“Başsız qalan ailə kimiyik”
“Qaya”
Ansamblının üzvləri Rauf Babayevi yad edirlər
Bu
günlərdə Azərbaycan incəsənət
ağacından bir yarpaq da düşdü. "Qaya"
Dövlət Ansamblının bədii rəhbəri, Xalq
artisti Rauf Babayev 82 yaşında dünyasını dəyişdi.
Mərhum müğənni 1937-ci ildə Leninakanda
(Gümrü) anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun
üzvü olub. 1995-2001-ci illərdə
"Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.
2001-ci ildən "Qaya" Dövlət
Ansamblının bədii rəhbəri idi. R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar
artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı
alıb.
Rauf Babayev kimi sənətkarı itirmək bütün
Azəbaycan xalqı və sənətsevərlər
üçün çətin olsa da, “Qaya” qrupunun üzvləri
bu itkinin ağırlığını daha çox
yaşayırlar. Onlar təkcə bədii rəhbərlərini
deyil, müəllimlərini, sənət yolundakı mayakı
da itiriblər. Bunu onların özləri
deyirlər.
Qrupun üzvləriylə bir-bir danışıb Rauf
Babayevlə olan xatirələrini, düşüncələrini
öyrəndik və qrupun öz fəaliyyətini bundan sonra
necə davam etdirəcəyini soruşduq.
“O, mənim musiqidə əvəzsiz
və yeganə müəllimimdir”
Əməkdar
artist Şölə Səfərəliyeva ömrünün
25 ilini Rauf müəllimlə işləyərək
keçirib: “Rauf Babayev xatirimdə hər zaman məni bu sənətə
gətirən, böyük addımlar atmağıma səbəb
olan insan kimi qalacaq. Onu unutmaq mümkün deyil.
Həyatımın 25 ilini, bugünkü gün
üçün yarıdan çoxunu mən onun yanında
keçirib boya-başa çatmışam. O, mənim
xatirimdə Azərbaycan musiqi sənətində yeni səhifə
yaradan insan kimi qalıb. Çünki bu günə
kimi Azərbaycan səhnəsində uşaqlardan ibarət
çoxsəsli ifa olmayıb. Rauf müəllim
ilk dəfə 1995-ci ildə belə bir kollektiv yaratdı.
Ondan sonra bir çox belə kollektivlər yaranmağa
başladı ki, onlar heç vaxt “Bəri bax” ola
bilməzdilər. O, mənim musiqidə əvəzsiz və
yeganə müəllimim, ustadımdır.
Mən
onunla ilk dəfə tanış olan 11
yaşım vardı. Nə mən, nə də
“Bəri bax”ın digər uşaqları onun haqqında
geniş məlumata sahib deyildik. Çünki
onda çox balaca idik. Amma bu insanı
yaxından tanıdıqca və onun bizə caz musiqisini bu
cür sevdirə bildiyini gördükcə təbii ki,
köhnə “Qaya” qrupunun yaradıcılığını da
izləməyə başladıq. O özü də bizə
xatirələrini tez-tez danışardı. Afrika ölkələrində
necə dörd aydan çox səfərdə
olduqlarını, başlarına gələn məzəli
hadisələri, uzaq Şərqdə Müslüm Maqomayevlə
birgə səfərlərini, kollektiv daxilində olan konsert və
konsertdən kənar işlərini, xoş xatirələrini
bizlə bölüşərdi. Onu yaşadan
musiqi idi. Hər zaman o dördlüyün ənənələrini
yaşatmağa çalışırdı və bunu
bacardı.
Son dəfə onunla canlı görüşüm Mərkəzi
Klinik Xəstəxanada oldu. İlk dəfə
infakt keçirəndən sonra 5 nömrəli xəstəxanada
yatanda oraya da getmişdim. Ordakı
görüşümüzdə bəzi məzəli hadisələr
olmuşdu mənlə bağlı. Son
görüşümüzdə də həmin hadisələri
yada saldıq, güldük və hər zamankı kimi ona gətirilən
paylardan mənə daddırdı. Bu,
artıq bir adət halını almışdı. Sonra bir dəfə də cəhd etdim klinikaya getməyə.
