“Sevgi məktubları həmişə
almışam, indi də alıram”
XALQ
ARTİSTİ MƏLEYKƏ ƏSƏDOVA: "HAMI ELƏ
BİLİRDİ Kİ, MÜĞƏNNİ OLACAĞAM, AMMA
MƏN AKTRİSA OLDUM"
Karantin günlərində Azərbaycan televiziyası
tarixindəki ilk teleserialın qəhrəmanına çevrilən, "İtkin gəlin"in Əfsanəsi, Xalq artisti Məleykə Əsədova ilə həmsöhbət olduq. Aktrisa bu günlər
vaxtını əsasən bədii qiraətlə məşğul
olmaqla keçirdiyini bildirdi. Teatr,
səhnə üçün darıxan Xalq artisti bu aralar
tamaşaçılarına canlı yayım vasitəsilə
şeir ziyafətləri verməyi də unutmur.
Söhbətimizə körpü
salmaq üçün əvvəlcə ondan uzun müddətdir,
ekran layihələrində görünməməyinin səbəbini
soruşduq. Xalq artisti əslində, seriallarda çəkilmək
istədiyini, hətta bir sıra ekran layihələrindən təkliflər
aldığını dedi...
Beləliklə, Xalq artisti Məleykə
Əsədova ilə müsahibəni təqdim edirik.
"Filmlərə çəkilmək
üçün hərtərəfli professionallıq
axtarıram"
- Filmlərə
çəkilmək üçün hərtərəfli
professionallıq axtarıram. Həmin filmin
ssenarisi, maliyyəsi, aktyor heyəti yaxşı
olmalıdır. Çünki bunlar
hamısı bir arada olanda ortaya da dəyərli işlər
çıxır. İndiyə qədər
gələn təkliflərin çoxunda hansısa biri əskik
olub. Sadaladıqlarımın
hamısının bir arada olduğu təklif alsam, mütləq
qəbul edəcəyəm. Hazırda çəkilən
seriallara da vaxt olduqca baxıram və bu sahədə 7-8 il bundan əvvələ nisbətən xeyli
inkişaf olduğunu müşahidə edirəm.
- Həm səhnə, həm də
ekranlarda canlandırdığınız obrazlar
tamaşaçıların ürəyinə yol tapa bilib.
Sizin özünüz üçün hansı daha
doğmadır - teatr, ya kino?
- Təbii
ki, teatr daha doğmadır. Çünki teatr
bir məktəbdir, canlı sənətdir. Burada nəyə qadirsənsə, onu canlı şəkildə
nümayiş etdirirsən. Kinoda olduğu
kimi, alınmayan kadrı yenidən sınamaq kimi bir
şansın yoxdur. Başqalaşıb
üç saatlıq tamaşa ərzində həmin
obrazın bütün daxili aləmini tamaşaçılara
çatdırırsan. Diqqət yetirəndə
dünya şöhrətli aktyorların çoxunun məhz
teatr fəaliyyətinin mövcud olduğunu da görə bilərik.
"Aktrisa üçün bundan
böyük xoşbəxtlik ola bilməz..."
- Dünya və Azərbaycan
dramaturgiyası nümunələri əsasında
hazırlanmış tamaşalarda müxtəlif xarakterli
obrazlar canlandırmısınız. Məlumdur ki, dramaturgiya
nümunəsini səhnədə ifa etmək fərqli və
peşəkar oyun üslubu tələb edir. Bu
obrazlardan hansını ifa etmək daha rahatdır?
- Klassik
obrazları oynamaq həm məsuliyyətli, həm də
çətindir. Bunu bacarmaq üçün isə
güclü istedadın olmalıdır. Səhnədəki
Züleyxa, Kleopatra, Gültəkin, Selcan, Mariya Tüdor,
İlkcan, Kordeliya, Şirin, Leyli və başqa obrazlarım məhz
klassik obrazlar olub. Aktrisa istedadının nəyə
qadir olduğunu belə obrazları canlandırmaqla göstərir.
Bu tendensiya dünya səviyyəsində olan
aktyorlar üçün də keçərlidir. Ümumiyyətlə, bir aktrisa haqqında məlumat
toplayarkən onun ən azı üç klassik obrazı
canlandırmış olması həmin aktrisanın
potensiallığının səviyyəsini, dərəcəsini
göstərir. Mən səhnədə
canlandırdığım obrazların hər birində
başqalaşıb, həmin obrazın daxili aləmini
tamaşaçılara ötürməyə
çalışmışam. Onlardan gələn
sevgini, sayğını görəndə isə bunu
bacardığıma əmin olmuşam. Səhnədə
fəaliyyət göstərdiyim 30 il ərzində
tamaşalarım həmişə anşlaq olub. Məncə,
aktrisa üçün bundan böyük xoşbəxtlik ola bilməz.
