Arif Əliyev: “Jurnalistika
mənəviyyatla sıx bağlı sahədir”
“HEÇ BİR PANDEMİYA,
HUMANİTAR FƏLAKƏT MEDİANIN ÖZ
TƏBİƏTİNİ DƏYİŞMƏSİNƏ
TƏSİR EDƏ BİLMƏYİB”
Müsahibimiz tanınmış
jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif
Əliyevdir.Onunla jurnalistika, həyata keçirdiyi layihələr,
son günlərdə baş verən pandemiya hadisələri
və bir sıra başqa mövzularda söhbət etdik.
“O zamanlar biz özümüzü
birlikdə
“media” hesab edirdik, indi
ayrı-ayrılıqda
“kütləvi informasiya vasitəsi”
- Arif bəy, sizin jurnalistika fəaliyyətinizin
ilk illəri mənim yaşımdan əvvəllərə təsadüf
etdiyindən müsahibəyə hazırlaşarkən
internetdən, sizi uzun illərdən bəri tanıyan insanlardan
haqqınızda məlumatlar almağa
çalışdım. Diqqətimi bir sıra məqamlar
çəkdi. Birinci məqam hələ ötən əsrin
80-ci illərinin sonlarında yeni Azərbaycan mətbuatının
əsasını qoyanlardan biri, mərhum Nəcəf Nəcəfovun
baş redaktoru olduğu “Molodyoj Azerbaydjana” qəzetində,
sonralar isə “Azadlıq” qəzetində birlikdə
çalışmağınız idi. Eşitdiyimə görə,
hələ sovet dövründə “Molodyoj Azerbaydjana” qəzetində işləyəndə
o vaxt üçün kifayət qədər sərt
sayılacaq yazılarınız olub. Hətta o vaxt milis sistemi
ilə bağlı yazdığınız bir yazının
böyük əks-səda doğurduğunu da deyirlər. O
illəri indi necə xatırlayırsınız?
- Hə,
o vaxtlar birinin uğurlu yazısı olanda, qəzet əldən-ələ
ötürülürdü, hamı sevinirdi, müzakirələr,
təbriklər olurdu. Bir dəfə “Azərinform”dan Pyotr
Davıdov zəng edib dedi ki, sən bu illəri çox
xatırlayacaqsan. Düz deyirmiş. Nə isə... Hələ
elə müəllim görməmişəm ki, “əvvəllər
uşaqlar oxuyurdular, indi oxumurlar” deməsin. Onlara oxşasam da,
deməliyəm: o zamanlar biz özümüzü birlikdə
“media” hesab edirdik, indi ayrı-ayrılıqda “kütləvi
informasiya vasitəsi”. Nəcəf Nəcəfovun
“Molodyojka”sı, sözsüz, təkan verdi. Ardınca Məmməd
İsmayılın “Gəncliy”i, Sabir Rüstəmxanlının
“Azərbaycan”ı, yenidən Nəcəfin
“Azadlığ”ı gəldi. Bu üç sözü ard-arda
düzün, dövrün ruhunu hiss edəcəksiniz. Ölkə
gəncliyi yeni, azad Azərbaycan yaradırdı. Və
jurnalistlər prosesin ön cərgələrində gedirdilər.
Biz həqiqətən böyük iş
gördüyümüzə, yeni cəmiyyət qurduğumuza
inanırdıq, bu inam həyatımıza fərqli məna
verirdi, peşə qüruru gətirirdi. Biz başqa peşə
sahiblərinin edə bilmədiklərini edirdik: hökumət
bir nəşri bağlayanda, 42 redaksiya
yığışıb həmin nəşrin bazasında
ümumi qəzet buraxırdı və ədalətsiz cəzanı
ləğv etdirirdi. İndi belə bir şeyin
mümkünlüyünü təsəvvürünüzə
gətirə bilərsinizmi? Vaxtilə qaynar jurnalist həyatının
mərkəzi olan “Azərbaycan” nəşriyyatı da Yasamal
yamacında qəzet qəbiristanlığını
xatırladır. Sonralar bataqlığa çevrilmiş
böyük bir yolun başlanğıcı olan həmin illəri
mən bax, belə xatırlayıram.
