Vaqif Əlixanlının yubileyi Yazıçılar Birliyində qeyd olundu
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda yazıçı,
publisist, dramaturq və tərcüməçi,
"Qobustan" jurnalının
baş redaktoru Vaqif Əlixanlının yubileyi - 75 illiyilə bağlı tədbir keçirilib.
Tədbirdə millət vəkilləri,
AYB rəhbərliyi, ziyalılar,
tanınmış ədəbiyyat
adamları, yubilyarın
ailə üzvləri,
qələm dostları
və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan millət vəkili, akademik Rafael Hüseynov V.Əlixanlının həyat
və yaradıcılığı
haqqında danışıb,
onun yubiley mərasimini sözün bayramı adlandırıb:
"Dünyada soyumayan,
bitməyən, əbədi
olan bircə bayram var ki,
o da sözün bayramıdır. Vaqif Əlixanlı ömrünü
sözə sədaqətlə
həsr edən insandır. Bu gün də onun, Vaqif Əlixanlı
sözünün əbədi
bayramıdır".
R.Hüseynov çıxışında Vaqif Əlixanlının yaradıcılarından olduğu
"Bulaq" və
"Dünyanı bəzəyənlər"
radio verilişlərini, "Qobustan" jurnalını
xatırlayıb, onların
Azərbaycan ədəbiyyatı
və mədəniyyətindəki
əvəzsiz yerindən
söz açıb:
"Mən Vaqif Əlixanlını "Qobustan"
jurnalı ilə tanımışam. Onda mən
hələ məktəbli
idim və ilk dəfə onun imzasına orada rast gəlmişdim. Sonra isə onun jurnaldakı
bütün yazılarını
həvəslə oxuyurdum.
Onun bütün ömrü Azərbaycan mədəniyyəti
ilə bağlı olub. O, babalarımızın
miras qoyduğu səliqəyə, üstün
düşüncəyə hər zaman sadiq olub. O, Azərbaycan jurnalistikasında,
publisistikasında öz
sözünü demiş
insandır. Eyni zamanda, onun tərcümələri, dramaturgiya
sahəsində fəaliyyəti
özü özlüyündə
bir örnəkdir.
O, bütün yaradıcılığı
boyunca təmiz Azərbaycan dili necə olar, onu göstərib, onu öyrədib".
AYB-nin sədri, Xalq yazıçısı
Anar çıxışında
onu Vaqif Əlixanlı ilə birləşdirən "Qobustan"
jurnalından danışıb:
"Həm Vaqif, həm də mən "Qobustan"lıyıq.
Bizi "Qobustan" tanış edib və bu
günə qədər
də o birləşdirir.
Vaqif Əlixanlının Azərbaycan
ədəbiyyatı və
mədəniyyəti üçün
uzun illərdən bəri gördüyü işlər əvəzsizdir.
Onun
"Bulaq" verilişindəki
dili hər kəsə örnək idi. Hətta yazıçılar o cür
təmiz və obrazlı dildə yazmağa can atardılar.
O, təkcə yaradıcılığı
ilə deyil, eləcə də şəxsiyyəti, ziyalılığı,
istedadı, kübarlığı
ilə də dəyərlidir, həm də çox təvazökardır. Vaqif Əlixanlı
sözün, mədəniyyətin
keşiyində necə
ki, dayanır, bundan sonra da
hələ uzun illər bu cür
dayanacağına inanır
və onu Yazıçılar Birliyi
adından təbrik edirik".
Çıxışının ardından AYB sədri birliyin hədiyyəsini yubilyara təqdim edib.
Şair
Yusif Həsənbəy
Vaqif Əlixanlı ilə tanışlığından,
xatirələrindən bəhs
edib, onu heç zaman sözdən ayrı düşməyən adam adlandırıb.
Yubilyarı təbrik edən
millət vəkili Jalə Əliyeva ona minnətdarlığını
da ifadə edib: "Mən hələ uşaqlığımdan,
gəncliyimdən Vaqif
Əlixanlı imzası,
şəxsiyyəti ilə
tanışam. Hətta mənim
ədəbiyyata sevgimin
formalaşmasında Vaqif
müəllimin rolu əvəzsizdir. Mən hər
zaman buna görə ona minnətdaram. Vaqif müəllim
olduqca təvazökar,
sadə, mədəni
insandır. O, hər
zaman ədəbiyyata,
sözə, mədəniyyətimizə
canla-başla qulluq edib, heç zaman özünü göstərməyə çalışmayıb.
O, sözə sevgisi, sədaqəti ilə hər birimizə örnək ziyalıdır".
Xalq şairi
Nəriman Həsənzadə
Vaqif Əlixanlı ilə tanışlığından,
uzun illəri əhatə edən dostluğundan, onun mədəniyyətimizə töhfələrindən
danışıb.
Daha sonra Fikrət Qoca, Məhərrəm Qasımlı, Seyran Səxavət, Tahir Talıblı, Qulu Ağsəs, Elçin Hüseynbəyli, Vaqif Yusifli, Ramiz Həsənoğlu, Məmməd Oruc, Qulu Ağsəs, yubilyarın xanımı Şəfəq Əlixanlı və başqaları çıxış edərək Vaqif Əlixanlı haqqında xoş düşüncələrini bölüşüb, onu yubileyi münasibətilə təbrik ediblər.
Sonda çıxış edən Vaqif Əlixanlı ona göstərilən diqqətə görə AYB rəhbərliyinə, tədbir iştirakçılarına və çıxışçılara təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 31 yanvar.- S.7.