Eyvanlardan musiqi yayan uğurlu layihə

 

Pandemiya günlərində karantin rejimindəki insanların evdə keçən vaxtlarını səmərəli hala gətirmək, əhvallarını yüksəltmək, onları panikadan, qorxudan uzaq tutmaq məqsədiylə bir-birindən maraqlı layihələr həyata keçirilir.

Onlardan ən çox rezonansa səbəb olan, diqqətçəkənlərdən biri Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Evdə qal, eyvana çıx" layihəsidir. Belə ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə efirdə olacaq layihəyə əsasən tanınmış müğənnilər, musiqiçilər öz evlərinin eyvanlarından konsert verəcəklər. Onların qonşuları konserti evlərindən, eyvanlarından, digər tamaşaçılar isə AzTV-nin efirindən canlı izləyə biləcəklər. Martın 30-dan start götürən həftədə üç dəfə yayımlanan layihədə Nigar Camal Eldar Qasımov, Rəşad İlyasov, Xəyyam Nisanov, Mənsum İbrahimov, DJ Kənan, eləcə digər sənətçilər iştirak ediblər.

Tanınmış jurnalist Mintac Elsevərin layihə rəhbəri olduğu verilişdə böyük bir yaradıcı, texniki heyət çalışır. Onlardan bəziləriylə həmsöhbət olub layihə insanların ona münasibəti haqqında geniş məlumatlar aldıq:

Mintac Elsevər layihənin birdən-birə yarandığını çox tez zamanda ərsəyə gəldiyini deyir: "Öncə deyə bilərəm ki, etdiyim hər şeyi sevgidən etmişəm. Elə bu layihənin özü sevgidən yarandı. Mən uzun illərdir ki, mətbuatdayam, televiziyadayam. Sənədli filmlər, layihələr hazırlayıram. Bunların hamısı ciddi sənədli layihələr olub. Amma bu dəfə nədənsə, eyvana çıxmaq mənə daha sənədli daha bədii göründü.

Bir gün axşam çağı xəbərlərə baxırdım. O qədər koronavirusla bağlı yerli xarici xəbərlər izlədim ki, sanki bir anlıq beynim qaraldı. Hiss elədim ki, bir az da davam etsəm, ruhum, bədənim tab gətirəcək. Səbəbini bilmirəm, amma həmin an musiqi dinləmək istədim. Bir saata yaxın dinlədim gördüm yavaş-yavaş düzəlirəm, əvvəlki əhvalıma qayıdıram. Ondan sonra fikirləşdim ki, düşdüyümüz bu vəziyyət təkcə bizə aid deyil, bütün bəşəriyyətin bəlasıdır. Bu bəla səbəbindən mənim kimi belə ağırlığı, gərginliyi yaşayan minlərlə insan var ki, bu dar məqamda bir parça musiqi dinləsələr, könülləri rahatlaya bilər. Anidən ağlımdan "eyvandan insanlara konsert vermək" bəsit bir cümlə kimi keçdi. Düşündüm, görəsən, tanınmış sənətçilərimiz öz eyvanlarından konsert versələr, evlərə tıxanıb qalan insanlar üçün bu, necə olar? Sonra rəhbərliyə müraciət elədim. AzTV-nin baş rejissoru Ülviyyə Könül buna çox sevindi dedi ki, inanırsan, mənim fikrimdən o keçirdi. Deməli, insanların düşüncələri eyni ola bilirmiş. Kanalın rəhbəri Rövşən Məmmədov da layihəni dəstəklədi, lazım olan bütün texniki avadanlıqların təmin ediləcəyini dedi. Layihənin rəhbərliyini Ülviyyə xanıma təklif elədik, sağ olsun, o gün bu gündür, məmnuniyyətlə yerinə yetirir. Sınaq kimi elə AzTV-nin əməkdaşları olan "Avroviziya" qaliblərimiz, müğənnilər Nigar Camal Eldar Qasımov ilk verilişə çıxmağa həvəslə razılıq verdilər. Onlar eyni binada yaşayırlar biz birinin eyvanından konserti verdik. Düşünmüşük ki, bütün janrlara yer verək. Müraciət etdiyimiz müğənnilərə öncə qəribə gəlir, amma çoxu razılıq verib, iştirak ediblər, sağ olsunlar. Bəzən olur müğənnilər özləri müraciət edirlər ki, iştirak etmək istəyirik. Efir vaxtımız 35-40 dəqiqədir.

Koronavirus nədən başladı, necə yayıldı, anidənmi başladı, ya o artıq aramızda idi, biz onu birdən hiss etdik - bəlli deyil mənə görə. Amma bir gördük ki, o, hər yerdədi. Qorunmaq çətindir, amma mümkündür. Biz komanda olaraq bu mümkünlük dönəmində insanlarımıza az da olsa mənəvi dəstək vermək istəyirik.

İnsanların sevgisi, marağı çox gözəldir. Hətta getdiyimiz binalarda evlərinə dəvət edənlər olur ki, əgər rahat deyilsə, mənim eyvanımdan edin çəkilişi. Bizim sosial şəbəkədəki səhifələrimizə yazıb evlərini çəkiliş üçün təklif edənlər olur, eyvanlarının şəklini çəkib atırlar ki, uyğundursa, gəlin. Çünki elə müğənnilər var, bağ evində yaşayır, ya da eyvanı çəkiliş üçün uyğun gəlmir, məcbur başqa ev lazım olur. O evi tamaşaçılarımız təklif edirlər, sağ olsunlar. Layihəmizə bu qədər maraq bizi çox sevindirir.

