Qələmsiz yazılanlar

 

Status-esselər

 

Həqiqəti bilməyəndə susmaq yaxşıdır - bilib səhv deməkdən yaxşıdır...

 

***

 

Maska bütün apteklərdə olur. Amma lakin... limitlə.

Hər aptekə gündə 50-100 ədəd maska göndərirlər. Apteklər müştərilərə 2 dənədən artıq satmır. Yarım saat ərzində günlük limit bitir.

Günah həm lazımsız yerə maska alanların çiyninə düşür.

 

***

 

Əgər bəzilərinin dediyi kimi, bu virus 26 dərəcə istidə məhv olursa, onda ətrafa istilik yayan geyimlərin istehsalı barədə düşünmək lazımdır. :)

Onsuz da adamlar soyuqlaşmışdı.

 

***

 

Deyir, korona dövründən sonra dünya başqa cür olacaq; çox şeylər öz mənasını itirəcək, sıradan çıxacaq, formasını dəyişəcək...

 

***

 

Evdə oturmaqlarını əsaslandıra bilməyən kişilər üçün yaxşı bəhanə oldu.:)

 

***

 

"Məişət tullantılarını atmaq üçün çıxmaq olar, amma ta Yasamaldan 8-ci kilometrə zibil atmağa getmək yox ..."

AzTV-də Operativ Qərargahın yeni qaydalarını şərh edən İbrahim Məmmədov belə dedi.

Xalqın bəhanə hazırcavablığına bələdliyin yaxşı nümunəsi idi bu. Bilir ki, sabah əlində paket bir Yasamal sakinini Nərimanovda saxlayıb niyə çöldə olduğunu soruşanda, deyəcək:

- 8-ci kilometrə zibil atmağa gedirəm. :)

 

***

 

Zəncəfilsiz keçinmək olar. İnternet olmasa neyləyərdik?! :)

 

***

 

Bəzilərinin domino oynamaqdan başları açılmır... :)

 

***

 

Ayda 20 min maaş alanda elə olur ...

 

***

 

Siz istəyirsiniz, ümumiyyətlə, küçədə adam olmasın?! Bəs, bu həyati əhəmiyyətli, vacib sahələrdə işləyənlər neyləsin?

Xalqı qaydalara etinasızlıqda günahlandırmaq, aşağılayıcı tonda ittiham etmək düz deyil. Alman olmasaq da, biz məsuliyyətli yetkin xalqıq. Beş-on ipə-sapa yatmayanı isə hər ölkədə tapmaq mümkündür.

 

***

 

Jurnalistlər özlərini prokuror kimi aparmamalıdır.

Çək, yaz, göstər! Üstə qışqırmaq sənin işin deyil.

 

***

 

yanar kimsə mənə atəşi-dildən özgə

açar kimsə qapım badi-səbadan qeyri.

 

(M.Füzuli)

 

Keçib getmiş günlər gəlin

Rakı için, sərxoş olun...

 

(Nazim Hikmət)

 

yaman ağırmış hər gün

Bir ömrü yüz yerə bölmək.

Dəniz sahilində durub

Dəniz həsrətiylə ölmək

 

(Vaqif Səmədoğlu)

 

Anam, sən gen dayan,

Get , dərdimə gendə yan.

 

(Ramiz Rövşən)

 

Yaddaşınızı silkələyib davam edin başqa şairlərdən...

 

***

 

Hər fürsətdə özünü gözə soxanlar...

 

***

 

Nikbinliyinizi bəyəndim, belorus xanım!.. :)

 

***

 

"Yata-yata yanımız ağrıdı..." :)

 

***

 

İntuisiya, yoxsa məlumatlılıq?

 

Sənət adamlarında bunların hər ikisi olur. 2019-cu ildə Türkiyədə çəkilən "Keçmiş olsun" filminin yaradıcı heyətinin - rejissor Həsən Doğan başda olmaqla - belə bir mövzuda film yaratmaq ağıllarına hardan gəlib?! Maraqlıdır. Ehtiyatla olsa da, filmdə çoxlu mesajlar ötürülür.

Yüngül, lağlağı, yumoristik bir süjet, bəlkə , filmin müəlliflərinin mesajını çatdırmaq üçün incə bir pərdə, bic vasitədir.

2022-ci il. 3 ildir ki, dünyanı virus bürüyüb. 7 milyard yarım insan məhv olub. Yer üzündə cəmi 10 milyon adam qalıb. Qiyamət günü kimi bir şey. Şəhərlər viran olub, insanlar qeybə çəkilib. Pul, qızıl dəyərini itirib. Çörək, ət, su qəhətə çıxıb. Canını qurtaran az sayda insanların vəhşi həyat tərzi üç illik komadan ayrılan qəhrəmanın öz sevgilisini axtarması...

Film yəqin bilərəkdən yüngül yumor üzərində qurulduğundan arxa planda dünyanın sabahının - qorxulu vahimənin xofunu tam hiss etmir, daim təbəssüm haləsində qalırsan.

Baxsanız peşman olmayacaq, düşünəcəksiniz.

İşarə verdiyinə görə Gülnar Səmaya təşəkkür.

