Kitabxanaların fəaliyyətinə həsr
olunmuş videokonfrans
keçirildi
Aprelin
13-də Mədəniyyət naziri Əbülfəs Qarayev
Respublikanın aparıcı kitabxanaları və bir sıra
şəhər və rayonlardakı kitabxanaların fəaliyyəti
ilə bağlı videokonfrans keçirib.
Konfransda
kitabxana fondlarının rəqəmsallaşdırılması,
elektron xidmətlərin göstərilməsi, onlayn oxucu
sifarişlərinin təmin edilməsi və
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması kimi məsələlər
müzakirə olunub.
Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin məsul əməkdaşları,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin
rəisi Cəlil Məlikov, Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov, Respublika Gənclər
Kitabxanasının direktoru Oruc Quliyev, Respublika Uşaq
Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhər
(rayon) MKS-lərin direktorları videokonfransda iştirak ediblər.
Nazir
Əbülfəs Qarayev bu günlərdə ölkəmizin mədəniyyət
sahəsinin idarə olunması ilə bağlı
görülən işlər, vətəndaşlara mədəni
xidmətlərin göstərilməsi, videodərslərin
keçirilməsi, muzeylərə və qoruqlara virtual
turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə
də digər mədəniyyət müəssisələrinin
bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən
danışıb. Bildirib ki, yaranmış vəziyyətdə
Mədəniyyət Nazirliyi tərəfindən başladılan
layihə və təşəbbüslər, eləcə də
göstərilən digər elektron mədəni xidmətlər
daha da genişləndirilməlidir.
Nazir
hazırkı şəraitdə kitabxanaların elektron xidmətlərin
daha da yaxşılaşdırılması
üçün bu sahədə
qabaqcıl dünya təcrübəsinin tətbiqinin zəruriliyini
vurğulayıb. Qeyd edib ki, kitabxanaya üzv olan hər bir
şəxsin əlaqə vasitələri götürülməli,
onların elektron poçtlarına kitabxanaya daxil olan yeni
kitablar, həm də digər yeniliklərlə bağlı
mütəmadi olaraq məlumatlar göndərilməlidir. Bu
iş eyni zamanda sosial şəbəkələr üzərindən
də davam etdrilməlidir.
Nazirin
birinci müavini Vaqif Əliyev çıxış edərək
kitabxanaların fəaliyyətinin daha da gücləndirilməsi
və günün tələbələrinə uyğun olaraq
elektron xidmətlərin keyfiyyətinin daha da
artırılmasının vacibliyindən danışıb.
Bildirib ki, bu sahənin inkişafının təmin
olunması və ortaya çıxan məsələlərin
operativ həll olunması, təcrübə mübadiləsinin
aparılması üçün gələcəkdə də
belə videokonfransların davam etdirilməsi məqsədəuyğundur.
Daha
sonra çıxış edən Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin rəisi Cəlil Məlikov, Milli
Kitabxananın direktoru Kərim Tahirov, Respublika Uşaq
Kitabxanasının direktoru Şəhla Qəmbərova,
Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev,
Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin
sektor müdiri Səbinə Məmmədova, Ağcabədi
rayon MKS-nin direktoru Məhəbbət Əliyeva mövcud vəziyyətdə
kitabxanaların fəaliyyəti barədə məlumat verib,
elektron xidmətlərin göstərilməsi sahəsində
həyata keçirilən tədbirləri qeyd ediblər.
Əbülfəs
Qarayev sonda bir daha çıxış edərək ölkə
ərazisində koronavirus infeksiyasının
qarşısının alınması istiqamətində
dövlət tərəfindən həyata keçirilən tədbirlərdən
danışıb, vətəndaşlarımızın tətbiq
edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini
qeyd edib. Bildirib ki, ölkəmizin bu çətin sınaqdan
tezliklə çıxması üçün Prezident
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət
qurumları tərəfindən qətiyyətli addımlar
atılır.
Nazir
hazırkı dövrdə mədəniyyət sahəsinin də
üzərinə mühüm məsuliyyət
düşdüyünü vurğulayaraq göstərilən
mədəni xidmətlərin daha da inkişaf etdirilməsi
istiqamətində tapşırıq və tövsiyələrini
verib.
525-ci qəzet.- 2020.- 15 aprel.- S.12.