Arzuların və ümidlərın
işığında
NATİQ
MƏMMƏDLİNİN HEKAYƏLƏRİ HAQQINDA
DÜŞÜNCƏLƏR
Natiq Məmmədliyə zəng vurdum. Yaradıcılığı,
yeni kitabları ilə maraqlandım, yeni kitabının
çıxıb-çıxmamasını soruşdum.
Əvvəlcədən bildiyim cavabı eşitdim: "Təzə
hekayələr kitabım çıxıb". Bilirdim yeni kitabının
çıxmağını, bəzi hekayələrini də
dövri mətbuatda oxumuşdum. Maraq mənə
güc gəldiyindən Natiq Məmmədlinin kitabını
istəməyə məcbur idim. Sağ olsun, məni
çox gözlətmədi, avtoqrafla göndərdi.
Bu kitabı da Natiqin o biri kitabları kimi birnəfəsə
oxudum. 10 hekayədən ibarət kitabın içindəkiləri
3 ilə yazmışdır. Hər bir
hekayənin altında yazılma tarixi göstərilmişdir.
Hekayələr bizim həyatımızda baş
verən hadisələrdən, mənzərələrdən
bəhs edir. Ancaq orada elə detallar qələmə
alınmışdır ki, insan təəccüblənməyə
bilmir. Doğrudanmı bunlar bizim bilmədiyimiz,
görmədiyimiz sirli dünyada, çoxlarının bixəbər
olduğu aləmdə baş verir? İnsan
övladının gözü niyə doymaq bilmir? Sallaq
qarınlarını daha da şişman, qapağı az qala örtüləcək gözlərini
yeməkdən daha artıq örtüləcəyini görmək,
hiss eləmək istəmir. Müstəqillik qazanmış
ölkəmizdə saf qalmış insanlar riyakarlara, fırıldaqçılara yenə də özləri qədər
inanırlar.
Natiq Məmmədlinin
bundan əvvəl oxuduğum "Ləyaqət düsturu"
hekayələr toplusu, "Körpüdə Ümid"
romanı və "Bekketə salam" hekayələr
kitabı eyni üslubda, eyni problemləri çözməklə
qələmə alınmışdı: hardasa gülməli
görünsə də, əslində, faciə olan,
insanları insanlıqdan çıxaran tamahkarlıq,
rüşvətxorluq, dələduzluq, ləyaqətini
beş qəpiyə satan tülüngü personajların
daxilinə baş vurduqca gah utanırıq, gah xəcalət
çəkirik, gah da insanlardan qaçmaq istəyi ürəyimizə
hakim kəsilir. Müəllifin
anlaşıqlı dillə qələmə aldığı
bütün hekayələri oxucuda bir oyanış, diksinmə,
ətrafa boylanma hissini təlqin edir. Hekayələrdə
oxuduğumuz hadisələrə biz də rast gəlirik,
eşidirik, ancaq nasirin yazısını oxuyub dərk etdiyimiz
qədər dərk etmirik.
"Bekketə salam" hekayələr toplusu "Bizə
ürək göndərin" hekayəsilə
başlayır. Hekayədə bizim bəzi üzdəniraq
həkimlərimizin savadsızlığı,
etinasızlığı oxucuda bir ümidsizlik, ruh
düşkünlüyü yaradır. Nə
yaxşı ki, belə həkimlər çox deyil. Düzgün diaqnoz qoyan iranlı həkimlər
böyrəyi xəstə oğlanın atasına deyirlər
ki, gedin gözləyin, böyrək nə vaxt tapa bilsək,
oğlunu sağaldarıq. Xəstə
uşağa böyrək köçürülməsə, o
ölməlidir, o, ölümə məhkumdur. Günlərlə, aylarla gözləyən ata
İrandan gələn zəngə sevinir. Böyrək
tapılıb! Böyrək haradan tapılsa
yaxşıdır? İraqdan, Əfqanıstandan, Misirdən,
başıbəlalı Suriyadan yox, dinclikdə yaşayan
Hollandiyadan! Həmin ölkələrdə gedən
dəhşətli qırğınlar sayəsində onlarla
uşağın qönçə ikən açılmadan
solmasına, körpə ikən ölməsinə səbəb
olur. Bir uşağın ölümü
digər uşağın sağalması demək imiş.
