“Bu pandemiyanın mediaya və
ədəbiyyata ciddi təsirləri
olacaq”
Türk dünyası
yazarlarını bir araya gətirən Avrasiya Yazarlar Birliyi
bugünlərdə növbəti dəfə onlayn yazarlıq
kurslarına start verib. Dünyanın bir çox yerindən əsasən
türkdilli (istisnalar da var) gənclər onlayn şəkildə
bu kursa qstılıb tanınmış yazıçı və
şairlərdən dərs alırlar. Avrasiya Yazarlar Birliyinin
başqanı, tanınmış türk ədibi Yaqub Öməroğlu
ilə əlaqə saxlayıb həm bu kurslar haqqında
danışdıq, həm Türkiyədəki vəziyyətlə
maraqlandıq, həm də müxtəlif mövzularda
suallarımıza cavab aldıq:
- Yaqub bəy, Türkiyədə
son vəziyyət necədir?
-
Türkiyə də dünyanın əksər ölkələri
kimi koronavirusla ölüm-dirim mübarizəsindədir. Xalq
çox həyəcanlıdır, narahatlıq içərisindədir.
Digər tərəfdən isə dövlətin
gördüyü tədbirlərdən razıyıq.
Əslində, virus Türkiyəyə gəlməsi
bacardıqca gecikdirildi, amma gələcəkdi,
qaçış yox idi. Xəstəlik Türkiyədə də
yayılmağa başladı. Xüsusən İstanbul, Ankara,
İzmir, Konya, Adana kimi böyük şəhərlərdə
çox yayılması ilə bağlı rəqəmlər
açıqlanır və hər həftə tədbirlər
artdırılır. Dünən cənab Prezidentin
açıqlaması ilə 30 böyük şəhərə
və Zonquldağa nəqliyyatın
giriş-çıxışı qadağan edildi, bu şəhərlərdən
çıxmaq və oraya girmək xüsusi icazəylə
olacaq. Evlərdə karantindəyik. Bu, məcburi karantin deyil,
xalqın özü buna əməl etməyə razı
salındı. Doğrusu, ilk günlər karantini qəbul etməkdə
çətinlik çəkən insanlar olmuşdu. Fəqət
bu gün karantinin bütün Türkiyədə ciddiyyətlə
tətbiq edildiyini və xalqın da buna əməl etdiyini deyə
bilərik. Təbii, dünyayla birgə hər axşam rəqəmləri
izləyirik. Xəstəliyin nə qədər
yayılması, nə qədər test olunması və nə
qədər adamın vəfat etməsiylə bağlı. Həyəcanla
bunları təqib edirik. Amma alınan tədbirlərlə,
ümid edirik ki, Türkiyə bunu az itkiylə geridə
qoyacaq.
- Ankarada pandemiya əleyhinə nə
kimi ehtiyat tədbirləri görülür?
-
Ankara da Türkiyədəki ümumi tədbirlərin tətbiq
olunduğu şəhərdir. Əlbəttə, paytaxt
olmağı baxımından Anlkaranın digər zamanlarda da
Türkiyənin başqa şəhərlərindən fərqi
vardı. Ankaraya məmur şəhəri deyirlər.
Doğrusu, bu ifadə Ankara əhalisinin həm mədəni səviyyəsinin
yüksək olduğunun da bir ifadəsidir, həm də daha
intizamlı, daha çıx qanunlara riayət etmək
baxımından da nümunəvi olduğunun göstəricisidir.
65 yaşdan yuxarı insanların çölə
çıxması bütün Türkiyədə qadağan
olunub. Çünki o yaşdan yuxarı insanlarda xəstəlik
daha məyusedici nəticələr verə bilir. Yeni bir
qadağa isə 20 yaşdan aşağılar
üçündür. Onlar xəstəliyi daha yüngül
formada keçirirlər, doğrudur. Amma onlar heç xəstəlik
simptomları göstərmədən daşıyıcı
da ola bilirlər. Ona görə onların da çölə
çıxmağına qadağa qoyuldu. Ondan başqa
insanların çölə çıxmasıyla
bağlı bir qadağa yoxdur, amma bununla bağlı bir
tövsiyə var. İnsanlar da öz istəkləriylə bu
qaydalara uyurlar. Küçələr boşdur, sosial təmaslar
minimuma endirilmiş vəziyyətdədir. Ankara koronovirusa
yoluxanların sayına görə Türkiyədə
üçüncü yerdədir. Bunun bir səbəbi də
xaricdən gələnlərin karantinə
alındığı şəhərlərdən biri
olmasıdır. Ona görə də bu yüksək rəqəmlərin
çoxu xalqın arasında deyil, xəstəxanalarda,
karantində saxlanan insanlara aiddir.