- Bir müsahibənizdə demisiniz
ki, atanız bacılarınızı oxumağa qoymayıb. Sizin 17 yaşınız olanda vəfat edib.
Atanız həyatda olsaydı, incəsənətlə məşğul
olmağınıza razı olardımı?
- Atam
çox ağır xasiyyətli adam olub. Mən də uşaqlıqdan ərköyün
böyümüşəm. Musiqi məktəbində
fortepiano təhsili və Neftçala rayon Mədəniyyət
mərkəzində ansamblda çıxışlar etmişəm.
Mütaliə etməyi və mahnı
oxumağı çox sevirdim. Onda hamı
elə bilirdi ki, müğənni olacağam. Amma mən aktrisa oldum. Əslində,
bu sənət özündə həm səsi, həm də
plastikanı birləşdirir. Hələ
balacalıqdan evdə televizora baxıb obrazları
canlandırırdım. Atam da deyirdi ki, heç olmasa xəbərlər
proqramı yayımlananda sakit dayan,
qızım (gülür). Universitet vaxtına
çatanda əvvəlki bacılarımda olduğu kimi, mənə
də bu barədə irad tutdu. Ancaq
inadkarlığım qalib gəldi, Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetinə qəbul olundum.
Təəssüf ki, mən ikinci kursda təhsil
alanda atam dünyasını dəyişdi. İnanıram ki, insan istəsə, çox şeyi
bacarar.
"Səhnədə "Gültəkin"
obrazını ikinci dəfə
canlandıranda Xalq artisti adı aldım"
- Məleykə Əsədova sənətdə
qazandığı bugünkü mövqeyinə görə
kimə və ya nəyə borcludur?
- Ən birincisi Allaha şükür edirəm ki, nə
yaxşı mənə bu istedadı verib və sənətə
gəlmişəm. Əgər onun bəxş etdiyi bu istedad
olmasaydı, tamaşaçıların sevgisini qazana bilməzdim.
Təbii ki, nə qədər istedadın olsa
da, hansısa sənətkar səndəki istedadı kəşf
edib səhnəyə gətirməlidir. Sonuncu
kursda təhsil alanda Lütfi Məmmədbəyov Orxan
Kamalın "Yad qızı" tamaşasındakı Jalə
obrazına məni seçmişdi. Məndə
də bir xasiyyət var, sevilmədiyimi anladığım yerdə
qala bilmirəm. Tamaşanın televiziyada
yayımlandığı günün səhəri işə
piyada getdim. Fikirləşirdim ki, əgər
tamaşaçılar aktrisalığımı bəyənməsə,
bu sənətdən uzaqlaşıb Hüquq fakültəsində
təhsil alacağam. Ancaq hər kəs məni
görəndə "Jalə gəlir" deyə
salamlamağa başladı. Bu da məni hədsiz
dərəcədə xoşbəxt etmişdi. İlk çıxışımdan sonra fəaliyyətim
öz axışına düşdü. Gənclər
teatrında rejissor Həsən Əbluc Cəfər
Cabbarlının "Aydın" tamaşasını
hazırlayanda Gültəkinin məşqlərini edirdim.
Həmin obraz mənim uşaqlıqdan bu yana
ən çox sevdiyim obraz olub. O rolu canlandıranda da bir
çox sənətkarlar aktrisalıq bacarığım
haqqında fikir söyləmişdilər. Hətta
Xalq artisti Barat Şəkinskaya mənim üçün
demişdi ki, “sənətə doğru, düzgün, təbii
aktrisa gəlir, Cəfər Cabbarlının əsl Gültəkini
Məleykədir". On il sonra Xalq
artisti Mikayıl Mirzə bu tamaşanı Akademik Milli Dram
teatrında yenidən hazırladı. Səhnədə
"Gültəkin" obrazını ikinci dəfə
canlandırdım. Həmin tamaşaya Ulu
öndər Heydər Əliyev də gəlmişdi. Hər
sahənin bilicisi olduğu kimi, teatr sahəsinin də mahir
bilicisi olan Heydər Əliyev ünvanıma xoş sözlər
söylədi və bu tamaşadan sonra Xalq artisti fəxri adına layiq görüldüm. Uzun
sözün qısası, məni televiziya
tamaşaçılarına tanıdan Lütfi Məmmədbəyovun
teletamaşaları, səhnədə isə uğur gətirən
"Aydın" tamaşasındakı Gültəkin
obrazı olub. Ona görə də hər
zaman Lütfi müəllimin ruhuna dualar oxuyuram.
