Ofeliya Aslan: aktrisanın bəxtəvərliyi və faciəsi

Ofeliya Aslanın adı çəkiləndə, heç şübhəsiz, “Hicran” tamaşası, “Çarliston” obrazı daha çox yada düşür. Dəlisov, çılğın, şən həyat keçirməyə çalışan, guya qərb dəyərlərini əsas götürən gənc qız... Əslindəsə bu obraz mərhum aktrisamızın həyatıyla tamam ziddiyyət təşkil edir. Ofeliya Aslanın 71 illik ömründə dadmadığı ağrı, yaşamadığı faciə qalmayıb bəlkə də...

Ofeliya Aslan gözünü açandan sənət mühitində olub, belə bir mühitdə böyüyüb, təhsil alıb. Hətta həyat yoldaşı da incəsənət adamı olub... Söhbət, əlbəttə, hamımızın sevimlisi, böyük aktyor Səyavuş Aslandan gedir.

Ofeliya xanım 1939-cu ilin 27 yanvarında Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub. Atası əslən Güney Azərbaycandan olsa da, bütün uğuru, həyatı burayla, Bakıyla bağlıdı. Sərab şəhərində nökərçilik edən Rza Əfqanlı Bakıda çəkməçi işləyib, hərbi xidmətdən sonra isə dram dərnəyinə yazılıb. Anası Bədurə Əfqanlının yolusa elə əvvəldən rəssamlıq olub. Cütlük dəfələrlə ayrılıb, barışıb, sonra yenə. Amma böyük sevgiylə seviblər bir-birlərini. Ömürlərinisə ayrı başa vurublar. Bəlkə elə bu da qızlarının - Ofeliya Aslanın taleyinə təsir göstərib...

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirir. Təhsilini başa vurduqdan sonra Kukla Teatrına təyinat alır. Həyatına yön verən də elə bu addım olur. Bəlkə də elə teatra yox, faciəsinə doğru addımlamağa başlayır.

Günün birində onunla eyni fakültəni bitirmiş Səyavuş Aslan Kukla Teatrına gəlir. Hələ üzünü görmədiyi Ofeliya Aslanın səsinə heyran olan aktyor tamaşadan sonra kulisə gedir. Beləcə, tanış olurlar. Addım-addım münasibətləri irəliləyir. Bir il sonra Səyavuş Ofeliyaya hislərini açır... Evlənirlər...

Ofeliya xanım Rza Əfqanlı kimi tanınmış sənətkarın qızıydı. Səyavuş Aslansa çox kasıbdı. Hətta toylarında geyinməyə kostyumu yoxmuş, deyirlər. Tanınmış aktyor və rejissor Şəmsi Bədəlbəyli teatrda aktyorların istifadə etdiyi səhnə kostyumlarından birini müvəqqəti olaraq ona verib. Səyavuş da həmin geyimdə bəy çıxıb...

Ofeliya Aslan 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışır. Ana olduqdan sonrasa uzun müddət işləmir. 1997-ci ildən yenidən teatra qayıdır.

Ofeliyanın debütü “Durna” komediyasında “Lalə” obrazı ilə olub. Daha sonra aktrisa özünü inkişaf etdirməyə, müxtəif səpkili rollar oynamağa başlayır. “Beşmanatlıq gəlin”də “Gülnaz”, “Arşın mal alan”da “Telli”, “Hicran”da “Çarliston”, “Axırı yaxşı olar”da “Dilbər”, “Bankir adaxlı”da “Səmayə” obrazlarına can verir. Həm də hər roluna can qoyaraq.

Ofeliya Aslan rejissorların qiymətləndirdiyi aktrisalardandı, rol sarıdan korluq çəkmirdi. Amma özü kaprizli idi, bəzən rollardan imtina edir, bir müddət keçəndən sonra peşman olurdu. Həm də çox məsuliyyətli idi. Ümumi məşqlərdən əlavə, bir rolun üzərində təklikdə xeyli məşq edirdi. Hətta tərəf müqabilini çağırtdırıb onunla birgə çalışırdı.

Teatrşünas İlham Rəhimli Ofeliya Aslan haqqında deyir: “Onun Musiqili Komediya Teatrında işlədiyi vaxt Şəmsi Bədəlbəylinin teatrdan getdiyi vaxta təsadüf elədi. Teatrda tənəzzül başlamışdı. Ofeliya qabiliyyətli olduğunu göstərə bildi, amma istedadını tam təqdim etmək imkanı düşmədi əlinə. Qabiliyyət istedada keçir, istedad kamilliyə. Bu pillə Həsənağa Turabovda, Səməndər Rzayevdə, Məlik Dadaşovda sürətlə çıxdı, amma Ofelya Aslanda yarımçıq qaldı. Maraqlı obrazlar oynadı, heç bir fəxri adı olmadı, izi qalmadı”.

İlham Rəhimli ilə razılaşmamaq mümkünsüzdür. Hər şeyi dəqiq ifadə edib. Tənəzzül bitmədən nəyisə yenidən qurmaq, parlamaq olmaz. Bir məsələ də var ki, Ofeliya Aslan ailə qurduqdan sonra çox uzun müddət sənətindən, səhnədən, teatrdan uzaq qalıb. Mehrini, enerjisini övladlarına yönəldib,  onları böyütməklə məşğul olub...

Sənətkarın, yaradıcı insanın inkişafı, özünü göstərməsi üçün mühit, meydan əsasdır. Yəqin ağacların sıx olduğu parkda, bağda, meşədə olmusuz. Xüsusən, işıqsevən ağacların olduğu yerlərdə bu nüans aydın gözə çarpır. Digərlərinin kölgəsində qalan ağaclar sısqa, kiçik olur. Getdikcə öləziyir, axırda da quruyub gedir. Ofeliya Aslanın bir talesizliyi də Səyavuş Aslan kimi nəhəng aktyorla ailəli olmasındaydı bəlkə. Nə etsə də, onun kölgəsində qalacaqdı...

