Şair Əli Tudənin həyat və fəaliyyət
yoluna bir baxış
(Əvvəli
ötən sayımızda)
Əli Tudə 1944-cü ilin yayında Ərdəbilə
yollanır. İran Xalq Partiyasının Ərdəbil Vilayət
Komitəsinə gələrək partiya sıralarına
keçmək istəyini bildirir.
Onu
partiyaya keçirməyə bir az tərəddüd
edirlər. Əli şeir də
yazdığını bildirdikdən sonra oradakıların
xahişi ilə cibindən çıxardığı dəftərdən
bir-iki şeir oxuyur. Vətənin gözəlliyindən,
müqəddəsliyindən, istiqlalından, xalqın
mübarizliyindən, hünərindən,
azadlığından danışan şeirlər partiya üzvlərinin
ürəyindən olur. Sədr başda
olmaqla vilayət partiya komitəsinin digər üzvləri də
zəmanət verməyə razılaşırlar. Pasportunu soruşanda isə o, sənədinin
olmadığını bildirir. Bu zaman partiya üzvlərindən
yaşlı bir kişi Əlinin təxəllüsünün
"Tudə" yazılmasını təklif edir. Şair
ona təxəllüsün necə verilməsini, pasport
almasını belə xatırlayır: "Həmin
yaşlı kişi "Axı Tudə "Xalq" deməkdir.
Şair də xalqın övladıdır",
- deyir və partiya üzvləri bu təkliflə
razılaşırlar. "Mən partiya
biletini əlimə alanda sandım ki, ovcumdakı kağız
parçası deyil. Məni Vətənin
azadlığı, xalqın səadəti uğrundakı
döyüş fırtınalarında irəliyə aparan
nadir bir kompasdır". "Sicilli (pasport
- A.Ş.) idarəsində işləyən partiyalı
yoldaşlar mənə sicilli alırlar. Həmin
sənəddə "Mirzəəli"nin "Mirzə"sini
ixtisara salıb öz adımı Əli, "Ələmqulu"nun
"Ələm"ini atıb atamın adını Qulu
yazdırdım. Familiyamın isə əslini
saxladım: Cavadzadə!.. Başa
düşdüm ki, daha əvvəlki adam
deyiləm. İndi Savalanlı günlərdən istər-istəməz
ayrılıb qarşımda açılan döyüş cəbhəsinin
geniş, dərin, lakin tutqun üfüqlərində qartal
qanadlarıyla uçmalıyam..."
Bir gün Əli İran Xalq Partiyasının Ərdəbil
Vilayət Komitəsi tərəfindən təşkil edilən,
Ərdəbilin Çahargah meydanında yenicə başlayan
inqilab nəfəsli izdihama qoşulur. Mitinqçilər Vətənin
istiqlaliyyə-tindən danışır, müxtəlif
azadlıq şüarları səsləndirirlər. Əli də bu izdihamda coşqun ehtirasla Vətən
həsrətilə dolu şeirlərini oxuyur.
Onun mübarizə yolu da məhz elə bu qaynar
izdihamın içərisindən başlanır. Sonralar "Ərdəbil"
adlı şeirində yazır:
Mən kiməm? Parlayan taclara qənim!
Təbriz
bir qolumdur, sənsə bir qolum...
Sənin
dar küçəndən başlanmış mənim
Üfüqlərdən geniş bu döyüş yolum.
Həmin günlərdə Sovet İttifaqının
Ərdəbildəki konsulu Mirzə Məmmədov onu
yanına çağırır. Konsul Əlinin Təbrizdə
buraxılan "Vətən yolunda" qəzetində dərc
edilmiş "Stalin" şeirini ona göstərib tərifləyir.
1944-cü ildə işıq üzü
görmüş bu şeir Əli Tudənin Cənubi Azərbaycanda
çap olunmuş ilk bədii əsəri olur.
