İsveçdə yaşayan həmyerlimiz:
“Məni
Azərbaycandakı vəziyyət
daha çox maraqlandırır”
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) aprelin 9-a olan məlumatına görə, dünyada
koronavirusa (COVID-19) yoluxanların sayı 1,5 milyonu ötüb.
100 minə yaxın insan
virusun qurbanı olub.
Dünyanı cənginə alan pandemiya ilə mübarizədə çətin
duruma düşmüş ölkələr arasında Avropa
dövlətləri çoxluq təşkil edir. Əksər dövlətlər karantin rejimi tətbiq
etməklə virusla mübarizə aparır. Amma elə
ölkələr var ki, sanki vəziyyəti ciddiyə
almır, sərt qərarlardan qaçırlar. Belə ölkələrdən
biri də yaşayış səviyyəsinə görə
dünyada ilk 3-lükdə yer alan
İsveçdir.
Skandinaviya
yarımadasının “sakin”i koronavirusa yoluxma sayına görə
ilk 20-likdə yer alıb. Bu
gün İsveçdə 10 min civarında insan virus
daşıyıcısıdır. Ölüm
faktına görə isə İsveç 14-cü yerdədir.
Rəqəmlərin artacağı heç kimdə
şübhə yaratmır. Elə
isveçlilərin özündə də. Vəziyyətin
ciddiliyinə baxmayaraq, İsveç hökuməti hələ
də radikal addımlar atmaq fikrində deyil. Yalnız
müəyyən tədbirlər görməklə kifayətlənir.
Bu gün İsveçdə
xeyli azərbaycanlı işləyir, yaşayır. Onlardan biri də həmyerlimiz Valeh
Qafarovdur. Valeh veteran futbolçudur. Müstəqillik dövründə “Neftçi”,
MOİK, “Fərid” komandalarının futbolçusu olub.
2003-cü ildə İsveçə
köçüb. Qısa müddət
orada “Nordmarks”ın şərəfini qoruduqdan sonra karyerasını
bitirib. Erebruda yaşayan Valeh hazırda bu
şəhərin eyniadlı təmsilçisinin futbol
akademiyasında məşqçi işləyir. Həmçinin, tikinti şirkətlərinin birində
çalışır. Onunla əlaqə saxlayıb
şimal ölkəsindəki vəziyyətlə, orada
yaşayan azərbaycanlılarla maraqlandıq.
- Erebru elə
də böyük şəhər deyil. 120-130
min əhalisi var. Buna baxmayaraq, İsveçin həm istehsalat,
həm də turizm baxımından strateji əhəmiyyətli
şəhərlərindəndir. Pandemiyanın
əksər ölkələrdə həyatı iflic etməsinə
rəğmən, İsveçdə, o cümlədən, Erebruda
həyat öz axarı ilə davam edir. Doğrudur,
İsveçdə də koronavirus infeksiyasına yoluxanlar az deyil. Üstəlik, risk
zonasında olanların, yəni yaşlı insanlarında
sayı çoxdur. Amma bir çox dövlətlərdən
fərqli olaraq İsveç hökuməti virusla mübarizədə
fərqli mövqe tutur. Daha dəqiqi,
karantin, hansısa qadağalar tətbiq olunmayıb. Bu gün İsveçdə əksər müəssisələr
fəaliyyət göstərir, məktəblər, uşaq
bağçaları, ictimai iaşə obyektləri
açıqdır. Yalnız müəyyən
sahələrin fəaliyyətində durğunluq var. Ölkəyə
turist axını olmadığından otellərin çoxu
boş qalıb, aviareyslər təxirə salınıb.
Maraqlı bir məqamı da qeyd edim ki,
İsveç hökuməti sərhədlərini
bağlamayıb. Sadəcə qonşu
dövlətlər bizimlə sərhədi qapayıblar.
- Dünənə olan məlumata
görə, İsveçdə koronavirusa yoluxanların
sayı 10 minə çatıb. Ölənlərlə
də bağlı rəqəmlər ürəkaçan
deyil. Erebruda vəziyyət necədir?
- Erebruda
yoluxma hələ ki, azdır. Heç 50 nəfər
yoxdur. Ölüm faktı isə qeydə
alınmayıb. Üstəlik,
İsveçdə karantində saxlanılanlar da yoxdur. Bu da ondan irəli gəlir ki, isveçlilər
qayda-qanuna riayət etməyi bacarırlar. Bu
mənada, hətta almanlardan geri qalmırlar. Adi bir misal çəkim. Bir neçə
gün əvvəl hökumət xalqa müəyyən
tövsiyələr etdi - növbədə 1 metr məsafə
saxlamağı, əlləri tez-tez yumağı, lazım
olmayanda bayıra çıxmamağı və s.