 

***

 

TV- bir psixoloq danışır, cıy-cıy səsindən, üzücü diksiyasından, candərdi danışığından adamın ürəyi üzülür, qaramat basır. Biraz pozitiv qonaqlar tapın . :)

 

***

 

Yalanı ürəkdən, şövqlə, pafosla inanaraq danışmaq xüsusi istedaddır.

 

***

 

Çoxdan yadınıza düşməyən tanışlarınıza da zəng edin. Fürsətdir.

 

***

 

Yüngül test :)

Tedros Adhanom Ghebreyesus kimdir? Soyadı necədir?!

 

***

 

Mənim bu COVİD-19 pandemiyası barədə öz qənaətlərim var. Amma statusluq deyil. Bəlkə bir romanlıq mövzudur.

 

***

 

Karantin dövründə doğulduğun kəndi yuxuda görmək deməkdi? Bir çoxdan görmədiyin adamı...

 

***

 

qədər yeni, ağsaqqal-ağbirçək qiyafəli müğənnilər varmış!..

 

***

 

Öyrəşəcəksiniz! Görəcəksiniz ki, belə dünya da pis deyil.

 

***

 

Bomboş küçədə bir nəfər əl-qolunu ölçə-ölçə, öz-özünə danışa-danışa gedirdi...

 

***

 

Professordan professora fərq var...

 

***

 

Təyyarədən düşməyənlər neyləsin? Onları düşünüb təskinlik tapın.

 

***

 

Son günlərin ağır depressiyası, psixoloji gərginliyi təkcə karantin rejiminin sıxıntısı, koronavirus təhlükəsi, qorxunc xəstəliyə tutulmaq ehtimalının yaratdığı xofla bağlı deyil. Əsas depressiya insanın özünü heç olmayan qədər aciz hiss etməsindən qaynaqlanır.

Bu vaxtacan bəşər övladında belə bir əminlik vardı ki, insan zəkası, onun ortaya çıxardığı texnologiyalar hər şeyə qadirdir. İndi isə mücərrəd, çox amansız hesab olunan bir virus bu əminliyə qatı kölgə saldı; insanın əslində, aciz məxluq olduğu, hər şeyə rəğmən öz ilkin zəifliyindən çox da uzaqlaşmadığı qənaəti yaratdı. Bu barədə əvvəldən olan düşüncələrin həqiqilik payı xeyli çoxaldı. İndiki ağır depressiv ovqatın əsas mənbəyi, özəyi elə budur.

 

***

 

Qıyçılıq xarakterdir. Hər sahədə belə adamlar var.

 

***

 

Təbiətin gözəllikləri insansız öz mənasını itirir...

 

***

 

Dünya çox şişmişdi. Havası biraz alınmalıydı...

 

***

 

Vaxt gələcək, koronavirusun dərmanları apteklərdə başlı-başına qalacaq - analgin, aspirin kimi...

 

***

 

... İosif Stalinin Məhəmməd Əmin Rəsulzadəni Bayıl türməsindən azad etməsi özüylə bərabər qatarla Moskvaya aparması, yol boyu söhbətləri...

Ötən əsrin 20-22-ci illərində Rusiya, Azərbaycan İranda baş verən ictimai-siyasi proseslər...

Bakıda Moskvada Stalin, Rəsulzadə Nəriman Nərimanov görüşləri...

O dövrün bir çox ictimai-siyasi xadimləri barədə maraqlı, zəngin informasiyalar...

M.Ə.Rəsulzadənin Moskva həyatı Rusiyanı tərk edib mühacirətə yollanması...

Bütün bunlar tanınmış yazıçı-dramaturq Firuz Mustafanın "Tarixin kölgəsi" siyasi-tarixi dram-xronikasından qısa anonslardır. Karantin günlərində fürsət yarandı, Firuz müəllimin bu kitabını oxuyub bitirdim. "Tarixin kölgəsi" pyes kimi həcmcə böyükdür. Hətta müəllifin iddiasına görə, bəlkə dramaturgiya tarixində ən iri pyesdir. Amma müəllif gələcək rejissorlara da ipucu verir ki, hansı məqamları ixtisar etmək, pyesi hansı formada səhnələşdirmək olar. Əlbəttə, bunlar sonranın işidir. İndi isə əlimizdə bu kitab var bu əsər, dediyim kimi, o dövrün hadisələri barədə çoxlu informasiyalarla zəngindir. Bir yandan da müəllifin bədii təxəyyülü...

Kitabı oxuduqca Firuz müəllimin əməyinə, zəhmətinə məndə böyük ehtiram hissi yarandı. Müəllifi bu əsər münasibətilə təbrik edirəm.

Onu da qeyd edim ki, məndəki kitab avtoqraflıdır, amma oxumağı çox arzu edən olsa, müvəqqəti verə bilərəm.

Firuz müəllim özü Feysbukda aktivdir. Kitabı çox arzulayanlar müəllifin özünə müraciət edə bilərlər.

Evdə qalmışkən, fürsət yaranmışkən belə faydalı maraqlı kitablar oxuyun!..

 

***

 

Onsuz da insanlar viruslardan qorunmaq üçün ilkinliyə - təbiətə, dağa, rayona, kəndə qayıtmağa məcbur olacaqlar. Amma bunu elə kobud demək düz deyildi...

                       

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş

üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.19.