Şair Əli Tudənin həyat və fəaliyyət
yoluna bir baxış
Azərbaycan ədəbiyyatında özünəməxsus
yeri olan şair Əli Tudənin babasının adı Cavad,
atasının adı Ələmqulu olub.
XX əsrin ilk illərində Əli Tudənin atası təzəcə
nişanlandığı anası Şahbəyimi, nənəsi
Qəribi, xalası Gəlinxanımı götürüb
Şimali Azərbaycana gəlir. Qəribə də
olsa o vaxt o taydan bu taya gələnlərin çoxu
özü üçün pasport almazmış. Ələmqulu
kişi də o taya köç edən
Əbdülrza Qardaşxan oğlunun pasportunu alaraq həmin sənədlə
bu tayda yaşamağa başlayır. Bakının
neft mədənlərində fədakarlıqla işləyərək
buruq ustalığına qədər yüksəlir.
1924-cü
il yanvarın 31-də dünyaya göz
açan Əliyə böyük əmisi Mirzəhüseynin
adını qoymaq istəyirlər. Lakin
qardaşının nakam taleyi Ələmqulunu bu fikrindən
daşındırır və doğum haqqında şəhadətnamə
alanda oğlunun adını Heydər yazdırır. Ev
daxilində isə əmisinin adında bir az
düzəliş edib balaca Əlini "Mirzəəli"
deyə çağırırlar.
Nakam tale
Əlini çox erkən yaşlarında
gözüyaşlı qoyur: bir yaşı olanda atası cavan
yaşlarında ikən dünyadan köçür. Onu bir
neçə il anası Şahbəyim
saxlayır. Elə Əlini də o, körpə
yaşlarından bacısı Ağabacının
qızı, Əlidən bir yaş kiçik olan Sonaya ad eləyir.
Əli Tudə bu hadisəni belə xatırlayır: "Anam
eyvandakı çarpayıda xəstə yatırdı. O,
Ağabacı xalamın qızı Sonanı yanına
çağırdı. Öz boynundakı
qızıl medalyonu açıb onun boynuna bağladı.
Sonra ətrafına toplaşmış qohumların gözləri
qarşısında: - Ağabacı! - dedi,
- Sona mənim bu qəşəng oğlumundur! Hər ikisinin
taleyini sənə tapşırıram... Bir
neçə gündən sonra anam rəhmətə
getdi". Həmin vaxt Əli beş
yaşın içindəydi.
Bir müddətdən sonra xalasıgil Cənuba
köçəndə Əlini də özləri ilə
aparmaq istəyirlər. Lakin anasının anası - nənəsi Qərib: - Yox! Mənim
nəvəm burda qalıb oxumalıdır, - deyərək nəvəsini
onlara vermir. Elə o gündən Əli təkcə
nənəsinin himayəsi altında yaşamağa
başlayır.
Beləliklə, Qərib nənə balaca nəvəsinə
yalnız atalıq və analıq etmir, həm də həyatda
onun ilk müəlliminə çevrilir. "Bir
zamanlar dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin öz
dayəsindən xalq müdrikliyinin sirlərini öyrəndiyi
kimi, körpə Əli də bir Simurq quşu kimi
qanadlarını onun üzərinə gərərək hər
cür ehtiyac və məhrumiyyətdən qorumağa
çalışan nənəsi Qəribin tükənməz
söz xəzinəsinin dinləyicilərindən" (M.Mehdibəyova)
olur. Qəlbi açıq, ehtiyac yarananda
bir tikə halal çörəyini kasıb-kusubla
bölüşən, yetim-yesirə həmişə əl
tutmağa çalışan Qərib nənə Əlini
korluq çəkməyə qoymur, onu əsl ağsaqqal nəsihəti
ilə tərbiyə edirdi. Əliyə
ata-ana yoxluğunu unutdurmağa çalışan nənə
bütün əzab-əziyyətlərə qatlaşaraq
kiçik nəvəsini halallıqla böyüdür, onu
gözü-könlü tox etməyə səy göstərirdi.
