“İnsan çətinlikləri dəf edə-edə
özünü təsdiqləyir”
MİLLİ
MƏCLİSİNİN SABİQ KOMİTƏ SƏDRİ,
PROFESSOR RƏBİYYƏT ASLANOVA: “BU
ÇƏTİNLİKLƏR HƏM DƏ
HADİSƏLƏRİ YENİDƏN DƏYƏRLƏNDİRMƏK,
YAŞANANLARIN MAHİYYƏTİNİ ANLAMAQ İMKANI
VERİR”
İnsan
Hüquqları Komitəsinin sabiq sədri, fəlsəfə
elmləri doktoru, professor Rəbiyyət Aslanova xeyli vaxtdır
mətbuatdan uzaq düşsə də, hər zaman media
üçün maraqlı müsahib olub.
Hazırda
Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və
mədəniyyətşünaslıq kafedrasının
müdiri vəzifəsində çalışan Rəbiyyət
xanımla söhbətimizə də elə onun mediaya
münasibətilə başladıq. Sonra çox mövzulara
toxunduq – Azərbaycan qadınlarının cəmiyyətimizdəki
mövqeyindən, feminizmdən tutmuş bu gün bütün
dünyanın gündəmini zəbt edən koronavirus
pandemiyasına qədər. Beləliklə, professor Rəbiyyət
Aslanova ilə söhbəti oxuculara təqdim edirik.
“Həyatda baş verən çətinliklər
gərək
əzilmək,
acizləşmək üçün səbəb olmasın”
- Rəbiyyət
xanım, uzun müddətdir, mediada görünmürsüz. Bunu guşənişinə çəkilmək
kimi qiymətləndirmək olarmı?
- Belə bir dəyərləndirmə
ilə razı deyiləm. Xarakter etibarilə həmişə
fəal olan, hadisələrə münasibətini
açıq ifadə etmək cəsarətində bulunan,
mübariz ruhu ilə seçilən bir insanın guşənişin,
tərki-dünya olması, kənara çəkilməsi
üçün çox ciddi könül
küskünlüyü, xəyal qırqınlığı,
gözləntilərinin doğrulmaması kimi çətin
anlar yaşaması gərəkdir. Bu, mənə
xas olan keyfiyyət deyil. Həmişə belə bir
prinsipi rəhbər tutmuşam: həyatda baş verən
çətinliklər gərək qırılmaq, əzilmək,
acizləşmək üçün səbəb olmasın. İnsan çətinlikləri, maneələri dəf
edə-edə cilalanır, özünü təsdiqləyir.
Belə bir fikir var: tale güclü insanları diz üstə
qoyaraq, onlara yenidən qalxmaq şansı verir, zəiflərə
isə toxunmur, çünkü onlar onsuz da həmişə
diz üstündədirlər. Mediada görünməməyimə
gəlincə, hazırda Bakı Dövlət Universitetində
kafedra müdiri vəzifəsində çalışıram.
Mühazirələr, elmi məqalələr,
kitablar, eləcə də müxtəlif ölkələrdə
elmi konfranslarda iştirak xeyli vaxt alsa da, mənəvi zövq
yaşadan fəaliyyətdir. Bu fəaliyyətimin
mediada yer alıb-almaması ikinci dərəcəli məsələdir.
Açığı, medianın maraq dairəsində
olan mövzular son zamanlarda məndə çox böyük təəssüf
doğurur. Qəzet səhifələrində,
saytlarda bir-birini təkrarlayan, tezliklə yaddaşlardan silinən
yüzlərlə məlumat mənim üçün
heç bir maraq kəsb etmir. Təyinat
ünvanı nəzərə alınmayan, mənəvi dəyərləri
olmayan, informativ yükü heç bir məna daşımayan
bu məlumatların tərbiyəvi funksiyası barədə
isə heç danışmaq istəməzdim. Əlbəttə, mən bunu bütün media məkanına
aid etmirəm. Lakin razılaşın ki,
sağlam rəqabət mühitində özünü təsdiq
etməyən media ciddi informasiyaları ötürməyə
qadir deyil. Müasir media yeni elmi uğurlara
imza atmış Azərbaycan alimlərindən,
ziyalilarından, cəmiyyətdəki hörmət və
nüfuz sahiblərindən, dünyəvi ideyalardan, Azərbaycanın
tarixi şəxsiyyətlərindən, dünyanın
aparıcı elmi mərkəzlərində
çalışan gənc alimlərimizdən
yazmalıdır. Amma bəzən bunun əksinə
olur. Dünyada tanınmış alimlərin
öz vətənində tanınması çox gecikir.
