O
Ondan əvvəli puç, ondan sonranı heç edəndir O. Əlifbanı A-dan yox, özündən başladandır O. Söz-söz
düzülən də,
cümlə-cümlə dəyişən
də, vergül ilə ayrılıb, nöqtəni özündə
qoyan da O. Beynimin ən gözəl düşüncəsi
də O, ən dağıdıcı olanı
da, elə dağılanı yenidən
quran da O. Soyuq olub donduran
da, Günəş olub isidən də O. Ocağına qızındığım, ayazında
donduğum da odur!
Kündə kimi yoğurub, büküb, əzib çevirib, oxlov ilə saca sərib,
şiş ilə götürən də O.
Adı dilimdən
çıxanda əks-sədası
dünyaya dağılan
da, sükuta çəkilib, ölüm
kimi susduğum da odur. Ağzımın suyu kimi dilimin
altında, gözümün
yaşı kimi kirpiyimin ucunda saxladığımdır O. Uçurumundan
özümü atdığım
da O, ürəyinə
düşüb qurtulduğum
da. Od
olub yandığım
da, tez qırılıb
soyuduğum da, ətimin üstündən
hissə-hissə soyulduğum
da odur.
“Sevir-sevmir”
deyə-deyə bütün
çiçəklərin ləçəklərində axtardığım,
istədiyim cavabı
ala bilmədiyim vaxt hikkəmdən köklərinə
qənim kəsilməyimə
səbəb odur.
Odur - varlığı ilə ən çirkli havanı da tərtəmizmiş kimi udmağımın səbəbkarı
da. Getdiyini seyr edəndə dağ havasını belə şüşə
qırıntıları kimi
ciyərimə çəkib
daxilimdən parçalandığımı
hiss etdirən də. Qışın ortasında bahar
çiçəyi açmağıma
səbəb olan da odur, yayın
istisində payız kimi yarpaq-yarpaq tökülməyimə də.
Oturduğu taxtından
devirmək istədiyim
də O, qılıncımı
ataraq yorğun düşmüş qollarımı
yerə çökmüş
dizlərimin üstünə
qoyub, üzümü
göyə tutub, dərindən nəfəs
alaraq məğlubiyyətimdən
zövq aldığım
üçün sevindirən
də O!
Taqətdən salan da O, məni
dünyanı ovucumun içinə alacaq qədər güclü edən də. İmmuniteti
zəiflədib tük
kimi edərək ölümə sürükləyən
də, bircə gülüşü ilə
ölümün pəncəsindən
alaraq, həyata qaytaran da O. Din də O, iman da O, cənnət də O, cəhənnəm
də O, elə qəbir də O! Əzabı isə Onsuzluq! Başlanğıc
da, sonsuzluq da, son da O. Yoxu
çox edən də, çoxu heç edən də O. Öldüyüm
də O, öldüm deyə-deyə hər dəfə yenidən sevgisində doğulduğum
da O. Əcəl gəlirmiş kimi qaçıb qurtulmaq istədiyim də, qaçarkən özümü
tutub məhbəsinə
qapatdığım da
O.
Bütün yolların, körpülərin
istiqamətini dayandığı
nöqtəyə yönəldən
də, sonra həmin yolları dağıdıb, körpüləri
yandıran odur! Məni plastilin kimi əlində oynadıb istədiyi fiqura salan yenə də odur. Bir neçə dəqiqədə
hər cür hava kütləsini yaşadıb insanı haldan-hala salandır O. Ətrini ovucuma yığıb bir küncə çəkilərək,
darıxdıqca qoxladığım
da, dərisinə toxunaraq min cür çiçək açdığım
da odur.
“Qara sevda”, “dəli
eşq” dedikləri də sən demə, elə O imiş! Heç bir halda əl
çəkib, çıxıb
gedə bilmədiyimdir
O. Ən çox küsdüyüm, ən tez barışdığım,
ən çox suçladığım, ən
çox əfv etdiyimdir O. Uzaqlarım da odur, hüceyrələrimə
doldurub beynimdə özümlə gəzdirdiyim
də.
Lotoreyadakı uduş, xərçəngə
qarşı dərman,
Ələddinin sehirli
çırağındakı üç arzunun hamısıdır O. Günəş
onunla batıb, onunla qalxır, çünki həyatın
mərkəzidir O. Gözümün
kənarında yumrulanıb
qalmış, hər
an aşıb-daşmağa hazır olan göz yaşımdır
O. Zülmətin içindəki
mayak, fırtınanın
ortasında qapqara buludları aralayıb başımın üstündə
bərq vuran da odur!
Bütün əqrəblərin durmadan işlədiyi tərəfdir O. Vaxtın ayaqyalın ona tərəf qaçdığı, günlərin əlisilahsız hücum çəkdiyi, zamanın yoxluğuna üsyan etdiyidir O. Ən gözəl gülümsəyən, dodağının kənarı qaçan kimi təbəssümünə yoluxduğumdur O. Sakit, düzənli, nəzarət altında olan dünyama özündənrazılığı, bəzən məsumluğu, bəzən şeytanlığı, ən çox da tufanı ilə gəlib, bütün təyinatı dəyişərək, ona qədər olan hər şeyi söndürüb, bozardıb, heçə döndərən odur. Sonsuzluq qədər dərin baxışla baxdığım da O, sevərək ilahi həzz duyduğum da.
Bir boşluğa püskürüb, bir tənhalığa ulayıb, bir izdihama qoşularaq səsim çıxdığı qədər kimsəsizliyə qışqırıb, yoxluğundakı çəkdiyim əzabdan danışmaq istədiyimdir O. Roman kimi sevginin sadəcə, kitablardan oxunmadığını, gerçək həyatda daha artığının mümkün olduğunu sübut edəndir O.
Dünyanın 8 möcüzəsinin elə hamısıdır O. Ürəyin ritmini dəyişdirən, ən kiçik anları yaddaşa həkk edən, gah hıçqırıqlara boğan, gah çarəsiz hiss etdirəndir O. Ölümün eşiyindən dönüb onsuzluğa məhkum etməyəndir O. Yanımda olmayanda beynimdə tamamladığım, beynimdəkinə şübhə edəndə uydurduğum, sonra bütün şübhələrə meydan oxuyub ürəyimin yuxarı başına qoyduğumdur O.
Adı yoxdur, yeri bilinmir! Kimdir, nəçidir bəlli deyil!
Aydın olan bircə şey var: sevgidir, sevgilidir O!
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 26 yanvar.- S.24.