Şair Əli Tudənin həyat və fəaliyyət yoluna bir baxış

 

 

(Əvvəli ötən sayımızda)

... Bu sevincli günlərin ömrü cəmi bir il çəkir. 1946-cı il dekabrın 12-də şahın ordusu Azərbaycana soxulur. Bununla da Milli hökumət zorakılıqla dağıdılır. Hökumət üzvlərinin çoxu, o cümlədən, Əli Tudə də onlarla  birgə Naxçıvandan - Culfa rayonu ərazisindən Sovet Azərbaycanına keçirlər.

1946-cı ilin dekabrında yenidən Bakıya qayıdan Əli Tudə növbəti dəfə mühacir həyatı yaşamalı olur. Əlbəttə, Vətəndən kənarda, yaxud doğma vətəndə mühacir kimi yaşamaq və yaratmaq çox çətindir. Çünki yaradıcı insanın "... ruhu və qələmi azad olmaq üçün onun başı üstündə azad Vətən göyləri, ayağı altında azad Vətən torpağı olmalıdır. İnsanın gücü də, qüdrəti də Vətən torpağındadır. Vətəndən uzaq düşən adam budağından qopmuş yarpaq kimidir. Başsız küləklər onu qabağına qatıb hara istəsə apara bilər" (B.Azəroğlu). Siyasi mühacirlər - Ə.Tudə və Fəthi Xoşginabi qısa müddətdə "Yaşıl bağ"da bir otaqda qalırlar. Sonradan Əli İçərişəhərdə bir otağa köçür. Elə bu ərəfədə Azərbaycan SSR Yazıçılar İttifaqının sədri Səməd Vurğun bir gün gənc şairlə görüşərək onu bağrına basır. Görüş zamanı Əli Tudə Cənubdakı dəhşətli hadisələrdən danışır. Şair öz xatirələrində yazır ki, S.Vurğun "söhbət zamanı o taydakı döyüş günlərində yazdığımız şeirlərin hərarətli misralarından əzbər deyirdi. Mən onsuz da işi başından aşan məşhur şairin gənc demokratik ədəbiyyatımızın taleyini qayğıyla izlədiyinə heyran qaldım".

... Bir dəfə Yazıçılar İttifaqının Natəvan klubunda keçirilən ədəbi-bədii gecədə bir-birinin ardınca Cənub və Şimal şairləri şeir deyirlər. Ə.Tudə də "Mən nə gətirdim" şeirini söyləyir. Bu zaman gənc şair Əli Tudə Məmməd Səid Ordubadi ilə görüşüb tanış olur, yazıçı Əliyə "əsil şairsən" deyir. Həmin vaxt "İnqilab və mədəniyyət" jurnalının baş redaktoru Mehdi Hüseyn də Əli Tudə ilə görüşür. Görkəmli yazıçı sonradan Əli Tudənin şeirlərini alıb jurnalda çap etdirir.      

Bakıda İran konsulxanası fəaliyyət göstərdiyinə görə, bu taya keçən şairlər ehtiyatlanaraq mətbuat səhifələrində öz əsərlərini başqa imzalarla çap etdirirdilər. Əli Tudə də şeirlərini bir müddət C.Səbri imzası ilə (burada "C." hərfi "Cavadzadə" mənasındadır - A.Ş.) çap etdirir. İran konsulxanası Bakıdan köçüb gedəndən sonra isə hamı yenə öz əvvəlki imzasını bərpa edir.

