Şimşək
Hekayələr
On dörd-on beş
yaşım ancaq olardı. Həmin illərdə bizim
bir atımız vardı. Şimşək deyib çağırırdıq.
Açıq-qırmızı rəngli bu
atla kənddə heç bir at döşləşə bilmirdi.
Yolla dördnala ötüb keçəndə kimsə
Şimşəyin boy-buxununa,
hətta rənginə
belə baxmağa macal tapmazdı. Çünki həmin anda
havaya qalxan toz-duman Şimşəyin
arxasınca boz bir pərdə tutardı.
Bayramlarda, şənliklərdə hərə
öz atını minib Xəlilli irəməyə cıdıra
çıxardı. Atların
hər biri enişdə-yoxuşda iç
olardı. Birinci yeri tutacaq atın adı isə əvvəlcədən
bilinərdi. Buna görə də uşaqların Şimşəyi
görməyə gözü
yox idi. Onlar öz aralarında xısınlaşa-xısınlaşa ikinci yeri tutanı
qalib sayardılar.
Şimşəyin qəşəng bir dayçası da vardı. Dayça elə bil ki, anasının burnundan düşmüşdü.
Yavaş-yavaş ağzını ota-ələfə uzadırdı.
Demək
olardı ki, tam otuxmuşdu.
Bir gün qapımıza bir yük maşını gəldi. Sürücünün yanında bir ortayaşlı kişi
də vardı. Söhbətlərindən məlum oldu
ki, atam dayçanı həmin kişiyə satır.
Mən çox kefsizlədim.
Amma nə edə bilərdim ki!? Bir kənarda dayanıb
qəmgin-qəmgin onlara
göz yetirirdim.
Allaha yalvarırdım ki, kaş sövdələri
baş tutmasın, qiymətdə razılaşmasınlar.
Təəssüf ki, mən arzuladığım kimi olmadı. Sövdələri baş tutdu.
Haqq-hesabdan sonra atam üzünü alıcıya tutub dedi:
- Bu dayça anasından da ötkəm olacaq. Amma sizin yeriniz dağlıqdır, indidən
dırnağını-başını gözdən qoyma. Qoy pərmudə böyüsün.
Tez-tələsik belinə
yəhər vurma, yəhər belini basar, sonra gözünün
odu qırılar!..
Sürücü maşını çəpərimizin
ayağındakı çökəkliyə
verib saxladı. Mən durduğum
yerdən tərpənmirdim.
Sanki ayağımdan daş asılmışdı.
Kənardan-kənara dayçamıza baxdıqca qəhərlənirdim.
Qəhərlənirdim ki, bir daha onun üzünü
görməyəcəm. Deyəsən, atam özü
də bunu hiss etmişdi. Dayçanı maşının banına qaldıranda bəlkə də elə buna görə
heç mənə demədi ki, yaxın gəl, bala, bir kömək
elə.
Maşın yenicə tərpənmişdi
ki, Şimşək şahə qalxdı. Yerlə-göylə əlləşməyə başladı.
Sanki bu boyda
dünyaya sığışa
bilmirdi. Gah kişnəyir,
gah da ayağını
yerə döyüb fınxırırdı. Atam nə
qədər əlləşsə
də, atı sakitləşdirə bilmədi.
Daha Şimşəyin
gözünə nə
yer görünürdü,
nə də göy!.. O, hələ
ilk dəfəydi ki, sahibinin üzünə ağ olurdu.
Başını aşağı salıb,
arxasını atama çevirərək dayanmadan
qoşa təpik atırdı. Şimşək dartına-dartına axır
ki, hörüyünü
qırdı və götürüldü balası
aparılan istiqamətə.
Atam daha hövsələdən çıxıb
yornuq halda əyləşdi çəpərin
dibindəki sal daşın üstə. Bilirdi ki,
başqa hansı at olursa-olsun, onunla gedib nə Şimşəyə
çatacaq, nə də onu tapacaq.
Dərin fikrə daldı və birdən başını
qaldırıb məni
səslədi:
- A bala, cəld tərpən, Murtuza de, qoy motosikletini xodlayıb gəlsin!
