İtalyan yazıçısının pandemiyadan qorunma modeli

 

BOKKAÇÇO “QARA ÖLÜM”Ə QARŞI HANSI FORMULU TƏKLİF EDİR?

 

Yaşadığımız və ya arzu etdiyimiz həyatın bədii əksi, düşündüklərimizin ifadəsi və ya sükutumuzun dili olan bədii ədəbiyyat tarixin fərqli dönəmlərində ən müxtəlif hadisələrin şahidi və yaşadıcısı olmuşdur.

 Koronavirusun (COVID-19) dünya insanını ağır məngənəyə saldığı bu günlərdə dünya ədəbiyyatına diqqət yetirdikdə çox sayda əsərlərə təsadüf edirik ki, onlarda epidemiyalar, pandemiyalar, yoluxucu xəstəliklər tüğyan etdiyi dövrdə baş verən hadisələr qələmə alınmış, yazıçılar bu qlobal problemə münasibət göstərmişlər. Qərb ədəbiyyatında, xüsusilə də, Avropanı bürüyən və milyonlarla insanın faciəsinə səbəb olan pandemiyanı əks etdirən italyan ədibi Covanni Bokkaççonun “Dekameron”, İngiltərədə XVI əsrdə yayılmış vəba xəstəliyini təsvir edən ingilis yazıçısı Daniel Defonun “Vəba ilinin gündəliyi” (1722) və Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını bədii yaradıcılığına gətirən fransız yazıçısı Alber Kamü “Taun” (1947) romanı  kimi məşhur əsərlərdə yazıçılar ölümcül xəstəliklərdən “qurtuluş yollarını” axtardılar. 

XIV əsr məşhur italyan yazıçısı Covanni Bokkaççonun (1313-1375) “Dekameron” əsəri  Avropanı, eləcə də İtalyanı bürüyən pandemiyanın başlamasından sonra, 1352-1354-cü illərdə yazılmışdır. “Qara ölüm” və ya “qara vəba” adlandırılan bu xəstəlik tarixə ikinci vəba pandemiyası kimi daxil olmuş, Asiyadan Avropaya keçmişdir. 1346-1353-cü illərdə pik nöqtəsini yaşamış, təsiri o qədər güclü olmuşdur ki, “qara ölüm”ün təkrar infeksiyaları XIX əsrə qədər davam etmişdir.

Ümumi qəbul olunan fikrə görə, veba ilk olaraq Çində ortaya çıxmış, Baykal gölü və Aşağı Volqa civarında irəliləmiş, 1345-ci ildə Krımdakı Genuya koloniyasını mühasirə edən Moğol orduları xəstə ölüləri şəhərə apardığı üçün Kefeyə gəlmişdir. Kefe o vaxtlar Avropa tacirlərinin tez-tez gəldiyi yer olduğundan nəticədə xəstəlik Siciliya yolu ilə Avropaya keçmişdir.

Pandemiya nəticəsində on milyonlarla insan xəstəliyin qurbanı olmuş   müxtəlif hesablamalara görə, Avropa əhalisinin 30 faizdən 60 faizə qədəri xəstəlikdən ölmüşdü. Xəstəlik səbəbindən qitənin demoqrafik xəritəsi dəyişmiş, psixoloji güvənsizlik və qorxunun güclənməsi, sosial münasibətlərin zəifləməsi, bir sıra sosial-iqtisadi və siyasi problemlərin qabarması kimi məsələlər ortaya çıxmışdır.