Hollandiyalı uşağın valideynləri
öz istəkləri ilə ölmüş
oğullarının böyrəyini möhtac xəstəyə
verməyə razıdırlar. Bunun
üçünsə gərək böyük ürəyə
sahib olasan. Hekayəni oxuyanda xəstə
uşağın ata-anası ilə, nənə-babası ilə
bərabər iztirab çəkən, ölüb-dirilən
oxucu Hollandiyadan böyrək gələcəyi xəbərini
eşidəndən sonra dərindən nəfəs alıb
rahatlaşır.
Natiq Məmmədlinin ikinci hekayəsi "Tutuquşunun
günahı"dır. Müəllifin bu hekayəsi də
çox maraqlı bir süjet üzərində qurulub. İnsanlarda harınlıq, özündən
razılıq hissi hekayənin qəhrəmanı Balabəyin
timsalında verilmişdir. Balabəy yeni
"azərbaycanlılar"dandır. Evində
çoxlu sayda tutuquşu saxlayır. Özündən
razı, müştəbeh Balabəy başa
düşürdü ki, insanlar onun eşitmək istədiyi
sözü kefindən yox, nəsə umduqları
üçün təkrarlayırlar. Tutuquşuları
isə bunu yalnız sahibinə xoş gəlmək
üçün, özü də vicdanla edirlər. Və
sahiblərini görən kimi başlayırlar oxumağa:
"Eşq olsun Balabəyə!", "Balabəy
yekdir!" deyə qarıldaşırlar. Günlərin
birində Balabəyə faciə baş verir. Onun sevimli tutuquşusu xəstələnir. Balabəy onu sağaltmaq üçün Peterburqdan
xüsusi baytar gətirdir. Soyadı da ixtisasına
uyğun olan Xişnikova bu şəhərdə bəzi
şeylər çox təəccüblü gəlirdi: niyə
bu zəngin insanlar evlərində it, pişik yox, məhz
yırtıcılar bəsləyirlər. O, tutuquşunun xəstələnməyini
yırtıcı heyvanların xəstələnməyinin
yanında əhəmiyyətsiz, kiçicik bir iş hesab
edirdi. Xişnikov xəstənin yanına
keçəndə orada olan tutuquşu dəstəsi xorla
sahibini tərifləməyə başladı. "Eşq olsun Balabəyə! Biz
səni sevirik!" Gözləri bərəlmiş
Xişnikov birinci dəfəydi ki, xorla oxuyan tutquşuya rast gəlirdi.
Və başa düşürdü ki,
quşların sahibi demişkən, heyvanların sosial
davranışı pozulubsa, quşları yox, sahibini müalicə
etmək lazımdır. Tutuquşununsa
günahı və xəstəliyi cümlədə mübtəda
ilə xəbərin yerini dəyişik salması idi. Bu Balabəyin istədiyi xorun, eşitmək istədiyi
tərifin ahəngini pozurdu. Çağdaş
zəmanəmizdə hətta quşların belə
yaltaqcasına fərqlənmək istədiyini Natiq Məmmədlinin
bu hekayəsində açıq-aşkar görürük.
Öz sahibinə olan sonsuz sevgisini bildirmək
istəyən tutuquşu yoldaşlarından fərqlənmək,
özünü gözə soxmaq üçün mübtəda
ilə xəbərin yerini dəyişir. Xişnikovun
konsiliuma dəvət etdiyi psixoloq da bu fikri təsdiqləyir.
Onu dəstədən ayıran Balabəy pəncərəni
açıq qoyur ki, quş uçub getsin. Tutuquşu isə uçmağa belə meyl göstərməyib
qəfəsindəcə ölməyi üstün bilib. Müəllifin bu hekayəsi indiki zamanla çox həmahəng
səslənir.