Konsulun təklifi ilə Ə.Tudə elə o gündən
komitədə işləməyə başlayır. İş
yoldaşlarıyla birgə tez-tez piyada olaraq uzaq kəndlərə
gedir, kütlələr arasında inqilabi iş aparır,
onları mübarizəyə çağıran şeirlər
oxuyur, palçıq daxmalarda gecələməli olur. Bəzən hər addımda belə həyatı təhlükə
altında olsa da, tutduğu yoldan geri çəkilmir. Tez-tez kəndlərdəki partiya üzvlərinin ya
mülkədarın, ya da kəndxudanın odlu silahıyla vəhşicəsinə
öldürüldüyü anlarda keçirdiyi həyəcanlar,
təlaşlar, iztirablar əvəzinə yeni-yeni məslək
dostları qazanır. Mitinqlərin
ardı-arası kəsilmədiyi günlərdə Əli qələm
dostları ilə birgə xitabət kürsüsündən
insanlara mübarizə, azadlıq, səadət yolu göstərən
şeirlərini oxuyur. O, xalqın qüdrətinə,
azadlığın bəhərinə, doğma Vətənin
gələcəyinə bütün varlığı ilə
inanırdı. Məhz bu inamdan doğan
arzularını öz yeni şeirlərində əks etdirməyə
çalışırdı. Onun azadlıq arzulu
şeirləri Ərdəbildə çıxan
"Yumruq", "Ziddi-faşist", "Cövdət",
Təbrizdə buraxılan "Vətən yolunda", "Azərbaycan"
qəzetlərində, "Şəfəq" məcəlləsində
çap edilirdi.
Ərdəbil Vilayət Partiya Komitəsinin nəzdində
şairlərin məclisi yaradılmışdı. "Bu məclisin məşğələ-lərində
İbrahim Zakir, Balaş Azəroğlu, Muxtar Dadaşzadə,
Qulamhüseyn Səbri, Ələkbər Səyyah, Teymur
Haşimi, Fəxrəddin Nuri, Murtəza Pir də iştirak
edirdilər". Əli Tudə məclisin fəal
üzvlərindən biri idi. Burada oxunub bəyənilən
şeirlər "Ziddi-faşist" qəzetində çap
olunurdu. Arabir seçilmiş şeirlərdən
ibarət kitablar da buraxılırdı. Kitabların
nəşri Əli Tudəyə
tapşırıldığından günün çox hissəsini
mətbəədə keçirirdi. O, həvəslə
kitab çapı ilə məşğul olur, bu zaman
naşirliyin sirlərinə yiyələnir. Təşkilatçılıq
işi də görən Əli komitə sədrinin təklifi
ilə Sakin Gülşən adlı yaşlı bir şairi,
eləcə də Azərbaycan dilində yazan bir sıra
şair və yazıçıları məclisə dəvət
edir.
Əli
Tudə partiyadakı məsləkdaşlarını belə
xatırlayır: "Vilayət partiya təşkilatında fəaliyyət
göstərən bəzi yoldaşları unutmaq olmur. Nüsrətulla Həbib-İlahi "Cövdət"
qəzetində işləsə də, bir ayağı komitədə
idi. O, gözəl natiq idi... Dəllək
Məzlumi sanki partiyanın çaparı idi, Qəribandan
girib Çeşmə başından çıxardı.
Kəffaş Əli
ayaqqabılarımızı pulsuz yamayardı, əkkas Xanbaba
şəklimizi pulsuz çəkərdi. Dərzi
Binabi paltarlarımızı pulsuz tikərdi. Dəllək Vəlinin dükanı həmişə
yığnaqlı olardı. Əjdər ilə
Qulamhüseyn sanki təşkilatın qoşa əli idi... Təbrizdən Ərdəbilə kino gətirən
Həsən öz xərcilə Ərdəbildə balaca bir
kinoteatr da açmışdı".
Əli
Tudə 1945-ci ilin may ayında ilk dəfə Təbrizə
gedir. Bu, "Vətən yolunda" qəzetinin
Ərdəbil şairlərini dəvət etməsi ilə
baş tutur. Təbriz şəhərinin mərkəzi
xiyabanında yerləşən "Vətən yolunda" qəzetinin
redaksiyasında Sovet Azərbaycanının tanınmış
söz ustalarından Mirzə İbrahimov, Rza Quliyev, Cəfər
Xəndan, İsrafil Nəzərov, Ənvər Məmmədxanlı,
Əvəz Sadıq, Qulam Məmmədli, Qılman Musayev
(İlkin), Seyfəddin Abbasov (Dağlı) ilə
görüşən Ə.Tudə Ərdəbil şairləri
ilə birgə "Şairlər məclisi"nin növbəti
məşğələsində iştirak edir. Təbriz
şairləri ilə yaxından tanış
olur. Təbriz haqqında ilk şeirini də məhz
bu zaman yazır. Bu görüşlərdəki
canlı, mənalı, faydalı müzakirələr,
mülahizələr və mübahisələr şairin ədəbi
həyatında dərin iz buraxır.
