“Son vaxtlar həyat sanki öz məcrasından
çıxmışdı...”
USTAD
TƏRCÜMƏÇİ VİLAYƏT HACIYEVİN BU
GÜN 70 YAŞI TAMAM OLUR
Aprelin 1-i Azərbaycanın ustad tərcüməçisi,
dəyərli ədəbiyyatşünas Vilayət
Hacıyevin doğum günüdür. Builki doğum
günü həm də yubiley olması ilə əlamətdardır:
Vilayət müəllim 70 yaşını qeyd edir.
Danılmaz faktdır ki, Vilayət
Hacıyev çağdaş tərcüməçiliyimizin
canlı korifeyidir, onun bu sahədəki
yaradıcılığı isə əsl məktəb səviyyəsinə
yüksəlib. Almandilli ədəbiyyatın ana dilimizə ali peşəkarlıqla çevrilməsində
Vilayət müəllimin müstəsna rolu var.
Vilayət Hacıyevin 70 illiyinin tamam
olması, hər nə qədər narahat, qayğılı
bir dönəmə təsadüf etsə belə, Azərbaycan
ədəbi-ictimai mühiti üçün olduqca fərəhli
hadisədir. Bu münasibətlə Vilayət
müəllimi ürəkdən təbrik edir, ona möhkəm
sağlamlıq, könül rahatlığı və yeni
yaradıcılıq uğurları diləyir, görkəmli
tərcüməçimizlə müsahibəni oxucuların
diqqətinə çatdırırıq.
- Vilayət müəllim, 70 illik
yubileyinizi necə qeyd etməyi
düşünmüşdünüz?
- Mən,
adətən, buna cəhd etmirəm, xüsusi bir
hazırlığım olmur. Həmişə
dost-tanışlarım, tələbələrim nəsə
təşkil edirlər. Bu il
özüm istəyirdim nəsə edim. Amma
karantinə görə alınmadı. Evdə
oturub təbrikləri qəbul etməklə məşğulam
(gülür). Ümid edirəm, bu pandemiya
tezliklə aradan qalxacaq, normal həyatımıza davam edəcəyik.
- Karantin günlərindən necə
faydalanırsınız?
- Məni
yaxından tanıyanlar bilirlər ki, tətil günlərini əvvəlcədən,
təqvimlə
müəyyənləşdirib planlar qururam. Çünki mən həmişə işləmişəm
deyə, yaradıcılıqla, adətən, həftəsonu
məşğul olmuşam. Amma
maraqlıdır ki, nə Novruz tətilində, nə indiki vəziyyətə
görə çıxdığım bir aylıq məzuniyyət
günlərində əlim işə yatır. Belə vəziyyətə vaxtilə 20 Yanvar hadisələrindən
sonra düşmüşdüm. Yadımdadır,
Böllün “Bir təlxəyin düşüncələri”
romanını tərcümə edirdim. Yarımçıq
qaldı. Uzun müddət, on ildən
çox tərcüməyə qayıtmadım. Ümumiyyətlə, qayıda bilmədim. İndi qorxuram, yenə o cür olsun. Özümü məcbur edirəm, amma
alınmır, məndən asılı deyil. Görünür, psixoloji vəziyyətlə,
dünyada hökm sürən gərginliklə
bağlıdır. Ümid edirəm,
keçib gedəcək.
- Söhbət tərcümədən
düşmüşkən, bilmək olarmı indi hansı əsərin
tərcüməsilə məşğulsunuz?
- Əlbəttə. Bayramdan bir neçə gün əvvəl
gənc Avstriya-alman yazıçısı Daniel Keelmanın
“Dünyanın arşını” romanını bitirib göndərdim
nəşriyyata. Hazırda isə daha bir alman ədibi
Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi”
romanı üzərində işləyirəm.
Çalışıram ki, oxucularımız klassiklərlə
bərabər çağdaş Almaniya ədəbiyyatı ilə
də tanış olsunlar. Keelman
kifayət qədər məşhur yazıçıdır.
Sözügedən romanı 10 il ərzində
50-dən çox dilə çevrilib. Bir az
əvvəl kitabın redaktoru zəng vurmuşdu, dedi ki, xeyli
oxuyub, hələlik yaxşı gedir. Görək,
sonra nə olur. Onu da deyim ki, bir qədər
ağır, postmodernist mətndir. Elmi tərəfləri
çoxdur. Gərək, ən azından,
astrologiyadan, coğrafiyaşünaslıqdan məlumatlı
olasan. Baza tələb edir oxucudan. Kumpfmüllerin əsəri isə Kafkanın
ömrünün son ilindən bəhs edir. Bir hissəsini artıq tərcümə etmişəm.
