. Əgər
“yaşamışdı” sözü dünyada rahatlıq,
firavanlıq görmək mənasında
düşünülsə, onda Nəsiminin ömründəki
belə illərin sayı lap az
götürülməlidir.
Təqiblər,
sıxıntılar, qorxü-hürkü içində bu
diyardan o diyara baş götürüb qaçmalar,
yarıac-yarıtox günlər, həftələr, aylar... Bunların rahat ömrə aidiyyəti yoxdur. Amma bu yolu o özü seçmişdi. Mübarizələr, möhnətlərə
qatlaşa-qatlaşa məsləki, amalları uğrunda
çarpışmalar onun intixab etdiyi həyat tərziydi.
Həmin səbəbdən də
başqalarına narahat gələ bilən ömür illəri,
əslində, onun qəbuluydu. Bəlkə
də, başqalarının zillət saydığı
günlər onun nəzərində ləzzət də olmasa,
ən azı, elə həyatın adi gedişatı deməkdi.
Amma 600 yaşının tamamında onun üzləşdiyi
qəziyyə sevənlərinin də qəlbini çox
ağrıtdı, ruhu bunlara şahid idisə, ruhunu da ən
ağır işgəncələrdən daha artıq
sarsıtdı. Çünki onun niyyəti birləşdirmək
idi.
Məfkurənin, düşüncələrin, sevgilərin
ətrafında birləşdirmək. Hətta hərflərlə,
sözlərlə də körpü yaradaraq bir yol, bir xətt
üstündə toplamaq.
Şagirdlərini, məsləkdaşlarını,
dostlarını, xalqını. 600 yaşının
tamamında isə məhəbbətdən, istəkdən dəm
vura-vura onun adının ətrafına
yığışanlar, əslində,
parçalayırdılar, ayrı salırdılar, niyyətləri
xoş olduğu halda hərəsi bir səmtə çəkdiklərindən
nəticə etibarilə Nəsimiyə zərər vurmuş
olurdular.
“Haralısan?” söhbəti o vaxt – Nəsimi
dövründə də olmuşdu, ondan əvvəlki
çağlarda da. Olmasaydı, adların, təxəllüslərin
böyründəki nisbə də yaranmazdı. Biri
Şirvani, biri Gəncəli, biri Təbrizli, biri Ərdəbilli,
biri Şəkili, biri Bakılı, biri Marağalı, biri
Ordubadlı... olmazdı. Doğrudur, elə o
çox köhnə vaxtlarda bütövlüyün rəmzi
olan “Azərbaycani” nisbəsini daşıyan Bəhmənyar da
yaşamışdı. Fəqət minlərin
arasında belə nisbə götürən olardı bir nəfər,
iki nəfər. Olsun ki, o zamanlar elə
nisbələr qəbul edənlər öz dədə-baba
yurdlarını Vətənin başqa bölgələrindən
ayırmaq, özgə yerlərdən üstün tutmaq barədə
heç fikirləşmirdilər, sadəcə,
doğulduqları torpağa bu minvalla azacıq da olsa xidmət
etmək istəyirdilər. Amma nə edəsən
ki, vaxt çayları axdı keçdi və bu xislət bir
xəstəliyə çevrilən qorxulu həddəcən
dikəldi, milləti içəridən gəmirən güvəyə
döndü.
Azərbaycan
1973-cü ildə mütəfəkkir şair İmadəddin
Nəsiminin 600 illik yubileyini dünya miqyasında keçirmək
niyyətindəydi (o vaxt nə idisə, əksər bu qəbil
yuvarlaq ildönümləri bir neçə il
gecikdirilərək bayram edilirdi. Əslində,
Nəsiminin 600 yaşı artıq 1969-da tamam olmuşdu.
Yubiley-filan yada düşməmişdi. Həmin
il Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev
dərhal bu məsələnin də üzərində
işləməyə, özünə xas miqyaslı
düşüncəyə müvafiq olaraq, bu ədəbi
bayramı Azərbaycanın dünyada və Sovet
İttifaqında güclü təbliğinə çevriləcək
mühüm siyasi-mədəni hadisəyə döndərməkçün
addımlar atmağa başlamışdı).
Təbii ki, bu arada elmi və kütləvi mətbuatda
bir-birinin ardınca yazılar dərc edildi.
Salman Mümtazın hələ 1926-cı ildə nəşr
etdirdiyi və Nəsiminin Şamaxıda doğulduğunu
göstərən dəyərli, tarixi məlumatla zəngin məqaləsi
illər fasiləsindən sonra işıq üzü
gördü.
Bunun
ardınca əslən Bakıdan, İçərişəhərdən
olan, akademiyanın elmi əməkdaşı, arxivlərlə,
mənbələrlə dərinlərə getməyin aludəsi
olan filoloq Əliəjdər Seyidzadə elan etdi ki, Nəsimi
qala divarları arasında yaşayıb, həyətini də,
evini də tapmışam. Ayrıca məqaləsində
öz aləmində sübut etdi ki, bəs Nəsimi
bakılıdır.