İnanın ki, ertəsi gün hamı bir nəfər kimi həmin
tövsiyələrə əməl etməyə
başladı. Mağazalarda, kafe-restoranlarda
insanlar müəyyən olunmuş məsafəni saxlamağa
başladılar. Erebruda bir nəfər belə
qoyulan qaydaları pozmur. Sabah karantin rejimi tətbiq
olunsa, hamı yenə də bir nəfər kimi bayıra
çıxmayacaq. Ümumiyyətlə,
pandemiya dövürndə əhalinin necə davranması ilə
bağlı hər gün televiziyada çıxışlar
olur, qəzetlərdə bu barədə yazılar dərc
olunur və hamı da deyilənlərə riayət edir.
Daha yox yaşlı nəslin nümayəndələrinin
bayıra az çıxmaları məsləhət
olunur. Yaşlı insanlar İsveçdə
çoxdur. Onlara da daha çox
yaxınları, qonşuları kömək olurlar. Qonşum var, yaşı 90-ı haqlayıb. Hər gün mənə siyahı verir ki, bunları
almaq lazımdır. O da yaşına görə deyil, əlini
sındırdığına görə evdə qalıb. Əlbəttə, bir müsəlman olaraq insanlara
kömək etməyə hazırıq və edirik də.
Təkcə mən yox, hamı bir-birinə
kömək edir.
- İsveçdə Pasxa
bayramı xüsusi qeyd edilir. Bu
dəfə necə, əvvəlki illər kimi təmtəraqlı
oldu?
- Deməzdim.
Pasxa bayramında İsveçdə qeyri-iş günləri
olur. İnsanların bir hissəsi digər şəhərlərə
qohumlarına, yaxınlarına baş çəkməyə
gedirlər. Bayramdan bir neçə gün əvvəl səhiyyə
naziri xalqa müraciət etdi ki, bu il
bacardıqca yaşadığınız ərazini tərk etməyin.
Hamı bu müraciəti anlayışla
qarşıladı. Əksəriyyət
bayramı evində ailəsi ilə keçirir.
- Valeh, ailən də
İsveçdədir. Uşaqlara görə, narahat deyilsən
ki, birdən...
- Qətiyyən.
Doğrudur, martın axırlarında bir qədər
çəkindim və uşaqları 3-4 günlüyü məktəbə
göndərmədik. İnanırsan, məktəbdən
zəng edib maraqlandılar və uşaqların dərsə
qoşulmalarını tələb etdilər.
Düzdür, ali təhsil müəssisələrinə,
universitetlərdə, kolleclərdə dərslərin
dayandırıldığını deməliyəm. Bu, orta məktəblərə, uşaq
bağçalarına aid deyil. Burada təhsilə
xüsusi önəm verirlər. Xüsusilə
də kiçik yaşlı uşaqların dərsdən
qalmalarına yaxşı baxmırlar. Bunu
bir tərəfdən uşaqların pis vərdişlərə
aludə olmamaları üçün edirlər. Pis vərdiş deyəndə uşaqlar evdə
qalanda sosial şəbəkələrdən, internetdən
daha çox istifadə edirlər. valideynlərə
məsləhət görülür ki, əgər uşaqlar
özlərini bir balaca pis hiss etsələr, bu barədə məktəbə
məlumat verməklə uşaqları evdə saxlaya bilərlər.
Digər tərəfdən, İsveç
hökumətinin fikrincə, məktəblər bağlansa,
uşaqlar evdə qalacaq, bu da valideynlərin işə
çıxmamasına səbəb olacaq. Bir faktı da qeyd
edim, hökumət insanların işlə bağlı verdiyi
qərara hörmətlə yanaşır. Belə ki, səhhətində
hansısa problem hiss edən kəs iş yerinə məlumat
verməklə evdə qala bilər və buna görə kimsə
cəzalandırılmır. Maraqlıdır ki,
İsveçdə mövcud durumdan istifadə, yəni
özünü yalandan xəstə kimi qələmə verib
işdən, məktəbdən qalma halları yox dərəcəsindədir.
Bu da isveçlilərin qayda-qanunlara həssas
yanaşmalarından, mentalitetdən irəli gəlir.
- İsveçdə karantin
rejimi tətbiq olunsa, insanların buna reaksiyası necə
olacaq?
- Karantin
rejiminin tətbiqinə inanmıram. Koronavirusun
Avropanı bürüdüyü bir vaxtda baş nazir
çıxış etdi ki, bu dövrü işləyərək
keçirməliyik. Əks təqdirdə
dövlət iqtisadi cəhətdən xeyli ziyana düşəcək.
Avropanın çox ölkələrində
olmuşam. Amma isveçlilər kimi
qanunsevər ikinci millət görməmişəm. Qoyulan bütün qaydalara riayət edirlər. Sabah qərar çıxsa ki, karantindi, bayıra
çıxmaq olmaz, hamı bir nəfər kimi buna əməl
edəcək. Çox
soyuqqanlıdırlar, panikaya düşmürlər. Doğrudur, indiki durumda karantin rejiminin tətbiqinin tərəfdarı
olanlar da var. Amma əksəriyyət dövlətin verdiyi qərarlara
hörmətlə yanaşar.
