Unudulmaz iki ad
günü
Əli Tohidi-100
Dekabrın 19-da atam Əli Rüstəmov-Tohidinin 100
illiyini onsuz qeyd etdik. 1918-ci ildə, Ərdəbilin Meşkin
mahalı, Noqdı kəndində anadan olmuş və
1946-cı ildə fəal iştirak etdiyi Milli-demokratik hərəkat
qan içində boğulduqdan sonra Sovet Azərbaycanına
mühacirət etmiş atam çox keşməkeşli, hadisələrlə
zəngin, böyük və hər baxımdan şərəfli
ömür yaşamışdı.
Cənubi
Azərbaycanın ən dindar - Ərdəbil mühitində,
müctəhid - ali mənsəbli ruhani ailəsində
doğulsa da, Meşkin xanlarına məxsus, savadlı və
imkanlı dayıları onun uşaqlıqdan iti ağlı və
zirəkliyini görərək təhsili ilə ciddi məşğul
olaraq dünyəvi biliklərə yiyələnməsinə
imkan yaratmışlar. 90-cı illərdə, sərhədlər
açılanda ilk dəfə atamın doğulduğu kəndi
görəndə özümü sanki Cəlil Məmmədquluzadənin
Danabaş kəndində hiss etmişdim və ən
böyük sarsıntım yeganə daş binası məscid
olan bu kənddə atam kimi işıqlı, açıq
fikirli, az qala ateist dünyagörüşlü bir adamın
necə yetişdiyi sualına cavab tapmamağım olmuşdu.
Bu ilk səfərim Aşura günlərinə təsadüf
etmişdi, 6 saatdan artıq davam edən şəbih mərasimində
yüzlərlə insanın Kərbəla müsibəti ilə
bağlı tökdüyü göz yaşları, kiçik
əmimin babadan qalma evinin hələ də Hüseyniyyə
olması və başqa müşahidələrim atamın bəlkə
də məhz bu mühitdən qopmaq üçün ictimai həyata
can atdığını və siyasi fəaliyyətə
qoşulduğunu düşünməyimə əsas
vermişdi. Əvvəlcə İran Xalq partiyası (Tudə),
daha sonra Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş,
siyasi fəhmi, öz dövrü üçün savadı,
mübariz və cəsarətli xarakteri sayəsində tezliklə
ADF Meşkin mahal komitəsinin sədri, fədai
başçısı kimi milli hərəkatın vilayətlərdəki
rəhbər işçilərindən birinə
çevrilmişdi. 1946-cı ildə siyasi
mühacirətə məcbur olub bu taya keçdikdən sonra
şah hökuməti tərəfindən haqqında
ölüm fərmanı verilmiş hərəkat
iştirakçıları siyahısında onun da adı var
idi. Bununla belə, uzun illər mühacir
silahdaşları kimi geri qayıdacağına və
mübarizələrini gizli şəkildə olsa belə davam
etdirəcəklərinə inanmış, Sovet rəhbərliyinin
bu məqsədlə gördüyü tədbirlərə cəlb
olunmuşdu. Bakıya gətirilib Ali partiya məktəbinin
Xüsusi - “İran demokratları” kursunda 5 il
təhsil alaraq ilk siyasi rəhbərlər qrupuna daxil
edilmişdi.
Burada bir haşiyə çıxım ki, həmin vaxt
atama nə məqsədləsə bir “yerli familiya” da
götürməyi tövsiyə etmişdilər. Atam da öz
babası və böyük qardaşının adı ilə
Rüstəmov soyadını öz Tohidi familiyasına əlavə
etmişdi. Beləliklə, Rüstəmov-Tohidi
soyadımız meydana gəlmişdi. Sovet dövründə
mənə bu soyadının “Tohidi”, müstəqillik illərində
isə “Rüstəmova” hissəsindən imtina etməyi
dönə-dönə təklif etsələr də, mən
heç bir “dəlillərlə” razılaşmayaraq buna getməmişəm,
atamdan aldığım və nəzərimcə o tay-bu tay Azərbaycanı
təcəssüm etdirən bu soyadımı həmişə
ləyaqətlə daşımağa
çalışmışam.