... Bir gün Cənubdan gəlmiş şair və yazıçıları Səməd Vurğun yanına çağırır. Məclisdə o taydan gəlmiş Məhəmməd Biriya, İbrahim Zakir, Fəthi Xoşginabi, Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri və Jalə iştirak edirlər. Balaş Azəroğlu həmin görüşü belə xatırlayır: "Bir də məclisdə o zaman "İnqilab və mədəniyyət" adı ilə nəşr olunan jurnalın redaktoru Mehdi Hüseyn və İttifaqın (Yazıçılar İttifaqı nəzərdə tutulur - A.Ş.) katibi Əhməd Cəmil iştirak edirdi. S.Vurğun hamı ilə tək-tək salamlaşandan sonra vətənimizə işğalçıların tarix boyu hücumundan, xalqımızın yadellilərə qarşı mübarizəsindən danışaraq söhbəti bu günümüzə gətirib çıxardı: "Dünən düşmənə qarşı silahlı mübarizə edən siz fədai yazıçıların indi vəzifəsi budur ki, silahı qələmlə əvəz etsin. Siz heç vaxt ruhdan düşməyin, qələmi yerə qoymaq olmaz. İndi sizin düşmənə qarşı mübarizəniz yeni forma alır. Bizim qəzet və jurnallarımızın qapısı sizin üzünüzə açıqdır. Yazın, çap etdirək. Kitablarınızın da nəşrinə kömək edərik". ...Axırda S.Vurğun əlavə etdi ki, belə qərara gəlmişik, Azəroğlu İttifaqın orqanı olan jurnalda, Əli Tudə "Ədəbiyyat qəzeti"ndə işləsinlər... Hamı iclasın sonunda S.Vurğuna öz razılığını bildirdi".

Böyük ədəbiyyatşünas-tənqidçi M.C.Cəfərin redaktorluğu ilə nəşr olunan "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi vəzifəsinə işə düzələn Əli Tudə burada görkəmli şair və yazıçılarla yaxından ünsiyyətdə olur.

1947-ci ilin isti yay günlərinin birində Əli Tudə həmişə piyada gəzməyə üstünlük verən S.C.Pişəvəri ilə küçədə rastlaşır. Həmin ərəfədə Yazıçılar İttifaqında inqilab fədaisinə dövlət tərəfindən bir otaq verilmişdi. O, burada 1941-1945-ci illərdə Cənubi Azərbaycanda təlatümə gəlmiş milli azadlıq dalğalarının unudulmaz lövhələrini qələmə alırdı. Sən demə, bu, son görüş imiş... Meşələrdə hərbi təlim keçən döyüşçülərə baş çəkib qayıdan S.C.Pişəvərinin olduğu maşının erməni sürücüsü qəza törədir... Əməliyyat olunan Pişəvəri gözlərini əbədi  yumur. Bütün ömrünü doğma Vətəninin səadəti uğrunda mübarizəyə həsr edən S.C.Pişəvərini Buzovna qəsəbəsində dəfn edirlər, sonradan isə onun müqəddəs nəşi Fəxri Xiyabana köçürülür... Qeyd etmək yerinə düşür ki, inqilab, döyüş, iş, sonra mühacirət vaxtında ali təhsil almağa qoymasa da, Əli Tudə sonradan Azərbaycan Dövlət Universitetinə məhz S.C.Pişəvərinin tövsiyəsi ilə daxil olmuş və bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdi.

"Ədəbiyyat qəzeti"ndə işlədiyi günlərin birində Ə.Tudə icazə alıb Gəncəyə əmisi, dərzi Qulamla görüşə gedir. O, burada təsadüfən Mikayıl Rəfili ilə görüşüb Təbrizdən söhbət açırlar. Məhz elə bu zaman şairin "Gəncə" və "Göy göl" şeirləri yaranır.

1948-ci ilin iyun ayında İbrahim Zakir, Mədinə Gülgün, Balaş Azəroğlu ilə birlikdə Şuşada Yazıçılar İttifaqının istirahət evində dincələn Əli Tudə həmin günlərdə "Yaşayanlar görəcəkdir", "Qartal", "İsa bulağı" və Qarabağa aid bir sıra digər  şeirlərini yazır. Həmin şeirlər sentyabr ayında "Ədəbiyyat qəzeti"ndə nəşr edilir. "İnqilab və mədəniyyət" jurnalında çap olunan "Bakının işıqları" şeirini bəyənib kabinetində ucadan oxuyan S.Vurğun Əli Tudənin şeirinə münasibətini gözəl bənzətmə ilə bildirir: "Bu vəzn (13-lük heca - A.Ş.) sakit səhrada gedən dəvə karvanının ləngərli avazını xatırladır".

