Qələmsiz
yazılanlar
Orxan
Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə
belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat
növüdü, hələ ki bir söz deyə bilmərəm”.
Dövrün,
innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin
ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə
bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü
kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə
statuslarını “fastfood” yeməklərə bənzədirəm!
Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda
mövcudluğuyla hesablaşmalı və
razılaşmalıyıq!
10 ildir
ki, feysbukdayam! Sosial şəbəkələrin meydan
suladığını gördüyüm üçün
kitabın və klassik kağız qəzetlərin gələcəyinə
skeptik yanaşmağa başlamışam! Axı dövr,
zaman dəyişir və min illik ədəbi məhsulları
barmaq boyda “yaddaş”a yerləşdirib özünlə
daşıya bilərsənsə...
Statuslar yazmağım isə ovqatımdan
asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə
münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə
bildirirəm.
Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz
olan bədii yaradıcılıq arzusu yeni status - esselərin
yazılmasına səbəb olur! Ona görə zaman
keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin,
həm ovqatın, həm də sürətlə bir-birini əvəz
edən gündəmlərin xronologiyası təsiri
bağışlayır...
Günün birində ağlıma gəldi ki, bəlkə
bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc
etdirim?! Bizdə
belə bir təcrübəni xatırlamıram, xaricdə isə
belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə
ilki mən edim!? - düşündüm. Beləcə, “Qələmsiz yazılanlar”
kitabından daha bir hissəni “525”in oxucuları
üçün hazırladım.
2019
Gərgin
qrafikli iş həftəsini yola verib şənbə səhəri
tezdən, sakit beyinlə xatırlayıram ki, deyəsən,
sosial şəbəkədə bu günlər gözümə
dəyən, rahat vaxt tapanda oxuyacam deyə
ləngitdiyim səhifələrə - yazılara
baxmalıyam. Lap dəqiqi, Səhifəyə! Solmaz Rüstəmova-Tohidi-nin
səhifəsinə!
Həftəiçi
Solmaz xanımın Bərdəyə səfəri barədə
qeydləri gözümə dəymişdi! Həcmi çox
olduğuna görə daha rahat bir vaxtda oxuyacağımı
düşünmüşdüm! Və indi bu şənbə
səhəri Solmaz xanımın səhifəsində Bərdəyə
səfəri, “Qala” divarları, “İmamzadə” memarlıq
kompleksi, “Nüşabə” qalası, Bəhmən Mirzə
türbəsi barədə qeydlərini oxuyub
qarışıq hisslər keçirdim! Bir tərəfdən
tariximizə laqeyd münasibətdən yaranan kədər və
qüssə məni çulğadısa, o biri tərəfdən
Solmaz xanımın soyuqqanlı alim, yetgin ziyalı,
ehtiraslı vətənpərvər obrazından bir daha
qürur duydum! Daha sonra səhifəni arıtlayıb
Cümhuriyyətin 100 illiyiylə bağlı iştirak etdiyi
tədbirlərdən, professor Şirməmməd Hüseynovun
ad günündən yazdığı qeydləri və
atası Əli Tohidinin 100 illik yubileyiylə bağlı xatirəsini
oxudum. Sonuncu yazıdan Solmaz xanımın soykökü,
formalaşdığı mühit barədə xeyli məlumat
öyrəndim və belə bir sanballı alimin necə
yetişməsi barədə son vaxtlar beynimdə gəzdirdiyim
suala cavab tapdım!
“Mən,
ağlım kəsəndən həmişə evdə “qərib”
atamın dostlarını görmüşəm, onlara
ağız dolusu “əmi” demişəm, dövrün ən
tanınmış yazıçı, şair, teatr xadimləri,
alim və müəllimləri daima evimizin qonaqları olub,
atam da məişətdə olduqca sərt xarakterinə
baxmayaraq, çox vaxt kişi məclisləri olan bu
qonaqlıqlarda mənə süfrəyə qulluq etməklə
yanaşı, bir kənarda oturub bu böyük şəxsiyyətlərin
söz-söhbətinə qulaq asmağa icazə verib. Bu gün atamın kitabxanasında onun
yazıçı, şair, alim, sənətkar
dostlarının imzası ilə
bağışladıqları kitablardan ibarət ayrıca bir
şkaf durur. Və mən Azərbaycanın
bu görkəmli adamlarının atama münasibətində
onun şəxsi keyfiyyətləri ilə yanaşı, daha
geniş mənada həm də cənubdan olmasına görə,
özü də siyasi, inqilabi xadim kimi dərin və səmimi
hörməti daim müşahidə etmişəm”.