Müəllifin "Xəlbir" hekayəsi də
çox təqdirə layiq bir hekayədir. İşsiz cavan
özünə iş axtarır. Müxtəlif
yerlərə müraciət edir. Hər
yerdə onu yaxşı qarşılayırlar. Xoş təbəssümlə onu sorğu-sula
çəkir və deyirlər, get, sənə zəng
vuracağıq. Günlər, aylar
keçir, zəng gəlmir. Gənc
başa düşür ki, bunlar hamısı uydurulmuş
oyundur, saxta təbəssümlə onu sorğu-suala tutan məmur
ona heç vaxt zəng etməyəcək. Nə olar, o mübarizəsini,
axtarışını davam etdirəcək. Axır ki,
özünə layiq iş tapacaq. Günlərin
birində yaxınlıqdakı köşkdən bazarlıq
edərkən gözü meyvə qutusunun üstünə sərilmiş
qəzetdə gedən elana sataşır. Bitirdiyi
universitetdə iş yerləri açılıbmış.
Kafedra müdiri, dekan, baş müəllim... Gənc
sevinərək sənədlərini vakansiya yerlərinə təqdim
edir. Əvvəlcə dekan olmaq keçir ürəyindən,
yox, yox... Bu vəzifə hələ
onunçün tezdir. Kafedra müdiri olsa
yaxşıdır. Yox, yox.., bu da inzibati vəzifədir.
Ən yaxşısı budur ki, adicə müəllim
olsun. "Mən çox tələbkar
müəllim olacam. Heç kimə
day-daylıq etməyəcəm, heç kimdən rüşvət
almayacam. Qoy bilsinlər ki, mənim
vicdanımı satın almaq olmaz". Sadəlövh
gənc elə bilir ki, universitetə gedən kimi onu pəh-pəhlə
işə götürəcəklər. Daha
başa düşmür ki, bu cür elanlar formal xarakter
daşıyır. Gəncin yadına nənəsinin
iki kösövə oxşar əlləri ilə silkələdiyi
xəlbir düşür. Xəlbir
içindəkini ələdikcə lazımsızlar
düşür, lazımlılar isə qalırdı. İndi bu zəmanədə lazımlı ilə
lazımsızı, faydalı ilə faydasızı xəlbirdən
keçirmək üçün güclü əllər
lazımdır.
"Kişilər ağlamasın" - elə hekayənin
adını oxuyanda insan diksinir, gözünün önündən
bir qara siluet keçir. Azərbaycan kişilərini
(sözsüz ki, hekayədə Azərbaycan kişilərindən
bəhs olunur) həmişə mərd, dözümlü, səbirli,
mehriban, yeri gələndə sərt görmüşük.
Hekayənin qəhrəmanı Əlövsət
institutu bitirəndən ahıl yaşlarına qədər
müəllim işləmişdir. Əsl
pedaqoq olan Əlövsət müəllimin minlərlə
şagirdi olub. Təqaüdə çıxmış
müəllim ev tikintisi idarəsində
işə girərək fəhlə kimi işə
başlamışdı. Adətinə xilaf
çıxmayaraq işə məktəbə getdiyi kimi
şax kostyumda, qalstukda, üzü təraş edilmiş gəlirdi.
İşçilər aylardı işləyirlər, ancaq hələ
maaş ala bilməmişdilər. Bunu təsəvvürünə belə gətirə
bilməyən Əlövsət müəllimi inandırmaq
çətin idi. O qədər təmiz, safqəlbli
olan, böyük mənada əsl müəllim olan
Əlövsət müəllim naxələflərin hərəkətində
də bir dürüstlük, ədalət axtarırdı. Üzügülər, şən, həyat eşqi
ilə qaynayan Əlövsət müəllimi hələm-hələm
ağlatmaq qeyri-mümkün idi. Tikintidə
onun vaxtı ilə dərs dediyi şagirdlərdən də
var idi ki, bu ay da onların əməkhaqqı verilməyəcəkdi.
Üzündən nur, iman, inam yağan bu binəva
müəllimi inandırmaq mümkün deyildi. Eşidəndə
ki, ev tikənlər onlara
"atıblar" və gözətçinin uşaq kimi
hönkürüb ağlamağından sonra sarsılır,
inamı qırılır. O, müəllimdir. Fəhlələrə
söz vermişdi ki, siz bu ay mütləq maaş
alacaqsınız. Maaş isə
"haralardasa" ilişib qalmışdı. Hansısa fırıldaqçının, hansısa
işbazın güdazına gedib. Müəllim
yalan danışa bilməz. Qaraqabaq,
adamayovuşmaz, kobud gözətçinin ağlamağı
müəllimə bir daha əminlik gətirir ki, bu ay da pul
olmayacaq. Müəllim sarsılır,
özü də lap pis sarsılır. Acıdil,
qaradinməz gözətçinin hönkürüb
ağlamağı "vallah, müəllim, pul olmayacaq"
deməsi onun dünyasını bir anda alt-üst edir,
inamını sarsıdır. Kişilər
ağlamaz, kişilər göz yaşını gizlədər.