Gəncə
Pedaqoji İnstitutunun professoru Nazim Axundovun bundan lap az sonra çıxan məqaləsi vəziyyəti
bir az da qarışdırdı. O, isbat edirdi ki, Nəsimi gəncəlidir
ki, var.
Nəsiminin farsca “Divan”ını çapa hazırlayan,
orta əsrlər ədəbiyyatımızla mütəmadi
maraqlanan, əslən Cənubi Azərbaycandan olan professor Həmid
Məmmədzadə Nəsimini elədi təbrizli.
Getdikcə meydan qızışırdı. Bərk bəhsəbəhs
düşmüşdü.
Əslən Dağıstandan olan geoloq Əziz Əsgərovun
məqaləsi isə lap gözlənilməz idi. Dərbənddə
XIV yüzilliyə aid bir mağara tapdığını, həmin
mağarada vaxtilə hürufilərin
yığışdığını, Nəsiminin də dərbəndli
olduğunu iddia etdi.
Akademik Məmməd Cəfər isə Nəsiminin
naxçvanlı olduğunu sübuta yetirirdi.
Universitet
müəllimim, görkəmli filosof Fuad Qasımzadə
xatırlayır ki, bizimkilərin Nəsimini
bölüşdürə bilmədiyi həmin ərəfədə
türkmənlər götürüb Moskvaya, sovet dövlətinin
rəhbəri Leonid Brejnevə məktub yazırlar ki, Nəsimi
türkmən şairidir, bizim ona həsr edilmiş ayrıca
xalq dastanımız var, şairin türkmən olmasını
A.Krımski kimi böyük şərqşünas alim də
yazıb. Adətən belə ciddi mübahisələr
ortaya çıxanda Kreml höcətləri kiminsə xeyrinə
həll etmək əvəzinə ümumən məsələni
gündəlikdən çıxarmağa üstünlük
verirdi.
İndi bir anlıq həmin qorxunc nəticəni təsəvvür
edək. Necə vəziyyət alınardı? Nəsimi haqda film çəkilirdi, abidə
hazırlanırdı, balet bəstələnirdi, kitablar nəşr
edilirdi, tərcümələr edilirdi, xalçadan tutmuş
xüsusi medaladək, plakatlardan tutmuş poçt
markasınacan müxtəlif sənət əsərləri
yaradılırdı. Təbii,
bütün planlaşdırmalar da, maliyyələşdirmələr
də Mərkəzdən asılı idi. “Dayanın!”
deyilsəydi, indi mədəni sərvətimiz olan çox
şeyləri itirərdik. Nə heykəl olardı, nə
film, nə gözəl nəğmələr, nə bir-birindən
cazibəli rəsm
əsərləri, nə bir silsilə Nəsimi
kitabları.
Böyük azərbaycanlı Heydər Əliyev
köksünü verir irəli, nüfuzu, qətiyyəti, əlaqələri
dadına çatır, Moskvayla da, Parislə də
danışıqlar, yazışmalar aparır və
lüzumsuz mübahisələrə nöqtə qoyulur.
Nəsiminin 600 yaşını YUNESKO da bayram edir,
SSRİ paytaxtında da Azərbaycan şairi Nəsiminin təntənələri
keçirilir.
Amma
şairin haralı olması ilə alimlərimizin bu çəkişməsi
hər halda tarixin də, elə Nəsiminin də yadında
qalır...
***
Kim idi Nəsimi?
Altı əsrdir ki, bu suala ən uyğun, ən
dürüst cavab axtarılır, çeşidli cavablar da
tapılır və onların hər biri bu yenilməz fədaini
başqa çalarda açmağa, təqdim etməyə səy
göstərir. Bəs Nəsimi özü nə deyirdi?
Onun
öz nəzərincə Nəsimi kim idi? Nəsimini hamıdan yaxşı tanıyan
insanın qiymətləri nədən ibarət idi?
Sərraf-i
bəhr-i qüdrətəm, yaqut-i kan-i vəhdətəm,
Şimdi Nəsimiyəm bu gün, xak ilə yeksan
olmuşam.
Bir qüdrət, güc dənizinə bərabər
olduğunu söyləyirdi, amma pərişan-pərişan
gileylənməyə də bilmirdi ki, əsl dəyəri
verilmir, ulduz kimi göylərdə tutulmalıykən torpaq
kimi ayaqlar altındadır.
Kim idi Nəsimi?
Surətdə
gərçi adi bəşərdir Nəsiminin,
Mənidə gör ki, zat-i mütəhhər degilmidir?
Təsdiqləyirdi ki, bəli, mən də üzdən
bu dünyanın çirkabına bulaşmış adi
insanlardan birinə oxşaya bilərəm. Amma mən
daxilən pakizə, təmiz bir zatın
daşıyıcısıyam.