Ailə və sənət dostları olan aktyor Novruz Qartal Ofeliya Aslan haqqında danışır ki, Ofeliya onun həm iş yoldaşı, həm də ən yaxın dostu olub: “Teatrda, bəlkə də yeganə aktrisa idi ki, heç vaxt onun kiminsə barəsində dedi-qodu etdiyini, qeybətləşdiyini görməzdik. Aktrisalar arasında hər zaman qalmaqallar, dedi-qodular olur, axı. O vaxtlar truppa müdiri idim və kimin hansı xasiyyətdə olduğunu gözəl bilirdim. Ofeliya sakit, başıaşağı, öz işi ilə məşğul olan aktrisa idi. Dəfələrlə Ofeliya xanımla rayonlarda qastrol səfərlərdə olmuşduq. Rayon camaatı onu o qədər sevirdi ki, qaldığımız mehmanxananın qabağında növbə çəkirdilər. O deyirdi, Ofeliya Aslanı evimə mən qonaq aparacam, bu deyirdi, mən qonaqlıq verəcəm. Özünü sevdirən qadın idi. Mən onunla ən gözəl tamaşalarda tərəf müqabili olmuşam. “Hicran” tamaşasında, o, Çarlistonu oynayırdı, mən də Balaəmini. Məni də elə o tamaşadan sonra “Balaşka” deyə çağırırdı”.

... Vaxt keçdikcə cütlük arasında problemlər yaranmağa, söz-söhbət artmağa başlayır. Ofeliya xanım bütün bunları belə xatırlayırdı: “... Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı məni hansısa professorla görüşdürəcək... Orada professorla görüşdüm, bir neçə gündən sonrasa hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb, geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birlikdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram”.

Aktrisa bütün bu talesizliklərdə, öz şəxsi faciəsində həyat yoldaşını günahlandırırdı.

Xasiyyətcə məzəli, yumorlu qadın olsa da, Ofeliya xanımın həyatı çox ağrılı keçib. Üstəlik, çox həssas qadın idi, həmişə iddia edirdi ki, ona vergi veriblər. Hətta özlərini müalicə etmək üçün onu rayonlara çağırtdıranlar da olub.

***

Səyavuş Aslan çox məşhur idi, sevilirdi. Qadınlar ətrafında pərvanə kimi dolaşırdılar. Azərbaycan ailələrinin əsas problem olan xəyanət kölgəsi bu cütlükdən də yan keçmirdi. Ofeliya Aslansa təbii olaraq bunlara dözə bilmir, əsəbləri getdikcə daha çox sıradan çıxırdı. Səyavuş Aslan da etdiklərinin fərqindəydi, həm bu addımları atır, həm də buna görə əzab çəkir, ürəyinə salırdı. Elə bu xəstəlikdən də dünyadan köçdü.

Boşanandan sonra da bir evin ayrı-ayrı otaqlarında bir-birilərinin xiffətini çəkərək yaşayırdılar.

Hətta Səyavuş Aslan dövlətin ona verdiyi mənzilə oğlunu yerləşdirib keçmiş həyat yoldaşı ilə bir evin iki ayrı otağında yaşamağı seçmişdi.

Novruz Qartal S.Aslanın digər qadınlarla münasibəti barədə yayılan cürbəcür şayiələri təkzib edir. Onun sözlərinə görə, Səyavuş Aslanın münasibətdə olduğu bir qadın olub, o da aktrisaymış. Münasibət uzun müddət davam etməyib. Amma ailənin dağılması üçün bəs edib.

Ofeliya Aslan çox qısqancmış, amma bunu mümkün qədər büruzə vermirmiş. Ər-arvad küsülü vaxtlarında səhnəyə çıxıb bir-birləri ilə elə danışırmışlar ki, həyatda danışmadıqlarını heç kim ağlına da gətirməzmiş. Hətta “Hicran” tamaşasında oynayanda da küsülü olublar.

Aktrisa həmişə deyirmiş ki, heç ölmək istəmir. Bir yeri ağrıyan kimi təlaş keçirirmiş. Əslində, sağalmaz xəstəliyə tutulubmuş, amma həkimlər bunu ondan gizlədiblər. Ölənə qədər də bilməyib.

Ayrılsalar da, Ofeliya xanım çox vaxt keçmiş həyat yoldaşının qayğısına qalıb, yeməyini bişirib, paltarlarını yuyub-ütüləyib...

Səyavuş Aslan da onun haqqında heç vaxt xoşagəlməz sözlər  danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: “Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik... Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi”.

Ofeliya xanım 2010-cu ilin 18 mayında səssizcə, heç kimdən heç nə ummadan, umsa da, bildirmədən bu dünyadan köçüb getdi. Özü kimi susqun, unudulmuş Çəmbərəkənd qəbiristanlığını özünə son mənzil seçdi.

Vida mərasimində hamıdan çox göz yaşı axıdan da Səyavuş Aslan oldu. Xəstəliyi həm də buna görə lap ağırlaşdı. 3 il sonra, 2013-cü ilin 27 iyununda o da bu dünyaya vida etdi. Bəlkə də indi onlar bir yerdədirlər, bu dünyada heç vaxt tapa bilmədikləri rahatlığı orda tapıblar, nə bilmək olar...

KİVDF Layihəsi

Oxunub: 176 dəfə

a -

A +

26.01.19   21:29

Cavid QƏDİR

525-ci qəzet.- 2019.- 26 yanvar.- S.18.