1940-cı illərin sonlarında baş verən hadisələrin
gedişi, xüsusən Pişəvərinin müəmmalı
ölümü Ali Partiya Məktəbinin xüsusi kursunun
müdavimlərinin bütün bu “vətənə
qayıtmaq” planlarına və arzularına birdəfəlik son
qoymuşdu. Lakin siyasi mühacirlər nəslinin yeni həyata, fərqli
siyasi quruluşa və ideologiyaya uyğunlaşa bilməyən
bir çox nümayədələrinin faciəli aqibəti
atamdan yan keçmişdi. Əqidə etibarilə
solçu - marksist olduğundan Sovet sistemini bütün ziddiyyət
və üstünlükləri ilə qəbul etmiş, ikinci
ali təhsil alaraq Azərbaycan Dövlət
Universiterinin tarix fakültəsini bitirmiş və
bütün qalan ömrünü - 50 ildən artıq -
müəllimliyə həsr etmişdi.
1979-cu il İran inqilabından sonra yaranan Vətənə
qayıtmaq və siyasi işə başlamaq imkanı atamı
son dərəcə həvəsləndirmişdi. Belə ki, sol qüvvələrin də fəal
iştirak etdiyi İran İnqilabının ilk illərində
ölkədə siyasi partiyalar, o cümlədən, İran
Xalq Partiyası (Tudə) öz fəaliyyətini bərpa
etmiş və öz təcrübəli üzvlərini səfərbər
etməyə başlamışdı. Bakıda, Moskvada,
Orta Asiyada, xüsusən Avropada yaşayan tudəçilər
və bir çox Azərbaycan demokratları müvafiq
siyahılar üzrə dəstə-dəstə İranın
müxtəlif şəhərlərinə gəlirdilər. O
illər mən aspiranturada oxuduğumdan çox vaxt Moskvada
olurdum və bura səfərlərinin birində atam məni
“Moskva” restoranına apararaq məxfi bir söhbəti
olduğunu bildirdi, yaxın günlərdə İrana gedəcəyindən
və qarşıdakı planlarından söz açdı. Düzü, yalnız inqilabi-siyasi hərəkatların
tədqiqatçısı deyil, həm də inqilabi ruhun
daşıyıcısı olduğuma baxmayaraq, mən onun bu
qərarından narahat oldum. İranda 1979-cu il inqilabının qələbəsinin
Bakıdakı “demokratlar” arasında doğurduğu sözlə
ifadə edilməyəcək əhvali-ruhiyyəni, sevincdən
hönkür-hönkür tökülən göz
yaşlarını yalnız evdə deyil, Şərqşünaslıq
institutunun demokrat-alim nəslinin nümunəsində
görmüşdüm. Amma “şərəfli ölümə”
can atan qaynar qanlı atamın bu yolda tək özünü
deyil, o taydakı bütün qohumlarını, o cümlədən,
ata qayğısı görmədən, böyük əziyyətlə
boya-başa çatmış iki oğlunu da qurban verə biləcəyi
ehtimalına görə onun bu addımına münasibətim
heç də birmənalı deyildi. Bununla belə,
onu qərarından döndərmək üçün
heç nə demədim. Bunu nə ona, nə
özümə yaraşdırdım. Amma atama bu
gün-sabah gözlədiyi çağırış nədənsə
gəlmədi... Əksinə, 1980-1981-ci illər
İrandan artıq əvvəlcə narahatlıq doğuran məlumatlar,
daha sonra isə acı xəbərlər gəlməyə
başladı. İranda irtica hücuma
keçdi, İnqilabın rəhbərliyini ələ
keçirmiş ruhaniyyət bir çox siyasi partiyalar kimi, tudəçilərə
qarşı da həbslərə və edamlara başladı.