İnamı qırılmış,
iç dünyası alt-üst olmuş Əlövsət
müəllim şagirdlərinin yanında sanki
gözükölgəli olmuşdur. Özünü
günahkar bilirdi. 20-ci mərtəbədəki
otaqların suvağını qurtarmaq bəhanəsilə
yuxarı çıxır və intihar edir. Quş kimi pərvazlanaraq bir anda özünü
aşağı atır. Müəllif bu
hekayədə saf adamların çıxış yolunu
tapmaqda aciz qaldığını göstərir. Əlacsız qalan binəva insanlar bütün
bunlardan xilas yolunu intiharda görür.
Natiq Məmmədlinin beşinci hekayəsi "Sevgi məbədində
qətl" adlanır. Bu hekayə çox maraqlı, maraqlı
olduğu qədər də qəribə bir süjet üzərində
qurulub. Burada biri təbiətən sakit
(lap quzu kimi), o biri isə qızğın, özündən
tez çıxan, söz güləşdirməyi xoşlayan
iki gəncin tələbəlik, kasıbçılıq illərinin
dostluğundan bəhs edilir. Problemləri
gülümsəməklə yola verən üzüyola gənc
anasının təkidiylə son dövrlər
görüşmədiyi əmisiqızı ilə evlənir.
Sevgisiz, məhəbbətsiz... Ürəyi
boş yaşayan, həyatdan zövq almağı bacarmayan gənc
illəri yorub yola salır. Əri Rusiyada
olan bir qadınla rastlaşır, bir-birlərinə aşiq
olub görüşürlər. Günlərin
birində isə bu nakam sevgiyə son qoyulur. Onların növbəti sevgi macərası faciə
ilə bitir. İçəridə
yandırdıqları qazın dəmi onların
ölümünə səbəb olur. Bu
hekayədə qələmə alınmış əhvalat
haqqında televiziyanın, saytların gündəmini zəbt
etmiş verilişləri izləyir, müxtəlif məqalələri
oxuyuruq. Bütün aləmi ağzına
almış qadın-kişi xəyanəti haqqında olan
hekayətlərdir. Qadının həyat
yoldaşı bir tikə çörək pulu qazanmaq
üçün Rusiyaya işləməyə gedib. Ailəsini atmasa da, yoxlamağa da gəlmir,
onların qayğısına qalmağı da unudur. Qadın həyat burulğanında tək qalır.
Eşqsiz, istisiz, diqqətsiz, məhəbbətsiz...
onunla maraqlanan yox, dərdini bilən yox. Onu
bu xəyanətə yaxınlarının, əsas da həyat
yoldaşının laqeydliyi vadar edir. Xəyanətə
doğru addımlayaraq onun ağuşuna atılır. Səadətini başqasının
ömür-gün yoldaşında tapır. Ancaq bu xoşbəxtlik uzun sürmür. Çünki öz səadətini başqa bir
qadının bədbəxtliyi üzərində qurmaq istəyir.
Onun görüşdüyü kişi də arvadını
sevmədən, evlənmək xatirinə evlənir. Anasının təkidiylə, arzusuyla evlənir.
O da başqa bir qadına vurulur və müəllifin "Sevgi
məbədində qətl" adlandırdığı
qarajda görüşməyə başlayırlar. Nəticədə
isə... Nəticədə
isə hər ikisi dəm qazından boğulur. Bir-birlərinə
sarılmış halda... Müstəntiq gəlir,
gəncin dostu gəlir. Bu cür
görünməmiş ölümü onların ailələrinə
necə çatdıracaqlar? Necə deyəcəklər?
Allah bilir, insanlar nə düşünəcək.