Belə bir ağbirçək
ocağının halal süfrəsinin başında Əli əsl
hikmət məktəbi keçdi, bütün öyüdləri
öz tərtəmiz, pak beyninə həkk etdi. Görkəmli
şair özünün "Ən uzun yol" şeirində
vurğuladığı kimi:
Bəxtiyarlıq
haqqında
Düşünsə
də çox adam,
Dünyada
bəxtiyardır
Könlü-gözü
tox adam.
Şairin həyata baxışının
formalaşmasında nənəsinin təsiri apaydın duyuldu. Həmişə
gözləri önündə Ağbirçək
baxışı canlandı, bu baxışlardan süzülən
şölə həyat yoluna işıq saçdı,
ömrünü nurlandırdı. Qərib
nənə gizlində gözünün yaşını
qovurğa kimi töksə də, üzdə təbəssümü
heç zaman əskilmədi. Yaşamaq uğrunda
dişi ilə, dırnağı ilə mübarizə aparan,
nəvəsini həyatın iti caynaqlarından qoruya-qoruya
yaşayan, onu tay-tuşlarından heç nə ilə fərqlənməyə
qoymayan nənə taleyin nəsib etdiyi bütün əzab-əziyyətlərə
mərdliklə, kişi kimi sinə gərdi.
Sonradan gələcəyin böyük şairi Əli Tudə
"şükürnemət" nənəsi ilə
bağlı xatirələrini "Mənim müdrik nənəm"
şeirində belə qələmə alacaqdı:
Nənəmin
dirriyi saz olanda da,
Sanki yük tutardı dili duadan.
Nənəmin
ruzisi az olanda da,
Deyərdi
Allahın evi abadan.
Kənd nəydi? Nemətlə dolu bir aləm,
Nənəmsə nə çolaq, nə kor deyildi.
Mənim
müdrik nənəm,
zəhmətkeş nənəm
Şükürnemət idi, nankor deyildi.
... Şəhadətnamədə adı Heydər,
soyadı isə Rzazadə yazılan balaca Əli 1931-ci ildə
keçmiş Sovet küçəsindəki "Bədəlbəyin
məktəbi" deyilən 1 nömrəli ümumtəhsil
müəssisəsində oxumağa başlayır. Məktəblərinəcən iki tramvay
dayanacağı olan yolu Əli piyada gedib-gəlir,
çılğınlıqla dərslərinə davam edirdi.
Bir dəfə məktəb yoldaşlarından
biri sinif otağındakı pəncərənin
şüşəsini sındırır. Müəllim
şüşənin kim tərəfindən
sındırıldığını sinif nümayəndəsi
olan Əlidən bir neçə dəfə soruşsa da, o,
"bilmirəm" cavabını alır. Əsəbiləşmiş
sinif rəhbəri özündən ixtiyarsız olaraq
Əlinin sifətinə ərkyana möhkəm bir sillə
vurur. Düzdür, müəllim dərhal
bu hərəkətinə görə peşman olur. Lakin sonradan Əli Tudə xatırlayır ki,
"ancaq gec idi. Sillə öz işini
görmüşdü. Mən heyrətdən
geniş açılmış gözlərimlə Həmdulla
müəllimə baxdım. Sanki sinif rəhbərinin
saçı elə indi, mənim gözlərimin
qabağında ağardı. Gözləri doldu..." Əli evə qayıdıb əhvalatı nənəsinə
danışır. Qərib nənə səhəri
gün məktəbə yollanır və sinif rəhbəri
ilə görüşür. Müəllim əvvəlcə
üzrxahlıq edir, sonra isə Əlinin intizamlı, tərbiyəli
və əlaçı olduğunu xüsusi vurğulayaraq
deyir: "Məni o yandırır ki, niyə belə şagird
qorxaq olsun? Bu uşağın
qarşısında hələ enişli-yoxuşlu həyat
yolu var. O, cəsarətlə yaxşını təqdir, pisi
isə tənqid etməlidir". Bu
sözləri deyəndən sonra müəllim heç nə
olmayıbmış kimi sevimli şagirdini dilə tutub sinfə
aparmaq istəyir. Balaca Əli isə
heç vəchlə razılaşmır.