Onda koronavirusla bağlı ilk tədbirlər
alınan zaman idi, karantin elan olunmuşdu. Ona
görə də bizi içəriyə buraxmadılar.
O məqamda dözmədim, ağlaya-ağlaya Rauf müəllimə
video zəng elədim. O da məni o cür görüb pis
oldu, sakitləşdirməyə çalışdı. Dedi
ki, çıxanda görüşəcəyik. Ondan bir neçə gün sonra öz istəyiylə
evinə qayıtdı. Hər gün
danışırdıq, bizə dedi ki, mənə bir müddət
icazə verin özümə gəlim, toparlanım,
görüşəcəyik. Təəssüf
ki, bu görüş bizə qismət olmadı. Amma bizim “votsapp” qrupumuz vardı, hər səhər
o, hamımızdan öncə “sabahınız xeyir,
özünüzü qoruyun, uşaqlar” mesajı yazardı.
Rəhmətə getdiyi gün mesaj gəlmədi.
Uşaqlar “Rauf müəllim, salam, necəsiniz?”
yazdı, buna da cavab gəlmədi və sonra bizə onun
ölüm xəbərini verdilər.
Son görüşümüz ayın 27-si vəfat etdiyi
gün evində oldu. Mən onun üzünü açıb,
cansız bədənini gördüm və müəllimimlə
sağollaşdım.
“Qaya” ansamblını Rauf müəllim olmadan təsəvvür
edə bilmirəm. Ona görə bundan sonrakı fəaliyyətimiz
necə və nədən ibarət olacaq bilmirəm, bu dəqiqə
onun itkisini yaşayan insan kimi xaosdayam. Təbii
ki, onun etdiklərini biz heç zaman edə bilməyəcəyik.
Amma yenə də əlimizdən gələn qədər
çalışacağıq ki, fəaliyyətimiz boyunca onun
qoruyub-saxladığı səviyyədə davam edək.
Bizim bütün ifalarımızı nöqtə-vergülünə
qədər Rauf müəllim özü qururdu, köməkçisi
də yox idi. Ondan sonra necə olacaq, bilmirəm.
İstədiyim odur ki, fəaliyyətimizi hardasa, bir yerlərdə
görərək, hiss edərək ruhu şad olsun. İnanıram ki, biz onun saxladığı adı
layiqincə davam etdirə biləcəyik.
O, bu sənətdə
adi müəllim olmadı. Onun yetirmələri
hətta “Avrovizia” səhnəsinə qədər gedib
çıxdılar, Azərbaycanı təmsil etdilər.
Bu gün, düzdür, mən yeganə tələbəsiyəm
ki, “Əməkdar artist” adına layiq
görülmüşəm. İnşallah
ümid edirəm, digər tələbələri də bu
adı qazanacaqlar. Yəni Əməkdar
artistə qədər onun tələbələri var. Deməli,
o, 25 illik pedaqoq fəaliyyətini boşuna xərcləmədi.
Onun yetişdirdiyi tələbələrin
hamısı peşəkarlıq qazandı, pisi
yaxşıdan ayırmağı, zövqlü olmağı
bacardı”.
“O, bir əfsanə idi”
Nigar Cəlilova
qrupun ən kiçiyi və ən az
zamandır fəaliyyət göstərənidir: “Üç
il olacaqdı ki, “Qaya” ilə birgəyəm. Bilirsiniz
ki, Rauf Babayev hər adamı ora götürmürdü.
