"Bura vətəndir": Cavanşir
Quliyev yaradıcılığı rəssam
fırçasında
Yanvarın 28-də "Azərkitab" Kitab Təbliğatı
mərkəzində rəssam Tünzalə Məmmədzadənin
bəstəkar Cavanşir Quliyevin musiqi əsərlərinə
həsr olunmuş ipək əsərlər - "Bura vətəndir"
sərgisi keçirildi.
Çoxdan yolum düşməyən bu Mərkəzdə
olmaq xoş idi. Sərginin başlanmasına bir neçə
dəqiqə qalırdı. Fürsətdən
istifadə edib başdan-ayağa müsbət auraya
bürünmüş kitab evini dolaşıram. Sonra da asta-asta sərginin nümayiş etdirildiyi zala
yönəlirəm. Gələnlər
azdır hələ. Dəyərli bəstəkarımız
Cavanşir Quliyev ağır addımlarla sərgini gəzir.
Salamlaşırıq, təbrik edirəm. Rəsmlərdən qəribə bir incəlik, sərginin
adında olduğu kimi, ipəklik süzülür. Bir az kədər var hamısında. Hətta
sevgidən bəhs edən əsərlərdə də...
Diqqətimi bir nüans cəlb edir. "Qızım"
adlı xeyli fərqli əsər var. Sevgi və valideyn şəfqəti
sərginin ana xəttini təşkil edir. Xüsusən,
övladla bağlı əsərlərdə bu şəfqət
daha güclüdür. Bir az da həsrət
var sanki. Az qala hamısında personaj
uzaqdır, əlçatmazdır...
Daha bir maraqlı əsərsə kardioqram formasında
olan notlardır. Adı da "Bura vətəndir"... İmza
kimi "Elmar" qeyd edilib. Elmar Məmmədzadə
Tünzalə xanımın qardaşıdır, üstəlik,
bacısı kimi rəssamdır və sərginin təşkilatçısı
da elə odur.
Gəzişdiyim vaxtda zal qonaqlarla dolur. Göz gəzdirib tanış simalar axtarıram. Sənətşünas
Ziyadxan Əliyev buradadır. Salamlaşıb
söhbətə başlayırıq. İşlərindən,
planlarından, yazdığı məqalələrdən
söz açır. Bir ucdan da qonaqlar gəlməyə
davam edir. Şair Ramiz Rövşən
görkəmli alim Rafiq Əliyevlə bir yerdə zala daxil
olur. Hamının diqqəti onlara yönəlir.
Şair bu baxışlardan məmnun
görünür. Ardınca professor Qulu Məhərrəmli
gəlir. Salamlaşırıq.
"525-ci qəzet"in adını eşidən kimi
üzü gülür...
Sərgidə xarici qonaqlar da var. Zalı gəzir, rəsm
əsərlərinə böyük heyranlıqla baxır, hər
əsərin qarşısında xeyli dayanıb, diqqətlə
baxır, öz aralarında müzakirə edirlər.
Yavaş-yavaş
səbəbkarların - Cavanşir Quliyevlə Tünzalə Məmmədzadənin
başına toplaşır hamı...
Tədbiri
giriş sözüylə açan Ziyadxan Əliyev dedi ki, bu sərginin fərqi
musiqiylə təsviri sənətin qovuşmasındadır.
O, çıxışında sərgi
iştirakçılarına T.Məmmədzadə və
C.Quliyevin yaradıcılığından danışdı,
iki fərqli incəsənət növünü bir arada birləşdirməyi
rəssamın böyük uğuru kimi qiymətləndirdi. Z.Əliyev qeyd etdi ki, gənc rəssamın işləri
bütün dünyada məşhurdur. Əsərləri
müxtəlif rəsm qalereyalarında nümayiş etdirilir.
Dünyada ilk ipək kitab olan "Qurani-Kərim"in
müəllifidir.