Dörd-beş dəqiqənin içində
Murtuz qapıda hazır oldu. Atam Murtuzun
tərkində əyləşdi,
mənsə motosikletin
lötkəsində. O, ərkiyanə surətdə
tez-tez Murtuzun üstə səslənirdi:
- Ayə, bir az əlli-ayaqlı ol! Görək bu çərdəymişə
çatırıqmı!..
Motosklet dərədən-təpədən qıvrıla-qıvrıla keçən
yolla şütüyürdü. Bir xeyli
getmişdik ki, qabaqda dayçanı aparan maşın, ondan bir qədər
geridə Şimşək
göründü. Atın maşına
çatmağına elə
bir məsafə qalmamışdı. Atam indi
rahat nəfəs almağa başladı.
Daha arxayın düşmüşdü
ki, nə fəndləsə Şimşəyi
geri qaytara biləcəyik.
Birdən Şimşək möhkəm
büdrədi və bədəni sürətlə
gəlib başından
aşdı. Yenidən ayağa qalxıb
balasının arxasınca
qaçmaq istədi.
Ancaq ayağa qalxa bilmədi. Bədəni yay kimi gərildi. Başını
dikəltməyə nə
qədər can atdısa
da, bacarmadı. Azacıq çabalayıb xub düşdü. Atam
əvvəlcə çox
sevindi:
- Şimşək bərk yorulub, indi asanca
qaytaracağıq!
Bu sözləri deyib
cəld motosikletdən
düşərək bizdən
qabaq özünü Şimşəyə çatdıran
atamın rəngi birdən-birə dəyişdi. Vaysına-vaysına:
"Atın bağrı
çatladı!" - deyib hüznlü bir görkəm aldı. Son nəfəsdə
olan Şimşəyin
gözündən yaş
sel kimi axırdı. Birdən başımı
qaldırdım ki, atamın da kirpiklərindən yaş
süzülür. Mən də
özümü saxlaya
bilmədim.
Murtuz motosikleti
ilə qurdalanırdı. Dayçanı aparan maşın isə artıq gözdən itmişdi.
HEYVA AĞACI
Min doqquz yüz qırx beşinci ilin yazında, qələbəyə az qalmış, cəbhədəki oğlundan
qara kağız alan Məhluqə arvad qısılmışdı
öz daxmasına. O, hələ cavan yaşlarından təsadüfi
bir bədbəxt hadisə nəticəsində
ərini itirib dul qalmışdı. Neçə
yerdən istəsələr
də, getməmiş,
aman-zaman bir oğlunun qayğısını
çəkmiş, istəməmişdi
ki, övladı ögey ata nəfəsini
hiss etsin. Nə bacıdan
bir haray vardı, nə də qardaşdan. Hərə öz çulunu bir təhər sudan
çıxarırdı. İndi oğlunun
qara kağızı onu göynətdikcə göynədirdi. Amma Məhluqə
arvadda inam vardı ki, haçansa oğlu qapıdan girəcək.
Oğlu cəbhəyə gedəndən
sonra o, vaxtlı-vaxtında
bağçanı suvara
bilmədiyindən ağacların
hamısı da demək olardı qurumuşdu. Bağçada qalan təkcə
heyva ağacı idi. Oğlunun əkdiyi, oğlunun
yadigarı heyva ağacı. Heyva ağacı
quraqlığa davamlı
olduğu üçün
əyyamda-səyyamda bircə
dəfə suvarılsa
da, öz durumunu qoruyub saxlaya bilirdi. Üstəlik də bar-bəhəri
öz yerində.
Hər payız
Məhluqə arvad heyva ağacının barını yığıb
çardağa düzür,
az-az aparıb yaxınlıqdakı qəsəbənin
gediş-gəlişli küçələrindən
birində əyləşib
satardı. Heyvadan çıxan qəpik-quruşu
çörəyə, qəndə,
çaya verib evə qayıdardı.