Kim idi Nəsimi? Biz bunu bu gün dəqiq bilirik – o,
şeirimizin günəşlərindən biridir. Bizdən
əvvəl həmin həqiqəti özü də bilir və
deyirdi:
Bir
günəşdir Nəsimi kim, anın
Neçələr zərrəsinə həsrətdir.
Amma Nəsimi
mənən özünü günəş kimi aliməqam
saysa da, təvazö ilə özünəcə ifrat qürrələnməməyi
də tövsiyə etmək gücündəydi,
öz-özünə xeyli aşağıdakı yerini də
nişan verməyə qadirdi:
Fərağət
olmuşam sud u ziyandan,
Nəsimiyəm ki, dərvişəm, fəqirəm.
Kim idi Nəsimi?
Mən
otuz iki hürufəm ləmyəzəl,
Yoxdur ortağım, nə mislim, nə bədəl.
Çün
əbəddir axırım əvvəl, əzəl,
Əvvəl ü axır mənəm izzə və cəl.
Son nəticədə o özünü hərflərə
bənzər tuturdu, varlığının da mənasını
həmin hərflərdən yaranan sözdə
görürdü. Nəsiminin qənaətincə isə,
sözdən ulu, sözdən möhtəşəm heç
bir qüvvət mövcud deyil və söz hər şey deməkdir.
Həm candır, həm dünyanı yaradandır, həm səni
sənə tanıdan, qəlbinin tərcümanıdır, həm
yer-göydür, səmanın doqquz qatıdır, həm
kainatdakı hər nəsnənin əsasını təşkil
edən dörd ünsürdür – su, od, külək,
torpaqdır, dəftər-qələm, yazı-pozudur və
ilkindən tutmuş sonuncusunadək bütün peyğəmbərlər
də Sözdür:
Dinləgil
bu sözü ki, candır söz,
Aliyü asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh (qüsursuz – R.H.)
anla vü bax,
Şoylə
kim xaliq-i cahandır söz.
Nazil
(Allah tərəfindən göndərilən – R.H.) ü
münzil (yerə endirilən – R.H.) anla kim,
birdir,
Kəndi kənduyə tərcümandır söz.
Tulü ərz
ilə ümqü (dərinliyi – R.H.) bulunmaz,
Yəni bihədd ü binişandır söz.
Əql-i
küll, ərş ü kürsi, lövh ü qələm,
Çar ünsür, nöh asimandır söz.
Zahir
ü batin, əvvəl ü axir,
Aşikara vü nihandır söz.
Kaf ü nundan
vücudə gəldi cahan,
Əgər anlar isən əyandır söz.
İsa-yi
pak, Adəm ü Əhməd,
Mehdi-yi sahib əz-zəmandır söz.
Və yenə
kim idi Nəsimi? Zərrə boyda günəş,
günəş boyda zərrə, zərrədə günəş,
günəşdə zərrə ola bilən,
vəsfi alidən-ali saydığı sözə də
sığmayan bir insan, bir şair.
Zərrə
mənəm, günəş mənəm, çar ilə pənc
ü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə
sığmazam.
Amma 1369-cu ildə o hələ kiçik idi və bir Azərbaycan
anasının bətninə də sığa bilirdi. Şamaxıda
dünyaya gəldi. (Onun Şah Xəndan adlı bir
qardaşı da oldu ki, sonucda elə Şamaxıda torpağa
tapşırıldı və həmin məzarlıq da bu qəbrin
şərəfinə “Şahxəndan” adlandırıldı,
deyilə-deyilə, dəyişə-dəyişə el dilində
həmin kəlmə “Şaxəndan”a çevrildi. Seyid Əzim
də məhz bu müqəddəs qəbrin xatirinə həmin
qəbiristanlıqda dəfn olunmasını vəsiyyət
etmişdi:
Mən
öləndə “Şaxəndan”da basdırın,
Çünki onun şahid-i xəndanı var).
Ən azı bu dəlil və başqa əksər
qaynaqların yekdilliklə Nəsiminin Şamaxıda təvəllüd
tapmasını bəyan etməsi onun doğum yerini başqa
şəhərlərə bağlayan fərziyyələri
çökdürür. Rədd ediləsi ehtimallar sırasında Qəstəmonlu
Lətifinin də guya Nəsiminin Bağdad
yaxınlığındakı Nəsim kəndində
doğulması fikri də var ki, lap çoxdan ümumən
belə bir kəndin olmadığı sübuta yetirilib.
Osmanlı təzkirəçiləri Nəsimini özləri
sarı çəkməyə cəhd etmiş, heç bir
etibarlı mənbə, əsaslı dəlil gətirmədən
Aşıq Çələbi, Bursalı Məhəmməd
Tahir, Faiq Rəşad kimi müəlliflər onu diyarbəkirli
etməyə çalışmışlar. Amma
tutmayıb.