Sənətşünas
onu da dedi ki, dekorativ tətbiqi sənətlə təsviri sənəti
sintez edərək şəffaf ipək üzərində rəsm
əsərləri yaradan T.Məmmədzadə bununla daha bir
ilkə imza atıb. Böyük zəhmət,
yaradıcılıq, istedad, dünyagörüşü tələb
edən bir işə - musiqinin rəsmlə təsvirinə
çalışıb. Bu işi də
böyük uğurla həyata keçirib.
Ramiz
Rövşən bildirdi ki, sərgidən böyük zövq
alıb: "Rəssamlıq və musiqi bir-birindən xeyli fərqlənən
sənət növləridir. Buna görə də
səsi rəsmə, görüntüyə çevirmək
çox poetik, maraqlı, olduqca da çətin işdir.
Bu qədər uğurlu rəsm əsərlərini
gördükdən sonra bizə ancaq Tünzalə
xanımı təbrik etmək qalır. Çünki
o, musiqinin də, bəstəkarın da ruhunu ustalıqla
duymağı bacarıb".
R.Rövşən
qeyd etdi ki, Cavanşir Quliyev əvəzsiz bəstəkarlarımızdandır:
"Onun əsərləri geniş diapazona malikdir. Ona görə də üzərində işləmək,
xeyli improvizə etmək olar. Bu cür
gözəl əsərlər üçün belə
fundamental şəkildə improvizasiyalar etmək, rəsm
yaratmaq tamaşaçıya zövq verir".
Daha sonra
söz alan Rafiq Əliyev yaxın dostu,
dünya şöhrətli mərhum alim Lütfi Zadəni
xatırladı: "Cavanşir Quliyevin də, Tünzalə Məmmədzadənin
də işləri, yaradıcılıqları Lütfi Zadənin
qeyri-səlis məntiq nəzəriyyəsinə bənzəyir.
Çünki üzərində çox
gedişlər, improvizasiyalar etmək olar. Bir
məsələni də qeyd edim ki, sərginin nümayişi
Lütfi Zadənin doğum günü ərəfəsində
baş tutub. Elə bunu da
özlüyündə qeyri-səlis məntiqə nümunə
kimi göstərmək olar.
Cavanşir Quliyev dünyada tanınan, bütün əsərlərini
sevdiyim, məmnuniyyətlə dinlədiyim bəstəkarlardandır. Bu çapda
bir sənətkarın yaradıcılığına
müraciət etmək, əsərləri üzərində
işləmək özü də cəsarət istəyir.
Tünzalə xanım özündə bu cəsarəti
tapıb. Həqiqətən də gözəl
işlər ortaya qoyub".
"Xəzər
Universiteti"nin qurucusu Hamlet
İsaxanlı rəssamlığı ədəbiyyatla
müqayisə etdi: "Bədii ədəbiyyatın,
kitabın bir üstün cəhəti var ki, öz fikrini,
ötürmək istədiyin mesajı bir neçə vərəqdə,
hətta bir neçə kitabda ifadə edə bilərsən.
Amma rəssamlığın bu avantajı yoxdur.
Bütün demək istədiklərini bircə
vərəqdə, kətanda, bircə çərçivəlik
yerdə deməlisən. Ona görə də
rəssamların işi daha çətindir. Bu mənada, Tünzalə xanımın işinin
öhdəsindən kifayət qədər uğurla, həm də
istedadlı şəkildə gəldiyini demək olar".
Qulu Məhərrəmli
də özündən əvvəl çıxış edənlərin
fikirlərini təsdiqləyərək bildirdi ki,
yaşadığımız dövr daha çox rəsm
yüklüdür: "Tarix boyu bəşəriyyət bir
çox inkişaf mərhələlərindən keçib.