1945-ci il sentyabrın 3-də Cənubda Azərbaycan
Demokratik Firqəsi (ADF) yaradılır. İran
Xalq Partiyasının Ərdəbil vilayətindəki üzvləri
bu firqənin üzvləri ilə birləşirlər. Əli də birincilər sırasında olur. Həmin ərəfədə vilayət partiya komitəsində
kəndlərə silah göndərilməsi məsələsi
müzakirə olunur və Əli müəyyən səbəblərdən
istəməsə də, Çanaxbulağa silah
aparılması məhz ona tapşırılır.
Şah nökərlərinin zülmündən dada gəlmiş
kənd firqəçilərinə silah paylanır. Həmin
günlərdə silahlı fədailər şəhəri
mühasirəyə almışdılar. Kəndlərdə
isə əmniyyələrin
özbaşınalığına son qoyulmuşdu. Hərəkat geniş vüsət
almışdı. Hər yerdə bayram əhval-ruhiyyəsi
vardı, azərbaycanlılar yeni hökumət
yaradırdılar. Ə.Tudə o günləri belə
xatırlayır: "Elə həmin həyəcanlı
saatlarda Təbrizdə Azərbaycan Milli hökuməti
qurulması xəbəri gəldi. Biz
"Cövdət" mətbəəsinə gedib bu xəbəri
hamıya elan atdik. Sonra "Səfəvi"
dəbiristanında (orta məktəb - A.Ş.) mitinq
çağırıb Milli hökumətin qurulmasını
alqışladıq. Mən də mitinqdə
yeni yazdığım "Təzə dövran"
şeirini oxudum". Şah əsgərləri
qanlı toqquşmalara qatıl-madan silahlarını firqəçilərə
təhvil verirlər. Beləliklə,
bütün Ərdəbil vilayəti Milli hökumətin
etibarlı döyüş səngərlərindən birinə
çevrilir. 1945-ci ilin 12 dekabrında
yaradılan Milli hökumət coşqunluqla geniş fəaliyyətə
başlayır. Məmləkətdə
hüquq da, vicdan da, dil də, sənət də, sevgi də
azad idi.
İnqilabın qələbəsindən sonra Əli Tudə
Ərdəbildə şair İbrahim Zakir və Rəsul
Abdullahi ilə birlikdə bir müddət fədailər qərargahında
çalışır. İş üçün dəfələrlə
ADF Ərdəbil Vilayət Komitəsinin sədri Həsən
Cövdətin yanına getsə də, müsbət bir nəticə
hasil olmur. Bu ərəfədə Ərdəbildəki
sovet konsulxanasına çağırılan Əli Tudəyə
bir teleqram təqdim edilir. "Vətən
yolunda" qəzetinin redaksiyasından gələn teleqramda
onu Təbrizə dəvət edirdilər. O, Sərabı,
Şiblini keçərək Təbrizə gəlir. Bu zaman şəhərin kinoteatrlarında (o boyda
Ərdəbildə kinoteatr yox idi) iki bədii film -
"Arşın mal alan" və "Bağdad
oğrusu" ingilis filmi nümayiş etdirilirdi. Bilet
tapmaq çətin olsa da, dostu ilə "Arşın mal alan" filminə baxa bilirlər. Əli Tudə gecəni "Bahar"
mehmanxanasında qalıb səhəri Milli Məclisə gedir.