Qəlbi onsuz da sınıq olan Əli bu olaydan möhkəmcə
sarsılır və bir də həmin məktəbə ayaq
basmır. Bu dəfə Hacı Zeynalabdin Tağıyevin
tikdirdiyi qazamatın yanında yerləşən məktəbə
girir. Həmdulla müəllimin silləsinin səsi onun
qulaqlarında ömrü boyu yaxşını təqdir, pisi
isə tənqid etmək kimi bir cəsarət siqnalına
dönmüşdüsə, pəncərələri
qazamatın həyətinə açılan məktəbdə
oxuduğu müddətdə isə necə
yaşamağı, azad, təmiz, mərd, nəcib, xeyirxah
ömrün mənasını məhz burada öyrənir. Necə deyərlər, Əli bu həyətdə həm
məktəb, həm də ki, həyat dərsi keçməli
olur.
3-4-cü siniflərdə oxuyanda rəssamlığa
böyük həvəsi yaranan Əli gördüyü,
xoşuna gəldiyi şəkillərin, bəzən də
küçənin ortasında dayanıb afişalardakı rəsmlərin
üzünü köçürməyi çox sevirdi. Beşinci sinifdə ikən
rəsm çəkməkdən dönüb ilk dəfə
şeir yazmağını isə belə xatırlayır:
"...Heç özüm də bilmədim ki, ürəyimdə
birdən-birə şeirə meyl necə oyandı. Qismətimə
fırça yox, qələm düşdü... Daha sonralar təbiət
şeirləri yazanda düşündüm ki, sözün də
rəngi var... İntəhası fırçayla
yox, qələmlə işləyən rəssama
çevrilirik".
Altıncı sinfə keçəndə Əli bu təhsil
ocağı ilə də vidalaşıb 150 nömrəli məktəbə
girir. Şəxsi mütaliəsi, ədəbiyyata olan
güclü meyli müəllimi Firudin Vəlibəyovun nəzərindən
yayınmır. Səmimi, zəhmətkeş
bir ziyalı olan Firudin müəllimin qayğısı ilə
Əlinin yazıb-yaratmağa həvəsi və marağı
günü-gündən yüksəlir; arabir şeir
yazır. O, 1937-ci ilin yazında məktəbdə
keçirilən bir müsamirədə valideynlər
qarşısında "Yeni yol" qəzetində yenicə
çap olunmuş "Vətən nəğməsi"
adlı ilk şeirini oxuyur. Ədəbiyyat
müəllimi F.Vəlibəyov səhnəyə
çıxaraq əlaçı Əlini o ki var tərifləyir
və yetim olduğunu, kasıbçılıqla
böyüdünü bildirir. Əli səhnə
qarşısında üst-başına ani nəzər yetirərək
utandığından qıpqırmızı qızarır,
sir-sifətini xəcalət təri bürüyür.
Bunu duyan Firudin müəllim isə sözünü belə
tamamlayır: "Lakin bu oğlanın gələcəyi zəngindir.
O, ilhamlı ürəyinin şaqraq nəğmələri ilə
təkcə kiçik bir zalı deyil, neçə-neçə
salonu sevindirə biləcəkdir". Bu
sözlərdən sonra Əli sanki yetimçiliyini unudur, ani
olaraq qürur hissi keçirməyə başlayır.
Elə həmin gündən də o, ovaxtkı Bakı Mərkəzi
Pionerlər Evinə (indiki Tofiq İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayı - A.Ş.)
gələrək sarayın nəzdində şair Osman
Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə
üzv yazılır. "Dərnəyin ilk rəhbəri
şair Osman Sarıvəlli idi. Ancaq bir az
sonra dərnəyə şair İsmayıl Soltan
başçılıq etdi. Bu dərnəyə
Şıxəli Qəhrəmanzadə (Qurbanov), Teymur
Əlizadə (Elçin), İsmixan Rəhimov da gəlirdilər".