Ora qəbul olmaqdan ötrü musiqiçiyə lazım olan hər
şey olmalı idi: musiqi savadı, istedad, səs, musiqi duyumu və
qrupda oxumaq bacarığı. İlk gələndə
səsimi bəyəndi, sonra suluxu, ritmi yoxladı və məni
qəbul elədi. Dedi ki, hər şeyin uyğundur, indi
də baxaq görək, sən bu qrupda, çox səslidə
oxuya biləcəksənmi. İlk vaxtlarda məndə
birdən alınmaz deyə qorxu var idi. Amma
çalışdım, öyrəndim və üç ildir
ki, oradayam. Hər gün yeni əsərlər
keçir, yeni şeylər öyrənirdik. Rauf müəllimi çox gözəl
xatırlayıram. O, çox yaxşı insan idi, diqqətli
idi, özəl günləri, bayramları unutmazdı. Onun qədər hər şeyi duyan, eşidən əsl
musiqiçi çox azdır. O, bir əfsanə idi. Hər birimizlə tək-tək
çalışırdı. Yorulmurdu,
bezmirdi. Saatlarla bir əsər üzərində
işləyirdik. Bilirsiniz ki, mən
muğam təhsili almışam, hazırda magistrda vokal təhsili
alıram. Amma Rauf müəllimin öyrətdiklərini
indiyə kimi heç kim öyrətməyib
mənə. Onun yolu tamam başqa idi, ondan daha
yüksəyi yoxdur. Rauf Babayev əsl
musiqiçi yetişdirirdi. Nə xoş mənə
ki, üç ilə yaxın ondan dərs almışam, hər
gün onunla təmasda olmaq, ondan öyrənmək
şansı qazanmışam. Yoxluğuna
inanmaq çox çətindir. Bizimçün
o, ölümsüzdür, hər zaman qəlbimizdə qalacaq.
Biz çalışacağıq ki, onun həyata
keçməyən istəklərini həyata keçirək,
onun bizə öyrətdiklərini daha yüksək şəkildə
göstərək.
Rauf müəllimin çox gözəl yumor hissi
vardı, məşqlərdə fasilə zamanı həmişə
məzəli əhvalatlar danışardı. Ailəsini,
yoldaşını, oğlunu, nəvəsini, nəticəsini
çox sevərdi. Son zamanlar nəticəsiylə
yaşayırdı, tez-tez şəkillərini göstərərdi.
Son dəfə onu xəstəxanada
görmüşdüm. Kefi çox yaxşı idi, düzəlmişdi.
Biz də sevindik ki, artıq sağalır.
Sonra xəbər elədilər ki, xəstəxanadan
çıxıb, evdədir. “Votsap”
qrupumuzda hər səhər, hər axşam bizə xoş
sözlər yazırdı. Hətta deyirdi ki, mən bunu
sizə deməli deyiləm, siz bunu unutmayın, hər səhər
bir-birinizə “sabahın xeyir” deyin, münasibətinizi
çox gözəl saxlayın, mən olsam da, olmasam da. Bizə yadigar həmin son yazıları qaldı.
Biz onu itirmək istəmirdik. Bütün Azərbaycan sənətinin, musiqisinin
başı sağ olsun”.
“Ona Maestro deyəndə xoşu gəlməzdi”
Qrupun
üzvü Cahangir Parişani Rauf Babayevi hər zaman həyatsevər,
maksimalist, əfsanə və pedaqoq kimi
xatırlayacağını deyir: “Xatirələr olduqca
çox idi. Ona
Maestro deyəndə xoşu gəlməzdi. Deyirdi maestro Qara Qarayev, Niyazidir, mən Rauf müəlliməm.
Danışardı ki, biz qastrol səfərində
olanda voleybol, futbol komandaları olardı. Musiqidən
əlavə idmana çox diqqət edərdi. Sevdiyi klub Barcelona idi, ələxsus Messi. Çox zarafatcıl idi, lətifə
danışmağı sevərdi.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə
Əliyeva adına mərkəzi klinik xəstəxanaya
yerləşdirilmişdi, təxminən mart ayının əvvəlləri
idi. Yanına getdik vəziyyəti pis deyildi.
Amma bunun son görüşümüz
olacağına inana bilməzdim.
