Vaqif Bəhmənli "Qansız savaş"ın sevincini gənc ədiblərlə bölüşdü

 

 

Dördüncü dəfə fəaliyyətə başlayan Gənc Ədiblər Məktəbinin dünən növbəti toplantısı oldu. Məkan dəyişməmişdi: Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubu.

 

Bu dəfə gənc ədiblərin qonağı şair Vaqif Bəhmənli idi. Onunla görüşə GƏM-in təkcə hazırkı müdavimləri yox, məzunlarından bir neçəsi qatılmışdı. Vaqif müəllimin başına toplaşmış gənclər həvəslə kitab imzaladırdılar. Bir kənarda özümə yer edib bir kitab da mən götürdüm. Yenicə işıq üzü görmüş "Qansız savaş" kitabı idi bu. Nəşrin adı məni heç təəccübləndirmədi. Şair ruhlu insan, əlbəttə, qan istəməz! Kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb. Kitabı vərəqlədiyim əsnada AYB katibi, GƏM-in rəhbəri Rəşad Məcidin səsini eşitdim. O, zala daxil olan kimi "Şahanə, gör, yaxşı şəkillik mənzərədir" - deyib, kitab imzalayan V.Bəhmənlini göstərdi. Tez bir-iki şəkil çəkib diqqət kəsildim. Çünki GƏM rəhbərinin gəlişi artıq tədbirin başladığına işarə idi.

Ənənəvi olaraq ilk çıxış da Rəşad Məciddən gəldi. O, böyük həvəslə Gənc Ədiblər Məktəbinin yeni üzvlərini qonağa, şairi isə iştirakçılara təqdim etdi: "Gənc Ədiblər Məktəbinin ideya müəllifi, ilk yaradıcısı Vaqif Bəhmənli olub. İlk dəfə 2008-2010-cu illərdə Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin toplantıları Milli Kitabxanada keçirilirdi. Biz həmin buraxılışda 50 nəfərə diplom verdik. Onların bir çoxu hazırkı ədəbiyyatımızın, mədəniyyətimizin tanınan imzalarıdır. Vaqif müəllimin başladığı bu bizim gənclərin, gənc ədiblərin həyatında böyük iz qoydu. Biz bunun üçün ona minnətdarıq.

Vaqif Bəhmənli hər zaman ədəbiyyatı uca bilən, onu təbliğ edən, öz yaradıcılığı ilə yaşadan şairlərimizdəndir. Bu gün onun yeni kitabının sevincini sizlərlə bölüşməsi , gəncliyə olan dəyərinin, dəstəyinin nümunəsidir".

Sonra söz Vaqif Bəhmənliyə verildi. Tədbirdə şairin Qərbi Kaspi Universitetindəki tələbələri iştirak edirdilər. Onların öz müəllimlərinə olan rəğbəti, ehtiramı gözlərindən oxunurdu.

Hər zaman gənclərin ən yaxın dostlarından biri olan, onlara diqqət qayğısı ilə seçilən şair nitqinə bu nüansla başladı: "Gənclərdən ayrı düşmək, onları görməmək insanın öz həyatını doğru-düzgün yaşamaması deməkdir. Çünki gənclik bizim gələcəyimizdir. Yazıçılar Birliyi artıq uzun illərdir ki, gənc ədiblərə bir ocaq, məkan, yuva verib. Bunu dəyərləndirmək, bundan maksimum yararlanmağa çalışmaq lazımdır".

İlk kitabının 22 yaşında çap olunduğunu deyən V.Bəhmənli həmin dövrlərdə kitab çap etdirməyin, xüsusən gənclərin kitablarının çapını qədər çətin məsuliyyətli olduğunu vurğuladı. Dedi ki, müəllif kitabı yazmaqdan əlavə, onu mütləq müdafiə etməyi bacarmalıdır.

Sonra qonaq xüsusi təkliflə çıxış etdi: "Çox istərdim ki, Gənc Ədiblər Məktəbi hələlik heç olmasa, ayda iki dəfə, tədricən isə həftədə bir dəfə toplansın. Bu, gənclərin bir-birini tanıması, bir-birinin yazdıqlarına yaxından bələd olması fikir yürütmək bacarıqlarının formalaşması üçün faydalı olardı".

Çıxışına ara verən daha çox gəncləri eşitmək istədiyini deyən şair ara-sıra müdaxilələr edir, lazımi məqamda öz fikirlərini tövsiyələrini əsirgəmirdi. Həmin fikirlər arasında ədəbiyyata münasibəti bu mövzudakı ciddiyyətini xüsusi vurğulamaq lazımdır: "Ədəbiyyat hobbi deyil, sənətdir. Uzun illərdir oxuduğumuz, bəhrələndiyimiz bütün dünya klassikləri, rus yazıçıları bu sənətə Allah vergisi, daimi , sonsuz zəhmət, bitməz axtarış kimi yanaşıblar".

Tədbirin ikinci hissəsində artıq söz gənc ədiblərin idi. Qonağın onları tanıması üçün hər biri özü haqqında kiçik arayış verdi, ədəbiyyat və GƏM haqqında fikirlərini səsləndirdilər, suallarını qonağa ünvanladılar. Orxan Həsəni, Orxan Saffari, Seymur Su, Tahirə Nur, Vüsal Yurdoğlu (III GƏM-in məzunu), Mirçingiz Ağazadə, Ümid Oruc, Aydın Cavad, Ləman Bakuvi, Kənan İsmayılov, Aytac Məmmədli və başqaları çıxış etdilər.

Artıq növbə şeirlərin idi. III GƏM-in məzunu Sevil İşıq iki şeiri ilə açılış etdi. Ardınca isə Seymur Su, Aydın Cavad, Kənan İsmayılov, Ələsgər Əhməd və başqaları öz şeirlərini oxudular. Bütün şeirləri diqqətlə dinləyən Vaqif müəllim kimsənin xətrinə dəymədən, əksinə, gəncləri daha da həvəsləndirmək üçün onların şeirlərinə öz münasibətini bildirdi, tövsiyələrini verdi.

Beləcə, gənc ədiblərin növbəti görüşüsonda Vaqif Bəhmənlinin iştirakçılara hədiyyə etdiyi kitabları imzalaması ilə yekunlaşdı.

Sonda qeyd edək ki, gənc ədiblərin növbəti görüşü fevralın 14-ü saat 12:00-da tanınmış yazıçı Seyran Səxavətlə olacaq. İştirak etmək istəyən hər kəs həmin tarixdə Azərbaycan Yazıçılar Birliyinin yolunu tuta bilər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 31 yanvar.- S.8.