"Eşq məktubu yazanlar mənə
yox,
səhnədəki Məleykə Əsədovaya vurulublar"
- Gözəlliyiniz və
istedadınızla çoxlarının ürəyini
oğurlamısınız. Bir çox sevgi məktubları
da almısınız. Maraqlıdır, ən
yaddaqalan eşq etirafı hansı olub?
- Sevgi məktubları
həmişə almışam, indi də alıram. Buna hörmətlə yanaşıram, çünki
onlar Məleykəyə yox, səhnədə olan aktrisa Məleykə
Əsədovaya vurulublar. Əslində,
çox maraqlı etiraflar olub, elə onə görə də
deməsəm, daha yaxşıdır (gülür).
"Əfsanə obrazını yenidən
canlandırmağım üçün gərək
həmin serialda əməyi keçən insanlar da sağ olsun''
- Lütfi Məmmədbəyovun
"İtkin gəlin" serialındakı Əfsanə
obrazı ilə hədsiz dərəcədə
sevilmişdiniz. Bu gün həmin
rolu bir daha canlandırsanız nəyi dəyişərdiniz?
-
Serialın hazırlıqları gedəndə Lütfi Məmmədbəyov
bir neçə aktrisanı namizəd kimi seçmişdi. Onlardan biri də mən idim. Əlibala
Hacızadə özü də seçimlər zamanı orada
idi. Məni görəndə "Mənim Əfsanəm
elə bu cür saf və məsum idi" dedi. Əfsanə
obrazı mənə çox böyük uğurlar gətirdi.
Hətta serialı izləyəndən sonra
doğulan uşaqların adını Əfsanə, Elməddin
qoyanlar da olurdu. Bu serial Azərbaycanda ilk
teleserial idi. Kaş o vaxtı yaxşı
maliyyə olardı, daha yaxşı avadanlıqlar ilə bu
işi ərsəyə gətirərdik. İndi
sizin sualınıza cavab vermək üçün
düşünəndə bir anlıq o günlərə
qayıtdım. Əfsanə obrazını yenidən
canlandırmağım üçün gərək o insanlar
sağ olsun... Amma o cür ssenaridə bir serial
olsa, yenə oynayaram.
"Rəşad Məcidin "Adam
bir adam gəzir"
şeirində özümü tapdım"
- Rəşad Məcidin şeirlərindən
ibarət "Adam bir adam gəzir"
adlı kompozisiya hazırlamışdınız. Həmin şeirləri nəyə əsaslanaraq
seçdiniz?
- Rəşad Məcid həm mədəniyyətinə,
həm insanlığına, həm da
yaradıcılığına dəyər verdiyim bir
insandır. Ümumiyyətlə, bütün oxuduğum
kitablarda özümü tapmalıyam. Rəşad müəllimin
də kitabını oxuyanda "Adam bir adam
gəzir" şeirində özümü tapdım və
bir neçə şeirlərlə birləşdirib kompozisiya
şəklində ifa etdim.
- Karantin günlərini evdə necə
keçirirsiniz və vətəndaşlara bu günlər ərzində
nələri məsləhət görərdiniz?
- Hamı
kimi, mən də evdə oturmuşam. Hətta
bir gün ərzində etmək istədiklərimi 24 saata
sığışdıra bilmirəm. Qızımın
dərsləri ilə maraqlanır, kitablar oxuyur, idman edir və
yaradıcılıq işləri ilə məşğul
oluram. Bu bəlanın üstümüzdən
tez sovuşması üçün dualar da edirəm. İnsanlara onu demək istəyirəm ki, bu vəziyyətdən
ancaq bir-birimizə dəstək olaraq çıxa bilərik.
Yaxınlarımızı,
doğmalarımızı qorumaq üçün evdə
oturmalıyıq.
- Hazırda bir çox sənətçilər
onlayn konsertlər verirlər, sizin də belə bir fikriniz
varmı?
- Mən
də sosial şəbəkələrdə canlı
yayımlar edib şeirlər səsləndirir və
tamaşaçılarımın suallarına cavab verirəm. Hazırda teatr da bağlı olduğu
üçün tez-tez görüşümüzə gələn
tamaşaçılar mənim üçün, elə mən
də onlar üçün darıxmışam. Ona görə də canlı yayımlar vasitəsilə
ünsiyyətdə oluruq. Tamaşalarıma
daimi gəldikləri üçün onlara minnətdarlığımı
bildirirəm.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 11 aprel.- S.13.