Düşünürəm ki, öz
varlığı ilə məmləkətinə şərəf
yaşadan insanlar haqqında yazmaq çox maraqlı və əhəmiyyətli
olardı.
- Bir vaxtlar siz, demək olar, hər
gün jurnalistlərlə ünsiyyətdəydiniz. Darıxmamısız bizim üçün? Yoxsa canınız qurtarıb jurnalistlərdən?
-
Jurnalistlərlə ünsiyyətdə olmaq, onların
suallarını cavablandırmaq həmişə maraqlı
olur. Bəzən çətin suallar
qarşısında səmimi olmağa çalışarkən
anlayırsan ki, öz mövqeyini, münasibətini ifadə
etmək çox ciddi məsuliyyət tələb edir.
Qeyri-səmimi cavablar dərhal hiss olunur. Hər
müsahibə cəmiyyət qarşısında kiçik
bir hesabatdır və bu söhbəti də mənim bir
neçə zamandır ki, jurnalistlərlə
görüşmədən sonra verdiyim bir hesabat kimi qəbul
edə bilərsiniz.
“Koronavirus bəşəriyyətə
ciddi dərs
verib həyatımızdan uzaqlaşacaq”
- Rəbiyyət
xanım, bu çətin günlərdə
özünüzü koronavirusdan necə qoruyursuz?
- Xeyli
vaxtdır, xalqımız koronavirusla əlaqədər çətin
günlər yaşayır. Mən də bir vətəndaş
kimi tələb olunan şərtlərə riayət etməyə
çalışıram. Bu çətinliklər
həm də hadisələri yenidən dəyərləndirmək,
yaşananların mahiyyətini anlamaq imkanı verir. Adət etdiyimiz həyat tərzimizin dəyişməsi,
gözlənilməz dəyişikliklər, yayılan qorxulu
ssenarilər, şayiələr, “nə baş verir” sualına
cavab axtarmağa vadar edir. Bu bəlanın
bir insanın, bir ailənin, bir xalqın deyil, bəşəriyyətin
taleyi ilə əlaqədər olması cavabın mürəkkəbliyinə
dəlalət edir. Hadisələrin sürəti
cavabı önləyir. Anlayırıq ki,
həyatımızda baş verən hadisələrə nəzarət
edə bilməsək də, hadisələrə olan
reaksiyamıza nəzarət etməliyik. Vaxtilə
məşhur Çin filosofu Men Tsz yazırdı ki, göylər
insanı mükəmməlləşdirmək istərkən
mümkün vasitələrlə onu sınağa çəkir
və qalib çıxmaq üçün mənəvi
müqavimət qüvvəsini yoxlayır. Bu gün biz də bir fərd, bir xalq, bir dövlət
kimi sınaq günlərini yaşayırıq və
inanıram ki, bu çətinliyi dəf etmək
üçün əzm, iradə, qətiyyət
nümayiş etdirəcəyik. Bizim həyatımızın
dəyəri çətinlikləri dəf etmək qətiyyətimizin
gücü qədərdir. Hər bir kəs
anlamalıdır ki, onun məsuliyyəti, yardımı, şəfqəti,
mərhəməti başqalarıyla birlikdə fəaliyyəti
bu bəlanın sonunu yaxınlaşdıracaq. Gözəl
bir rəvayət var: dəniz sahilində gəzən birisi
sahildə on-on iki yaşlı bir uşaqla rastlaşır.