“Dekameron” əsəri 10 gəncin – 7 qadın və 3 kişinin xəstəlikdən, qara ölümün əhatəsinə aldığı Florensiyadan qaçıb şəhərkənarı villada məskunlaşması və gənclərin on gün müddətində hər gün hərəsinin bir novella danışmasından bəhs edir. Beləliklə, əsərdə yüz novella təqdim olunur: “...Mən, gücü az olanlara kömək etməkdə fələyin xəsislik göstərdiyini (biz bunu zəif qadınlarda gördük) nəzərə alıb, onun bu ədalətsizliyini bir az düzəltmək fikri ilə, sevən qadınların (başqaları iynə ilə, iy ilə, cəhrə ilə kifayətlənirlər) köməyinə çatmaq, onları əyləndirmək üçün on gün içərisində yeddi xanımla üç cavan oğlanın məclisində, keçmişdə baş verən fəlakətli taun xəstəliyi günlərində söylənilən yüz hekayəni, yaxud bizim dediyimiz kimi, təmsili, ibrətli hekayəni və əhvalatı, həmçinin, xanımların öz kefləri üçün oxuduğu bir neçə nəğməni sevənlərə təqdim edirəm”.

Həftə sonları ərzində heç bir hekayə danışılmadığı üçün bütün hadisələr iki həftə davam edir və aksiya bitdikdən sonra yenidən çərşənbə günü gənclər Florensiyaya qayıdırlar.

Bokkaçço pandemiyanın yaratdığı xaosa qarşı qəhrəmanlarını, müasir ifadə ilə söyləsək,

karantin”ə aldığı 14 gün ərzində öz cəmiyyət modelini təqdim edir. 

Hər gün gənclərdən birinin kral seçilməsi hakimiyyətdə seçimliliyi, yeni mövzuların müəyyən edilməsi cəmiyyətdəki söz azadlığını təmsil edir, əslində. Novellalarda italyan aristokratiyası, dini mövzu və dini xurafatın tənqidi, din xadimlərinin saxtakarlığı, sevgi və əxlaq, qadınlar, qəhrəmanlar, cəmiyyətin fərqli təbəqələri haqqında fikirlər, hətta italyan xalq nəğmələri təqdim olunur. Bokkaççonun ağıla, xeyirxahlığa, gözəlliyə, azadlığa və qaydalara uyğun ideal cəmiyyət modeli göstərməsinin alt qatında “dəyərlərini itirmiş cəmiyyət ən ağır pandemiyaya uğramışdır” düşüncəsini söyləmək istəməsi dayanmaqdadır.  Əsər “ölümün astanasında yaşam ehtirası”

kimi də dəyərləndirilir. Qadınlar xəstəlikdən qurtarmaq üçün “Allahın bağışlamasını” gözləyirlər: “Orada quş səslərini dinlər, vadiləri və təpələrin yaşıllaşdığını, çeşid-çeşid ağacları və mavi göyü seyr edərik. Təmiz hava alır, bol-bol təmiz qida taparıq. Sinirlərimizə toxunan şeylərdən uzaqlaşmış olarıq... Allahın bağışlamasının verəcəyi sonu gözləyərək vəziyyətə uyğun olaraq həyatın dadını yaşayarıq”.

Əsərdə xəstəliyin baş verməsinə münasibət və psixoloji yanaşmada müasir tendensiyalara oxşar cəhətlər də az deyil. “Dekameron” orta əsrlərin böhran dövrünün məhsuludur. Əsər insan pozğunluğunun cəmiyyətdə hökm sürdüyü, dini, əxlaqi dəyərlərin itdiyi, dövlətçilik problemlərinin önə çıxdığı zamanın fonunda ortaya çıxmışdır. Bokkaçço həmin mənzərəni belə ümumiləşdirirdi: “...Ulduzların təsiri nəticəsindənmi, ya bizim günahlarımıza görə Allahın öz bəndələrinə ədalətli qəzəbi tutduğundanmı, bundan bir neçə il əvvəl bu xəstəlik şərq əyalətlərində baş vermişdi, o əyalətləri hədsiz-hesabsız adamdan məhrum etdikdən sonra dayanmadan bir yerdən başqa yerə hərəkət etmiş, dəhşətli halda yayılaraq, gəlib qərbə də çatmışdır. Nə insanların hikmətli tədbirləri, nə də ehtiyat üçün görülən sərəncamlar onun qarşısını ala bilməmişdir. Mömin adamların düzəltdikləri dini mərasimlərin və ya başqa yollarla bir neçə dəfə təkrar etdikləri duaların da köməyi olmadı”.