- İkinci diqqətimi çəkən
məqam isə görkəmli dilçi alim Aydın Məmmədovun
rəhbərlik etdiyi Azərbaycan Tərcümə Mərkəzindəki
fəaliyyətiniz, ictimai-siyasi qəzetlərdən sonra fərqli
təmayyüllü nəşrin - rus dilində çıxan
“Xazar” jurnalının baş redaktoru
olmağınızdır. Həmin illər, deyəsən, yenə
Tərcümə Mərkəzində əsası qoyulmağa
başlayan “Turan” İnformasiya Agentliyinin qurulmasında
iştirak etmisiniz. Fəaliyyətinizin bu dövrü ilə
bağlı nələr deyə bilərsiniz?
- Kommunist
partiyasının Mərkəzi Komitəsi 1988-ci ilin
dekabrında Nəcəf Nəcəfovu işdən çıxarandan
sonra “Molodyoj Azerbaydjana”nın özəyi də etiraz əlaməti
olaraq onunla getdi. Bizi bircə gün işsiz qoymaq istəməyən
həmkarlarımızdan çoxlu təkliflər gəldi. Nəcəf
əvvəl uşaqları yerbəyər elədi. Mənə
isə: “Gedək “Bakinski raboçi”yə dedi. Bu, partiyanın
Mərkəzi Komitəsinin bilavasitə tabeçiliyində
olan qəzet idi. Onun baş redaktoru Qluşkov, Vəzirovun
etirazlarına baxmayaraq, qəzetdə ayrıca şöbə
açdı, Nəcəfi müdir, məni xüsusi
müxbir təyin etdi, iki otaq verdi və dedi: “Bilirəm, qəzetin
mövqeyi əqidənizə uyğun deyil. İstəyirsiniz,
heç yazmayın, nə qədər lazımdır, oturun,
işlərinizlə məşğul olun”. O zaman belə bir
jurnalist həmrəyliyi var idi! Nəcəf Nəcəfov
özəl qəzet planı hazırlayırdı.
Adını da seçmişdi: “36,6” - sağlam insan,
dolayısı, cəmiyyət temperaturudur. Amma sonra o, Xalq Cəbhəsinə
getdi. Biz “Molodyojka”çılar isə Aydın Məmmədovun
Tərcümə Mərkəzinə
yığışdıq. Olduqca ağıllı, savadlı,
demokratik ruhlu adam idi Aydın Məmmədov, zərbələri
üzərinə götürürdü, biz də
yarıgizli, yarıaçıq işləyirdik. “Turan” məlumat-nəşriyyat
müəssisəsi yaratdıq. Hərə bir sahənin
başında durmuşdu. Mən redaktor və müəssisədə
direktor olsam da, “Xazar”ın işini, faktiki olaraq, Şahin
Hacıyev aparırdı, Bahəddin Həziyev ona kömək
edirdi, Mehman Əliyev “Turan” informasiya agentliyinin, Rafiq
İsmayılov “Turan” nəşriyyatının direktoru idi. Məzahir
Əfşar “Turan” mədəniyyət mərkəzinə,
Zaur Abdullayev “Turan” reklam agentliyinə rəhbərlik edirdi.
Nazim Rəhimov, Fərhad Kərimov “Tutan TV”
formalaşdırırdılar. Yeri gəlmişkən, “Turan”
ölkənin ilk müstəqil informasiya agentliyi oldu, Məhəmməd
Əmin Rəsulzadənin Azərbaycanda ilk kitabını
(“Əsrimizin Siyavuşu”) bizim nəşriyyat buraxdı.
Doğrudur, hökumət tirajı müsadirə etdi, amma bir
azını aradan çıxara bildik. Mən isə daha
çox “Azadlıq” qəzetində Nəcəf Nəcəfova
müavinlik, sonra “Svoboda” qəzetinə redaktorluq edirdim.
Bütün işlərdə Nəcəfin ideya
öncüllüyü, Aydının himayəsi rol
oynayırdı. Biz hamımız həm də dost idik.
“İndiyədək üç
böyük şəxsiyyətin rəhbərliyi
altında işləmişəm: Nəcəf
Nəcəfov,
Aydın Məmmədov, Əbülfəz
Elçibəy”
- Və üçüncü məqam
- Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin mətbuat
katibi olmusunuz, bir müddət də keçdikdən sonra isə,
səhv etmirəmsə, Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri Əbülfəz Elçibəyin
müavini. Bioqrafiyanızı pis öyrənməmişəm
ki?
- Hə,
indiyədək üç böyük şəxsiyyətin rəhbərliyi
altında işləmişəm: Nəcəf Nəcəfov,
Aydın Məmmədov, Əbülfəz Elçibəy.