Mənim əlimdən tutaraq İran tarixi şöbəsində
“bu, Əli Tohidinin qızıdır, yaxşı başı
var” deyə elmi rəhbərim Tağı Şahinlə tanış edən tarixçi-alim Əliəsgər
Hatəmi (fars olduğu halda milli hərəkata qoşulmuş
İran zabiti idi), ilk elmi məqaləmin rəyçisi filosof
Agahi, Firidun İbrahiminin qardaşı, yaxşı
tanıdığım Ənuşirəvan İbrahimi və
bir çox tudəçilər rejim tərəfindən
güllələndilər, ya edam olundular. Cənubi
Azərbaycanın tanınmış yazıçısı,
vaxtilə Təbrizdə buraxılan “Azərbaycan” qəzetinin
redaktoru olmuş Həmzə Fəthi Xoşginabi o zaman Təbrizdə
yenidən qəzet buraxırdı, amma vaxtında ölkədən
çıxa bilmişdi. Xoşginabi
atamın lap yaxın dostu idi, Moskvada yaşayırdı və
mən qısamüddətli səfərlərim zamanı
onlarda qalırdım və uzun-uzadı söhbətlər
edirdik. Belə söhbətlərin birində Həmzə
əmi atama deməmək şərti ilə mənə etiraf
etdi ki, İranda yaranan vəziyyətin hara getdiyini qabaqcadan
görərək “Əlinin adını növbəti
siyahıdan” o sildiribmiş və özü də müalicə
bəhanəsiylə geri qayıdıbmış. Az sonra isə ölkədə kütləvi həbslər
başlamışdı.
Beləliklə,
Xoşginabinin simasında tale atamı labüd ölümdən
qurtararaq ona daha 20 il yaşamaq şansı
vermişdi.
Onun bu taydakı fəaliyyəti xüsusi söhbətdir. Belə ki,
üzvü olduğu partiyada siyasi fəaliyyətini davam etdirməklə
yanaşı, əsasən öz mühitlərinə
qapanıb qalan o taylı silahdaşlarından fərqli olaraq,
atam bu tayın geniş ziyalı cəmiyyətinə daxil
olmuşdu. Açıq və mərd təbiəti,
dostluq və yoldaşlıq etmək istedadı, siyasətdən
tutmuş tarix, ədəbiyyat və xüsusilə şeirə
olan marağı, ərəb və fars dillərində
danışmaqla gözəl nitq və natiqlik qabiliyyəti,
alicənablığı və son dərəcə əliaçıqlığı
və nəhayət, sözün əsl mənasında əhli-məclis
olması onun ünsiyyət dairəsini xeyli genişləndirmişdi.
Mən, ağlım kəsəndən həmişə evdə
“qərib” atamın dostlarını görmüşəm,
onlara ağız dolusu “əmi” demişəm, dövrün ən
tanınmış yazıçı, şair, teatr xadimləri,
alim və müəllimləri daima evimizin qonaqları olub,
atam da məişətdə olduqca sərt xarakterinə
baxmayaraq, çox vaxt kişi məclisləri olan bu
qonaqlıqlarda mənə süfrəyə qulluq etməklə
yanaşı bir kənarda oturub bu böyük şəxsiyyətlərin
söz-söhbətinə qulaq asmağa icazə verib. Bu
gün atamın kitabxanasında onun yazıçı,
şair, alim, sənətkar dostlarının imzası ilə
bağışladıqları kitablardan ibarət ayrıca bir
şkaf var. Və mən Azərbaycanın bu görkəmli
adamlarının atama münasibətində onun şəxsi
keyfiyyətləri ilə yanaşı, daha geniş mənada
həm də cənubdan olmasına, özü də siyasi,
inqilabi xadim kimi dərin və səmimi hörməti daim
müşahidə etmişəm. Bu şəxsiyyətlərin
arasında xeyli “köhnə iranlılar” da var idi ki,
onların dostluğuna xüsusilə dərin və doğma
xarakter verirdi.