Oradan Maarif Nazirliyinin sərəncamına
göndərilən Əli Tudə tezliklə burada tədris
şöbəsinin müdiri təyin olunur. Ə.Tudə
xatırlayır: "İş otağım Təbrizin
yaraşıqlı xiyabanlarından birində yerləşən
böyük, qaynar bir mətbəədə yerləşirdi. Bu mətbəədə yalnız Azərbaycan dilində
dərsliklər çap olunurdu". Gənc
şair burada ətraf kənd, qəsəbə və şəhərlərdən
dərsliklər almaqdan ötrü gələn nümayəndələri
qəbul edirdi. Əli doğma ana dilində yenicə
işıq üzü görmüş kitabları
çörək qədər müqəddəs hesab edərək
yazırdı: "Maşının ağzından
çıxan, rəngi əməlli-başlı qurumayan,
qatları tamam açılmayan anadilli kitablar isti təndirdən
qoparılan sarıbuğda çörəyi qədər
şirin, əziz, müqəddəs idi". Təbrizdəki
qələm dostları hər axşam mehmanxanaya şairin
yanına gəlirdilər. Ərdəbildən
tez-tez şair dostları İbrahim Zakirlə Ələkbər
Səyyah da onun qonağı olurdular. Onlar əvvəlcə
Təbrizə Milli hökumətin tapşırığı
ilə satirik jurnal buraxmağa gəlmişdilər. Hər gün birlikdə "Vətən yolunda"
qəzeti redaksiyasında nahar edər, redaksiya işçilərilə
yaradıcılıq söhbətləri aparardılar. Ələkbər Ərdəbildə
"Ziddi-faşist" qəzetinə satirik şeirlər
yazardı. Zakir təzə jurnal
üçün şeir yazmış, Ələkbər isə
şəkil çəkmişdi. Nədənsə
jurnalın çapı baş tutmur. Qələm
dostları Ərdəbilə qayıdırlar. Sonralar
Əli Tudə "Sən indi hardasan" poemasını
mehriban, xeyirxah, sadiq dost olan Ələkbərin həyatına
həsr edir. Filarmoniyanın fəaliyyəti dövründə
Ə.Tudə həm də məşhur kamança
ifaçısı kimi tanınan Ələkbəri Milli orkestrə
dəvət etmişdir.
Ə.Tudə şair-alim Cəfər Xəndanın sədrlik
etdiyi "Şairlər məclisi" adlanan ədəbi dərnəyin
ən cavan və fəal üzvlərindən biri idi. 1945-ci ildə Təbrizdə
"Vətən yolunda" qəzeti yanında təsis edilən"Şairlər
məclisi" təkcə Təbrizdə deyil, Tehran, Ərdəbil,
Mərənd, Sərab və Urmiyada, Cənubi Azərbaycanın
və İranın digər şəhərlərində Azərbaycan
dilində yazıb-yaradan 40-dan artıq
yazıçını birləşdirirdi. Bu məclis
öz fəaliyyəti dövründə Cənub ədəbi
prosesinin formalaşmasında əhəmiyyətli rol
oynamışdır.
Burada Cənubi
Azərbaycan şairlərindən Kaşif (şah cəlladları
onu öz evinin qabağında güllələyiblər), Məmmədbağır
Niknam (məclisin binasının qarşısında qətlə
yetirilib), Sədi Yüzbəndi (Qaradağ kəndlərində
iş apardığı vaxt başını bədənindən
ayırıb Təbrizə gətiriblər) və
başqaları, eləcə də keçmiş sovet ordusu
sıralarında Azərbaycan SSR-dən gəlmiş
tanınmış şair və yazıçılardan
Ənvər Məmmədxanlı, Qılman Musayev (İlkin),
Əvəz Sadıq, Seyfəddin Abbasov (Dağlı),
tanınmış jurnalistlərdən Rza Quliyev, Qulam Məmmədli,
İsrafil Nəzərov da iştirak edirdilər. Ə.Tudə
yazır: "Biz hər məşğələdə əbədi
söz ustadımız Məhəmməd Füzulinin bir qəzəlini
səbrlə, diqqətlə, heyrətlə təhlil edirdik. Sonra növbə ilə şeirlərimizi oxuyub rəy
söyləyirdik. Bu rəy sorğusunda
Şimaldan gəlmiş qələm sahibləri də öz
fikirlərini bildirirdilər. Bəyənilmiş
şeirlər həm "Şairlər məclisi"nin məcmuə-sində,
həm də "Vətən yolunda" qəzetində dərc
olunurdu".