Şəhərdə hansı şayiələr
gəzəcək? Xəbər saytları
ağızlarına gələni yazacaq, bar-bar
bağıracaqlar. Baş xəbər kimi
qəzetlərin, saytların manşetlərini "bəzəyəcək".
Sevgililərin isə bundan xəbəri olmayacaq.
Hadisənin ən qəliz yeri isə
ölümlərindən sonra sevgililəri bir-birindən
ayırmaq məsələsi idi. Onlar
bir-birlərinə necə sarılmışdılarsa, eləcə
də heykələ dönub həyatlarını tərk
etmişdilər. Necə də dəhşətli,
amansız, eyni zamanda, urvatsız bir ölüm oldu. İnsan gərək kimsənin təkidiylə sevmədən
evlənməyə. Ailəsini dolandıra bilməyən
kişi çörək pulu qazanmaq
üçün harasa getsə belə, geridə qoyduğu
arvad-uşağını da fikirləşməlidir.
Yalnız özünü düşünən adam
geridə qoyduğu qadının faciəsinə zəmin
yaratmamalıdır. Bir tikə çörək
qazanmaq bəhanəsiylə ailə məsuliyyətindən
yaxasını qurtarmamalıdır. Bu
cür hərəkətlər ailənin
dağılmasına, addım-addım xəyanətə
yaxınlaşmasına gətirib çıxardır. Onun ağrısını özləri ilə bərabər
yaxınları da çəkir. Müasir
zəmanədə xəyanət deyilən bir kabus ictimai bəlaya
çevrilib. Bəziləri maddiyyat,
sıxıntı üzündən, bəziləri
geyinib-keçinmək, başqalarının yanında
özünü gözə soxmaq üçün, bəziləri
isə kefindən bu addımı atır. Bəla
orasındadır ki, bəzi kişilərin öz
qadınına dəyər verməməsi, laqeydliyi,
ömür yoldaşı seçdiyi qadınının
gözü görə-görə, qulağı eşidə-eşidə
başqası ilə eşqbazlıq etməsi qadını bu
yolu seçməyə vadar edir. Son vaxtlar
saytların bəzəyinə çevrilmiş, başı əri
tərəfindən qırxılmış və
yaxınları tərəfindən ictimailəşdirilmiş
xəyanət haqqında hər bir insan öz mövqeyini
bildirir. Qadını qınayanlar da az
deyil. Ancaq heç kim bu hadisənin mahiyyətində
nə dayandığını axıra qədər
açıqlamaq istəmir. Qadının nəyə
görə xəyanət etməsi axıra qədər
açılmır. Mən heç bir xəyanətə
haqq qazandırmıram. Nə kişinin, nə
qadının xəyanətinə. Nə
kişinin, nə qadının xəyanətinə müsbət
baxıram.
Bu, ailələrin dağılmasına, əsasən də
uşaqların sıxıntısına, qəlb
sınıqlığına, boynubüküklüyə, həyatda
inamsız böyüməsinə gətirib
çıxarır. 2018-ci ilin statistikasına görə, Azərbaycan
ailəsində boşanma hallarının sayı 12396 nəfər
təşkil edib. Bu hadisələrin səbəbi
bilavasitə cütlüyün bir-birinə xəyanətidir.
Kişilərin bəzisi xəyanəti sivil
qaydada yox, ən iyrənc yolla həll etməyə
çalışırlar.
N.Məmmədlinin bu əsəri də sonda ölümlə
bitir. Əgər onlar ölməsəydilər, bu gizlin
eşqin uzun müddət davam etməsi mümkün deyildi.
Rusiyada öz həyatını yaşayan ər
bu xəyanəti eşitsə idi, ondan canını qurtarmaq
üçün ən yaxşı halda boşanacaqdı.
Qadınla eşq yaşayan kişi isə
ailəsinə, qadınına nə cavab verəcəkdi, onu
da bilməyəcəkdi. Nəticədə yeni
bir boşanma hadisəsi baş verəcəkdi.
Natiq Məmmədlinin maraqlı hekayələrindən
biri də "Bekketə salam"dır. Bu hekayədə
cavan jurnalist qızın "Gənclər qəzetində"
işə düzəlməsindən bəhs olunur. Qız universiteti yenicə bitirib. Müxbir kimi işləməyə çox həvəslidir.