- Bu gün mövcud durumla əlaqədar
İsveçdə işsiz qalan, köməyə ehtiyacı
olan insanlar az deyil. Belələrinə
hökumət hansı yardımlar, güzəştlər
edir?
- Pandemiya
ilə əlaqədar İsveçdə bəzi sahələr
fəaliyyətlərini dayandırmalı oldu. Hətta “Volvo”,
“Skania” kimi avtomobil istehsalçıları fəaliyyətlərinə
ara verdilər. Bu da orada
işləyən insanların işsiz qalmasına səbəb
oldu. İsveçdə belə qanun var. İşləyən
hər kəs aylıq məvacibindən bir hissəni “A-kassa”
deyilən fonda köçürür. Bu, nə üçündür? Məsələn, mənim hər ay maaşımdan
20 avro tuturlar. Sabah işsiz qalsam və ya işləməsəm,
1 il müddətində son iş yerindəki
maaşımın 80 faizini dövlət mənə ödəyəcək.
1 ildən sonra bu rəqəm 60 faiz təşkil
edəcək. Bu gün otellərdə, aviaşirkətlərdə
və digər sahələrdə çalışan və
hazırda mövcud vəziyyətlə bağlı işləməyən
insanlar məhz “A-kassa”nın hesabına
çətinlik çəkmirlər. O ki qaldı digər sahələrin
itkilərinə və ziyanlarına, İsveç hökuməti
belə hallara həssas yanaşır. Bəzi
güzəştlər və köməklik barədə qərarlar
qəbul edilib, üstəlik, yenə gözlənilir. Bunlardan biri haqqında məlumat verim. Erebru 10 inzibati rayona bölünüb. Şəhər meri hər rayona 1 milyon avro yardım
ayırmağı planlaşdırır. Bu
yardım köməyi ehtiyacı olanlara ünvanlanıb.
- Dövlətin verdiyi tövsiyələrdən
sonra insanlar arasına münasibətdə nəzərəçarpacaq
məqamlar varmı?
- Əlbəttə var. İsveçlilər Azərbaycanda
olduğu kimi, görüşəndə heç vaxt
öpüşmürlər. Ya əl
sıxırlar, ya da sadəcə qucaqlaşırlar. Son günlər əllə görüşmə
hallarına demək olar ki, rast gəlmirəm. İki nəfər dayanıb söhbət edəndə
də 1-2 metrlik məsafəni saxlayır. Bunu
da təhlükəsizlikləri baxımından edirlər.
Fiziki yaxınlıqdan başqa digər
münasibətlər əvvəlki kimi qalmaqdadır.
- İsveçdə həyat
öz axarı ilə davam edir. Amma
futbol çempionatı hələ də başlamayıb.
Səbəb nədir?
-
Bütün komandalar, akademiyalar məşqlərini davam etdirirlər,
yoldaşlıq oyunları keçirirlər. İnsanların
toplaşmaması barədə edilən müraciətlərdən
sonra bu oyunlar tamaşaçısız keçirilir. Yeri gəlmişkən, bu üzdən konsertlər,
teatr tamaşaları təxirə salınıb. Amma idman yarışları yox. Cıdır
yarışlarını misal gətirə bilərəm.
Futbol çempionatları martda başlamalı
idi. Gecikmə səbəbini bilmirəm.
Hamımız gözləyirik. Məşqçisi olduğum “Erebru”nun 16
yaşlıları gələn həftə Fransada
keçirilən turnirə getməli idi. Biz
tərəfdən bir problem yox idi. Amma
Fransadakı vəziyyətlə əlaqədar həmin
yarışa gedə bilmədik. Qısası,
əksər sahələrdə olduğu kimi, İsveçdə
futbol həyatı da öz axarı ilə davam edir.
- İsveçdə həmyerlilərimiz,
azərbaycanlılar az deyil. Onlar
arasında virusa yoluxanlar varmı?
- Burada azərbaycanlılar
çoxdur, bir-birimizlə daim əlaqə saxlayırıq. Məndə olan məlumata görə, aramızda
virusa yoluxan yoxdur. Düzü, indi məni
Azərbaycandakı vəziyyət daha çox
maraqlandırır. Hər gün
saytları izləyirəm, Azərbaycan telekanallarına
baxıram. Atam Bakıdadır, yaşlıdır. Ona görə də narahatam. Azərbaycanda
pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlər
bir çox Avropa ölkələri ilə müqayisədə
daha yaxşı, daha peşəkardır. İnanıram
ki, görülən işlərin nəticəsində
xalqımız bu bəladan minimum itkilərlə və ziyanla
çıxacaq.
İlqar TAĞIYEV
525-ci qəzet.- 2020.- 11 aprel.- S.24.