“Qaya” ansamblı bundan sonra həmişəkindən
güclü olmayacaq, amma pedaqoqun ruhu xatirinə və
özümüzün sevgisi naminə bu işi davam etdirməyi
borc bilirik. Böyük layihələrimiz var idi. Onlardan "Arşın
mal alan" operettamız yarıda qalıb, onu tezliklə ərsəyə
gətirib tamaşaçılara nümayiş etdirəcəyik.
Onun yoxluğuna alışmağımız çox
çətindir. Hazırda sanki beynimiz duman içərisindədir,
çaşğın haldayıq ki, nəyin qulpundan
yapışaq, hansı əsərlə başlayaq. Deməzdim ki, işlərimiz yarım qaldı.
Sadəcə bundan sonra onsuz davam etdirmək
çox çətin olacaq. Amma hər
halda biz gücümüzü toplayıb davam edəcəyik,
çünki bu, bizim borcumuzdur. Moskva şəhərində
konsertə hazırlaşırdıq. O da təbii ki,
koronavirusa görə təxirə salındı. Hazırda hər şey özümüzdən
asılıdır. Başsız qalan ailə
kimiyik. Əziyyəti çox olub, Allah rəhmət
eləsin!”
Qrupun digər
üzvü Günay Əhmədova Rauf Babayevlə yeddi il birgə
çalışdığını dedi: “Bu yeddi il ərzində
ondan çox şeylər öyrənmişəm. Mənimçün belə bir müəllimi itirmək
çox böyük bir insanı itirmək deməkdir. Deyə bilərəm ki, təkcə biz yox,
bütün Azərbaycan əsl insanı, sənətkarı
itirdi. O, XX əsrin ən böyük əfsanələrindən
biri idi”.
“Rauf müəllimin yoxluğu
özünü hər işimizdə göstərəcək”
Boris
Bayramov isə beş ildir ki, “Qaya” Dövlət
Ansamblının solistidir: “Rauf Babayev xatirimdə yaxşı
insan, yaxşı müəllim, yaxşı ağsaqqal kimi
qalacaq. Onunla tanış olduğumuz
gündən son mənzilə gedənə kimi mənim
könlümdə, fikrimdə ancaq yaxşı əməlləri
ilə qaldı.
Onun özünün “Qaya” qrupundakı
çıxışlarını çox gözəl
xatırlayıram. Onda mən uşaq idim. Sonradan özü də bu haqda çox
danışırdı. O, bizi öyrədərkən,
tövsiyələrini verərkən necə oxumaqdan əlavə
qrupda necə insan, necə solist olmaq lazımdır, digər
qrup üzvləriylə necə münasibətdə olmaq
lazımdır kimi məsələləri öyrətmək
üçün öz xatirələrini, qrupdakı təcrübələrini
bölüşürdü.
Son görüşümüz xəstəxanada oldu,
ürəyindən narahatlığı vardı. Söhbətimiz
isə “votsap” qrupunda olub son vaxtlar, səsini orda eşidirdik.
Mənimlə çox zarafatlaşardı, mənə
çox söz atardı.
“Qaya” qrupunun bundan sonrakı fəaliyyəti
üçün biz əlimizdən gələni edəcəyik. O, bizə elə bir təlim
keçdi ki, bizim içimizdəki özgüvənimiz bundan
sonra da Dövlət Ansamlı olaraq, dövlətimizə, millətimizə,
musiqimizə, “Qaya” sevənlərə xidmət etməyimizə
kömək edəcək. Daha gözəl
mahnılar oxuyub, daha gözəl işlər görəcəyik.
Əlbəttə, Rauf müəllimin yoxluğu
özünü hər işimizdə göstərəcək,
amma hər halda əlimizdən gələni edəcəyik ki,
“Qaya” qrupu hər zaman yaşasın!”
Biz də
“525-ci qəzet” olaraq əziz sənətkarımızı
sayğıyla, sevgiylə yad edir, ona Allahdan rəhmət diləyirik!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 11 aprel.- S.18.