Uşaq gecə dəniz dalğalarının sahilə
atdığı dəniz ulduzlarını yenidən
toplayıb dənizə atırmış. Adam uşaqdan
soruşur: sən nəylə məşğulsan? Burada yüzlərlə, minlərlə dəniz
ulduzu var, sən onların hamısını yığıb
dənizə ata bilməzsən ki, bir neçəsini atmaqla nəyi
dəyişə bilərsən. Uşaq cavab verir: dənizə
atdığım o bir neçə ulduzun həyatını dəyişə
bilərəm. Olduqca müdrik cavabdır.
Biz təkcə öz həyatımız üçün
deyil, başqalarının həyatı üçün də
cavabdehik, bu gün “mən”, “sən” deyil, “biz” olmaq
vaxtıdır, çətin zamanlar uzun sürməyəcək,
çətin insanlar daimidir.
- Bəziləri bu virusun təbiətdən
gəlmədiyini, laboratoriyada yaradıldığını
iddia edir. Siz bu versiyaya inanırsızmı?
-
Koronavirus bəşəriyyətin
qarşılaşdığı nə ilk, nə də son bəladır.
Tarixi mənbələr minilliklər öncə
də baş vermiş epidemiyalardan, pandemiyalardan xəbər
verir. İlk sənədləşdirilmiş
kütləvi pandemiya 541-ci ildə Bizans İmperiyasında
baş verib, yüz milyon insanı məhv edib. Bu, bütün Avropanı, Şimalı Afrikanı,
Mərkəzi Asiyanı əhatə etmiş bir pandemiya olub.
İmperator Yustinyan da buna yoluxduğuna görə,
bu pandemiya “Yustinyan pandemiyası” adlanır. Sonrakı əsrlərdə də dünya
çoxsaylı pandemiyalarla üzləşib və onların
hər biri tarixə çevrilib. Nə
vaxtsa bu gün də tarixə çevriləcək və
insanlar onları qorxulu bir yuxu kimi xatırlayacaq, bəlkə də,
heç xatırlamağa çalışmayacaq. Bu koronavirus da tarixə dönəcək, lakin bəşəriyyətə
ciddi dərs verərək həyatımızdan uzaqlaşacaq.
Dərk edəcəyik ki, problemi yaradan təfəkkürlə
onu həll etmək qeyri-mümkündür, anlayacayıq ki,
insanın Allahlıq iddiası, təkəbbürün, həyat
və təbiət qanunlarının pozulmasına yönələn
fəaliyyəti, istəklərinin imkanlarını üstələməsi,
Ulu Tanrının ədalətinə şübhəsi, aləmin
harmoniyasına gərəksiz müdaxiləsi nəticədə
belə bəlalara yol açır.
- Pandemiyanın dünyanı dəyişəcəyi
fikrinə siz də şərik çıxırsız? Nə dəyişəcək dünyada?
Pandemiyadan sonrakı dünya pandemiyaya qədərki
dünyadan yaxşı, yoxsa pis olacaq?
- Bəşəriyyət,
insanlıq bundan dərs alacaqmı? Mürəkkəb
sualdır, lakin bir çox şey dəyişəcək.
Qlobal həmrəyliyin zərurəti önə
çıxacaq, həlli vacib olan məsələlərin
gündəmə gətirilməsi vacibliyi tələbi
yaranacaq, risk strategiyasının bütün sahələrdə
nəzərə alınmasına xüsusi diqqət yetiriləcək,
insanların sosial psixoloji durumunun
sağlamlaşdırılması yolunda ciddi addımlar
atılacaq, ümumi taleyimiz üçün birgə məsuliyyət
hissi artacaq. Bəlkə də mən çox
optimist düşünürəm, lakin bu, bir zərurətdir.
Bu xarakterli sınaqlar xalqın, millətin
xarakterini, düşüncə tərzini, mənəvi
müqavimət qüvvəsini yoxlayan məhək
daşıdır.
- Bu təcrid dönəmini necə
keçirirsiz: filmlərmi, kitablarmı, yoxsa başqa nələrsə?
- Təcrid
dönəmi, əslində, xeyli imkanlar yaradır, bitirmədiyim
tədqiqatlar üzərində işləyirəm, filmlərə
baxıram, olduqca maraqlı kitablar oxuyuram.
