Limon saflığında
misilsiz bir səs
ŞƏHİD XANƏNDƏ
ŞAHMALI KÜRDOĞLUNUN ƏZİZ
XATİRƏSİNƏ
Müharibə hələ başlamamışdı,
onda mən uşaq idim. Bizim həyətimizlə üzbəüz
qonşumuz kənddə
başqalarından fərqlənirdi:
Şahmalı əminin
gözəl səsi vardı. Hərdən onun şirin
avazı gələrdi.
Uşaq olsam da, bu səsi
qəlbimdə hiss edərdim...
Sonra başa düşdüm ki, o, tanınmış, çox sevilən bir xanəndədi.
Şahmalı günbəzlərlə bəzədilmiş daş
hasarı və limon bağı ilə də kəndçilərindən fərqlənirdi.
Axı kim
həyətində onun
kimi gözəl bağ sala bilərdi?
Bu bağda öz əli ilə becərdiyi nar, armud, fyexoa, zəfəran və daha nə naz-nemətlər
vardı... Həyətinin
bizimlə üzbəüz
olan darvazasından başqa evinə yaxın başqa bir qapısı da vardı... Şahmalı Kürdoğlu
yaşı əllini çoxdan keçmiş,
saçları ağappaq
olsa da, uca boyu, işıqlı
siması ilə diqqət çəkən,
yaraşıqlı bir
kişiydi... Anama həmişə “Xurma bacı” deyərdi, adı Durna olsa da... Atam onun
xətrini çox istəyərdi. Qardaşımın toyuna gələndə becərdiyi limondan da gətirmişdi. Onun limonları da səsi kimi
başqa daddaydı...
Gənc, gözəl xanımı və Şahiməli adında balaca oğlu da yaxşı yadımdadı... Amma onun əvvəlki ailəsində iki oğlu və bir qızı olduğunu da eşitmişdik...
İllər ötdü, hələ dərk edə bilmədiyim müharibə
başladı. Deyirdilər, ermənilər illərlə
üzərində çalışdıqları
çirkin planlarını
həyata keçirməyə
başlayıblar. Nankor, amansız
ermənilər dinc əhalimizə hücum çəkir, günahsız
qanlar, qırğınlar
edirdilər. Bilməzdim
ki, bu soysuzlar
bir gün ata-anamı əlimdən alıb, yurdumuzu talayacaq və mən ömrüm boyu qanımı mürəkkəbə çevirib
belə nisgilli xatirələrin şəklini
çəkəcəyəm...
Artıq Ağdam şəhəri,
onun yaxın kəndlərindən olan Qiyaslı da müharibənin gerçəklərini
yaşayırdı. 1992-ci ilin
yazında Ağdam şəhərinə atılan
mərmilərdən atam
şəhid oldu... Həmin ilin payızında isə qonşumuz, o səsi limonlu, unudulmaz xanəndə Şahmalı
Kürdoğlu balaca oğlu ilə öz bağında şəhid edildi...
Deyirlər, uşağın yadından
söz çıxmaz. Həmin gün
indiki kimi yadımdadı. Onda mərmi
səsinə, ölüm-itim
xəbərinə çoxdan
öyrənmişdik. Amma o günkü mərminin uğultusu hələ də yaddaşımı silkələyir. İndi bu
sətirləri yazarkən
həmin uğultudan yenə həyəcan keçirir, olanları ürək ağrısı
ilə xatırlayıram.
O gün dəhşətli
bir səs eşitdik, səs o qədər yaxın və o qədər vahiməliydi ki, tez qaçıb evimizin zirzəmisinə doluşduq. Aradan bir az keçdi, uşaq sadəlövhlüyü ilə
darvazanı açıb
küçəyə çıxdım.
Elə sol tərəfə
baxınca Şahmalı
kişinin həyat yoldaşının qucağında
al-qanına bulaşmış
balası qışqıra-qışqıra
özünü küçəyə
atdığını gördüm...
Onda mən dünyanın bütün rənglərini
unutdum. Dünya qan rənginə dönmüşdü... Elə
sarsılmışdım ki,
donub qalmışdım...
