“Nəsimi ili” çərçivəsində
ilk tədbir Milli Kitabxanada keçirildi
“Nəsimi ili” çərçivəsində ilin ilk tədbiri yanvarın 29-da M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında təşkil
olunub.
“İmadəddin Nəsimi-650” adlı tədbir Mədəniyyət Nazirliyi
və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, tədbir
Prezident İlham Əliyevin bu ilin “Nəsimi ili” elan edilməsi
haqqında imzaladığı
müvafiq Sərəncama
uyğun olaraq təşkil olunub: “Mənə elə gəlir ki, bu illərdən xalqımıza cild-cild kitablar və filmlər qalacaq. Nəsiminin
ilk dəfə yubileyinin
ölkəmizdə keçirməsinin
təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün
o ənənə uğurla
davam etdirilir. “Nəsimi ili”
bunun əyani göstəricisidir. Bugünkü gənc nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq
və gələcək
nəsillər də bundan yaxşıca bəhrələnə biləcəklər”.
Mədəniyyət naziri Əbülfəs Qarayev söyləyib ki, bu ilin
bütövlükdə İmadəddin
Nəsiminin adı ilə bağlı olması olduqca təqdirəlayiqdir.
“Sərəncam bu
böyük şəxsiyyətin
yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri
yenidən dərk və təhlil etmək üçün fürsət yaratdı. Xalqımızın tarixində böyük mütəfəkkirlər, ədiblər
olub. Ulu öndər Heydər
Əliyevin təşəbbüsü
ilə Nəsiminin yubileyinin UNESCO səviyyəsində
qeyd edilməsi Azərbaycan tarixində olduqca fövqəladə hadisəyə çevrilmişdi.
O vaxt Nəsimiyə heykəl də qoyuldu, film də çəkildi, elmi işlər yazıldı,
kitablar çap edildi”, - deyə Ə.Qarayev bildirib.
Nazir vurğulayıb ki, ötən müddətdə
Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub,
yaradıcılığı ilə dünya ictimaiyyəti tanış
olub: “UNESCO səviyyəsində
Nəsimi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi
nəticəsində bir
sıra tədbirlər
təşkil edilib. Ötən il
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
ölkəmizdə ilk dəfə
Nəsimi incəsənət
Festivalı keçirildi.
Festival çərçivəsində
Azərbaycana çoxsaylı
ölkələrdən ədiblər,
alimlər və tədqiqatçılar gəldi.
Bu festival da Nəsimi
irsinin təbliği və dünyaya bir daha tanıdılması
ilə yanaşı, ölkəmizin də yaxşı tanınması
üçün yeni imkanlar açdı.
“Nəsimi ili”
xalqımızın mənəviyyatı
və mədəniyyəti
ilə bir başa əlaqəlidir.
Biz bu il
üçün tədbirlər
planı hazırlamışıq.
İlk addımı buradan başlayırıq”.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov qeyd edib ki,
“Nəsimi ili” bu böyük mütəfəkkiri dərk
edərək öz coğrafiyamızla yanaşı,
bütün dünyada
təbliğ edəcək.
“Bütün dünyanın dilində danışan Nəsiminin dili, həm də bizim ana dilimizdir. Nəsimi şairlərimizin içində ən çox fəlsəfi, poetik və “mən”i olan şairdir. Onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənliyi dayanır. Bu mənada Nəsimini dərk etməyimiz çox möhtəşəmdir”, - deyə N. Cəfərov söyləyib.
Milli Məclisin deputatı Qənirə Paşayeva deyib ki, ulu öndər Heydər Əliyevin Nəsimi ilə bağlı yanaşması və Prezident İlham Əliyevin bu Sərəncamı Azərbaycanın tarixi şəxsiyyətlərini tanımağı, oxumağı və sevməyi təlqin edir. “Nəsimi ili” ilə xalqımızın daha dərin qatlarda və geniş miqyasda tanınma imkanı əldə edəcək.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birilliyinin katibi İlqar Fəhmi və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən, “Nəsimi ili”nin önəmindən, böyük mütəfəkkirin zəngin yaradıcılıq palitrasından bəhs ediblər.
Sonra qonaqlar Milli Kitabxananın foyesində açılmış 300-dək kitabın yer aldığı “İmadəddin Nəsimi-650” adlı kitab sərgisinə baxıblar.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 30 yanvar.- S.8.