Əsərdə katoliklərin kilsə əxlaqının boşluğunu göstərən çox sayda örnəklərin təqdimi yazıçının cəmiyyət böhranının əsas səbəblərində həmin faktların dayanmasını göstərmək istədiyini də istisna etmir: “Yalnız xalq deyil, monastrdakılar belə şəhvət daşqınlıqları içində ölümdən qurtarmaq üçün din bağlarını çözüb tənin həzzlərinə düşmüşdülər”. Novvellalardan birində pahib və xəstə arasında maraqlı bir söhbətə təsadüf edirik:

“-  Etdiyin başqa bir şey varmı?

- Bəli, bir də kilsədə yerə tüpürdüm.

- Bu, vicdan əzabı verəcək bir şey deyil, biz rahiblər bunu bütün günü edərik.

- Lakin, çox pis. Allaha ibadət edilən kilsə hər yerdən təmiz tutulmalı”.

Burada Bokkaçço bir tərəfdən rahib əxlaqına ironik yanaşırsa, digər tərəfdən təmizliyin insan və Tanrı qatındakı vacibliyinə diqqəti yönəldir.

Xəstəliyin tüğyan etdiyi mövsum də dövrümüzlə, əsasən, eynidir: “Təxminən həmin il yaz girəndə xəstəlik dəhşətli və əcaib bir şəkildə öz acınacaqlı təsirini göstərməyə başladı”.

Əsərdə pandemiyanı dayandırmaq məqsədi ilə görülən tədbirlər də ümumi və oxşar xarekter daşıyır: “Bunun üçün xüsusi olaraq təyin edilən adamlar şəhəri zir-zibildən, çirkabdan təmizləmiş, xəstələrin bir yerdən başqa yerə aparılması qadağan edilmiş, insanların səhhətini qorumaq üçün təlimatlar nəşr edilmişdi”.

Bokkaçço yoluxucu xəstəliyin digərlərinə ötürülməsi yollarını təsvir edərkən də maraqlı məqamlara təsadüf edirik: “Taun daha çox ona görə yayılırdı ki, sağlam adamlar xəstələrlə ünsiyyət etdikdə (quru ya yağlı bir şeyi oda yaxın tutduqda alışan kimi) xəstəlik də onlara keçirdi. Müsibətin dəhşəti daha çox burasında idi ki, xəstəlik sağlam adamlara ancaq söhbətlə, ya ünsiyyətlə keçməklə ölümün artmasına səbəb olmurdu; xəstənin toxunduğu, ya istifadə etdiyi paltarına, yaxud başqa şeylərinə sağlam bir adam toxunsaydı, xəstəlik ona da yoluxurdu”.

Bokkaçço dəhşətli xəstəliyin, insanları qarabaqara izləyən ölümün cəmiyyətdə doğurduğu psixoloji fərqliliyi, əhval-ruhiyyəni də dəqiqliklə ifadə etmişdir. XIV əsr İtalya aristokratiyası üçün xarakterik olan bu ruh halını təsvir edən sətrləri oxumaq həm o dövr insanının xəstəlik qarşısındakı çıxış yolları haqqındakı düşüncələrini izləməyə imkan verir, həm də mövcud durumlardakı seçimləri göstərir: “Belə və buna oxşar, bundan da dəhşətli hadisələr sağ qalanlarda qorxu və fantaziya əmələ gətirmişdi, onlar amansız bir məqsədə doğru meyil edirdilər: xəstələrə yaxın durmurdular, onlarla ünsiyyət etmirdilər, əşyalarına toxunmurdular, bununla da xəstəlikdən qorunacaqlarını zənn edirdilər”.