Bununla fəxr edirəm və hər üçü ilə səmimi
münasibətlərimi, dərin hörmətimi sona qədər
saxlamışam. Amma heç zaman, heç bir partiyanın
üzvü olmamışam. Nə sovet vaxtı, nə müstəqillik
dövründə. Xalq Cəbhəsi xeyli sonra partiyaya
çevrildi. Əbülfəz bəylə isə, qəribə
olsa da, mətbuat katibi təyin ediləndən sonra
yaxınlaşmışam. Adətən, tərsinə olur. Nəcəfin
təşəbbüsü idi. Müqavimət göstərirdim,
amma onun arqumentləri qarşısında dayanmaq mümkün
deyildi. Axıradək, Kələkidə də, Əbülfəz
bəy referendumla vəzifəsindən
uzaqlaşdırılana qədər prezidentin yanında
olmuşam. Çox şeyi xatirələrimdə
yazmışam, ona görə danışmaq istəmirəm.
Əbülfəz bəy Türkiyədə xəstəxanada
olanda isə burada dövlət qəzetinin də,
aparıcı müstəqil və müxalifət nəşrlərinin
də redaktorları yığışdıq. Onun yanına
sonuncu müsahibəyə getmək qərarına gəldik.
Biletlərimizi aldıq. Sizin qəzetin rəhbəri Rəşad
Məcidin də, yəqin, yadındadır. Heyif, bizdən
asılı olmayan səbəblərə görə baş
tutmadı. Cəmiyyət üçün çox ibrətamiz
bir addım, möhtəşəm müsahibə olardı.
-Bu bilgilər isə
vikipediyadandır: "Yeni Nəsil" Azərbaycan Jurnalistlər
Birliyinin sədri, Bakı Mətbuat Klubunun (Pressklub) prezidenti,
"Gün-səhər" qəzeti İdarə Heyətinin
sədri. Yaratdığınız, yaxud rəhbəri
olduğunuz bu qurumlar əvvəl-əvvəl hərəkətli,
ictimaiyyətin diqqətini cəlb edən olsa da, sonradan ya nədənsə
fəaliyyətini dayandırdı, ya da fəal olmadı. Niyə?
- Bilmirəm,
bəlkə, xarakterimdə nəsə var ki, bir yerdə dura
bilmirəm, yarada-yarada getməliyəm? Amma ciddi
danışsaq, kənar təsirlərin rolu böyük oldu.
Bu təşkilatların o zaman ictimai həyatda hansı rol
oynadıqlarını orta və yaşlı nəsil
yaxşı xatırlayar. Və nə Jurnalistlər Birliyinin fəaliyyətini
dondurması, nə Mətbuat Klubunun dayandırılması, nə
Mətbuat Şurasından getməyim mənim təşəbbüsüm
deyildi. Ölkədə bütövlükdə media, vətəndaş
cəmiyyəti çökdürüldü, dayaqları
uçurulmuş bu təşkilatlar da ayaq üstə qala bilmədi.
“Gün-səhər” yeganə qəzet
idi ki, öz Peşə kodeksi,
ombudsmanı,
hüquqşünası var idi”
- Arif bəy, səhv eləmirəmsə,
Avropa Birliyi ilə "Yeni Nəsil"
Jurnalistlər Birliyinin birgə layihəsi olan "Gün-səhər"
qəzeti 2005-ci ildə fəaliyyətə başlayanda
özünü fərqli imicdə təqdim etmişdi -
bütün siyasi partiya və qurumlarla eyni məsafədə
dayanmaq, tərəfsizliyini qorumaq. Qəzet təxminən 2 il
fəaliyyət göstərdi və sonra dayandı. Səbəb
nə oldu - qəzetin kifayət qədər
populyarlaşmaması, qarşıya qoyulan prinsiplərə əməl
edilməməsi, oxucu kütləsinin belə bir nəşri
həzm etməyə hazır olmaması, reklam bazarının
kasadlığı, yoxsa hansısa başqa səbəblər?
- Bu, birgə
layihə deyildi, sadəcə, Avropa Şurasının mediaya
dair hesabatlarında “Gün-səhər”in adı dəfələrlə
müsbət təcrübə kimi xatırlandığı
üçün, görünür, belə təəssürat
yaranıb. Biz vədlərimizə əməl etdik: məsafə
saxlamaq barədə də, tərəfsizlik barədə də.