***
Nəsimigil nəsillikcə seyid idilər. Bu səbəbdən Nəsiminin
adının, ləqəbinin, təxəllüsünün
qarşısına çeşidli qaynaqlar “Seyid”
sözünü də əlavə etmiş, onu Seyid Nəsimi,
Seyid İmadəddin, Mir İmadəddin kimi də
tanıtmışlar. İlk gənclik illərindən
onu səciyyələndirən keyfiyyət sığmazlıq
idi ki, ömrü boyu müşayiətçisi olaraq
qaldı. Şamaxının münbit təhsil
mühitində mükəmməl təməl savad alsa da, bu
biliklərin çərçivəsi ona dar gəldi, daha
geniş məkan aradı. Hürufiliyə
səmt götürdü. Şeirlərində
günün sabit din təfəkkürü ilə uyuşmayan
məqamlar üzə çıxmağa başladı. Onun bu qəbil şeirlərini oxuyan, özü də
şair olan, “Julidəmu” təxəllüsü ilə yazan
Şah Xəndan qardaşının başına bəlalar gələ
biləcəyindən xoflandı. Məktub yazaraq Nəsimini
qəlbindəki hər sirri şeirə gətirməməyə,
dilə-dişə düşməməkçün məxfiliyə
riayət etməyə səslədi:
Gəl bu
sirri kimsəyə faş eyləmə,
Xan ü xası aməyə aş eyləmə.
Nəsimi
isə öz içərisinə də
sığmırdı, belə xəbərdarlıqla, lap ən
aşkar hədə-qorxuyla onu məqsədindən
yayındırmaq, tutduğu cığırdan sapdırmaq
müşkül idi. Dərya artıq
dalğalanırdı, ləpələr məcradan
çıxırdı. Qardaşının nigaran beytinə
Nəsimi şeirlə cavab vermişdi:
Dərya-yi
mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirr-i əzəl
oldu aşikara,
Arif necə eyləsin müdara?
Nəqqaş
bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.
Küll-i
yer ü göy həqq oldu mütləq,
Söylər
dəf ü çəng ü ney: “Ənəlhəq!”
İman
ilə küfr bir şey oldu,
Dadlu ilə acı bir mey oldu.
Adəmdə
təcəlli qıldı Allah,
Qıl adəmə
səcdə, olma gümrah!
Cövhərindəki sığmazlıq şakəri
onu bəktaşiliyə yönəltdi. Amma bəktaşiliyin
qəlibi Nəsiminin ölçüsündən balaca idi.
Bəktaşilər çox olsa da, Nəsimi tək
idi, tale onu gedilmiş yolla getməyə deyil, hələ ləpir
düşməmiş yollara yönəldirdi.
Surətdə
gərçi bəktaşi çoxdur, Nəsimi tək,
Mənidə adı hər həcərin (daşın –
R.H.) kimiya deyil.
Aralandı bəktaşilərdən. Onu
hürufiliyin ahənrübası cəzb edirdi. Hürufilərin öndəri Şeyx Fəzlullah
(1339–1394) idi. Həllac Mənsura sevgisinə
görə Seyid İmadəddin “Hüseyni” olmuşdu. Fəzlullahın təxəllüsü “Nəimi”
idi, İmadəddin də ona oxşamaqçün köhnə
təxəllüsünü “Nəsimi”yə dəyişdi.
Təbrizdə doğulmuş Fəzlullah zəmanəsinin
əsas elm sahələrini yeniyetməlik illərindən
mükəmməl şəkildə qavrasa da, çörəyini
papaqçılıqdan çıxarırdı. Lakin onun alnına beş-on başa papaq tikməkdən
daha əzəmətli bir vəzifə – yüzlərlə,
minlərlə beyinə ülgülər, düsturlar
bağışlamaq, təzə bir fəlsəfi fəza
doğurmaq yazılmışdı.
Hürufiliyin
ana kitabı, baş dərsliyi olan “Cavidannamə”ni qələmə aldı.
“Məhəbbətnamə”si, “Ərşnamə”si,
“Növmnamə”si də vardı. Amma onlardan heç
biri “Cavidannamə” kimi məşhur olub əl-əl, ürək-ürək,
qafa-qafa gəzmədi. O kitab Nəsiminin də beyninə
işığını saldı. Və Nəsimi
tapındı bu kitaba, bu ustada, bu təlimə:
Fəzl-i
həqdir vaqif-i əsrarımız,
Fəzl-i həqdəndir qamu ənvarımız.
Fəzl-i
həqq göstərmiş idi karımız,
Fəzl-i həqdir, fəzl-i həqq memarımız.
Nagəhan
bir şahə düşdü könlümüz,
Üzü
bədr ü mahə düşdü könlümüz,
Ta ki Fəzlullahə
düşdü könlümüz,
Uş həqiqi rahə düşdü
könlümüz.