Açığı, onların çoxu elə futuralogiyaya
aiddir, bəşəriyyətin gələcəyi, süni intellekt,
paralel dünyalar, gen mühəndisliyinin bəşəriyyətin
sabahı ücün hazırladığı sürprizlər
və sairə. Amma ilk olaraq bu bəlanın
bitdiyi o günü gözləyirəm.
- Bu çətin günlər, sizcə,
insanların psixologiyasına necə təsir edə bilər?
- Həyatımızın
bütün sahələrində baş verən dəyişikliklərdən
ən önəmlisi insanların psixoloji durumunda baş verənlərdir.
Qorxu, vahimə, təşviş, ümidsizlik
insanın ruhi durumunu dəyişən faktorlardır. Sabaha ümidlə yaşayan, çətinliklərin
keçici olacağına inanan insanı qorumaq bu gün ən
vacib məsələdir. Çünki məhz
bu insanlar postkoronovirus dövründə sosial-iqtisadi
böhranları dəf edəcək. Bu gün cəmiyyət
üzvlərinin ruhi durumunun qorunması, sakitlik,
asayişin təmin olunması üçün bir sira vəzifələr yerinə
yetirilməlidir. Bu sahədə televiziyanın,
medianın üzərinə çox böyük bir vəzifələr
düşür. Evlərində qalıb
hadisələri izləyən insanlara hansı informasiya
ötürülməli, məlumatların xarakterinin
yaratdığı reaksiya necə olmalı, məlumatların
yalnız koronovirusla əlaqədar deyil, başqa məlumatlarla
zənginliyinə necə nail olunmalı kimi suallara cavab
axtarılmalıdır. Sosial şəbəkələrdə
gərəksiz informasiyaların yayılması, şübhə,
şayiə, panika insanlarda bir ümidsizlik hissi yaradır.
Yeri gəlmişkən, dünən televiziya
kanallarının birində koronavirusdan söhbət açan
aparıcının səs tonu, həyəcanı, təşviş
dolu müraciətləri insanları sakitləşdirmək əvəzinə,
vahimə yaşamağa vadar edirdi. Bir
anlığa fikirləşirdim, hətta sakit bir insan belə,
bu çıxışdan sonra özünü itirər.
Bu gün məlum problemlə əlaqədar
ekspertlərin də televiziyaya dəvət olunmasına ciddi
yanaşmaq lazımdır. Problemi bilən
və düzgün şərh edən insanlar efirlərdə
görünməlidirlər. Daha dəqiq
desək, bu gün informasion detoksa böyük bir ehtiyac var.
“Feministlərin
içərisində intellektual
cəmiyyətdə möhkəm yer tutan xanımlar var”
- Son
dövrlər Azərbaycanda diqqət çəkən məsələlərdən
biri də feminist hərəkatının güclənməsidir.
Bir qadın və vaxtilə parlamentin İnsan
hüquqları komitəsinə rəhbərlik etmiş şəxs
kimi sizin bu hərəkata münasibətinizi bilmək istərdik.
Feminizmlə ənənələri
barışdıran ortaq bir nöqtə tapmaq
mümkündürmü? Yoxsa bunlar daima
toqquşacaq və toqquşmalıdır?
- Feminizim
əslində, sosial-siyasi nəzəriyyədir. Bu nəzəriyyənin, yaxud sonradan hərəkatın
yaranması, inkişaf tarixi 19-cu əsrə aiddir və onun
tarixi üç mərhələyə bölünür.
Birinci dövrü 19-cu əsrin sonu, 20-cı əsrin
əvvəli idi. Bu, qadınların
hüquq bərabərliyi uğrunda mübarizəsinin
yarandığı və inkişaf etdiyi bir dövrdür.
Bu dövrdə qadınlar siyasi hüquqlar
uğrunda mübarizəyə başlayırdılar. Onlar müxtəlif radikal aksiyalar keçirir, vitrinləri
qırır, hər vasitə ilə cəmiyyətin diqqətini
özlərinə cəlb etməyə
çalışır, qadın hüquqlarının
gerçəkləşməsi uğrunda ciddi addımlar
atmağa çalışırdılar.