Məhluqə arvad oğlunun
qara kağızını
alandan sonra mehrini salmışdı heyva ağacına. Oğlunun iyini bu ağacdan
alırdı. Həmişə də bu ağaca
küsənirdi. Özünə
bir tuman, yaxud bir corab
almaq fikrinə düşsəydi, ürəyində
deyərdi: "Qoy bir görək heyva ağacı nə götürür".
Oğlu Həbibdən sonra bu heyva ağacına
bel bağlayırdı. Sanki oğlu Həbib cəbhəyə gedərkən
anasını bu heyva ağacına tapşırmış, "anamdan
muğayat ol" demişdi.
Məhluqə arvad gecələrin birində qəribə bir yuxu da
görmüşdü. Görmüşdü ki, qapıdakı heyva ağacı birdən-birə qiyafəsini
dəyişdi. Dönüb
oldu oğlu Həbib və qapıdan içəri girib onu bağrına
basdı: "Ana, mən
özüm heyva ağacına dönmüşəm.
İstəmişəm ki, iyimdən,
qoxumdan doyasan".
Arvad: "Ay oğul!"
- deyə sevincdən qışqırarkən
öz səsinə yuxudan oyanmışdı.
Elə həmin gündən evdə çarpayısını
çəkmişdi pəncərənin
qabağına. Buradan heyva
ağacı yaxşı
görünürdü.
İlk payız
günlərindən biri
idi. Heyva ağacı
yetərincə bar tutmuşdu.
Məhluqə arvad əlinə
bel götürüb arxdan ağaca su açmaq istəyirdi. Birdən ayağı
sürüşdü və
üzüquylu arxa yıxıldı. Bədənindən bir gizilti keçdi.
Elə hiss etdi ki, bütün içərisi buz bağladı.
Beləliklə, elə həmin gündən başlayaraq Məhluqə arvad yatağa düşdü. Axır
uzaq qan qohumu Namaz kişi onun üstə həkim gətirdi. Nüsrət həkimi. Bu
həkimin diaqnozu həmişə də özünü doğruldur,
həmişə də
nəticə dediyi kimi alınırdı.
Buna görə də kənddə hamı bir həkim
kimi ancaq ona inanırdı. Hələ deyən də tapılırdı ki, bu kişinin yeri Bakıdır ey, Bakıdır.
Nüsrət həkim Məhluqə
arvadı dönə-dönə
nəzərdən keçirdi
və yekun olaraq ancaq bu
sözləri dedi:
"Axırı yaxşı
olar". Ancaq girəvələyib Namaz kişiyə bildirdi: "Xəstənin sağalmasına
ümid yoxdur, iki-üç günün
qonağıdır, ehtiyatınızı
görün!"
Məhluqə arvadın səhhəti saatbasaat pisləşirdi. Qonşuluqdakı Zeynəb qarı və Ülkər qarı Məhluqə arvadın baş tərəfində uzun bir kətilin üstə əyləşmişdilər. Xəstə ağır-ağır nəfəs alırdı. Birdən onun gözləri gərilməyə başladı. Sanki xəstənin bütün gücü gözlərinə yığılmışdı. Az qalırdı yerindən oynayıb çıxsın. Bir qədər əlləşdikdən sonra bir təhər qolunu balınca söykəyib gözlərini pəncərənin önündəki heyva ağacına dirədi: "Həbib, ay Həbib!" Məhluqə arvadın bu çağırışı qarıların ikisini də çaş-baş saldı. Ani olaraq onlar da pəncərədən bayıra boylandılar.
Beş-üç dəqiqə keçmədi ki, qarının başı taqətsiz halda yastığa düşdü. Heyva ağacı bundan xəbərsiz idi. Gözləyirdi ki, Məhluqə arvad indicə əlində səbət ona yaxınlaşacaq, başlayacaq kəhraba kimi meyvələri bir-bir ustubca dərib səbətə düzməyə. Ancaq Məhluqə arvad gəlmək bilmirdi. Sarala-sarala qalan heyvalar bir-bir budaqdan üzülüb düşürdü.
Ələsgər ƏLİOĞLU
525-ci qəzet.- 2019.- 30 yanvar.- S.7.