- Dünyanın
düşdüyü bu vəziyyəti necə dəyərləndirirsiniz?
- Təəssüf
ki, hazırda dünyamız özünün ən
ağır dönəmlərindən birini, indiyədək
görünməyən bir durumu yaşayır. Virusun daha
çox yayıldığı və ağır fəsadlar
verdiyi bölgə baxımından, şimal yarımkürəsi
daha çətin durumdadır, burada daha çox insan xəstələndi
və dünyasını dəyişdi. Cənubdakı
ölkələrdə də xəstəlik var, amma orda rəqəmlər
daha az görünür. Halbuki cənubdakı ölkələrin
çoxunun səhiyyə sistemi şimalda yer alan ölkələrə
görə daha zəifdir. Hətta bəzi cənub ölkələrində
hansısa səhiyyə sistemindən bəhs etmək belə
mümkün deyil. Oralarda xəstəliyin daha az
yayılması və var olan xəstələrin də şimaldan
gedənlər olması, doğrusu, məni ümidləndirir.
Bu mənada ki, önümüz yazdır, günəş
işıqları daha şiddətli gəldikcə şimalda
da virusun yayılma sürətinin yavaşlayacağını
ümid edirəm. Bir qorxum da odur ki, şimalın isinməyi
ilə virus gücünü itirə bilər, doğrudur, amma
bu zaman da cənuba keçib orda xəstəlik yaratmaz,
inşallah. Son on illərdə koronavirusun başqa formaları
var idi. Məsələn, mətbuat vasitəsilə
kornanın SARS, MERS formalarının yarandığını
bilirik. İndi Covid-19 formasıdır dünyanı
bürüyən. Öncəki formalarında virus öz dirənişini
çox tez itirmişdi. Bu dəfə isə təəssüf
ki, çox sürətli yayılır. Bunun, əlbəttə,
sosial, ekonomik təsirləri olacaq. Bu pandemiyanın beynəlxalq
əlaqələrə də, media və ədəbiyyata da
ciddi təsirləri olacaq. Bu təsirlərin bir qismi əvvəldən
gözlədiyimiz və gələcəkdə dünya buaraya
doğru gedir deyə öncədən görülən
şeylərdir. Məsələn, rəqəmsal
yayınların artacağı, qəzetlərin kağız
formasının internet mediaya dönəcəyi, ənənəvi
televiziyaların önəmini itirib başqa cür
yayımların önə çıxacağına dair təxminlər
və öncəgörmələr vardı. Virusla birlikdə
bunların bir qismi çox sürətli şəkildə
gerçəkləşdi. Təhsilin məktəb xaricində
onlayın şəkildə davam etməsi, doğrusu, əvvəlki
illərdə də təxminlər arasında vardı və
bu virus həmin işi sürətləndirdi. Lakin bu virusla
birgə təmin edilməyən travmalar da yaşayır
dünyamız. Avropa Birliyi öz içində sıx əlaqələr
qurmuş kimi görünərkən bu gün hər kəs
öz problemilə məşğuldur, hərə öz dərdinə
düşüb. İtaliya, İspaniya bu birlikdən yardım
ala bilməməkdən şikayətlənir, Almaniya öz
sıxıntılarıyla məşğuldur, İngiltərə
başqa məsələlərin həllinə
çalışır. Beləliklə, burdakı Birliyin kriz
sonrasında ciddi yara alacağını, hətta bu gündən
yara aldığını söyləmək
mümkündür. ABŞ-dakı təsirlərini də
birlikdə izləyirik. Doğrusu, Amerikan səhiyyə
sisteminin zəiflik göstərdiyi məsələlər
virusa qarşı dirənməkdə bir maneəyə
çevrildi. Bu baxımdan Covid-19-dan əvvəlki və
sonrakı dönəmlər haqqında gələcəkdə
daha ətraflı danışmaq lazım olacaq. Məncə,
bu pandemiya dünyada əsaslı dəyişikliklərə
yol açacaq.