Özünün də arzusu böyükdür.
Qəzet redaktorunun ona təklif etdiyi, ancaq ona
çox yüngül görünən mövzulardan - sirk,
teatr mövzusundan yox, bığlı-saqqallı kişilərin
cürət edib girişə bilmədiyi siyasətdən
yazmaq istəyirdi. İşlədiyi sahədə
saç-saqqal ağartmış baş redaktor ona siyasət
mövzusuna toxunmamaq məsləhətini verməsinə
baxmayaraq, gənc jurnalist onun sözlərinə əhəmiyyət
vermir, özündə böyük bir güc, qüvvə
hiss edir və siyasətdən yazacağını israr edir.
Baş redaktor məcburən ona uğurlar
arzulayır. Qız siyasi partiya liderlərindən
müsahibə almaq üçün tələsir. Hansı partiya qərargahının
qapısını döyürsə, hamısının
qapısını bağlı görür. Nəhayət "Bloklara qoşulmayan"
partiyanın yerləşdiyi həyətdə insanların
qaynaşdığını görüb sevinir. Tələsik harasa gedən adamların birindən sədrin
yerində olub-olmadığını soruşur. "Sən nə danışırsan, ay qız?
Bura yas yeridir, böyük bir adama yas verirlər.
Partiyalarla iş ancaq seçki dövründə olur", -
deyə cavab verir. Kor-peşman olan müxbir geri
dönür. Yolu "Gənclər teatrı"nın yanından keçir. Yadına baş
redaktorun sözləri düşür: "Cavansan, sənin
siyasətlə nə işin var? Get teatrlardan, sirkdən
yaz" və üstəlik, ona "Gənclər
teatrı"nın biletini verir. - Teatrda
Samuel Bekketin "Kreppin son lent yazısı"
tamaşası olacaq. Get ona bax, onun haqqında resenziya yaz,
başını dolandır. Qız
uşağısan, ağıllı ol, bığlı,
saqqallı kişilərin girişmədiyi işlərlə
başını niyə ağrıdırsan?" Müxbir qız kor-peşman tutduğu istədiyi
yoldan ayrılır və tamaşaya getməyə məcbur
olur. Burada müəllif sətiraltı mənada
bildirir ki, siyasət parta arxasından yenicə duran
qızcığazın yeri deyil,
"bığlı-saqqallı" kişilərin işidir.
Siyasət top oyunu deyil ki, hər gələn bir təpik
vursun. Siyasətlə uşaq-muşaq yox, siyasətçilər
məşğul olmalıdır. Ümumiyyətlə, hərə
öz sahəsində düzgün işləsə, işinə
can yandırsa, müvəffəqiyyətlərimiz daha çox olar.
Natiq Məmmədlinin "Tiflis yolçuları"
hekayəsi də günümüzlə səsləşən
bir yazı nümunəsidir. Tiflisə gedən
qatarın müştəriləri söhbət edə-edə
gedirlər. Biri millətçi, digəri
isə millətçinin təbirincə desək
"satqın"dır. Millətçi
yazıçıdır, Tiflisə gedir ki, yeni mövzular
tapsın, yazsın. Yazsın ki, bir gün
özü bu dünyada olmayanda sözü yaşasın.
Lap Axundov kimi, C.Məmmədqulquzadə kimi. Lazım
gəlsə, gələcəkdə yaşamaq xatirinə
öz xalqına qarşı da müxalifətdə
dayanmağı bacarmalıdır. Müəllif
burada zatıqırıqları, qanı
qarışmışları, üstüörtülü də
olsa qabardır. Oxucuya çatdırmaq istəyir
ki, oyan, özünü dərk elə. Necə ki,
qanıqarışıq insanlar meydan sulayır, zəfər
çalıb qalib ola bilməyəcəksən.
Əsərin
qəhrəmanı zorla fahişə görüşünə
gətirilmiş, gözündə "süddən yanıq
qalmış, özgə qapılarında sürünən
anasız körpənin əzablarını, balaca çiyinləri
batmanla gələn dərd-sərinin altına verdiyindən
qaməti qamış tək əyilən, puç olmuş
ümidləri, arzuları görən 20 yaşlı
oğlandır".