“Xəzər” jurnalının növbəti
sayında çap olunacaq. Yəqin ki, bir
neçə nömrə davam edəcək. Sonra da kitab halında çıxacaq.
- Yaradıcı insan, tərcüməçi
kimi pandemiya və karantinə baxışınız
maraqlıdır...
-
Araşdırmalar, analizlər, məqalələr oxuyuram bu
barədə. Maraqlıdır ki, sanki yüz ildən
bir dünyanı silkələyən hadisələr baş
verir. Hər halda bu, təbitətin
qisasıdır, məncə. Son vaxtlar həyat
sanki öz məcrasından çıxmışdı.
Yəqin təbiət yenidən həyatın
axarını öz yoluna qaytarmaq istəyir. Məncə, hazırkı vəziyyət
insanların daxili aləminin dəyişməsinə kömək
edəcək. Nəyisə dəyişmək,
nəyisə dərk etmək üçün gərək təbiət
bizi bir qədər silkələsin. Məni həmişə
bu sual maraqlandırır: biz niyə bu dəhşətləri
mütləq görməliyik ki, səhvimizi başa
düşək? Halbuki elmin, texnologiyanın bu qədər
inkişaf etdiyi bir dövrdə bunu özümüz
anlamalıyıq. Tərcümə etdiyim
romanda, dolayı da olsa, bu məsələyə toxunulur.
Ümumiyyətlə, təbiət
çalışır ki, həmişə öz axarı ilə
getsin. Onun yolunu dəyişmək olmaz.
Təbiətin işinə qarışmaqla
nizamı pozuruq. O da bu yolla bizdən qisas alır.
- Yaşadığımız bu
günləri indiyədək tərcümə etdiyiniz, ya da
oxuduğunuz hansı əsərdəki ən çətin,
ağır məqamla müqayisə edərdiniz?
- Mənə
elə gəlir ki, ən dəhşətlisi budur. Müxtəlif dövrlərdə oxşar hallar
üzə çıxsa da, indiki kimi informasiya axını
olmadığından bu qədər qabardılmır,
dünyanı yerindən silkələmirdi. Sən deyən xəbərdar da olmurduq. Məsələn,
təxminən 100 il əvvəl ortaya
çıxan ispan qripi 100 milyona yaxın tələfata səbəb
olub. Amma bu rəqəmi sadəcə statistika
kimi qəbul etmiş, ciddi yanaşmamışdıq. İndi-indi mahiyyətinə varırıq. Heç Azərbaycanda olub-olmadığından da xəbərsizdik.
Məsələn, taunun özünü belə
əsərlərdən oxuyub bilmişik.
- Remark, Böll, Hesse kimi nəhənglərdən
tərcümələr etmisiniz. Bəs sizcə, ən
yaxşı tərcüməniz hansıdır?
- Bu suala
cavab verəndə əksərən “əsərlərim də
övlad kimidir, ayrı-seçkilik etmək çətin
olar” deyirlər. Mənə uğur qazandıran
ilk tərcüməm Erix Maria Remarkın “Zəfər
tağı” romanı olub. Mənim ilk kitab
tərcüməmdir. O vaxt çox yaxşı
qarşılanmışdı. Həmin dövrdə
Yazıçılar İttifaqına üzv olmaq asan deyildi.
O tərcüməyə görə ittifaqa üzv qəbul
edildim. Ancaq maraqlıdır ki, daha çox
xatırlanan, yayılan Herman Hessenin “Yalquzaq” romanıdır.
Dörd dəfədən çox çap
olunub. Ziyalılar da təqdir edirlər.
Sonra 2012-ci ildə Frans Kafkanın “Məhkəmə”
romanını Azərbaycan dilinə tərcümə etdiyim
üçün “Tofiq Bayram” mükafatı almışam. Ötən il
isə orijinaldan bədii tərcümə nominasiyası
üzrə Haynrix Böllün “Kişisiz ev” romanına
görə, “Qızıl kəlmə”yə layiq
görülmüşəm.
- Azərbaycanda tərcümənin
problemləri, perspektiv barədə fikirləriniz
maraqlıdır...