Digər bir qrup isə təlaşı təcrid metodu ilə sakitləşdirmək, qapalılıq tərzinə keçməyə üstünlük verənlər idi: “Bəziləri elə güman edirdi ki, mötədil bir həyat keçirmək, israfçılıqdan çəkinmək bu fəlakətlə mübarizədə adama çox kömək edir. Onlar dəstə-dəstə yığışaraq, xəstə olmayan evlərdə gizlənir, qapıları bağlayaraq, başqalarından kənarda yaşayırdılar, bu onların özü üçün daha əlverişli idi. Onlar çox qənaətlə gözəl yeməklər yeyir, çox qənaətlə də yaxşı şərab içirdilər, israfçılığa yol vermirdilər, heç kəsi özləri ilə danışmağa qoymurdular, kənardan xəbər tutmaq, ölənlər, yaxud xəstələnənlər haqqında heç bir şey bilmək istəmirdilər, vaxtlarını mümkün qədər musiqi ilə, zövq almaqla keçirirdilər”.

“Bəziləri də tamam başqa fikirdə idi: onlar deyirdilər ki, çox içmək, çoxlu kef çəkmək, nəğmə oxuya-oxuya” deyən yazıçı “beşgünlük dünya” fəlsəfəsi ilə yaşayan insanların olduğunu da nəzər çatdırır.

Təbii ki, bütün bunlar xarakteri, müalicə üsulları və yolları uyğun olan xəstəliklərdə göstərilən ümumi münasibətin, görülən oxşar tədbirlərin müxtəlif zamanlarda cərəyan etməsindən asılı olmayan xüsusiyyətlərinin təzahürüdür. Bokkaçço 14 günlük təcrid dönəmində xəstəliyə qarşı mübarizənin və onun törətdiyi mənəvi-psixoloji böhranın aradan qaldırılması üçün öz modelini təklif edir. Əlbəttə ki, bu əsərdə digər çox mühüm məsələlər də öz əksini tapmış, dünya ədəbiyyatına müzakirə üçün önəmli məsələlər irəli sürülmüşdür. Bokkaççonun qəhrəmanları 14 gündən sonra cəmiyyət qayıdır, demək artık xəstəlik bitmiş, təhlükə aradan qalxmışdır. Demək sirr, çözüm 10 gün ərzində söylənilmiş 100 novelladadır. Yazıçı bu novellalarda “Allah uğrunda nə edilirsə, vicdanı ləkələmədən edilməli, əks halda bu böyük günahdır”, “ağılsızlıq insanı ən böyük səadətdən ən dərin səfalətə düşürə bilər. Bunun əksinə isə ağıl insanı ən böyük təhlükədən qurtararaq tam bir hüzura qovuşdura bilər”, “zərif bir nöqtəni anlayabilən və anlarsa da cavablandıra bilən çox az qadının olması nə qədər hüzünlüdür. Çünki zamanımızda artıq zəkaya deyil, vücud gözəlliyinə etibar edilməkdədir. Bir qadın nə qədər bəzənib boyanarsa, o qədər çox hörmət və etibar gözləməkdədir” və digər bu kimi müxtəlif dövrlər üçün aktual və əhəmiyyətli olan fikirlər irəli sürür, dəyərləri və onlara hörməti önə çəkir.

Covanni Bokkaççonun “Dekameron” əsərində pandemiyanın səbəbləri, onun insanlara vurduğu mənəvi-psixoloji zərbələri və ona gətirib çıxaran mənəvi aşınmanın müxtəlif cəhətlərini ayırd etmək mümkündür. Lakin nəticə olaraq bu bir tarixə gömülmüş hadisələrin təsvirini yaradan əsərdir. Yaşadığımız çağdaş dönəmi bürüyən pandemiyanın da böyük əsərlərin mövzusu olacağı istisna deyil. Önəmli olan onun daha böyük fəlakətlərə yol açmadan tarixə gömülməsidir.

 

Bəsirə ƏZİZƏLİ

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 8 aprel.- S.20.