Ölkədəki fərqli fikir daşıyıcıları
arasında düşmən münasibətləri rəqabətlə
əvəz etməyə çalışdıq. “Gün-səhər”
yeganə qəzet idi ki, öz Peşə kodeksi, ombudsmanı,
hüquqşünası var idi, başlıqlar xüsusi
işlənilirdi, rəngli və fərqli formatda çap
olunurdu, kollegial idarə olunurdu, plüralizm prinsiplərinə
tam əməl edirdi. Bir əhvalat danışım,
redaksiyadakı əhval-ruhiyyəni hiss edəcəksiniz. Təhsil
nazirliyi bir qrup jurnalistə yüksək pul mükafatları
vermişdi. Aralarında bizim Elxan Salahov da vardı. Məndən
soruşdu ki, o pulu götürsəm olarmı? Bilirdik ki,
qaçqın ailəsindəndir, yataqxanada yaşayır,
ehtiyacı var. Amma peşə prinsipləri buna baxmır.
Kodeksimiz əməkdaşlara yalnız jurnalist təşkilatlarından
mükafat almağa icazə verirdi. Dedim, olar, ancaq həmin
gün ərizəni də yazmalısan. Təqdimat mərasimində
Salahov pulu nazirə qaytardı, dedi ki, xahiş edirəm, buna
partalar alıb qaçqın məktəbinə verəsiniz.
Həmin addımına görə sonra redaksiya özü
Elxanı məbləğin yarısı həcmində
mükafatlandırdı. Ümumiyyətlə,
başlanğıc uğurlu idi. Fevraldan
çıxırdıq, oktyabrda isə tiraj stabilləşmişdi,
4 bank və bir holdinqlə irihəcmli reklam müqavilələri
imzalamağa hazırlaşırdıq. Təkcə bu,
növbəti maliyyə ilində xərclərin 70 faizini
örtəcəkdi. Adətən, yeni KİV-in inkubasiya
dövrü 3 il hesab olunur, biz bir ilə özünümaliyyələşdirməyə
çıxacaqdıq. Hər şey oktyabrın 25-də
dağıldı: bütün tərəfdaşlar eyni
gündə müqavilələrdən imtina etdilər. Zərbə
prezident aparatından gəlirdi. Qaldıq tirajın ümidinə.
Yüksək tirajlar isə radikal tənqidi müxalifət qəzetlərində
idi. Çoxlu oxucu “qazanmaq” üçün onlara oxşamaq
lazım idi. Siyasi tərəfkeşlik isə qəzetçilik
prinsiplərinə uyğun gəlmirdi. Müavinlər Qabil
Abbasoğlu və Natiq Məmmədli ilə vəziyyəti
müzakirə etdik, bir müddət “bığdan kəsib
saqqala yapışdırmaqla”, dostların köməyi ilə
çıxdıq, sonra “şəraitə
uyğunlaşmaqdansa” dayanmaq qərarına gəldik. Odur ki,
sadaladığınız səbəblərin hamısı
doğrudur, birindən başqa: prinsiplərimizi dəyişmədik.
- Söhbət ki yazılı mətbuata
gəldi, onda belə bir sual: Çap mətbuatının
mövcud durumu, qəzetlərin yaşadığı maliyyə
problemləri, tirajın azlığı və perspektivlər
barədə nə deyə bilərsiniz? Bildiyimə görə,
son vaxtlar televiziya kanallarındakı bir neçə
verilişdə bu məsələlərə toxunmuşdunuz.
-
Geniş mövzudur, amma bütün izahlar bir düyündə
birləşir: hələlik Azərbaycanda müstəqil nəşrin
fəaliyyət göstərməsi üçün şərait
yoxdur: yayım infrastrukturu, abunə sistemi, reklam bazarı
darmadağındır. Çap mediasının gələcəyi
onların bərpa edilib-edilməyəcəyindən
asılıdır. Təsəvvür edin ki, siz maşın
istehsal edirsiniz, amma yollar yoxdur, benzin yoxdur. Necə, kimə
satacaqsınız maşınınızı?
“Sağlam mənəvi dayaqlara,
ideallara
söykənən peşə
ömürçürüdən ola bilməz”
- Ötən ilin sentyabrında
Bakı Mətbuat Klubunun saytının (Pressklub.az) təqdimatını
keçirdiniz və orada bəyan etdiniz ki, 2015-ci ildə fəaliyyətini
dayandırmış Bakı Mətbuat Klubunun işini bərpa
etmək niyyətindəsiniz. Pressklub.az saytı işləyir,
amma klubun fəaliyyəti hiss olunmur.