İsmayıl Soltan dərnək üzvlərini
şeir gecələrinə aparır, onun vasitəsilə
uşaqlar Bakı radiosunda öz şeirlərini oxuyurdular.
Məktəblilərin qələmə
aldıqları təzə şeir və hekayələr dərnəkdə
müzakirə olunur, bəyənilən yazılar sonradan
burada hazırlanan almanaxda dərc olunurdu. 1938-ci ildə Mərkəzi
Pionerlər Evinin almanaxında "Oktyabr rayonu 150 nömrəli
məktəbin yeddinci sinif tələbəsi Heydər Rzazadə"
imzası ilə Əlinin iki şeiri şəkli ilə birgə
çap edilmişdir. Şairin ilk şeirləri
məhz bu ad altında - Heydər Rzazadə imzası ilə
işıq üzü görmüşdür. Qeyd edək
ki, bu imza ilə hələ 1937-ci ildə onun "Sovet
Konstitusiyası" şeiri "Kommunist", "Vətən
nəğməsi" şeiri isə "Yeni yol" qəzetlərində
dərc edilmişdi.
1937-ci il keçmiş Sovet İttifaqının ərazisinə
dəhşətli repressiya tufanı ilə gəlir. Necə
deyərlər, ara qarışıb məzhəb
itir. Bu zaman Şimalda yaşayan cənublular da
repressiyaya məruz qalırlar. Onların
"günahı" Arazın o tayından gəlib bu tayda
yaşamaları idi. 16 yaşdan yuxarı
otaylı bütün kişiləri ucdantutma həbs edərək
ya Sibirə, ya da İrana yatab göndərirdilər. 1938-ci ilin yazında 14 yaşlı Əlini də nənəsi
ilə birgə İrana sürgün edirlər. Kiçik xalası isə iki uşağıyla
Bakıda qalır. Nənəsi ilə
Ənzəlidəki bir mehmanxanada müvəqqəti məskunlaşan
yeniyetmə bir uşaq elə həmin vaxtdan da qəribliyin məngənəsinə
düşür. Sonradan Əli Tudə bu qəribliyi nənəsinin
timsalında mənalandıraraq belə qələmə
alırdı: "İndi nənəmin adı da Qərib idi,
özü də! Yazıq nənəmə ad
qoyan valideynləri bilməyiblər ki, onun iki oğlu, bir
qızı, bir kürəkəni öz ömürlərini qəriblikdə
başa vuracaqlar. Elə o zavallıların məzarları
da qərib olacaq!.."
Ənzəlidə
arabir tilovunu, qarmağını və yeməyini kiçik həsir
zənbilə yığıb balıq ovuna yollanan Əli dənizə
baxaraq tez-tez düşünürdü: "Sanki şahə
qalxmış dalğalar arasından məni gənc
yaşımdan azadlıq uğrunda döyüşə
çağıran ana Vətənin səsini eşidirdim. Öz taleyimin aqibətini görürdüm".
Xalası Gəlinxanım öz uşaqları ilə
Bakıdan gələndən sonra onlar mehmanxanadan
yığışıb yük maşını ilə
Ərdəbilə yola düşürlər. Yolüstü Savalan
dağını ilk dəfə görən Əli xatirələrində
onu belə təsvir edir: "Sanki o dağ qüdsiyyət,
ülviyyət, cəsarət mücəssəməsi idi. Bəli, sanki o dağ Vətənin səadəti
yolunda canından keçən neçə-neçə qəhrəmanın
birləşmiş nəhəng abidəsi idi. Nənəm
qürurla mənə: - Savalan budur! - dedi. Sonra qəribə
də olsa, damarları göyərən sağ əlini
üzünə aparıb salavat çevirdi. Axı Savalan nənəmin gözlərində
doğmadan doğma, əzizdən əziz, müqəddəsdən
müqəddəs idi!" Ərdəbil-dəki mehmanxanadan Əligili üzlərini
ilk dəfə gördüyü dayıları Cavad və
İbrahim gəlib aparırlar. Şeylərini
arabaya yığıb Çanaxbulaga gəlirlər. Uzun
ayrılıqdan sonra Əli "göbəkkəsdisi"
Sona ilə də burada görüşür...