Əli Tudənin evində saxlanılan saralmış arxiv vərəqlərinin səhifələrində şairin Mərkəzi Komitənin katibi Həsən Həsənov, akademik Heydər Hüseynov, dekan Cəfər Xəndan, müəllimləri Mikayıl Rəfili, Əli Sultanlı, yazıçı və şairlərdən Süleyman Rüstəm, Əli Vəliyev, Əbülhəsən, Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Məmməd Rahim, Məhəmməd Biriya, Abbas Pənahi (Makulu), Hüseyn Abbaszadə, Sabit Rəhman, Əhməd Cəmil, Seyfəddin Dağlı, Tələt Əyyubov, Böyükağa Qasımzadə, Balaş Azəroğlu, Mədinə Gülgün, Əliağa Kürçaylı, İslam Səfərli və başqaları ilə bağlı unudulmaz xatirələri də yer alıb. Bu görüşlər şairin yaradıcılığına əhəmiyyətli təsirini göstərmişdir.

Əli Tudə 1950-ci ilin yayında, Aşıq Hüseyn Cavanın təkidilə, evlənmək qərarına gəlir. Aşıq gənc şairin əvvəldən tanıdığı Usta İbrahimin qızı, Kürdəmirdə məktəbdə dərs hissə müdiri işləyən Şəfiqəni məsləhət görür. Aşığın təklifilə qız Bakıya gəlir, Əli ilə görüşürlər. Aşıq Hüseyn Cavan və şairin əmisinin qaynı Kərəm elçiliyə gedirlər. Atası artıq həyatdan köçmüş olan qızın anası Umnisə xanımdan razılıq alırlar. Onu da qeyd etmək yerinə düşür ki, məhz bu zaman - toya hazırlıq ərəfəsində iş elə gətirir ki, Əlinin hələ Təbrizdə Sovet-İran Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən çapa hazırlanmış, ancaq məlum səbəblərdən elə mətbəədəcə yandırılmış "Cənub nəğmələri" adlı ilk kitabı Bakıda nəşr olunur. Ürəyi Cənub həsrətilə, qohum-əqrəba üçün çırpınan şairin 1950-ci ilin yayında keçirilən toyuna yalnız yoldaşları, dostları, tanışları yığışır. Həm pulsuz, həm də hədiyyəsiz keçən toyu Aşıq Hüseyn Cavan və Sahib Şükürov təmənnasız idarə edirlər.

1950-ci ilin dekabr ayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünlüyündə iştirak edən Ə.Tudə iranlı mühacirlərlə görüşmək fikrinə düşür. Lakin buna müəssər olmayan şair xatirələrində yazır: "Siyasi mühacir olduğumuza görə, sovet inzibati orqanlarında qeydiyyata alınmaq üçün Balaş Azəroğlunu, Mədinə Gülgünü, Jaləni və məni kiçik bir avtobusa mindirdilər. Erməni yazıçısı Markar Davtyanı bizə bələdçi verdilər. Geri qayıdanda isə bizi yazıçı Əvəz Sadığa tapşırdılar. Bizə Moskvada yaşayan İran siyasi mühacirlərilə görüşə icazə verilmədi". Azərbaycan ədəbiyyatı ongünlüyü İttifaqlar evinin Sütunlu salonunda təntənə ilə açılır, Səməd Vurğun çıxış edir. Tədbir keçirilən ərəfədə məşhur rus şairi Pavel Antakolski Əli Tudənin şeirləri ilə tanış olur, onların bir qismini rus dilinə tərcümə edir.