- Elədir,
bütün fəaliyyət virtual müstəvidədir: pressklub.az,
pressklub.tv, onlayn müzakirələr, bəyanatlar... Hərdən
“canlı” tədbirlər də olur: diskussiyalar, prezentasiyalar.
Sizin dediyiniz klassik mənada Mətbuat Klubu üçün
lazım olan fiziki məkan və maddi baza problemi isə
qalır.
- Bəziləri deyir ki, jurnalistika
ömür çürüdən sənətdir. Düz
deyirlərmi? Yoxsa ömrü çürüdən peşə,
sənət deyil, başqa şeylərdir?
- Hər
bir insan özünüifadə etmək istəyir. Jurnalistika
bunun üçün bəşəriyyətin fikirləşib
tapdığı, bəlkə, ən dolğun və gözəl
formadır. İntəhası, insanın içərisində
yaşadığı, işlədiyi mühit
ömürçürüdəndirsə, bunda peşənin
nə günahı? Həm də jurnalistika mənəviyyatla
sıx bağlı sahədir. Sağlam mənəvi dayaqlara,
ideallara söykənən peşə
ömürçürüdən ola bilməz.
- Nələrdən zövq ala
bilirsiz? Zövqləriniz zamanla dəyişib, yoxsa eləcə,
zaman dəyişib, zövqlərsə yerində qalıb?
- Əlbəttə,
dəyişib. 20 yaşlı gənclə üzü 60-a gedən
yaşlı bir adamın oxuduğu kitablar da,
baxdığı filmlər də, yazdığı
mövzular da fərqlidir. Amma deməzdim ki, fundamental dərəcədə
dəyişmişəm. Ən böyük zövqü isə
dostlarla, ağıllı adamlarla ünsiyyətdən
alıram. Eləcə də mənasız, məzmunsuz
insanlarla ünsiyyət qədər mənə əzab verən
şey azdır.
“İstənilən şəraitdə
sevdiyim, bacardığım
işlə məşğul
olmağa imkan tapıram”
- Təxmini bir hesablama aparıb deyə
bilərsizmi hazırda potensialınızın, təcrübənizin
nə qədərini reallaşdıra bilirsiniz? Ümumiyyətlə,
insan üçün potensialını reallaşdıra bilməməkdən
ağır əzab varmı, sizcə?
- Öz
potensialını real qiymətləndirmək çətindir.
Bu, kənardan yaxşı görünür. Kənardan
baxıb potensialını reallaşdıra bilməyən
çox insan, nəinki insan, cəmiyyət görürəm.
Xüsusən savadlı və ləyaqətli şəxslərin
bir qanmazın quyruğuna bağlanması adamın ürəyini
ağrıdır. Amma özümə gəldikdə,
heç nəyi faciəyə çevirmirəm. İstənilən
şəraitdə sevdiyim, bacardığım işlə məşğul
olmağa imkan tapıram. Əsas - ruhun
azadlığını qorumaqdır. Ən böyük iztirab
isə başqalarının sənə qarşı ədalətsizlik
etdiklərinə görə yaşadığın
üzüntü deyil, özünün törətdiyin
haqsızlara görə keçirdiyin vicdan əzabıdır.
- Bu günlər Koronavirus
infeksiyasının dünyanı bürüyüb pandemiya həddinə
çatdığı bir dövrdəyik. Bu mövzudan yan
keçə bilmərik. Heç indiyəcən hər
hansı virusdan əziyyət çəkmisinizmi? İstər
bioloji virus olsun, istərsə də elektron virus - məsələn,
kompüterə, telefona, diskə, fləşkarta düşən
virus...
-
Orqanizmimin də, kompüterimin də, hətta
ağlımın da virusa yoluxması halları olub, amma
pandemiya şəraitinə düşməmişəm.
“İndiyə qədər bəşəriyyət
nə qədər epidemiya, fəlakət görüb...”
- Pandemiya jurnalistikanı, redaksiyaların,
jurnalistlərin iş tərzini daimi dəyişikliyə
uğrada bilərmi? Yoxsa hazırda müşahidə olunan dəyişiklik,
tutalım, distant fəaliyyətə üstünlük verilməsi
müvəqqəti haldır?