Qəhrəman Tiflisə sevgi dalınca gedir. Ancaq tanış
olduğu qadın ona anladır ki, oradakı "gözəllərlə"
tanış olmaq o qədər sərfəli və asan deyil.
Qayıt Bakıya, yenə öz gözəllərimiz əlçatan
və anlayışlıdır. Müəllif
bu hekayədə əxlaq, ictimai məsələlərə
toxunur və gənc oğlanın surətində onların
heç də təmiz, asan, zövq oxşayan
olmadığını qələmə alır.
"Şuşa dumanı" şuşalıların
yaralı yeridir. Şuşanın qarına, sazağına,
şaxtasına, dumanına, yağışına öyrəşmiş
Şuşa əhli Bakının boğucu
istisinə, tozanaqlı küləyinə dözə bilmir. Tez-tez o yerləri xatırlayırlar. Bakıda olsalar da, Şuşanın adət-ənənəsini
unutmayıblar. Yasları da çox
ağır keçir. İtkiləri
günbəgün çoxalır. Pirşağı
qəbiristanlığında şuşalılar
üçün ayrılan yerlər dolmaq üzrədir.
Bələdiyyə də onları başa
düşmür. Şuşa qəbiristanlığı
ilə kəndin qəbiristanlığı arasına səngər
qazdırıb ki, o tərəfə keçmək olmaz.
O, şuşalıların vətən dərdindən xəbərsizdir.
Bilmir ki, bu dərd hələ çox
şuşalını o qəbiristanlığa göndərəcək.
Şuşalıların salavat çevirməkdən
əlləri qabar olub. Aman Allah, bu qədər
də yas olar? Dünya bundan xəbərsizdir?
Olmaya dünyanın qulağı kar olub? Şuşalıların yaxşı xatirindədir.
Yay axşamları pencəklə gəzib, gecələr
yorğanla yatardılar. Qışda isə
Şuşanın, Şuşa
dağlarının sazağında, qarında
burunlarının ucu göynəyər, qulaqları
qızarar, qar ayaqlardılar. Burada - Bakıda isə
bunların heç biri yoxdur. Qışda Qalada (Şuşa qalasında) bir onlar qalırdı,
bir də sərçələr. İndi isə
Şuşada yalnız sərçələr qalıb. Şuşa əhalisi isə qaçqın,
köçkün düşüb. Dünyanın
isə bundan xəbəri yoxmuş kimi göz yummuşdur.
"Professor
və samuraylar" hekayəsi, mən deyərdim
ki, N.Məmmədlinin satirik ruhda yazdığı ən
yaxşı hekayəsidir. Hekayə universitet müəllimi
İsaxanbəylinin təsviri ilə başlayır:
savadlı, alicənab müəllimdir, həm də nüfuzlu
şəxsiyyətdir. Asiya və Afrika ölkələri
tarixindən dərs deyir, özü də fənnini sevərək
tədris edir. Bir dəfə Yaponiya tarixindən
dərs deyəndə mövzu samuraylardan düşür.
Samuraylar Yaponiyanın baş bəlası
olurlar. Samuraylar Yaponiyaya yox, onlara daha
çox pul verən, ciblərini dolduran feodallara qulluq edirlər.
Onların cibi o qədər dolur ki, axırda
qudururlar. Professor tələbələrdən
soruşur: "samuraylar qudurandan sonra Yaponiyanın
axırı nolur?" Hekayə də bu ritorik
sual üzərində cərəyan edir. Heç kim bu sualın cavabını tapa bilmir.
İsaxanbəyli
ağsaqqal yaşına çatsa da, üzündə bir
qız həyası var. Çünki uşaqlıqda dədəsinin
onun qulağının dibindən tutuzdurduğu qeyrət
şapalağındakı beş
barmağın izi ilişib sifətində
qalmışdır. Bu izlər
böyüyüb ağsaqqal olanda belə üzündən
çəkilməyib, "əbədi niqab"a
çevrilib. Onun əməlləri,
işləri hamısı dürüstdür, "o
dünyada mələklər adamın oriyentasiyasını
müəyyənləşdirəndə, yəni cənnətlik,
cəhənnəmlik olduğunu ayırd edəndə diqqətdən
qaçmayacaq". Ancaq ona, o gözəl
insana rahat ölüm qismət olmur. Yolu
keçərkən üstünə şığıyan
maşın bir anda onu havaya qaldırıb yerə
çırpır. Yazıçı oxucuda bir nüansa
diqqəti cəlb etməyi önəmli bilir: qısa
yubkalı bir qız, qadın keçərsə bəzi
sürücülər mütləq maşınlarını
yavaşıdırlar, yaşlılara isə fikir vermirlər.