- Həmişə
demişəm, bizdə, məsələn, ruslarda,
gürcülərdə olduğu kimi tərcümə məktəbi
olmayıb. Xüsusən,
2000-ci illərin əvvəllərində tərcümə
bumu yaşananda da qətiyyən narahat olmadım. Çünki nəyinsə yaranması
üçün çoxluq lazımdır ki, seçim
imkanı olsun. Bu məsələdə
optimistəm. Düzdür, orijinaldan tərcümə
problemi öz aktuallığını saxlayır. Bizdə bu sahədə mütəxəssis, demək
olar ki, yoxdur. Amma maraqlıdır ki,
ruscadan, eləcə də ikinci dildən tərcümənin
keyfiyyətində yaxşılaşma gözə
çarpır. Əvvəllər kommersiya
məqsədli tərcümələr daha çox idisə,
indi ədəbi meyarlar əsas götürülür. Mənə elə gəlir ki, yaxşı olacaq.
Özümün də əməkdaşı olduğum
Dövlət Tərcümə Mərkəzində Etimad
Başkeçid, Mahir Qarayev, Saday Budaqlı, Nəriman
Əbdürrəhmanlı, Fərhad Abdullayev kimi tərcüməçilər
toplanıb. Yazıçılar Birliyinin bu sahə ilə məşğul
olan, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi
var. Bunları nəzərə aldıqda demək olar ki, Azərbaycanda
tərcümə sahəsində proses müsbətə
doğru gedir. Çünki seçmək
üçün mütləq ələmək
lazımdır, ələmək üçünsə
seçim imkanı olmalıdır.
- Gənc tərcüməçilərə
münasibətiniz necədir?
-
Çox yaxşı! Elə alman dilindən tərcümə
edən Zaur Səttarlının, Nilufər Məmmədzadənin
tərcümələri uğurludur. Azad Yaşarın,
Svetlana Turanın, Seyfəddin Hüseynlinin fəaliyyətini
qiymətləndirmək lazımdır. Adını çəkəcəyim
çox adam var, Qabriel Qarsiya Markesin
“Yüz ilin tənhalığı” əsərini tərcümə
edən Günel Mövludu, eləcə də Hessenin əsərlərini
çevirən Kifayət Haqverdiyevanı da nümunə
göstərmək olar. Bütünlükdə
gənc tərcüməçilərdən söhbət
gedirsə, həmişə onların gələcəyinə
inanmışam. Tövsiyə kimi onu deyə
bilərəm ki, təlsəməməyə, diqqətli
olmağa çalışsınlar. Tərcüməçiliyə
sənət kimi yanaşılması məni çox
sevindirir. Peşəkarlıqdan savayı, əsər
seçimi də vacib amildir. Hər bəyənilən
əsəri deyil, Azərbaycan ədəbiyyatı, mədəniyyəti
üçün xüsusi dəyər kəsb edənləri
tərcümə etmək lazımdır.
Tərcümə söz duyumu ilə bağlıdır. Duymaq və onu uğurlu
şəkildə ifadə etmək... Burda qayda
çoxdur. Amma ən əsası
sözü duymaqdır.
- Sizdən daha çox hansı
yöndə məsləhətlər alırlar və sizin hansı
tövsiyələriniz olur?
- İşlədiyim mühitdə tərcümə sənətinin qaymaqları toplaşıb, burada kimin kimdən öyrənməyini dəqiqləşdirmək çətindir. Hamımız bir-birimizdən öyrənirik. Gnclərə tövsiyəm isə bu sənətə ciddi yanaşmaq və tələsməməkdir. Hərdən saytlarda qəribə yazılar görürəm. Sanki tələsirlər ki, imzaları görünsün, tanınsın. Əvvəla, mükəmməl tərcümə mümkün deyil. Çünki yaradan bir dəfə yaradıb. Onu ikinci dəfə təkrarlamaq olmayacaq. Bunu yalnız Allah edə bilər. Biz imkan daxilində orijinala yaxın yaratmalıyıq. Özü də dilimizin qayda-qanunları çərçivəsində. Əsas məsələ tələsməməkdir. Tələsməmək, tələsməmək, yenə də tələsməmək...
- Nə kimi
yaradıcılıq planlarınız var?
- 70 yaş və planlar... (gülür) Amma var, bəzi planlarım var... Klassik alman ədəbiyyatı, necə deyərlər, yaralı yerimdir. Düzdür, müasirləri də çevirirəm, amma klassik əsərlərin tərcüməsinə xüsusi yanaşıram. Nəşriyyatdan da çox şey asılıdır. Şahbaz Xuduoğluya söz vermişəm ki, imkan olan kimi Kafkanın “Amerika” romanını tərcümə edəcəm. “Qəsr”i müəllimim Çərkəz Qurbanlı edib. Mən də “Məhkəmə”ni tərcümə etmişəm, “Amerika” qalıb... Sağlıq olsun.
Cavid QƏDİR
525-ci qəzet.- 2020.- 8 aprel.- S.17.