“525”də Solmaz xanımın yazılarını
ara-sıra dərc edirik. Sonuncu dəfə - ötən ay “Azərbaycan
parlamenti necə yarandı” yazısı işıq
üzü görmüşdü. Və mən
Cümhuriyyətə böyük sevgiylə yazılan bu
elmi-tarixi məqalədəki hədsiz informasiyadan heyrətə
gəlmiş, həyəcanlanmış, sosial şəbəkədə
və canlı söhbətlərimdə oxumaq
üçün hər kəsə tövsiyə etmişdim!
Solmaz xanımın mənə hədiyyə etdiyi son
kitabı - “Cümhuriyyətin “Azərbaycan”
adlandırılması və onun tarixi əhəmiyyəti”
kitabı da çarpayımın yanında mütaliə növbəsini
gözləyir!
Onun
tariximizlə bağlı araşdırmaları, kitabları
sonsuz hörmətə və təzimə layiqdir!
Bu səhər
isə mən sadəcə bir feysbuk səhifəsi yox,
sanballı elmi-publisistik dərgiyə bərabər məxəzlə
rastlaşdığıma əmin oldum!
***
O gün
BDU-da BP-nin əməkdaşı, uğurlu karyerasının
havası düşüncə və nitqində tüğyan
edən cavan oglan “müdrikcəsinə” məsləhət verərək
dedi ki, 2030-cu ildə indiki ixtisasların 85 faizi olmayacaq! Bilmədim nəyi nəzərdə tuturdu - neft
erasımı bitəcək, BP-mi bağlanacaq?! :) Dedim ki,
yazmaq həmişə olacaq, cavan oğlan! Bir zaman Qobustan
qayalarına yazıblar, yazmaq istəyənlər 2030-da da,
sonra da bir ağ yer tapıb yazacaqlar! :)
***
Ütülü
cümlələri bəyənmirəm! Şübhələnirəm!
Harasındasa yalan, riya, məkr var deyə...
***
Dünənki
atəşfəşanlıqda vahiməyə düşüb
havada nizamsız qanad çalan quş yadımdan
çıxmır! Fişənglərin
işığından, topların guppultusundan binalar
arasında o yan bu yana uçub
çaşbaş qalan, dəliyə dönən canlı!
2018
Umduğun adamlardan etinasızlıq görəndə həyat
ləzzətin itirir, yaşamağın mənası
qalmır.
***
Bütün
sualların cavabı aydın olanda, dünyanın
tanımadığın üzü qalmayanda başlayır
qocalıq! Təzə nəyəsə ümidin varsa, deməli,
hələ gəncsən! Dekabr Günəşi kimi..
***
Ustad müəllimimiz Şirməmməd Hüseynovun ad
günündə BDU-nun Jurnalistika fakültəsində Rafael
Hüseynovun “Millət yaddaşının keşikçisi”
kitabının təqdimatına
yığışmışdıq. Çıxış edirdilər və
xatırlayırdım...
İllər öncə Şirməmməd müəllim
Jurnalistika fakültəsində Burjua ölkələrinin
jurnalistikasından bizə 4 qoşa saat dərs demişdi. O mühazirələr indi də
yadımdadı. Sonralar ustad müəllimimizdən
“Dörd qoşa saat” adlı məqalə də yazdım.
Bir də Bəstəkarlar İttifaqında Lalə
xanımın kitabının təqdimat mərasimini
xatırladım. Tədbir bitəndə Şirməmməd müəllim
qoluma girdi:
- 1938-ci
ildə bura Məktəblilər eviydi, bax burda Üzeyir
Hacıbəyov və Müslüm Maqomayev oturmuşdular. Mən
də onların qarşısında “Muğam” oxumuşdum! 14
yaşlı Şəki məktəblisi Ş.Hüseynov!
Hay-küylü
qələbəlikdə düşündüm ki, bəlkə,
nəyisə səhv eşitmişəm:
- Kim
oturmuşdu, Şirməmməd müəllim? Neçənci
ildə?
Təkrarladı. Heyrət etdim. Sən
demə, bu günlərdə Milli Kitabxananın direktoru Kərim
Tahirli 1938-ci ilin “Bakinski raboçiy” qəzetindən bu xəbəri
tapıb və Şirməmməd müəllimin
yaddaşını təzələyib. Canlı tarixdi,
qürur mənbəyidi Şirməmməd müəllim!