İkinci mərhələ 20-ci əsrin 60-cı illərinə
təsadüf edir. Bu, gender məfhumunun ortaya çıxmasıyla
başladı. Həyatın bütün
sahələrində qadınların hüquq bərabərliyi
ilə yanaşı, imkan bərabərliyini, yəni bərabər
hüquqlar, bərabər imkanlar uğrunda mübarizə
başlandı. Üçüncü mərhələ
artıq 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərinə
təsadüf edir. Feminizm hərəkatının
əhatə dairəsi son zamanlar daha da genişlənib. Əslində, bu hərəkat müxtəlif istiqamətlərdə
inkişaf edir. Bunların içərisində
anarxist feminizm, konservativ feminizm, humanist feminizm, radikal feminizm
kimi cərəyanlar mövcuddur. Bu müxtəlif istiqamətlərin
ortaq bir ideyaları olduğu kimi, fərqli ideyaları da var. Məsələn,
konservativ feminizm hesab edir ki, bu bərabərlik ailə
institutunun məhvinə səbəb ola bilər,
radikal feminizmə görə, qadınların kişilər tərəfindən
idarə edilməsinə birdəfəlik son vermək
lazımdır, humanist feminizm qadın və kişilərin
eyni standartlarla yaxınlaşmasını tələb edir. Bir sözlə, feministlər qadınların cəmiyyətdə
yerini və rolunu, dövlət əhəmiyyətli qərarların
qəbul edilməsində iştirakının əhatə
dairəsinin genişlənməsini tələb edən
qüvvədir. Cəmiyyətdə cinslərin
qarşılıqlı münasibətindəki mövcud vəziyyətdə
ahəngdarlığa nail olunması, cinslərin bərabər
hüquq və azadlıqlarının təmini hər bir
demokratik dövlətin həyata keçirtdiyi vəzifədir.
Azərbaycan dövləti də insan hüquqlarının təminatını
öz ali məqsədi kimi Konstitusiyada təsbit
edib və beynəlxalq hüquq prinsiplərinin prioritetliyini
xüsusi vurğulayıb. Lakin etiraf etmək
lazımdır ki, hələ də qadına qarşı
şiddətin, erkən nigahların və onların acı nəticələrinin
şahidi oluruq. Cəmiyyətdə bu məsələlərə
münasibətdə öz barışmaz mövqeyini ortaya
qoyan feminist xanımların bəziləri ilə
tanışam, tədbirlərini izləyirəm və
görürəm ki, onların çoxu cəmiyyətdə
öz mövqeyi olan, ciddi, ayaqda durmağa qadir
xanımlardır. Bu xanımların gerçəklikdə
qadınların kişilər tərəfindən hər
hansı bir zorakılığa məruz qalması, yaxud
çalışdıqları yerlərdə qadınlara
qarşı münasibətdə ayrıseçkilik
halları qane etmir və edə də bilməz. Bunlar aktiv mübarizlərdir. Məsələ
burasındadır ki, bu gün, ümumiyətlə,
dünyanın bir çox ölkələrində, o cümlədən,
Azərbaycanda qadın hüquqlarının təmin
olunması ilə əlaqədar qanunvericilikdə bütün
müddəalar var. Yəni əgər
yadınızdadırsa, biz Gender bərabərliyi haqqında,
Məişət zorakılığına qarşı
mübarizə ilə əlaqədar olaraq qanunlar da qəbul edərək,
mövcud qanunvericiliyi bir az da təkminləşdirmişdik. Buna baxmayaraq, bütün dünyada olduğu kimi Azərbaycanda
da müəyyən məqamlarda, bax, bu qanunların
pozulması halı mövcuddur. Yəni biz
bunu inkar edə bilmərik.