- Məncə,
bunu gözləmək yersiz olardı. Hələ heç bir
pandemiya, humanitar fəlakət medianın təbiətini dəyişməsinə
təsir edə bilməyib. Buna yalnız texniki inqilablar
qadirdir. İndiyə qədər bəşəriyyət nə
qədər epidemiya, fəlakət görüb, hansı biri
bu dünyanı bir buxar maşını qədər dəyişə
bilib, onun yeni həyat tərzi seçməsi ilə nəticələnib?
Distant fəaliyyətə gəldikdə isə, həkimlər
çoxdandır məsafədən əməliyyatlar
aparırlar, müəllimlər əyani təhsilin sıradan
çıxarılacağı barədə
danışırlar, redaktorlar evdə divanda uzanıb səhifəyə
material qoyurlar. Başqa məsələdir ki, bu cür qlobal
hadisələr həmin prosesi bir az sürətləndirə
bilər. Amma jurnalistikanı “daimi dəyişən” çap
maşınıdır, radiosiqnalların və təsvirin
ötürülməsi texnologiyasıdır, internetdir.
- Həyatda elə dərslər
varmı ki, onu təhsillə deyil, məhz yaşla öyrənmisiniz?
- Nəzərə
alsaq ki, bu yaşda da təhsilimi davam etdirirəm, yox. Əgər
siz “yaş” deyəndə həyat təcrübəsini nəzərdə
tutursunuzsa, axı, bu təcrübədən də hərə
bir nəticə çıxarır. “Həyat dərsi”
çox subyektiv elementdir. Məsələn, bir it bir toyuğu
yeyibsə, sizin bu fakta münasibətiniz və ondan
alacağınız dərs bircə şeydən
asılıdır: siz itin, yoxsa toyuğun sahibisiniz?
“Səfərlərdə
özümü sərbəst hiss edirəm,
evə dönən kimi gərginləşirəm”
- Arif bəy, bu il 60 illik yubileyiniz
olacaq. Bu yaşda olmaq istədiyiniz yerlərin
hansındasınız və ola biləcəyiniz yerlərin
hansında deyilsiniz?
- Bir onu
deyim ki, olmaq istədiyim yerdə deyiləm. Yox, mövqe, vəzifə,
şöhrət nəzərdə tutmuram. Bunlar ötəri və
nisbidir. “Andersen. Sevgisiz həyat” filmində kral Andersendən
şöhrət haqqında bir hekayət istəyir.
Nağılbaz-yazıçı deyir: “Şöhrət
-olduqca ucaboy, gözləri zəif bir qadındır. O,
ayağının altında qaynaşan balaca-balaca insanları
yuxarıdan seyr edir. Hərdən əyilir, onların içərisindən
əlinə keçəni götürüb ovcunda yüksəklərə,
gözləri bərabərinə qaldırır. Şöhrət
seçdiyi adama diqqətlə baxır, sonra köks
ötürüb: “Yox, yenə o deyil” deyir və... ovcunu
çevirir. İndicə buludlar bərabərinə
qaldırılmış insan başı üstə yerə gəlir”.
Mənim olmaq istədiyim “yer” kreslo deyil, kabinet deyil, ölkədir,
Azərbaycandır, amma başqa Azərbaycan. Səfərlərdə,
bilsəniz, özümü nə qədər sərbəst
hiss edirəm. Evə dönən kimi gərginləşirəm.
Çünki növbəti toqquşma, mənasız çəkişmələr,
ədalətsizlik gözləyirəm.
- 50 yaşınızı necə
qeyd etmişdiniz? 60 yaşınızı necə qeyd edəcəksiniz?
Və 100 yaşınızı necə qeyd etmək istərdiniz?
- Ad
günlərimdə, birinci, anama hədiyyə aparıram və
ondan ənənəvi hədiyyəmi alıram. Sonra həmin
günü dostlarımın, sevdiyim insanların əhatəsində
keçirirəm. 100 haqqında fikirləşmirəm. Fikirləşməyə
qorxuram. Fazil İskəndərin bir tabusunu həmişə
xatirimdə saxlayıram: “İnsan şərəfi əlindən
alınmamış ölməlidir”. “Şərəf”,
bilirsiniz də, insanın mənəvi keyfiyyətlərinə,
dövlətə və cəmiyyətə münasibətinə
görə başqalarının ona verdiyi qiymətdir. Hər
ili sonuncu kimi yaşamağa çalışıram.