Atamın dostları, tanışları haqqında
çox maraqlı xatirələrim var. Və
özümün də ədəbiyyata, tarixə, teatra olan
marağım hələ yeniyetmə vaxtından atamın
vasitəsilə məhz bu canlı ünsiyyətdən irəli
gəlib. 6-cı sinifdən başlayaraq atam məni Dram
Teatrının əvvəlcə bazar günləri
gündüz, daha sonra axşam tamaşalarına, premyeralara
aparıb. Çox vaxt tamaşadan sonra səhnə
arxasına keçib, yaxından tanıdığı
görkəmli artistləri şəxsən təbrik edər
və bununla məni hədsiz fərəhləndirdi.
C.Cabbarlının “Oktay Eloğlu” tamaşasından sonra indicə
səhnədə böyük emosionallıqla Oktayın faciəsini
yaşamış nəhəng dramatik aktyorumuz Həsənağa
Salayevin heç qrimini silməmiş atamı görərkən
gülərüzlə “ay xoş gördük, Əli müəllim”
deyə onu qucaqlaması və məndən də” hə, qəşəng
bala, tamaşa xoşuna gəldimi?” soruşmasından tamam
çaşırmışdım. Yaratdığı
obrazın əhval-ruhiyyəsinin beləcə, dərhal dəyişməsindən
keçirdiyim sarsıntını görən atam “bu,
aktyordur, onun sənətkar kimi böyüklüyü də bundadır”
deyə məni xeyli sakitləşdirə bilməmişdi.
İlyas Əfəndiyevin “Unuda bilmirəm”
tamaşasından sonra yolda müəllifin Cənub
mövzusuna münasibətiylə bağlı aramızda
yaranan mübahisədə heç birimiz güzəştə
getmədiyindən evə gələndən sonra atam İlyas
müəllimin özünə zəng edərək məsələni
danışmışdı və o dövr ən sevimli
yazıçım olan İlyas müəllim də məni
telefona çağıraraq onun mövqeyini məhz mənim
düzgün anladığımı söyləyib məni tərifləmişdi.
O vaxtlar
yazdığım bir əsərdə Tvardovskinin bir
kiçik şeir parçasını tərcümə etmək
lazım gəldiyini eşidən atam dərhal Xəlil Rzaya zəng
vurmuşdu. Və o böyük şair, böyük olduğu
qədər də sadə insan həmin 8 sətirlik şeiri
telefonfa ona diktə etməyi xahiş etmişdi və 10-15 dəqiqədən
sonra, mən hələ heyrətdən özünə gəlməmiş,
zəng edərək şeirin tərcüməsini 2 variantda mənə
oxumuş və üstəlik bəyənib-bəyənmədiyimi
soruşmuşdu!!!
O
dövrün canlı ictimai, ədəbi, mədəni
mühitini yaşamayıb, o böyük insanlarla təmasda
olmayıb və indi onu bəyənməyənlərə nə
deyəsən...
Mənim bu qəbildən nə qədər xatirələrim
var. Bu xatirələrin bir hissəsi də atamın yuvarlaq təvəllüd
günləri - 50, 60, 70, 75, 80 illik yubiley məclisləri ilə
bağlıdır. Ailəmizdə ad günlərini təbrikə
gəlmiş qonaqlarla birgə keçirmək ənənəsi
vardı. Atamın 70 illiyi 1988-ci ilin təlatümlü
dekabrında qeyd edilirdi. Şair Qabilin
tamadalıq etdiyi bu məclisdə Meydan hərəkatından
söz açması yazıçı Bayram Bayramovun
xoşuna gəlməmişdi, “bura o söhbətlərin yeri
deyil” - deyə Qabil müəllimə irad tutmuşdu.