Son zamanlar dünyada müasir feminizm adlı yeni bir
istiqamət yaranıb. Azərbaycanda da bunun ardıcılları var. Təkcə,
Azərbaycan xanımlarını deyil, ümumiyyətlə,
xanımları mən adətən üç qrupa bölərdim
- öz hüququnu bilən və öz hüquqları
uğrunda mübarizə etmək qətiyyətində olan xanımlar,
öz hüquqlarını bilən, ancaq öz
hüquqlarını qorumaq iqtidarında olmayan, onun
hüquqlarını başqasının qorumasına ehtiyac
duyan xanımlar, nəhayət, öz hüquqlarını bilməyən
və heç bu hüquqların gerçəkləşməsi
üçün çaba da göstərməyən
xanımlar. Bax, bu kateqoriyaların hər biri,
bir-birindən fərqlənir. Düşünürəm
ki, müasir feminist xanımlar əsas məqsəd kimi son
ikinci və üçüncü kateqoriyadan olan
xanımların hüquqlarını qoruyaraq, onların cəmiyyətdə
özünü təsdiq etməsi üçün
çalışan xanımlardır. Təki
onların fəaliyyəti uğurlu olsun.
- Son çağırışda
Milli Məclisə yeni xanım deputatlar da seçildi. Onlar haqda fikirləriniz nələrdir? Necə qiymətləndirirsiniz?
- Son
çağırış Milli Məclisə seçilən
xanımların içərisində yaxşı
tanıdığım və hələ tanımaq imkanım
olmadığı xanımlar var. İnanıram ki, onlar
müasir dövrün çağırışlarına
cavab verəcək, qanunların qəbul olunmasında öz
bilik və bacarığını əsirgəməyəcək,
öz seçicilərinin etimadını doğruldacaq, Azərbaycan
tarixinə öz adlarını yaza biləcəklər.
- Sahibə Qafarova Milli Məclisin
sədri seçildi.
Tanışlığınız varmı, fəaliyyətinə
bələdsinizmi?
- Sahibə
xanım Qafarova uzun illər tanıdığım, həmkar
olduğum bir xanımdır, alimdir, uzun illər Azərbaycanı
beynəlxalq təşkilatlarda təmsil etmiş millət vəkilidir.
Sahibə xanımın Milli Məclisin sədri
seçilməsi məni çox sevindirdi. Onun alicənablığı,
kübarlığı, təmkini, biliyi, peşəkarlığı
Milli Məclisin sədri kimi bütün tələblərə
cavab verir və inanıram ki, o, bu vəzifəsinin öhdəsindən
böyük ləyaqətlə gələcək. Çünki Sahibə xanımın bütün
keyfiyyətləri buna imkan verir.
“Vəfa duyğusu, etibar hər
insanın çiynində
daşıya biləcəyi mənəvi sərvət deyil”
- Çətin günlərinizdə
kimlər vardı yanınızda, kimlər dəstək oldu
sizə?
- Çətin
günlər dedikdə nəyi nəzərdə tutursunuz? Koronovirusla əlaqədardırsa, heç kimin
yanımda olmasına razı deyiləm. Digər
məna çalarlarına gəldikdə isə bir
ömür yaşayıb yanında sədaqətli dostlar
qazanmamısansa, deməli, hardasa ciddi səhvlərin olub.
Qürurla deyə bilərəm ki,
sınanmış, etibarlı dostlarım həmişə
olduğu kimi yenə də yanımdadırlar.
Yaxşı dost qazanmaq üçün isə özün
etibarlı dost olmalısan.
- Vəfa duyğusu, sədaqətlilik
haqda nə düşünürsünüz?
- Vəfa
duyğusu, sədaqət, etibar hər insanın çiynində
daşıya biləcəyi mənəvi sərvət deyil. Bu, seçilmişlərə xasdır və ruhun
bir parçalarıdır. Nodar Dumbadze
vaxtilə yazırdı ki, insan ruhu onun bədənindən
qat-qat ağırdır. İnsanın sədaqətli
dostları olmasa, o bu yükü daşıya bilməz. Mən bu fikirlə tamamilə razıyam.