1386-cı ildə Fəzlullah hürufiliyin təbliği
və ətrafına yeni ardıcıllar
yığmaqçün Şirvana gələndə artıq
Seyid İmadəddin bir şair kimi ad
çıxarmışdı. Bakıda Fəzlullahla
görüşəndən, həvəsində olduğu
hürufilik təriqətinə min bir qəlb teliylə
bağlanandan sonra şairlik şöhrəti bir az da artmışdı. Özü elan edirdi:
Ey Nəsimi,
cahanı tutdu sözün,
Övnəkəllah ki, şah-i kişvərsən.
“Şah-i kişvər” – “ölkə padşahı”
deyimi, yəqin, burada məcazi mənada işlənib. Lakin getdikcə
sıraları sıxlaşan, əhatə dairəsi ənginləşən
və daha mütəşəkkil bir görkəm alan hürufiliyə yalnız şair və
filosofların hücrələr daxilində məzələnməsi
təki deyil, siyasi iqtidar üçün təhlükə mənbəyi
kimi baxan hakimiyyət qəti tədbirlər tökməyə
qərar verdi.
Teymurləngin əmriylə oğlu Miranşah hürufi
dədəsi Fəzlullahı dustaq götürərək
Naxçıvana apardı. Qısa müddət Əlincə
qalasında saxlanan Nəimi bütün müridlərinə
görk olsun deyə, müdhiş bir ölümə ürcah
edildi – at quyruğuna bağladılaraq daşlara
çırpıla-çırpıla tikə-parça
edildi...
Görünür, Fəzlullah qətlindən öncə
bir neçə gün qalada hansısa adların, hansısa
sirlərin dilindən qoparılması üçün
saxlanılırmış.
Nəiminin sonacan mətanətli olması, işgəncələrə
duruş gətirərək məsləkdaşlarını
satmaması o səbəbdən inandırıcı
görünür ki, ardıcıllarının xilası naminə
Fəzlullah qayğıkeş müəllim, nəcib
mürşid kimi irəlicədən tədarükünü
görmüşdü. Ölüm ayağında “Vəsiyyətnamə”sini
azadlıqdakı silahdaşlarına ötürməyə
macal tapmışdı:
“Bütün
dərvişlərə salam söyləyin.
Bütün müridlər tələf ola
bilər, hamıya qəsd edilə bilər. Harada
olsalar, elə etsinlər ki, mənim müridim
olmalarını bir kimsə bilməsin. Bacarsalar, Gilana,
Mazandarana getsinlər. Tələf etmək üçün
arxalarınca adam gələ bilər. Özlərini son dərəcə gizli, yenə də
gizli saxlamalıdırlar. Öz geyiminizi,
xarici görünüşünüzü dəyişin,
şirvanlı və dağlı camaatının şəklinə
salın. Möhkəm və əlçatmaz
ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ ordudan
arxanızca heç kim gəlməmiş
və tələfata uğramamış getmiş
olasınız. Əlbəttə, əlbəttə,
əlbəttə, getməyə tələsin. Uzaq, dağlıq yerlərə çəkilin,
adlarınızı dəyişin. Dərvişlik
mərasimini üzərinizdən götürün. Hər dəm, hər dəm namaz qılıb bir
peşəyə bağlanmanızı da məsləhət
görürəm”.
Fəzlullah Nəimi müdrik, püxtə insan idi. Nəyi məsləhət
etdiyini, niyə belə məsləhət etdiyini yaxşı
bilirdi.
Ardıcıllarının coşqunluğundan, ipə-sapa
yatmazlığından da agah idi.
Elə həmin səbəbdən bəzən bir sözü
bir neçə dəfə təkrarlayır ki, bəlkə
bu yolla təhlükənin nə qədər yovuq və
qaçılmaz olduğunu anlada bilsin.
***
Nəsimi “Vəsiyyətnamə”yə əməl etməyinə
edir, amma axıra qədər yox.
Anadoluya qaçır. Orada ustadın nəsihətinə
müvafiq olaraq təriqətçiliyə vida deyibən xəlvətə
çəkilmək əvəzinə yenə dediyini deyir,
yazdığını yazır, başına xeyi məftunlar
cəmləyə bilir. Nəsiminin cəlb etmək istədiklərinin
heç də hamısı o deyəni demir. Dostlar
qazanırsa, düşmənlər də tapır. Sığmazlıq onun iliyində idi. İradəsini
ram edərək Nəiminin umduğu kimi büsbütün dəyişmək,
başqalaşmaq ona xas olan xüsusiyyət deyildi. Cahana və cahanlara sığmayan bir Zirvə vəsiyyətnamənin
tələblərinə necə sığaydı? Boynuna alırdı ki, məsləki,
fikri, qayəsi – ayəti onun özündən də
güclüdür, uludur:
Məndə
sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhər-i laməkan mənəm, kövn ü məkanə
sığmazam.