Yeniyetmə Əli Cənub kəndlilərinin
ağır və məşəqqətli həyatına
acıyırdı. Bir dəfə o, bu qəbildən olan
"Cütçü" şeirini yazır və ilk dəfə
onu nənəsinə oxuyur. Bu şeirdə
əkib-biçən, zəhmətə qatlaşan
cütçünün ağır zəhmətindən
danışılır. Şeirin sonunda isə
qeyd olunur ki, əkinçinin minbir zəhmətlə hasilə
gətirdiyi məhsulu zalım ağalar onun əlindən tutub
alırlar. Şeirin mənası budur ki, əkinçilər
olmasa, acgöz ağalar acından ölər. Elə məhz
buna görə də üsyan qaldırıb haqqını tələb
etmək, "ağalıq qəsrini dağıtmaq"
lazımdır:
... Əgər
istəsən ki, təmin olasan
Torpaqla, məhsulla,
suyla, toxumla,
Xışı
at... kotan tap, nəhəng bir kotan,
Qabaqca
ağalıq qəsrini şumla!
Nənəsi
məsləhət görür ki, bu şeiri daha başqa yerdə
oxumasın, çünki yerin də qulağı var. Əli
isə cavabında: "Mənim məbədim! İstəyir
o daş-divarın qulağından başqa yumruğu da olsun.
Cütçü gec-tez kimə işlədiyini,
niyə işlədiyini başa düşəcək. Özünün ləyaqətinə də, cəsarətinə
də, dəyanətinə də inanacaq. Onda
ağalığın nə özü qalacaq, nə də ki,
qəsri" - deyir.
Əli Miyana-Zəncan dəmir yolunda fəhləliyə
başlayır. Ağır iş şəraitində
çalışan fəhlələr dağ yarır, qaya
çapır, daş daşıyırdı. Bu zaman Əli
bir şeir yazır və onu iş yoldaşlarına oxuyur:
Sən
silkin! Boynundan kəlmələri at,
Qandalı
da sındır, zənciri də qır!
Səsini
inqilab nəğməsinə qat,
Öz səadətini
öz əlinlə qur!
O, bu
iş yerində çox duruş gətirə bilmir.
Qızıl Üzən çayının sahilində yerləşən
digər bir iş yerinə gəlir; burada da dəmiryol çəkirlər.
Fəhlələr dözülməz şəraitdə
işləyirdilər. Əli yaxşı
başa düşürdü ki, həm xaricdən
İranın qapılarını döyən müharibə
alovları, həm də daxildə təlatümə gələn
inqilab dalğaları tezliklə şahın laxlamış
taxt-tacını qartopu kimi əridəcək. Zülm, aclıq və rəzalət hər tərəfi
bürümüşdü. Hətta Azərbaycan
kəndlərinə göndərilən Hacıbaba kimi
ağaların özləri də acından ölürdülər,
onlar kəndlilərdən sanki sədəqə
yığmaqla dolanırdılar.
Əli Tudə sonradan Astara-Ənzəli şose yolunun
çəkilişində iştirak edir və yol çəkilib
qurtarana qədər buradan ayrılmır. Ara-sıra
şeir yazmağına da davam edir. Kükürd tərkibli
"Sərdaba" bulağına yazılmış şeirdən
çəmən ətrindən çox inqilab qoxusu gəlirdi:
Zaman karvanını
çəkib üstündən,
Quş
qanadlı yellər səkib üstündən,
Daha ətaləti
töküb üstündən
Özün
öz suyunda yuyun, Sərdaba!..