Renessans, Fransız inqilabı, çap maşınının
icadı... Amma düşünürəm ki,
yaşadığımız dövrün əlamətdar
cizgisi audio-vizuallıqdır, hər şey rəsmə
çevrilir. Sərgiyə gəldikdə
isə Tünzalə xanımın səsi vizuallaşdırma
cəhdi mənə çox maraqlıdır. Açığı, ilk dəfədir, belə
işlə qarşılaşıram. Düzdür,
süjetli rəsmlər olur. Kitablar,
hansısa əsərlər haqqında rəsmlər,
illüstrasiyalar çəkilir. Amma bu tipdə
əsərlərlə qarşılaşmaq, xüsusən,
müəllifinin azərbaycanlı olduğunu bilmək
qürurvericidir. Əlbəttə, musiqi
müstəqil şəkildə istənilən mətləbi,
mənanı ifadə edə bilir. Yaxud
müxtəlif sənət növlərində musiqinin köməyindən
geniş şəkildə istifadə olunur. Məsələn, kinematoqrafiyada, yaxud səhnə əsərində
və sair. Amma söhbət sinerji nəticəsində
meydana çıxan yeni mənanı ifadə etməkdən
gedirsə, bu, tamam başqa məsələdir. Ona görə də Tünzalə xanımın sərgisi
daha çox assosiativ məna daşıyır".
Q.Məhərrəmli Cavanşir Quliyevin
yaradıcılığının çoxşaxəli
olduğunu qeyd etdi. Bəstəkara Azərbaycan, türk dünyası,
Şərq və eləcə də Avropa mədəniyyətinə
verdiyi töhfələrə görə təşəkkürünü
bildirdi.
Tünzalə
Məmmədzadə Cavanşir Quliyevə,
çıxışçılara, sərgi
iştirakçılarına təşəkkür edərək
rəssam olmasında bəstəkarın rolundan
danışdı: "Cavanşir Quliyevin
yaradıcılığından danışmaq mənim boyumu
aşar. Ona görə də daha çox bu
ideyanın yaranmasından,
tanışlığımızın tarixçəsindən
danışmaq istəyirəm. Cavanşir
Quliyevin musiqisi ilə böyüdüyümü desəm,
şişirtmiş olmaram. Bundan başqa,
yaradıcılığını böyük həvəs və
diqqətlə izləyirdim, verdiyi müsahibələrini oxuyurdum.
Təxminən 10 il əvvəl bir
mahnı düzüb-qoşmuşdum. Onu
Cavanşir müəllimə göstərdim. Baxdı,
sonra da dedi ki, yaxşıdır, qızım, amma Amerika kəşf
eləməmisən. Bu söz mənə
çox dəstək oldu həqiqətən. Öz yolumu, istiqamətimi seçməkdə
kömək etdi. Bugünkü mövqeyimə,
təvazödən uzaq olsa da, rəssamlıqda imza
atdığım ilklərə görə hardasa ona borcluyam.
Çünki o, məni düzgün yönləndirməsəydi,
bəlkə də adi bir musiqiçi olacaqdım. Cavanşir müəllimə təşəkkürümü
bildirirəm. Dahilər haqqında
danışmaq çox çətindir. Onunla
eyni havanı udmaq belə şərəfdir".
Cavanşir
Quliyev də öz növbəsində sərgi
iştirakçılarına təşəkkürünü
bildirdi: "Hər bir bəstəkar üçün əsərlərinin
vizual təcəssümü xoş arzudur. Bu
arzu həyata keçdiyi üçün çox xoşbəxtəm.
Musiqi ilə rəssamlığın vəhdətinə
misal kimi çox şeyi gətirmək olar. Rəssamla musiqiçinin müştərək
düşüncələri nəticəsində ortaya
çıxan əsərlər istənilən halda gözəl
təşəbbüsdür. Tünzalə
xanıma təşəkkürümü bildirir, ona uğur
arzulayır, musiqinin daha böyük, dərin sahələrinə
müraciət etməsini umuram".
Çıxışlar bitdikdən sonra
iştirakçılar yenidən rəsmlərə yönəlirlər. Mən də fürsətdən
istifadə edib Tünzalə xanıma yanaşıram: "Sərgidəki
bütün əsərlər Cavanşir Quliyevin əsərlərinə
həsr olunan tablolardır. 30-a yaxın əsər
nümayiş olunur".