Bilmirsən, daha xətir-hörmət
qalmayıb, bilmirsən sürücülər tələsir, bilmirsən
adamlar piyada yolunu keçməyə tənbəllik edirlər?
Bu hekayədə Natiq Məmmədli başqa bir vəbaya
- burun kəsdirmə, üz dartdırma, bədən
quruluşunu dəyişdirmə kimi halları göstərməklə
yanaşı, ironiya ilə insanlara demək istəyir ki, bəsdirin
Allahın işinə qarışdığınız. Burunla,
qaş-gözlə, bədənlə
oynadığınız. Hamı bir-birinə
bənzəyir. Yazıçı yazıq personajı təsvir
etməyə əməlli-başlı bir tip tapa bilmir.
Yazıçının sonuncu hekayəsi "Teologiya müəllimi" adlanır. Vaxtı ilə atasının oxuduğu universitetdə indi oxuyan oğlu atasının danışıqlarından qiyabi tanıdığı müəllimləri bir-bir diqqətlə süzür, indi də onları əyani görürdü. Bircə teologiya fənnindən dərs deyən müəllimi tanımır. Atasının anbarda saxladığı mühazirə dəftərlərini nə qədər axtarsa da, teologiyaya aid heç nə tapa bilmir. Sonradan məlum olur ki, Sovetin vaxtında bu fənnin əvəzinə "Elmi kommunizm" keçilirdi. Dərs deyən isə "Allahsız" Pənah müəllim imiş. Hər sözünün başında "Bismillah" deyən, allahı sevən bu adam indi də "Tealogiya" elmindən dərs deyir. Oğul atasına deyir ki, bu müəllim çox qəliz adamdır. Atası deyir ki, yox, bu nə qədər qəliz olsa da, fənni nə qədər çətin olsa da, ateizmə çata bilməz. Sizin bəxtiniz gətirib. Bir var qibləni bilənə imtahan verəsən, bir də var allahsıza. Ata vaxtı ilə asqıranda müəlliminə "Ya haqq Allah" dediyinə görə müəllimi qəzəblənib imtahanda ona cəza kəsir. Deyir ki, təbaşiri götür, lövhəyə yüz dəfə yaz ki, Allah yoxdur. Məcbur olan tələbə müəllimin dediyini edir. Allahsız Pənah tənbəllik etmədən lövhədə yazılan sözü sayır, görək yüz dəfə yazıb, ya yox. Həmin Allahsız indi dönüb olub abid, Qurana, allaha inanan və ibadət edən adam. İndi də həmin oyunu oğulun başına açır, asqıranda oğul "Ya haqq Allah" deyir. Ondan narazı qalmış teologiya müəllimi bu dəfə oğulu cəzalandırır. Çünki bütün tələbələrlə yanaşı, dilini dinc saxlamayan, keçmiş tələbəsinin müasir oğlu teologiya elmini yarımçıq hesab etdiyindən ona da əmr edir: "Çıx lövhəyə, yüz dəfə "Allah haqqı" yaz". Sonra da sayır - düz yüzdür. Ataya da vaxtı ilə "Elmi kommunizm"dən 3 verən "Allahsız" Pənah oğula da teologiyadan 3 verir.
Kitab bu hekayə ilə sona çatır. Kitabı bu tezliklə oxuyub bitirdiyimə təəssüfləndim. Hekayələrin məzmunu çoxmənalıdır. Mövzular rəngarəng və düşündürücüdür. Reallığı əks etdirir, zəmanəmizlə həmahəng səslənir. Dili rəvandır.
Mən Natiq Məmmədliyə "sağ
olun" deyərək, yeni kitabını oxumaq ümidilə
xudahafizləşirəm.
Salatın ƏHMƏDLİ
Filolofiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2019.- 29 yanvar.-
S.7-8.