- Bu vəziyyət ədəbiyyata
necə təsir göstərəcək, sizcə?
-
Əlbəttə, təhsilin, mətbuatın internet məkanına
keçməyi, bunların ordan xalqa
çatdırılması ilə bu məkanlardakı
alqoritmaları müəyyənləşdirən güclərin
manipulyasiyaları baxımından da ədəbiyyat ciddi
yönləndirməyə məruz qala bilər. Bu baxımdan
bəzi yazarlar internetin alqoritmlərilə ön paana
çıxarılarkən, bəziləri çox qiymətli
əsərlər vermiş olsalar belə, bu məkanda
görünməz vəziyyətə gəlmiş olacaqlar.
Ona görə də bəlkə Sovet təcrübəsindəki
sətiraltı ədəbiyyatın yenidən
canlanacağını, dünyadakı bir çox yazarın
buna yönələcəyini düşünürəm. Və
ədəbiyyat baxımından da rəqəmsal məkanın
ciddi təsirləri özünü göstərəcək.
Ümumiyyətlə, bu vəziyyət siyasətə, ədəbiyyata,
iqtisadiyyata, hər sahəyə təsir göstərək,
ancaq ən çox təsiri mətbuata olacaq. Mətbuatın,
yayımcılığın rəqəmsala keçməsi
onsuz da gözlənilirdi, amma indi çox sürətli
keçdi. Gələcəkdə, pandemiyadan sonra da rəqəmsalın
bir vərdişə çevrilib davam edəcəyini təxmin
edirəm. Təbii, rəqəmsal məkan steril məkan
anlamına gəlmir. Hətta rəqəmsal məkanlarda ilk
gündən etibarən xakerlərin varlığını
düşünsək, bu da güvəniləcək bir yer
deyil. Buranı da idarə etmək, müdaxilə etmək istəyənlər
var. Bunlar bəzən dövlətlər, bəzən ideoloji
qruplar, bəzən firmalar, bəzən də fərdlərdir.
İndi mübarizə bu məkanın içərisində
davam edəcək. Rəqəmsal məkan mədəniyyəti
baxımından əksiklərin olduğunu
düşünürəm. Ədəbiyyat mövzu olaraq da
mütləq ki, bu günlərdən təsirlənir.
Keçmişə nəzərən bilirik ki, böyük
travmaların ədəbiyyatda yer alması üçün
üzərindən zaman keçməsi, unudulması lazım
olur. Türkiyədə Balkan müharibəsi, Birinci Dünya
Müharibəsiylə bağlı uzun müddət roman
yazılmadı. Yüz ildən sonra burdakı romanlarla
bağlı sanki bir partlayış yaşandı. Bu şoku
yazıçılar yüz ildə üstlərindən ata
bildilər. Edmundo de Amikis adlı italyan yazıçı
"İstanbul səyahətnaməsi” adlı kitabında
yazır: "Böyük hadisələrin yazıla bilməsi
üçün bir az onlardan uzaqlaşmaq, bir az da onları
unutmaq lazımdır”. Korona travmasını da ədəbiyyat
yazacaq, şübhəsiz ki. Amma təəccüblü olan
odur ki, yazıçılar bu haqda çox sürətlə
yazmağa başladılar. Biz "Kardeş kalemlər” dərgisinin
son sayında bir qazax şairinin koronavirusla bağlı
şeirini, Avstriyadan kursumuza qatılan bir
iştirakçının koronavirus barədə hekayəsini
yayınladıq. Virus və pandemiyalarla bağlı romanlar,
film ssenariləri keçmişdə də
yazılırdı, amma onlar macəra, fantaziya olaraq dəyərləndirilirdi.
İndi bu tərz əsərlər fantaziya olmaqdan
çıxıb hadisəyə, praktikaya çevriləcək.
Amma böyük pandemiyanın gerçək əsərlərə
çevrilməsi üçün müəyyən zaman
lazım olacaq ki, öncə şoku üstümüzdən
ata bilək.
- Sizin özünüzün nə
vaxtsa bu mövzuda əsər yazmağınız
mümkündürmü?