- “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid xatırlayır ki, insanların
biganələşməsi, laqeydləşməsi barədəki
söhbətlərinizin birində apteklərdə süni
göz yaşı satıldığını demisiniz. Sizcə, vəziyyət bu qədərmi
acınacaqlıdır ki, süni gözyaşına
ehtiyacımız var? Və sizcə, o süni
gözyaşı ən çox kimlərə lazımdır?
- Yaradıcılığına
və şəxsiyyətinə böyük hörmət bəslədiyim
Rəşad Məcidin mənim uzun illər öncə
söylədiyim sözləri unutmaması çox xoşdur. Bu
fikir cəmiyyətdə baş verən proseslərə bir
reaksiya idi.
Süni göz yaşları müasir sivilizasiyanın xəstəliyi
sayılan göz quruluğu xəstəliyinin dərmanı
sayılır.
İnformasiya texnologiyalarının ən son nəsil
nümunələri bu xəstəliyin yayılmasnı təmin
edir və bu qarşısı alınmaz bir prosesdir. Lakin
məsələnin dərinliyinə varanda, müasir
insanın dəyişməsi, özünütəcridə
meyilliliyi, virtual aləmdə özünü daha komfort hesab
edərək ətrafa yadlaşması günümüzün
reallığı
olub təşviş
doğurur. XXI əsrin insanını öyrənməyə
çalışan tədqiqatçılar onun daxili aləmində ciddi dəyişikliklər
yaşandığını qeyd
edir. Sıxlaşmış zaman içərisində
yaşayan insanın hisslərini, duyğularını, sevinc və
iztirablarını ifadə etməsində fərqli məqamlar
meydana çıxır. Öz
emosiyalarını açıq ifadə etməkdən çəkinən,
bunu zəiflik hesab edən insanların sayı artmaqdadır.
Halbuki, göz yaşı öz
duyğularını, kədərini və sevincini ifadə etmək
azadlığıdır. İnsanın zəifliyi
göz yaşlarında deyil, onları göstərmək
qorxusundadır. Hisslərin açıq
ifadə olunmasının məqbul sayılmadığı
Yaponiyada emosional sıxıntılardan azad olmaq ücün
göz yaşları otaqları yaradılıb. Bu otaqlarda xüsusi kuryerlər insana neqativ
emosiyalardan xilas olmaq məqsədilə ağır məzmunlu,
təsirli filmlər nümayiş etdirir, minor musiqilər dinlədirlər.
Nəticədə göz yaşları vasitəsi
ilə insan sakitləşir, emosional gərginliyi azalır.
İngilis psixiatoru Henri Maudsli qeyd edirdi ki,
göz yaşına dönüb axmayan kədər sonradan
daxili orqanların ağlamasına səbəb olur. Sevinc göz yaşları isə xoşbəxtliyin,
uğurun ifadəsi olub insanın yaşamaq, yaratmaq əzmini
artırır. Müasir dövdə “Zəka - Hissə qarşı”
konsepsiyasının gerçəkləşməyə, zəka ilə duyğular
arasındakı konfliktin dərinləşməyə yön
aldığı bir zaman kəsiyində bəşəriyyətin
hadisələrə dərkolunmuş münasibəti tarixi zərurətə
çevrilir. Bəşəriyyəti ən
çətin sınaqlardan, dərin böhranlardan Zəka ilə
Hissin birliyi, harmoniyası xilas edib, kədər göz
yaşları sevinc göz yaşları ilə əvəzlənib.
Min illiklər boyu xalqların, millətlərin
yaşadığı çeşidli fəlakətlər,
amansız müharibələr Şəfqət, Mərhəmət,
Həmrəylik, İnsanpərvərlik hisslərinin
unudulması nəticəsində baş verib və verməkdədir.
Lakin düşünürəm ki, sabaha nikbin nəzərlərlə
baxmalıyıq. Mən bu gün hər kəsə
çətin günləri arxada qoyub yaxınları,
doğmaları ilə birlikdə sağlam, xoşbəxt
sabaha doğru addımlamağı arzulayıram. Qoy həmişə yanaqlarınızı sevinc
göz yaşları islatsın.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 8 aprel.-
S.10-11.