***
Xeyli
aradan sonra ustad sənətkar Süleyman Abdullayevlə
görüşdük! 1967-ci ildə İstanbulda 10
günlük festivalda olmağından, hətta orda yaşayan
cəbrayıllı ailənin toyunda iştirakından
danışdı, duzlu lətifələri, hələ də
dupduru qalan səsiylə bizi təsirləndirdi!..
2017
Bəd xəbəri
elə sevinərək çatdırırlar ki...
***
“Qurban”
fürsətindən yararlanıb Barnısın “Aqibət
duyğusu”nu oxudum! İlk növbədə Seyfəddin
Hüseynlini təbrik edirəm! Bu cür mükəmməl, sərrast,
axıcı tərcüməsinə görə! Şərif
Ağayarın yazısını və fikirlərini də
bölüşürəm!
***
Ordubadın nə gözəl havası varmış. Yusif Məmmədəliyevin
ev muzeyindən açılan mənzərə
isə bənzərsizdir.
***
İntihar
fərarilikdi! - Fikrət Qocanın bir misradan
ibarət şeiridir. Bu intihar xəbərləri
içərisində ha çabalayıb suallara cavab
axtarırsan və sonda yenə Fikrət müəllim deyənə
gəlib çıxırsan.
2016
Prokuror
Yusif İldırımzadə kitabı mədh etdi: “Yenə
kitab, yenə oxumaq və mütaliə. Çünki
çıxış yolları, nicat və xilas
kitablardadır... Mən kitabı, mütaliəni
sevir və yorulmadan, usanmadan oxuyuram. Düşünürəm
ki, bundan böyük həzz mənbəyi yoxdur. Kitab oxuduqca, mütaliə etdikcə, dünyaya, həyata
daha çox bağlanıram, insanları daha çox sevirəm.
Belədə, yaşamaq gözəl və
dadlı olur. Bundan gözəl hiss, bundan zərif
duyğu?”
2015
Markın feysbukda bloklama (əngəlləmə)
funksiyasını icadı möcüzədi. Bir profilin mövcudlugu
unutdurulur! Bu funksiyanın insan beyninə transferi mümkün
olsaydı, həyat necə də dəyişərdi...
***
“Bu
dünyada hərə bir cür qocalmağa başlayır,
Başdanmı
qocalan çox, ayaqdanmı, kim bilir?
Hansı pisdi? Yerişi, yoxsa ağlı itirmək?
Axmaqdanmı soruşaq, axsaqdanmı, kim bilir?”
- Bu
misralar Ramiz Rövşənin son illərdə
yazdığı şeirdəndi. Tez-tez
yadıma düşür. Və yerişi
itirməyin daha yaxşı olduğu qənaətinə gəlirəm.
***
Nə qədər
roman yazacaqsan, bir az da sms, heç olmasa
status yaz (Gənc yazara müdrik məsləhət)
***
Zeynəb
Xanlarova nostaljidi...
***
Deyəsən,
1985, ya da 86-cı il idi, Şuşada Vaqif
poeziya günləri keçirilirdi. Mən də
21-22 yaşında gənc idim. Vaqifin məqbərəsi
önündə Səyavuş Məmmədzadənin həmin
vaxt oxuduğu şeir 30 ildir ki, yadımdadır. O vaxtlar
onu Şuşada eşidəndə o şeirin bir ayrı təsiri
vardı. İndi - Şuşasızlıqda isə elə bil
şeirə bir hüzn, kədər çöküb:
Şuşanı
qar gördüm, qar gördüm,
Əlimi
var gördüm, var gördüm,
Səslədim
ötən günləri,
Daşları kar gördüm, kar gördüm.
2014
Qənirə
xanım sağ olsun, böyük şair Cəmal Safiylə tanış olduq.
2013
Aqil Abbas
27 ildən sonra Ağdama qatarla gedir...
2012
“Allah ürəyinizə görə versin!” - dərin
və gözəl arzudu...
Düşündürücüdü! Bəlkə
Allah elə də edir?! Yox?...
2011
“Qarabağ”ın
növbəti mərhələyə çıxa bilməməsinin
səbəbi stadiondakı boş yerlər və lazımi
azarkeş dəstəyinin olmaması idi! Komanda isə gözəl
oynadı! Sağ olsunlar!
2010
İstedadlı
dost statusundan bilinər.
2009
Hər
şəkildə bir hüzn var həm də!..
Nədən?
Rəşad
MƏCİD
525-ci qəzet.- 2019.- 26 yanvar.- S.12.