... Can ilə
həmcahan mənəm, dəhr ilə həmzaman mənəm,
Gör bu lətifeyi ki, mən dəhr ü zamanə
sığmazam.
Gərçi
bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şanə
sığmazam.
Hürufilik də, bəktaşilik də Nəsiminin təsiriylə
Anadoluda dərin köklər atır, qanadını gərir. Məhz elə
nüvəsində siyasi niyyətlər olması oralarda da
hakimiyyəti bu yolun yolçularıyla sərt davranmağa səfərbər
edir. Bəktaşiləri sadəcə asmırlar,
başlarını üzmürlər, Sultan Murad zamanında
onların neçəsinə od vurub
diri-diri yandırırlar. Nəsimi vəziyyətin
tədricən mürəkkəbləşdiyini duyaraq yenə
düzəlir yola. Bu dəfə İraq, Suriya səmtini
götürür... O, üç dildə – türkcə, farsca,
ərəbcə yetkin savad və biliklər yiyəsiydi, hər
üç dildə şeirlər yazırdı və “Divan”lar bağlamışdı. Bu səbəbdən
məfkurəsini intişar etdirməkdə
onun dil, nəzm məhdudiyyəti yox idi. Qafqazda,
Anadoluda olduğu sayaq, ərəb aləmində də
ehtiramla qarşılanır. Lakin, həmişəki
kimi, sayğı göstərənləri, ardınca gedənləri
vardısa, kin bəsləyənlər, onu hikkəylə
qarşılayanlar da az deyildi.
***
Şair və hökmdar Hüseyn Bayqaranın vəziri Əmir Kəmaləddin Hüseyn “Məcalis ül-üşşaq” (“Aşiqlərin yığnaqları”) adlı əsərində Nəsimi ətrafındakı nəhayətdə qətlə aparıb çatdıracaq təhlükə dairəsinin tədricən necə daralmasının səbəblərindən birini açıqlayırdı: “Nəimi nəfəsindən gələn nəsimləri qoxlayan Əmir Seyid İmadəddin “Nəsimi” adı ilə məşhurdur. Qərib bir aşiq və xanəxərab idi. Cavanlıqda aşiq olmuş, bilikli və incə sözləri dərk edən bir adam idi.
Batindən zahirə çıxan nəfəs tufan kimi onun könül dənizini cuş ü xüruşa gətirdi. O dəryanın dalğalanmasından şairin hərfləri və kəlmələri cəvahir i-əsrar kimi kənara töküldü. Ayıq zahirpərəstlərin nəzəri həqiqət şahlarına layiq olan o cəvahirlərə düşdükdə, şairin sözünü anlamadılar. Onu cəzalandırmaq istədilər. Hələbdə zahiri üləmadan bir münkir ondan soruşdu: “Bu cavanın üzündə nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən?”
Cavab verdi ki, onun üzünün aynasında Haqqın Surətini müşahidə edirəm. Münkir dedi: “Biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür?”
Şair dedi: “Bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi və bu səadət quşu sizin himmətinizin başına kölgə salmadı”.
Seyid Nəsimi ilə o münkir arasında bu söhbət keçdikdən sonra şairin düşməni daha da möhkəmləndi və valinin yanına gedib bir neçə yalan da artıraraq xəbər verdi”.
***
Nəsimi o yerlərə gedib çıxanacan evlənmişdi, ya ailəsini orada qurdu?
Bu suala dürüst və dəqiq cavab verən məxəz yoxdur. Amma daha qüvvətli ehtimal budur ki, ev-eşik sahibi olmağı Suriyaya gedib yetişdiyi, orada məskunlaşdığı vaxtların hadisəsidir.
Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi,
Cümlə əsmanın hürufi eyn-i əlqabındadır.
Fəzlin atası. Təxəllüsünü ustadın şərəfinə Nəsimi etmişdi, oğluna da yenə müəlliminin pak adına görə Fəzl adı verdi. Nəvə-nəticələri, uruğundan olan Nəsimilər bu gün də Suriyada ömür sürməkdədir.
Ancaq onlara kiçik bir dəstə dost-tanış, qohum-əqrəba bələddir.
Nəsiminin şeir balalarını isə indi hamı tanıyır, bütün gələcək boyu da tanıyacaqlar.
Həqbin nəzəri bayəd ta ruy-e məra binəd,
Çeşmi ke bovəd xodbin key ruy-e xoda binəd?
...Ey
çeşm-e Nəsimira əz ruy-e to binayi,
Anra ke to mənzuri ğeyr əz to kera binəd.
(Haqqı
görən gözlər gərəkdir ki, mənim
üzümü görsün,
Xudbin olan gözlər Allahın Üzünü necə
görə bilər?!
Ey
Çöhrəsi Nəsiminin gözlərinə işıq
verən,
Məqsədi Səni görmək olan Səndən
savayı kimi görər?!)