Yalnız 1947-ci ildə ali təhsil almaq imkanı yaranmış Əli Tudə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirir. "Azərnəşr"ə redaktor vəzifəsinə göndərilir. Bu ərəfədə gənc ailə sahibi olan Əli yaşayış şəraitini qismən yaxşılaşdırır - yaşadığı birotaqlı evə bitişik əlavə bir otaq da tikir. Bundan sonra Gəncədə yaşayan əmisini də gətirib öz yanında saxlayır. Stalin öləndən sonra isə əmisi Vətən həsrətinə dözmür, Cənuba yollanır.

Azərbaycan Demokratik Firqəsinin Mərkəzi Komitəsi Ə.Tudəni Bakı Ali Partiya Məktəbinə oxumağa göndərir. Gənc şair gecə də, gündüz də oxuyur və işləyirdi. Yazılarını evdə Şəfiqə xanım makinada yazır, uşağa da baxırdı. Şəfiqə xanım şairin həddən artıq işləməyindən narahat olardı. Çünki Əli Tudə istirahətinə fikir verən deyildi. Beləliklə də, o, tezliklə xəstələnir və Partiya məktəbində təhsilini yarımçıq qoyaraq müalicəyə başlayır. 1956-cı ilin yayında otaylı həkim Cavad Təqdisi ilə Latviyaya, Liepaya şəhərində yerləşən sanatoriyaya müalicəyə gedir. Dauqava çayının sahillərini gəzərkən çaya baxa-baxa "Çay daşları" adlı şeirini yazır, Latviyanın valehedici təbiətinə bir neçə şeir həsr edir. Leninqradda Ermitaj muzeyini gəzərkən isə hətta Ərdəbildəki Şeyx Səfi məqbərəsindən gətirilmiş nadir əşyalara da rast gələrək kövrəlir...

Əli Tudə 1952-1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi şöbə müdiri vəzifələrində işləyir. Respublika və ümumittifaq əhəmiyyətli müxtəlif tədbirlərdə müntəzəm olaraq iştirak edən Ə.Tudə bundan sonra ta ömrünün sonunadək bütün qüvvəsini yaradıcılığa həsr edir. 

1958-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuş şair Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987) fəxri adlarını almış, 1946-cı ilin baharında Milli hökumətin Milli Məclisi tərəfindən siyasi, ictimai və ədəbi fəaliyyətinə görə "21 Azər", 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir. Anadan olmasının 60 illiyi münasibətilə şairə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı verilmişdir. 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir.

Beləliklə, orta məktəb illərində Bakıdan başlanan yaradıcılıq yolu, erkən gənclik çağında Təbriz ədəbi mühiti, sonradan yenə qaynar Bakı ədəbi həyatı Əli Tudənin həqiqi vətənpərvər ziyalı, sevilən şair və yazıçı, maarifçi, naşir, publisist kimi yetişməsində mühüm rol oynamışdır.