“Hamıya aid etdiyin prinsipləri
özünə də tətbiq etməlisən”
- Qulu Məhərrəmli sizin
prinsipial insan kimi xarakterizə edir. Razısınızmı bu
fikirlə?
-
Razıyam, əgər “qınaq” kimi səslənmirsə.
- Prinsiplərlə
yaşamağın nə kimi çətinlikləri var?
-
Ümumiyyətlə, “yaşamaq çətin şeydir,
qardaşım”. Düşünmürəm ki, prinsiplər
ona əlavə ağırlıq gətirir. Əksinə,
qarmaqarışıqlıq da bir qayda yaradır. Amma hamıya
aid etdiyin prinsipləri özünə də tətbiq etməlisən.
Çətinlik varsa, bundadır: məsələn,
başqasının daha çox haqqı olduğu şeydən
imtina etməyi bacarmalısan.
- Prinsiplərinizə görə
güzəştə getmədiyiniz dostlarla, tanışlarla
narazılıqlar çoxmu yaşamısınız?
- Deməzdim
ki, çox olub, çünki sən hisslərə deyil,
arqumentlərə söykənirsənsə və bunu
düzgün izah edə bilirsənsə, səni anlayırlar.
Yaxud əksinə, sən onları anlayarsan. Öz həyatınızı
göz önünə gətirib araşdırın: görəcəksiniz
ki, əksər münaqişələrin kökündə
ikicə şey dayanır: tamah və hikkə. O ki qaldı,
haqlı olmadığını başa düşə-düşə
üstünə hücum çəkənlərə, daha
bunun harası dostluq-tanışlıq oldu? “Dostluq” mənim
üçün həqiqətən müqəddəs
anlayışlardan biridir. Uşaqlıqdan Remarkın bir
sözü yaddaşıma həkk olunub: “Əgər dostun sənə
desə ki, gedək, ölünü basdıraq, heç vaxt
soruşma, onu niyə öldürmüsən”.
“İnternet məhsulları
jurnalist
araşdırmalarını əvəz
edə bilməz”
-Arif müəllim, belə bir söz
var ki, dürüst insan həmişə həqiqəti deyən
insandır. Ağıllı insan isə harda həqiqətin
deyilməli olduğunu bilən insandır. Bu fikirlə
razısınızmı?
-
Ümumiyyətlə, dürüstlük və ağıl fərqli
kateqoriyalardır. Onların üst-üstə düşmə
dərəcələri çox fərqli kombinasiyalar,
reaksiyalar yaradır: lağlağıdan tutmuş, cəmiyyətdə
dərin hörmətə qədər. Sizin “ağıllı
insan”a verdiyiniz tərif həmin kombinasiyalardan birinə aiddir.
Başqaları da var: “Düzlük - ən böyük
biclikdir”, “Məni bir dəfə aldadırlarsa, aldadan
axmaqdır; ikinci dəfə aldadırlarsa, mən axmağam”
və s. Hansı biri ilə razılaşmamaq olar?
- Son zamanlar bəzi
ziyalılarımız jurnalistikada araşdırma tipli
yazıların azlığından gileylənirlər. Sizcə
də belədirmi? Əgər belədirsə, bunun səbəbini
texnologiyanın inkişafında, axtarılan demək olar ki, hər
şeyin internetdə tapmaq fürsətimizdə görə
bilərikmi?
- Yox,
internet məhsulları jurnalist araşdırmalarını əvəz
edə bilməz, onlar üçün güclü əlavə
mənbə rolunu oynaya bilər. Araşdırma tipli
yazıların azlığı isə üç problemə
söykənir: professionallığın
çatışmaması, maliyyə resurslarının
azlığı və özünü senzura. Jurnalist
araşdırmaları müxtəlif mənbələrlə
işləmək, faktları toplamaq və təhlil etmək
bacarığı, uzun müddətli iş və bəzən
səfərlər, eyni zamanda, cəsarət tələb edir.
- Necə
düşünürsüz, mətbuatın gündəmini
xalqın maraqları, zövqü istiqamətləndirir, yoxsa
xalqın zövqünü mətbuat formalaşdırır?