Salnaməçi rəvayət edir ki, Nəsiminin
Allahın insanda təcəlla etməsinə nümunə olan
bu şeirini onun şagirdlərindən biri Hələbdəki
qələbəliklərdən birində ucadan söyləyirmiş. Qəzəli oxuyanı
tuturlar, Allaha asi düşdüyünə
görə çəkirlər dar ağacının
ayağına. Bu dəliqanlı cavan “şeir
özümünküdür, Nəsimiyəm” deyir. Əhvalatdan xəbər tutunca Nəsimi dabanqırma
yetişir həmin meydana, mərdliyə kişiliklə cavab
verir, həqiqəti açır, şagirdinin onu xilas etmək
naminə bu şeirə sahib çıxdığını
bildirir və günahsız gənci azadlığa
buraxdıraraq özü divana təslim olur. Nəsimini ilişdirməkçün onsuz da
bütün tələlər qurulmuş, namərd
şikarçılar marığa yatmışdılar.
Münasib fürsəti gözləyirdilər.
Bu şeir əhvalatı olmasaydı, təbii
ki, başqa bir səbəb tapacaqdılar. Onbeşinci
yüzilin ərəb tarixçisi Müvəffəqəddin Əhməd
ibn İbrahim əl-Hələbi “Künuz üz-zəhəb və
tarix-i Hələb” (“Qızıl xəzinələri və Hələb
tarixi”) ünvanlı kitabında bizi aparır qana
batmış o günlərə. Qaynaq Nəsiminin
edamını hökm verən fərmanın mətnini də
hifz edib.Mənbə şairi mühakimə edən 5 nəfərin
adlarını da yaşadır. Şairi
anıb onları lənətləmək
üçünmü? Amma lənət hamısına düşmür.
Baş hakim – İbn Şanqaşül Hənəfi
Nəsiminin zındıq, mülhid elan edilərək Hələb
şəhərinin din alimləri qarşısında ittiham
edilməsini, hamının gözü qarşısında qətlə
yetirilməsini tələb edir. Lakin məhkəmə
üzvlərindən biri – Şəmsəddin ibn Əminüddövlə
buna qarşı çıxır, belə bir ağır
hökmü verməzdən əvvəl onu sübut etməyin
gərək olduğunu söyləyir: “Əgər sən bu
iddianı sübut edə bilməsən, sənin
özünün öldürülməyin barədə qərar
çıxararıq”.
Bu dirənmə məhkəməni aparan ibn
Şanqaşülü karıxdırır. O, məhkuma aid etdiyi
ittihamı isbat edə bilməyəcəyindən və cəzalanacağından
qorxaraq geri durur. Amma edamın sifarişli
olmasının, hansı vəchlə olur-olsun yerinə
yetirilməsinin şərt kimi əlaltından ortaya
qoyulmasına dəlalət edən budur ki, vəziyyət belə
şəkil alanda məhkəməyə Şəhabəddin
ibn Hilal gəlir. “Nəsiminin tövbəsinin qəbul edilməməsinə
və öldürülməsinə fitva verirəm. Çünki o, doğrudan da, kafirdir. Bunu sübut da edərəm”.
Qaziy-ül
qüzat – qazilər qazisi Fəxrəddin əl-Maliki: “Sən
bir parça kağızda öz xəttinlə yaza bilərsənmi
ki, məhkumun öldürülməsi lazımdır?” – deyir. Şihabəddin ibn Hilal elə
o dəqiqə qələm götürüb yazır. Lakin hətta bundan sonra da digər məhkəmə
üzvləri qərarla barışmaq istəmirlər. Fəxrəddin əl-Maliki məhkəmə
üzvü olan qazi və üləmanın bu qərarla
razılaşmadığını əsas gətirərək
ölüm hökmü çıxarmaqdan imtina edir. Məhkəmə qərar qəbul etmədən
dayandırılır, Nəsimi yenidən zindana
aparılır. Niyə belə tərəddüdlüydülər?!
Əvvələn Nəsimiyə kafir damğasını
vurmaq elə də asan deyildi.
Onun hər misrasının, hər beytinin ardında
“Quran” hikmətləri dayanırdı.
“Quran” bulağından su içmiş Nəsimi hikmətlərini
dini təftiş kimi yozaraq əks mənalandırmaq
mümkün idisə, o iddiaların hər birini darmadağın
edəcək əks müddəalar da gətirmək çətin
deyildi. Elə
“Quran”ın özündən, elə şəriətin əsaslarından,
elə ən oturuşmuş fəqihlərin, mühəddislərin
risalələrindən.