- Hər
kəs kimi mən də hələ izləməkdəyəm,
nə baş verdiyini anlamağa çalışıram.
Çox fərqli hadisələrə şahid oluruq. Korona xəstələrinə
xəstəxanadakı davranış, ölənlərin dəfn
edilməsi çox fərqli şəkildə olur. Yəni biz
də bütün dünya kimi ölülərimizi
özümüzə məxsus şəkildə dəfn edən
bir xalqıq. Bu həm də onların yaxınları ilə,
sevdikləri ilə vidalaşmağı kimi də başa
düşülə bilər. Məsələn, bu virusun
başqalarına da yayılmaması səbəbilə
koronavirusdan vəfat edənlər üçün belə mərasimlər
keçirilmir. Bir çox səbəbə görə xəstələrlə
onların yaxınları görüşə bilmirlər. Bu
da bizim xəstə və xəstə yaxınlarımzla əlaqəmizdə
narahatlıq yaradır. Biz xəstələrlə
maraqlanmağı özümüzə borc bilən, hətta
bunu edə bilməyəndə özümüzü
günahkar bilən bir mədəniyyətdən gəlirik.
Bugünlərdə yaşananları mən də digər
insanlar kimi başa düşməyə
çalışıram. Tam anlamadığım şey
haqqında isə nəsə yazmağa niyyətim yoxdur. Lakin
gələcəkdə bu günlər haqqında
danışılan bir hekayə yaza bilərəm.
Çünki bu, hər kəsə təsir edəcək.
Yazı yazmağa çalışanların yazısında,
hekayə yazanların hekayəsində, roman yazanlar bəlkə
bu mövzunu tam şəkildə deyil də, bir hissəsində
buna toxunacaqlar. Sənətin insanlığa bu qədər təsir
edən Covid-19 pandemiyasına biganə qalması, xüsusən
ədəbiyyatın bu mövzudan uzaq durması mümkün
deyil.
- Karantin günlərinizi necə
keçirirsiniz?
-
Şəxsən mənim izolyasiya günlərim
özümün də təəccüblənəcəyim
şəkildə gərgin keçir. Sən demə, nə qədər
işim var imiş... Çölə
çıxmırıq, buna görə də işə gedərkən
xərclədiyimiz zaman da bizə qalır. Amma səhər
masamın arxasına keçib axşama qədər işləsəm
də, axşam hələ də işlərim bitməmiş
olur, növbəti günə qalır. Doğrusu, bu, mənim
üçün də qəribə təcrübədir. Belə
olacağını heç düşünməzdim.
Darıxmağa vaxtım yoxdur. Bu günlərdə bir hekayə
də yazdım. Önümüzdəki izolyasiya günlərinin
də yarım qalmış işlərimi tamamlamaq
üçün fürsət verəcəyini ümid edirəm.
Uşaqlarla, ailəylə birlikdə keçiririk bu günləri.
Eləcə də hər gün bir neçə çölə
çıxmaq qadağası olan 65 yaşdan yuxarı
tanışlarıma zəng edib hal-əhval tuturam.
- Avrasiya Yazarlar Birliyi fəaliyyətini
necə davam etdirir?
- Birlik
heç dayanmadan fəaliyyətinə davam edir. Biz onlayn
işlərə öncəki illərdən öyrəşmiş
qurumuq. Balkanlarla, Avropayla onlayn yazar məktəbləri,
iclarlar keçirirdik. Bu fəaliyyətlərimiz yenə də
davam edir. Boqarıstandan bir tələbə qrupumuz var.
Yazarlık kurslarımıza, indi də türkcə
kurslarımız əlavə edildi. Həmin qrupa türkcə
dərslər veririk. İşini tamamlayan yazarlıq
kurslarımızın yerinə yenilərini başladıq.
Buna da öncəki kurslar kimi qatılanlar çoxdur. İdarə
heyəti iclaslarımızı onlayn keçiririk. Bu vasitəylə
gələcəkdə yazarların görüşlərini də
keçirtməyi planlayırıq. Uzun zamandır
düşündüyümüz bir işi həyata
keçrib, "Bengü” nəşriyyatının onlayn
satış saytını bu günlərdə açdıq.