Əli Tudə yarım əsrdən çox siyasi mühacir adı altında yaşamalı olmuşdur. Bütün həyatı qaçhaqaç-qovhaqovda, qadağalarda keçmiş şair illərlə gah Şimalda, gah da Cənubda məskunlaşaraq ömrü boyu ağır mühacir həyatı sürmüş və bu həyatı "ayrılıq imtahanı" adlandırmışdır. Şair bununla bağlı "Zindanda ağarmış saçlar" xatirə-hekayəsində yazırdı: "Həyatın saysız-hesabsız imtahanları vardır. Bu imtahanlar içərisində ən ağırı mühacirət-ayrılıq imtahanıdır. Belə ciddi imtahanda mühacirin Vətənə də, xalqa da, əqidəyə də münasibəti dönə-dönə yoxlanılır. Daha doğrusu, mühacirin ürəyində yaxşı-yaman nə varsa, hamısı onun davranışında, baxışında, söhbətində açıq-aydın duyulur. Mühacirət həm mərd, həm də namərd sifətləri doğru-düzgün əks etdirən böyük həqiqət güzgüsüdür!" Bəli, bu həqiqət güzgüsündə Əli Tudə mərd sifətilə necə də möhtəşəm göründü! Ədəbiyyatşünas-alim Elman Quliyev şairi ideyaları uğrunda parlayan günəşə bənzədir: "Əli Tudənin Vətən birliyi, azadlıq ideyaları, tarixi haqsızlığa qarşı kəskin etirazı, yüksək ideyalı yaradıcılığı, sözün həqiqi mənasında, öz sözlərilə desək, "böyük həqiqət güzgüsü"dür. Şairin poeziyası daha çox öz taleyinin bədii əksinə çevrildiyindən, bu sənətdə ayrılıq, həsrət, nisgil motivləri öz aydın təzahürünü tapır. Əli Tudənin çoxsahəli yaradıcılığında Vətənin tarixi keçmişi, bugünkü problemləri, onun gələcək həyatı ən yüksək fəlsəfi deyim tərzində ifadə olunur. Buna görə də sanki o, bir sənətkar, əsl vətəndaş kimi öz idealları yolunda əriyən şama bənzəyir. Lakin bu vəziyyətdə şair öz ideallarına işıq bəxş etdiyindən şamdan çox günəşi xatırladır".

O tayda da, bu tayda da yaşadığı illərdə şair Vətənin azadlığı və bütövlüyü uğrunda aparılan ideyalara sadiq qalmış, qəlbi həmişə belə müqəddəs amallarla döyünmüş və ömrü boyu öz yaradıcılığında nə isə axtaran şair, istədiyini məhz elə şeirlərində tapmışdı.

Lakin o, Təbrizdə olduğu kimi, Bakıda da sakit dayana bilmədi. Xalqını, millətini həmişəlik azad görmək arzusu onu rahat buraxmadı. Son nəfəsinədək Vətən həsrəti ilə dolu ürəyi xalqın müstəqilliyi və azadlığı üçün döyündü. Bu yolda yorulmadan mübarizə apardı. Üzdən həmişə şən, qayğısız, gülərüz görünsə də, ömrünün axırına qədər içində "Azərbaycan" adlı bir həsrət və nisgil gəzdirdi.

Saf ürəyi həmişə azad Vətən duyğuları ilə çırpınan Əli Tudə Təbrizə necə getmişdisə, Bakıya da elə dönmüşdü - əlləri boş, ürəyi dərya kimi daima çağlar və dolu. Niyyəti də gündüz kimi aydın idi. Daima xalqına bağlı olmuş, bütün ömrünü məhz azadlıq, bütövlük ideyaları uğrunda sərf etmiş şairi heç bir vasitə öz məsləkindən döndərə bilməmişdir. Doğma Vətənini azad görmək arzusundan, məqsədindən döndərməkmi olardı? Bütün  çıxışları cəsarət tələb edən, həmişə təqiblərə məruz qalan, hər anı belə təhlükədə olan, lakin müqəddəs bir amala qulluq edən bir insan, Vətən oğlu heç inadından, bu müqəddəs yoldan dönərdimi? Nəyə gərək idi ucuz şan-şöhrət, imperiya cəlladlarının qarşısında əyilmək, alçalmaq və bunun müqabilində də cah-cəlal içində yaşamaq?! Yalnız "torpağını öpəndə əyilən" şair ömrü boyu heç kəsə əyilmədi, vicdanı da Savalanın qarıtək təmiz qaldı. Xalqın şairi Vətən həsrətilə dünyadan köçdü. Və nə vaxtsa həmvətənlərinin azadlığa qovuşacaqları, firavan yaşayacaqları ümidi ilə gözlərini əbədi yumdu. Şair heç vaxt heç kimdən heç nə ummadı. 

Azərbaycan mühacir ədəbiyyatının mücahidi Ə.Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat etdi, Fəxri Xiyabanda dəfn olundu.

 

Ağahüseyn ŞÜKÜROV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 31 yanvar.- S.6.