Hürufiliklə bağlı, bu sözün
açımıyla ilgili belə bir yozum da var ki, bu, heç
də “hərf” kəlməsiylə əlaqədar deyil, “herfə”
– sənət, peşə sahibi, sənətkar sözüylə
bağlıdır. Doğrudan da, hürufiliyə
qoşulmuş insanların əksəriyyəti məhz orta təbəqənin
adamları, sənət-peşə sahibləri, xırda tacirlər
idi. Bəlkə də bu üsyankarlar
üçün fəlsəfi bir pərdə, dini-təriqətçi
bir örtük altında gizlənmək sərfəliydi?
Bəlkə dövlət də məhz bu
gizlinci müəyyənləşdirə bilmişdi?
***
Sultan Müəyyədin əmri özünü çox gözlətmir. “Dərisi soyularaq cəsədi Hələbdə 7 gün əhaliyə nümayiş etdirilsin. Sonra əl-ayaqları kəsilsin və bir parçası Zülqədər oğlu Əlibəyə, qardaşı Nəsirəddin və Osman Qarayölükə göndərilsin. Çünki bu Nəsimi onların da etiqadını pozmuşdur”.
***
Nəsiminin edamı ilə Babəkin
edamının bənzəyişi var. Onlar ikisi də amal
uğrunda qurban gedən şəhidlər idi. Babəkin də
boynu vurulmazdan öncə qılınc tutan sağ, sonra isə
sol qolunun, daha sonra ayaqlarının bədənindən
ayrılması hökm edilmişdi. Məxəzlər
heyrət və heyranlıqla şahidlik edir ki, bunca dəhşətli
edam əsnasında Babək bütün
ağrılara dözərək cınqırını da
çıxarmadı. Sadəcə sağ qolu vurulanda sol əlini
öz qanına batıraraq sifətinə çəkdi:
“Qanım axdıqca rəngim ağaracaq. Elə
zənn edərlər qorxudan rəngim qaçdı”.
Edam edilən
Nəsiminin də qanı axdıqca
avazıdığını görən ətrafdakılardan
birinin kinayə ilə “Rəngin nə üçün saraldı?”
sualına rəvayətlərdə şairin verdiyi məğrur
cavab qalır: “Mən əbədiyyət üfüqlərində
doğmuş eşq günəşiyəm. Günəş
qürub edən zaman saralar”.
***
Amma çox ibrətli və çoxlarına da bəlli
olan bir başqa söyləmə də elin yaddaşına nəqş
olunub. Guya Nəsiminin edamında təkidli olan qatı
dindarlardan biri qayıdır ki, bu elə rəzil kafirdir,
qanından bircə damla hara düşsə, o yeri kəsib
atmaq lazımdır. Təsadüfdən Nəsiminin
bir damla qanı o möminin barmağına
sıçrayır. Görənlər
hay-küy salır ki, sözünə əməl elə, murdar
qanın sıçradığı barmağını kəs.
Ruhani: “Əşi, mən elə sözgəlişi o cür
söylədim”, – deyərək vəziyyətdən
çıxmaq istəyir. Və Nəsimi ölüm
ayağında zarıya-zarıya axırıncı qəzəlini
oxuyur:
Zahidin əfsanəsindən
soydular nahəq məni,
Həqq bilir səndən şəha, sahibnəzərlər
ağrımaz.
Zahidin bir
barmağın kəssən, dönüb həqdən
qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar,
ağrımaz.
Bu şeir şəkk oyadıb. Etiraz ediblər ki, o
ağır anda qanı axa-axa insan nəinki şeir
quraşdıra, heç ağrıdan kəlmə kəsib
bircə söz deyə bilməz; deməli, bu şeir Nəsiminin
deyil, onun hansısa şagirdi tərəfindən sonradan
yaradılmışdır.
Ağrıdan qıc olan insanın o məqamda şeir
deyə bilməməsini mən də təsdiqləyirəm. Amma bu
şeirin həmin edamdan çox-çox əvvəl
yazılmasına da inanıram. Onsuz da Nəsimi
bu təhər bir qətllə qarşılaşa bilmək
ehtimalını həmişə saxlayırdı. Öz taleyini öncədən görə bilmək
fəhmindəydi. Amma zahid macərasını xalq elə
bu Nəsimi qəzəlinin havasıyla sonralar yarada bilərdi...
Nəsimi
bu tüyuğunu yazanda XIV əsr idi və şair
özünü o çağın söz mülkündə
hökmran saymaqda haqlı idi:
Ay ilə
günəş üzün heyranıdır,
Mişk
ilə ənbər saçın tərxanıdır,
Çün
Nəsimi aləmin sultanıdır,
Dövr anın, dövran anın dövranıdır.
Elə indi, XXI əsrdə də yenə dövr onun
dövrü, dövran onun dövranıdır.
Nəsimi
yalnız laməkan – məkansız deyil, həm də
lazamandır –ZAMANSIZ!
Rafael
HÜSEYNOV
Milli
Məclisin Mədəniyyət komitəsinin sədri, akademik
525-ci qəzet.- 2019.- 26 yanvar.-
S.8-9.