"Bengü yayınları” internetdən kitab satan peşəkar
saytlar tərəfindən oxucuya
çatdırılırdı, amma öz saytında
satış yox idi. Artıq 10 gündür, "Bengü
yayınları”nın saytında kitablarımız oxucuya
çatdırılır. Bu da indiki dövrdə Avrasiya
Yazarlar Birliyinin həyata keçirtdiyi önəmli fəaliyyətlərdən
biridir. Təbii, bu cür fəaliyyətlərlə gənclərimizi,
yazarlarımızı ədəbiyyatın içərisində
saxlamaq izolyasiya dövründə gərginləşən
psixologiya üçün də faydalıdır və bu
dönəmi daha rahat keçirmələri üçün
onlara da bir dəstək olur.
- Onlayn yazarlıq kursunu yaradarkən
məqsəd nə idi?
-
Bildiyiniz kimi, biz yazarlıq kursu fəaliyyətimizi 12 ildən
bəri Ankarada həyata keçiririk. Ankaradakı kurslarda tələbələr
sinifdə müəllimlə görüşürdülər.
Amma Ankara xaricindən də çox tələb vardı.
Onlar da bu kurslara qatılmaq istəyirdilər. Bir də
Türkiyə xaricində yaşayan, Balkanlardakı türklər
var ki, onların ədəbiyyatları Sovetlər Birliyinin və
Yuqoslaviyanın dağılmasından sonra böyük zərbə
aldı. Ordakı gənclərin ədəbiyyata maraqları
azalmışdı. Bu onlayın yazarlıq texnologiyası ilə
ordakı gəncləri ədəbiyyata yönləndirə
bilərikmi deyə arayışın içində idik.
Keçən il qrup yaratdıq. Əksəriyyəti
Makedoniyadan idi. Bu qrupdan son dərəcə uğurlu nəticələr
aldıq. Qatılan tələbələr çox inkişaf
etdilər. Onların hekayələri, şeirləri həm
Makedoniyada, həm də Türkiyədə fərqli dərgilərdə
yayımlandı. Bu il o tələbələrin
uğurları ilə birgə Makedoniya, Kosova, Bolqarıstan və
sair kimi Balkan ölkələrindən kurslarımıza
qatılanlar oldu. Həm də yeni bir sinif də yaratdıq.
Orda isə Almaniya, Hollandiya, Avstriya, Belçika və başqa
Avropada ölkələrində yaşayan türklər
toplanmışdılar. Əlbəttə, biz bunu Avropa ölkələrini
nəzərdə tutaraq açmışdıq, amma Monako da
daxil, dünyanın dörd bir yanından müraciətlər
oldu. Bu kurs da son dərəcə uğurlu nəticələr
verdi. Bu kursların ən böyük reklam ünsürləri
elə kurslara qatılan gənclərin uğurlarıdır.
Biz bu idada idik ki, Avrasiya Yazarlar Birliyinin yazarlıq kursları
iştirakçını kitabla görüşdürən
kurslardır. Əvvəlki illərimizdən qələmi ilk
dəfə bizim kursumuzda əlinə alıb indiyə 7-8 roman
müəllifi tələbələrimiz var. Bu, bizim
uğurumuzdur. İndi kurslarımızı daha da genişləndirib
fəaliyyətimizi davam etdirəcəyik.
Bu
gün etibarilə Avrasiya Onlayn Akademiyasının fəaliyyətləri
içərisində çalışmağa davam edən
üç kursumuz var: Balkanlar, Avropa və Türkiyə kursları.
Hər üç kursu paralel şəkildə davam etdiririk.
- Maraqlı söhbət
üçün təşəkkür edirik, Yaqub bəy!
- Mən
də sizə təşəkkür edirəm. Təbii ki, biz
Türkiyədəki pandemiyanı izləyərkən Azərbaycanın
bu virusla güclü mübarizə apardığını da
görürük. Ordakı insanlarımızın hər
birinə can sağlığı arzulayıram. Bütün
Azərbaycana, bütün dostlara salamımı göndərirəm.
Gələcəkdə aydınlıq günəşimizin
altında, Xəzərin kənarında, sosial məsafə məcburiyyəti,
virus problemi olmadan dostca qucaqlaşaraq
yaşayacağımız günlərin tez gəlməsini
diləyirəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 8 aprel.- S.16.