Rəssam
bildirdi ki, bu konseptdə işlərlə heç vaxt
rastlaşmayıb: "Cavanşir Quliyev şəxsiyyətinə,
sənətinə çox hörmət etdiyim insandır. Onun əsərlərini həmişə sevə-sevə
dinləyirəm. Ailəmdən uzaqda
yaşadığımdan, zaman-zaman qızıma da həsrət
qaldığımdan onun "Qızım" əsərini
çox dinləyirdim. Günün birində
elə əsərin sədaları altında bu musiqiyə rəsm
çəkdim. Ardı da beləcə
davam etdi".
Elmar Məmmədzadədən sərgi barədə fikirlərini, diqqətimi çəkən "Bura vətəndir" əsərinin tarixçəsini soruşuram: "Yanvarın 25-də, elə bu zalda sərgim keçirilib. Ona görə də bəzi əsərlər hələ də nümayişdədir".
E.Məmmədzadə Tünzalə xanımın ilk tələbəsi olduğunu qeyd etdi, bildirdi ki, kölgə rəsmləriylə işləyən ilk rəssamdır: "Kardioqramma şəklinin tarixçəsi isə belədir ki, hərbi xidmətdə olanda ürəyimdə problem yaranmışdı. Kardioqrammaya baxanda ağlıma bu ideya gəldi. Sonra Cavanşir Quliyevdən kardioqrammasını istədim, "Bura vətəndir" əsərinin notlarını ona işlədim".
Ramiz Rövşən dedi ki, "Bura vətəndir" sərgisi mədəniyyətimiz üçün çox xoş və ümidverici hadisədir: “Cavanşir Quliyev bizim böyük bəstəkarımızdır. Onun haqqında digər sənət növlərinin nümayəndələrinin nə düşündüyü mənə maraqlıdır. Üstəlik, bu cür əsərlər, sərgilər təsviri sənətimiz üçün çox fərqli yollar açır, düşüncələrə təsir edir. Mən sərgidən ümidlə ayrılıram. Yəni təkcə zövq almaq məsələsi deyil".
Rafiq Əliyev də Ramiz Rövşənlə getməyə hazırlaşır. Tələsməliyəm. İki-üç cümləlik açıqlama vermək xahişimi xoş qarşılayır: "Elmdə olduğu kimi, sənətdə də böyük sıçrayışlar, fenomenal nəticələr ayrı-ayrı sahələrin sintezində, sinerjisində ortaya çıxır. Nə xoş ki, Cavanşir Quliyev kimi bir bəstəkarla Tünzalə Məmmədzadə kimi rəssamın əsərlərinin sintezi olaraq ortaya çıxan belə sərgilər təşkil edilir. Musiqiylə tətbiqi sənətin birləşməsindən belə gözəl əsərlərin meydana gəlməsinə ancaq sevinmək olar.
Sonda Cavanşir Quliyevə yanaşıram. Üzündən bilinir ki, əsərlərinə rəsm həsr edilməsindən çox məmnundur: "Musiqimin bir rəssamı cəlb etməsi, əlbəttə, sevindiricidir. Xoşbəxtəm və hesab edirəm ki, zamanında çəkdiyim zəhmətin müəyyən qədər qarşılığını ala bildim".
Bəstəkar planlarından da söz açır: "Yaradıcılıq heç vaxt bitmir. Hazırda üç balet üzərində işləyirəm - "Oğuznamə", "Qızılirmaq" - türk nağlı əsasında və "Daşqın" - Nuhun tufanı əsasında. Bundan əlavə, Mikayıl Müşfiqlə bağlı bir əsər üzərində çalışıram. Yəqin ki, oratoriya olacaq. Bir də "Dədə Qorqud" baleti olacaq. 12 balet düşünmüşəm. Hər boy üçün birini".
İmadəddin Nəsiminin 650 illiyi ilə
bağlı da planlarının olduğunu deyən C.Quliyev
bildirdi ki, artıq iş başlayıb: "Azərbaycan
Dövlət Televiziyasında Ramiz Həsənoğlu
tamaşa çəkməyə hazırlaşır. Mənə
də təklif etdi, bərabər işləyəcəyik".
Cavid QƏDİR
525-ci qəzet.- 2019.- 30 yanvar.- S.8.