Qabil də “Əli müəllim siyasi xadimdir, onun məclisində
hər söhbəti etmək olar” deyə cavab verəndə,
bir qədər təkəbbürlü, ötkəm xasiyyətli
Bayram müəllim ayağa qalxaraq tanınmış
kimyaçı alim Paşa müəllimə müraciətlə
“dur gedək” deyə qapıya tərəf getmişdi. Məclisdəki
qonaqlar - Balaş Azəroğlu, Mədinə xanım
Gülgün, Hökumə xanım Billuri, Qasım Qasımzadə,
Salam Qədirzadə, Teymur Məmmədov və başqa
qonaqlar bu xoşagəlməz hadisədən narahat
olmuşdular. Mədinə xanım ərklə
Bayram müəllimi tənbeh etsə də, Qasım müəllim
onu sakitləşdirməyə çalışsa da, Bayram
müəllim tərsliyinə salmışdı. Qabil və xüsusilə atam özü də pərt
olmuşdu, amma bir söz demirdi. Yalnız mən
Bayram müəllimin qarşısını kəsərək
onu qucaqlayandan, haqqında ürək sözlərimi dilə gətirəndən,
israrla getməməsini xahiş edəndən sonra Bayram müəllim
geri qayıtmışdı. Və mən ekspromt olaraq bu
meydan hərəkatının başlanması və vüsət
almasında atamın yazıçı və şair
dostlarının əsərlərinin rolunu qeyd etmiş, təbii
ki, Bayram müəllimin əsərləri üzərində
xüsusi dayanmışdım və beləliklə,
bütün inciklik aradan qalxmışdı, Bayram müəllim
sona qədər məclisdə oturmuş, Paşa müəllim
də təbəssümlə mənə bir “bərəkallah”
demişdi. Sonralar, hər qonaqlıqda Bayram müəllim
özünəməxsus ötkəmliklə “ay qız, dədənin
ad günündə dediklərini bir də təkrar etsən,
dilin quruyar?...” deyə mənə
müraciət edərdi və mən də “təkrar niyə,
mənim həmişə deməyə yeni sözüm var” -
deyib onun əsərləri, özü və atamla dostluğu
haqda fikir söyləyərdim.
Allah bu yüksək şəxsiyyətli ziyalılarımızım hamısına rəhmət eləsin... Xoşbəxt günlər yaşayırmışıq...
Atamın 100 illik təvəllüd
dönümünü geniş qeyd etmək və yalnız
onun özünü deyil, dostlarının da xatirəsini anmaq
fikri mənim və atamın bu taydakı tək-tək
qohumlarından olan Mərdanın təşəbbüsü
ilə yarandı. 50-yə yaxın qonağın iştirak
etdiyi, məclisə ilk növbədə onun bu gün
yaşamaqda davam edən cənublu həmməsləklərini,
daha sonra “demokratlar” nəslinin övladlarını, bu
taydakı dostlarını və onların
övladlarını dəvət etməyə qərar verdim.
Atam böyük müəllimim, professor Şirməmməd
Hüseynovla da yaxından tanış idi və iki gün qabaq
94 yaşını qeyd etdiyimiz və əməlli-başlı
yorduğumuz Şirməmməd müəllimin bu məclisə
gələcəyinə ümid etmirdim. Amma Ülkər
xanımdan bu məclis haqda eşidən Şirməmməd
müəllim dərhal atamın anım məclisinə gəlmək
istədiyini bildirdi, gəldi və hamıya böyük şərəf
verdi. Cümhuriyyətimizin 100 illiyi ilə bir
tarixə təsadüf etmiş bu Anım Məclisinin Cənubi
Azərbaycanda milli hərəkat, azadlıq, dövlətçilik
dəyərləri ruhunda keçən çox səmimi ruhu,
atamın dünyasını dəyişmiş mübarizə
yoldaşları və ziyalı dostlarının xatırlanması
hamını, o cümlədən, Şirməmməd müəllimin
özünü də riqqətə gətirdi. Onun
bir neçə dəfə ayağa qalxaraq deyilən sözlərə
münasibət bildirməsi, söylədiyi dərin fikirlər
böyük təsir buraxır, hamı onu diqqətlə dinləyir
və telefona yazır, beləliklə, tarixi anlar
yaşadıqlarının daha çox fərqinə
varırdılar.
Solmaz
Rüstəmova-TOHİDİ
Tarix
elmləri doktoru
525-ci qəzet.- 2019.- 26 yanvar.-
S.10-11.