- Yenə
gəlib “toyuq-yumurta” məsələsinə
çıxırıq. Ancaq bütün hallarda, ikinci faktor
daha güclüdür. Media texnologiyaları ilə cəmiyyətdə
istənilən zövq, gözlənti, davranış tərzi
formalaşdırmağın mümkünlüyü dəfələrlə
sübuta yetirilib. Bəs niyə dünya “feyk” xəbərlərə
görə əl-ayağa düşüb? Məhz buna görə.
“Bermut üçbucağı”nı
görmüsünüzmü? Yox, amma onun haqqında geniş
təsəvvürləriniz var. Bəs bu təsəvvürləri
kim formalaşdırıb? Media. Onlar gerçəkliyə nə
dərəcədə uyğundur? Allah bilir. Yaxud ən təzə
misal. Media göstərdi ki, o, demokratiyanın səviyyəsindən,
xalqın maraqlarından, maddi vəziyyətindən, savad dərəcəsindən,
həmçinin, təhlükənin reallığından
asılı olmayaraq, cəmiyyətdə təmkinli
davranış da, panika da yarada bilər.
“Kitabı kinodan çox sevirəm,
teatrı isə hamısından
artıq”
- Bədii ədəbiyyata münasibətiniz
necədir? Bədii əsərlər də
yazırsınız.
- Deyəsən,
yazıram. Tərcümə kitablarımdan savayı,
üç əsərim çıxıb: “Son
çağrı”, “Yalama” (rus variantında “350”) və “Sənət
əbədidir, ömür amanat”. “Yalama”dan sənədli film
çəkilib, sonuncu kitab əsasında bədii film
hazırlanır. Portfelimdə “Gəncə üsyanı”, “Solovki
düşərgəsində azərbaycanlılar”,
İsmayıl Şıxlının həyatı kimi
mövzularda çoxlu materiallar toplamışam. Nə
çatdıraram, çatdıraram. Ümumiyyətlə isə
kitabı kinodan çox sevirəm, teatrı isə
hamısından artıq.
- "Yalama" sənədli
povestiniz çox qaranlıq və bir o qədər də
maraqlı tarixdən bəhs edir. Bu hadisələrə
müraciət etməyinizin tarixçəsi maraqlıdır.
Sənədlərə çatmaq üçün, eləcə
də kitabın yazılma və çap prosesində
hansısa çətinliklər yaşadınızmı?
- Üzə
çıxarılmış şərəfli tarixi faktın
çəkisi ilə müqayisədə elə ağır
çətinlik görmədim. Bircə vaxt çox getdi.
Oturub şikayətlənməkdən heç nə hasil
olmur, qarşıya məqsəd qoyub ardıcıl ona
doğru gedəndə görürsən ki, Allahın
qoymadığı keçilməz sədd yoxdur. Kitabın
tarixçəsi isə belədir: bir dəfə işə
gedəndə maşının radiosunda hərbi-jurnalist Şəmistan
Nəzərli ilə müsahibəyə qulaq asırdım.
Müsahibədə tədqiqatçı 1920-ci ilin aprelində
Yalama döyüşü və böyük
işğalçı qüvvənin qarşısında son
nəfəsədək dayanmış 350 əsgərimiz haqda
bir cümlə işlətdi. Tər məni basdı.
Maşını yolun kənarına çəkib saxladım.
Necə ola bilər ki, biz belə bir qəhrəmanlıq
tariximiz haqda bir cümlədən artıq danışa bilməyək?
Belə gəncləri unudaq, bunu bir əsr heç kim
araşdırmasın? Bu vaxt tərli alnıma toxunuş hiss
etdim, elə bil, sərin meh keçdi. Həmin mistikanın təsiri
altında iki il kitabın üzərində işlədim,
pyesini yazdım, sənədli filmin ssenarisini hazırladım.
- Hazırda nəylə məşğulsunuz?
-
İndiyə qədər
danışdıqlarımızın hamısı ilə.
Üstəlik, fərdi layihələrlə, media
araşdırmaları ilə, koronavirusla, bir az
bağbanlıqla. Bağda güllərlə və çiyələklə
eksperiment eləyirik. Bir də Pressklub TV-də
“Könlümün sevgili məhbubu mənim...” adlı,
üç seriyadan ibarət sənədli film
hazırlayırıq. Azərbaycan Respublikasının
müstəqilliyini qorumaq uğrunda mübarizədə həlak
olanların xatirəsinə. Aprel-may aylarında Yalama
döyüşünün, möhtəşəm Qarabağ və
Gəncə üsyanlarının 100 illiyi tamam olur.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 15 aprel.-
S.10-11.