Haradansa kəndə
latın qrafikasında çap olunmuş
bir kitab - "Koroğlu" dastanı gəlib
çıxmışdı. Uzun qış gecələrində
kəndlilər çayxanaya yığışar, Əli bu
kitabı onlar üçün dönə-dönə
oxuyardı. Təkcə cavanlar deyil, hətta
yaşlılar da dastanın boylarını əzbər
öyrənmişdilər. Gənclər
özlərini Koroğlunun dəlilərinə bənzədər,
yaşlılar isə Koroğlutək müdrik, təmkinli,
vüqarlı olmağa çalışardılar.
Şeirlərinin
ilk dinləyicisi olan Qərib nənə Əlinin
yazdıqları haqda fikir və mülahizələrini, hətta
irad-larını da bildirməkdən çəkinməz, bəzən
lap yol da göstərərdi: "Sevgidən
yazdığın şeir budusa, mənim xoşuma gəlmədi.
Dəftərini qatla, mənə qulaq as. Sənə bir sevgi rəvayəti
danışım". Əli
yaşından qabaq olan hadisələri elə qələmə
alırdı ki, sanki onları öz gözlərilə
görmüşdü. Çünki onun Qərib
nənə adlı dünyagörmüş müəllimi
vardı. Nənəsi barədə çeşidli xatirə-lərində
yazırdı: "Nənəm həm zəhmətkeş, həm
də arif adam idi. Arvadın
göy damarlı arıq əlləri
büzüşmüş payız yarpaqlarına bənzəyirdi.
Sanki bu yarpaqlar payız sazağında nənəmin
ömür ağacının zirvəsindən
düşmüşdü. Ancaq bu yarpaq əllərdə
bahar təravəti vardı. Bu əllər
çörək bişirirdi, nehrə çalxayırdı,
yun əyirirdi, hana qururdu. Toxuduğu
xalçalarda dörd fəslin hüsnünü əks
etdirirdi". "Müdrik nənəm
sanki oxumamış filosof idi. Sinəsi hikmətlə
doluydu. Mən nənəmdən çox şey öyrənmişəm...
Savalan ətəyində yerləşən
doğma kəndimiz Çanaxbulaqda bayatı, nağıl
kitabı olmasa da, nənəm başdan-ayağa həm
bayatı, həm də nağıl kitabı idi. Mən
kənddə yazdığım kövrək qanadlı
şeirlərimi nənəmin hikmət dolu sözlərilə
naxışlayıb sənət dünyasına
uçurardım..."
Əli ətraf kəndlərdə tez-tez yaranan
narazılıqların şahidi olurdu. Özündəndeyən,
"Güney təpədəki iri bir daşı səngər
edib əmniyyələrlə vuruşan" Xanların
varlılardan qoparıb aldığı taxılı
kasıblara paylaması, bir müddət Tehranda
yaşamış Qorxmazın şah nökərləri ilə
mübahisəsi və bu zaman bir ağanı vurub selə
yıxaraq "biz sizinçün nökər
doğulmamışıq" deməsi və s. bu kimi
neçə-neçə ibrətamiz həyat hadisələri
gənc Əlinin gözləri qarşısında baş
vermişdi. Əli Tudə bununla bağlı öz xatirələrində
yazırdı: "Qorxmazın harın ağaya vurduğu
yumruq Çilgəzidə (Savalan ətrafında kənd -
A.Ş.) istismara endirilən ilk zərbə idi". O, bu
münasibətlə 25 bəndlik "Daşqın"
şeirini yazır. Şair poetik vurğunu şeirin sonuncu bəndində
belə verir:
Gedin-deyir,
- gedin, ancaq
Sabah
bütün ağaları
Belə
yuyub aparacaq
İnqilabın
dalğaları...
Böyük arzularla yaşayan Əli Tudə daha o boyda kəndə sığa bilmir. Beləcə, o, Savalan ətəyində yerləşən əlvan mənzərəli Çanaxbulaq kəndindən ayrılmağa məcbur olur. Bu arada xalası da onu incik salır, deyiklisi Sonanı başqa birisinə vermək fikrinə düşür.
(Ardı
var)
Ağahüseyn
ŞÜKÜROV
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 29 yanvar.- S.6.