O vaxt Cənubi
Azərbaycan ədəbiyyatında nəsr, dramaturgiya, tənqid
yox dərəcəsində idi. Şeir
xalqın şüurunda inqilabi fikirləri işıqlandırmaqda
sənətin yeganə çırağı idi. Ona görə də şeirə daha çox
üstünlük verirdilər. Ə.Tudənin
"Şairlər məclisi"ndə iştirak edən
Şimal yazıçıları haqqında da xatirələri
mövcuddur. O, Azərbaycanın görkəmli
yazıçısı Mirzə İbrahimovu ilk dəfə Təbrizdəki
"Şairlər məclisi"ndə
gördüyünü qeyd edir və şeirləri ilə
tanışlığını öz xatirələrində
belə qələmə alır: "Bir gün küçədə
"Vətən yolunda" qəzetinin təzə nömrəsini
alıb arasını açanda bir poema gördüm. Poema Mirzə İbrahimovun idi. Doğrusu,
gözlərimə inanmadım. Mən onun
pyeslərini, hekayələrini, məqalələrini
oxumuşdum, şeirin sirlərinə dərindən bələd
olduğunu da bilirdim. Amma şeir
yazmağından xəbərim yox idi. Sən demə, o, ədəbiyyata
şeirlə gəlibmiş... "Nakam məhəbbət"
povesti hissə-hissə "Vətən yolunda" qəzetində
Əjdəroğlu imzası ilə çıxırdı.
...O zaman Təbrizdə Mirzə İbrahimovu tanımayanlar
çox idi. Lakin Əjdəroğlunu
(M.İbrahimovun daha çox çap olunduğu imza -A.Ş.)
tanımayan yox idi". Ə.Tudə sonralar bu hadisəni
nəzmə çəkmiş, "Əjdər oğlu"
adlanan 20 bənddən ibarət həmin şeiri
"Seçilmiş əsərləri"ndə çap
etdirmişdir.
Milli hökumət başqa sahələrdə olduğu
kimi, ədəbiyyat aləmində də misilsiz tədbirlər
gördü.
Təbrizdə "Şairlər və
yazıçılar" cəmiyyəti təsis edildi. Gözəl bir imarət həmişəlik cəmiyyətin
ixtiyarına verildi. Cəmiyyətin
iclasları vaxtlı-vaxtında keçirilir, təzə əsərlər
geniş müzakirə olunur, rəhbər xadimlərlə
mütəşəkkil görüşlər keçirilirdi.
Xüsusilə Seyid Cəfər Pişəvəri
ilə olan görüşlər möhtəşəmliyi ilə
seçilirdi. Əli Tudə rəhbərlə ilk
görüşünü belə xatırlayır:
"Keçirdiyimiz növbəti iclasların birində
S.C.Pişəvəri dedi: - Bir dəfə Təbrizə qulaq
asanda (radio nəzərdə tutulur - A.Ş.) bir şeir dinlədim...
Xoşuma gəldi. Bu, Əli
Tudənin "May səhəri" şeiri idi. Özü buradadırmı? - Mən dərhal
ayağa qalxıb: - Bəli, burdayam yoldaş Pişəvəri,
- dedim... Milli
hökumətin başçısı S.C.Pişəvəri
ilə elə cəmiyyətin iclaslarından birində beləcə
tanış oldum". İşinin
çox olmasına baxmayaraq, o, cəmiyyətin işi ilə
də yaxından maraqlanırdı. Hökumətin
rəhbəri oxunan əsərlərə diqqətlə qulaq
asır, suallara dəqiq cavablar verir, təkliflərə qəti
rəylərini bildirirdi. Sonra özü də cəmiyyət
üzvlərinə suallar, təkliflər, məsləhətlər
verirdi... S.C.Pişəvəri həm məşhur
inqilabçı, həm görkəmli ictimai-siyasi xadim, həm
də təcrübəli söz ustası idi. Hələ
saysız-hesabsız məqalələri bir yana
qalsın, o, neçə-neçə dərin məzmunlu bədii
əsərin müəllifi idi...
1946-cı ilin mayında Sovet qoşunları İran ərazilərindən
çıxırlar. Onlarla birgə azərbaycanlı şair və
yazıçılar da Cənubu tərk edirlər. Yola düşməzdən əvvəl "Vətən
yolunda" qəzetinin redaksiyasında onlarla unudulmaz vida mərasimi
keçirilir. Görüşdə
Aşıq Hüseyn Cavanın tüğyana gələn
sazı göy gurultusu kimi bütün binanı lərzəyə
gətirir.