Bilirsiz, insanda bir diksinmək duyğusu var. Bu yaxşı, ya da pis səbəblə ola bilər. hardansa üzünə qaranlıq düşər, hardansa da bir işıq. Hər ikisində diksinərsən. Amma səni özünə çəkən tərəf mütləq ki, işıqlı tərəf olacaq. Kim musiqinin gözəlliyini, ya da təsirini inkar, ya rədd edə bilər? Heç kim. Hələ-hələ belə həssas məqamlarda. Bəlkə bir az qeyri-pozitiv səslənər, amma deyim. Adam öləndə üstündə Quran oxuyarlar. O oxunuş da musiqidir. Hərçənd bəstəkarı yoxdur... Elə körpəsinə hələ əl içi boyda olanda lay-lay oxuyur anası. Hər anasa öz laylasının bəstəçisidir. Deyəsən, çox dərinə getdim... Bir sözlə, AzTV olaraq məqsədimiz sadəcə insanlara hər şey yaxşı olacaq duyğusunu aşılamaqdır".

Layihənin rəhbəri Ülviyyə Könül qısa zamanda verilişin hətta ölkə xaricində böyük marağa səbəb olduğunu deyir: "Biz bir gün Mintac xanımla zəngləşdik təsadüfdən eyni layihəni təklif etdik. Düzü, burda böyük bir şey yoxdur, amma balkon konsertlərini Azərbaycan reallığına, bizim şəhərə gətirmək bir ilk idi. Rəhbərlik fikrimizi çox müsbət qarşıladı biz müğənniləri cəlb etməyə başladıq. Bəzən problemlər yarana bilir. Çünki pandemiya zamanıdır. İnsanlar təmasdan qaçır, ehtiyat edirlər. Amma bizdə hər şey dezinfeksiya şəraitindədir, işçilərimiz, operatorlarımız da xüsusi geyimlərdədirlər. Səsimizə səs verən hər kəs sağ olsun. Doğrudan da, insanlara çox gözəl aura bəxş edir, əyləndirir, sanki onlara bir saatlıq da olsa "koronavirus" sözünü unutdurur. Belə başa düşürəm ki, insanlar bu mövzulardan bezirlər artıq. Ona görə bu layihə çox kömək olur. Layihənin karantindən sonra da davam etmək potensialı var. Çünki həm bizim cəmiyyətimiz, həm ölkə xaricindən çox müsbət qarşılandı. İnşallah, təki karantin bitsin, biz davam edək".  

Layihənin quruluşçu rejissoru Elnur Qədirov insanların Azərbaycan bayrağına olan sevgisindən məmnunluğunu bildirdi: "Layihə rəhbərliyə təklif olunandan sonra, onlar da mövcud şəraiti nəzərə alaraq, bunu həyata keçirmək qərarına gəldilər. Sözün açığı, öncə tərəddüdümüz vardı ki, görəsən, necə qarşılanarıq. Amma ilk verilişdən sonra gördük ki, çox böyük maraq yarandı. Baxmayaraq ki, çəkiliş bizim özümüz üçün çətindir. Bəzən o qədər ağır texniki avadanlıqla 15-16-cı mərtəbəyə çıxmalı oluruq. Amma mən o binalardakı insanların sevgisindən, marağından böyük həzz alıram. Biz çəkilişə gedəndə özümüzlə oxuduğumuz eyvandan asmaq üçün bir Azərbaycan bayrağı aparırıq. İnsanlar artıq biz hazırlığa başlayanda bilirlər ki, baş verəcək. İnanın bütün pəncərələrdə, eyvanlardan qonşular bayraqlar asırlar. Mən insanlardakı dövlət bayrağımıza olan bu sevgidən böyük həzz alıram. Bu çətin günlərdə, evə məhkum olduğumuz karantin çağlarında belə insanların bayrağa sevgisi, bir-birinə diqqəti, üzlərindəki təbəssüm, bu şəraitdə belə qonaqpərvərliklərindən qalmamaları çox sevindirir. Tamaşaçılar istəyərsə, rəhbərlik icazə verərsə, karantindən sonra da layihə davam edər, niyə yox? Biz televiziya olaraq hər zaman insanlarımızın qulluğunda hazırıq".

Rejissor Arzu Məmmədova da deyir ki, tamaşaçılar istəsələr, layihə davamlı ola bilər: "Karantin dövrü üçün nəzərdə tutsaq da, layihənin sonrakı taleyi insanların istəyindən asılıdır. Verilişdə əsas məqsədimiz insanları motivasiya etmək, maraqlandırmaq ki, evdə oturduğu günləri musiqiylə keçirsinlər, panikaya düşməsinlər. Bu gözəl niyyətə görə layihə özümə də çox xoş gəlir və biz bunu sevə-sevə edirik. Çəkiliş zamanı ən çox sevindirən isə insanların bayraqlarla balkona çıxmaları, bizi fəal dəstəkləmələri, musiqi sədalarını dinləyib rəqs etmələri, məmnunluqlarını bildirmələridir".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.13.