Sonra nələr oldu, bir də baxmağa
cəsarətim çatmadı.
Axı nə yaşım vardı ki... O gün başqa kənddə gecələdik. Səhər açılan kimi
evimizə qayıtdıq.
Kənd camaatı xanəndənin
faciəli ölümündən
sarsılmış, ağacları,
gülləri, limonları
güllələnmiş o dillər
əzbəri olan həyətə toplanmışdılar.
Beləcə, xanəndə
böyük el məhəbbəti
ilə son mənzilə
yola salınaraq, Qiyaslı qəbiristanlığında
dəfn edildi...
1993-cü
il iyulun
23-də Ağdam şəhəri
ilə birgə bizim kəndimiz də işğal edildi. Elə o işğal günündə,
lap düşmən kəndimizə
yaxınlaşanda anam,
balaca bacımla mən evimizdən ayrıldıq. Anamın
üzünüdən az qala düşmənə
əsir düşəcəkdik.
Onu evindən, yurdundan qoparmaq olmurdu... Sonra da Bərdənin Kətəlparaq deyilən
kəndində neçə
ev dəyişəndən
sonra, minnətsiz olsun deyə, dəmir vaqonlardan birində yerləşdik.
Neyləsək də, anamı
Bakıya, yataqxanaya apara bilmədik. Deyirdi ki, mən
buradan kəndin havasını alıram, üstəlik, iki oğlu da müharibədə
idi... Bir neçə ildən sonra anam o dözülməz
dəmir vaqonda ağır xəstəliyə
düşərək dünyasını
dəyişdi...
Sonra taleyin hökmü ilə Bakıya gəlib çıxdım. Yaddaşım isə bəzən səssiz, bəzən də tufan qopararaq
öz yerində qalırdı... Odur ki, gözlərimlə görüb uşaq yaddaşımda saxladıqlarımdan
əlavə, qonşumuz,
o istedadlı xanəndə
Şahmalı Kürdoğlunun
ömürlüyü ilə
daha geniş tanış olmağa başladım. Öyrəndim ki, şirin avazını qonşudan dinlədiyim Ş.Kürdoğlu bir vaxtlar səsi ilə Filarmoniyanı lərzəyə gətirmiş,
Opera və Balet teatrında xüsusi tamaşaçıları olan,
ürəyə yatan,
coşğun səsiylə
yanaşı, savadı,
dünyagörüşü ilə də olduğu məclislərin
yaraşığı imiş...
O, böyük Füzulinin
aşiqi kimi onun qəzəllərini ürəkdən, ayrı
bir şövqlə oxuyarmış. Xanəndə, musiqişünas alim Vəli Məmmədovla görüşüb,
Ş.Kürdoğlu ilə
bağlı mətbuatda
yazılar da yazdım. Vəli müəllim deyirdi ki, onun səsində
Xan əminin səsinin çalarları
var. Səsindən Qarabağ
nəfəsi duyulurdu...
Ş. Kürdoğlu musiqi
ilə yanaşı, ədəbiyyatı, rəssamlığı
gözəl bilir, hüquq təhsili almışdı. Əgər
istəsəydi doğma
Bakıda yaşayar və sənəti ilə daha uca
zirvələri fəth
edərdi... Ona dəfələrlə demişdilər ki, evini, Qiyaslını bu müharibə şəraitində tərk
eləsin. Amma doğulduğu ocaq, Qarabağ onu elə ağuşuna almışdı ki, özünü unutmuşdu...
O gün də, nar ağacının yanında sanki ölümünü gözləyirmiş...
Deyirlər, xanəndə
qan qırmızı,
cənnət meyvəsi
narın rənginə
bürünüb o dünyaya
köç edərkən
qonşudan onun gözəl avazı gəlirmiş...
Fəsillər ötüşüb keçdikcə zaman,
Vaxt olur həyatda dəyişir insan.
Mən səni unudan deyiləm, inan,
Sən də, ey gözəl
yar, xatırla məni...
Sən də ey gözəl
yurd, xatırla məni!
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub
Mina RƏŞİD
525-ci qəzet.- 2020.- 11 aprel.- S.23.