Səhərisi günü Sovet Mədəniyyət Evində,
faşizm üzərində qələbənin bir illiyinə
həsr olunmuş iclas keçirilir. Qeyd edək ki, Mədəniyyət evi
Gülüstan bağında yerləşirdi. Azərbaycan
xalq inqilabı qələbə çalandan sonra milli qəhrəman
Səttarxanın heykəlini harada qoymaq məsələsi
ortaya çıxmışdı. Müzakirə
ediləndə Gülüstan bağı ən gözəl
ünvan sayılmışdı. Bu bağda ölməz
sərkərdənin büstünün
açılışında Milli hökumətin baş naziri
S.C.Pişəvəri unudulmaz qəhrəmana hörmət və
məhəbbətlə dolu nitq ilə çıxış
etmiş, şairlər Sərdara həsr etdikləri hərarətli
şeirlərini oxumuşlar...
İclasda Əli Tudə elə həmin gün
yazdığı "May səhəri" şeirini oxuyur. Ertəsi
gün Təbriz radiosu da bu şeiri səsləndirir.
Şeir "Azərbaycan" qəzetinin 1946-cı il 5-ci nömrəsinin ilk səhifələrində
dərc edilir.
Bu hadisədən bir neçə gün sonra Əli Tudə
Milli Məclisə dəvət olunur. Burada deyilir ki, Milli
hökumət Maarif Nazirliyinin nəzdində Təbriz Dövlət
Filarmoniyası təsis etmək fikrindədir. Filarmoniya müdirliyinə isə Ə.Tudənin təyin
olunması məsləhət görülür. Bununla razılaşan Ə.Tudə maarif naziri olan
şair Məhəmməd Biriyanın yanına gəlir, mədəniyyət
ocağının məqsəd və məramını
birlikdə aydınlaşdırırlar.
1946-cı ilin yazında Azərbaycan milli hökuməti
İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan
Dövlət Filarmoniyası açılması barədə
qərar verir.
Bu yeni sənət ocağına 22 yaşlı
Əlini müdir təyin edirlər. Təbriz
Azərbaycan Dövlət Filarmoniyasının Səttarxan
xiyabanındakı Firdovsi mədrəsəsinin binasında
yerləşdirilməsi qərara alınır. Dörd aylıq hazırlıqdan sonra Əli əvvəlcə
binanı təmir etdirərək yararlı hala salır.
Eləcə də səhnəyə
çıxacaq xanəndələrin, sazəndələrin, rəqqasələrin,
aşıqların, nəzarətçilərin, xidmətçilərin
istifadə edəcəkləri milli Azərbaycan geyimləri,
çəkmələr, başmaqlar, çustlar tikdirir.
Təbrizdə tanınan və tanınmayan
oxuyanların, çalğıçı-ların, oynayanların
sorağına düşüb onları yeni yaranmış sənət
ocağına dəvət edir.
Hələ
filarmoniya fəaliyyətə başlamazdan qabaq xanəndə
Sahib Ruhi (Şükürov), Ərdəbildən sazəndə
Seyfi, Yəhya, İsmayıl, Ələkbər, Yədulla bu sənət
ocağında doğma xalqa xidmət etmək məqsədilə
Tehrandan Təbrizə gəlirlər. Onlar hələ
rəsmi açılışdan əvvəl - iyun
ayının 12-də Təbriz Dövlət
Darülfünununun təməlqoyma mərasimində konsert
proqramı ilə çıxış edirlər.
Əli Tudə bu hadisəni mənalandıraraq
aşağıdakı kimi qələmə
almışdır: "Bünövrəyə ilk təməl
daşlarını S.C.Pişəvəri qoydu. Bu
mənzərədən ilhama gələn Milli orkestr Azərbaycan
Milli hökumətinin sürudunu (himn - A.Ş.) ləyaqətlə
ifa etdi. Sanki o ehtişamlı sürudun əks-sədası
Səhəndin, Büzgüşün, Savalanın zirvələrinə
düşdü. Sonra Muğanın
ucsuz-bucaqsız qoynuna səpələndi. Dalğa-dalğa
axıb Arazın coşqun sularına qarışdı. Axı bu qədim ürfan şəhəri olan Təbrizin
hikmətlə dolu sinəsində yalnız daş-torpaqla
ucaldılacaq bir darülfünun binasının
özülü qoyulmurdu. Neçə-neçə
möcüzələr yaradacaq elmlərin qapılarına
geniş yollar açılırdı. Azad
Vətənin xoşbəxt övladları bu elmlərlə
silahlanıb insanların səadəti uğrunda səfalətlə,
cəhalətlə, ətalətlə döyüşəcəkdilər".
(Ardı var)
Ağahüseyn ŞÜKÜROV
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 30 yanvar.- S.6.