İndi gedin
işinizlə məşğul olun...
Əzizim
Aqil Abbas!
"Camış bağa
girdi, gəl" hekayəni, povestini, romanını oxudum - oxumadım e, gözümə
təpdim. Ona görə gözümə
təpdim ki, adam nə
qədər oxuyar
e-e-e, ayda ildə bir dəfə də gözümüzə
təpək də. Üç janrda qələmə aldığın
bu yazıdakı obrazlar o qədər diridir, diribaladır ki, adama elə
gəlir onlar heç vaxt ölməyəcək və
inşallah Qarabağ alınanda gedib onları orda görəcəyik,
bir yerdə şəkil çəkdirəcəyik,
sonra da fəxrlə Bakıda gözümüzə şirin
dəyən adamların
hamısına göstərəcəyik
ki, bax bu,
Dayıdı, bu, Sədidir, bu, Bacıoğludur, bu, Klarnetçalandır, bu, Nağaraçalandır, bu,
Şuşadır, bu,
Ağdamdır, bu, Laçındır... Bu, Qarabağdır. Sonra da bu şəkili böyüdüb ürəyimizin
başından asacağıq.
Əzizim
Aqil, sən bu hekayəni yazmamısan, onu belə yazmaq mümkün deyil - sən bu hekayəni
danışmısan, nağıl
eləmisən, dilinə
gətirmisən... Səni dilləndirən
Qarabağın keçmiş
xoşbəxt günlərinə
bu günün şüşələri sınıq
pəncərəsindən baxmağın
olub.
Bu əsər bəlkə
də dünya ədəbiyyatında təhlilə
gəlməyən yeganə
yazılardandır. Dünyanın ən nəhəng və qəddar tənqidçisi də bu hekayəni təhlil etməyə qıymaz, ürək eləməz - onu ancaq oxuyar.
Gözümə təpdiklərimin - sənin
nağıl elədiklərinin
hamısını gördüm. Mən həm oxudum, həm nağıla qulaq asdım, hə də özümü hadisələrin
içində hiss elədim;
inandım ki, bədii filmə baxdım - ürəyimdən
İtaliya kinorejissorları
keçdi - Allah bizimkilərə
insaf versin, imkan varsa, bir
az da istedad
versin.
Son olaraq bir fikrimi də bu əsəri oxuyanlarla bölüşmək
istəyirəm. Mənə elə gəlir ki,
(yenə yuxarıda
dediyim fikrimdə qalıram) Aqil Abbas bu əsəri
yazmayıb; obrazları:
Dayını, Bacıoğlunu,
Musiqiçiləri, Ağdamı,
Şuşanı, Laçını
başına yığıb
bunlarla söhbət eləyib, göstəriş
verib:
- Hər şey aydındır?
- Aydındır...
- İndi gedin işinizlə məşğul
olun.
Və Dayı, Bacıoğlu, Musiqiçilər, Ağdam,
Şuşa, Laçın da Aqil Abbasın tapşırdığı kimi
öz işinin dalınca gediblər.
Aqil Abbas da söhbətcil adamdır, bunu bizə söhbət eləyib və bu söhbət şedevrdir - Qarabağ şedevri.
Yoxsa Aqil Abbaslıq burda nə iş
var ki?...
Vəssalam.
Seyran SƏXAVƏT
525-ci qəzet.- 2019.- 29 yanvar.- S.7.